Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə21/27
tarix01.04.2017
ölçüsü2,83 Kb.
#13183
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

Perro  qardaşları  xüsusilə  fərqlənirdilər.  Pyer  Perro  Tas-
soninin  "Oğurlanmış  vedrə"  əsərinə  yazdığı  önsözdə 
müəyyən  eyhamlarla  Bualonun  klassisist  prinsiplərinə 
gülürdüsə,  Klod  Bualonu  paxıl  bir  adam  kimi  tənqid  edir-
disə,  Şarl  Perro  "Böyük  Lüdovikin  əsri"  poemasında  yeni 
dövrün  ədəbiyyatının  antik  ədəbiyyatdan  qat-qat  üstün 
olduğunu  göstərmişdir.  Şarl  Perronun  fikrincə,  bəşəriyyətin 
irəliyə  doğru  inkişafında  ən  yüksək  mədəniyyət  o 
mədəniyyət  sayılmalıdır  ki,  özündən  əvvəlki  dövrün 
təcrübəsini mənimsəyir, ümumiləşdirir, özünün  yeni kəşfləri 
və tapıntıları ilə onu zənginləşdirir, tamamlayır. 
Şarl  Perro,  hər  şeydən  əvvəl,  antik  ədəbiyyatı  təqlid 
və  iqtibas  qaynağı  kimi  rədd  edirdi.  Yunan  və  Roma 
ədəbiyyatı gənc yazıçıların yaradıcılığını qidalandıran mənbə 
olmaqdan  uzaqlaşdı.  Şarl  Perro  özü  xalq  yaradıcılığına 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
301 
müraciət  edərək  şeirlə  və  nəsrlə  rəngarəng  nağıllar  yazdı. 
1696-cı  ildə  "Nəzakətli  Merkuri"  jurnalında  onun  "Yatmış 
gözəl" nağılı  dərc olundu. Bir il sonra isə onun  "Anam  ana 
qazın  nağılları,  yaxud  əxlaqi  öyüdlərlə  birlikdə  keçmiş 
çağların  sərgüzəşt  və  nağılları"  kitabı  çap  olundu.  Buraya 
"Yatmış  gözəl",  "Qırmızı  papaq",  "Çəkməli  pişik",  "Kəkilli 
Rike",  "Göy  saqqal"  və  başqa  nağıllar  daxil  idi.  Perroya 
qədər  folklorun  yüksək  ədəbiyyata  daxil  olması  təsadüfi 
səciyyə  daşıyırdı.  Perro  isə  burada  daha  ciddi,  prinsipial 
məqsədlər  izləyərək  onu  klassisist  ədəbiyyata,  onun  mövzu 
və sənətkarlıq meyllərinə qarşı qoymuşdur. Müəllif bu cəhəti 
qabardaraq önsözdə yazırdı: "Mən qəti şəkildə bildirirəm ki, 
mənim  nağıllarım  danışılmaq  üçün  bir  çox  antik  əsərlərdən 
... daha layiqlidir." 
Perronun  nağıllarının  ən  mühüm  cəhəti  onların 
yüksək əxlaqi keyfiyyətləri təsdiq və tərənnüm etməsindədir. 
Müəllif  nağıllarının  süjetini  də  həmişə  bu  və  ya  başqa  bir 
əxlaqi  ideyanın  təsdiqinə  uyğun  şəkildə  qurur.  Namus, 
dözüm,  ağıl,  düşüncə,  fərasət,  əməksevərlik  bu  nağıllarda 
yüksək  qiymətləndirilən  əsas  sifətlərdir.  Perronun  irsində 
müşahidə  olunan  xalq  yaradıcılığına  doğru  güclü  meyl  onu 
maarifçilik görüşlərinə yaxınlaşdırır. 
Perro  bəzi nağıllarında  şifahi  ənənələrdən  faydalanır, 
xalq  nağıllarına  məxsus  cizgiləri  olduğu  kimi  saxlayır. 
"Qırmızı  papaq",  "Çəkməli  pişik"  nağılları  bu  qəbildəndir. 
"Yatmış  gözəl",  "Zoluşka",  "Cırtdan"  nağıllarında  isə 
kübarlıq  əlamətləri,  zəriflik,  incəlik  və  dəbi  cilalama 
müşahidə  olunur.  Mənzum  nağıllarında  Perro  folklor 
ənənələrindən  daha  artıq  uzaqlaşır.  "Uzunqulaq  dərisi"  və 
başqa  nağıllar  buna  misal  ola  bilər.  Perronun  nağıllarının 
forma  rəngarəngliyinə  baxmayaraq  onlar  Avropa xalqlarının 
ədəbiyyatının  inkişafında  mühüm  rol  oynadı.  Qrimm 
qardaşlarının 
toplayıcılıq 
fəaliyyəti 
və 
Andersenin 

Afaq Yusifli İshaqlı 
 
 
302 
yaradıcılığı bu təsirin ən parlaq təzahürlərindəndir. 
XVII  əsrin  sonlarında  maarifçiliyin  hazırlanması 
baxımından  ən  maraqlı  şəxsiyyətlərdən  biri  Sedan  aka-
demiyasının  professoru  Pyer  Beyldir  /1647-1706/.  Nant 
ediktinin  ləğvindən  sonra  Hollandiyaya  köçən  Beyl  burada 
Rotterdam  ali  məktəbində  müəllim  işləyir.  O,  dövrünün  ən 
bilikli  və  müdrik  simalarından  idi.  Özü  protestant  idi. 
Katolikliyə,  sonralar  isə  bütün  dinlərə  tənqidi  münasibət 
bəsləmişdir.  "Böyük  Lüdovikin dövründə Frasada katoliklik 
nədən  ibarətdir?"  adlı  əsərində  qəddar  kilsə  irticasına  qarşı 
çıxaraq  yazırdı:  "Bu  zorakılıqların  müqabilində  xristianlıq 
haqqında  nə  düşünmək  olar?  belə  nəticə  çıxarmaq  lazım 
gəlmirmi  ki,  bu,  ən  qana  həris  bir  dindir,  vicdan  azadlığını 
büsbütün  sıxışdırmaq  üçün  hətta  yalan  və  aldatmadan,  dö-
nüklükdən,  cəlladlardan  və  inkvizisiyadan,  draqonadlardan 
qorxmur."  Volterin,  Didronun  ayrı-ayrı  fikir  və  mü-
lahizələrini xatırladan bu sözlər Beylin başqa əsərlərində də 
vardır. Məhz buna görə də onu təqib edirlər, vəzifəsi əlindən 
çıxır.  Beyl  ömrünün  qalan  illərini  "Tarixi  və  tənqidi  lüğət" 
adlı  əsas  əsərini  yaratmağa  sərf  edir.  20  cilddən  ibarət  olan 
bu  geniş  həcmli  əsər  birinci  növbədə  din  əleyhinə 
söylənilmiş fikirlər, mülahizələr toplusudur. Müəllif özündən 
əvvəl müxtəlif zamanlarda söylənilmiş mülahizələr əsasında 
mövcud dinlərin bütün əsas müddəalarını şübhə altına alır və 
təftiş edir. 
P.Beyl  öz  mülahizə  və  qənaətlərini  söyləməkdən 
çəkinir,  deyilmiş  dəlillərlə  kifayətlənir.  Lüğət  əslində  ikili 
planda yazılmışdır. Əsas hissəsində dinin müxtəlif məsələləri 
şərh olunur. Müəllif burada özünü dindar bir protestant kimi 
göstərir.  Bu  əsas  məqalələrə  yazılmış  geniş  şərhlər  isə  əsas 
hissədən  qat-qat  çox  olmaqla  tam  ateist  ruhda  yazılmışdır. 
Bu  şərhlər  bütün  dövrlərin  əsl  ateizm  ensiklopediyası  olub 
müəllifinə  böyük  şöhrət  qazandırmış  və  XVIII  əsrin 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
303 
ensiklopedistləri üçün zəngin material vermişdir. 
Volter hesab edir ki, Beyl özü dindar deyilsə də, oxu-
cularını  əsl  dinsizliyə  gətirib  çıxarır.  Beylin  lüğəti  XVIII 
əsrdə  maarifçilərin  stolüstü  kitabı  olmuşdur.  Didro  və 
Dalamber  isə  "Ensiklopediya"da  ondan  nümunə  kimi 
faydalanmışlar. 
Bir  fransız  yazıçısının  söylədiyi  kimi:  "Pyer  Beyl 
XVII yüz il mənasında axırıncı metafizik və XVIII əsr məna-
sında  birinci  filosof  idi."  Beləliklə,  P.Beylin  yaradıcılığı  ilə 
XVII  əsr  ədəbiyyatı  yekunlaşır  və  Maarifçilik  dövrünün 
ədəbiyyatı başlanır. 
 
* * * 

Afaq Yusifli İshaqlı 
 
 
304 
 
İSPAN ƏDƏBİYYATI 
 
XVII  əsrdə  İspaniya  Qərbi  Avropanın  ikinci  dərəcəli 
ölkələrindən  biri  idi.  Habsburqlar  sülaləsinin  sonuncu 
hökmdarları  olan  III  Filipp  /1598-1621/,  IV  Filipp  /1621-
1665/,  II  Karl  /1665-1700/  kral  hakimiyyətinin  nüfuzunu 
ancaq  zahirən  saxlaya  bilirdilər.  Eskoralın  zahiri  təmtərağı, 
soyuq  saray  mərasimləri  ispan  krallarının  ölkənin  həqiqi 
hakimləri  olmadıqlarını  ört-basdır  edə  bilmirdi.  İspan  kral 
hakimiyyətinin 
gücsüzlüyünə, 
zəifliyinə 
dövrün 
ədəbiyyatında 
dönə-dönə 
işarə 
edilmişdir. 
Şair 
Vilyamediyanın  aşağıdakı  sözləri  bu  baxımdan  çox 
səciyyəvidir:  "Bizim  qüdrətli  bir  kralımız  var,  onun 
qarşısında dünya tir-tir əsir. Xoş xasiyyətlidir, ancaq şəkildə 
qorxuludur. 
Bu, 
ancaq 
bulud 
kölgəsidir." 
Kral 
hakimiyyətinin  zəifliyinə,  gücsüzlüyünə  bədii  ədəbiyyatda 
müxtəlif şəkillərdə aydın işarələr edilmişdir. 
Bunun  əsas  səbəbi  o  idi  ki,  İspaniyada  mütləqiyyət 
hakimiyyət qarşısında duran, tarixi vəzifəni layiqincə yerinə 
yetirməmiş, feodal özbaşınalığı və məhəlləçiliyinə son qoya 
bilməmişdir.  İspan  millətinin  formalaşmasında,  iqtisadi  və 
mədəni  sahələrdə  xalqın  qüvvələrinin  birləşdirilməsində 
Fransada  və  İngiltərədə  olduğu  qədər  mütərəqqi  rol 
oynamamışdır.  Burada  mütləqiyyət  öz  vəzifəsini  ancaq  çox 
məhdud  ölçüdə  yerinə  yetirir.  Kral  hakimiyyəti  feodalları 
ancaq  qismən  məhdudlaşdırır,  dini  rıtsarlıq  ordenini  özünə 
tabe  edib,  onların  geniş  torpaqlarını  müsadirə  yolu  ilə  ələ 
keçirir. 
Hələ XV əsrdə kral hakimiyyəti Kastiliya və Avropa 
şəhərlərinin  ittifaqını  təşkil  edir,  bu  ittifaqa  əsaslanaraq 
müharibələr  aparmaqda,  pul  kəsməkdə  iri  feodalların 
müstəqilliyini  bir  qədər  məhdudlaşdırır,  onların  qala-

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
305 
qəsrlərini  yerlə  yeksan  edir,  ayrı-ayrı  feodalların  dövlət 
içərisində  dövlətə  çevrilməsinin  qarşısını  alır.  Lakin  ispan 
mütləqiyyətinin  fəaliyyəti  bununla  qurtarır.  Burada  IV 
Henrix,  kardinal  Rişelye,  XIV  Lüdovik  kimi  dövlət 
rəhbərlərinin olmaması acı nəticələrə gətirib çıxarır, İngiltərə 
və  Fransada  kral  hakimiyyəti  daxili  təsərrüfatın,  sənayenin, 
ticarətin,  kənd  təsərrüfatının  inkişafına  qayğı  göstərirsə, 
ölkənin  iqtisadi  artımına  səbəb  olursa,  İspaniyada  kral 
hakimiyyəti  iri  feodalların  təsirindən  qurtara  bilmir,  xarici 
ticarət    sahəsində  yanlış  siyasət  yeridir,  xarici  malların 
idxalına  geniş  şərait  və  imkan  yaradır,  bununla  da  ölkənin 
istehsalına ağır zərbə vurur. 
Digər  tərəfdən  Amerika  koloniyalarından  axıb  gələn 
qızıl bu prosesi daha da sürətləndirir. Amerika qızılının heç 
vaxt  qurtarmayacağını  düşünərək  hər  şeyi  xaricdən  qızılla 
alırdılar.  Xaricdən  İspaniyaya  müxtəlif  mallar  gəlir, 
İspaniyanın  qızılları  isə  xaricə  axırdı.  Bunun  nəticəsində 
daxili istehsal get-gedə zəifləyirdi. Amerikadan qızıl gəlməsi 
dayananda  xaricdən  mal  almaq  üçün  bir  şey  olmayanda  öz 
ehtiyat  mənbələrinə  müraciət  etməli  olurdular.  Elə  bu  vaxt 
məlum  oldu  ki,  İspaniyanın  təsərrüfatı  dağılmışdır.  Kənd 
təsərrüfatı,  sənaye  bərbad  haldadır.  Bütün  ispan  flotunun, 
başqa sözlə "Məğlubedilməz Armada"nın 1588-ci ildə İngil-
tərə  sahillərində  darmadağın  edilməsi  və  məhv  olması  isə 
ölkənin  hərbi  qüdrətini  sarsıtdı.  Keçmiş  İspan  müs-
təmləkələrində narahatlıqlar, üsyanlar başladı. Hollandiya və 
Portuqaliya  İspaniyadan  ayrıldı.  Müharibələr  yeni-yeni 
bəlalar gətirirdi. 
Əhalinin  sayı  ciddi  şəkildə  azaldı.  Bütöv  yaşayış 
məntəqələri  yox  oldu.  Yeni  Kastiliya  və  Toledoda  iki  yüz, 
Köhnə  Kastiliyada  üç  yüz  kənd  xəritədən  silindi.  Ölkə 
əhalisinin  sayı  XVI  əsrin  sonunda  XVII  əsrin  ortalarına 
qədər  iki  milyondan  çox  azaldı.  İstehsal  özü  də  böhran 

Afaq Yusifli İshaqlı 
 
 
306 
keçirirdi.  Məsələn,  təkcə  Sevilyada  istehsal  on  dəfə 
azalmışdı. 
Kral  hakimiyyətinin  və  kilsənin  himayəçiliyi  ilə 
zadəganlığın  həyata  keçirdiyi  sosial  və  milli  zülm  bir  sıra 
xalq  üsyanlarına  gətirib  çıxardı.  Bu  üsyanlardan  ən  böyüyü 
morisklərin  üsyanı  idi.  İspan  inkvizisiyasının  çirkin 
siyasətinə,  eybəcər  təqiblərinə  qarşı  xalq  etirazının  ifadəsi 
olan bu üsyan Kalderonun "Ölümdən sonra sevgi" dramında 
əks etdirilmişdir. 
Katolik  kilsəsi  İspaniyada  xalq  kütlələrinin  mənəvi 
cəhətdən əsarətdə saxlanılması işində irtica qüvvələrinin əsas 
silahı idi. O, özünün məhkəmələri, təqibləri ilə xalqın etiraz 
səsini amansızcasına əzirdi. Yezuitlər vətəni olan İspaniyada 
inkvizisiya  qəddar  bir  vəhşiliklə  hökm  sürürdü.  XVI,  XVII, 
XVIII  əsrlər  müddətində  inkvizisiya  tonqallarında  30  min 
adam  yandırılmış,  300  minə  qədər  adam  isə  həbsxanalarda 
məhv edilmişdir. Məhkəməsiz, həbsxanasız, tonqalsız mənə-
vi  cəhətdən  şikəst  edilən  adamların  isə  sayı-hesabı  yox  idi. 
İspan  katolik  kilsəsi  Roma  papalığının  dini  siyasətini 
sədaqətlə  həyata  keçirən  əsas  qüvvə  idi.  XVII  əsrdə 
İspaniyada hə beşinci-altıncı ispan keşiş, yaxud rahib paltarı 
geyirdi.  Cəmi  altı  milyon  əhalisi  olan  bu  ölkədə  bir  milyon 
iki yüz min nəfər keşiş, rahib və rahibə var idi. 
İspaniyada  katolik  kilsəsinin  fəaliyyətinin  belə  geniş 
şəkil  almasının,  xalq  şüuruna  hakim  kəsilməsinin  öz  tarixi 
səbəbləri  var  idi.  Məsələ  burasındadır  ki,  ərəblərə  qarşı 
mübarizə  dövründə  mühüm  rol  oynayan,  böyük  nüfuz 
qazanan  ispan  katolik  kilsəsi  sonralar  da  öz  mövqeyini 
saxlamaq  üçün  dəridən-qabıqdan  çıxmış,  bu  yolda  heç  bir 
cinayətdən,  qəddarlıqdan  çəkinməmişdir.  Ölkənin  daxili 
vəziyyəti  də  bunun  üçün  əlverişli  şərait  yaratmışdır. 
Təsərrüfatın  dağılması,  siyasi  pərakəndəlik,  anarxiya  və 
özbaşınalıq,  kral  hakimiyyətinin  və  zadəganlığının  xalq 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
307 
üsyanlarından  qorxması  feodal-katolik  irticasının  geniş  əl-
qol açmasının əsas baisi idi. 
Bütün bunlara baxmayaraq humanist fikir İspaniyada 
da  öz  bəhrələrini  vermiş,  Servantes,  Lope  de  Veqa  kimi 
böyük sənətkarlar yetirmişdir. Lakin bundan sonra meydana 
çıxan  şair  və  yazıçıların  irsində  yeni  meyllər  özünü 
göstərməyə  başlayır.  Humanist  fikir  əvvəlki  vüsətini  itirir, 
lakin tamam yox olmur, tamam geri çəkilmir. 
İspan  filosofu  Fransisko  Sançes  orta  əsrlər  sxolas-
tikasına  qarşı  cəsarətlə  mübarizə  aparsa  da,  faktları 
öyrənməyə çağırsa da, ümidsiz bir halda əllərini yanına salıb 
dünyanın  dərkolunmazlığı  qənaətinə  gəlir.  Təsadüfi  deyildir 
ki,  onun  əsəri  "Dərk  etmənin  olmaması  haqqında"  adlanır. 
Görkəmli  nasir  olan  B.Qarsian  insanın  gücünə  inamsızlıqla 
yanaşır, 
yer 
üzündə 
bir 
dəyişiklik 
yaratmağın 
mümkünlüyünə  inanmadığını  bildirir.  XVII  əsrin  ispan 
fəlsəfi  fikrindəki  mistika  və  bədbinlik  Kalderonun 
yaradıcılığında daha qabarıq şəkildə əks edilmişdir. 
XVII  əsrdə,  xüsusən  əsrin  birinci  yarısında  ispan 
ədəbiyyatı  öz  zənginliyi,  rəngarəngliyi  ilə  seçilir.  Lakin 
gecikmiş  ispan  humanizmi,  ispan  renessans  ideyaları 
mürtəce  katolik  ideologiyası  ilə  qarşılaşır.  Buna  görə  də 
burada  Renessans  ədəbiyyatı  və  incəsənəti  bir  çox  hallarda 
barokko  cizgiləri  alır,  Qonqora,  Qrasian,  Qevara,  xüsusən 
Kalderon  kimi  şair  və  yazıçıların  yaradıcılığını  xatırlamaq 
kifayətdir. 
Başqa  Qərbi  Avropa  ölkələri  ədəbiyyatında  olduğu 
kimi, burada da ədəbi hərəkat üç əsas ədəbi cərəyan ətrafında 
qruplaşır:  Renessans  realizmi,  klassisizm  və  barokko. 
Klassisizm  İspaniyada  geniş  yayıla  bilməmişdir.  İspan 
xalqının  milli  estetik  ənənələrini  hesaba  almayan,  antik 
incəsənətinin  səhv  başa  düşülən  estetik  prinsiplərini 
qanuniləşdirmək  iddiasında  olan  klassisizm  universitet 

Afaq Yusifli İshaqlı 
 
 
308 
dairələrindən,  elmi  mülahizələrdən  kənara  çıxmamışdır. 
Lope de Veqanın qüdrətli istedadı onun məhdud qanunlarının 
çərçivəsinə  sığmamış,  ispan  dramaturqlarının  sonrakı  nəsli 
də  onun  yolu  ilə  getmişdir.  Bununla  yanaşı  İspaniyanın 
klassisist  filoloq  alimləri  inadla  klassisizmin  müdafiəsinə 
qalxmış,  klassisizmi  orta  əsrlərin  barbarlığını  əvəz  etməyə 
gələn  mədəniyyətin  təcəssümü  kimi  başa  düşmüşlər.  Xalq 
teatrını,  Lope  de  Veqanın  dramaturgiyasını  kobud,  barbar 
sayan  belə  klassisist  filoloqlardan  biri  də  Alkala  universi-
tetinin  professoru  Tores  Ramira  idi.  Lakin  klassisizmin 
tərəfdarları  Lope  de  Veqanın  xalq  tərəfindən  qəbul  edilən, 
sevilən dramaturgiyasına qarşı qoymaq üçün ağıllı bir dəlil, 
sübut,  fakt  tapa  bilmədilər.  Dramaturqun  Tirso  de  Molina, 
Rikardo  de  Quriya,  Alfonso  Sançes  kimi  davamçıları  və 
pərəstişkarları  onun  dramaturji  prinsiplərini  müdafiəyə 
qalxdılar. Bu  müəlliflər sübut  edirdilər ki,  Lope  de Veqanın 
dramaturji  əsərləri  antik  nümunələrindən  qat-qat  yüksəkdə 
dayanan,  İspaniyanın  iftixarı  olan  milli  dram  sənətinin 
inciləridir. Lope de Veqanın yaratdığı xəlqi dram janrını klas-
sisist  teatra  qarşı  qoyarkən  ispan  yazıçı  və  alimləri  bu 
formaya spesifik ispan dramı kimi baxır və bunu İspaniyanın 
ümumbəşər  mədəniyyətinə  hədiyyəsi  kimi  qiymət-
ləndirirdilər. Tirso de Molina antik estetikanın qanun halına 
salınmasını  pisləyir,  incəsənəti  kamilliyə  doğru  aparmanın 
zərurətindən söhbət açır. Onun fikrincə, bu vəzifəni layiqincə 
yerinə yetirmək üçün antik dövrdə olan artıq, yaramayan hər 
nə  varsa  rədd  etmək  lazımdır.  Halbuki  İtaliyada,  Fransada, 
Almaniyada klassisizmə qarşı belə cəsarətli fikirlər söylənil-
məmişdir.  Lope  de  Veqanın  yaradıcılığında  antik  teatra  nis-
bətən  dramatik  sənətin  daha  yüksək  inkişaf  mərhələsini 
görən Tirso de Molina yazırdı: "O, komediyanı indi ona xas 
olan  bir  kamillik  və  zəriflik  səviyyəsinə  çatdırdı,  bu 
kifayətdir ki, onun özü özlüyündə bir məktəbi olsun və onun 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
309 
şagirdi  olmağı  özümüz  üçün  şərəf  sayan  biz  hamımız 
özümüzü  belə  bir  ustadımız  olduğuna  görə  xoşbəxt  hiss 
edək,  həmişə  onun  təlimini  yanlış  hazır  qənaətlər  əsasında 
edilən tənqidlərdən qoruyaq." 
İspan komediyasının janr xüsusiyyətlərindən danışan 
Rikardo  de  Quriya  isə  Lope  de  Veqanın  və  başqa  ispan 
dramaturqlarının  əsərlərində  fəci  və  komik  ünsürlərin 
vəhdətdə  verildiyini  müdafiə  edərək  yazırdı:  "İspaniyada 
yayılan  komediyalardan  heç  biri  komediya  deyildir,  ancaq 
komik  faciədir,  burada  komediya  və  faciə  janrı  bir-birinə 
qarışır, 
birincidən 
təsadüfən 
hadisələr, 
gülüş 
və 
hazırcavablıq,  ikincidən  görkəmli  adamlar,  əzəmətli 
hadisələr, dəhşət və iztirab götürülür və belə bir qarışma heç 
kəsə qeyri-təbii görünmür, çünki eyni bir hekayətdə sadə və 
yüksək  simaların  vəhdəti  nə  poeziya  sənətinə,  nə  də  təbiətə 
ziddir...  Əgər  bu  janr  ispanlar  tərəfindən  kəşf  edilibsə,  bu, 
məzəmmətdən  çox  tərifə  layiqdir."  Halbuki  eyni  qənaət 
Fransada hətta XVIII əsrdə də rədd edilmiş, ancaq XIX əsrin 
20-ci  illərində  fransız  romantikləri  bu  prinsiplə  yazıb  yarat-
mağa başlamışlar. 
Zaman  və  məkan  vəhdəti,  teatrın  əyləndirməsi  və 
tərbiyə  etməsi  haqqında  və  başqa  məsələlər  ətrafında  da 
ispan  intibah  realizminin  nəzəriyyəçiləri  Lope  de  Veqanın 
zəngin,  xəlqi,  humanist  yaradıcılığına  əsaslanaraq  qabaqcıl 
fikirlər yürüdürlər. 
XVII  əsr  ispan  ədəbiyyatının  ən  güclü  ədəbi  cərə-
yanlarından biri də barokko idi. İspaniyanın mürəkkəb xarici 
və  daxili  şəraiti  ilə  şərtlənən  bu  ədəbi  cərəyan  cəmiyyətin 
geniş təbəqələrini əhatə etmişdir. Barokko antik incəsənətin, 
İntibah  dövrünün  estetik  prinsiplərini,  xalqın  milli  bədii 
zövqünü  rədd  etmirdi.  Barokko  cərəyanının  nümayəndələri 
İntibah  və  antik  dövr  incəsənətinin  nailiyyətlərinə  istinad 
etməklə  orta  əsrlər  klerikal  /dini/  ədəbiyyatının  ənənələrini 

Afaq Yusifli İshaqlı 
 
 
310 
dirçəldir,  öz  ömrünü  yaşamış  formalara  yeni  ruh  verirdilər. 
Kədər,  bədbinlik,  ümidsizlik  duyğuları  ilə  yanaşı  güclü 
poetik  forma,  üslub  xüsusiyyətləri  barokko  ədəbiyyatına 
özünə  məxsus  bir  gözəllik  və  cazibə  qüvvəsi  verirdi.  Lakin 
bu  ədəbi  cərəyanları  dövrün  sosial,  siyasi,  mənəvi 
inkişafından  təcrid  olunmuş  şəkildə  qiymətləndirmək 
çətindir. 
Üç  müxtəlif  ədəbi  cərəyanın  yanaşı  mövcud  olduğu 
bu  dövrdə  ispan  ədəbiyyatında  şeir,  nəsr  və  dramaturgiya 
sahəsində bir sıra görkəmli nailiyyətlər qazanılmışdır. Şeirdə 
Qonqora, Kristobal de Mesa, Xuan de Argixo, Rodriqo Karo, 
Arxensola, Ameskua Vilyamediana, Luis de Pereyra, Roxas, 
Montalvan,  Balbuena,  Fransisko  de  Trilyo-i-Fiqera  və 
başqaları məşhur idisə, nəsrdə Kevedo, Qarsian, Qevara kimi 
yazıçılar tanınırdı.  Lakin ispan ədəbiyyatı özünün ən böyük 
nailiyyətlərini dramaturgiya  sahəsində  qazanmışdır.  Lope  de 
Veqanın,  Tirso  de  Molinanın,  Kalderonun  və  başqa 
dramaturqların əsərlərində ispan gerçəkliyi daha dolğun əks 
olunmuşdur. 
QONQORA  /1561-1627/.  XVII  əsr  ispan  ədəbiyya-
tında barokko ədəbi cərəyanının ən böyük şairi Don Luis de 
Qonqora-i-Arqote  olmuşdur.  Servantes  onu  "nadir  və 
təkrarolunmaz  bir  dahi"  adlandırmışdır.  Qonqora  öz  orijinal 
poeziyası  ilə  barokko  ədəbiyyatında  qonqorizm,  kultizm, 
kulterianizm 
adları  ilə  səciyyələnən  bir  cərəyanın 
yaranmasına səbəb olmuşdur. 
O, Kordovada qədim zadəgan ailəsində doğulmuşdur. 
Atası  Fransisko  de  Arqote  Kordova  şəhər  hakimi  idi.  İlk 
təhsilini  şair  evdə  almış,  Salamanka  universitetində 
oxumuşdur. Qonqora təhsilini bitirib keşiş rütbəsi alır və bir 
vəzifə tutmaq arzusu ilə Madridə gəlir. Lakin latın və yunan 
dillərini  mükəmməl  bilməsi  və  aristokratlığı  ona  kömək 
etmir.  Qonqora  uzun  müddət  müxtəlif  vəzifələrə  namizəd 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
311 
olur,  ancaq  gəlirli  bir vəzifə  tutmağa  layiq  görülmür.  Ancaq 
ölümündən  bir  az  əvvəl,  1616-cı  ildə  o,  III  Filippin  saray 
kapellanı vəzifəsini tutmağa layiq görülür. Bu rütbə nə qədər 
şərəfli olsa da, şairi maddi cəhətdən təmin etmirdi. Qonqora 
bu dövrdə yazdığı məktublarda yoxsulluqdan, onu təqib edən 
uğursuzluqlardan,  borclarını  ödəmək  üçün  ev  əşyalarını 
satmasından  danışır,  şikayətlənir.  Şeir  yaradıcılığı  da  onu 
sevindirməmişdir.  Madriddə  olarkən  o,  şeirlərindən  çox  az 
bir hissə çap etdirmişdir. Ölümündən iki il əvvəl şair səhhəti 
pozulmuş  halda  ciddi  baş  ağrıları  ilə  doğma  şəhəri 
Kordovaya qayıdır. Qonqoranın şeirləri ilk dəfə 1627-ci ildə, 
ölümündən bir az sonra "İspan Homerinin mənzum əsərləri" 
adı  ilə  çap  olunur,  əsərlərinin  tam  toplusu  isə  1634-cü  ildə 
işıq  üzü  görür.  Ölümündən  sonra  o,  İspaniyanın  ən  böyük 
şairi kimi şöhrət qazanır. 
Qonqora  İspaniyanın  həyatında  baş  verən  güclü 
siyasi-ictimai  və  mədəni  böhran  dövründə  yaşayıb  və  yeni 
dövrün qarşıya qoyduğu problemlərə cavab verərək öz poetik 
üslubunu yaratmışdır. Ədəbiyyat tarixində qonqorizm, yaxud 
kulteranizm adı ilə məşhur olan bu üslub ispan ədəbiyyatının 
sonrakı  inkişafı  üzərində  güclü  təsirə  malik  olmuşdur.  hətta 
Lope  de  Veqa,  Fransisko  Kevedo  kimi  ədəbi  düşmənləri  də 
Qonqoranın  təsirindən  yaxa  qurtara  bilməmişdir.  Bəzən  onu 
qaranlıq,  dumanlı,  cəfəng  şair  saymışlar.  Lakin  XIX  əsrin 
sonlarında  Fransada,  XX  əsrdə  isə  İspaniyada  Qonqoranın 
irsinə maraq güclənmişdir. Ruben Daria, Qarsia Lorka, Pablo 
Neruda  kimi  şairlər,  Damaso  Alonso,  Menendas  Pedal  və 
başqa ədəbiyyatşünaslar onun poetik təcrübəsini yeni şəkildə 
dərk etməyə çağırırdılar. 
Qonqoranın  poeziyasında  İntibah  humanizmi  yeni, 
adət  olunmamış  formalarda  təzə  həyat  qazandı  və  yaşadı. 
Adətən,  Qonqoranın  yaradıcılığını  iki  dövrə  bölürlər:  aydın 
üslub dövrü /1610-cu ilə qədərki dövr/, dumanlı üslub dövrü 

Afaq Yusifli İshaqlı 
 
 
312 
/1610-cu ildən sonrakı  dövr/.  Müasir  ədəbiyyatşünaslıq  belə 
bir bölgünü rədd edir. Aparılan tədqiqatlar nəticəsində sübut 
olunur  ki,  poetik  üslubların  şüurlu  şəkildə  qarışdırılması, 
şairin  şəxsi  bədii  tapıntılarının  problemləşdirilməsi, 
latinizmlər  və  neologizmlər  hesabına  şeirdə  işlənən  söz 
ehtiyatının  genişləndirilməsi,  sintaksisin  qətiyyətlə  yenidən 
qurulması  kimi  xüsusiyyətlər  onun  yaradıcılığının  bütün 
dövrləri  üçün  xasdır.  Onun  ilk  dövrlərdə  tez-tez  müraciət 
etdiyi  romans,  letrilya,  sonet  janrlarına  1616-cı  ildən  sonra 
da rast gəlirik. 
Müasir  ispan  filoloqu  Damaso  Alonso  doğru  qeyd 
edir  ki,  Qonqora  özünün  ən  yaxşı  əsərlərini  yaradıcılığının 
ikinci,  dumanlı  dövründə  yazmışdır.  "Polifem  və  Qalateya 
haqqında  dastan",  "Piram  və  Fisba",  "Tənhalıqlar"  kimi 
əsərlərində  onun  şeir  texnikası,  sənətkarlığı  əlçatmaz  bir 
yüksəkliyə qalxır. Onun bu dövrdə yazılan şeirlərində sönük, 
süst  bir  misra  belə  tapmaq  çətindir.  Şair  üslubu  son  dərəcə 
gərginləşdirir, metonimiya, istiarə və mübaliğələrdən sıx-sıx 
bəhrələnir.  Şeir  mətninə  artıq  işlək  olmayan  latın  sözləri 
daxil edilir, ifadələrin quruluşu mürəkkəbləşdirilir. Ona görə 
də Qonqoranı birdən-birə, asanca başa düşmək çətindir, onu 
anlamaqdan ötrü müəyyən hazırlıq və diqqət tələb olunur. 
Orta  əsr  ispan  poeziyasının  ən  mühüm  xüsusiy-
yətlərindən biri onun ərəb şeiri ilə sıx əlaqəsi olmasıdır. Bu 
əlaqə  XVI-XVII  əsrlərdə  da  davam  etmişdir.  Əndəlisdə  isə 
ərəb  poeziyasının  forma  və  motivləri  daha  güclü  olmuşdur. 
Qonqora  keçmiş  ispan-ərəb  xilafətinin  paytaxtı  Kordovada 
doğulduğu  üçün  onun  şeirlərində  ərəb  poeziyasından  gələn 
cəhətlər  daha  güclü  olmuşdur,  o  cümlədən,  Andalusiyada 
yaşamış ərəb şairi İbn Səidin şeirləri ilə Qonqoranın şeirləri 
arasında  bir  sıra  bədii  vasitələrin,  poetik  üsulların  yaxınlığı 
tədqiqatçıların  diqqətini  nahaq  yerə  cəlb  etməmişdir.  Lakin 
bu  poeziyada  yunan-latın  mədəniyyəti  ilə  yaxınlaşan 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
313 
Qonqora həm də yeni bir hadisə kimi meydana çıxır. 
O,  ilk  dəfə  İspaniyada  poetik  dilin  zərif  incəliyi  ilə 
fikrin  dumanlığı  prinsipini  dəb  halına  gətirdi.  Bu  yolla 
Qonqora  özünün  irsinin  yüksək  mədəni  təbəqələr  üçün 
olduğunu,  sadə,  qara  camaatdan  ötrü  yazılmadığını  nəzərə 
çatdırırdı. O, belə güman edirdi ki, hamı üçün yox, seçmələr, 
mədənilər  /ispanca,  "los  kultos"/  üçün  yazmaq  lazımdır. 
Kulteranizm termini belə yaranmışdır. 
Ancaq  "mədənilər",  seçmələr  üçün  yazmaq  prinsi-
pində 
qonqoristlər 
klassisistlərlə 
birləşdilər. 
Lakin 
klassisistlər xalqa nifrət etmir, əksinə onlar mədəniyyətsizlik, 
gerilik səviyyəsinə enmədən, onları maarifləndirmək və antik 
mədəniyyət  zirvəsinə  qaldırmaq  meyli  ilə  hərəkət  edirlər. 
Qonqoristlər  isə  incəsənətin  aristokratlığı  prinsipini  təbliğ 
edir,  xalqa  ikrahla  yanaşırlar.  Onların  mədəni  hesab  etdiyi 
adamlar  qeyri-real,  ancaq  instinktiv  yolla  dərk  edilənləri 
anlayanlardır.  Qoy  qara  camaat  öz  vulqarlığı  ilə  torpaqda, 
kobud maddi aləmdə batıb qalsın. Şair ondan yüksəkdir, ona 
nifrət  edir,  ancaq  çox  seçmələr,  incə  təbiətli  adamlar  üçün 
yaradır. 
Qonqora  öz  şeirlərində  həmişə  ən  ağılkəsməz  söz 
birləşmələri  düzəldir,  bir-birini  rədd  edən  anlayışları 
qarşılaşdırır,  gözlənilməz  müqayisələr  aparır,  nadir  bən-
zətmələr,  istiarələr  işlədir.  Fransisko  Kevedo  Qonqoranın 
şeirlərində  olan  bu  cəhətə  işarə  edərək  yazır:  "Kul-
teranistlərin  zərgərlik  emalatxanasında  çaylar  üçün  axan 
büllur  və  dəniz  köpüyü  üçün  donmuş  büllur,  dənizin  hamar 
səthi  üçün  yaqut  xalça,  çəmənliklər  üçün  zümrüd  süfrələr 
hazırlanır.  Qadın  gözəlliyi  orada  cilalanmış  gümüşdən 
boyunlar, saçlar  üçün  qızıl saplar,  gözlər  üçün  inci ulduzlar, 
sifətlər  üçün  mərcan  və  ləl  dodaqlar,  pəncələr  üçün  fil 
sümüyündən  əllər,  fısıldamaq  üçün  ənbər  nəfəslər,  sinələr 
üçün  brilyantlar,  yanaqlar  üçün  çoxlu  miqdarda  sədəf 

Afaq Yusifli İshaqlı 
 
 
314 
hazırlanmışdır. Onların şeirlərində qadınlara əvvəlcədən kürk 
və  çəkmə  geyib  ancaq  xizəkdə  yaxınlaşmaq  olar:  əl,  alın, 
boyun,  sinə  hamısı  buzdan  və  qardandır."  Kevedo  bir  qədər 
mübaliğəyə  yol versə də, onun iradları doğrudur. Bu iradlar 
Sabirin  klassik  Azərbaycan  ədəbiyyatında  geniş  yayılan, 
qadın  gözəlliyinin  təsvirində  sıx-sıx  işlənən  bənzətmələrə 
qarşı yazılmış şeirini xatırladır. 
Qonqora  və  onun  davamçıları  ispan  ədəbiyyatında 
barokko  ədəbi  cərəyanının  əsas  nümayəndələridir.  Məsələ 
təkcə  formada,  dildə,  üslubda  deyil,  bəlkə  onların  həmin 
formadan  istifadə  edərək  irəli  sürdükləri  baxış  və 
görüşlərdədir. Onların əsərlərində barokko üslubuna məxsus 
bir  bədbinlik,  faciəvilik,  nizamsızlıq,  sistemsizlik  var. 
Qonqoranın  işlətdiyi  bəzi  müqayisələrə  diqqət  yetirək:  "ən 
şirin zəhər", "oxşamalar və iniltilər", "bəxtiyar iztirab". 
Ümidsizlik, bədbinlik, dünyanın puçluğu, mənasızlığı 
haqqında  danışmaq,  uğursuzluğu,  ölümü,  iztirabları  qələmə 
alman  qonqoristlər  üçün  təbii  bir  haldır.  Qonqoranın  bir 
şeirindən götürdüyümüz aşağıdakı parça bu cəhəti doğru əks 
etdirir. 
 
Xeyir – bir günlük çiçək, 
Açılar tezdən səhər. 
Günorta artıq solar, 
Qalmaz ondan bir əsər. 
Kədər – müəzzəm palıd, 
Ucalar asimana. 
Saqqalı yamyaşıldır, 
Zaman toxunmaz ona. 
Həyat saçan bir ceyran, 
Köksündən vurur əcəl. 
Uğur – ilbiz. Sürünür. 
Çatmaz ölümdən əvvəl. 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
315 
"Ümid sübhü aparır, gözləmir zaman ancaq: 
Xeyir dağlar dalında, ölüm qapıdadır, bax!" 
 
Belə bir kədər, ümidsizlik zamanın doğurduğu əhval-
ruhiyyə  idi.  Süqut,  tənəzzül  dövrünün  doğurduğu  bədbinlik 
idi.  Qonqora  ilk  dəfə  ispan  ədəbiyyatında  bu  süqutu  görən, 
onu  yeni,  orijinal  poetik  forma  ilə  əks  etdirən  qüdrətli, 
yenilikçi  bir  şair  olmuşdur.  Klassistlərin,  Lope  de  Veqa  və 
Kevedonun  hücumlarına baxmayaraq  qonqorizm  XVII  əsrin 
ədəbiyyatına güclü təsir göstərmiş, hətta onun düşmənləri də 
bu təsirdən yaxa qurtara bilməmişlər. Kalderonun yaradıcılı-
ğında bu ədəbi cərəyanın təsiri daha güclü olmuşdur. 
Qonqora  şüurlu  şəkildə  yaradıcılıq  işi  aparan,  nə 
istədiyini  çox  gözəl  bilən,  öz  poetik  sistemini  nəzəri 
cəhətdən  əsaslandırmağı  bacaran  bir  sənətkar  idi.  1613-cü 
ildə öz "Tənhalıqlar" poemasını bitirib Kordovadan Madridə 
göndərəndə  onu  başa  düşməmiş  və  etirazla  qarşılamışlar. 
Anonim  rəyçinin  poemanın  dili  haqqındakı  kəskin  tənqidi 
qeydlərinə  cavab  olaraq  şair  yazırdı  ki,  o,  ümumişlək  ispan 
dilinə  kamillik  və  mürəkkəblik  verib,  onu  nəsr  dilindən 
fərqlənən  qəhrəmanlıq  dilinə  yaxınlaşdırmaq  istəmişdir. 
İfadələrin  tam  aydın  olmaması,  qaranlıq  qalması  oxucunu 
düşünməyə,  şairlə  fəal  yaradıcılıq  əməkdaşlığına  yönəldir. 
Adi, adət olunmuş, hamının işlətdiyi söz və ifadələr oxucunu 
hərəkətə gətirmir, dumanlılıq isə onu fəallaşdırır, düşündürür, 
aydın  olmayanı  aydınlaşdırmağa  çağırır.  Gördüyümüz  kimi, 
Qonqora  mürəkkəblikdən,  fikrin  aydın  olmamasından  şeirin 
estetik təsir gücünü artırmaq məqsədilə istifadə edir. 
Qonqora  fikrinin  genişliyi,  maraq  dairəsinin  rənga-
rəngliyi,  mədəni  səviyyəsinin  zənginliyi  ilə  seçilən  bir 
şairdir,  onun  şeirlərində  coşqun  lirizmlə  öldürücü  sarkazm, 
xalq  romanserolarını  xatırladan  aydın  ahəngdar  şeirlərlə 
"Tənhalıqlar"  poemasının  rəmzi,  eyhamlı  obrazlılığı  bir 

Afaq Yusifli İshaqlı 
 
 
316 
vəhdət  halındadır.  Qonqora  İspaniyada  barokko  üslubi 
cərəyanının  banisi  kimi  tanınır.  Onun  şeir  dilinin, 
obrazlarının  yeniliyi  İspaniyanın  və  Latın  Amerikasının  bir 
çox sənətkarlarının diqqətini cəlb etmiş, Ruben Dario, Pablo 
Neruda kimi şairlərə də təsir göstərmişdir. 
 
Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin