Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə16/27
tarix01.04.2017
ölçüsü2,83 Kb.
#13183
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

KORNEL 
/1606 - 1684/ 
 
Fransız  ədəbiyyatında  klassisist  faciənin  ilk  böyük 
nümayəndəsi Korneldir. Uzun və ziddiyyətli yaradıcılıq yolu 
keçən  dramaturq  gəncliyində  barokko  üslubunda  yazmağa 
meyl  göstərmiş  və  onun  qalıqlarından  qoca  yaşlarına  qədər 
xilas  ola bilməmişdir.  Yaradıcılığının  ən kamil  dövründə  isə 
klassisist faciənin parlaq nümunələrini yaratmışdır. 
Kornel  1606-cı  il  iyun  ayının  6-da  Normandiyanın 
Ruan  şəhərində  varlı  məhkəmə  məmuru  ailəsində  anadan 
olmuşdur. Atasının Ruanda və onun ətraflarında mülkləri var 
idi.  Pyer  Kornelonun  böyük  oğlu  idi.  Kornel  yerli  yezuit 
kollecində  oxumuş,  sonra  hüququ  öyrənmişdir.  18  yaşında 
Ruanın  vergilər  silkinə  qəbul  edilən  Kornel  yaxşı  natiq 
olmadığından  özünü  vəkilliyə  o  qədər  də  yararlı  saymırdı. 
Boş vaxtlarında şeirlər yazırdı. 1632-ci ildə "Qarışıq şeirlər" 
adlı ilk şeir toplusunu nəşr etdirir. Bu şeirlərdən bir az əvvəl 
isə o, "Melita, yaxud saxta məktublar" adlı ilk komediyasını 
yazır.  Bu  komediyanın  yazılması  ilə  ailə  rəvayətində  nəql 
edilir ki, guya Kornelin dostlarından biri onu öz sevdiyi qızla 
tanış  edir.  Qız  Korneli  öz  əvvəlki  sevgilisindən  üstün  tutub 
ona  meyl  edir.  Kornel  bu  hadisənin  komik  cəhətini  nəzərə 
alıb  özünün  ilk  komediyasını  yaradır.  Parisdə  Mondorinin 
truppası  tərəfindən  tamaşaya  qoyulan  bu  komediya  böyük 
müvəffəqiyyət  qazanır.  Bunun  arxasınca  Kornel  "Klitandr", 
"Dul  qadın",  "Məhkəmə  qalereyası",  "Kral  meydanı"  və 
başqa komediyalarını yazıb onların oynanılmasına nail olur. 
Kornelin  bu  ilk  əsərlərində  faciələrində  gördüyümüz 
ciddi siyasi məsələlər yoxdur, onların mövzusu şəxsi mənafe 
və  məişət  münasibətləri  çərçivəsindən  kənara  çıxmır.  Lakin 
Kornelin qələmi ilə komediya İntibah komediyasından fərqli 

Afaq Yusifli İshaqlı 
 
 
224 
keyfiyyətlər  almağa başladı və Molyerin simasında dahi bir 
davamçı  qazandı.  İntibah  komediyasında  bir  qayda  olaraq 
burjua mühiti təsvir olunurdusa, cəmiyyətin yuxarı təbəqələri 
göstərilmirdisə,  Kornelin  komediyalarında  əksinə  hadisələr 
zadəgan  mühitində  cərəyan  edir.  Onun  pyeslərində  XIII 
Lüdovik  dövrünün  Paris  kübar  dairələri  canlandırılır.  Bu 
cəmiyyət  isə  presiyözlük  /ədalı,  təmtəraqlı  danışıq  tərzi/ 
xəstəliyinə  tutulmuşdu.  Bu  cəhət  Kornel  komediyalarının 
dialoqları  üzərində  öz  zərərli  təsirini  göstərmişdi.  Presyöz 
salonların  zövqünün  təsiri  onun  komediyalarında  birtərəfli 
sevgi mövzularının işlənilməsində özünü göstərirdi. Kornelin 
komediyalarında  digər  süjet  və  motivlər  demək  olar  ki, 
yoxdur.  Məhəbbətin  özü  də  bu  əsərlərdə  madam 
Rambulyenin  salonuna  gələnlərin,  "Astreya"  romanını 
oxuyanların  zövqünə  uyğun  olaraq  şərti  nəzakətli 
qəhrəmanlıq ruhunda təqdim olunurdu. Lakin onlardan fərqli 
olaraq  Kornel  sevgidə  ölçü  hissini  gözləmək  prinsipini  irəli 
sürürdü. Kornel öz qəhrəmanlarını bir qayda olaraq real şə-
raitdə  hərəkət  etdirir.  Onun  qadın  qəhrəmanları  Luvr  ətra-
fında,  yaxud  Masr  kvartalında  zövqlə  bəzədilmiş  iri 
malikanələrdə  yaşayırlar.  Dramaturq  Paris  aristokratiyasının 
gəzib-dolaşdığı yerləri göstərməyə daha çox meyllidir. Onun 
komediyalarındakı  dialoqları  canlılığı,  çevikliyi,  oynaqlığı 
ilə seçilir, lakin onlar heç də həmişə komik səciyyə daşımır. 
Bir  çox  hallarda  onlar  komik  yaxud  tragik  əhval-ruhiyyə 
arasında  tərəddüd  edirlər.  Qəhrəmanların  monoloqlarında 
tragik  /faciəli/  əhval-ruhiyyə  daha  güclüdür.  Bu  cəhətdən 
Kornelin  komediyaları  Ardi  və  Rotru  kimi  dramaturqların 
komik faciələrini xatırladır. 
Merenin  "Sofonizba"  faciəsinin  müvəffəqiyyəti  Kor-
neli  faciə  janrında  öz  gücünü  sınamağa  həvəsləndirir  və 
1635-ci  ildə  o,  "Medeya"  əsərini  yazır.  Lakin  Kornel 
Meredən  fərqli  olaraq  tarixi  mövzuya  deyil,  mifoloji  süjetə 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
225 
müraciət  edir. Həm də  realist  Evripidi  yox, Senekanı özünə 
nümunə  götürür,  yeri  gəldikdə  Evripiddən  də  istifadə  edir. 
Məsələn,  Egey  surətini  Kornel  Evripiddən  götürmüşdür. 
Gənc  Kornel  əsərində  süjetə  bir  sıra  yeni,  orijinal 
keyfiyyətlər  də  artırmışdır  ki,  bunlar  onun  gələcək  böyük 
faciələrindən  xəbər  verirdi.  Hər  şeydən  əvvəl,  faciənin  baş 
qəhrəmanı  Medeyanı  Kornel  insaniləşdirmiş,  onu  ehtirasla 
sevən bir qadın kimi göstərmişdir. Kornelin Medeyası özünü 
Yazona  nifrətlə  baxmağa  məcbur  edə  bilmir.  Bununla 
bərabər o, güclü xarakterə, iradəyə malikdir. Faciədə komik 
ünsürlər  də  müşahidə  olunurdu.  Sonralar  Kornel  özü  də 
"Medeya"nın 
zəifliyini  etiraf  etmişdir.  İlk  faciənin 
uğursuzluğu  Korneli  yenidən  komediya  janrına  qayıtmağa 
məcbur etdi. Dramaturq 1636-cı ildə "Komik xəyalpərvərlik" 
komediyasını  yazır.  Komediyanın  əsas  qəhrəmanı  lovğa 
ispan  əsgəri  Matamordur.  Burada  komediya,  komik  faciə, 
faciə  ünsürləri  bir-birinə  qarışdırılmış,  əlvan  səhnələr 
yaradılmışdır. 
1636-cı  ilin  axırlarında  Kornelin  "Sid"  faciəsi  tama-
şaya  qoyulur.  Marenin  teatrında  aktyor  Mondori  baş  rolda 
çıxış  edən  bu  tamaşalar  misli  görünməmiş  müvəffəqiyyətlə 
keçir,  hər  bir  tamaşa  əvvəlkindən  daha  artıq  bir  heyranlıqla 
qarşılanır.  Bütün  Paris  "Sid"dən  danışır,  bütöv  parçalarını 
əzbər söyləyir, əsəri şah əsər kimi qiymətləndirirdilər. Sidlə 
əlaqədar  xüsusi  bir  aforizm  yaranır:  "Sid  qədər  gözəldir!" 
Kornel  bundan  sonra  bir-birinin  ardınca  "Horatsi"  /1640/, 
"Sinna"  /1640/,  "Polievkt"  /1643/,  "Teodora"  /1645/, 
"Pompeyin  ölümü"  /1643/,  "Rodoqunda"  /1644/,  "İrakli" 
/1647/,  "Pertarit"  /1652/,  "Edip"  /1659/,  "Atilla"  /1667/  və 
başqa  əsərlərini  yazır.  Rasinin  teatra  qədəm  qoyması,  onun 
"Böyük İsgəndər" /1665/ və "Andromaxa" /1667/ faciələrinin 
qazandığı  qeyri-adi  müvəffəqiyyətdən  sonra  Kornel  fransız 
teatrı üzərində öz nüfuzunu itirir. Onun yenilik yaratmaq, öz 

Afaq Yusifli İshaqlı 
 
 
226 
qüdrətini sübut etmək təşəbbüsləri baş tutmur. Kornelin fəci 
səhvlərindən  biri  bu  idi  ki,  o,  tərəfdarlarının  məsləhəti  ilə 
Rasinlə yarışa girir və özünün çox zəif bir komik faciə olan 
"Tit  və  Berenika"sını  Rasinin  "Berenika"sına  qarşı  qoyur, 
bununla  da  bir  daha  Rasinin  qələbəsinə,  təntənəsinə  şərait 
yaradır.  "Pulxeriya"  /1672/  komik  faciəsi  və  "Parfiya 
sərkərdəsi Surena" /1674/ faciəsindən sonra Kornel ancaq bir 
neçə  rəsmi  şeir  yazmışdır.  Öz  şöhrətindən  daha  çox  ömür 
sürən  Kornel  1684-cü  ilin  1  oktyabrında  78  yaşında 
yoxsulluq içində ölmüşdür. 
Müasirlərinin qeydlərinə görə Kornel təbiəti etibarilə 
sadə  bir  adam  olmuşdur.  Zahiri  görkəmi  ağlı  və  istedadına 
uyuşmamışdır.  İlk  dəfə  Korneli  görən  bir  nəfər  onu  adi  bir 
Ruan  tacirinə  oxşatmışdır.  Onu  görmək  istəyən  bir  kübar 
xanım  sonra  etiraf  etmişdir  ki,  Kornelə  ancaq  Burqund 
otelində  /yəni  teatrda/  qulaq  asmaq  lazımdır.  Labrüyer  isə 
onun  barəsində  belə  yazmışdır:  "Sadə,  utancaq,  söhbətdə 
darıxdırıcıdır,  lakin  Avqustdan,  Pompeydən,  Nikomeddən, 
Herakldan  geri  qalmır.  O,  kraldır,  həm  də  böyük  kraldır.  O, 
siyasətçi  və  filosofdur,  o,  qəhrəmanları  danışmağa,  hərəkətə 
məcbur  edir,  o,  romalıları  təsvir  edir,  onun  şeirlərində 
romalılar  tarixdə  olduqlarından  daha  böyükdürlər,  daha  çox 
romalıdırlar." 
Əsərlərinin  uğursuzluğundan  sonra  da  fransız 
tamaşaçıları  Kornelə  hörmətlə  yanaşmışlar.  Həyatının  son 
dövrlərində  bir  dəfə  Kornel  teatra  gələrkən,  aktyorlar  ona 
hörmət  əlaməti  olaraq  oyunu  dayandırmış,  tamaşaçılar  isə 
ayağa  qalxaraq  onu  salamlamağa  başlamışlar.  Onu 
salamlayanlar  arasında  sərkərdə  Konde  və  başqa  məşhur 
adamlar da var imiş. Təəssüf ki, bu şöhrət ona maddi təminat 
verməmişdir. 
Kornelin  qısa  tərcümeyi-halını  yazan  Fontenelin 
hakim  dairələrin  şairlərə,  rəssamlara  qayğı  göstərdiyini,  o 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
227 
cümlədən  Kornelə  himayədarlıq  etdiklərini  yazdığı  yerdə 
Volter istehza ilə  yazmışdır: "Mən çox şübhə edirəm. Bizim 
ən yaxşı rəssamımız Tussen təqiblərə məruz qalmışdır. Ramo 
özünün bütün ən yaxşı musiqi əsərlərini ən böyük maneələr 
içərisində  yaratmışdır.  Kornel  özü  də  o  qədər  hörmət 
görməmişdir.  Homer  sərgərdan  bir  yoxsul  kimi  yaşamış, 
Tasso  dövrünün  ən  bədbəxt  adamı  olmuş,  Kamoens  və 
Milton 
daha 
bədbəxt 
yaşamışlar. 
Yalnız 
Şaplen 
mükafatlandırılmışdır, lakin mən elə dahi şəxs tanımıram ki, 
təqiblərə düçar olmasın." 
 
Estetik görüşləri. Kornelin yaradıcılığa başladığı ilk 
dövrlərdə klassisizmin nəzəri prinsipləri yenicə formalaşırdı. 
Kornel  "Melita"nı  yazanda  hələ  qaydalardan  xəbərsiz  idi. 
Sonralar  o,  klassisizmin  zaman,  məkan  və  hərəkət  vəhdəti 
qanunlarını öyrənib əsərlərində onlara riayət etməyə başladı. 
Kornel  klassisizmin  məhdudlaşdırıcı  qanunlarını  qəbul  etsə 
də, onlara həmişə əməl etmir, qüdrətli sənətkar düşüncəsi və 
məntiqi ilə zəruri olan tərzdə  onları cəsarətlə pozur, tənqid-
çilərinə  isə  "əgər  mən  onlardan  uzaqlaşıramsa,  bu,  heç  də 
mənim  onları  bilmədiyimə  görə  deyildir",  -  deyə  qürurla 
cavab verirdi. 
Onun fikrincə, sənətdə hər şey həqiqətə uyğun, doğru 
olmalıdır.  Bu  prinsipi  həyata  keçirmək  üçün  Kornel  öz 
faciələrinin  mövzusunu  tarixdən,  yaxud  da  əsrlərin 
müqəddəsləşdirərək təsdiq etdiyi əsatirdən alırdı. Mövzuların 
tarixdən  götürülməsi,  onların  tarixi  mənbələrdə  təsdiq 
olunması  bir  növ,  tamaşaçıları  əsərdə  təsvir  edilən 
hadisələrin reallığına, doğruluğuna inandırırdı. Müasirləri də 
onun  simasında  tarixi  hadisələri  qələmə  alan  bir  sənətkar 
görür,  onu  keçmişin  həyatını,  məişətini,  insanlarını 
canlandıran  dramaturq  kimi  qiymətləndirirdilər.  Onun  "Sid" 
faciəsində orta əsrlər İspaniyası, "Horatsi"də Roma tarixinin 

Afaq Yusifli İshaqlı 
 
 
228 
sezarlar  dövrü,  "Sinna"da  imperatorluq  dövrünün  Roması, 
"Pompey"də  Roma  dövlətindəki  vətəndaşlıq  müharibələri, 
"Atilla"da  hun-türk  tarixi,  "Heraklius"da  Bizans  imperiyası, 
"Polievkt"də  ilkin  xristianlıq  dövrünün  tarixi  hadisələri  əks 
etdirilmiş  və  bu  faciələr  bir  qayda  olaraq  tarixi  faktlar 
əsasında yaradılmışdır. 
Kornel  yaradıcılığının  səciyyəvi  cəhətlərindən  birisi 
onun  XVII  əsrin  ən  böyük  siyasi  şairi  olmasıdır.  Onun 
əsərlərində Romanın siyasi tarixinə geniş yer verilmişdir. Bu 
mövzu  dramaturq  üçün  müasir  siyasi  məsələlərə  öz 
münasibətini bildirmək, humanist düşüncələrini əks etdirmək 
üçün  zəngin  material  verirdi.  Kornel  keçmişə  müraciət 
edərkən  ən  dramatik  anları  seçir,  böyük  tarixi  çevrilişlər  və 
irəliləyişlər  dövründə,  siyasi  və  dini  sistemlərin,  görüşlərin 
kəskin  toqquşması  anlarında  insanların  taleyini  əks 
etdirməyə  çalışırdı.  Siyasi  problemlərin  Kornel  faciələrinin 
əsasında,  mərkəzində  dayanması  bəzən  onların  siyasi 
mübahisələr,  disputlar  şəklində  qurulmasına  gətirib 
çıxarmışdır. 
Kornel  dramaturgiyasının  surətlər  aləmi  də  diqqəti 
cəlb  edir.  O,  bir  qayda  olaraq  kralları  və  yaxud  böyük 
qəhrəmanları  təsvir  edir.  O,  sadə  adamlardan  yazmır.  Onun 
fikrincə,  ancaq  güclü,  qüdrətli,  hakimiyyət  başında  olan  və 
buna görə də duyğularını sərbəst, azad büruzə verən insanlar 
ümumbəşəri  keyfiyyətləri  daha  dolğun  və  əhatəli  ifadə  edə 
bilərlər. 
Kornelin  faciələrində  bir  qayda  olaraq  düşüncə  ilə 
hiss,  iradə  ilə  istək,  borc  ilə  ehtiras  arasındakı  konflikt  əks 
etdirilir.  Onun  qəhrəmanları  tərəddüd  etmədən  hissi,  istəyi, 
ehtirası  rədd  edirlər.  Onlar  iradə,  düşüncə,  borc  uğrunda 
ölümə  gedirlər,  yaxud  qələbə  çalırlar.  Lakin  hər  bir 
vəziyyətdə  iradə,  düşüncə  və  borc  qələbə  çalır.  Kornel 
faciələrinin  bu  şəkildə  qurulması  Fransanın  tarixi  siyasi 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
229 
inkişafı  ilə  əlaqədar  idi.  Bu  dövrdə  fransız  mütləqiyyəti 
siyasi  cəhətdən  mütərəqqi  rol  oynayırdı.  Kornel  də  öz 
faciələri  ilə  fransız  mütləqiyyətinin  siyasi  prinsiplərini 
müdafiə  edirdi.  Həmin  əsrin  60-cı  illərində  fransız 
mütləqiyyətinin  özü  də,  ona  münasibət  də  dəyişməyə 
başlayır  ki,  bu  dövrün  idealları,  prinsipləri  artıq  başqa 
dramaturqun  –  Rasinin  yaradıcılığında  əks  olunmuşdur. 
Q.V.Plexanov  da  özünün  "Rus  ictimai  fikrinin  tarixi" 
əsərində  Kornellə  Volteri  bu  baxımdan  müqayisə  edərək 
yazmışdır: "Korneldə XVII əsr Fransası üçün səciyyəvi olan 
belə  bir  ifadə  ilə  rastlaşırıq:  xalq  xoşbəxtdir  ki,  öz  kralı 
uğrunda  ölür;  Volterdə  isə  əksinə  Edip  deyir:  öz  vətəni 
uğrunda  ölmək  kralın  borcudur.  Bu,  hökmdarın  öz 
təbəələrinə  münasibət  nöqteyi-nəzərindən  baxışlarda  əmələ 
gələn 
bütöv 
bir 
çevrilişdir." 
Gördüyümüz 
kimi, 
Q.V.Plexanov  Kornelin  baxışlarını  XVII  əsr  Fransası  üçün 
səciyyəvi olan baxışlar kimi qiymətləndirir. 
Bu cəhət isə belə bir həqiqəti bir daha təsdiq edir ki, 
Kornelin  faciələri  müasirliyin  inikasına  yönəlmiş  əsərlərdir. 
Tarixi  şəxsiyyətlər,  konfliktlər,  hadisələr  vasitəsilə  Kornel 
müasir Fransa gerçəkliyindən söhbət açır. Onun faciələrində 
qoyulub  həll  edilən  problemlər  XVII  əsrin  Fransa  həyatının 
problemləridir. Kardinal Rişelyenin "Sid" faciəsindən narazı 
qalması,  Akademiya  vasitəsilə  onu  tənqid  etdirməsi  də  bu 
həqiqəti təsdiq edən faktlardandır. Burada Rişelyenin pis şair 
kimi paxıllıq hissinin mühüm rol oynaması haqqındakı müd-
dəalar, bizcə, əsassızdır. 
 
"Sid"  faciəsi  təkcə  qəhrəmanların  dili  ilə  söylənən 
şeirlərin poetikliyi, heyrət doğuracaq qədər rəngarəngliyi ilə 
deyil,  həm  də  insan  qəlbinin  şairanə  duyğularını  özünə 
məxsus  yeni  bir  gözəlliklə əks  etdirdiyinə  görə diqqəti cəlb 
edir.  Böyük  iradəyə,  romantik  qəlbə  malik  olan  Kornel 

Afaq Yusifli İshaqlı 
 
 
230 
qəhrəmanları  adi  insanlardan  yüksəkdə  dayanmaları,  daha 
əzəmətli  görünmələri  ilə  seçilirlər.  Cismani  və  mənəvi 
sağlamlıq  və  saflıq,  ləkə  gətirə  biləcək  duyğulara,  hisslərə, 
meyllərə  tərəddüdsüz  qələbə  çala  bilmək  qabiliyyəti  onları 
heç  vaxt  tərk  etmir.  Güclü  hisslərlə  yaşayan,  bu  hisslərə 
lazım gələndə qalib gələn bu adamlar öz qəhrəmanlıqları ilə 
öyünmür,  fəxr  etmir,  qürrələnmir,  iztirab  çəkir  və  qələbə 
çalırlar. Onlar özləri ciddi adamlar olduqları kimi ancaq ciddi 
məsələlər haqqında düşünürlər. 
Kornel  öz  əsərini  yaradarkən  daha  çox  ispan  dra-
maturqu  Gilyen  de  Kastronun  1618-ci  ildə  Valensiyada 
tamaşaya  qoyulan  "Sidin  gəncliyi"  pyesindən,  Marianın 
"İspan  tarixi"ndən  və  Sid  haqqında  orta  əsr  nəğmələrindən 
bəhrələnmişdir.  Kornel  ispan  dramaturqunun  əsərinin  süjet 
xətti və bir sıra motivlərini, az qala, olduğu kimi təkrar etsə 
də, tamamilə orijinal, milli fransız faciəsi yaratmışdır. 
Kornelin  yeniliyi  onda  idi  ki,  o,  ispan  dramının 
fabulasını,  üslubunu  və  vəzn  rəngarəngliyini  sadələşdirmiş, 
onu  daha  az  əlvan,  daha  az  sistemsiz  bir  hala  salmışdır. 
Faciənin ağırlıq mərkəzini zahiri hadisələrdən qəhrəmanların 
daxili iztirabları,  duyğuları  üzərinə  köçürmüş,  sevgi  və  borc 
arasında gedən gərgin mənəvi mübarizəni əks etdirmişdir. Bu 
cəhət  Kornelin  faciəsinə  orijinal  bir  səciyyə  vermişdir.  O, 
"Sid"də  klassisist  faciənin  məhdudluğunu  onun  ləyaqətinə, 
üstün cəhətinə çevirməyi bacarmışdır. 
"Sid"  faciəsi  Himena  ilə  onun  rəfiqəsi  Elviranın 
söhbəti ilə başlayır. Himena varlı Sevilya zadəganı don Qo-
mes qraf Qormasın qızıdır. Onu iki gənc sevir: Rodriqo Dias 
və  Don  Sanço.  Hər  ikisi  gəncdir,  adlı-sanlıdır,  ancaq  qızın 
qəlbi  Rodriqoya  meyllidir.  Elviranın  xəbər  verdiyinə  görə, 
qızın atası da ona tərəfdir. 
Rodriqo nəcib don Diyeqonun oğludur, yəqin ki, o da 
atasına oxşayaraq, onun kimi cəsur olacaq. Don Qomes onun 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
231 
barəsində  belə  düşünür.  O,  Rodriqonun  atası  ilə  dünənə 
qədər  yaxın  dost  idi.  Lakin  qızlar  söhbət  edərkən  Elvira 
birdən  elə  bir  xəbər  verir  ki,  kral  öz  oğlu  üçün  tərbiyəçi 
seçmək  fikrindədir,  qraf  Qormas  dövlət  qarşısında  öz 
xidmətlərini  nəzərə  alaraq  bu  vəzifəni  almaq  ümidindədir. 
Himena rəfiqəsinin bu xəbərinə məhəl qoymur, sanki eşitmir. 
Onun diqqəti, düşüncəsi Rodriqonun yanındadır. Hər şey çox 
yaxşı gedir, bu, görəsən gələcək tufanlardan xəbər vermir ki? 
Təsadüf bəzən hadisələri kəskin şəkildə dəyişdirir. Bu böyük 
səadət böyük bəla ilə əvəz olunmaz ki? Hadisələrin sonrakı 
inkişafı da göstərir ki, Himenanın narahatlığı əbəs deyilmiş. 
İlk  səhnədən  tamaşaçı  öyrənir  ki,  Rodriqo  ilə  Himena  bir-
birini  sevir  və  hətta  qızın  atası  da  Rodriqonu  öz  kürəkəni 
kimi görməyə meyllidir. Kralın öz oğluna tərbiyəçi götürmək 
istəməsi  və  qızın  narahat  düşüncələri,  istər-istəməz  gələcək 
faciədən  xəbər  verir.  Kralın  öz  oğluna  tərbiyəçi  götürmək 
istəməsinin  burada  fəci  rol  oynayacağı  fikri  tamaşaçıları  da 
narahat edir. 
Bu  vaxt  Himena  ilə  Elvira  səhnəni  tərk  edirlər. 
Səhnədə  infanta,  yəni  kralın  qızı,  onun  rəfiqəsi  Leonora  və 
paj  görünür.  Kralın  qızı  gənclərin  sevgisinin  inkişafını 
həyəcanla  izləyir,  sevinir  və  iztirab  çəkir.  İnfantanın 
hərəkətlərindən, sözlərindən, düşüncələrindən hiss olunur ki, 
o  da  gənc  Sidi  sevir,  lakin  onun  sevgisi  ümidsiz  və  acı  bir 
sevgidir. O, Sidə ərə gedə bilməz, çünki Sid adi bir əyandır, 
o isə kral qızıdır. İnfanta özünü nə qədər məzəmmət etsə də, 
özü ilə nə qədər mübarizə aparsa da, sevgi hisləri onu qarşısı 
alınmaz bir qüvvə ilə Sidə doğru çəkir. Öz sevgisinin ancaq 
ümidlə yaşadığını, ümiddən qida aldığını düşünən infanta bu 
ümidi aradan qaldırmaq, Rodriqo ilə Himenanın evlənməsini 
sürətləndirib  başa  çatdırmaq  qərarına  gəlir.  O,  belə  hesab 
edir ki, Rodriqo ilə Himenanın evlənməsi ilə onunla Rodriqo 
arasında keçilməz bir uçurum yaranar, onun adına, namusuna 

Afaq Yusifli İshaqlı 
 
 
232 
ləkə  gətirə  biləcək  sevgi  də  öz-özünə  aradan  qalxar.  Buna 
görə  də  infanta  sevgisini  gizli  bir  sirr  kimi  saxlayır  və 
sevdiyi adamın tezliklə başqası ilə, cəmiyyətdəki mövqeyinə 
görə özünə bərabər bir adamla kəbin kəsdirərək evlənməsini 
həyata  keçirmək  istəyir.  Halbuki  bu  kəbin  onun  ürəyindən 
deyildir. İnfantanın planı həyata keçməyə yaxınlaşdıqca onun 
sifəti  daha  kədərli  görkəm  alır,  qəlbinə  daha  tutqun  bir 
duman çökür. 
Pyesdə  ikinci  planda  göstərilən,  bir  növ  kölgədə 
qalan  infantanın  iztirabları,  qəmli  siması  tamaşaçını 
həyəcanlandırır və riqqətə gətirir. Müəllif istəsə də, istəməsə 
də, silki xurafatın mənasızlığı, boşluğu, insana zidd xarakteri 
haqqında 
kədərli 
düşüncələr 
oyadır. 
İnsanların 
münasibətlərinin 
bu 
xurafatlar 
tərəfindən 
necə 
məhdudlaşdırdığını,  səadətlərinin,  arzularının,  istəklərinin 
necə  əllərindən  alındığı  göstərilir.  Bu  baxışlar  əlində  qula 
çevrilən insan qəlbi haray qoparır. 
 
Sən ey qadir yaradan, 
Qoyma qəmlər qalib gəlsin, 
Sevən könlüm ağlasın qan. 
Qoru mənim dünyamı gəl, itirməyim ləyaqəti, 
Xoşbəxt olum deyə necə mən verirəm səadəti. 
 
İnfanta silki xurafatlar baxımından zahiri səadət əldə 
etmək  üçün  əsl  səadətdən  əl  çəkmək  qərarına  gəlir. 
Dövrünün mühafizəkar qanunlarına tabe olan bu məğrur kral 
qızı  sevgisində  bir  ləyaqətsizlik,  eybəcərlik  gördüyü  üçün 
ondan  yaxa  qurtarmağa  can  atır,  qəmlərə  qərq  olur.  Lakin 
infantanın  inadla  hazırladığı  iş,  yəni  Rodriqo  ilə  Himenanın 
evlənməsi işi xoşbəxt sonluqla bitməyə ən  yaxın olduğu bir 
vaxtda  çətin  sınaqlar  qarşısında  qalır.  Kral  öz  oğlunun 
tərbiyəçisi  vəzifəsinə  Sidin  atası  don  Diyeqonu  seçir. 
Himenanın  atası  qraf  Qormas  özünü  təhqir  olunmuş  sayır, 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
233 
düşünür  ki,  ona  qarşı  haqsızlıq  olunmuşdur.  Acığını  don 
Diyeqodan  çıxmağa  çalışır.  Səhnədə  iki  feodalın  kobud 
mübahisəsi  göstərilir.  Bu  səhnə  ilə  feodal  çəkişmələrinin, 
özbaşınalığının  və  qarışıqlığının  parlaq  təcəssümü  verilir. 
Qraf  Qormas  kralın  hərəkətinə  qarşı  öz  narazılığını  bildir-
mək,  don  Diyeqonun  ləyaqətcə  özündən  aşağı  olduğunu 
sübut  etmək  üçün  "taxt-tac  nə  qədər  yüksək  olsa  da,  bütün 
insanlar  bir-birinə  bənzəyir,  krallar  da  səhv  mühakimə 
yürütməyə qabildirlər" deyə, araya söz atır. Don Diyeqo isə 
belə  hesab  edir  ki,  kralın  əmrini  yerinə  yetirmək  müqəddəs 
borcdur,  onu  müzakirə  etmək  olmaz.  Don  Diyeqonun  irəli 
sürdüyü  fikir  əslində  kardinal  Rişelyenin  yeritdiyi  siyasətin 
əsas prinsipi  idi. Fransız mütləqiyyətinin təşəkkül dövründə 
yaranan  bu  əsərin  hər  sətrində  dövrün  siyasi  baxışları  öz 
əksini  tapmaya  bilməzdi.  Kornelin  faciəsində  də  biz  mütlə-
qiyyət  idarə  üsulunun  əsas  dövlət  prinsiplərinin  ardıcıl 
təbliğini  görürük.  Qraf  Qormasın  simasında  mütləqiyyətə 
qarşı  duran,  feodal  pərakəndəliyinə  doğru  çəkən  qüvvələrin 
iflası göstərilir. Don Diyeqo ilə qraf Qormasın davası onunla 
qurtarır  ki,  Qormas  don  Diyeqonu  şillə  ilə  vurur.  Don 
Diyeqo  qılınca  əl  atmaq  istədikdə  daha  cavan  qraf  Qormas 
qılıncı  vurub  onun  əlindən  salır.  Qoca  don  Diyeqo  təhqir 
olunur. 
Kornel Rodriqonun təhqir olunmuş, şərəfi ləkələnmiş 
atasına  görə  intiqam  almasına  hər  cəhətdən  bəraət 
qazandırmaq  üçün  Qormasın  ədalətsiz,  qeyri-insani  hərəkət 
etdiyini  məharətlə,  qabarıq  formada  nəzərə  çatdırır.  Don 
Diyeqo qrafı sakitləşdirmək üçün çox əlləşir, oğlu üçün onun 
qızını  istəyir,  Qormasın  ləyaqət  və  xidmətlərindən  söhbət 
açır.  Lakin  Qormas  heç  nə  eşitmir,  eşitmək  istəmir.  Sərt 
hərəkət  və  danışıqları  ilə  don  Diyeqonu  da  kobudluğu 
məcbur  edib  onu  şillə  ilə  vurur.  Dramaturq  qraf  Qormasın 
hərəkətini bağışlanılmaz sayır və onu ittiham edir. 

Afaq Yusifli İshaqlı 
 
 
234 
Don  Diyeqo  özü  qoca  olduğu  üçün  ailənin  şərəfini 
qorumağı, intiqam almağı və cəzalandırmağı oğlundan tələb 
edir.  Dövrünün  namus,  şərəf  haqqındakı  baxışlarına  uyğun 
olaraq  "şərəfimiz  ölmüşdürsə,  bizim  yaşamağa  haqqımız 
yozdur"  deyə  hökm  verir.  Bu  həqiqət  Rodriqoya  da 
məlumdur. O da başa düşür ki, burada hətta tərəddüd etmək 
belə şərəfsizlik kimi qiymətləndirilə bilər. Nə qədər ağır olsa 
da,  o,  intiqam  almalıdır.  Sevdiyi  Himenanın  atası  ilə 
vuruşmaq,  ondan  intiqam  almağa  girişmək,  onu  öldürmək 
qəsdinə durmaq nə qədər çətin, ağır olsa da, məhz buna görə 
də bir o qədər şərəfli və ləyaqətli hərəkətdir. Təhqir edilmiş 
və  şərəfi  tapdanmış  atasının  intiqamını  almaq  düşdüyü  və-
ziyyətdə Sid üçün şərəf və şöhrət işidir. Bunu Rodriqo bilir, 
intiqam  almağa  hazırdır,  lakin  bununla  sevgilisini  həmişəlik 
itirəcəyini düşünüb iztirab çəkir. 
Kornel  hadisələrin  bu  yerində  psixoloji  cəhətdən 
doğru  hərəkət  edərək  qəhrəmanların  kədərli  stanslar  oxu-
duğunu göstərir. Xatırladaq ki, Məhəmməd Füzulinin "Leyli 
və  Məcnun"unda  da  qəhrəmanların  ən  kədərli,  iztirablı 
cağlarında  sevgililər  qəzəl  oxuyurlar.  İnsan  psixologiyasını 
gözəl bilən və sənətin imkanlarından məharətlə istifadə edən 
Kornel  də  atası  ilə  sevgilisi,  sevgi  və  borcu  arasında  qalan 
qəhrəmanına kədərli beytlər oxutdurur. Borc ilə sevgi, ata ilə 
sevgili bir-birini inkar edən həll olunmaz bir ziddiyyət təşkil 
edirlər.  Bunlardan  birinin  həlli  səadəti,  digəri  isə  şərəfi 
itirməyə aparırdı. Məhz belə çıxılmaz bir vəziyyət qarşısında 
qalan qəhrəman kədərli beytlər /stanslar/ oxumalı olur. 
Bu  arada  Kastiliya  əyanı  don  Arnas  qraf  Qorması 
ağıllı  hərəkət  etməyə,  təhqir  etdiyi  adamdan  üzr  istəməyə 
çağırır.  Qraf  razılaşmır.  Yenidən  mütləqiyyət  mövzusu 
ətrafında mübahisə başlanır. Qraf Qormas özünün krala tabe 
olmadığını  əsaslandırmağa,  buna  haqqı  olduğunu  sübut 
etməyə  çalışır.  "Cüzi  bir  asilik  o  qədər  də  böyük  cinayət 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
235 
deyildir"  deyib,  təkəbbürlü  bir  tərzdə  dövlət  qarşısında 
xidmətlərindən  danışır.  "Əgər  mən  olmasaydım,  onun 
hökmdarlıq  əsası  əlindən  düşərdi.  O  özü  mənə  çox 
möhtacdır, mənim başım üstümdən düşərkən, onun tacını da 
özü  ilə  aparacaqdır."  Kornelin  dövründə  kral  hakimiyyətinə 
tabe olmayan və ona görə də qəsrləri Rişelye tərəfindən yerlə 
yeksan  edilən,  başları  bədənlərindən  qılıncla  ayrılan  asi  za-
dəganlar da belə düşünürdülər. Sanki Qormasın dili ilə şairin 
müasiri  olan  feodal  müxalifəti  danışırdı.  Kornel  Qormas 
surəti  vasitəsilə  bu  müxalifətçi  zadəganlığın  baxışlarını  və 
mülahizələrini  rədd  edir,  mütləqiyyətçiliyi  müdafiə  edir. 
Kornel 
özünün  mütləqiyyət  idarə  üsuluna  rəğbətli 
münasibətini  Arnasın  simasında  daha  aydın  ifadə  etmişdir. 
O, mütləqiyyətçilik prinsiplərini müdafiə edərək üzünü təkcə 
qraf  Qormasa  yox,  sanki  bütün  XVII  əsrin  müxalifətçi 
zadəganlarına  tutub  deyir:  "Siz  ali  hakimiyyətdən  çox  az 
qorxursunuz..." və s. 
Rodriqo  ilə  Qormas  arasındakı  döyüş  incə,  nəzakətli 
bir  mübahisə  ilə  başlayır.  Onlar  qılınclarını  toqquş-
durmazdan  əvvəl  bir-birinin  ünvanına  tərifli  sözlər  deyirlər. 
Kornel  psixoloji  cəhətdən  doğru  hərəkət  edərək  göstərir  ki, 
Rodriqo  sevgilisinin  atasına  nifrət  edə  bilmir,  Qormas  isə 
onun  qızını  sevən  gəncə  rəğbətini  gizlətmir,  gizlətmək 
istəmir.  Don  Diyeqo  ilə  danışanda  paxıllıq  və  təkəbbür 
hissinin  təsirilə  kobudluğunu  gizlədə  bilməyən  Qormas 
Rodriqo  ilə  qarşılaşanda  tamam  başqa  insana  çevrilir. 
Qızının  səadətini  öz  əlilə  məhv  edəcəyini  düşünərək 
kədərlənir.  Onların  döyüşməsi  səhnədən  kənarda  baş  verir. 
Baş verən hadisələr haqqında səhnədə ancaq danışılır. 
Bu  vaxt  səhnədə  Himena  ilə  infanta  görünür.  Onlar 
ataların  davasını  ancaq  eşitmişlər,  dumanlı  şəkildə  olsa  da 
fəlakət  baş  verəcəyini  duyurlar.  Himena  hətta  ən  yaxşı 
insanları  yoldan  çıxaran,  onları  ədalətsiz  olmağa  sövq  edən 

Afaq Yusifli İshaqlı 
 
 
236 
şöhrətpərəstlik  duyğularına  lənət  yağdırır,  narahat  olduğunu 
büruzə  verir.  İnfanta  isə  ona  təsəlli  verir  ki,  o,  bir-iki  söz 
desə, Rodriqo ona tabe olar, sözünə baxar və təkbətək döyüş 
verməz, onların evlənməsi isə ataları barışmağa məcbur edər. 
Lakin  Himena  sevgi  xatirinə  Rodriqonu  rüsvayçılıq, 
bədnamlıq  yoluna  çəkə  bilərmi?  O  da  çıxılmaz  bir 
vəziyyətdə qalır. İki çıxış yolundan heç biri onu razı salmır. 
Əgər Rodriqo onun xahişinə baxsa, borcunu unutsa, adamlar 
ona nə deyər? Əgər borcun hökmünə tabe olsa, sevgiyə əlvi-
da deməli olacaq. 
Pajın  gəlməsi  ilə  bu  qeyri-müəyyən  iztirablı  düşün-
cələrə  son  qoyulur.  Məlum  olur  ki,  Rodriqo  ilə  Qormas 
mübahisə  edə-edə  həyəcanlı  bir  halda  sarayı  tərk  etmişlər. 
Şübhə  yoxdur  ki,  onlardan  biri  o  birini  əli  ilə  öləcəkdir. 
Bədbəxt  infantanın  könlündən  onun  üçün  mümkün  ola 
biləcək  səadət  haqqında  xudbin  bir  arzu  oyanır,  lakin 
Leonora  onu  utandırır,  infanta  özü  öz  planından  dəhşətə 
gəlir.  "Mən  dəliyəm,  mənim  ağlım  çaşmışdır",  deyə  o, 
yenidən  özünə  qayıdır,  taleyi  və  dövrünün  baxışları  ilə 
barışmaq mövqeyinə keçir. 
Hadisələrin inkişafının bu yerində Kastiliya kralı Fer-
nando  səhnəyə  çıxarılır,  dramaturq  bir  daha  mütləqiyyət 
haqqında  danışmaq  üçün  əlverişli  məqam  görür.  Bir  daha 
kralın  dili  ilə  Qormasın  asiliyi,  özbaşınalığı  pislənilir. 
Mütləqiyyət idarə üsulu mövqeyindən rədd və  inkar olunur. 
"Ey  mərhəmətli  allahlar,  cəsur  nökər  mənə  nə  qədər  az 
hörmət  edir,  mənə  xoş  gəlməyin  qeydinə  nə  qədər  az  qalır! 
Don  Diyeqonu  təhqir  edir,  mənə  nifrətlə  yanaşır!  Mənim 
sarayımda mənə qanun diktə edir! O hər kim olursa olsun – 
cəsarətli  əsgər,  böyük  sərkərdə  –  mən  onun  lovğa 
təkəbbürünü  sındırmağı  bacararam;  qoy  lap  o  şücaətin  özü, 
döyüş  allahı  olsun  –  asiliyinin  nə  olduğun  bilər!"  Kastiliya 
kralı  bu  sözləri  dövlətin  ən  çıxılmaz  bir  çağında,  ərəblər 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
237 
hücuma keçən bir zamanda söyləyir, hər bir əsgərin, xüsusən 
Qormas  kimi  şücaətli  bir  sərkərdənin  ölkə  üçün  zəruri 
olduğu  bir  ağır  vaxtda  kral  onun  hərəkətlərini  mühakimə 
edir, özünü ən  ağır  cəza  ilə  hədələyir,  düşmən hücumu  yox, 
Qormasın hərəkəti onu narahat edir. 
Məsələnin  bu  şəkildə  qoyuluşu  ilə  Kornel  belə 
mühüm bir fikri ifadə edirdi, krala, mütləq hakimiyyətə tabe 
olmamaq, 
ona 
qarşı  durmaq  düşmən  ordularının 
hücumundan  daha  təhlükəli  və  qorxulu  bir  şərdir.  Kornelin 
dövründə mütləqiyyətçilik prinsipi xalqa qayda-qanun, əmin-
amanlıq,  feodalların  zülm  və  özbaşınalığından  xilas  olmaq, 
təsərrüfat həyatına müəyyən bir sabitləşmə bəxş edirdi. Buna 
görə  də  Kornelin  əsərində  mütləqiyyətçilik  prinsipinin 
müdafiəsi mütərəqqi bir hadisə kimi qiymətləndirilməlidir. 
Təkbətək  döyüş  zamanı  Rodriqo  qraf  Qorması  öl-
dürür.  Himena  isə  krala  müraciət  edərək  intiqam  tələb  edir, 
"qana  qan"  deyərək  yalvarır.  Lakin  Rodriqonun  ölümünü 
istəyən  Himena  özünü  aldadır.  Gənc  zadəgan  don  Sanço 
günahkarı  öldürmək  üçün  öz  xidmətlərini  Himenaya  təklif 
edəndə,  Himena  buna  sevinmək  əvəzinə,  ona  müəyyən 
tələblər,  vədlər,  göstərişlər  demək  əvəzinə  köksündən  bircə 
söz  qopur:  "Bədbəxt".  Düşdüyü  vəziyyətdə  o  özünü  ən 
bədbəxt, talesiz bir adam sayır. Borcu tələb edirdi ki, atasının 
qatilindən  intiqam  alsın,  onu  öldürsün,  yaxud  öldürtsün. 
Ondan  onun  üçün  ən  əziz  olan  adamı  öldürmək  üçün  icazə, 
bəlkə də əmr soruşurlar. Halbuki Rodriqosuz həyatın ondan 
ötrü  heç  bir  qiyməti  yoxdur.  Himena  öz  hisləri  haqqında 
danışmır, lakin sinəsindən qopan tək bir söz onun nə demək 
istədiyini  bütün  fəciliyi  və  mürəkkəbliyi  ilə  aydınlaşdırır. 
Kornelin  dühası  çox  vaxt  bu  cür  poetik  kəşflərdə  üzə  çıxır. 
Təsadüfi  deyildir  ki,  Volter  faciədə  bu  sözü  oxuyarkən 
yazmışdır:  "Onun  don  Sançoya  qulaq  asmadan  dediyi  bu 
"Bədbəxt!" sözü əladır." 

Afaq Yusifli İshaqlı 
 
 
238 
Himenanın bu hadisə zamanı tutduğu mövqe, qəlbini 
parçalayan  zidd  istəklərin  toqquşması  Elvira  ilə  söhbətində 
daha  da  dəqiqləşir.  O,  Elviraya  etiraf  edir  ki,  "mən  onun 
başını  tələb  edirəm,  lakin  onu  ala  biləcəyimi  düşünəndə 
dəhşətə gəlirəm". Elvira ondan soruşur: "Yoxsa siz onu hələ 
də  sevrisiniz?"  Bu  suala  Himenanın  verdiyi  cavab  daha 
qətidir:  "Sevirəm?  Bu,  çox  azdır,  Elvira,  mən  ona 
vurğunam." Bununla belə Himena onun günahından keçmək 
fikrində  deyildir.  Atasının  qatilini  bağışlamaq,  günahından 
keçmək  onun  üçün  də  rüsvayçılıqdır.  "Onu  təqib  etmək, 
məhv etmək, sonra ölmək" – Himenanın qərarı belədir. 
Lakin  Rodriqo  özü  Himenanın  evinə  gəlir,  qılıncını 
ona  verir  ki,  boynunu  vurub  intiqam  alsın.  Burada  məkan 
vəhdəti  pozulduğu  üçün  müasirləri  Korneli  məzəmmət 
edirdilər.  Onlar  belə  düşünürdülər  ki,  Himena  ilə  Rodriqo 
sarayda  da  görüşə  bilərdi.  Lakin  təsadüfi  baş  verən  bu 
görüşdə onlar bir-birinə  nə deyə bilərdi? Dedikləri istənilən 
təsiri  vevərdimi?  Burada  da  Kornelin  dahiyanə  poetik 
ustalığı  özünü  təzahür  etdirmişdir.  O,  ehkamları  pozaraq 
daha  doğru  hərəkət  etmiş,  güclü,  yadda  qalan,  təsirli  bir 
səhnə yaratmışdır. Rodriqo əməlinə görə təqiblərdən qaçmır, 
gizlənmir,  özü  bu  qədər  dərd,  kədər,  iztirab  verdiyi  adamın 
yanına gəlir, bir hakim kimi özünü onun ixtiyarına verir, din-
məzcə  qılıncını  çıxarıb  Himenaya  təqdim  edir  ki,  atasının 
qatilini  öldürsün.  Rodriqo  bununla  həm  cinayətini  boynuna 
alır, həm də buna görə ölməyə hazır olduğunu bildirir. 
Sevgililərin  bu  görüşü  faciənin  ən  güclü  səhnələ-
rindəndir. Onlar təlaş və min bir dərd, ələm içərisində üz-üzə 
gəlirlər. Himena Rodriqonu qovur, qəzəblənir, lakin Rodriqo 
ona  özünü  öldürmək  təklif  edəndə,  onu  –  Rodriqonu 
öldürmək  üçün  qılıncı  Himenaya  tərəf  uzadanda,  Himena 
qılınca  toxunmaqdan,  yaxın  düşməkdən  qorxur,  Himena 
etiraf edir ki, onu sevir. 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
239 
 
Atamın qisasıyçün hər şey edəcəyəm mən, 
Ancaq özümü xoşbəxt saya billəm o zaman, 
Heç nə bacarmayım mən, tökülməsin bir də qan. 
 
Bir-birini  dərindən  sevən,  bir-birinin  halını  qəlbən 
incəliyinə qədər anlayan gənclər dövrün əxlaqi normalarının 
təsiri  ilə  əzilirlər.  Ağıl,  düşüncə  bu  normaları  onlara  qəbul 
etdirir,  bu  normaların  dediyi  ilə  hərəkət  etməyə  çağırırsa, 
ürək,  duyğu,  insanlıq  bu  çağırışı  rədd  edir.  Himena  məhz 
ağlın diktə etdiyi bir xırdaçılıqla deyir: "Mən sənin ölümünlə 
sənə  layiq  olmalıyam."  Lakin  ağlın,  mühakimənin  həm  də 
dövrün  əxlaq  normaları  ilə  şərtlənən  bir  mühakimənin  səsi 
olan  bu  sözə  Rodriqonun  ürəkdən  qopub  gələn  aşağıdakı 
sözləri  rədd  cavabı  verir.  "Bizim  atalarımız  bizə  nə  qədər 
iztirablara və göz yaşlarına başa gələcəkdir." Himena acı-acı 
fəryad edir: "Kimin ağlına gələrdi!" Rodriqo da onun səsinə 
səs verir: "Kim deyərdi!" Bu dialoqda iki düşmən yox, eyni 
müsibəti eyni şəkildə qarşılayan iki insan görünür, iki bəlalı 
qəlbin harayı eşidilir. 
Sevgililərin bu iztirabla, kədərlə, sevgi ilə dolu görüş 
səhnəsindən  sonra  ata  ilə  oğul  üz-üzə  gəlir.  Don  Diyeqo 
sevincindən  yerə-göyə  sığmır,  onu  təhqir  edən  öl-
dürülmüşdür. Oğlunun haqqında düşünmək, onun vəziyyətini 
duymaq  don  Diyeqonun  ağlına  belə  gəlmir.  Rodriqo  ona 
deyəndə  ki,  bir  oğlu  kimi  özü  üçün  əziz  olan  hər  şeyi  onun 
yolunda  qurban  verdi,  ata  oğlunu  anlamır,  anlaya  bilmir.  O, 
soyuq  bir  məntiqlə  mühakimə  yürüdür  və  söyləyir:  "Bizim 
şərəfimiz  bircədir,  ancaq  məşuqələrimiz  gör  nə  qədərdir! 
Sevgi  ancaq  əyləncədir,  şərəf  isə  borcdur!"  Gənc  Rodriqo 
daha  insani  düşünür,  ürəyinin  diktəsi  ilə  atasına  cavab 
verərək  deyir:  "Siz  məni  şərəfsiz  bir  xəyanətə  itələyirsiniz! 
Lakin qorxaq əsgərlə, xəyanətkar sevgili eyni dərəcədə bəd-
nam  deyilmi?"  Rodriqonun  bu  insani  düşüncələri  müəyyən 

Afaq Yusifli İshaqlı 
 
 
240 
mənada  onun  ataların  baxışları  ilə  heç  də  tamamilə  razı 
olmadığı bildirir. 
Bir həqiqətdir ki, baş vermiş hadisədə, yəni qraf Qor-
masın  öldürülməsində  əsas  günahkar  heç  də  Rodriqo 
deyildir.  Əsil  günahkar  burada  ailə  şərəfi  və  qan  intiqamı 
haqqındakı 
əxlaq  normalarıdır.  Feodal  pərakəndəliyi 
dövrünün qanunları və əxlaqıdır. Ona görə də öz günahını nə 
cür  olursa-olsun  yumalı,  sevdiyinin,  tamaşaçının,  xalqının 
qarşısında  bəraət  qazanmalıdır.  Sid  elə  bir  hünər,  elə  bir 
qəhrəmanlıq  göstərməlidir ki,  günahını  yuya bilsin. Himena 
ona  bəraət  qazandıra  bilsin.  Məhz  belə  bir  məqamda 
vətənpərvərlik hisləri qan intiqamı duyğusuna qarşı qoyulur. 
Vətənin,  xalqın  düşmən  hücumundan  xilas  edilməsi,  bu 
yolda qəhrəmanın göstərdiyi qeyri-adi qəhrəmanlıq vasitəsilə 
dramaturq öz qəhrəmanına bəraət qazandırır. 
Rodriqo  vətəni  müdafiə  üçün  ayağa  qalxan  xalq 
qüvvələrinin başında düşmənlə vuruşa atılır. Xalq içərisində 
onun  göstərdiyi  hünərlərdən  danışırlar.  Ərəblər  darmadağın 
edilmiş,  iki  hökmdar  əsir  alınmışdır.  Bütün  bunlar  hamısı 
Sidin  hünərinin  nəticəsidir.  Elvira  bu  haqda  Himenaya 
danışanda o, soruşur: "Bütün bunları sənə kim dedi?" Elvira 
"xalq"  deyə  cavab  verir.  Yenə  də  Kornelin  qeyri-adi  poetik 
kəşfi və xəlqi ruhu göz qabağındadır. Sanki xalq ən ali hakim 
kimi  ümummilli  hadisələrə  qiymət  verir.  Xalqı  fəlakətdən 
qurtaran qəhrəman Sidi xalq sevir, qiymətləndirir. 
Rodriqo  özü  döyüş  haqqında  coşqunluqla,  maraqla 
danışır,  doğma  vətəni  müdafiə  edən  xalqın,  ünvansız,  adsız 
məhv olan qəhrəmanların hünərini alqışlayır. Bu döyüşlərdə 
ən  hünərli,  ən  igid  Sid  olmuşdur.  Ərəblər  özləri  də  bunu 
etiraf  edirlər,  əsir  alınmış  ərəb  hökmdarları  ona  Sid  adı 
verirlər.  /Sid  Seyyid  sözünün  qısaldılmış  forması  olub  ağa 
deməkdir/. 
Rodriqo  vətən,  xalq  və  kral  uğrunda  böyük  qəhrə-

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
241 
manlıq göstərib şöhrət qazandığı bir vaxtda Himena yenidən 
kralın yanına gəlib, intiqam tələb edir. Həm də o Rodriqonun 
şöhrətli bir ölümlə ölməsini yox, edam edilməsini tələb edir. 
Kral  Himenanı  ürəyinin  səsinə  qulaq  asmağa,  orada 
Rodriqonun  hakim  olduğuna  diqqət  yetirməyə  çağıranda  o, 
daha  da  qəzəblənir  və  gənc  döyüşçülərə  müraciət  edib 
bildirir ki, kim Sidi öldürsə, ona ərə gedəcək. 
Belə bir sual ola bilər ki, birdən-birə Himena nə üçün 
belə  bir  fikrə  düşmüşdür?  Vaxtilə  don  Sançonun  intiqam 
almaq  haqqında  köməyini,  təklifini  rədd  edən  qız  nə  üçün 
birdən-birə  Sidin  öldürülməsini  tələb  edir?  Axı  o,  Sidin 
ölümünü istəmir. Kral ona yalandan döyüşdə öldüyünü xəbər 
verəndə  Himena  avazıyır.  Məsələ  burasındadır  ki,  Kornel 
qızın  intiqam  tələb  etməsini  onun  atasına  məhəbbət  və 
hörmət  əlaməti  kimi  qiymətləndirir.  O,  məntiqin, 
mühakimənin  hökmü,  köhnə  əxlaq  normalarının  tələbi  ilə 
hərəkət edir, övladlıq borcunu yerinə yetirmək istəyir. Onun 
bu cür hərəkət etməsi özü də səmimidir. O, dövrünün övladı 
kimi Rodriqonu sevsə də, atasının qatili kimi ondan intiqam 
almağı özünə borc bilir. Rodriqo öz borcunu yerinə yetirirsə, 
atasını təhqir edən adamı, bu adam onun sevdiyi qızın atası 
olmasına  baxmayaraq,  onu  öldürürsə,  Himena  nə  üçün  belə 
hərəkət etməsin? Həm də nə üçün bu işi "qatil" şöhrətli, şanlı 
bir  qəhrəman  kimi  tanınan,  ucalan,  qiymətləndirilən  bir 
dövrdə  niyə  daha  çox  ehtirasla  tələb  etməsin.  Nəsil  ədavəti 
və  qan  intiqamı  qanunları  ilə  cəzalanmalı,  edam  edilməli 
olan  bir  adamın  şan-şöhrət  qazanmasına  atası  öldürülən  bir 
övlad  sakit  baxa  bilərmi?  Yoxsa  Himena  atasını,  özünün 
övladlıq  borcunu  unutmalıdı?  Himena  psixoloji  cəhətdən 
tamamilə  doğru  hərəkət  edir,  Rodriqodan  o,  şöhrətin 
zirvəsinə ucaldığı bir vaxtda intiqam almağa can atır. 
Himena  Rodriqodan  özü  intiqam  ala  bilmir.  Onu 
sevən  don  Sançonun  köməyinə  müraciət  edir.  Don  Sanço 

Afaq Yusifli İshaqlı 
 
 
242 
Himenanın  xatirinə  Rodriqo  ilə  təkbətək  döyüşə  razıdır. 
Döyüşdən  əvvəl  Himena  ilə  görüşə  gələn,  onunla  vidalaşan 
Rodriqo  bildirir  ki,  o,  döyüşə  yox,  edama  gedir.  Vətən 
uğrunda,  xalq  uğrunda  vuruşmaq  olar,  bu  səadətdir.  Səni 
sevməyən,  sənin  ölümünü  istəyən  bir  adam  uğrunda 
vuruşmaq, burada öz haqqını tələb etmək necə ola bilər. Bu, 
ən  ləyaqətsiz  iş  olmazmı?  Rodriqo  belə  düşünür  ki,  don 
Sanço  ilə  vuruşmasın,  sinəsini  onun  qılıncı  qarşısından 
qaçırmasın.  Gənc,  sevən,  təcrübəsiz  Rodriqo  ancaq  belə 
düşünər, belə hərəkət edərdi. 
Vəziyyəti  belə  görən  Himena  özü  Rodriqonun  göz-
lərini  açmaq,  onu  döyüşə  ruhlandırmaq  məcburiyyətində 
qalır.  Kral  bildirir  ki,  bu  döyüşdə  kim  qalib  gəlsə,  Himena 
onun olacaqdır. Rodriqo bu şərti bilsə də, qələbəyə can atmır, 
belə düşünür ki, silahla qəlbi fəth etmək olmaz. Bir az əvvəl 
Rodriqonun  ölümünü  istəyən  Himena  indi  özü  onu  qələbə 
çalmağa çağırır. 
Himenanın  ağlı  ilə  hissi  daim  onu  zidd  hərəkətlər 
etməyə  yönəldir.  Rodriqonun  rüsvayçı  ölümünü  istəyən  bu 
qız don Sanço əlində qılınc içəri girəndə elə güman edir ki, 
o,  Rodriqonu  öldürmüşdür.  Ona  görə  də  onu  qovur, 
lənətləyir,  demək  istədiyi  sözləri  dinləmir.  Don  Sanço  isə 
xəbər verməyə gəlmişdi ki, Rodriqo ona qalib gəlmiş, lakin 
öldürməyib  aman  vermişdir.  Əsər  boyu  haldan-hala  düşür, 
gah  mehriban  və  şən  olur,  gah  kədərli  və  qəmgin,  gah 
çılğıncasına dərdli, gah çılğıncasına qəzəbli olur, gah ağlayır, 
gah lənətləyir, gah sevir, gah nifrət edir, gah Rodriqoya ölüm 
diləyir,  gah  ondan  da  ölümü  uzaqlaşdırmaq  arzulayır.  Baş 
vermiş  hadisədə  Rodriqonun  günahsız  olduğunu  qəlbinin 
dərinliklərində  etiraf  etsə  də,  bir  daha  ona  lənət  yağdırır. 
Onun  daimi  bir  çırpınma  içərisində  olan  qəlbində  hiss  ilə 
borc döyüşür. 
Bununla  bərabər  faciə  xoşbəxt  sonluqla  bitir.  Kralın 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
243 
buyruğu  ilə  gənclər  evlənirlər.  Ailə,  nəsil  şərəfi  və  qan 
intiqamı  borcunu  yeni  vətəndaşlıq  və  vətənpərvərlik  borcu 
əvəz  edir.  Yazıçının  fikrincə,  insanın  dövlət  qarşısındakı 
borcu  öz  nəsli  və  ailəsi  qarşısındakı  borcundan  daha 
zəruridir.  Kornelin  əsərində  əvvəldən  axıra  qədər  dövlətin 
mənafeyinin  ailəvi  və  nəsli  mənafedən  üstün  olduğu  təsdiq 
edilir.  Kornel  öz  faciəsi  ilə  mütləqiyyətçi  dövlətin 
ideologiyasını  və  prinsiplərini  feodal  pərakəndəliyi  və 
anarxizminə qarşı qoymuşdur. 
Faciədə əvvəldən axıra qədər iştirak edən surətlərdən 
biri  də  infantadır.  Bir  çox  ədib  və  tənqidçilər  bu  surətin 
faciəyə daxil edilməsini mənasız, artıq saymış və elə güman 
etmişlər  ki,  bu  surət  arada  boş  qalan  vaxtı  doldurmaq  üçün 
artırılmışdır.  Halbuki  Kornel  bu  surəti  ancaq  səhnədəki 
zaman  boşluğunu  doldurmaq  üçün  yox,  bəlkə  daha  çox 
Himenanın 
Rodriqoya 
olan 
sevgisinin 
səbəbini 
əsaslandırmaq  üçün  əlavə  etmişdir.  Kral  qızının,  yəni 
infantanın ümidsiz şəkildə olsa da, Rodriqonu dərindən, heç 
kəsə  demədən  sevməsi  özlüyündə  Himenanın  sevgilisinin 
sevilməyə nə qədər layiq olduğunu bir daha təsdiq edir. 
"Sid"in  qəhrəmanları  hiss  və  duyğulardan  irəli  gələn 
zəifliklərini  iradənin  gücü  ilə  məğlub  edib  bir-birinin 
gözündə  özlərinin  böyük  sevgiyə  layiq  olduqlarını  bir  daha 
sübut  edirlər.  Onların  bir-birinə  düşmən  kəsilməsinə  səbəb 
olan  fəlakət  və  müsibət  ürəklərindəki  sevgi  duyğusunu 
nəinki  zəiflədir,  əksinə  daha  da  gücləndirir.  Sevgi  ilə 
düşmənçilik  arasındakı  toqquşmanı  Kornel  məharətlə  əks 
etdirmişdir.  O,  Himenanı  hər  bir  yolla  məcbur  edir  ki, 
Rodriqonun  öldürülməsini  tələb  etsin,  eyni  zamanda  onun 
həyatı üçün əssin. Qəhrəmanlar arasındakı dramatik konflikt 
ancaq üçüncü bir qüvvənin işə qarışması ilə həll olunur. Belə 
bir üçüncü qüvvə əsərdə Kastiliya kralı Fernandodur. O, ağıl-
lı  dövlət  hakimiyyəti  ideyası  əsasında  keçmiş  feodal  əxlaqi 

Afaq Yusifli İshaqlı 
 
 
244 
baxışlarını yeni şəkildə qiymətləndirir. 
Qraf  Qormasın  simasında  feodal  özbaşınalığının  qəti 
düşməni kral feodal cəmiyyətində geniş yayılan şərəf, ad-san 
məsələlərini  qanlı  döyüşlər  yolu  ilə  həll  etmək  adətini  rədd 
edir.  O,  Rodriqo  ilə  don  Sançonun  təkbətək  döyüşünə 
könülsüz  razılıq  verir,  təbəələrinin  həyatını  qorumağı, 
onların  qayğısına  qalmağı  özünün  əsas  borcu  bilir.  O,  belə 
hesab  edir  ki,  bu  qan  ancaq  dövləti  düşmənlərdən  qorumaq 
uğrunda tökülməlidir. Vətənə xidmət hər bir günahı yumağa 
qabildir.  Ərəblərin  hücumuna  qarşı  döyüşlərdə  misilsiz 
qəhrəmanlıq  göstərən  Rodriqo  da  bu  hünəri  ilə  günahını 
yumuşdur.  Beləliklə,  əsərdə  vətən  və  dövlət  qarşısındakı 
borc  ideyası  ailə  borcu ideyasına  qarşı  qoyulur,  feodal  ləya-
qəti  öz  yerini  vətənə  xidmətlə  müəyyənləşən  vətəndaşlıq 
ləyaqətinə güzəştə gedir. Kornel mütləqiyyətçilik əsrinin irəli 
sürdüyü yeni dövlət idealının xatirinə köhnə feodal əxlaqına 
baxış  keçirir  və  ona  yenidən  qiymət  vermək  üçün  təşəbbüs 
göstərir. 
Lakin 
Kornel 
bu 
təşəbbüsü, 
yenidən 
qiymətləndirməni  qətiyyətlə,  ardıcıllıqla  əks  etdirmirdi. 
Əsərdə 
feodal-rıtsar 
əxlaqı 
və 
hislərinin 
romantikləşdirilməsinə də müəyyən yer verilmişdir. Rodriqo 
və  Himenanın  mənəvi  iztirabları  o  qədər  səmimi  və  alovlu 
şəkildə  göstərilmişdir  ki,  tamaşaçıları  onların  fikirləri  ilə 
razılaşmağa məcbur edirdi. Pyesin Rişelyenin mütləqiyyətçi 
siyasətindən  narazı  qalan  zadəgan  dairələri  arasında  qeyri-
adi müvəffəqiyyət qazanmasının səbəblərindən biri də bu idi. 
Rişelyenin  pyesə  mənfi  münasibəti  də  birinci  növ-
bədə  bununla  izah  olunur.  Rişelyenin  fikrincə,  əsərdə  şəxsi 
hisslə  borc  arasındakı  mübarizə  kifayət  dərəcədə  aydın  əks 
etdirilməmiş,  kral  Fernando  isə  mütləq  hakim  kimi  zəif 
verilmişdir.  Rişelye  pyesdən  bir  də  ona  görə  narazı  idi  ki, 
Fransa  ilə  İspaniya  arasında  müharibənin  ən  qızğın  çağında 
Kornel  ispan  hərbi  şücaətinin  rəmzi  olan  Kastiliya  milli 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
245 
qəhrəmanını 
Paris 
səhnəsində 
günün 
qəhrəmanına 
çevirmişdir.  Bu,  fransız  sarayında  kraliça  Anna  başda 
olmaqla  ispanpərəst  qüvvələrin  xeyrinə  idi.  Ona  görə  bu 
əsərə görə kraliça Anna Kornelin atasına zadəganlıq rütbəsi 
verdi. 
Bütün bu səbəblər Rişelyeni "Sid" əsəri ətrafında baş-
lanan  mübahisələrdə  Kornelə  qarşı  düşmən  mövqedə 
durmağa  məcbur  etdi.  Bu  mübahisənin  başqa  bir  səbəbi 
Kornelin yaxın dostlarının, Mere, J.de Sküderi, Klavere kimi 
ədiblərin  ona  paxıllığı  oldu.  Kornelə  hücumların  əsas 
bəhanəsi  isə  dramaturqun  "Sid"də  klassisizmin  qanunlarına 
ardıcıllıqla əməl etməməsi idi. O, üç vəhdət qanunu pozmuş, 
hadisələrin  cərəyan  etdiyi  vaxt  müddətini  30  saata 
çatdırmışdı, məkan vəhdətini şəhər vəhdəti anlayışı ilə əvəz 
etmiş,  infanta  rolunu  artırmaqla  hərəkət  vəhdətini 
pozmuşdur.  Pyesə  lirik  stanslar  artırmaqla  vəzn-ölçü 
vəhdətinə  əməl  etməmişdir.  Kornel  yaradıcılığında  barokko 
dramaturgiyasının  qalığı  olan  bütün  bu  klassisizm  qanunla-
rından kənara çıxmalar ona qarşı kəskin hücumlar üçün bə-
hanə  oldu.  Yuxarıda  adları  çəkilən  ədiblər  Kornelin  əsəri 
əleyhinə  yazılmış müxtəlif yazılarla çıxış etməyə başladılar. 
Kornel öz cavabları ilə onların öhdəsindən asanlıqla gəlir və 
susmağa məcbur edirdi. 
Bu  mübahisələrin  qızğın  çağında  J.Sküderi  Fransız 
Akademiyasına  müraciətlə  ona  "Sid"  haqqında  öz  rəyini 
bildirməsini  təklif  edir.  Kardinal  Rişelyenin  də  bu  təklif 
üzərində  təkid  etdiyini  bilən  Kornel  əsərinin  müzakirəsinə 
razılıq verir. Fransız Akademiyasında hazırlanan rəyin ilk üç 
variantı  ilə  Rişelye  razılaşmır.  Nəhayət,  Şaplen  bu  rəylər 
əsasında  yeni,  dördüncü  və  axırıncı  rəyi  hazırlayır.  Rəy 
1638-ci  ildə  ""Sid"  komik  faciəsi  haqqında  Fransız 
Akademiyasının fikri" adı ilə çap olunur. 
Akademiyanın  rəyi  ciddi  və  mədəni  bir  ruhda 

Afaq Yusifli İshaqlı 
 
 
246 
yazılmışdı.  Burada  "Sid"  klassisizmin  qanunlarını  gözlə-
məyən,  uğurlu  süjeti  olmayan,  xoşa  gəlməyən  misraları, 
düzgün  işlədilməyən  ifadələri  olan  bir  əsər  kimi  pislənilir, 
Himena  əxlaqsızlıqda  təqsirləndirilirdi.  Əslində  tənqidin 
formal 
iradları  mütləqiyyətçi  zadəgan  ideologiyası 
baxımından  əsərin  siyasi  tənqidini  ört-basdır  edirdi. 
Akademiya  Korneli  mühafizəkar  klassisizm  mövqeyinə 
qaytarmaq niyyətində idi. 
"Sid" ətrafında başlanan bu mübahisələr Kornelə ağır 
təsir etdi. Rişelyenin ondan narazı olduğunu görən dramaturq 
susmaq qərarına gəldi və doğma vətəni Ruana yollandı. Üç il 
Ruanda  qalan  Kornel  burada  mövzusu  Roma  həyatından 
götürülmüş  "Horatsi"  və  "Sinna"  faciələrini  yazdı.  Bu 
əsərlərdə  qaydaların  gözlənilməsinə  daha  çox  diqqət 
yetirməyə meyl etdi və barokko komik faciəsinin təsirindən 
yaxa qurtarmağa çalışdı. 
 
Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin