QƏDİM AZƏRBAYCAN MƏDƏNİYYƏTİ
Müəyyən edilib ki, Azərbaycanda ibtidai icma quruluşu artıq 1.5 mln il qabaq yaranıb, yəni
Azərbaycan dünyada ən qədim mədəniyyət ocaqlarından biridir. Bütövlükdə ibtidai icma dövrü 3 dövrə -
daş, tunc və dəmir dövrlərinə ayrılır. İbtidai insanların ən qədim məskənləri Qarabağ, Qazax, Naxçıvan,
Kəlbəcər, Lerik və Yardımlıda aşkar edilib.
Qarabağda bunlar Azıx, Tağlar, Kəlbəcərdə - Zər mağara məskənləri, Qazaxda - Daşsalahlı və
Damcılı, Naxçıvanda - Qazma, Lerikdə Buzeyr mağaralarıdır.
Fizuli şəhəri yaxınlığında Quruçay dərəsindəki Azıx mağarasında alt paleolit (2.5-2.0 mln il-100 min
il) yaxşı öyrənilmişdir. Burada ən dərin laylarda Olduvay çınqıl alətlərinə oxşar çaylaqdan düzəldilmiş
alətlər tapılmışdır. Bunlar universal alətlər idi. Onlarla kəsir, çapır və digər işlər görürdülər. Bu mağara
məskənini M. Hüseynov kəşf edib və uzun illər boyu tədqiq edib. Azıx tapıntıları əsasında Azərbaycanda
yaşı 1.5 mln il olan qədim Quruçay arxeoloji mədəniyyətinin mövcudluğu əsaslandırılmışdır.
Min illər ötdü, kobud əl çapacaqları, sonralar isə nacaq, bıçaq, ərsin, biz kimi forma və təyinatına görə
müxtəlif alətlər meydana çıxdı. Onları nukleusdan - iri daş özəyindən qopardırdılar.
Daş alətlərlə yanaşı ov obyekti olan çoxdan nəsli kəsilmiş heyvanların sümükləri tapılmışdır. Əsas
məşğuliyyət növü yığıcılıq və ovçuluq idi. Həyat insanları kollektivlərdə birləşməyə məcbur edirdi. Bunlar
ibtidai insan sürüsü və ya ilk icma adlanan qeyri-sabit birliklər idi. Azıxda yaşı 700 min il olan ocağın izləri
aşkar edilib. 1968-ci ildə Azıxda yaşı 350-400 min il olan ibtidai insanın (azıxantrop) alt çənəsinin fraqmenti
tapılıb. Bu, dünyada qədimliyinə görə dördüncü olan ibtidai insan fraqmentidir. Beləliklə, Azərbaycan
ərazisi ibtidai insanın formalaşdığı qurşağa daxildir.
Azıxantrop tədricən tikinti vərdişləri qazandı, onda dini təsəvvürlər əmələ gəldi (üzərində xüsusi
nişanlar olan ayı kəllələri tapılıb), ibtidai incəsənət yarandı. Alt paleolitin sonunda çaxmaq daşından və
bazalt daşdan düzəldilən alətlərlə yanaşı obsidiandan (vulkanik-şüşə) düzəldilən alətlər peyda oldu.
Obsidiandan dişli ərsin tiyə düzəldirdilər. Alt paleolitin sonunda insan sürüsünü və ilk icmanı daha sabit olan
nəsil icması əvəz edir.
Təxminən 100 min il bundan qabaq orta paleolit (mustye) dövrü başlanır və b. e. əvvəl 40-cı minilliyə
qədər davam edir. İnsanlar Kiçik Qafqaz, Naxçıvan, Qarabağ və Qazaxın daha geniş ərazilərində məskən
salır. Qarabağın Tağlar, Qazaxın Damcılı, Naxçıvanın Qazma mağaralarında külli miqdarda daş alət
nümunələri tapılmışdır. Orta paleolit dövründə neandertal adam tipi formalaşır. Orta paleolit dövründə də
ovçuluq və yığıcılıq başlıca məşğuliyyət növü olaraq qalırdı. Qafqaz maralı, mağara ayısı və boz ayı, dağ
keçisi və vəhşi at-kulan ovlayırdılar. Həmin dövrdə dini təsəvvürlərdə dəyişikliklər baş verir, o dünyaya
inam, totemizm, ovsun və bir çox başqa ibtidai din formaları yaranır. Orta paleolitdə insan sürüsünü tədricən
nəsil icması başqa cür desək, qəbilə icması əvəz edirdi.
Üst paleolit dövrü e. ə. 40-cı minillikdən XII minilliyə qədər davam edir. Mülayim rütubətli iqlim
hökm sürür, fauna və flora dəyişir. Bu dövrün izlərinə Qarabağ və Qazax mağara məskənlərində təsadüf
olunur. Təkmilləşdirilmiş ərsin, biz, kənarları diş-diş edilmiş alətlər, uzunsov, dəyirmi və üçbucaq şəkilli
alətlər üzə sıxdı. Bu zaman “homo sapiyensin” (ağıllı insan) formalaşması sona yetdi. Nəsil icmasını qəbilə
icması əvəz etdi və ana xətti üzrə nəsil-qəbilə icması qəti surətdə yer aldı. Bu, matriarxat dövrü idi. E. ə. 12
minillikdən 8-ci minilliyə qədər mezolit dövrü davam etdi. Bu zaman kaman və oxun kəşf edilməsi ilə ov
birinci yerə çıxdı, heyvanları əhliləşdirməyə başladılar, bu da gələcəkdə maldarlığa keçidin əsasını qoydu.
Mezolit dövrünün sonunda ibtidai əkinçiliyin ünsürləri əmələ gəldi, istehsal edən təsərrüfatın əsası
qoyuldu, neolit dövründə isə onun formalaşması başa çatdı. Azərbaycanda mezolit dövrü başlıca olaraq
Qobustan abidələrində Cəfərqulu Rüstəmov, Firuzə Muradova tərəfindən tədqiq edilmişdir. Qobustanlılar
burada 12 min il əvvəl məskən salıb. Ovçuluq, balıqçılıq, yığıcılıqla məşğul olub. Burada, “Öküzlər”, “Ana
zağa”, “Firuz” və digər mağaralarda külli miqdarda çaxmaq daşı, sümük, və obsidiandan düzəldilmiş bıçaq,
ərsin, biz, qırmaq, nizə və ox ucluqları və mikrolit alətlər tapılıb. Qobustanda külli miqdarda mezolit dövrünə
aid qaya rəsmləri mövcuddur. Onlar totemizm təsəvvürləri, ov səhnələrini və s. təsvir edir. Qobustanın ən
qədim qaya rəsmləri mezolit dövrünə aiddir. Mezolit dövründə mərhumun qəbrinə o dünyada istifadə etmək
üçün müxtəlif əşyalar qoymağa başladılar. Belə qəbirlər “Firuz” məskənində aşkar edilib. Qobustanda qaya
rəsmlərini İ. Cəfərzadə aşkar edib. Mezolit dövrünə aid əmək alətləri və mikrolit alətlər Qazaxda Damcılı
mağarasında tapılıb. E.ə. 7-ci minillikdə Azərbaycanda neolit dövrü başlanır. Onun əsas cəhəti istehsal edən
təsərrüfatın təşəkkülü və inkişafıdır. Bunu neolit inqilabı adlandırırlar. Azərbaycanda bu proses eneolit
dövründə, yəni e. ə. V-IV minillikdə tamamilə başa çatır. İnsan təbiətdən daha az asılı olur. Azərbaycanda
əkinçilik və heyvandarlığın inkişafı üçün zəruri şərait mövcuddur. Neolit dövründə Azərbaycanda
dulusçuluq və toxuculuq meydana gəlir. Neolit dövründə alətlər əsasən çaxmaq daşından idi. Neolit
dövrünün başlıca abidələri Gəncə tərəfdə, Təbriz yaxınlığında və Bakı yaxınlığında Qobustanda aşkar edilib.
Qazax rayonunda daş toxa, oraq içlikləri, balta və gürzlər tapılıb. Alətlər əsasən çaxmaq daşı və obsidiandan
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
113
düzəldilib. Çaxmaq daşından kənd təsərrüfatı alətləri və obsidiandan səpin və biçin alətləri külli miqdarda
Gəncə yaxınlığındakı məskəndə tapılıb.
Eneolit dövründə istehsal edən təsərrüfat daha çox inkişaf edir. İnsanlar ilk dəfə metalla - mislə tanış
olur. Lakin daş alətlər hələ də üstünlük təşkil edirdi. Eneolit dövründə əhali surətlə artır. Əsas məşğuliyyət
toxa əkinçiliyidir. Gəncə-Qazax, Mil-Qarabağ, Muğan və Naxçıvan bölgələrində, habelə Cənubi
Azərbaycanda Urmiya gölü yaxınlığında və Təbriz ətrafında külli miqdarda neolit dövrü yaşayış məskənləri
qeydə alınıb. Eneolit dövründə insan çay sahillərində kiçik məskənlərdə yaşayırdı. Çiy kərpicdən tikilmiş
evlər dəyirmi formada idi. Evlərdə ocaq və həsir var idi. Kiçik evlər icma torpağında öz sahəsi olan
təknikahlı ailə, ər-arvad üçün nəzərdə tutulmuşdu. Əkinçilik və maldarlıqla yanaşı ovçuluq və balıqçılıqla
məşğul olmağa davam edirdilər. Sənətlərdən dulusçuluq, toxuculuq, daş və sümük emalı yaxşı inkişaf
etmişdi. Toxa əkinçiliyi hökm sürürdü, taxılı qurma oraqlarla biçir, qablarda və ya xüsusi çalalarda
saxlayırdılar. Maldarlıq inkişaf edirdi. Həm xırda, həm də iri buynuzlu heyvan, e. ə. V əsrdən başlayaraq at
saxlayırdılar. Cəlilabadda Əlikəmək təpəliyində əhliləşdirilmiş at sümükləri tapılıb. Həmin dövrdə misdən
yalnız bəzi alətlər düzəldirdilər. Ondan əsasən zinət əşyaları hazırlayırdılar. Qadın əvvəlki kimi cəmiyyətdə
aparıcı rol oynayır. Eneolit matriarxatın çiçəklənmə dövrüdür. Külli miqdarda gildən düzəldilmiş qadın
fiqurları tapılıb. Eyni zamanda icmanın həyatında ağsaqqallar şurası əhəmiyyətli rol oynamağa başlayır.
Dəfn mərasiminə böyük diqqət yetirilirdi. İnsanları evlər arası ərazilərdə, uşaqları isə evin içində döşəmənin
altında dəfn edirdilər. Dini mərasimlərdə ovsun böyük yer tuturdu. Qobustandakı bəzi rəsmlər də həmin
mərasimləri təsvir edir.
E. ə. IV minillikdə eneolit dövrünü tədricən patriarxata təkan vermiş tunc dövrü əvəz edir. Bu dövr e.
ə. II minilliyə qədər davam edir. Azərbaycanda külli miqdarda mis filizi yataqları var ( Naxçıvan, Daşkəsən,
Qarabağ, Gədəbəy və b.). Lakin misdən düzəldilən alətlər davamsız olurdu. Misə arsen, sürmə, nikel,
sonralar isə qalay kimi müxtəlif aşqarlar əlavə edən insanlar bürünc kimi möhkəm qatışıq əldə etdilər. Ondan
başlıca əmək alətləri, silah və zinət əşyaları istehsal etməyə başladılar. Cəmiyyətdə əhəmiyyətli dəyişikliklər
baş verdi. Yeni təsərrüfat sahələri yaranır, ictimai və mülki bərabərsizlik artırdı. Azərbaycanda qəbilələr və
qəbilə ittifaqları kimi iri etnos-mədəni birliklər yarandı. Azərbaycanda tunc dövrü üç mərhələyə bölünür.
Birinci mərhələ (e. ə. IV minilliyin II yarısı - III minillik) Kür-Araz mədəni dövrü kimi məlumdur. Bu
dövrün başlıca abidələri məhz burada, Kür və Araz çaylararası ərazidə aşkar edilib. Qarabağ, Naxçıvan,
Qazax, Xaçmaz, Şəmkir və Qobustanda həmin dövrün abidələri tədqiq edilib.
Əhali həmin ərazidə sürətlə artırdı. Əgər neolit və eneolit dövrlərində əhali yalnız düzənliklərdə
yaşayırdısa, alt tunc dövründə insanlar dağətəyi və dağlıq bölgələrdə məskən saldılar. Sahəsi 3-5 ha olan iri
məskənlərdə yaşayırdılar. Adətən çay sahillərində, düşməndən müdafiə üçün əlverişli yerlərdə məskən
salırdılar. Bəzi məskənlərdə hətta güclü müdafiə istehkamları mövcud idi. Belə məskənlər Fizulidə, Təbriz
yaxınlığında və Urmiya gölü tərəfdə aşkar edilib.
Neolit və eneolit dövrlərində olduğu kimi Kür-Araz mədəni dövründə də evləri çiy kərpicdən, lakin
artıq çaylaq daşlarından bünövrə üzərində tikirdilər. Naxçıvandakı II Gültəpəni belə məskən nümunəsi kimi
göstərmək olar. Divarlarına ustalıqla mala çəkilmiş, mehrablı, xüsusi böyük ibadət binaları meydana gəldi.
Belə ibadətgahlar Naxçıvanda Gültəpə, Xaçmazda Sərkərtəpə, Qazaxda Babadərviş məskənlərində aşkar
edilib. Əkinçilik surətlə inkişaf edirdi. Toxanı xış əvəzlədi. Əkin əraziləri genişləndi, süni suvarma meydana
gəldi. Şumlamada heyvanlardan istifadə etməyə başladılar. Biçin, üyütmə alətləri təkmilləşir. Yığılma lövhə
oraqlar ilə yanaşı bütöv bürünc oraqlar da meydana gəlir. Taxılı nəhəng küplərdə və xüsusi çalarlarda
saxlayırdılar. Daş həvəng və dən üyüdənlər meydana gəldi. Maldarlıq da surətlə inkişaf edirdi. Mal-qaranın
sayı, cinslərinin çeşidi artır, atdan geniş istifadə olunur, yaylaq və qışlaqlardan istifadə ilə əlaqədar mal-
qaranın otlaqlara köçürülməsi yer alır. Birinci ictimai əmək bölgüsü, əkinçiliyin maldarlıqdan ayrılması baş
verir. Əmək məhsuldarlığı artımı artıq məhsul ehtiyatlarının əmələ gəlməsinə səbəb oldu, bu da məhsul
mübadiləsinə təkan verdi. Maldarlar arasında təbəqələşmə sürətlənir. Mil düzənliyinin Üçtəpə yüksəkliyində
aşkar edilmiş qəbilə başçısının məzarı buna sübutdur. Məzar yüksəkliyinin yaşı III minilliyin II yarısı kimi
müəyyən edilib. Alt tunc dövründə sənətlər arasında dulusçuluq, metal emalı və toxuculuq daha surətlə
inkişaf edirdi. Dulusçuluqda parıltılı və naxışlı qab növləri meydana gəldi. Babadərviş məskəni
qazıntılarında dulusçu sobaları, tökmə qəlibləri aşkar edilib. Üstünlük təşkil edən bürünc alətlərlə yanaşı daş
və sümükdən düzəldilmiş alətlər də işlənirdi. Qoyunçuluğun inkişafı toxuculuğun da inkişafını sürətləndirdi.
Eneolit dövründən fərqli olaraq Kür-Araz alt bürünc mədəni dövründə mərhumları məskənlərdən kənarda
dəfn edirdilər. Qəbirlər üzərində təpəliklər yüksəldirdilər. Meyitləri yandırma və kollektiv dəfn etmə
mərasimləri meydana gəldi. Əkinçilik, maldarlıq və sənətlərin inkişafı ictimai münasibətləri dəyişdirdi.
İstehsalat daha çox qüvvə və dözüm tələb etməyə başladı. Xış arxasına kişi keçdi, o sürü otarır,
dəmirçilik, dulusçuluq edirdi. İqtisadiyyatda aparıcı rola kişi sahib oldu. Beləliklə patriarxat dövrü başladı,
kişi ailənin, nəslin başçısı oldu.
E. ə. III minilliyin əvvəlində Azərbaycanda orta tunc dövrü başladı. Bu dövrdə burada ayrı-ayrı etnos-
mədəni birliklər meydana gəldi. İctimai və mülki bərabərsizlik gücləndi. Məskənlər daha böyük, qəbilələr
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
114
arası əlaqələr isə daha sabit oldu. Naxçıvanda II Gültəpə, Ağdam rayonunda Üzərlik təpə, Göytəpə və
Çinartəpə məskənləri, Naxçıvanda Oğlan qala və Çalağan təpə qalaları, Borsunlu, Gəncəçay və digər məzar
təpəlikləri həmin dövrün tətbiq edilmiş abidələridir. Artıq 3500 il bundan əvvəl ( e. ə. II minilliyin ortası)
Naxçıvan şəhəri meydana gəlmişdir. O, qədim Şərqin şəhər-dövlətlərini xatırladır. Hazırda o, Naxçıvançay
və Ceyrançay arasındakı ərazidə yerləşən II Kültəpə kimi məlumdur. O, 10 ha ərazini tutur. Azərbaycanın ilk
şəhər-dövlətlərindən birinin mərkəzi olub. Üzərliktəpə, Oğlanqala və Qarakəpəktəpə kimi məskənlərdə güclü
müdafiə istehkamları aşkar edilmişdir. Onlar nəhəng daş bloklarından tikilib. Bu məskənlərdəki bəzi binalar
bir neçə otaqdan ibarətdir. Ehtimal ki, bu evlər kübar ailələrə məxsus olub. Orta tunc dövründə bağçılıq,
bostançılıq, üzümçülük və şərabçılıq meydana gəldi. Süni suvarma qurğuları yaradıldı, əmək alətləri
təkmilləşdirildi, xırman lövhələri icad olundu, onlara heyvan qoşurdular. Həmin dövrün məskənlərində iri gil
küplərində arpa, buğda və darı qalıqları tapılmışdır. Maldarlıqda xırda buynuzlu heyvan üstünlük təşkil
edirdi. Atdan qoşqu və minik məqsədilə geniş istifadə olunurdu. Yun parçaların istehsalı artırdı. Orta tunc
dövründə sənət ayrıca fəaliyyət növünə çevrildi. Sənətin kənd təsərrüfatından ayrılması ilə ictimai-icma
dövründə ikinci ictimai əmək bölgüsü baş verdi. II Kültəpə məskəninin qazıntılarında da bütöv sənətkar
məhəllələri və dulusçu sobaları aşkar edilmişdir. Dulusçuluqda həm oyma, həmdə mineral boyalar çəkmə
üsulu ilə müxtəlif naxışlar bəzədilmiş yüksək bədii üslublu məmulatlar yaradıldı. Metaləritmədə mislə
qalayın xəlitəsi olan klassik bürünc meydana gəldi. Dəmirçilər tökmə, döymə, qaynaq, basmaqəlib və s.
üsullara yiyələndilər. Qızıl və gümüş məmulatlar meydana gəldi. Metaldan silah, alət, məişət əşyaları istehsal
edirdilər. Böyük məharətlə işlənmiş külli miqdarda tayı olmayan bürünc məmulatlar tapılmışdır. Qazıntılar
zamanı iplikbənd, iynə, cida kimi toxuculuğa aid çoxlu əmək alətləri aşkar edilib. Gürz, dən üyüdən, həvəng
və bu kimi daşdan düzəldilmiş bəzi əşyalar da qorunub saxlanırdı. Ovçuluq və balıqçılıq təsərrüfat
fəaliyyətinin yardımçı sahəsi kimi qalırdı. Qəbilə başçıları və nəsil ağsaqqallarının hökmranlığı sürətlə
güclənirdi. Qəbilə ittifaqları meydana gəldi. Məzarlar güclü təbəqələşmənin mövcudluğuna dəlalət edir.
Başçıların məzar təpəliklərindəki dəfn əşyaları zəngin və çeşidlidir. Mərhumların üzərinə çox vaxt qırmızı
oxra boyası səpələyirdilər, yandırma mərasimi də geniş vüsət almışdı. Dində şamançılıq və ovsun geniş
yayılmışdı. Qobustan, Gəmiqaya və İstisu abidələrinin bir çox rəsmləri buna dəlalət edir. İbtidai incəsənət
əhəmiyyətli dərəcədə inkişaf etmişdi. Məmulat zəngin surətdə heyvan, insan təsvirləri ilə, bitkivari və
həndəsi naxışla bəzədilirdi.
II minilliyin II yarısından başlayaraq Azərbaycanda ibtidai icma quruluşunun inkişafında son mərhələ
başlandı. Onu iki hissəyə - e. ə. XIV-XII əsrlər üst tunc və e. ə. XI –VIII əsrlər alt dəmir dövrlərinə ayırırlar.
Dəmirin tətbiqi cəmiyyətdə kənd təsərrüfatının sürətli inkişafı, mübadilənin genişlənməsi, qonşu ölkələrlə
əlaqələrin möhkəmlənməsi, qəbilə icmasının süqutu, sinfi cəmiyyətə keçid kimi bir çox dəyişikliklərə gətirib
çıxardı. Artıq eneolit dövründə Şərqin bir çox ölkələrində (Misir, Çayarası ərazi) sinfi cəmiyyətin yarandığı
məlumdur. Qarabağ, Naxçıvan, Gəncə-Qazax və Şəki-Zaqatala bölgələrində üst bürünc və alt dəmir
dövrlərinə aid olan külli miqdarda təpəlik və digər (daş yeşiklər, torpaq qəbirlər) tipli məzarlar aşkar edilib.
Burada çoxlu silah, kənd təsərrüfatı alətləri, sənətkar alətləri, zinət əşyaları və s. tapılıb. Həmin dövrün
məskənləri də geniş ərazilərdə yerləşirdi. Təsərrüfatda yarımköçəri maldarlıq ön plana çıxır. Maldarlar
dağlara qalxır, burada məskən salır və nəhəng qurğular tikirdilər. Atın minik və yük daşıma vasitəsi kimi
əhəmiyyəti sürətlə artırdı. Ata sitayiş mərasimləri meydana gəlir, dəfn edilənlərin məzarlarında atları da
basdırırdılar. Məzarlarda dəvə skeletləri də tapılıb, bu isə dəvəçiliyin də mövcudluğuna dəlalət edir.
Əkinçilik də inkişaf edirdi, suvarma arxları qurulur, şumlama və məhsul yığımı alətləri təkmilləşdirilirdi.
Buğda, yarma, darının bir neçə növü becərilirdi. Ehtiyatları nəhəng küplərdə saxlayırdılar. Qazax rayonunun
Sarıtəpə kəndində içində taxıl və un qalıqları olan qablar aşkar edilib. Qazıntılar vaxtı üzüm, nar, gilas,
şaftalı tumları tapılıb, bu da bağçılığın inkişafına dəlalət edir. Saxsı istehsalatında dulusçuluq kürəsi meydana
gəldi, metallurgiyada naxış basma, naxış açma, qaynaq üsulları mənimsənildi. Qızıl və gümüş zinət
əşyalarının istehsalı artırdı. Toxuculuq sürətlə inkişaf edirdi. Dəmirin rolu tədricən artır və e. ə. VII əsrdən
başlayaraq onun geniş tətbiqi yer alır. Sənətkarlar arasında yalnız alverlə məşğul olan şəxslər meydana gəlir.
Beləliklə tacir-alverçilər meydana gəldi. Əvvəllər olduğu kimi evlər çaylaq daşından olan özül üzərində çiy
kərpicdən tikilirdi. Ağdamda Qaratəpə kəndi kimi bir çox yaşayış məskənləri qala divarları ilə əhatə
olunmuşdu. Kiçik Qafqaz bölgəsində və Naxçıvanda isə nəhəng qala qalıqları qalmışdır. Bütövlükdə
memarlığın səviyyəsi həmin dövr üçün çox yüksək idi.
Qəbilə başçılarının hakimiyyətinin güclənməsi onların ilahiləşdirilməsi ilə nəticələnir. Onların məzarı
üzərində hündür təpəliklər yüksəldir, ölümündən sonra da onlara sitayiş edirdilər. Bu məzarlar məişət
əşyaları, bürünc, qızıl, gümüş əşyalar, külli miqdarda xarici məmulat, bahalı silahlar, zinət əşyaları ilə
olduqca zəngin idi. Çox vaxt başçılarla yanaşı onların nökər, kəniz və arvadlarını, habelə sevimli atlarını,
bahalı yəhər-yüyənləri ilə birgə basdırırdılar. İnsanlar bütün bunların o dünyada başçıya gərək olacağına
inanırdılar. Üst bürünc və alt dəmir dövrünün dini təsəvvürlərində oda, suya, dağlara, meşələrə, bəzi ağac
növlərinə, günəşə, aya, ulduzlara sitayiş mövcud idi. Həmin dövrdə Azərbaycan qəbilələrinin qonşu xalqlar
və qəbilələrlə əlaqələri genişləndi. Cins mal-qara, sənət məmulatı, ərzaq mübadilə vasitəsinə çevrilir.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
115
Beləliklə, üst bürünc və alt dəmir dövrü ibtidai icmanın süqutu və sinfi cəmiyyətə keçid dövrüdür. Şimalı
Azərbaycandan fərqli olaraq Cənubi Azərbaycanda bu proses daha sürətlə gedirdi, burada dövlətlər də daha
əvvəl meydana gəldi. Cəmiyyətin alt bürünc dövründə başlamış mülki və ictimai təbəqələşməsi üst bürünc və
alt dəmir dövründə güclənir. Azərbaycanın şimalında iri qəbilə birlikləri yaranır. Güclü qəbilələr geniş
məhsuldar torpaqları və örüşləri zəbt edirdi. Qəbilə daxilində də təbəqələşmə gedir, zəngin ailələr
başqalarından seçilirdi. Dəmir və bürünc alətlərin tətbiqi daha bol ərzaq məhsulları əldə etməyə imkan
yaratmışdı. Belə alətlərə malik ailə əvvəllər bütün qəbilənin gördüyü işi yerinə yetirməyə qadir idi. Sürətlə
qonşu icması formalaşmağa başladı. Zəngin ailələrin çox otaqlı evləri, çoxlu mal-qarası var idi, onların
məzarlarında müxtəlif ləvazimat aşkar olunub. Əksinə, icma üzvlərinin əksəriyyəti müflisləşmişdi. Onların
məzarlarında, demək olar ki, heç bir əşya yoxdur. Varlı ailələr məzlumları əlavə işçi qüvvəsi kimi
muzdurluğa götürürdü. Qəbilə arası toqquşmalarda əsir alınmış insanlardan da bu məqsədlə istifadə edirdilər.
Beləliklə, qullar meydana gəldi. Çox vaxt onları amansızcasına qətlə yetirir və sahibləri ilə yanaşı
basdırırdılar. Cəmiyyətin həyatında müharibə böyük yer tuturdu. Odur ki, məzarlarda külli miqdarda qılınc,
nizə və ox ucluqları, döyüş baltaları, toppuzlar kimi silahların tapılması təsadüfi deyil. Üst bürünc və alt
dəmir dövrünün, demək olar ki, bütün məskənləri güclü qala istehkamlarına malik idi. Qüdrətli qəbilələr
zəiflərə zəfər çalaraq onları özlərinə tabe edirdilər. Bu, hərbi demokratiya dövrü idi. E.ə. II minillikdə hökm
sürmüş Assuriya çarı Adadnirarinin adı həkk edilmiş muncuğun Xocalıda aşkar edilməsi Şimali Azərbaycan
qəbilələrinin başqa ölkələrlə, o cümlədən Ön Asiya ölkələri ilə əlaqələrindən xəbər verir. Daha əlverişli
təbiət-iqlim şəraiti, Ön Asiya mədəni mərkəzlərinin yaxınlığı və təsiri, bu mərkəzlərlə daimi əlaqələr Cənubi
Azərbaycanda nəsil icmasının süqutunu Azərbaycanın şimal bölgələrindən xeyli əvvəl sürətləndirdi, artıq e.
ə. III minilliyin əvvəli, II minilliyin sonunda burada ilk, hələ ibtidai sinfi cəmiyyətlər yarandı. Azərbaycanın
şimalında isə bu zaman hələ də qəbilə və qəbilə ittifaqları qalmaqda davam edirdi. Cənubi Azərbaycanın
cənub qərb hissəsində sinfi münasibətlər daha sürətlə təşəkkül tapırdı. Burada artıq e. ə. III minillikdə
Mesopotamiyanın şəhər-dövlətləri ilə sıx əlaqələri olan ilk dövlət qurumları yaranır.
Beləliklə, Birinci ictimai əmək bölgüsü, şumluq əkinçilik, mal-qara artımı, şumluq torpaqlar və örüşlər
uğrunda mübarizə güclü qəbilə birliklərin yaranması prosesini sürətləndirdi. Şumer dastanları və mixi yazı
nümunələrində Azərbaycan qəbilələri haqqında ilk yazılı məlumatlarda Mil-Qarabağ bölgəsində yaşayan
qarqarlar qəbilələrindən, Urmiya gölündən Cənubda yaşayan lullubi, su, turukki, ondan qərbdə məskən
salmış kuti qəbilələrindən bəhs edilir.
Lullubilər döyüşkən qəbilə idi. Bu qəbilə birliyinə su, turukki və başqaları daxil idi. Maldarlıqla
məşğul olduqlarından mal-qaranı taxıla dəyişirdilər. Onlar günəşə, aya, məhəbbət və məhsuldarlıq ilahəsinə
sitayiş edirdilər.
Aratta. Aratta dağlıq ölkə idi. Türk xalqlarının işlətdikləri Alataa, Alatuu, Alatau, Aladağ və s. sözlər
dağ, dağ silsiləsi mənasındadır. Aratta bu sözlərin erkən forması olmuşdur.
Aratta Azərbaycan ərazisində yaranmış ilk qədim dövlət qurumu idi. Onun torpaqları Urmiya gölünün
cənub-şərqində yerləşirdi. Aratta dövləti e.ə. III minilliyin birinci yarısında mövcud olmuşdur.
Mesopotamiyanın Şumer şəhər-dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələri olmuşdur. Aratta ölkəsini
“en”, yaxud “ensi” rütbəsi daşıyan hökmdar idarə edirdi. Şumerdə en, yaxud ensi ali kahini-hökmdarı
bildirirdi. Aratta hökmdarı türk mənşəli sülaləyə mənsub idi. Ölkənin əsas şəhəri Aratta adlanırdı. Dini
idarələrə maşmaş adlanan kahin başçılıq edirdi. Aratta hökmdarı yanında hərb məsələləri üzrə şura fəaliyyət
göstərirdi, lakin son qərarı hökmdar özü verirdi.
Şumerdə olduğu kimi, Arattada da çoxallahlılıq mövcud idi. Məbədlər tikilirdi. Arattada ilahə
İnannaya sitayiş edirdilər. İnanna Şumerdə məhəbbət və bərəkət ilahəsi sayılırdı.
Lullubi dövlət qurumu. E.ə. III minilliyin ikinci yarısında Azərbaycanın cənubunda, Urmiya gölündən
cənubda Lullubi tayfa birliyi yaranmışdır. Artıq e.ə. XXIII əsrdə Lullubi tayfa birliyi dövlət qurumuna
çevrilmişdi və ona hökmdar başçılıq edirdi.
Lullubilər Assuriyanın Nuzi şəhərində də məskunlaşmış və yerli hürri tayfası ilə yaxın əlaqədə
olmuşlar. Bu şəhərdə həm lullubi, həm də hürri qullarının əməyindən istifadə olunurdu.
Azad lullubilər muzdlu döyüşçü kimi orduda xidmət edirdilər.
Hürrilər onları nullu (nullahhi), yəni yadelli adlandırırdılar. Lullubilərin döyüş məharəti qonşularda
vahimə yaradırdı. Bəzən urartulular lullubi etnik adını “düşmən” mənasında işlədirdilər.
Kuti (yaxud Quti) dövlət qurumu. Urmiya gölündən qərbdə və cənub-qərbdə Kuti tayfa birliyi
yaşamışdır. E.ə. III minilliyin ikinci yarısında Kuti (yaxud Kutium) dövlət qurumu yaranmışdır.
E.ə. XXII əsrin əvvəlində kutilər Akkad dövlətini süquta uğratmışlar. Bu zaman Kuti dövlətinin
sərhədləri şimalda Urmiya gölünün qərbindən cənubda İran körfəzinə qədər uzanmışdır. Kutilər Şumer və
Akkadda mövcud olan idarə sistemini saxlamışlar. Ölkə canişinlər vasitəsi ilə idarə edilirdi. Kutilərə tabe
olan Şumer şəhər hakimləri ensi rütbəsini saxlamışdılar.
Kuti hökmdarlarının şərəfinə yazılmış qısa mətnli kitabələr akkad dilində tərtib olunurdu. Kutilərin
hakimiyyəti illərində Mesopotamiyada şəhərlərarası toqquşmalara son qoyulmuşdur. Yuxarı dənizdən
|