9
DĠL HAQQINDA MƏLUMAT
Dil cəmiyyətin varlığı, onun təşəkkülü və inkişafı üçün çox
zəruri olan bir vasitədir. Cəmiyyətdə dilin başlıca rolu onun əsas
ünsiyyət vasitəsi olmasıdır.
Dil fikrin ifadə aləti kimi təzahür etdiyinə görə beyinin fəa-
liyyəti ilə bağlı olan təfəkkürlə sıx əlaqədədir. Dil ilə təfəkkür
eyni vaxtda və eyni mənbədən yarandıqları üçün vəhdət təşkil
edir. Lakin çox oxşar cəhətlərin olmasına baxmayaraq, dil ilə tə-
fəkkür heç də eyniyyət yaratmır. Bunların hər birinin özünəməx-
sus cəhətləri vardır. Bu fərqlərin ən başlıcası odur ki, dil lüğəvi
və qrammatik vasitələrdən istifadə edir. Lakin təfəkkür üçün
istifadə mənbəyi sözlər və cümlələr deyil, məfhumlar və
hökmlərdir.
Təfəkkürün ifadə vasitəsi olan dil ictimai hadisədir.Bu, digər
ictimai hadisələrlə də əlaqədədir. Lakin dil heç də bütün cəhətləri
ilə başqa ictimai hadisələrə oxşamır. Bunun özünəməxsus xüsu-
siyyətləri vardır. Dilin başlıca səciyyəvi əlaməti ondan ibarətdir
ki, o bir neçə ilin, yaxud müəyyən bir dövrün məhsulu olmayıb,
bir çox əsrlər boyu yaranır və inkişaf prosesi keçirərək get-gedə
formalaşır, zənginləşir. Həmçinin, dil yarandığı zamandan etiba-
rən xidmət etdiyi cəmiyyət üzvləri arasında heç bir fərq qoy-
madan bütün üzvlər üçün eyni dərəcədə ünsiyyət vasitəsi olur.
Buna görə də dil ictimai xarakterə malikdir.
Dil xalqın tarixi ilə üzvi surətdə əlaqədar olub, çünki dil
ancaq cəmiyyət daxilində təşəkkül tapır. Dili yaradan xalqdır. Elə
buna görə də dilin taleyi onu yaradan xalqın taleyi ilə bağlı olur.
Hər bir xalq ünsiyyət üçün öz dilini yaratdıqdan sonra onu
qoruyub və inkişaf etdirir. Azərbaycan xalqı da hələ uzaq keç-
mişdə öz ana dilini yaratmışdır. Xalqımızın yaratdığı həmin dilə
hal-hazırda Azərbaycan dili deyilir.