GİLYEN de KASTRO /1569-1631/. Lope de Veqa
dramaturgiyasının humanist ənənələri ilə bağlı olan
dramaturqlar arasında Gilyen de Kastro özünəməxsus şərəfli
bir yer tutur. O daha çox İspaniyanın qəhrəmanı olan Sid
haqqında dramatik xronikası ilə məşhurdur. Həmin
xronikanın "Sidin gəncliyi" adlandırılan birinci hissəsi
sonralar Kornel tərəfindən yenidən işlənmiş və fransız
klassist janrının tarixində yeni səhifə açmışdır. Əlbəttə, bir
həqiqəti heç vaxt unutmaq olmaz ki, Kastronun əsəri ilə
Kornelin "Sid"i arasında o qədər də ciddi yaxınlıq yoxdur.
Kornel ispan dramaturqunun əsərindən faydalansa da,
məzmun və formaca yeni bir əsər yaratmışdır.
Gilyen de Kastro Lope de Veqa məktəbinin ədəbi
prinsiplərinə uyğun olaraq milli poetik ənənələrdən qidalanır,
xalqın qəhrəmanlığını tərənnüm edir. Dramaturq hadisə və
xarakterləri realistcəsinə göstərsə də, xalq rəvayət və
dastanlarından gələn romantikadan da imtina etmir. Bir çox
başqa əsərlərində olduğu kimi, Kastro burada da əsərlərin
süjetini xalq romanslarından almışdır. Dramaturqun
yaradıcılığında canlılıq, əlvanlıq və coşqunluq, dramatik
vəziyyətlərin, fantastik macəraların, gərgin hislərin əks
etdirilməsinə meyl daha güclüdür.
Əsərin qəhrəmanları ilk səhnələrdən sevgi və şərəf
hissləri arasında qalır, dərin iztirablar keçirirlər. İki kübar
ailə arasında münaqişə, bir-birini təhqiretmə, duel və ölüm
hadisələri gənc qəhrəmanların taleyində də əks olunur. Onlar
ziddiyyətli duyğular arasında qalırlar. Dramaturq hər bir
XVII əsr Qərbi Avropa ədəbiyyatı
317
surəti fərdi cizgilərlə işləmişdir. Kral Fernando tədbirli,
ehtiyatlı bir hökmdardır. Himenanın atası qraf Losano kobud
və təkəbbürlüdür. Himena və Rodriqo – hər ikisi coşqun,
ehtiraslı gənclərdir. Əsərdə qəhrəmanların hər bir hərəkəti,
sözü təbii, səmimi səslənir. Surətlərin dilində müəyyən
kobudluq hiss olunsa da, bu kobudluqda bir həyatilik vardır.
Rıtsarlığa təzəcə qəbul edilən Rodriqo onun atasını təhqir
edən Losanonu duelə çağıranda Losano ona istehzalı bir
mərhəmətlə yanaşır, "Sən hələ ağzının südünü bir sil!"
deyərək ona saymazyana bir münasibət bəslədiyini bildirir.
Rodriqo isə bu istehzalı müraciətə daha açıq bir kobudluqla
cavab qaytarır:
Bil, intiqam deyil uzaq,
Dodağının qanı ancaq
Qarışacaq al qanınla.
Rodriqo ilə qraf Losano arasındakı bu kobud
sözləşmə Himenanın və İnfantanın gözü qarşısında baş verir.
Sidin atası Dieqo Laynes oğlunun cəsarətini yoxlamaq üçün
onun əlini dişləyir, ondan sərt, kobud cavab eşitdikdə isə
rahat nəfəs alır. Oğlunun kobudluğu, sərtliyi, əli dişlənəndə
arvad kimi ağlamaması onu sevindirir. O, indi inanır ki, oğlu
onun intiqamını ala bilməyə qadir olan igid bir döyüşçüdür.
Ata da, oğul da belə hesab edirlər ki, şərəf hər şeydən
üstündür. Ata belə düşünür ki, təhqir edildiyinin intiqamını
almadan yaşamaqdansa, ölmək yaxşıdır. Sid də eyni cür
düşünür. O, döyüşməyə hazırdır. Lakin Sid belə düşünür ki,
birdən o məğlub olar, intiqamını ala bilməz. Onda o and içir
ki, əgər ona qalib gəlsələr, o özünü öldürəcək və əcdadlarının
qılıncını xar olmaqdan öz sinəsində gizlədəcəkdir. Pyesdə
hadisələr ildırım sürətilə cərəyan edir. Qəhrəmanların psixo-
loji düşüncələrinə, şübhə və tərəddüdlərinə vaxt verilmir. Bir
an içində hökm verilir. Qaynar ispan qanı ləngiməyi,
Afaq Yusifli İshaqlı
318
gecikməyi sevmir. Təsadüfi deyildir ki, hadisələrin cərəyan
etdiyi zaman qızmar günorta vaxtına düşür.
İspan kralı II Filipp kralların səhnədə göstərilməsini
xoşlamırdı. Buna baxmayaraq Lope de Veqa əsərlərində
onları dönə-dönə müxtəlif vəziyyətlərdə səhnəyə çıxarmışdır.
Gilyen de Kastro da ustadının yolu ilə getmişdir. Hətta
üstəlik kralın vassallardan asılı olduğunu, onlara gücü
çatmadığını göstərmişdir. Losano və Dieqo Laynesin kralın
yanında bir-birilə sözləşməsi, təhqir etməsi, Losanonun
Dieqo Laynesə şillə vurması özlüyündə təsdiq edir ki, onlar
kralı saymır, onunla hesablaşmırlar, ona hörmət göstərmirlər.
Fernando özü də bunu başa düşür. Ona görə də təkəbbürlü,
dikbaş qrafı cəzalandırmaq fikrinə düşür. Saray adamları isə
krala belə bir iş görməyi məsləhət bilmirlər. Bunu krallıq
üçün qorxulu bir hadisə sayırlar.
Sahib-ixtiyardır Losano, kral!
Varlıdır, ötkəmdir, azğındır yaman.
Böyük təhlükə var bu hərəkətdə
Yetər krallığa bundan hər ziyan.
Bu məsləhət ispan kralının iri feodal qarşısında
gücsüzlüyünü, zəifliyini aydın göstərir. Kralın hakimiyyəti
ancaq formal, rəsmi səciyyə daşıyır. Gilyen de Kastronun
məharəti ondadır ki, kralın ispan siyasi həyatında mövqeyini
düzgün əks etdirir.
ALARKON /1581-1639/. XVII əsrin başlanğıcında
Lope de Veqa məktəbinə mənsub olan dramaturqlardan biri
də Xuan Ruis de Alarkon idi. Dramaturq əsərləri üzərində
vasvasılıqla dönə-dönə işlədiyindən başqa həmkarlarından az
yazmışdır. Onun cəmi iyirmi altı pyesi məlumdur. XVII-
XVIII əsrlərdə Alarkon az tanınmışdır. Xarici ölkələrdə onun
irsinə göstərilən maraq Alarkonun yada düşməsinə, maraqla
XVII əsr Qərbi Avropa ədəbiyyatı
319
qarşılanmasına səbəb oldu.
Alarkon Meksikada zadəgan ailəsində anadan olmuş,
təhsilini İspaniyada almışdır. Ömrü boyu yüksək dövlət
vəzifəsində çalışmışdır.
Alarkonun ən yaxşı pyeslirəndən biri "Seqoviyalı
toxucu" pyesidir. İnsan iradəsinə, gücünə himn kimi səslənən
bu komediyada dini motiv, mistik əhval-ruhiyyə yoxdur.
Həyatın, şəraitin ağırlığı onu az qalır məhv etsin, lakin əsərin
qəhrəmanı Fernandonun simasında insan taleyin bütün
oyunlarına, zülmlərinə mətanətlə dözür, ona meydan oxuyur
və qalib gəlir. Onun gücü, cəsarəti, mərdanə dözümü, öz
məğlubedilməzliyinə inamı insanı heyran edir. Don
Fernando həyata, həyatın müsibətlərinə meydan oxuyub
deyir: "Mən hədsiz dərəcədə xoşbəxtəm ki, hələ yaşayıram,
həyat gücüm var, qanım qaynayır, əlim sədaqətlə mənə
qulluq göstərir, yox mən möcüzə deyiləm." Pyesin döyüşkən
romantik ruha, adamların hissləri və hərəkətləri, əməlləri və
sözlərinin gerçəkliyi oxucunu, tamaşaçını öz nikbinliyi ilə
heyran edir.
Pyesin qəhrəmanı gənc Fernandonun atası varlı
zadəganlardandır, kralın sevimlisidir. Həyat, atasının
mövqeyi onun qarşısında işıqlı üfüqlər açır, şan-şöhrət vəd
edir. Lakin saray adamlarının paxıllığı, məkrli oyunları onun
atasına ləkə yaxır, böhtan atır, nəcib, şöhrətli adını çirkaba
bulayır. Fernandonun atasını mavrlarla /ərəblərlə/ əlaqədə
ittiham edib şəhər meydanında öldürürlər. Don Fernandonu
da eyni şəkildə edam olunmaq təhlükəsi gözləyir. Fernando
məbəddə gizlənir. Eşidir ki, onun atasına böhtan atan
adamlar indi də bacısı donya Annanın namusunu ləkələmək
istəyirlər. Bacısının gücünə, iradəsinə, mətanətinə inana
bilməyən Fernando iztirab çəkir, həyəcanlanır, yeganə çıxış
yolunu bacısını zəhərləyib öldürməkdə görür. O belə düşünür
ki, alçaq adamların əlinə keçməkdənsə, onları bu yolla
Afaq Yusifli İshaqlı
320
sevindirməkdənsə, bacısının ölməsi daha məsləhətlidir.
Ölüm şərəfsiz, ləkəli yaşamaqdan daha üstündür.
Bu çətin anda istədiyini yerinə yetirən və yaxın
adamını zəhər verib öldürən Fernando üçün dünya boş bir
səhraya çevrilir. Heç kəsi olmayan, sevinci yasa çevrilən,
düşmənlərinin təntənəsini görən Fernando ümidsizləşmir, qul
kimi taleyə baş əymir, ona qarşı döyüşmək, taleyə qalib
gəlmək qətiyyəti ilə yaşayır. Fernando bu məqsədlə
qəbiristanlığa gedir, qəbirüstü daşı kənara itələyib meyiti
çıxarır, onun kəfənini çıxarıb öz paltarını ona geyindirir.
Bundan sonra o, meyitin üz-gözünü tanınmaz bir hala salıb
şəhərin küçələrindən birinə tullayır. Səhər camaat don
Fernandonun paltarını və sənədlərini ölmüş adamın üstündə
tapıb, onun öldüyünü zənn edir, onu sakitcə basdırırlar.
Don Fernando bu hadisədən sonra Pedro Alonso adi
ilə Seqoviyada yoxsul bir toxucu kimi yaşamağa başlayır. O,
sadə bir fəhlə kimi işləyir və yaşayır, varlı bir zadəgan
olduğunu unudur. Hər şeyi dəhşətli bir yuxu kimi yaddan
çıxarır. Yeni mühitdə, yeni tipli insanlar arasında o, əsl
səadət tapır. Bu, gerçəkliklə barışmaq, taleyin hökmünə baş
əymək deyildir. Fernando cinayət və eybəcərliklər hökm
sürən kübarlar dairəsinə nifrətlə baxır, onlardan ayrıldığı
üçün peşman olmur, ruhdan düşmür. Başına gələn əhvalatlar,
düşdüyü şərait onun iradəsini sındırmır, insani hislərini, şəxsi
ləyaqət duyğularını öldürmür. O özünü qalib və xoşbəxt hiss
edir. Həm də o Teodora adlı gözəl bir qızla dost olmuşdur.
Bu yoxsul, sadə və cazibəli qız onun qəlbinə əsl səadət və
sevinc gətirmişdir. Özünün alçaldığı, təhlükələrə məruz
qaldığı günlərdə rastlaşdığı Teodoranı o, dərin səmimi
məhəbbətlə sevir, onun saflığına, səmimiliyinə heyran olur.
Bu,
müəyyən mənada insanın mənəvi qələbəsidir,
çətinliklərə, uğursuzluqlara üstün gəlməsidir.
İndi Fernando kübar cəmiyyətində təlatümə gələn,
XVII əsr Qərbi Avropa ədəbiyyatı
321
dalğalanan, qəddar nərlərlə hayqıran şər, eybəcərlik, böhtan,
xəyanət dəryasına uzaqdan tamaşa edir, qorxmur, narahat
olmur. Lakin bu şər dünyası qəhrəmanı yenə də rahat
buraxmır, onu yeni-yeni imtahanlara çəkir.
Onun atasının ölümünün baisi don Xuan saray
adamları ilə birlikdə Seqoviyaya gəlib çıxır. Don Xuan
burada Fernandonun sevgilisi Teodoranı görür və ona
vurulur.
Lope de Veqa kimi Alarkon da təsvir etdiyi adamları
bir tərəfli göstərmir. O cümlədən don Xuan özü də onun
təqdimində müəyyən müsbət cizgilərə də malikdir. O, cani
yox, bağlı olduğu mühitin pozduğu, eybəcərləşdirdiyi bir
adamdır. Pyesin sonunda baş verən cinayətdə iştirakı atasının
təhriki ilə əlaqələndirilməsi özü də bu cəhəti aydın göstərir.
Alarkon onun atasının da müəyyən insani cizgilərə yad
olmadığını göstərir. Oğluna nəsihət verəndə onu cəsarətli və
nəcib qəlbli bir insan olmağa sövq edir. "Kim ki, cəsur və nə-
cib qəlblidir, o, kral və şərəf-namus uğrunda qılıncını tez
qından çıxarar." Dramaturq mənfi surətləri ancaq mənfi
cizgilərlə göstərməyin əleyhinədir. Realist prinsiplərə əməl
edən ədib yaratdığı surətləri həyatda olduğu kimi mürəkkəb
və ziddiyyətli səciyyəyə malik adamlar kimi əks etdirir. Qraf
don Xuan bir tərəfdən dövlət işləri ilə maraqlanmayan,
ərəblərin hücumundan narahat olmayan, borc, şərəf işini
yerinə yetirməkdənsə, öz sevgisi, eyş-işrəti haqqında
düşünən bir adamdırsa, o biri tərəfdən Teodora və
Fernandonun yaşadığı daxmanın qarşısında özünü ehtiram və
cəsarətlə aparır. Finlo onun bu davranışını görüb təəccüb-
lənir, qrafın yoxsul bir qıza bu qədər ehtiram göstərməsini
ona yaraşmayan bir hərəkət kimi pisləyir. Don Xuanın
dostuna verdiyi cavab onun qəlbində nəcib insani duyğuların
da olduğunu bir daha sübut edir:
Afaq Yusifli İshaqlı
322
Sevgidə, görürəm, sən nabələdsən,
Elə ki, hislərlə üstələnirik,
Xəyala, arzuya vuruluruq biz.
Sevib özümüzə şübhələnirik.
Finlo, ucqarda bu kiçik koma
Mənə bir saraydır, o bakir sənəm
Bir kraliçadır gözümdə hər dəm.
Qorxuram beləcə toxunmaqla mən,
Bu təmiz qapını ləkələməkdən.
Lakin elə məqamlar da olur ki, biz qraf don Xuanın
bu təmiz qapını ləkələmək istədiyinin şahidi oluruq. O, Finlo
ilə birlikdə toxucunun evinə soxulanda məhz alçaq
məqsədlər izləyir, Teodoraya sahib olmaq niyyətini yerinə
yetirmək istəyirdi. Toxucu Pedro Alonso adı ilə yaşayan
Fernando cəsarətlə özünü və sevgilisini müdafiə edir. Ona
şillə vuranda o, qeyzə gələrək ağaların iki nökərini öldürür,
özlərini isə biabırçı bir şəkildə evdən qovur. Don Xuanın
hərəkəti pyesdə korluq, xalqı qəzəbləndirən bir hərəkət kimi
qiymətləndirilir. Toxucunun hərəkəti, zadəganlarla cəsarətlə
davranması güclü siyasi mahiyyət alır. Lakin Alarkonu
tamamilə demokratik ruhlu bir yazıçı kimi qiymətləndirmək
doğru olmazdı. O öz mühitinin, sinfinin oğlu olaraq qalır.
Fernandonun cəsarəti, ləyaqəti xalq kütlələrinin yox,
zadəgan dairələrinin cəsarəti və ləyaqəti kimi nəzər çatdırılır,
onun zadəgan mənşəyi ilə əlaqələndirilir.
Pyesin ən mühüm səhnələrindən biri Fernandonun
həbsə alındığı səhnədir. Onu edam gözləyir. Lakin burada da
ümidini itirmir, öz qələbəsinə inanır. Teodoranın onu xilas
etmək xatirinə don Xuanın yanına getmək istəyini eşidəndə
isə qısqanclıq və qəzəb alovları ilə alışıb yanır. Özünün xilası
yox, əgər Teodora onun düşməninin yanına gedərsə, hətta
adını belə çəkərsə, onu tikə-tikə doğramaqla hədələyir.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
323
Bununla bərabər o, həbsdən dəhşətli, cəsarət və
mərdlik tələb edən bir üsulla xilas olur. Yoldaşlarından xahiş
edir ki, qılınc zərbəsilə vurub onun başını yarsınlar, bu yolla
o, həbsxana xəstəxanasına düşər və oradan qaçar. Hər şey
onun dediyi kimi olur. Əlindəki qandalları açmaq lazım
gələndə isə o özünün iki barmağını dişləyib qoparır. Onun
cəsarəti, mərdliyi, əzmi, iradəsi insanı heyran edir.
Bundan sonra biz Fernandonu quldurlar dəstəsində
görürük, realist bir yazıçı olan Alarkon onu bir quldur kimi
idealizə etmir, romantikləşdirmir. Qəddar, zalım bir adam
kimi verir. O, təhlükə qarşısında cəsarət göstərər yoldaşına
belə aman vermir, hər hansı ehtiyatsız bir yolçu görəndə onu
soymaq imkanını əldən buraxmır.
Fernandonun quldurluq həyatını təsvir edərkən Alar-
kon yenə də real həyat faktlarından çıxış etmişdir. Onun
dövründə İspaniya quldur dəstələri ilə dolu idi. Dramaturq
bu quldurların həyatını, hərəkətlərini doğru əks etdirdiyi
kimi onların əmələgəlmə yolunu da doğru müəyyənləşdirir.
Ancaq ədalətsizliyin insanları bu yola gətirib çıxardığını
təsdiq edir. Pyesdə cərəyan edən hadisələrdə də biz
Fernandonu cəsur, nikbin, öz qələbəsinə inanan bir adam
görürük. Don Fernando həqiqətən də öz düşmənini onun
yataq otağında təkbətək döyüşdə öldürür.
Pyesin ən maraqlı surətlərindən biri təlxək Çiçondur.
O, qorxaq, hiyləgər, çevik bir adamdır. Kiçik bir qazanca
tamah salıb ən yaxın dostunu sata bilər. Həyat onu o qədər də
əzizləməmişdir. Lakin ən böyük müsibətlər içərisində olduğu
vaxtlarda o, şənliyini itirmir, zarafatından qalmır.
Çiçon küçədə böyümüşdür, həyatın qəddar və
amansız üzünü görüb həqiqətə inamını itirmişdir. Nəcib
görkəm arxasında gizlənən xudbin məqsədlər ona yaxşı
tanışdır. O, gah filosofluq edir, Kalvinin sözlərindəki
səhvlərdən danışır, gah qonqorizm üslubunda parlaq, incə
Afaq Yusifli İshaqlı
324
bənzətmələr işlədir. Miyançılıq haqqını alanda bu hadisənin
nəticəsini "bağlanmış qızıl açar" adlandırır. Atasının
yanından qaçanda qışqıraraq ona "həbsxana darağacının
yanında görüş" vəd edir. Bütün bu və digər gözlənilməz
bənzətmələr onun nitqini qonqorizm, yaxud kulteranizm
adlanan bədii üsluba yaxınlaşdırır. Lakin Alarkon burada
həmin üslubdan daha çox gülüş doğurmaq üçün
faydalanmışdır.
Don Fernando öz rəqibi, düşməni don Xuanı
öldürəndə ciddiliyi, amansızlığı ilə tamaşaçını heyrətə salır,
həyəcanlandırır. Elə bu vaxt taxtın altından çıxan Çiçon don
Xuanın meyiti üzərində məzəli bir tərzdə sızıldamağa
başlayır, həmin meyitlə bir yerdə bağlı qapı arxasında
qalmağının xoşa gəlməz olduğunu söyləyir. Tamaşaçı istər-
istəməz gülməyə başlayır. Faciə ilə gülüş bir-birinə qarışır.
Alarkon həyatda olduğu kimi zidd, bir-birinə əks hadisələri
bir yerdə təqdim edərək Lope de Veqa üslubuna sadiq qalır.
Alarkonun komediyalarının dili əzəmətli və əlvandır.
Onun
qəhrəmanlarının danışıqları da mübaliğəlidir,
gerçəkliyin fövqündə durur, lakin bu cəhət dramaturqun
əsərinin realist xarakterinə zidd deyildir. Alarkon pyeslərinin
dili üzərində Qonqoranın dilinin təsiri də aydınca hiss
olunur.
Alarkon yeni Avropa ədəbiyyatında, hər şeydən
əvvəl, xarakterlər komediyasının yaradıcısı kimi tanınır. İlk
nümunələri antik Yunanıstanda Menandr tərəfindən yaradılan
xarakterlər komediyası Roma ədəbiyyatında Plavt və
Terensinin yaradıcılığında yeni zirvələr fəth edir. Xristian
kilsəsinin təqibləri nəticəsində teatr uzun müddət susur.
Lakin çoxəsrlik fasilədən ispan teatrı yenidən canlanır. Bu
yenidən canlanma dövründə ilk xarakterlər komediyasını
Alarkon yaradır. Bu yolda onun atdığı ilk addımlardan biri
"Şübhəli həqiqət" komediyasının yaradılmasıdır. Komediya
XVII əsr Qərbi Avropa ədəbiyyatı
325
yalançılığın ifşasına həsr edilmişdir.
Əsərin qəhrəmanı don Qarsiya yalançıdır. O hər
addımbaşı lazımlı-lazımsız yalan danışır. Həm də öz
yalanlarını elə məharətlə uydurur, elə təbii, canlı danışır, elə
istedadla onu həqiqət kimi təqdim edir ki, adamları inandıra
bilir. Onun yalanları həqiqətə uyğundur, inandırıcıdır. Get-
gedə don Qarsiya öz yalanları içərisində dolaşıb qalır.
Ömründə tək bircə dəfə o, doğru söz danışır, lakin
həmin vaxt onu yalançılıqda ittiham edirlər. O, doğru sözü,
həqiqəti inandırıcı şəkildə söyləməyi yadırğamışdır. Bu
qəribə uğursuzluqdan don Qarsiya belə nəticə çıxarır:
"Əfsus! Həqiqətin qiyməti necə də azmış!" Onun nökəri isə
müəllif mövqeyini aydınlaşdıraraq əlavə edir: "Yalançının
dilində."
Fransız dramaturqu Kornel bu əsər əsasında özünün
"Yalançı" komediyasını yazmış və bununla da xarakterlər
komediyasının əsasını qoymuşdur. Sonralar Molyer etiraf
etmişdir ki, əgər Kornelin "Yalançı"sı olmasaydı, o, heç vaxt
"Mizantrop"u yaratmazdı.
TİRSO de MOLİNA /1571-1648/. Lope de Veqanın
dramatik ənənələrini davam etdirən görkəmli ispan
dramaturqlarından ən məşhuru Tirso de Molina təxəllüsü ilə
yazıb yaradan Qabriel Tellesdir. Tirso de Molina rahib və
mənsub olduğu ordenin tarixçisi idi. Buna baxmayaraq o,
dini pyeslərlə yanaşı şən, həyatsevər komediyalar da
yazmışdır. Ədib özünü Lope de Veqanın şagirdi adlandırmış,
bununla fəxr etmişdir. Lakin Tirso de Molinanın
yaradıcılığında artıq ispan dramaturgiyasının yeni inkişaf
mərhələsinin cizgiləri müşahidə olunur. Xristian tövbəkarlığı
mövzusu onu Lope de Veqadan çox Kalderona yaxınlaşdırır.
Eyş-işrət və həzzin günah olması mövzusu artıq özlüyündə
dramaturqun intibah dünyagörüşündən imtina etdiyini, orta
Afaq Yusifli İshaqlı
326
əsrlər teatrının ideya mövqelərinə qayıtdığını təsdiq edirdi.
Tirso de Molina Lope de Veqanın komediyaya estetik həzz
mənbəyi kimi baxmaq ənənəsindən də uzaqlaşır, dini
öyüdçülük, nəsihətçilik mövqelərinə qayıdır. Əlbəttə, Tirso
de Molinanın yaradıcılığında xristian moizəçiliyi ruhu
birdən-birə əmələ gəlmir. Onun ilk komediyalarında
məharətlə qurulmuş intriqalar, səhvlər, paltar dəyişmələrlə
birlikdə əsl intibah həyatsevərliyi, şən əhval-ruhiyyə
hakimdir. Tirso de Molina dörd yüzə qədər komediya
yazmışdır. Bunlardan ancaq səksən altı əsər qalmışdır. Bu
səksən altı əsərdən beşi auto sakramentale formasında
yazılmışdır. Auto sakramentale pasxa günlərində İspaniyanın
şəhər meydanlarında ifa olunmaq üçün nəzərdə tutulan və
bibliya əfsanələri mövzularında yazılan birpərdəli dini pyes
formasıdır.
Lope de Veqa kimi Tirso de Molinanın yaradıcılığı da
ziddiyyətlidir. Bununla bərabər o, həm də dini fəlsəfi dram
janrının ilk nümunələrini yaratmaqla Kalderon üçün zəmin
hazırlamışdır. Dramaturqu bütün dünyada tanıtdıran "Sevilya
dəcəli, yaxud daş qonaq" komediyası da həmin qrupa daxil
olan əsərlərdəndir. Tirso de Molina 1630-cu ildə yazdığı bu
komediyada Don Juan haqqındakı əfsanəni ilk dəfə yazılı
ədəbiyyata gətirmiş, bu süjeti sonralar işləyən Molyer,
Merime, Puşkin, Bayron, A.K.Tolstoy, M.İbrahimov və
başqaları üçün bir mənbə rolunu oynamışdır.
Don Juan mövzusunun dünya ədəbiyyatında belə
geniş yayılmasının bir çox səbəbləri var idi. Hər şeydən
əvvəl, bu mövzu insan həyatının ən mühüm və mürəkkəb
məsələlərindən daha dərindən maraqlanmağa və ciddi söhbət
aparmağa imkan verirdi. Maddi aləm və din, əxlaqi normalar
və xudbin arzuların, istəklərin hüdudsuzluğu, sevgi və
ehtiras kimi məqsədlərdən danışmaq üçün Don Juan əfsanəsi
əlverişli material verirdi.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
327
Tirso de Molinanın belə bir mövzuya müraciət etməsi
bir tərəfdən Lope de Veqanın irsi ilə bağlı idi. Lope de
Veqanın əsərlərində ispan hakim dairələrinin əxlaqi
düşkünlüyü dönə-dönə tənqid edilmişdir. Tirso de Molina da
Don
Juan
surətini yaratmaqla düşkünləşmiş ispan
zadəganlığının qadın dalınca qaçmaq ehtirasının adi bir
idmana çevrildiyinə etirazını bildirmişdir. Tirso de Molina
ölmüş adamın heykəlini qonaq çağırıb, bu cəsarətinə görə
həyatını qurban verən Don Juanı əsərinə qəhrəman seçmiş,
qadınları vicdansızcasına aldadaraq yoldan çıxaran əxlaqsız
bir zadəgan surəti yaratmışdır.
Don Juan öz dostunun nişanlısı Donya Annanın
sevgisindən ləzzət almaq üçün onun görkəmini qəbul edib
qızın yanına gəlir. Burada o, qızın atası komandorla
qarşılaşır və onu öldürür. Bu vaxta qədər bir çox qadınları
yoldan çıxaran Don Juan istehza ilə öldürdüyü komandorun
heykəlini şam yeməyinə çağırır. Sonra komandorun dəvətini
qəbul edib komandorun basdırıldığı kilsəyə gedir. Burada yer
yarılır və o, cəhənnəmə yuvarlanır.
Tirso de Molinanın qəhrəmanı hələ ibtidai səciyyə
daşıyır. O, qadınları şəxsi cazibəsinin hesabına yoldan
çıxarmır, daha kobud vasitələrə əl atır. Aristokrat qadınları
müxtəlif üsullarla aldadırsa, sadə xalq qızlarını onlara
evlənəcəyini və onları kübar xanımına çevirəcəyini vəd
etməklə istəklərinə tabe edir. Eyni zamanda o, həyatsevərliyi,
tükənməz enerjisi, qeyri-adi cəsarəti ilə insanı heyran edir.
Müəllif öz qəhrəmanını bu baxımdan ittiham etsə də, onu
cəzbedici cizgilərlə göstərir. Heykəlin gəlişindən sonra
soyuq tər basan Don Juan tezcə özünü ələ alır və deyir:
"Bütün bunlar ancaq xəyalın oyunudur. Rədd olsun axmaq
qorxaqlıq!.. Qəlbi, gücü, ağlı olan canlı bədənlərdən qorxma-
yan mənmi, mənmi ölümdən qorxmalıyam? Bir halda ki,
mən dəvət olunmuşam, sabah kilsəyə gedəcəyəm, qoy bütün
Afaq Yusifli İshaqlı
328
Seviliya mənim qorxu bilməz şücaətimə heyran qalsın."
Don Juan Tirso de Molinanın təsvirində heç də dinsiz
və allahsız deyildir. O hələ belə güman edir ki, düzəlməyə
vaxtı var, ona qədər həyatdan zövq almaq, kef görmək
fikrindədir. Nə nökəri Katalinonun, nə də başqalarının
öyüdləri ona kar edir. Ölüm onu qəfildən yaxalayan vaxt,
heykələ qışqırıb keşiş çağırmaq, günahlardan təmizlənmək
istədiyini bildirsə də, buna imkan tapmır, tövbə etməmiş
məhv olur. Tirso de Molina öz qəhrəmanını haqq məhkəməsi
ilə cəzalandırır. Orta əsrlər klerikal teatrının yolu ilə gedərək
günaha görə cəzalandırmaq prinsipini əsas götürür.
Dramaturq dönə-dönə qeyd edir və nəzərə çatdırır ki,
peşman olmaq, tövbə etmək üçün vaxt həmişə azdır. "Hələ
qarşımda vaxt çoxdur" deyirsə, səhv edir. Don Juan ölü ilə
şam edərkən eyni məzmunlu axirət nəğməsi səslənir. Bu
yolla Tirso de Molina tövbəyə, özünü hər şeydən məhrum
etməyə çağırır. Kim bilir ölüm nə vaxt gələcək, ona görə hər
vaxt canını axirətə tapşırmağa hazır ol, sabahkı günün
qorxusu ilə özünə əzab ver. Müəllif əsər boyu oxucunu
allahın cəzası ilə qorxudur. "Allahın möcüzələrinin ölçüsü
yoxdur" deyərək hər yerdə insanı ilahinin qüdrəti ilə
hədələyir.
Bir cəhəti də mütləq qeyd etmək lazımdır ki, Tirso de
Molinanın əsərində barokko cərəyanına bağlılıq da aydınca
hiss olunur. Xüsusilə, son səhnədə dəhşətli səhnələrin
təsvirinə olan xəstə meyl özünü aydın büruzə verir. Buradakı
axirət kabusları və iyrənc naturalist səhnələr bu cəhəti bir
daha təsdiqləməkdədir.
Tirso de Molina eyni zamanda bir sıra şən kome-
diyalar da yaratmışdır. A.A.Smirnov yazır: "İntriqa ustası
kimi o, Lope de Veqadan geri qalmır, xarakterlərin işlənməsi
baxımından isə çox vaxt onu ötür. Onun pyeslərində
kişilərdən daha üstün görünən qadın surətlərinin
XVII əsr Qərbi Avropa ədəbiyyatı
329
yaradılmasında o daha çox müvəffəq olur. Onun qadın
qəhrəmanları böyük ehtirası, nadir enerjisi, təşəbbüskarlığı,
tədbirliliyi, öz hüququnu müdafiə etmək və öz səadətini
qoruya bilmək bacarığı ilə seçilirlər." Doğrudan da, ədibin
"Yaşıl şalvarlı Don Xil", "Mömin Marta" və başqa
komediyalarında təsvir edilən qadın surətləri öz güclü
xarakterləri, döyüşkənlikləri, cəsarətləri ilə seçilirlər. "Yaşıl
şalvarlı Don Xil" komediyasında Donya Xuana kişi paltarı
geyir və ağıllı tədbiri ilə istədiyi adamla ailə həyatı qurmağa
nail olur. Haqlı olaraq, bir çox ispan ədəbiyyatı
mütəxəssisləri bu əsəri bütün ispan və hətta Avropa
ədəbiyyatında ən yüksək ustalıqla yaradılmış intriqa
komediyası sayırlar.
Tirso de Molinanın yaradıcılığındakı bu mürəkkəblik
və ziddiyyət onun yaşadığı dövrün mürəkkəblik və
ziddiyyətləri ilə bağlıdır. İspaniyada dövrün ən qabaqcıl və
istedadlı adamlarında həmin ziddiyyətləri müxtəlif şəkillərdə
müşahidə etmək mümkündür.
Dostları ilə paylaş: |