"Seviliya ulduzu" /1623/ pyesi Lope de Veqanın
dünya teatrlarının səhnələrində bu günə qədər ən çox
oynanılan əsərlərindən biridir. Əsərin qəhrəmanları varlı
kübar dairələrinə məxsus adamlardır. Lakin kübar dairələrin
özündə nisbətən aşağı silkə mənsub olanlar daha yüksək
mərtəbədə dayananlar tərəfindən sıxışdırılır, kiçik bir
müdaxilə, azacıq bir şıltaqlıq qəhrəmanların səadətini alt-üst
edir. Dost dostunu, sevdiyini itirir.
Yaranmış şərait nəticəsində qəhrəmanın şərəf, namus
qarşısındakı borcu ilə şəxsi sevgi duyğuları arasında uçurum
yaranır. İspan zadəganlığının şərəf-namus, verdiyi sözə əməl
etmək məsələləri ilə əlaqədar qanun şəklinə saldığı prinsiplər
insana öz əlilə öz səadətini məhv etdirir, onu dünyada ən əziz
adamına əl qaldırmağa yönəldir. Daha aşağı təbəqələr daha
yuxarı təbəqələrin ucbatından əzab çəkir, onların səadəti
Afaq Yusifli İshaqlı
346
əlindən alınır. Bununla bərabər əsərin qəhrəmanları yüksək
insani ləyaqət nümayiş etdirir, çətin sınaqlardan qalib
çıxırlar, şərə, eybəcərliyə güzəştə getmirlər. Dramaturq şərin
ən güclü təcəssümü, fəlakətlərin baisi olan Kralı peşman
olmağa, geri çəkilməyə, çirkin planlarını unutmağa məcbur
edir. Lope de Veqa insana inanır, onu yüksəklərə doğru
çağırır.
Əsərdə təsvir edilən hadisələr Seviliyada, Cəsur IV
Sançonun hakimiyyəti illərində, 1284-1295-ci illərdə cə-
rəyan edir. Dramaturqun tərcümeyi-halını yazan alimlərin
müəyyənləşdirdiyinə görə, Lope de Veqa XVII əsrin
əvvəllərində
Seviliyada
olmuş,
onun
gözəlliyinə
vurulmuşdur. "Seviliya ulduzu" pyesində onun ən gözəl
əfsanələrindən biri əsasında bu şəhəri və onun insanlarını
tərənnüm etmişdir. Əsərin əvvəlindən sonuna qədər
Seviliyanın
insanlarının
gözəlliyindən,
namus
və
igidliyindən söhbət açılır. Bu şəhərə şəhvani duyğularını
təmin etmək yeri kimi baxan Kral özü də onun insanlarının
təsiri ilə dəyişir. O, açıq-açığına etiraf edir:
Gör necə insandır sevilyalılar!
Alicənabdırlar! Satılmaz onlar!
Daha möhkəmdirlər, tuncdan, mərmərdən.
Kralın yaxın nədimlərindən olan Don Aryas isə
Sevilyanı bir şəhər kimi Romadan üstün tutur, onun geniş
küçələrindən, qəsrlərindən söhbət açır.
Bəli, gözəllikdə bizim Sevilya,
Qədim Romanı da ötmüş belə,
Geniş küçələri, qəsrləriylə.
İlk baxışdan Sevilya uca binaları, geniş küçələri,
abadlığı, qonaqpərvərliyi ilə diqqəti cəlb edirsə, daha
XVII əsr Qərbi Avropa ədəbiyyatı
347
yaxından tanışlıq onun insanlarının mənəvi gözəlliyini üzə
çıxarır. Dramaturq vətənpərvər bir sənətkar kimi pyesin
əvvəlindən sonuna qədər İspaniyanın ən gözəl bir bucağı
saydığı Sevilyanı vəsf edir, onun gözəlliyinə nəğmə qoşur.
Əsərin əsas surətlərindən biri kral Cəsur Sançodur.
Sevilyalılarla ilk söhbətində onların köməyilə Cəbəllütariqi
tutmaqdan söz açan kralın, sonrakı hərəkət və söhbətləri
göstərir ki, onu xalqın, ölkənin taleyi az maraqlandırır. O,
şəhərə daxil olduğu vaxtdan qadınlara göz gəzdirir, özü üçün
yeni-yeni ov müəyyənləşdirir. Onun nədimi və mənfi
cəhətdən daha düşkün bir adam olan Don Aryas Sevilyanın
ümumi gözəlliklərindən, inkişafından, qəsr və küçələrindən
danışanda kral onun sözünü kəsir. Sevilyanın gözəllərindən
söhbət açmadığı üçün onu məzəmmət edir. Söhbətin belə
şəkil alması, kralın dövlət və idarə işləri ilə deyil, gözəl
qadınlarla daha çox maraqlanması, fikri-zikrinin ancaq bu
istiqamətə yönəlməsi onun mənəvi şikəstliyindən xəbər verir.
Məlum olur ki, yol boyu Don Aryas da kral kimi bir
müştəri gözü ilə qadınlara baxırmış. Ağasının ən çirkin və
iyrənc istəklərində də işə yaramağa çalışan bu kral nökəri
Leonora, Koronel, Beatris, Anna və başqa qadınlardan,
onların gözəlliyindən söhbət açır, ağasının növbəti ovunu
müəyyənləşdirməyə çalışır. Don Aryas təriflədiyi gözəllər
krala xoş gəlmir, birini "qızıla tutulmuş soyuq mərmər"
adlandırır, bir başqasını "ancaq buz kimi içməli su" sayır, bir
ayrısının adını bəyənmir. Kralla Don Aryas arasında gedən
bu söhbət Kralın və onun nökərinin mənəvi cılızlığını üzə
çıxarır. Bu baxımdan kral – Nizaminin yaratdığı Xosrov
surətini yada salır. Görünür ki, hər iki intibah sənətkarı döv-
rünün hökmdarlarının sevgi, ehtiras düşkünlüyünü onların
əsas qüsuru kimi görmüş və rədd etmişlər.
Kralın söhbətindən aydın olur ki, o, şəhərə daxil
olarkən eyvanda gördüyü bir qız onu daha çox cəlb etmişdir.
Afaq Yusifli İshaqlı
348
Qızın vüqarı, gözəlliyi kralın qəlbini ovlamış, hətta kral onun
qarşısında şlyapasını çıxarıb baş əyməyə də fürsət tapmışdır.
Kral gördüyü qızı Don Aryasa belə təqdim edir.
O qara saçlını unutdun amma?
Vüqarla durmuşdu öz eyvanında.
Hamıdan vüqarlı, hamıdan gözəl...
Onu görən kimi qaldım məəttəl...
Nurlu Avropadan o işıqlıydı,
İşıqlı gündüzdən yaraşıqlıydı.
O qara paltarda göründü mənə,
Göylərin ilahi gözəlliyiylə.
Yanqır, təcrübəli kral kimi gözü ancaq gözəl qadınlar
axtaran Don Aryas Don Sançonun kim haqqında danışdığını
o saat başa düşür. Söhbətin Estrelya Taberadan getdiyini
anlayır. Don Aryas Sevilya ulduzu ləqəbi ilə tanınan
Estrelyadan, onun qardaşı Busto Taberadan, qardaşının onu
ərə vermək istəməsindən krala söhbət açır.
Kral necə olursa-olsun Esrtelyanı ələ keçirmək, onun
sevgisindən kam almaq arzusunda olduğunu bildirir, Don
Aryasdan tədbir, hiylə soruşur. Elə həmin gecə Estrelyanı
görmək istəyini bildirir. Don Aryasın məsləhəti ilə Kral
Busto Taberanı özünə yaxınlaşdırmaq, ona mərhəmət
göstərmək və bu yolla onun bacısını ələ keçirmək qərarına
gəlir.
Kral Bustonu ələ keçirmək, öz hörməti ilə onu gözü
kölgəli etmək üçün hər şeyə hazırdır. O, dövlət işlərindən öz
sevgi ehtiraslarını təmin etmək üçün istifadəyə çalışır. Ölmüş
sərkərdənin yerinə Don Qonsalo, Fernando Peres Medina
kimi əsl namizədlər olduğu halda, o bu vəzifəni zorla
Bustoya tapşırır. Busto kralın gözlənilməz mərhəməti,
lütfkarlığı qarşısında narahat olur, həyəcanlanır, şübhələnir.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
349
Layiq olduğumdan artıqsa fəqət,
Mənə gərək deyil, nə şan, nə şöhrət.
deyərək kralın göstərdiyi etimaddan qaçmağa, can qur-
tarmağa çalışır. O, kralın çirkin planlarından bixəbər ol-
masına baxmayaraq onun lütfkarlığında qorxulu, təhlükəli
bir nəticə görür, kraldan ancaq ədalət gözlədiyini bildirir.
Bustonun mərd, cəsarətli imtina cəhdlərinə baxmayaraq kral
onu Arqidonaya vali təyin edir. Kral çox incə şəkildə
Bustonun hal-əhvalını, bacısını soruşur, Estrelyaya adaxlını
özü tapacağını, cehiz verəcəyini və hami olacağını söyləyir.
Estrelyanı görmək üçün ölüb əldən gedən kral
məiyyəti ilə birlikdə Busto Taberanın evinə gələndə, onun
evinə keçmək istəyəndə gənc zadəgan bu şübhəli lütfkarlığı
rədd edir, kralı evinə buraxmır. "Əgər sevilyalılar bilsələr ki,
kral bizim evə qonaq gəlmişdir, şəhərdə min cür söz
danışarlar" deyərək onu geri qaytarır. Çirkin namussuz
planlarının üstü açılan, gəlişinin məqsədi açıq şəkildə üzünə
deyilən kral məqsədindən yenə dönmür. Don Aryasın
vasitəsilə qulluqçu Natilda öz xanımına satqın çıxır.
Bustonun gecələr kefdə olduğunu ancaq səhərə yaxın evinə
gəldiyini bildirib kralı gecə Estrelyanın yanına buraxmağa
söz verir. Kral plaşa bürünərək Busto Taberanın evinə daxil
olur. Kral içəri girən kimi Busto da evə qayıdır. Adətinin
əksinə olaraq bu dəfə evə çox tez gəlir. Kralın təkcə, gizlin
onun evinə soxulduğunu görən Tabera dəhşətə gəlir, onun
hərəkətini namussuzluq, rüsvayçılıq adlandırır.
Yox, kral özünün təbəələrini
Bu namussuzluqla ləkələməz, yox...
Söylə, bundan böyük varmı xəyanət?
İspaniyalıların fəxr eylədiyi,
Şanı və şöhrəti çox parlaq olan
Kralın adından danışaraq sən –
Afaq Yusifli İshaqlı
350
Rüsvayçı, həyasız işlər görürsən!
1
Busto kralı tanıyır. Onun çirkin, namussuz iş
tutduğunu kobud ifadələrlə üzünə deyib evdən qovur.
Kral hamisidir rəiyyətin,
Qoruyur o, xalqın pak namusunu.
sözləri xüsusilə diqqəti cəlb edir. Lope de Veqanın təsvir
etdiyi kral bu prinsipin tamamilə əksinə hərəkət edən bir
adamdır. O, xalqını qorumalı olduğu halda, ona ləkə vuran,
ləkə vurmağa çalışan bir adamdır. Əslində onun xalq namusu
ilə oynamaqdan başqa bir işi yoxdur. Busto kralı tanısa da,
özünü tanımazlığa vurub onun çirkin simasını açıb göstərir,
onu ifşa edir. Bu sözlərin kəskinliyinə dözə bilməyən kral
onunla qılınclaşmaq qərarına gəlir, hay-küy düşəndə tanına-
cağını görüb qaçır.
Busto tərəfindən özünü təhqir edilmiş sayan kral indi
yeni bir cinayət haqqında düşünür. O, Bustodan intiqam
almaq, onu məhv etmək üçün yollar arayır. Aşkar şəkildə
onu öldürməkdən, xalqın narazılığına səbəb olmaqdan
ehtiyat etdiyi üçün yeni çirkin bir üsula əl atır. Saray
əyanlarının məsləhəti ilə onu öldürmək başqa bir adama
həvalə edilir. Don Aryasın məsləhəti ilə bu iş Bustonun
dostu, Estrelyanın sevgilisi Don Sançonun boynuna qoyulur.
Burada Don Sançonun öz taleyi də, namusu da təhlükə
altında qoyulur. Don Sançonun kral yolunda ölümə belə
hazır olduğunu, onun özünün tanrısı saydığını, hər əmrinə
hazır olduğunu söylədiyini görən kral onunla çox incə, hiy-
ləgər bir danışıq aparır. Guya onu təhqir edən bir nəfəri
aradan götürmək lazım olduğunu deyib gəncdən söz alır, əhd
1
Лопе де Вега. Пйесляр, Азярняшр, Бакы, 1974. с.46, 47
/тяръ. Т.Тялятиндир/
XVII əsr Qərbi Avropa ədəbiyyatı
351
edir, onu müdafiə edəcəyinə söz verir. Sonra isə ona bir
kağız verib orada öldürüləsi adamın adının yazıldığını
söyləyir. Cani kral hər şeyi dəqiq düşünmüşdür. Gəncdən söz
almış, onu çirkin cinayətin mexaniki silahına çevirmişdir.
Kral Don Sançoya tapşırır ki, ad yazılmış kağızı sonra
oxusun, tərəddüd etməsin, əhdi yerinə yetirsin. Kralın
Gedin! Mənim Sançom! Beləliklə də,
Qoy yetsin yerinə bizim əhdimiz.
Dediyimiz sözlər pozulmaz heç vaxt,
Bunu tək ikimiz bilirik ancaq.
Bir susmaq, bir də ki, yalnız ehtiyat!
sözləri cinayətin necə ustalıqla hazırlandığını bir daha nəzərə
çatdırır. O dövrün ispan zadəgan qayda-qanunlarına görə, ali
hakim olan kralı təhqir etmiş adamı öldürmək hər bir
təbəənin müqəddəs borcu sayılırdı. Don Sanço da belə
düşünür və kralı təhqir etmiş adamı öldürmək qətiyyətilə
sarayı tərk edir.
Elə bu vaxt o öz nökəri Klarindoya rast olur. Klarindo
şad xəbər gətirmişdir. Busto bacısını Don Sançoya verməyə
razıdır, tezliklə toy etmək fikrindədir. Məlum olur ki,
Estrelya və Busto toyun vaxtını təyin etmək üçün onu
axtarırlar. Don Sançoya yazdığı məktubda Estrelya onu öz
əri adlandırır, vaxt itirmədən gəlməsini bildirir. Don Sanço
sevinərək evə sifariş göndərir, toya hazırlaşmağı tapşırır. Özü
isə Bustonun yanına tələsir. Elə bu vaxt kralın kağızı yadına
düşür. Açıb oxuyanda orada "Öldürülməlidir Tabera Busto"
sözlərini yazdığını görüb dəhşətə gəlir. Sevinc kədərlə əvəz
olunur.
Don Sanço iki od arasında qalır. Sevgi və şərəf onu
bir-birinə zidd qərarlar çıxarmağa sövq edir. Quru şərəfi
sevgidən, səadətdən, insanlıqdan, ədalətdən üstün tutan,
yazıçı tərəfindən haqlı olaraq "şərəf qulu, borc cəngavəri"
Afaq Yusifli İshaqlı
352
adlandırılan Don Sanço bir-birinə zidd düşüncələr arasında
çırpınır.
Lakin həyat versəm ona mən bu dəm
Pozaram yəqin ki, mən öz andımı.
Kral şöhrətini təhqir edərəm,
Ömrümü, ruhumu yox etsəm də mən,
Yox tələf etmərəm öz namusumu.
Bu sözlər onda borc, şərəf hissinin daha güclü
olduğunu, kralın verdiyi əmr ədalətsiz olsa da, onu qanun
saydığını bir daha nümayiş etdirir. Dramaturq nəcib Don
Sançonu ixtiyarsız cinayət silahına çevirən krala da, onun
məharətlə istifadə etdiyi şərəf, namus qanunlarına da nifrət
oyadır. Don Sanço nəyin xatirinə öz sevgilisini itirir? Nə
üçün özü üçün dünyada ən əziz olan bir şəxsi öldürməyə əl
atır? Hərəkətini dəlilik adlandırsa da, "kraldır, kraldır bu
cinayətə məni sövq eyləyən" deyə həqiqəti dərk etsə də, o nə
üçün belə bir cinayətin qeyri-ixtiyari icraçısına çevrilir?
Qabil qardaşını öldürən kimi, nahaqca qardaşını öldürdü-
yünü boynuna alan, özünə yaşamağı haram sayan, özünü
alçaq cani sayan, qəddar qatil adlandıran Don Sanço nə üçün
başqasının olan bir iradədən güc alıb belə iş tutur? Yuxarıda
dediyimiz kimi Don Sançonu belə müdhiş bir hərəkətə
verdiyi söz, içdiyi and, əsrlərlə qanun kimi qarşılanan
ənənələr məcbur edir. Bu qanlı əməlin səbəbini Don Sanço
hamıdan daha düzgün izah edir:
Fəlakət dolu bir and içdiyimdən,
Öz müdhiş borcumu icra etdim mən.
Beləcə qorudum öz namusumu,
Siz gedib krala deyin ki, bunu
Sözündə möhkəmdir sevilyalılar!
Namusun üstündə həm qardaşını,
XVII əsr Qərbi Avropa ədəbiyyatı
353
Həm də eşqlərini məhv eyləyirlər!
Aldadılan, aldadılaraq and içdirilən, ən yaxın adamını
günahsız yerə öldürən, ən namuslu adamı namus naminə
məhv edən Don Sanço əslində ən namussuz, ən şərəfsiz iş
tutmuş olur. Bustonun yeganə günahı odur ki, bacısının, həm
də Don Sançonun sevgilisinin namusunu qorumağı hər
şeydən üstün tutmuşdur. Bustonun kişiliklə, cəsarətlə
müdafiə etdiyi namus onu ucaldır. Don Sançonun qoruduğu
namus onu alçaldır, caniyə, qatilə çevirir. Bu iki namus
anlayışı bir-birinə ziddir, biri digərini rədd edir. Bu saxta
namus yolunda özünü məhv edən Don Sanço da başa düşür
ki, onun idrakı zəhərlənmişdir. Daxilən bütün varlığı ilə
tutduğu işə peşmandır. Hərəkətinin qeyri-insani, həqiqi
namus, şərəf anlayışına zidd olduğunu o da anlayır. Lakin
əsrlərlə qanun kimi qarşılanmış baxışların ətalətindən,
təsirindən çıxa bilmir, kralın əlində oyuncağa çevrilir. Sözün
həqiqi mənasında qul olur, saxta şəkildə başa düşülən namus
quluna çevrilir. Xalq içərisindən çıxan Lope de Veqa daha
çox hakim təbəqələr arasında yayılan bu saxta silki əxlaq
normalarını rədd edir.
Don Sanço Ortis özü də düşdüyü vəziyyətdən,
hərəkətlərindən narazıdır. O, ümumi şəkildə həyatı
günahlandırır. İnsan həyatının bir təsadüfdən, taleyin
amansız oyunundan asılı olduğunu düşünüb fəryad edir,
üsyan qaldırır.
Bir qızğın qumardır bu həyat, budur,
Bəzisi uduzur, bəzisi udur...
Qumarda bircə xal gətirməyəndə,
Adam bədbəxt olur, düşür kəməndə.
Sən sərt bir oyunsan, həyat, ey həyat!
Mənə üz vermişdi bir bəxtiyarlıq,
Bir anda zülmətə döndü o artıq.
Afaq Yusifli İshaqlı
354
Beləliklə, silki ehkamların uydurma məntiqi təbiətin
diktə etdiyi sağlam insani düşüncəyə zidd gedərək insanın
həyatını qumar oyununa çevirir. İnsanın taleyi bir püşkdən,
bir təsadüfdən asılı qalır. İnsan öz həyati borcuna uydurma,
insanazidd qanunlar əsasında yanaşanda, namus və şərəfi bu
ölçü ilə qiymətləndirəndə onun həyatı qəddar bir oyuna
çevrilir, cinayətkar bir oyunun qurbanı olur.
Kral simasında həyata qədəm qoyan şər ayaq basdığı
hər yerə üz çevirdiyi hər kəsə uğursuzluq, bədbəxtlik gətirir.
Kral müqəddəs adət-ənənələrdən, qanun-qaydalardan sui-
istifadə edərək insanları cinayətə yönəldir. Əgər kral düzgün
mövqedə dayanaraq təhqir edilibsə, xalq və ölkənin xatirinə
işlədiyi bir məqamda təhqirə məruz qalıbsa, onu təhqir edən
cəzaya layiqdir. Burada onun intiqamını almaq təbəəsinin,
doğrudan da, borcudur. İndiki halda isə kral ən çirkin əməlini
həyata keçirmək istərkən, başqasının namusunu ləkələmək
niyyəti ilə onun evinə girərkən əməlinin adı üzünə deyilib,
qovulur. Əgər kral təhqir edilibsə, namus, şərəf naminə
təhqir edilib. Lakin bu namussuz, ləyaqətsiz kral namus və
ləyaqət mücəssəməsi olan insanları saxta namus, şərəf oyunu
ilə məhvə aparır. Don Sanço Bustonu öldürdükdən sonra
özünə ölüm arzulayır, hakimlərə yalvarır ki, onu edam
etsinlər. Onu həbsə alıb mühakimə edirlər. Kral bir sözü ilə
onu xilas edə bilər, lakin verdiyi vədi pozur, gəncə kömək
göstərmir, üstəlik adamları vasitəsilə ona yeni-yeni iztirablar
verir. Kral özü bilir ki, Don Sanço Bustonu onun əmri ilə
öldürmüşdür. Lakin kral israrla, dönə-dönə tələb edir ki, o,
Bustonu nə üçün, kimin əmri ilə öldürdüyünü boynuna alsın.
Ona söyləyin ki, lal olmasın, lal,
Hər şeyi söyləsin, söyləsin dərhal.
Qoy açıb söyləsin səmimiyyətlə,
O, kimin hökmüylə, nə üçün belə
XVII əsr Qərbi Avropa ədəbiyyatı
355
İşə məcbur olmuş? Kimçin o adam
Belə iş görmüş, almış intiqam?
Özünü ölümdə, deyin, doğrultsun,
Yoxsa ki, ölümdür qisməti onun.
Sual oluna bilər ki, kral nə üçün belə hərəkət edir.
Bəlkə o, Bustonun onun əmri ilə öldürüldüyünə şübhələnir?
Bəlkə öz cinayətinin açılmasın istəyir? Əlbəttə, yox. Sadəcə
kral öz alçaqlığını dərk etdiyindən vicdanı qarşısında əzab
çəkir. Əgər Don Sanço sirri açıb desə, Bustonun kralın əmri
ilə öldürdüyünü söyləsə, şərəf, namus sözünə əməl etmək
qanunlarına xilaf çıxmış olar, alçalar. İnsan kimi bu qədər
ucalmaz. Onun nəcabəti, namusu, şərəfi bu qədər yüksək
görünüb kralı əzməz, iztirab verməz. Ona görə də kral necə
olursa-olsun, hətta bu iş onun ziyanına olsa belə Don San-
çonun həqiqəti etiraf etməyini istəyir. Kral belə düşünür ki,
Don Sançonun belə hərəkəti insan kimi onu alçaldar, kralın
cinayətini yüngülləşdirər, ona bəraət qazandırar. Kral istəyir
ki, qoy o, zəiflik göstərsin, verdiyi vədi pozsun, bu qədər
alicənab olmasın, onda kralın da vicdanı sakitləşər. Sanki
gənc də bunu başa düşür. Başına gələn fəlakətlərin baisinin,
səbəbkarının nə istədiyini anlayır. Lakin Bustonu nə üçün,
kimin göstərişi ilə öldürdüyünü demir.
Bəli, mən öldürdüm, açıq deyirəm,
Amma səbəbini deməyəcəyəm.
Mənim dostum olan gözəl bir şəxsi
Öldürdüm. Kim bilir, dərhal söyləsin.
Mənsə, Taberaya, heç vaxt, heç zaman,
Ölüm istəməzdim, yox-yox... Ah, aman...
Kral da, onun bədnam müşaviri Don Aryas da cəhd
edirlər ki, gənci andını pozmağa vadar etsinlər, onun
alçaldığın görsünlər. Kral da, Don Aryas da onu yeni
Afaq Yusifli İshaqlı
356
iztirablara düçar edirlər. Don Sanço isə möhkəmdir,
dönməzdir. O istəyir ki, qoy kral özü verdiyi vədə əməl etsin,
qoy Cəsur adı daşıyan bir adam həqiqətin gözünə dik baxsın,
cinayətini boynuna alsın.
Kral əzab çəkir, narahat olur, lakin həqiqəti etiraf
etməyə gücü, cəsarəti çatmır. Don Sançonun ölümünə də yol
vermək istəmir. Belə olan halda o, baş alkaldları təkbətək
yanına çağırıb onları oxşayır, dilə tutur, ədalətli, mərhəmətli
qərar çıxartmalarına cəhd edir. Lakin baş alkaldlar olan
Pedro və Farfan de Ribera gəncə ölüm hökmü kəsirlər. Kral
hökmü oxuyub təəccüb edir, alkaldların sözünə əməl
etmədiklərini, qəddar qərar çıxardıqlarını söyləyir.
Lope de Veqa Farfan və Don Pedronun simasında heç
nəyə satılmayan, qanun və ədalət yolunda heç nədən, heç
kəsdən qorxmayan təmiz hüquq işçilərinin surətlərini
yaratmışdır. Don Pedro kralın sualına cavab olaraq söyləyir:
Biz sizə tabeyik, nökərik, ancaq
Hakim tək kimsəyə satılmarıq biz.
Bizim qarşımızda haqsız bir iş çün,
Əsla inad ilə bəhs etməyin siz.
Yol verə bilmərik heç bir yalana...
Əsamızı rüsvay etmərik əsla.
Baş alkald Farfan de Ribera da eyni həqiqəti təsdiq
edir. Hətta Kral belə bu adamlara təsir göstərə bilmir. Kral
çıxılmaz vəziyyətdə qalır. Don Aryasın məsləhəti ilə bütün
bu cinayətlərdə özünün günahkar olduğunu etiraf etməli olur.
Miskin, cılız kral nəhayət zorla da olsa, deyir:
Sevilya! Düzünü deyim sənə mən:
Bəli, məni edam sən etməlisən!
Bil ki, mənəm, mənəm onun qatili!
O, günahkar deyil. Bu, bəs deyilmi?
XVII əsr Qərbi Avropa ədəbiyyatı
357
Don Sanço de Ortis bəraət qazansa da, səadətini,
sevgisini itirir. Estrelya onu əbədi sevgi ilə sevdiyini söyləsə
də, qardaşının qatili olan bir adamın arvadı olmaq
istəmədiyini bildirir. Don Sanço özü də onu haqlı bilir.
Mənim öz dostumu öldürdüyümdən,
Bacısını alsam, namərd olardım.
deyərək Estrelyaya bəraət qazandırır. Həyatda bir-biri üçün
yaradılmış iki insan əbədi olaraq bir-birindən ayrılır. Kral və
Don Aryas onların alicənablığına, mənəvi gözəlliyinə heyran
qalır, "Nə böyük nəcabət, alicənablıq", "Ruhun möhkəmliyi
həddindən artıq" deyərək onların hərəkətinə, bir-birindən
ayrılmasına ən böyük insani bir hadisə kimi baxırlar. Don
Sançonun nökəri Klarindo isə "Ancaq mənə qalsa
ağılsızlıqdır" deyib başqa bir münasibət bildirir. Klarindonun
mövqeyi və əxlaqının ifadəsi kimi səslənir. O, sevən
gənclərin ayrılmalarını ağılsızlıq adlandırır. Don Sanço və
Estrelya ayrılmaqla, başqa cür həyat qurmaqla xoşbəxt
olacaqlarmı? Don Sanço Kralın əlində bir oyuncaq olsa da,
Estrelyanın qardaşını öldürüb, onunla evlənsə xoşbəxt
olarmı? Adamlar nə deyərdilər? S.D.Artamonov belə hesab
edir ki, Klarindonun replikası müəllif mövqeyinin açarıdır
1
,
onun namus qullarının mövqeyində durmadığın bildirir.
Bununla bərabər Lope de Veqa daha realistcəsinə
hərəkət edərək sevgililərin qovuşmasına imkan, səbəb
görməmişdir. Qəhrəmanlar yaranmış vəziyyətdə namus və
şərəf qanunlarına ən yüksək insani baxımdan da əməl edərək
öz səadətlərindən imtina edirlər. Burada bir cəhət də nəzərə
alınmalıdır. Dövrün insan səadətinə zidd olduğunu
göstərmək baxımından əsərin sonluğu məqsədəuyğundur. Bu
1
Бах: С.Д.Артамонов и Р.М.Самарин. История зарубежной
литературы ХВЫЫ века, Учпедгиз, Москва, 1953, с.90.
Afaq Yusifli İshaqlı
358
sonluq kral və Lon Aryas kimi adamların mühitində nəcib
insanların xoşbəxt olmasının qeyri-mümkünlüyünü təsdiq
edir.
Komediya kədərli bir sonluqla tamamlansa da,
dramaturq öz yaradıcılığına məxsus həyatsevərlikdən, şən
əhval-ruhiyyədən ayrılmır. Həyatın ən kədərli anlarında belə
o, gülmək, şənlənmək, zarafat etmək vərdişini atmır.
Həbsxana səhnəsi bu cəhətdən xüsusi maraq doğurur.
Özü öz səadətini məhv edən, buna görə özünü incidən, əzən
Don Sanço hislərinin coşqunluğundan, tutduğu işin doğru,
yaxud yalan olmasına qeyri-müəyyən münasibətindən
sayıqlayır, dəli olmaq dərəcəsinə gəlir. Lakin bu səhnəni
dramaturq elə qurur ki, tamaşaçı ürəkdən gülür, harada
olduğunu, nəyə baxdığını unudur. Lope de Veqa da hər şeyi
yaddan çıxarıb şən bir səhnə yaradır. Klarindo ağasının
sayıqladığını görüb onunla məzələnməyə başlayır. Don
Sanço deyəndə ki, "Bəli, artıq başqa dünyadayam mən", Kla-
rindo tez "Başqa dünyada yox, cəhənnəmdəsən" deyə söz
atır. Don Sanço ciddi şəkildə "Niyə cəhənnəmdə? De,
Klarindo?" deyərək sual verir. Sual Don Sançonun düşdüyü
vəziyyətə, onun iztirablarına uyğundur. Xalq nümayəndəsi
olan Klarindo əvvəlki qayda ilə məzələnməkdə davam edir,
"Çünki həbsxana elə cəhənnəmdir!" deyə dillənir. Don
Sançonun sayıqlaması daha da güclənir, o, nökərinin
zarafatlarını da həqiqət kimi anlayır, onun fikrini təsdiq edir:
Doğrudur, hamımız cəhənnəmdəyik.
Bu qorxunc cəhənnəm keşməkeşində,
Hamı həlak olur alov içində.
Bütün bu lovğalar, bu qiyamçılar...
Bir şöhrət üzündən düşmüşdür onlar
Bu atəşlə dolu cəhənnəmlərə.
Don Sanço sayıqlasa da, onun sözlərində başqa məna
XVII əsr Qərbi Avropa ədəbiyyatı
359
və həqiqətlər gizlənir. O, sayıqlama üsulu ilə mövcud həyatın
cəhənnəm olmasından və burada ən nəcib adamların-
məğrurların və qiyamçıların yandırıldığından söhbət açır. O
özünü mövcud həyat normalarına baş əyməyən, başqaları
kimi olmayan, ona görə də real dünyanın cəhənnəmində
yandırılan bir adam kimi görür. Klarindo öz zarafatları ilə
onun təkcə indiki "sayıqlamalarına" gülmür, törətdiyi cinayət
və indiki iztirabları arasında məntiqsizliyə gülür. Ağasının
kədərli düşüncələrinə, uydurma və fantaziyasına qoşulur,
güldürür. "Burda dərzilər var, sürücülər var" deyə rahat
keçirdikləri günləri yada salır. Don Sanço nökərinin
sözlərindən istifadə edərək dünya və insan haqqında Şekspir
dühasını yada salan ümumiləşdirmələr aparır. Onun
sözlərində hər dəfə kədərli, faciəli, iztirablı bir qənaət var.
Əgər Klarindo sürücülər və dərzilərdən söhbət açırsa, Don
Sanço real həyatın eybəcərliklərini ehtirasla inkar edən yeni-
yeni fikirlər irəli sürür.
Əgər sürücülər yaxşı sürərsə,
Onlar məhv eyləyər cəhənnəmləri.
Yaxşı, əgər bura cəhənnəmdirsə,
Nə üçün görmürük bəs hakimləri.
Don Sanço sürücülər deyəndə hökmdarları, cəhən-
nəm deyəndə mövcud cəmiyyəti nəzərdə tutur. Başqa sözlə,
kral və krallar ölkəni ədalətlə idarə etsələr, həyat cəhənnəmə
çevrilməz, cəhənnəmlər məhv olar, dost dostu öldürüb qatilə
çevrilməz, sevgilər qırılmaz, sevgililər arasında uçurum
yaranmaz. Cəhənnəm anlayışı məhkəmə və hakimləri də
Don Sançonun xatirinə salır. O, insanların həyatını
cəhənnəmə çevirən amillərdən biri kimi hakimləri təsadüfi
xatırlamır, inkvizisiya tonqallarına nahaq işarə etmir. Don
Sançonun çox uzaq vuran atmacalarına Klarindo da qoşulur.
Onun fikrincə, hakimləri cəhənnəmə ona görə buraxmırlar
Afaq Yusifli İshaqlı
360
ki, burada da məhkəmə qurarlar. Don Sanço isə belə hesab
edir ki, məhkəmə və hakimlər olmayan yer cəhənnəm yox,
cənnətdir. İnkvizisiya məhkəmələrinə qarşı dərin nifrət və
qəzəbin ifadəsi olan bu atmacalar, sayıqlama və istehzalar
əslində əsrin qabaqcıl adamlarının haray və üsyanıdır.
Klarindo ağasına həm gülür, həm acıyır, tamaşaçını
da, yəqin ki, öz sözləri ilə güldürür və ağladır. Şərəfin
hökmdar olduğu cəhənnəmdə bəzi axmaqların şərəf üzündən
əziyyət çəkdiyini söyləyəndə o, əlbəttə, ağasının saxta şərəf
qanunlarına əməl edib Busto kimi dostunu öldürməsinə,
krala verdiyi sözə görə sevgisini və sevgilisini məhv
etməsinə acı-acı gülür. Bustonu, Estrelyanı və özünü kim
üçün, nə üçün məhv etdiyinə acıyır.
Don Sançonun şərəf, namus, insanlıq haqqında
zahirən sayıqlama, əslində isə ən dərin mühakimənin nəticəsi
olan düşüncələrini eşitdikcə Klarindonun ona ürəyi yanır, it
kimi hürməyə başlayır, özünü cəhənnəm qapılarının keşiyini
çəkən Serber adlandırır. Don Sançonun şərəf haqqındakı
sayıqlamalarında müasir gerçəkliyə, onun eybəcər cizgilərinə
qarşı tənqidi münasibət duyulur. Bu cəmiyyətdə şərəf çoxdan
ölmüşdür, indi şərəf andı unutmaqdır. "Puldur, puldur ancaq
şərəflə namus." Hər şey satılan, alınan müasir cəmiyyətin
şərəfsizliyi qarşısında, dramaturqa görə, orta əsr
cəngavərlərinə məxsus şərəf daha yaxşıdır, daha gözəldir.
Dramaturqun
məqsədi ilk növbədə müasir hakim
təbəqələrinin şərəfsizliyini, pul, şəhvət, vəzifə, rütbə
düşkünlüyünü göstərməkdir.
Dünya dramaturgiyasının nadir incilərindən olan
"Sevilya ulduzu" komediyasının ən böyük məziyyətlərindən
biri onun optimizmidir. Taleyin oyunbazlığı nəticəsində ən
nəcib insanların həyatı, arzusu, sevgisi məhv olsa da, onlar
həyata nikbin münasibətlərini itirmirlər. Can verən Busto
Tabera bacısını Don Sançoya tapşırıb gedir. Don Sanço
XVII əsr Qərbi Avropa ədəbiyyatı
361
həbsxanada olduğu vaxt ölüm arzulayır, qatilliklə özünü
ləkələdiyi, yaşamağa haqqı olmadığını düşünür, lakin
bədbinləşmir, həyatdan küsmür. O, musiqiçiləri yanına
çağırtdırıb son dəfə nəğməyə qulaq asmaq istədiyini bildirir.
Rica edirəm ki, sizlərdən biri
Mənə ən gözəl bir mahnı oxuyun.
Mənim son saatım bu mahnılarda,
Sevinclə, fərəhlə həmahəng olsun.
Ölümün önündə bircə zərrə də
Qorxmuram, ürəyim titrəmir əbəs.
Ölümün özü də, qoy bilsin hamı,
Bu möhkəm ruhumu sarsıda bilməz.
Lope de Veqa qəhrəmanının bu nikbin, şən,
həyatsevər əhval-ruhiyyəsini alqışlayır, onun cəsurluğuna,
mənəvi qüvvəsinə heyranlığını bildirir. Baş alkald Don Pedro
bu mahnıların yersiz olduğunu söyləyəndə Don Sanço
"Musiqidən başqa deyin bir dustaq nədən zövq alacaq?" deyə
mənəvi gücünü, nikbin əhval-ruhiyyəsini, ölüm qarşısında
belə sarsılmadığını nümayiş etdirir.
"Sevilyalı ulduzu" komediyası Lope de Veqanın ən
dərin məzmunlu və yüksək sənətkarlıqla yazılmış
əsərlərindən biri kimi indi də insanı həyəcanlandırır, onda
qəzəb və məhəbbət duyğuları oyadır. Dünya teatrlarının
səhnələrindən indi də uğurla oynanan bu əsər 1953-cü ildə
şair Tələt Əyyubov tərəfindən tərcümə olunmuş və həmin
ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram
Teatrında tamaşaya qoyulmuşdur. Professor Ə.Sultanlı
tamaşa münasibətilə yazdığı məqalədə teatrın uğurlu bir
tamaşa hazırlaya bildiyini qeyd etmişdir.
Dostları ilə paylaş: |