Ailədə səhər gigiyenik gimnastikasının vəzifələri.
1) Şagirdlərin sağlamlığını və fiziki inkişafını möhkəmlətmək: 2) Hərəkətlərin səmərəli
mənimsənilməsinə kömək etmək; 3) Şagirdlərdə müntəzəm olaraq fiziki hərəkətləri icra etmək vərdişə
yaratmaq; 4) Şagirdlərin tədris-hərəki – gün rejiminə alışdırmaq və s.
Ailədə səhər gigiyenik gimnastikasının təşkilinə verilən tələblər:
Səhər gigiyenik gimnastikasının 1) açıq və təmiz havada keçirilməsi; 2) tədris gün hərəkət rejiminə
riayət edilməsi; 3) səhət-sağlamlığın nəzərə alınması; 4) səhhətə uyğun və müxtəlif hərəkətlərin
seçilməsi; 5) keçirilmə yerinin səhiyyə gigiyenik tələblərə uyğun olması; 6) kompleks hərəkətlərin
tədricən çətinləşdirilməsi; 7) kompleksin 4-6 hərəkət elementindən ibarət olması, 4-5 dəfə təkrarlanması;
8) kompleksin bədən tərbiyəsi proqramına uyğun olması və s.
Yoxlama – test sualları
1.Ailədə uşaqların fiziki tərbiyəsinin əhəmiyyəti nədən ibarətdir?
2.Ailədə kiçik məktəbyaşlı uşaqların gün rejiminin məzmunu və təşkilinə nə daxildir?
3.Ailədə uşaq orqanizminin təbii amillərlə möhkəmləndirilməsi qaydaları hansılardır?
4.Ailədə uşaqların orqanizminin fiziki hərəkətlər və oyunlarla
möhkəmləndlirilməsi qaydalarını göstərin.
5.Ailədə uşaqların bədən tərbiyəsi dəqiqələrinin təşkilinin əhəmiyyəti nədən ibarətdir?
6. Ailədə uşaqların səhər gigiyenik gimnastikasının təşkili və keçirilməsinin mühüm xüsusiyyətlərini
göstərin.
Yaradıcılıq işi üçün təxmini mövzular
1.Ailədə uşaqların fiziki tərbiyəsinin məzmunu və onun təşkili.
2.Ailədə uşaq orqanizminin möhkəmləndirilməsi
275
3.Ailədə uşaqların fiziki tərbiyəsinin təşkili və keçirilməsi prinsipləri
4.Ailədə uşaqların fiziki tərbiyəsinin təlimi metodları
276
X F Ə S İ L. ŞAGİRDLƏRİN FİZİKİ TƏRBİYƏSİNDƏ
MƏKTƏB, AİLƏ VƏ İCTİMAİYYƏTİN
ƏLBİR İŞİ
PLAN
1.Valideyn
konfransı
2.Sinif valideyn iclası
3.Valideynlərlə aparılan fərdi iş
4.
Uşaqların fiziki tərbiyəsində ictimaiyyətin rolu.
ƏDƏBİYYAT
1.Quliyev S.M. Məktəb dostları. Bakı, «Maarif» nəşriyyatı, 1974.
2.Hüseynov Y. Şagirdlərin fiziki tərbiyəsinin inkişafında məktəbin və ailənin birgə işi. «Məktəbdə bədən
tərbiyəsi» məcmuəsi, № 3, 1976.
3.Həmidov S. Şagirdlərin fiziki tərbiyəsində məktəbin ailə ilə birgə işi. «Məktəbdə bədən tərbiyəsi»
məcmuəsi, № 4, 1976.
4.Məmmədov H. Şagirdlərin fiziki tərbiyəsinin təşkilində ictimaiyyətin rolu. «Məktəbdə bədən tərbiyəsi»
məcmuəsi, № 2 , 1979.
5.Camalov C. Çağırışaqədər və çağırışyaşlı şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsində məktəbin ail əvə
ictimaiyyətlə birgə işinin məzmunu və metodları. «Məktəbdə bədən tərbiyəsi» məcmuəsi, №4, 1981-ci il.
X FƏSİL. ŞAGİRDLƏRİN FİZİKİ TƏRBİYƏSİNDƏ
MƏKTƏB, AİLƏ VƏ İCTİMAİYYƏTİN
ƏLBİR İŞİ
X.1. Valideyn konfransı
Bədən tərbiyəsi və idmanın şagirdlərin həyatına tam daxil olması üçün məktəbin ailə və
ictimaiyyətlə əlbir iş aparması mühüm əhəmiyyət kəsb edir. Valideynləri pedaqoji cəhətcə
savadlandırmaq, onlara fiziki tərbiyənin nəzəri-metodik əsaslarını öyrətmək vəzifəsi birinci növbədə
məktəbin üzərinə düşür. Məktəb və ictimaiyyət probleminin ikinci bir xətti də vardır. Bu pedaqoji
kollektivin valideynlərlə iş aparmasından, pedaqoji bilikləri təbliğ etməsindən ibarətdir. Məktəb bədən
tərbiyəsi kollektivi valideynlərlə sıx əlaqə saxladıqda uşaqların ailədə fiziki tərbiyəsi üzrə olan
nöqsanların yaranma səbəblərini aşkara çıxarır, şagirdlərin ev şəraitində gün rejiminin tərtibi vəziyyətini
öyrənir və bu sahədə onlara kömək göstərir.
Məktəbin fiziki tərbiyəsi sahəsində çalışan mütəxəssisləri, bu sahədəki biliklərini valideyn
ictimaiyyəti arasında yaymaqdan ötrü müxtəlif əlaqə formalarından istifadə edirlər.
Məktəbin ailə ilə əlaqə formalarından biri məktəbdə fiziki tərbiyəyə həsr olunmuş valideyn
konfransıdır. Bu forma məktəbin ailə ilə bədən tərbiyəsi sahəsində sıx əlaqə saxlamasında mühüm rol
oynayır. Konfransda validenylərə öz uşaqlarını fiziki cəhətdən möhkəm, iradəli tərbiyə etmək sahəsində,
həmçinin böyüməkdə olan gənc nəslin sağlamlığının möhkəmləndirilməsi və müasir zamanda fəal həyat
mövqeyinə sahib olması naminə hökumətimiz tərəfindən qarşıya qoyduğu vəzifələr və tələblər onlara izah
edilir. Bu işdə nə kimi məsuliyyət daşıdıqları valideynlərin nəzərinə çatdırılır. Belə konfranslarda
valideynlərə bədən tərbiyəsi və idmanın, sinifdən və məktəbdənxaric kütləvi sağlamlıq tədbirlərinin
uşaqların əməyə hazırlanmasında, düzlük, doğruçuouq, vətənə bağlılıq, onun yolunda canından keçmək
ruhunda tərbiyə olunmasında rolu başa salınır.
277
Məktəb valideyn konfranslarında qabaqcadan hazırlıq işləri aparıldıqda, valideynləri maraqlandıran
bədən tərbiyəsi, sağlamlıq məsələləri ətrafında müzakirələr təşkil olunduqda, daha məzmunlu keçir və
geniş valideyn kütləsini özünə cəlb edir. Belə konfransların müvəffəqiyyətlə keçməsində mövzunun
aktual olması, elmi əsasda qurulması vacib şərtlərdən sayılır.
Valideyn konfransında respublika, beynəlxalq yarışların qaliblərinin, habelə Avropa, Dünya və
Olimpiya çempionları və mükafatçılarının çıxışlarını və məruzələrini təşkil etmək daha effektli olur. Əgər
konfransda bədən tərbiyəsi gün rejimi haqqında məruzə dinlənilərsə, həmin məruzənin təxminən
aşağıdakı məsələləri əhatə etməsi məqsədəuyğundur. Məruzəçi şagirdlərin normal fiziki inkişafında,
bədənin möhkəmləndirilməsində, eləcə də iradi, dəqiqlik və mütəşəkkillik kimi keyfiyyətlərin
aşılanmasında düzgün təşkil olunmuş gün rejiminin əhəmiyyətindən danışması məqsədəuyğundur.
Bundan sonra uşağın yaş və səhhəti nəzərə alınaraq onlar üçün təşkil edilən əmək işləri, istirahət və
səmərəli qidalanma yollarına dair valideynlərə məlumatlar da verilməlidir. Məruzə və məlumatlarda həm
də ailə şəraiti üçün fiziki hərəkətlərin, oyunların keçirilməsi, onların məzmunu və orqanizmin təbii
amillər vasitəsilə möhkəmləndirmək qaydaları öz əksini tapmaqdır. Fiziki tərbiyəyə həsr edilmiş digər
valideyn konfransında isə bədən tərbiyəsi hərəkətlərinin və idmanın orqanizmə təsiri üzrə də məruzə
təşkil etmək olar. Məruzədə birinci növbədə məktəblilərin nə kimi zeyni işlə məşğul olmasından, onun
xarakterindən danışmalıdır. Valideynlərin nəzərinə çatdırmaq lazımdır ki, uşaqlar vaxtlarının çox
hissəsini parta arxasında oturmaqla, televiziya verilişlərinə baxmaqla, ev tapşırıqlarını yerinə yetirməklə
məşğul olurlar. Bütün bunlar isə qan təzyiqini artırır, yaxından görməyə, tez yorulmağa səbəb olur. Bu
beynin qan dövranının normal hərəkətinə mənfi təsir göstərir, onurğada qeyri-normal əyriliklərin
yaranmasına şərait yaradır. Sonra isə bu cür xəstəliklərin və xoşagəlməz halların qarşısının alınmasında
bədən tərbiyəsi və idmanın böyük profilaktik tədbir olmasını faktlar vasitəsilə sübut etmək,
əyaniləşdirmək zəruridir.
X.2. Sinif valideyn iclası
Valideynlərlə aparılan kollektiv işin əsas formalarından biri də sinif valideyn iclasıdır.
Valideynlər arasında bədən tərbiyəsi, tibbi və idman biliklərinin təbliğində sinif valideyn iclası xüsusi yer
tutur. Qabaqcıl bədən tərbiyəsi və sinif müəllimləri və rəhbərləri valideyn iclasları ilə ailə başçılarının
pedaqoji cəhətdən savadlandırmaqla bərabər, ailədə fiziki tərbiyəni həyata keçirməyin yol və vasitələrini
də onlara öyrədirlər.
Sinif müəllimləri valideyn iclasları üçün fiziki tərbiyə üzrə söhbət və məruzələri, sinfin həmin
sahədəki ehtiyacını nəzərə almaqla keçirirlər. Bəzi uşaqların yazı gigiyenası və qaydalarının tələblərinə
düzgün riayət etməmələrini müşahidə etdiklərini bildirirlər. Onlar həmin nöqsanları aradan qaldırmaq
üçün valideynlərlə birgə işləməyə üstünlük verirlər. Bu məqsədlə də valideyn iclası çağırırlar.
Valideynlərə yazı zamanı uşaqların etdiyi nöqsanları, xüsusən parta arxasında düzgün olaraq
oturmamalarını, beli əymələrini, sol (sağ) gözün sağ gözə nisbətən kağızdan normadan artıq uzaq
olmasını və s. haqqında valideynlərə məlumat verirlər. Sonra onlar yazı gigiyenası qaydalarına
yiyələnməməyin zərərli cəhətlərindən danışırlar. Müəllimlər qeyd edirlər ki, yazı zamanı düzgün
oturmamaq göz akkomodasiyasının simmetrikliyini pozur, gözün tez yorulmasına və miopiya (yaxından
görməzlik) xəstəliyi ilə nəticələnir. Çəp yazı qaydasından istifadə etmək onurğanın yana əyilməsinə
(skolioza), arxa əzələləri toplusunun simmetriyasının və parta arxasında düzgün oturmaq qaydasının
pozulmasına səbəb olur. Gözlə dəftər arasındakı məsafə 25-30 sm əvəzinə 21 sm olur. Arxa, yuxarı çiyin
və qarın qrupu əzələləri gərginləşir, simmetriklik pozulur. Bu cür yazı, görmə üzvünün qabiliyyətini
minimum səviyyəyə endirir. Müəllimlər eyni zamanda valideynlərə düz yazı qaydasını da göstərirlər.
Onlar qamətin düzgün inkişafı üçün bir sıra hərəkətləri də valideynlərə yazdırır, həmin hərəkətlərin evdə
uşaqların icra etmələrinə nəzarət etməyi onlara tapşırırlar. Müəyyən müddət keçdikdən sonra
valideynlərlə söhbət aparmış, uşaqların yazılarına baxış keçirilmişdir. Məlum olmuşdur ki, bir müddət
sonra sinfin bütün uşaqları yazı qaydasına yiyələnmişlər. Valideynlərlə söhbət zamanı aydın oldu ki,
onları yazı qaydaları ilə əlaqədar ailədə uşaqlarla müntəzəm, ardıcıl iş aparmış və onların təlim-
tərbiyəsinə nəzarəti gücləndirmişlər.
X.3. Valideynlərlə aparılan əlbir iş
278
Təcrübə göstərir ki, valideynlərlə aparılan fərdi iş şagirdləri tərbiyələndirməkdə, onlarda təbii
hərəkət keyfiyyətləri və gigiyenik vərdişlər aşılamaqda müəllimə kömək göstərən ən yaxşı vasitələrdən
biridir. Fərdi iş zamanı müəllimin uşaqların fiziki inkişafında, fiziki hazırlığında və səhhətində olan
qüsurların qarşısını almaqdan ötrü müəyyən tədbir görür. Təcrübədən aydın olur ki, müəllim şagirdlərlə
fərdi işi iki formada şagirdlərin evinə getmək və ailə başçısını məktəbə dəvət etmək formasında aparır.
Müəllim ata-ana ilə söhbət edərkən uşağın nöqsanını, yaxşı cəhətlərini pedaqoji ustalıqla onlara
çatdırmalıdır. Söhbət elə təşkil olunmalıdır ki, valideyn deyilən nöqsanlardan düzgün nəticə çıxarsın, öz
uşağının tərbiyəsində məsuliyyət daşıdığını dərk etsin və bu işi özlərinə borc bilsinlər. Uşağın qüsuru ilə
əlaqədar, valideynlə müəllim arasında gedən söhbətdə onların iştirakı məsləhət deyildir. Bir sıra
məktəblərdə fərdi iş əlaqə formasında istifadə olunarkən müəllimlər ciddi nöqsanlara yol verirlər. Onlar
valideyni uşağın yanında danlamaqla, həm də təhqiredici sözlər işlədirlər. Bəzən bir uşağın qüsuru ilə
əlaqədar olan söhbəti digər valideyn və uşaqlar da eşidirlər. Bu nəticə etibarı ilə söz-söhbətə səbəb
olmaqla yanaşı, qüsuru olan uşağa və onun valideyninə pis təsir göstərir. Bəzən buna görə də valideynlər
müəllimin çağırışına gəlmir, məktəblə sıx əlaqəni kəsirlər. Belə vəziyyətin yaranmaması üçün müəllim
aparacaq söhbətə qabaqcadan hazırlaşmalı, valideynə məsələni necə çatdıracağı haqqında düşünməlidir.
Buna aid məktəb təcrübəsindən bir misal çəkək.
Sinif müəllimlərindən biri onun sinfində oxuyan şagird B.-də bədəncə qüsur olduğunu görür, o, hiss
edir ki, həmin uşaq sağ çiynini sol çiyinə nisbətən yuxarı tutur. Qamətini düzgün saxlamır. O, bədən
tərbiyəsi müəllimi və həkimlə bu barədə məsləhətləşir. Onurğa əyriliklərinin qarşısını almaqla əlaqədar
tibbi-pedaqoji kitablar oxuyur. Bundan sonra uşağın valideynlərini məktəbə çağırtdırır. O, uşaq
orqanizminin fiziki inkişafı, anatomik-fizioloji xüsusiyyətləri, fiziki hərəkətlərin sağlamlıq üçün
əhəmiyyəti onun qamətinin inkişafında rolu və s. dair söhbət edir. Sonra uşağın fiziki inkişafda olan
qüsurundan və onun qarşısını almaq yollarından danışır. Eyni zamanda, müəllim qamətin düzgün inkişafı
üçün tərtib etdiyi kompleks hərəkətləri yazdırır, düzgün oturmağa, düzgün yerişə dair valideynə məsləhət
verir. Göstərilənlərin uşaq tərəfindən müntəzəm olaraq yerinə yetirilməsinə ciddi surətdə nəzarət etməyi
ona tapşırır. Müəllimin valideynlə apardığı əlbir tədbirin nəticəsidir ki, B. düzgün yerişə yiyələnmiş, onun
qamətində olan qüsur isə tədricən aradan qaldırılmışdı.
Valideynlə məktəbin fərdi əlaqə saxlamasının ikinci yolu ailəyə getmək, ev şəraiti ilə tanış
olmaqdır. Qabaqcıl sinif müəllimləri tədris ilində bir neçə dəfə sinifdə oxuyan uşaqların evlərinə gedir və
ailə şəraiti ilə tanış olurlar. Müəllim ailə şəraiti ilə tanış olmaqla yanaşı, uşaqların özünü evdə, həyətdə
necə aparması, gün rejiminə necə əməl olunmasını öyrənir. Bu sahədə valideynlərə lazımi kömək göstərir.
X.4.Uşaqların fiziki tərbiyəsində ictimaiyyətin rolu
Ölkəmizdə bədən tərbiyəsi və idman günbəgün inkişaf etdirilir. Onun əsası məktəbdə və ailədə
qoyulsa da, idarə və müəssisələrdə də bədən tərbiyəsi və idman geniş yayılır və kütləviləşdirilir.
Məktəbli gənclər arasında kütləvi bədən tərbiyəsi və sağlamlıq işinin hər şeydən əvvəl yaşayış
yerlərində inkişaf etdirilməsi olduqca vacibdir. Buna görə də idman qurğularının tikilməsi və hazırda əldə
olan qurğuların yeniləşdirilərək istifadə olunmasına diqqət artırılmışdır. Onların hansı idarəyə
mənsubiyyətindən asılı olmayaraq hər bir rayonda və mikrorayonda kütləvi bədən tərbiyəsi və sağlamlıq
işi canlandırılmış, mənzil haqda, mədəni-kütləvi və idman işi üçün ayrılan vəsaitdən istifadə olunması
qaydaya salınmışdır.
Respublikanın 25 rayonunda Olimpiya idman kompleksinin tikilib istifadəyə verilməsi, digərlərində
isə Olimpiya kompleksinin tikintisinə başlanması, Heydər Əliyev adına fondun hesabına onlarla
məktəblərin, məktəbyanı meydançaların, idman zallarının tikilməsi və bir çox şirkətlərin idmana
himayəçilik etməsi sayəsində ölkəmizdə bədən tərbiyəsi və idman daha sürətlə inkişaf etməyə başlamış və
daha çox məktəblini özünə cəlb etmişdir. Şəhər və kənd rayonlarımızda yerli təşkilatlar və ictimai
qüvvələr bədən tərbiyəsi və idmanı yaxşılaşdırmaq üçün öz qüvvələrini səfərbər edir, əllərindən gələni
əsirgəmir. Nəticədə ictimai qüvvələrin və yerli təşkilatların yaxından köməyi sayəsində bu iş
məktəblərdə, məhəllələrdə və digər ictimai obyektlərdə daha da canlandırılmışdır.
İdman cəmiyyətləri və evlər idarələrində də kütləvi bədən tərbiyəsi işinin genişləndirilməsinə
kömək etməlidirlər. Yaxın illərdə şəhərlərdəki hər bir idarə nəzdində, hər bir kənddə şagirdlərlə kütləvi
idman işinin təşkilinə nail olmalı, kompleks idman meydançaları, idman şəhərcikləri və stadionları
279
abadlaşdırılmalıdır. Yaşayış yerlərində və bələdiyyə idarələrində uşaqlar və gənclərlə bədən tərbiyəsi və
idman məşğələlərinin keçirilməsi diqqət mərkəzində olmalıdır.
İri müəssisə və idarələrin və ictimaiyyətin qüvvəsinə arxalanaraq respublikamızda da xeyli işlər
görülmüşdür. Xüsusən Azərbaycanın bir sıra rayon və şəhərlərində, habelə məktəblilərin gərgin əməyi
sayəsində idman şəhərcikləri, stadion və müvafiq meydançalar yaradılmışdır. Bəzi idman meydançaları
isə təmir edilib qaydaya salınmışdır. Bu sahədə Füzuli rayonu zəhmətkeşlərinin təşəbbüsü xüsusilə
faydalı olmuşdur. Bütün məktəblərdə kompleks idman meydançaları düzəltmişlər. VMH kompleksinə
hazırlıq və onun tələb və normalarının qəbulu üçün gözəl meydançalar düzəltmişlər. Füzulilərin təşəbbüsü
rayonlarda da geniş yayılmışdır. Hazırda Yevlax, Ağdam, Qazax və s. rayonlarda idman bazaları,
Olimpiya kompleksləri yaradılmışdır.
Bakının bir sıra şəhərlərində, mikrorayonlarda və digər yaşayış yerlərində təşkil olunmuş valideyn
komitələri məktəblilərlə birlikdə kütləvi idman tədbirləri aparmaqda böyük təcrübə toplamışlar. İdman
tədbirlərinin həyata keçirilməsində ayrı-ayrı rayonların gənclər – idman və turizm idarələri yaxından
iştirak edirlər. Rayonların fəal və ictimaiyyətçi gəncləri, idmançılar MİS-lərə və bələdiyyə idarələrinə
idman bölmələrinin, yarışların, yürüş və ekskursiyaların təşkili və keçirilməsində kömək göstərirlər.
Bütün bunlar idmançı kadrların hazırlanmasında, onların idman fəaliyyətlərinin
genişləndirilməsində zəmin yaradır, əhalinin yaşadığı yerlərdə kütləvi bədən tərbiyəsi və idmanın
inkişafına kömək edir.
Bədən tərbiyəsi və idman tədbirləri, xüsusilə idman yarışları yalnız həyətlər arasında deyil,
məktəblər və həyətlər arasında, bir rayonun həyət komandaları ilə başqa bir rayonun həyət komandaları
arasında keçirilir. Yarışan komandaların hər birinin özünəməxsus forması və öz adı vardır.
Bu yarış qaliblərinə adətən, MİS-in evlər idarəsinin və rayonun fərqlənmə nişanı verilir. Qaliblərə
həm də bədən tərbiyəsi təşkilatlarının mükafatları təqdim olunur.
MİS-in evlər idarəsi yeni meydançaların düzəldilməsinə, köhnəsinin təmirinə valideynlərlə yanaşı,
uşaqları da cəlb etməlidir. Bəzi sadə qurğuları uşaqlar özləri də düzəldə bilərlər. Ümumiyyətlə, uşaqların
meydançaların düzəldilməsinə cəlb edilməsi, sadə idman qurğularının hazırlanmasında iştirakı, onların
avadanlığa qayğısı münasibətinin bəslənməsinə səbəb olur. Əlbəttə, MİS-lərin və evlər idarəsi nəzdində
bədən tərbiyəsi və idman tədbirləri o zaman yaxşı nəticə verə bilər ki, bu təşkilatlar məktəblə sıx əlaqə
saxlaya bilsin, ondan lazımi kömək alsın.
Müşahidələr göstərir ki, bir çox valideynlər uşaqların, xüsusilə qızların məktəbin idman
tədbirlərində iştirak etməsinə icazə vermir, bu işə hər vəchlə mane olurlar. Elə buna görə də məktəb
müəllimləri, pedaqoji kollektivin üzvləri belə valideynlərlə iş aparmalıdır. Bədən tərbiyəsi və idmanın
sağlamlığın möhkəmləndirilməsində, bəzi xəstəliklərin qarşısının alınmasında əməyə və Vətənin
müdafiəsində əhəmiyyətini, zehni, estetik və əxlaq tərbiyəsində mühüm rolunu onlara izah etməli və başa
salmalıdır. Yalnız bu zaman ailədə uşaqların fiziki tərbiyəsinin müasir tələblər səviyyəsinə çatmasından
danışmaq olar.
Beləliklə, bütün bunlardan belə nəticəyə gəlmək olar ki, dünyada qloballaşma getdiyi bir dövrdə
yeniyetmə və gənclərin sağlamlığını qorumaq və onu daha da möhkəmləndirmək günün vacib
tələblərindəndir. Bunu isə tam şəkildə həyata keçirmək məktəb, ailə, ictimai və özəl birliklərin birgə
fəaliyyətindən asılıdır.
280
Yoxlama – test sualları
1.Məktəb, ailə və ictimaiyyətin əlbir işinin mahiyyəti
2.Valideyn konfransının məqsədi
3.Sinif valideyn iclasının vəzifələri
4.Valideynlərlə aparılan fərdi işin əhəmiyyəti
Yaradıcılıq işi üçün təxmini mövzular
1.Məktəbin ailə və ictimaiyyətlə aparacağı işin əsas məzmunu.
2.Valideyn və ictimaiyyətin məktəblə əlaqəsi.
3.Mənzil-istismar idarələrində və bələdiyyələrdə uşaqların fiziki tərbiyə işlərinin təşkili.
281
Ə L A V Ə L Ə R
I-IV siniflər üçün mütəhərrik oyunlar
I S İ N İ F
Kosmonavtlar
Uşaqlar əl-ələ tutaraq dairə boyunca gedirlər və aşağıdakı misraları oxuyurlar:
Sürətli raketlər gözləyir bizi
Uçub planetdə gəzməyimizi.
Biz hansını istəsək,
Onunla da uçarıq.
Oyunda bir sirr var:
Gecikənə yoxdur yer.
Axırıncı söz deyilən kimi, bütün uşaqlar raketdroma tərəf qaçırlar və çalışırlar ki, raketlərin birində
öz yerlərini tutsunlar. Raketlərin şəkilləri, əvvəlcədən meydançanın müxtəlif səmtlərinə çəkilir və hər
raketin içərisində 2-dən 5-ə qədər kiçik dairələr olur. Uşaqlar bunların içərisinə girib dayanırlar.
Raketlərin yanlarında həmin raketin hara uçacağı yazılır. Məsələn:
Y A Y: «Yer-Ay-Yer»
Y M Y: «Yer-Mars-Yer»
Y N Y: «Yer-Neptun-Yer»
Y V Y: «Yer-Venera-Yer»
Y C Y: «Yer-Saturn-Yer»
Raketlərdə uşaqların bir qisminə yer çatışmır. Yer tuta bilməyənlər meydançanın mərkəzindəki
böyük dairələrin ortasında toplaşırlar. Yer tutanlar isə uçuş yollarını elan etməklə özlərini guya kosmosda
gəzən kimi təsəvvür edirlər. Sonra uşaqlar yenidən bir yerə yığışır və əl-ələ tutub dairə boyunca gedərək
oyunu davam etdirirlər.
Oyunda o uşaqlar qalib gəlir ki, keçirilmiş uçuşların hamısında özlərinə yer tutmuş və daha çox
«uçmuşlar» (mümkün olan üç uçuşda).
Şəkil 1.
«Kosmonavtlar» oyunu keçirilən zaman şagirdlərin yerləşdirilməsi sxemi
Şəkil 2.
«Atlı idmançılar» oyununda şagirdlərin bölüşdürülməsi sxemi
Metodik göstərişlər: Oxunan misraların axırıncı sözü deyilməmişdən əvvəl qaçmaq olmaz.
Raketlərin içərisində özünə yer tutmuş yoldaşı itələmək qadağandır.
Atlı idmançılar (qaçış üçün)
Uşaqlar meydançada çəkilmiş böyük dairə boyunca düzülürlər. Bu «Manej» (meydança) hesab
olunur.
Uşaqlar «at sürən idmançı»nın vəziyyətini alırlar. «At addımları» atmaq üçün qollar dirsəkdən
bükülür, əllərin içi aşağıya baxır, uşaqlar dairə boyunca gedərək çalışırlar ki, dizlərini əllərinin içərisinə
çatdırsınlar.
Dönmələr: Müəllimin əl çalması ilə uşaqlar hərəkətin istiqamətini dəyişirlər (dairə boyunca hərəkət
başqa istiqamətdə davam edir).
282
«Sürətlə çapmağa» keçmək və yenidən «addımlamaq» üçün uşaqlar əllərində guya cilov tutduqları
vəziyyət kimi, dizlərini yüksəyə qaldırmaqla qaçışa başlayırlar. Müəllimin şərti işarəsi ilə yenidən yerişə
keçirlər. Sonra atlılar «atla oyunda» iştirak edirlər. Meydançanın kənar tərəfində xətlərlə atların
dayanmaları üçün «arakəsmələr» çəkilir. Arakəsmələrin sayı uşaqların sayından üç-dörd dəfə az olur.
Uşaqlar çapan atın vəziyyətini alaraq arakəsmələrin qarşısına çatan kimi dağılışıb yanlarına qaçırlar.
Müəllimin işarəsi ilə idmançı-atlılar (dizləri yüksəyə qaldırmaqla) arakəsmələrin yanına gəlir və hərə
çalışır ki, boş olan arakəsmələrin birini tutsun. Yersiz qalan oyunçular uduzurlar. Oyun 3-4 dəfə keçirilir.
Hər dəfə özündə yer tutan atlılar qalib sayılırlar.
Metodik göstəriş: Oyunda hamı dizləri yuksəyə qaldırmaqla qaçır. Bu qaydanı pozanı iki dəfə
uduzmuş hesab edirlər. Özünə yer tutmuş atlını itələməyə icazə verilmir.
Bayquş
Uşaqlar əllərində qum doldurulmuş kisə tutaraq meydançada sərbəst gəzişirlər. «Gecə» komandası
verilən zaman onlar əllərindəki kisələri başlarına qoyub, qollarını yanlara açaraq pəncələr üzərində
meydançanın ətrafında gəzişirlər. «Bayquş» (aparıcı) onların arasında gəzişir və nəzarət edir. Əgər kim
kisəni yerə salsa və ya düşməkdə olan kisəni əl ilə tutsa, «bayquş» onu yuvasına aparır. «Gündüz»
komandası verilərkən «Bayquş» öz yuvasına çəkilir, oyunçular isə sərbəst olaraq qaçışır, rəqs edir, vəhşi
heyvanları, quşları yamsılayırlar. Uşaqlar bu hərəkətləri bir də «Gecə» komandası verilənə qədər təkrar
edirlər. «Gecə» komandası veriləndən sonra «Bayquş» yenə də öz yuvasından çıxır və vəzifəsini yerinə
yetirir. Oyun belə davam edir.
Oyunda «Bayquş» tərəfindən heç tutulmamış uşaqlar qalib gəlirlər.
Topu qonşuna ötür
Şagirdlər bir cərgədə düzülürlər. Müəllimin «Başla» komandası ilə birinci oyunçular topu yaxında
dayanmış qonşu oyunçuya, o da öz növbəsində qonşu oyunçuya verir və i.a. ötürməyə başlayırlar.
Top bu qayda ilə axırıncı oyunçuya qədər ötürülür və axırıncı oyunçular topu qəbul edən kimi tez
yuxarıya qaldırırlar. Bunu birinci edən komandaya qələbə xalı verilr və oyun yenidən başlanır. Oyunu 3-4
dəfə keçirmək olar. Axırda hansı komandanın qələbə xalı çox, cərimə xalı az olursa, həmin komanda
qalib gəlir.
Metodik göstərişlər: 1. Müəllim hər iki cərgədə topun düzgün ötürülməsinə nəzarət etmək üçün
münasib yer seçməlidir. 2. Qonşunu arada qoyub, topu başqasına ötürməyə, topu havadan atmağa,
cərgədən çıxıb topu almağa və s. icazə verilməməlidir. 3. Bu qaydalar pozuzlduqda komandaya cərimə
xalı verilir və bu xallar axırda nəzərə alınır. 4. Topu baş üzərindən ayaqlar arasından keçirməklə ötürmək
kimi variantlardan da istifadə edib oyunu keçirmək olar. 5. Oyunun əhəmiyyəti və qaydaları nəzəri
məlumat kimi şagirdlərə çatdırmalıdır.
Biz şən uşaqlarıq
Oyuna hazırlıq. Meydançanın hər iki başında xətlər çəkilir. Bunlar start xətti hesab olunur.
Oyunçular hamısı bir tərəfdə start xəttindən arxa cərgə də dayanırlar.
Müəllim bir nəfər aparıcı təyin edir. Aparıcı meydançanın ortasında dayanır.
Oyunun gedişi: Müəllimin işarəsi ilə cərgədə dayanmış uşaqlar, aşağıdakı sözləri bir səslə deyirlər:
Biz şən uşaqlarıq,
Həm danışar, həm də qaçarıq.
Biz sevirik cəldliyi,
Hünərin var tut bizi.
Uşaqlar «tut bizi» sözünü deyən kimi, meydançanın digər tərəfindəki start xəttinin arxasına tərəf
qaçırlar. Bu zaman aparıcı qaçanlardan birini tutmağa, yaxud əlləri ilə onlara toxunmağa çalışır. Start
xəttinin arxasına keçmiş oyunçulara toxunmaq olmaz. Aparıcı start xəttinə qədər hansı oyunçuya toxunsa,
o tərpənmədən öz yerində durur. Müəllim tutulanları qeydə aldıqdan sonra hamı yeniədən cərgəyə
düzülür və oyun təkrar olunur. Axırda heç tutulmamış, yaxud nisbətən az tutulmuş oyunçular qalib
sayılırlar.
Metodik göstərişlər: 1. Oyunu iki komanda arasında da keçirmək olar. Bunun üçün tutulmuş
oyunçulara görə komandalara cərimə xalı verilir, axırda cərimə xalı az olan komanda qalib sayılır. 2.
İştirakçılar çox olduqda iki nəfər aparıcı ayırmaq lazımdır.
Öz bayrağına doğru
283
Oyuna hazırlıq. Meydançanın hər iki başında eninə xətlər çəkilir. Bir xəttin arxasında oyunçular
dayanırlar, digər xəttin üzərində uşaqların sayına müvafiq bayraqlar (estafet ağacları) düzülür.
Meydançanın ortasında 3-5 nəfər «gözətçi» dayanır.
Oyunun gedişi. Müəllimin işarəsi ilə oyunçular meydançanın bayraqlar olan tərəfinə qaçaraq
bayraqları dayandıqları yerə gətirməyə çalışırlar. «Gözətçilər» isə onlara mane olurlar, bayraq arxasınca
qaçan oyunçuya əlləri ilə toxunarlarsa, həmin oyunçular yerlərindən tərpənməyərək dayanırlar. Başqa
oyunçular vurulmuş oyunçuya toxunmaqla onu xilas edə bilərlər.
Vurulmuş oyunçunun əlində bayraq olarsa, «Gözətçi» bu bayrağı alır və meydançanın yan tərəfində
kvadrat şəklində cızılmış sahəyə qoyur.
Kvadrat içərisinə qoyulmuş bayraqları qorumaq üçün xüsusi gözətçi təyin edir (əvvəlki
gözətçilərdən biri). Oyunçular bu bayraqları da qaçıra bilərlər.
Bu oyunda gözətçilərlə oyunçular arasında mübarizə gedir. Əgər oyunçular kvadratda olan 1-4
bayraqlardan başqa bütün qalan bayraqları öz sahələrinə gətirə bilsələr, qalib gəlirlər.
Gözətçilər isə o zaman qalib gəlmiş sayılırlar ki, bayraqlardan 5-ni ələ keçirmiş olsunlar (şərtə
görə).
İki şaxta
Oyuna hazırlıq: Meydançanın müxtəlif yerlərində dördbucaq şəklində iki növ «ev» çəkilir.
Oyunçular bu «evlərə» doluşub gözləyirlər. Onların içərisindən iki nəfər «şaxta» rolunu oynayır. Hər iki
«şaxta» özlərinin arasındakı sahədə sərbəst dayanırlar.
Oyunun gedişi: Müəllimin işarəsi ilə iki «şaxta» aşağıdakı sözləri oxuyur:
Biz iki cavan qardaşıq,
Mən qırmızıburun şaxtayam.
Mən göyburun şaxtayam.
Hər kəs bizdən qorxmursa,
Qoy bu evdən yola çıxsın.
Uşaqlar bir səslə cavab verirlər:
- Biz şaxtadan qorxmuruq.
Bunu deyən kimi uşaqlar evdən çıxıb o biri «evə» tərəf qaçırlar. «Şaxtalar» onları tutmağa, yaxud
əlləri ilə toxunmağa çalışırlar. Onlar qaçanlardan kimə toxunsalar, həmin oyunçu tərpənmədən yerində
«donub» qalır (növbəti qaçışa qədər). Qaçıb qarşı tərəfdəki «evə» dolmuş uşaqlara toxunmaq olmaz.
Sonra yenə də mahnının sözləri oxunur və uşaqlar cavab verirlər, bununla da oyun davam edir. Ancaq
oyunda bu dəfə meydançada donub qalmış uşaqlar da qaçıb özlərini xilas edə bilərlər. Oyun bir neçə dəfə
təkrar edilir.
Axırda iki «şaxta» tərəfindən heç tutulmayan, yaxud nisbətən az tutulan oyunçular qalib gəlirlər.
Ləkə vurma
Oyuna hazırlıq: Oyunçular sərbəst şəkildə meydançaya dağılışırlar. Bir nəfər aparıcı «Ləkə» təyin
edilir. Aparıcı ortaya çıxıb bərkdən deyir: «Mən ləkəyəm». Uşaqlar onu tanıyırlar.
Oyunun gedişi: Müəllimin işarəsi ilə aparıcı oyunçuları qovur və onlara çatıb əli ilə toxunmağa,
«ləkə vurmağa» çalışır. Oyunçular isə qarmaqla özlərini mühafizə edirlər. Aparıcı onlardan hansına
toxunarsa, həmin oyunçu aparıcını əvəz edir, əvvəlki aparıcı isə oyunçulara qoşulur. Aparıcı «ləkələnmiş»
oyunçunu yerində dayanır və əlini yuxarıya qaldıraraq deyir: «Mən ləkəyəm», bundan sonra oyun
yenidən başlayır. Təzə «ləkə» həmin anda köhnə ləkəyə toxunmamalıdır.
Oyun müəyyən vaxt ərzində (8-12 dəqiqə) keçirilir. Axırda heç ləkələnməmiş oyunçular qalib
sayılırlar.
Metodik göstərişlər: I. Oyun keçirilən sahəni xətlərlə cızmaq lazımdır və oyunçulara bu xətlərdən
kənara çıxmağa icazə verilməməlidir. 2. Oyunu həm açıq meydançada, həm də idman zalında keçirtmək
olar.
Hoppanan sərçələr
Oyunçulardan bir nəfəri (aparıcı) «Böyük quş» hesab edilir. «Böyük quş» dairənin mərkəzində
dayanır.
Oyunun gedişi: Müəllimin işarəsi ilə «sərçələr» iki ayaqları üzərində gah dairənin içərisində dayanır
(hoppanır), gah da hoppanıb oradan çıxırlar.
284
Sərçələr dairəyə dən yemək üçün daxil olurlar. «Böyük quş» isə onları dən yeməyə buraxmamağa
çalışır. «Böyük quş» dairənin içərisində qaçaraq sərçələri dən yeməyə qoymamaq üçün onları dimdiyi ilə
vurur (Əli ilə dairənin içərisinə toxunur). Vurulmuş «sərçə» müəllim tərəfindən qeydə alındıqdan sonra,
oyun davam edir.
Aparıcı tərəfindən heç vurulmamış sərçə qalib sayılır.
Metodik göstərişlər: I. Aparıcının (Böyük quşu) ya müəllim tez-tez dəyişməli, ya da hər vurulmuş
sərçə onu əvəz etməlidir. 2. Şagirdlərin sayına görə oyun bir neçə dəfə dairə ətrafında aparıla bilər. Belə
olduqda müəllim özünə köməkçi-şagird ayırmalıdır. 3. Oyun fasilələrlə bir neçə dəfə təkrar olunur.
Tülkü və toyuqlar
Oyuna hazırlıq: Dörd gimnastika skamyasını kvadrat şəkildə qoyurlar. Skamyaların arasında qalan
sahə «toyuq damı» hesab olunur. Bütün «toyuqlar» burada yerləşirlər.
Aparıcı «tülkü» isə skamyaların arasında dayanır.
Oyunun gedişi: Müəllimin işarəsi ilə «tülkü» skamyanın üzərindən içəriyə tullanır və «toyuqlardan»
mümkün qədər daha çox tutmağa (toxunmağa) çalışır. Bu vaxt «toyuqlar» gah tara (skamyanın üzərinə),
gah da yerə hoppanmaqla özlərini xilas etməyə çalışırlar. Tara qalxmış toyuqlara tülkünün toxunmağa
ixtiyarı yoxdur.
Müəllim ikinci dəfə işarə verdikdə «tülkü» toyuq damından çıxır və tülkünün toxunmuş olduğu
bütün «toyuqlar» hesaba alınır. Sonra aparıcı dəyişdirilir və oyun yenidən başlanır.
Axırda tülkü tərəfindən tutulmamış və daha az tutulmuş oyunçular qalib sayılırlar.
Metodik göstəriş oyunu zal və meydançada keçirmək olar.
Şəkil 3.
«Tülkü və toyuqlar» oyunu 1-ci yuva; 2-ci-tülkü; 3-cü-toyuqlar; 4-cü-müəllim; 5-ci-skamyalar
Dostları ilə paylaş: |