Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə18/27
tarix01.04.2017
ölçüsü2,83 Kb.
#13183
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

"Yalançı".  Kornel  təkcə  fransız  faciə  teatrının  yara-
dıcısı  deyil,  həm  də  fransız  ədəbiyyatında  xarakterlər 
komediyasının  banisidir.  Əgər  onun  "Sid"  faciəsi  XVII-
XVIII  əsrlər  müddətində  bir  silsilə  güclü  faciə  əsərlərinin 
yaranmasının  başlanğıcı  oldusa,  "Yalançı"  komediyası 
Molyerin  simasında  özünün  ən  parlaq  dramaturqunu  tapan 
komediya  janrına  yeni  istiqamət  verdi.  Molyer  "Yalançı" 
komediyasının  onun  yaradıcılığında  oynadığı  mühüm  rolu 
qeyd  edərək  Bualoya  məktublarının  birində  yazırdı:  "Mən 
"Yalançı"ya  çox  borcluyam,  "Yalançı"nı  bilmədən,  şübhəsiz 
ki,  mən  ancaq  bir  neçə  "Dəlisov"  və  "Sevgi  peşmançılığı" 
kimi intriqa komediyaları yazardım, ancaq, ola bilsin ki, heç 
vaxt "Mizantrop" yarada bilməzdim." 
"Pompeyin 
ölümü"  faciəsindən  sonra  yazılan 

Afaq Yusifli İshaqlı 
 
 
260 
"Yalançı"  komediyasının  süjetini  Kornel  ispan  dramaturqu 
Alarkonun  "Şübhəli  həqiqət"  komediyasından  götürmüşdür. 
Kornelin  ən  yaxşı  komediyası  olan  bu  əsər  indi  də 
repertuardan  düşməmişdir.  Dramaturq  süjeti  Alarkondan 
götürsə  də,  hadisələri  Paris  zadəgan  mühitinə  köçürmüş, 
onun  əlvan,  dolaşıq  məzmununu  xeyli  sadələşdirmişdir. 
Bunun  əvəzində  Kornel  daha  çox  əsərdəki  surətlərin 
xarakterini 
geniş  göstərməyə  çalışmışdır.  Klassisist 
komediyadan  fərqli  olaraq  burada  didaktizm  yoxdur. 
Komediyada  gülüş  daha  çox  müxtəlif  əyləndirici  həyat 
hadisələri  ilə  bağlı  Dorantın  ardıcıl  olaraq  söylədiyi 
yalanlarla  əldə  edilir.  O,  elə  məharətlə,  canlı,  incə  yalanlar 
danışır  ki,  tamaşaçıların  rəğbətini  qazanır.  Dorantın  atası 
Jeront oğlundan fərqli olaraq ciddi planda verilmişdir. Jeront 
sübut  etməyə  çalışır  ki,  Dorantın  yalançılığı  onu  zadəgan 
kimi  gözdən  salır.  Lakin  onun  nəsihətləri  pyesin  ümumi 
ruhuna  təsir  göstərə  bilmir.  Jerontun  səhvi  ondadır  ki, 
oğlunun  boşboğazlıqla  söylədiyi  yalanlara  ciddiyyətlə 
yanaşır.  Parlaq  dialoqlar,  canlı  və  oynaq  şeir  dili,  həyat 
həqiqətinin  komik  təqdimi  bu  əsəri  Kornelin  ən  yaxşı 
komediyası kimi qiymətləndirməyə haqq qazandırır. 
Kornelin  ispan  dramaturgiyasından  təsirlənərək  faciə 
və  komediya  janrının  əsasını  qoyduğuna  işarə  edən  Volter 
yazmışdır:  "Etiraf  etmək  lazımdır  ki,  biz  Fransanı 
şöhrətləndirən  ilk  təsirli  faciəyə  və  ilk  xarakterlər 
komediyasına  görə  İspaniyaya  borcluyuq.  Bütün  janrlarda 
gecikdiyimizə görə qızarmamalıyıq. Artıq bu özü yaxşıdır ki, 
bir ancaq romantik macəralar və yüngül zarafatlar bildiyimiz 
bir  vaxtda  Kornel  teatra  əxlaqi  fikirlər  gətirdi.  Bu  ancaq 
tərcümədir:  lakin,  ola  bilsin  ki,  Molyerin  doğulmasında  biz 
bu  tərcüməyə  borcluyuq.  Təsəvvür  etmək  olmaz  ki,  Molyer 
bu  pyesi  görüb  onun  bütün  başqalarından  hədsiz  dərəcədə 
üstün  olduğunu  o  saat  aşkar  etməsin  və  bütünlüklə  ona 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
261 
bağlanmasın... 
Beləliklə, Kornel xoşbəxt bir təqlid nəticəsində faciə 
və komediya sahəsində çevriliş yaratdı." 
Kornel  böyük  klassisist  dramaturq  idi.  Onun 
faciələrinin  ən  yaxşıları  əsl  qəhrəmanlıq  və  vətəndaşlıq 
şücaəti  məktəbi  olmuşdur.  Dünyanın  ən  böyük  dövlət 
xadimləri  və  ədibləri  Kornel  yaradıcılığına  yüksək  qiymət 
vermişlər.  A.S.Puşkin  onu  "faciənin  əsl  dahisi"  adlan-
dırmışdır.  Kornelin  alovlu  pərəstişkarı  olan  Napoleon 
xatirələrində  yazmışdır:  "Faciə  ruhu  alovlandırır,  qəlbi 
yüksəldir, o,  qəhrəmanlar  yarada bilir və  yaratmalıdır. Əgər 
Kornel  sağ  olsaydı,  mən  onu  prins  edərdim."  Məhz  buna 
görə də Kornelin irsi özündən sonrakı dünya dramaturgiyası 
üzərində  müəyyən  izlər  buraxmış,  yeni-yeni  əsərlərin 
yaradılmasına ilhamlandırmışdır. 

Afaq Yusifli İshaqlı 
 
 
262 
 
R A S İ N 
/1639 - 1699/ 
 
XVII  əsr  fransız  klassisizminin  ən  nümunəvi  sənət-
karı  Jan  Rasindir.  Dövrünün  digər  tanınmış  ədiblərindən 
fərqli  olaraq  o,  klassisizmin  estetik  normalarından  kənara 
çıxmamışdır.  Ona  görə  də  Bualo  "Poeziya  sənəti"  əsərində 
bədii  yaradıcılığın  qanunlarını  müəyyənləşdirərkən,  birinci 
növbədə Rasinin ədəbi irsinə əsaslanmışdır. 
İstedadını  klassisist  faciə  janrına  həsr  edən  Rasin 
tarixi, siyasi, qəhrəmanlıq faciələri yaradan Korneldən fərqli 
olaraq 
aşiqanə  psixoloji  əsərlər  yaratmış,  onlarda 
zəmanəsinin qabaqcıl ideallarını əks etdirmişdir. 
Jan  Rasin  artıq  XVI  əsrdə  zadəgan  rütbəsi  alan  varlı 
əyalət  məmur  ailəsindən  çıxmışdır.  O,  Valua  qraflığında 
yerləşən  Ferje-Milonda  anadan  olmuşdur.  çox  erkən  ata-
anasını itirən Rasin ana nənəsi yansenizm təriqətinə mənsub 
olan Mariya Demulenin himayəsində qalır. Ədib ilk təhsilini 
yansenistlər  tərəfindən  idarə  olunan  Bove  kollecində  alır, 
sonra  Por-Royalda  oxuyur.  Rasin  burada  ilahiyyatla  yanaşı 
yunan  və  latın  dillərini  mükəmməl  öyrənir,  Homer,  Sofokl, 
Evripid  və  başqa  yunan  müəlliflərini  oxuyur,  nəinki  təkcə 
fransız dilində, həm də latınca sərbəst şəkildə şeirlər yazır. 
1658-ci  ildə  Parisə  gələn  Rasin  öz  təhsilini  Arkur 
kollecində davam etdirir. İki il burada fəlsəfəni öyrənir, sonra 
əmisi  Nikola  Vitarın  evinə  köçür,  onun  təsiri  ilə  yansenist 
görüşlərindən  uzaqlaşıb  yüngül  həyat  keçirir,  aktyorlarla 
dostlaşır,  pyeslər,  şeirlər  yazır.  1660-cı  ildə  XIV  Lüdovikin 
toyu  münasibətilə  "Sena  pərisi"  odasını  yazır.  Şaplenin 
xoşuna gələn bu odaya görə nazir Kolber ona kralın adından 
yüz luidor bəxşiş verib, bir qədər sonra ədib kimi ona daimi 
təqaüd  təyin  edir.  Rasinin  rəsmi  şəkildə  tanınması  bu  cür 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
263 
başlayır. 
Rasin  yunan  romanı  "Teoqen  və Xarikleya"  əsasında 
bir pyes yazıb Molyerə göstərir. Bu vaxt Pale-Royal teatrının 
direktoru  olan  Molyerin  məsləhəti  ilə  gənc  Rasin  yeni-yeni 
mövzular  üzərində  işləməkdə  davam  edir.  "Fivaida", 
"Aleksandr" faciələrini  yazır. Paris tamaşaçıları "Aleksandr" 
əsərini  rəğbətlə  qarşılayırlar.  Lakin  Kornel  onun 
dramaturgiya  sahəsində  qabiliyyətsiz  olduğunu  söyləyib 
başqa janr seçməyi məsləhət görür. 
1667-ci  ildə  Rasinin  "Andromaxa"  faciəsi  Pti-Burbon 
teatrında  tamaşaya  qoyulur  və  fransız  tamaşaçılarını  öz 
yeniliyi,  gözəlliyi  ilə  heyran  edir.  İndiyə  qədər  teatr 
səhnələrində güclü, qalib qəhrəmanlar görən tamaşaçı ilk dəfə 
insanları  zəif  və  qüsurlu  cəhətləri  ilə  görə  bildi.  11  il  sonra 
Rasin özünün  yeganə komediyası olan "Ərizəbazlar" ilə çıxış 
edir.  Molyerin  rəğbətlə  qarşıladığı  bu  əsər  müvəffəqiyyət 
qazanmır.  Onun  arxasınca  "Britanik"  faciəsi  göstəriləndə 
Bualo  müəllifə  yanaşıb  heyranlıqla  deyir:  "Bu  sizin 
yaratdığınız ən yaxşı əsərdir!" 
1670-ci ildə Kornel və Rasin yarışaraq yeni mövzuda 
faciələr  yaradırlar.  Kornelin  "Aqesilay"ının  əksinə  olaraq 
Rasinin  "Berenika"sı  böyük  müvəffəqiyyət  qazanır.  Rasinin 
düşmənləri onun əsərinin müvəffəqiyyətini, Kornel üzərində 
qələbəsini  baş  rolun  ifaçısı  Mariya  Şanmelenin  oyunu  ilə 
əlaqələndirməyə  çalışırlar.  Halbuki  "Berenika"nın  qeyri-adi 
müvəffəqiyyəti  birinci  növbədə  pyesin  özünün  bədii  dəyəri 
ilə  bağlı  idi.  Rasin  özünəməxsus  bir  tərzdə  faciədən  bütün 
əlavə  surətləri  və  detalları  çıxararaq  süjeti  son  dərəcə 
sadələşdirmişdi.  Rasin  bir-birinin  ardınca  "Bayazid"  /1672/, 
"Mitridat" /1673/, "İfigeniya Avliddə" /1674/, "Fedra" /1677/ 
faciələrini yaradır. "Fedra" əsərinin tamaşası ilə əlaqədar kar-
dinal Mazarininin qohumları tərəfindən qurulan çirkin qurğu 
Rasini  təhqir  edir.  Bədbinləşmiş  dramaturq  yaradıcılığından 

Afaq Yusifli İshaqlı 
 
 
264 
uzaqlaşır,  evlənir,  saray  tarixçisi  rütbəsi  alır.  1689-cu  ildə 
"Esfir"  pyesini,  1691-ci  ildə  "Ataliya"  faciəsini  yazıb 
həmişəlik teatrdan uzaqlaşır. 
Madam  de  Mentenonun  xahişi  ilə  xalqın  ağır  vəziy-
yəti haqqında Rasinin  yazdığı  qeydlər XIV  Lüdovikin əlinə 
keçir və kral ondan çox narazı qalır. Kralın qəzəbindən bərk 
qorxuya düşən dramaturq xəstələnir və 1699-cu ilin aprelinin 
21-də  Parisdə  vəfat  edir.  Ölümündən  əvvəl  bədii 
yaradıcılığından  peşman  olduğunu  bildirib  Por-Royalda 
basdırılmasını vəsiyyət edir. 
 
Estetik  görüşləri.  Jan  Rasin  dövrünün  bir  çox  ziya-
lıları  kimi  ağıl  və  gözəllik  təcəssümü  olan  antik  ənənələr 
əsasında  tərbiyələnmişdi.  Təbiətindəki  zəriflik,  həssaslıq, 
coşqunluq  onu  faciə  sahəsində  yenilik  yaratmaq  üçün 
hazırlamışdı.  Onun  estetik  fikirləri  bir  qayda  olaraq 
faciələrinə  yazdığı  müqəddimələrdə  əks  olunmuşdur.  Artıq 
"Andromaxa"ya  yazdığı  müqəddimədə  müəllif  dövrünün 
kamil,  qüsursuz  insan  surətini  yaradan,  zadəgan  dövrünün 
ifadəsi  olan  incə  ruhlu  ədəbiyyatının  ənənələri  ilə 
barışmadığını,  razılaşmadığını  bildirir.  O,  yumşaq  və 
mülayim  bir  şəkildə  incə,  zərif  zövqə  malik  olan,  sədaqətlə 
öz  xanımına  vurulan  qəhrəmanların  qeyri-təbiiliyinə  qarşı 
çıxır.  Yaratdığı  Pirr  surətinin  onlardan  fərqli  keyfiyyətlərini 
əsaslandırmaq  üçün  yazır:  "Pirr  bizim  romanları 
oxumamışdır.  O,  təbiətən  qəddar  idi.  Həm  də  bütün 
qəhrəmanlar  Seladon  olmaq  üçün  yaranmamışdır."  Bu 
qeydlərdə  Rasinin  ədəbiyyatı  real  hadisə  və  insanlara 
yaxınlaşdırmaq  meyli,  tələbi  əks  olunmuşdur.  Gənc 
dramaturq  yumşaq şəkildə  olsa da,  açıq-aşkar dövrün  dəbdə 
olan  presiyöz  /ədalı/  ədəbiyyatının  həyatdan,  canlı  insandan 
uzaq  kamil  qəhrəmanlar  yaratmaq  prinsipini  rədd  edir. 
Həyatı  və  insanları  olduğu  kimi  təsvir  etmək  prinsipini 
əsaslandırmaq  üçün  Rasin  antik  müəlliflərin  nüfuzuna 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
265 
arxalanır,  onların  estetik  müddəalarını  yada  salır.  "Horatsi 
bizə Axillesi sərt, dönməz, cılğın, necə var elə təsvir etməyi 
məsləhət görür." Realizmin həyatı doğru, "necə var elə" əks 
etdirmək  prinsipini  əsaslandırmaq  üçün  Horatsiyə  istinad 
edən  Rasin  dramaturji  konfliktin  əsas  ünsürü  olan  fəci 
səhvdən danışanda Ərəstunun mülahizələrini köməyə çağırır. 
Rasin  Ərəstunun  fəci  səhv  haqqında  təlimini 
xatırlayanda  da  özünün  həyatı  doğru  əks  etdirmək  tələbini 
əsaslandırmağa  çalışırdı,  yazıçının  insan  təbiətindəki 
zəiflikləri göstərmək hüququnu irəli sürürdü. Xüsusilə, Rasin 
qəhrəmanların  birxətli,  müsbət,  yaxud  mənfi  göstərilməsi 
əleyhinə  çıxarkən  yenə  də  Ərəstüyə  istinad  edib  faciədə 
təsvir 
edilən 
surətlərin 
həyatdakı 
real 
insanlara 
yaxınlaşdırılması  arzusunu  təsdiqə  çalışırdı.  O,  istəyirdi  ki, 
təsvir  və  təqdim  edilən  surətlər  insan  kimi  orta  səviyyəli 
adamlar olsunlar, güclü keyfiyyətləri ilə bərabər zəiflikləri də 
nəzərdən  qaçmasın.  "Onlar  orta  səviyyəli  ləyaqətə,  başqa 
sözlə,  zəifliyə,  qüsura  qabil  olan  nəcabətə  malik  olmalıdır." 
Rasin  dramaturgiyasının  canı  olan  bu  prinsip  yenə  də 
Ərəstunun müddəaları ilə gücləndirilir. "Ərəstü bizdən kamil 
qəhrəmanlar tələb etməkdən nəinki çox uzaqdır, əksinə arzu 
edir  ki,  fəci  surətlər,  yəni  öz  bədbəxtlikləri  ilə  faciədə 
fəlakətə səbəb olan adamlar nə axıra qədər xeyir, nə də axıra 
qədər şər təbiətli olsunlar." 
Rasin  klassisizmin  səhnə  hərəkətinin  həqiqətə 
uyarlığı,  ağla  və  sağlam  düşüncəyə  uyğunluğu,  süjetin 
sadəliyi və aydınlığı, teatrın tərbiyəvi əhəmiyyəti haqqındakı 
tələb və prinsiplərini ardıcıllıqla müdafiə edirdi. Ədib doğru 
olaraq  qeyd  edirdi  ki,  tamaşada  nöqsan,  qüsur  elə 
göstərilməlidir ki, baxanlar göstərilən eybəcərliyi başa düşüb 
ona  nifrət  etsinlər.  Burada  da  antik  müəllifləri  nümunə 
göstərən dramaturq yazırdı: "Onların teatrı məktəb idi. Orada 
nəciblik  filosofların  məktəblərindən  heç  də  pis  tədris 

Afaq Yusifli İshaqlı 
 
 
266 
edilmirdi.  Bizim  əsərlərin  də  eləcə  ciddi  və  eləcə  faydalı 
öyüdlərlə  aşılanmasını  arzu  etmək  yerində  olardı."  Teatrın 
tərbiyəvi  və  təsiredici  vəzifəsinin  daha  səmərəli  yerinə 
yetirilməsi  üçün  təsvir  edilən  hadisələrdə  səbəb  və  nəticə 
əlaqələrinin sadə və aydın olması tələb olunurdu. 
Klassisizmin  estetikasında  incəsənətdə  qözəllik 
anlayışına  tarixi  baxımdan  yanaşılmır,  onların  əbədi  və 
dəyişməz  olduğu  müddəası  irəli  sürülürdü.  Bu  müddəanı 
Rasin də əsərlərinə yazdığı ön sözlərdə özünə məxsus tərzdə 
təsdiq edirdi: "Mən məmnuniyyətlə inandım ki, sağlam fikir 
və ağıl bütün əsrlərdə eyni olmuşdur. Parisin zövqü Afinanın 
zövqü  ilə  oxşar  çıxmışdır.  Vaxtilə  Yunanıstanın  ən  ziyalı 
xalqının  gözündən  yaş  axıdan  hər  şeylə  mənim 
tamaşaçılarım da həyəcanlanmışlar." 
Rasinin  nəzəri  görüşlərində  faciənin  finalı,  sonluğu 
ilə  bağlı  qənaətlər  də  mühüm  yer  tutur.  O,  istər  antik 
müəlliflərdən,  istərsə  də  öz  müasirlərindən  fərqli  olaraq 
dramaturqun  ilahələrin  yaxud  səhnə  mexanizmlərinin 
köməyi  ilə  hadisələrin  gedişinə  qarışması,  onun  məntiqi 
inkişafına  müdaxilə  etməsi  prinsipini  bəyənməmişdir. 
"Düyünün  açılışı  bilavasitə  pyesin  özündən  irəli  gəlir", 
deyən  Rasin,  doğrudan  da,  əsərlərində  hadisələrin  məntiqi 
inkişafını  pozmamağa,  bu  sahədə  özünün  həqiqətə  uyarlıq 
prinsipini həmişə gözləməyə çalışmışdır. 
S.D.Artamonov  Rasinin  estetik  görüşlərindən  söhbət 
açarkən  Labrüyerin  maraqlı  bir  müqayisəsinə  diqqəti  cəlb 
etmişdir.  Həmin  müqayisədə  Kornellə  Rasinin  estetik 
görüşləri arasındakı fərqlər onların əsərləri arasındakı fərqlər 
vasitəsilə  açılıb  göstərilmişdir.  Labrüyer  yazır:  "Kornel  bizi 
öz  xarakterlərinə,  öz  ideyalarına  tabe  edir.  Rasin  onları 
bizimkilərlə  qarışdırır.  O,  insanları  neçə  olmalıdırsa,  o  cür 
təsvir  edir,  bu  onları  necə  varsa  elə.  Birincidə  təqlid  etmək 
lazım  olan  daha  çox  heyran  edir,  ikincidə  özündə  hiss 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
267 
etdiklərini  daha  çox  başqalarında  görürsən.  Biri  ucaldır, 
heyrətləndirir, hökm edir, öyrədir, o biri xoşa gəlir, həyəcan-
landırır, hərəkətə gətirir, varlığına hopur. Ağılda ən gözəl, ən 
nəcib, ən ülvi hər nə varsa birincinin sahəsidir, ehtirasda ən 
incə,  ən  zərif  hər  nə  varsa,  ikincinin  sahəsidir.  Onda 
aforizmlər, qaydalar, öyüdlər, bunda zövq və duyğu əsasdır. 
Kornel  daha  çox  fikirlə  məşğuldur,  Rasinin  pyesləri 
təlatümləndirir,  həyəcanlandırır.  Kornel  öyüdverici,  Rasin 
insanidir;  elə  bil  ki,  biri  Sofoklu  təqlid  etmiş,  ikincisi  daha 
çox Evripidə borcludur." 
Labrüyerin  bu  həssas,  dəqiq,  yığcam  müqayisə  və 
mülahizələrində  Fransanın  iki  böyük  faciə  şairinin  əsas 
keyfiyyətləri  düzgün  qeyd  olunmuşdur.  Rasinin  ayrı-ayrı 
əsərlərinin təhlili də bu həqiqəti təsdiq edir. 
 
"Andromaxa".  1667-ci  ilin  noyabrında  "Androma-
xa"  əsərinin  tamaşasından  sonra  Rasin  Fransanın  birinci 
dərəcəli  şairi  kimi  tanınmağa  başladı.  Tarixi  xronikaların 
Fransanın  milli  tarixi  ilə  əlaqələndirildiyi  bir  mövzuda 
yazılan  bu  faciə  sadəliyi,  realizmi  və  ifadə  etdiyi  hiss  və 
duyğuların  yeniliyi  ilə  diqqəti  cəlb  edirdi.  Rasin  Korneldən 
fərqli olaraq yeni psixoloji məzmuna malik bir əsər yaratmış, 
kənar  hadisələr  və  surətlərə  yer  verməmişdir.  Faciə,  hər 
şeydən  əvvəl,  yüksək  insani  məzmunu  ilə  seçilir  və 
həyəcanlandırırdı.  Dramaturq  estetik  görüşlərində  olduğu 
kimi bu əsərində də  yunan müəlliflərindən – Homer, Vergili 
və  xüsusən  "Andromaxa"  faciəsinin  müəllifi  Evripiddən 
öyrənirdi,  lakin  onları  təkrar  etmirdi.  Rasinin  faciəsinin 
mərkəzi  qəhrəmanı,  adından  da  göründüyü  kimi,  Troya 
sərkərdəsi Hektorun dul qalmış arvadı Andromaxadır. 
Troyanın  məğlubiyyətindən  sonra  əsirləri  bölərkən 
Andromaxa  oğlu  Astiananksla  birlikdə  Axillesin  oğlu  Pirrin 
payına  düşür.  Döyüş  meydanlarında  qorxmaz,  qəddar  və 

Afaq Yusifli İshaqlı 
 
 
268 
yenilməz  bir  sərkərdə  kimi  tanınan  Epir  hökmdarı  Pirr 
ömründə  bəlkə  də  ilk  dəfə  odlu  bir  məhəbbətlə  əsir 
Andromaxanı sevir. Dəhşətli müsibətlər görmüş, qəlbi parça-
parça olmuş, gözlərində kədər, qəm dolaşan gözəl əsir qadın 
onun  rahatlığını  pozur,  iradəsini  sındırır,  xarakterindəki 
dəmir  mətinliyi  qırır.  O,  əsir  qadını  incidir,  hədələyir,  oğlu 
Astianaksı  öldürməklə  qorxudur,  onun  rəğbətini,  sevgisini 
qazanmağa çalışır. Andromaxa çıxılmaz vəziyyətdə qalır. 
Lakin  o,  Pirri  sevmir,  sevə  bilməz  də!  Axı Pirr  onun 
əri  Hektorun  qatili  Axillesin  oğludur.  Onun  mənsub  olduğu 
Troyanın  bədbəxtliklərinin  banisinin  oğludur.  Andromaxa 
ona  nifrət  etməyə  bilmir.  Pirr  isə  qəzəblənir,  yalvarır,  tələb 
edir, sevdiyi əsir qadının gözlərinin yaşla dolduğunu görəndə 
isə  ona  acıyır,  az  qalır  onunla  birlikdə  ağlasın.  Bu  qəddar, 
sərt,  xudbin  hökmdar,  həm  də  insan  kimi  sevərək  iztirab 
çəkir, tamaşaçıda mərhəmət oyadır. 
Pirrin nişanlısı, Menelay və Yelenanın qızı Hermiona 
da  bir  başqa  cür  iztirab  çəkir.  O,  Pirri  sevir,  onun  nişanlısı 
kimi  Epirə  gəlib  xeyli  müddətdir  sarayda  yaşayır. 
Andromaxa  Pirri  sevmədiyi,  sevə  bilmədiyi  kimi,  Pirr  də 
Hermionanı  sevmir,  sevə  bilmir.  Andromaxa  ilə  Pirrin 
sevməmələrinin  səbəbləri  başqa-başqa  olsa  da,  fakt 
faktlığında  qalır.  Pirr  Hermionaya  laqeyd  bir  mərhəmət 
göstərsə  də,  onun  sevgisini  rədd  edir.  Hermiona  isə  öz 
sədaqətsiz,  etibarsız  nişanlısını  sevir,  iztirab  çəkir,  ümidlə 
yaşayır.  Pirrin  hərəkəti,  soyuqluğu  onun  məğrur  mənliyini 
təhqir  edir,  ürəyini  parçalayır.  Toyun  ləngidilməsi  Menelayı 
da narahat edir. 
Burada əsərə yeni bir uğursuz sevgi xətti əlavə edilir. 
Məlum  olur  ki,  Pirrin  nişanlısı  Hermionanı  Aqamemnonun 
oğlu  Orest  dərin  bir  məhəbbətlə  sevir,  lakin  o  da  birtərəfli 
sevir,  sevgisinə  cavab  ala  bilmir.  Orestin  gəlişi  zahirən 
Andromaxanın  oğlu  Astianaksı  aparmaqla  əlaqələndirilir. 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
269 
Günbəgün böyüyən, guya Yunanıstan üçün böyük təhlükə və 
qorxu olan Astianaksı yunanlar məhv etmək qərarına gəlirlər. 
Bu  məqsədlə  Astianaksı  Epirdən  Yunanıstana  aparmaq 
vəzifəsi  elçi  sifəti  ilə  gələn  Orest  və  onun  dostu  Pilada 
tapşırılmışdır. Pirr bütün Yunanıstan ayağa qalxsa da, Andro-
maxanın oğlunu verməkdən imtina edir. Sevdiyi əsir qadının 
oğlunu  qorumaq  üçün  o,  hər  şeyə  hazırdır.  Pirr  Orestdən 
Yunanıstanın  Astianaksı  öldürmək  haqqında  qərarını 
eşidəndə istehza ilə deyir: 
 
Yunanıstana, onun işinə heyranam mən, 
Yoxmu özgə qayğısı məmləkətin, görəsən! 
Doğrudanmı gülməli deyil, bütöv bir diyar, 
Körpəni öldürməyə susamış, vermiş qərar. 
Orestin  təkidlərinə  baxmayaraq  Pirr  "Mənim  uşağa 
yazığım gəlir, ona görə də Elladanın əksinə olaraq günahsız 
bir  qanla  əlimi  islatmaram"  deyib  mərdlik,  nəciblik 
göstərərək uşağı verməkdən imtina edir. Əslində Astianaksın 
taleyi  Oresti  o  qədər  də  maraqlandırmır  və  narahat  etmir.  O 
daha  çox  Hermiona  haqqında  düşünür.  Əmisi  qızı 
Hermionanı o, çoxdan sevir, onunla evlənməyi arzulayırdı. O 
indi də onu güclü bir duyğu ilə sevir. Astianaks adı altında o, 
Epirdən Hermionanı götürüb qaçmaq fikrindədir. 
Hermiona  Pirrin  soyuqluğunu  görüb,  Epirdən 
getməyə  razı  olduğunu  bildirir,  çıxıb  getmək  üçün  ancaq 
rəsmi  icazə  verilməsini  istəyir.  Ürəkdən  gəlməyən,  ürəyin 
təsdiq  etmədiyi  bu  qərar  ötəri,  ani  hisslərdən  gəlir.  Onun 
Epiri  tərk  etməyə,  sevdiyindən  uzaqlaşmağa  gücü,  qüdrəti 
çatmazdı.  Ancaq  zahiri  görən  Orest  isə  bu  sözlərdən  nahaq 
yerə sevinir, nahaq yerə qəlbi ümidlə, sevinclə dolu bir halda 
Pirrin yanına gedir. 
Hələ  bu  bir  yana  qalsın,  Epir  şahı  özü  də  göz-
lənilmədən  fikrini,  münasibətini  dəyişir.  O  da  qəlbi  ilə 
hesablaşmadan  acıqla  yeni  bir  qərar  qəbul  edir.  Astianaksı 

Afaq Yusifli İshaqlı 
 
 
270 
Orestə  vermək,  Hermiona  ilə  evlənmək  istədiyini  söyləyir. 
Yenidən  Hermiona  sevinir,  Orest  kimi.  Orest  isə  Pirrin 
birdən-birə  belə  dəyişməsini  anlaya  bilmir.  Orest  bilmir  ki, 
Pirr Andromaxa  ilə  danışmış,  Orestin  nə  üçün  gəldiyini ona 
xəbər  vermişdir.  Axıracan  onun  oğlunu  müdafiə  edəcəyini 
bildirib  əvəzinə  ondan  sevgi  tələb  etmişdir.  Lakin 
Andromaxa  yenə  də  əyilməmiş,  sözündən  dönməmiş,  nifrət 
etdiyi  adamla  kəbin  kəsdirməkdənsə,  ölməyi  üstün 
tutmuşdur.  Pirri  qəzəbləndirən,  qərarını  dəyişdirməyə 
məcbur  edən  də  bu  idi.  Onun  bu  qərarı  hirsdən,  acıqdan, 
qəzəbdən irəli gəlirdi. Andromaxanın bircə xoş baxışı, bircə 
sözü bu qərarı asanlıqla dəyişdirər, alt-üst edə bilərdi. 
Pirr qəzəbdən özünə yer tapa bilmirdi. Andromaxaya 
daha  artıq  sözlər  demək,  guya  ona  sonsuz  nifrət  etdiyini 
bildirmək  üçün  Pirr  yenə  onun  yanına  qayıtmaq  istəyir.  Bu 
qəzəbi,  təlatümü,  çılğınlıqla  dediyi  sözləri  onun 
Andromaxanı necə sonsuz bir məhəbbətlə sevdiyini bir daha 
təsdiq  edir.  İnsan  psixologiyasındakı  ziddiyyətlər,  batinlə 
zahir  arasındakı  təzadlar  dramaturq  tərəfindən  məharətlə 
açılmışdır.  Dilin  dedikləri  ilə  qəlbin  hökmünün  bir-birini 
rəddini  Rasin  qeyri-adi  bir  həssaslıqla  verə  bilir.  Qoca 
mürəbbisi  Fenikslə  söhbətində  Pirr  özünü  aldadaraq, 
aldatmağa çalışaraq deyir: "Sən elə düşünürsən ki, mən onu 
bağışlaya  bilərəm?  Guya  mən  onu  axtarıram?  Guya  mən 
onun  arxasınca  qaçıram?"  Ancaq  həyatı,  insanları,  insan 
qəlbini  dərindən  bilən  müdrik  qocanı  aldatmaq  çətin  idi. 
Feniks  asta  və  qətiyyətli  bir  şəkildə  söyləyir:  "Siz  onu 
sevirsiniz!"  Pirr  qocadan  eşitdiyi  bu  sözə  qarşı  çıxmır, 
sevdiyini 
boynuna 
alıb  kədərli-kədərli  şikayətlənir: 
"Sevirəm!  Nə  gözəl  sözdür!  Mənim  sevgim  ona  təskinlik 
verir,  lakin  yenə  də  sərtdir.  Nə  qardaşları  var,  nə  dostları. 
Dayağı  bir  mənəm.  Astianaksın  həyatı  məndən  asılıdır. 
Qəribdir. Yox, elə deyil, burada Epirdə bir quldur. Mən ona 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
271 
oğlunu  bağışlayıram,  sevgi  bağışlayıram,  dünyada  hər  şey, 
hər  nə  edirəmsə,  mükafat  olaraq  mənə  ancaq  təqibçi  kimi 
baxır." 
Pirrin  sözləri,  mühakimələri  Andromaxaya  tanışdır, 
onu  başa  düşür.  Pirr  onun  özü,  xalqı,  vətəni  qarşısında  nə 
qədər günahkar olsa da, onu səmimi bir tərzdə sevdiyini bilir. 
Ərinə  sədaqəti,  şərəf,  namus,  vətən  qarşısında  borc 
anlayışları isə bu sevgini qəbul etməyə qoymur. Ölüm onun 
üçün  Pirrin  arvadı  olmaqdan  daha  şərəflidir.  Pirrin 
ləyaqətini, səmimiyyətini, xeyirxahlığını görsə də, etiraf etsə 
də,  Andromaxanın  qərarı  qətidir.  Dünya  ədəbiyyatın  nadir 
qadın  qəhrəmanlarından  olan  Andromaxa  hər  şeydən  əvvəl 
iradə  bütövlüyü,  sədaqəti,  vətənpərvərliyi  və  bütün  bunlarla 
yanaşı qeyri-adi insani mənəviyyatı ilə diqqəti cəlb edir. 
Bütün  bu  keyfiyyətləri  qorumaq,  axıra  çatdırmaq 
üçün  o,  Nizaminin  Şirini  kimi  hiyləyə  əl  atır.  Pirrə  ərə 
getməyə  razılıq  verir.  Andromaxa  belə  düşünür  ki,  oğlunu 
xilas  etmək  üçün  o,  Pirrlə  kəbin  kəsdirər,  Astianaksın 
qoruyacağına  and  içdirib  gərdəyə  girmədən  özünü  öldürüb 
öz  namus  və  ləyaqətini  ləkədən  xilas  edər.  Pirr  onun 
razılığını  eşidən  kimi  qarşısında  dayanıb  ömrü  boyu  ona 
sadiq  qalacağına  və  oğlunu  qoruyacağına  and  içir. 
Andromaxanın birdə-birə belə dəyişməsinin səbəbini bilmir, 
bilmək də istəmir. 
Hadisələrin  inkişafının  belə  bir  məqamında  Pirrlə 
Hermiona  ilk  dəfə  səhnədə  üz-üzə  gəlir.  O,  Hermiona 
qarşısında  ikiüzlülük  etmir,  bəhanə  axtarmır,  günahkar 
olduğunu da danmır. "Ehtiras məndən güclüdür. Andromaxa 
biryolluq hiss və ağlımı əlimdən almışdır" deyərək, həqiqəti 
etiraf  edir.  Hermiona  isə  onu  başa  düşmək  istəmir, 
qəzəblənir,  özündən  çıxır,  onu  xəyanətdə,  etibarsızlıqda 
təqsirləndirir.  Qız  onu  xəyanətkar,  sədaqətsiz  adlandıranda 
Pirr  "sədaqətsiz  olmaq  üçün  axı  sevilmək  lazımdır"  deyə 

Afaq Yusifli İshaqlı 
 
 
272 
cavab  verir.  Sevildiyini  biləndə  isə  buna  çox  heyrət  edir, 
narahat olur. Gülür, təəccüblənir. 
Əgər  bura  qədər  Pirr-Andromaxa  xətti  ön  plana 
keçirilib,  Hermiona  kölgədə  qalırdısa,  indi  Pirr-Hermiona 
konflikti  ön  plana  keçir,  Pirr-Andromaxa  xəttini  səhnə 
arxasına  ötürür,  kölgədə  qoyur,  lakin  bu  xətt  özü  də  Pirr-
Andromaxa xəttinin daha uğurlu, həyati həllinə yönəlmişdir. 
"Sən  saydığını  say,  gör  fələk  nə  sayır"  prinsipinə  uyğun 
olaraq gerçəkliyə sadiq qalan Rasin bununla öz əsərini güclü 
bir sonluqla bitirmiş olur. 
Sonluq  heç  də  Andromaxanın,  Pirrin,  hətta  Orestin 
gözlədiyi  kimi  olmur.  Özünü  təhqir  olunmuş  sayan 
Hermiona  hər  şeyi  dəyişdirir,  alt-üst  edir.  Pirri  dərindən 
sevən,  onun  özü  üçün  həmişəlik  itirildiyini  yəqin  edən 
Hermiona  qəzəbdən,  çılğınlıqdan,  intiqam  hissindən  irəli 
gələn bir qərar qəbul edir. Pirri məhv etmək fikrinə düşür. Bu 
dəhşətli  planı  yerinə  yetirmək  üçün  sadəlövh,  həssas 
Orestdən istifadə edir. Onu, bir növ, özünün intiqam silahına 
çevirir. 
Orest  böyük  bir  ordu  ilə  Epiri  mühasirəyə  alıb  dö-
yüşmək, onun sevdiyi adamı təhqir edən şəxsi döyüşdə məhv 
etmək  barədə  Hermionaya  söz  verir.  Ancaq  Hermiona  belə 
bir  intiqamla  razılaşmır.  Pirri  elə  indicə,  məbəddə  toy 
təntənəsi  zamanı  silahsız  olduğu  bir  halda  qətlə  yetirməyi 
tələb edir. Həm də bu işi daha inamla yerinə yetirmək üçün 
bir  köməkçi  tapmağı  məsləhət  görür.  Vicdanlı  bir  gənc  olan 
Orest  belə  bir  cinayətdən  boyun  qaçırmaq  istəyir.  Ellada 
tərəfindən boynuna qoyulan vəzifəni xatırladır. "Mən ondan 
intiqam  alaram,  lakin  bu  cür  intiqam  almaram.  Qatil  kimi 
deyil,  qatı  bir  düşmən  kimi.  O,  döyüşdə  ölər,  arxadan 
vurulub  qətlə  yetirilməz.  Mən  onun  başını  Elladaya  apara 
bilərəmmi? Ölkəm tərəfindən mənə tapşırıq verilmişdir, mən 
isə burada ancaq qətl törədim?" 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
273 
Orest məsələnin mahiyyətini düzgün anlamadığından, 
Hermionanın  çılğın  tələbləri  arxasında  necə  bir  sevginin 
gizləndiyini  görmədiyindən,  onun  Oresti  sevmədiyini  başa 
düşmədiyindən  namus,  ləyaqət,  əxlaq  haqqında  mülahizələr 
yürüdür.  Hermionanı  isə  Pirri  təkcə  qətlə  yetirmək,  onun 
öldüyünü  görmək  düşündürür.  O,  Oresti  qorxaq  adlandırıb 
ona gülür, əgər arzusunu yerinə yetirərsə, sevgi vəd edir. Pirr 
sağ  qalarsa,  Oresti  yox,  Pirri  sevəcəyini  bildirir.  Bu 
səhnələrdə Hermiona necə də Andromaxanı sevən, hədələyən 
Pirrə bənzəyir. 
 
Nə qədər ki, o, sağdır, mən onu əfv edərəm, 
Dağılacaq nifrətim duman kimi içimdən, 
Ya indi ölməlidir, ya sevəcəm onu mən. 
 
Hermionanın  ehtirasla,  çılğınlıqla,  qətiyyətlə  dediyi 
bu  sözlər  Oresti  çaş-baş  salır,  şərəf-namus  qanunlarını 
unudub,  sevgi  yolunda  hər  şeyə  hazır  olduğunu  bildirir.  Elə 
güman  edir  ki,  bununla  istəyinə  nail  olacaq,  Hermionaya 
qovuşacaq.  Əslində  Hermiona  özü  də,  yəqin  bilmir  ki,  bu 
hadisə ona necə təsir edəcək. Səmimi şəkildə Pirrin ölümünə 
sevinəcəyini, Orestin arvadı olacağını düşünür. 
Lakin Pirrin qətli ərəfəsində onun söylədiyi monoloq 
Hermionanın da yanıldığını təsdiq edir. Bu monoloqda onun 
qəlb  aləmindəki  ziddiyyətlər,  təzadlar,  bir-birini  rədd  edən 
hisslər  əks  olunmuşdur.  O,  düşünür  ki,  indicə  Pirr  öləcək. 
İndicə qatilin əli qalxacaq və o, qana qərq olmuş halda yerə 
yıxılacaqdır.  Pirr!  Onun  sevdiyi  Pirr!  Sevərək  yolunda  bu 
qədər iztirablar, bəlalar çəkdiyi adam. Nə olsun o, bu ölümə 
layiqdir. Onun sevgisinə məhəl qoymamış, ona diqqətsiz ol-
muş,  onun  sevgisinə  gülmüşdür.  Qoy  ölsün.  Kim  ölsün? 
Pirr?  O  da  ən  əziz  bir  adamın  qatili  olacaq?  Yox,  heç  vaxt! 
Rasin  ecazkar  bir  psixoloq  kimi  Hermionanın  daxilində 
gedən  mənəvi  çəkişməni,  mübarizəni  məharətlə  əks  etdirir. 

Afaq Yusifli İshaqlı 
 
 
274 
Burada  monoloq  nə  qədər  uzun  görünsə  də,  onda  güclü  bir 
hərəkət  və  mübarizə  var.  Dramaturq  qəlbin  hərəkətini, 
kədərini, sevgi və nifrətini nə qədər doğru əks etdirir. 
Hadisələr  Hermionanın  istədiyi,  göstərdiyi,  tələb 
etdiyi  kimi  baş  verir,  Pirr  məbəddə  evlənmə  mərasimi  vaxtı 
öldürülür.  Orest  cinayət  törədir,  lakin  Hermionanı 
sevindirəcəyini  nəzərə  alıb  özü  də  sevinir.  Hermiona  onu 
ikrahla,  nifrətlə  qarşılayır.  Orest  sevən  bir  qızın  çılğın 
ehtiraslarının əlində bir oyuncağa çevrildiyini görüb dəhşətə 
gəlir.  Hermiona  Pirrin  dərdindən  özünü  öldürür,  Orest  isə 
ağlını itirib dəli olur. Pirr də, Hermiona da, Orest də xudbin 
ehtirasların  qurbanı  olur.  Bu  ehtiraslar  döyüşündən  ancaq 
Andromaxa qalib çıxır. Bu sadə qadın, ideal arvad və ana öz 
borcuna  sadiq  qalır.  Faciədə  onun  surəti  o  qədər  təsirli 
çıxmışdır ki,  hətta ən soyuq kübar xanımları ona baxıb göz 
yaşı axıtmışlar. 
Rasin özünün humanist idealını bu qadının simasında 
toplamışdır.  Onun  insani  ləyaqət  duyğusu,  qeyri-adi  əxlaqi 
dəyanəti,  vicdani  borc  yolunda  özünü  qurban  vermək 
qabiliyyəti,  mütləq  hakimlərin  zülm  və  özbaşınalığına 
qəhrəmancasına  qarşı  durmaq  məharəti  indi  də  bu  surətə 
qarşı rəğbət və məhəbbət oyadır, onu bizə sevdirir. 
Pirrin  simasında  dövlətin  mənafeyini  şəxsi  hislərinə 
qurban  verən  mütləq  hakim  surəti  yaradılmışdır.  O, 
prinsipsiz, xudbin, əxlaqi baxımdan şikəst bir adamdır. Onun 
Andromaxa  qarşısında  qoyduğu  şərt  özbaşınalığın  dəhşətli 
təzahürüdür.  Onun  hərəkət  və  sözlərindəki  incə  nəzakətlilik 
hərəkətlərindəki  eybəcərlik  və  ləyaqətsizliyi  daha  qabarıq 
nəzərə çatdırır. 
Rasin  özünün  yazdığına  görə,  Pirrin  qəddarlığını  nə 
qədər  yumşaltmağa  çalışmışsa  da,  onu  kübar  dairələrin 
xoşuna  gələcək  bir  surət  səviyyəsinə  qaldıra  bilməmişdir. 
Həyati  həqiqətə  sadiq  qalan  ədib  məzəmmətlərdən  yaxasını 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
275 
qurtarmaq  üçün  əsərin  müqəddiməsində  özünü  müdafiə 
etməyə  çalışmışdır.  Realist  təsvirə  daha  çox  meylli  olan 
dramaturq  antik  surətlərin  idealizə  edilməsi  ənənəsi  ilə 
razılaşmamışdır. 
Əgər  Kornelin  faciələrində  qəhrəmanlar  bir  qayda 
olaraq ehtiraslarına qalib gəlirsə, iradə, ağıl insanın özündən 
yüksəkdə  dayanırsa,  Rasinin  əsərində  şəxsi  ehtiras  qalib 
gəlir. Şəxsi hisləri ilə idarə olunan Hermiona sevdiyi adamın 
ölümünə  bais  olur.  Orest  ləyaqət,  şərəf  qaydalarını 
tapdalayır,  Pirr  dövlətin  mənafeyini  qurban  verir. 
Tədqiqatçılar bunu daha çox, fransız cəmiyyətində baş verən 
dəyişikliklə  əlaqələndirir,  orta  əsr  qəhrəmanlıq  dastanının 
qəhrəmanı  Rolandla  Kornelin  Sidi  arasında  daha  çox 
yaxınlıq  görür  və  axtarırlar,  nəinki  aralarında,  cəmi  30  illik 
bir yaş fərqi olan Kornellə Rasin arasında. "Roland haqqında 
nəğmə"də,  Kornelin  faciələrində  feodalizmin  qəhrəmanlıq 
çağlarının  təcəssümü  kimi  qiymətləndirilir.  Kornellə  Rasini 
bir-birindən ayıran 30 il ərzində fransız cəmiyyətində elə bir 
dəyişiklik  baş  verir  ki,  Kornel  tamaşaçı  ilə  əlaqəni  itirir,  nə 
baş  verdiyini  başa  düşmədiyindən,  özünü  ora-bura  vurur, 
yeni  zəmanəyə  uyğunlaşmağa  çalışır,  səhvlər  edib  iztirab 
çəkir.  Tamaşaçılar  isə  ona  öz  ata-babalarının  pərəstiş  etdiyi 
bir  sənətkar  kimi  hörmətlə  yanaşır,  ona  gülür  və  acıyırdılar. 
Məsələ  burasında  idi  ki,  Fransanın  həyatında  yeni  bir  dövr 
başlanmışdı,  yeni  tamaşaçını  siyasi  məsələlər,  dövlət  prob-
lemləri  yox,  insan  maraqlandırırdı.  Ona  görə  də  Rasinin 
təsvir  etdiyi  səhvlər  edən,  aldanan  orta  səviyyəli  insanlar 
onları  daha  çox  təmin  edirdi,  onlar  həmin  qəhrəmanlara 
acıyır, onları sevir, kədərlərinə şərik olurdular. 
 
 
Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin