İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
116
(Urmiya gölü), Aşağı dənizə (İran körfəzi) qədər uzanan ticarət yollarında əmin-amanlıq yaranmışdır.
Mesopotamiyaya xarici hücumların arası kəsilmiş, Urmiya gölü hövzəsi ilə dinc əlaqələr yaranmışdır. Şumer
və Akkad gəncləri kuti qoşunlarına xidmətə cəlb olunmuşlar.
Kutilər Mesopotamiya (İkiçayarası) mədəniyyətinə cəlb olunmuşdular. Kuti hökmdarlarının qısa
mətnli kitabələri mixi yazılar ilə tərtib olunurdu.
Kutilər Ay allahına, məhəbbət, bərəkət və məhsuldarlıq ilahəsinə sitayiş edirdilər. Onlar Şumerdə
ənənəvi məbəd tikintisini davam etdirir, yaxud sökülmüş məbədləri bərpa edirdilər. Kutilər və onların
hökmdarları türk mənşəli idilər.
E.ə. III minilliyin sonunda Kuti və Lullubi dövlətləri xırda vilayətlərə parçalandılar.
E.ə. III minillikdə Mesopotamiyada əvvəl Şumer şəhər-dövlətləri, sonra da Akkad dövləti mövcud
olmuşdur. Bu dövrdə qədim Azərbaycanın ərazisində yaranmış dövlət qurumları daha çox Mesopotamiya
dövlətləri ilə hərbi münaqişələrə girməli olurdular. “En-Merkar və Aratta hökmdarı” dastanına görə Aratta
ilə Şumer arasında münasibətlər tez-tez dəyişir, gah düşmənçiliyə, gah dostluğa çevrilirdi. verilmişdir.
E.ə. XXVIII-XXVII əsrlərdə Şumerdə Uruk şəhər-dövləti yüksək inkişaf mərhələsinə çatmışdır.
Lullubi hökmdarları Akkada qarşı döyüşlər aparmışlar. Şumer şəhər-dövlətləri Akkadın hakimiyyəti
altında birləşdirilmişdir. Odur ki, lullubilər Akkad müdaxiləsinin qarşısını almaq üçün Mesopotamiyaya
hücumlar etmiş, geniş ərazidə ağalıq uğrunda mübarizə aparmışlar. Akkad dövlətinin işğalçı siyasətinə qarşı
hərbi ittifaqlar yaranmışdır.
İşğalçılara qarşı uğurlu mübarizə aparmaq üçün Lullubi ərazisindəki xırda dövlət qurumlarını
birləşdirmək lazım idi.
E.ə. XXIII əsrin sonu-XXII əsrin əvvəlində Urmiya gölündən cənubda güclü Lullubi dövləti
yaradılmışdır.
Hökmdar Anubanininin dövründə dövlət daha da qüvvətlənmişdir. Anııbanininin uğurları “Daş sütun”
üzərində mixi yazılarla həkk olunmuşdur. Anubanini böyük dövlət yaratmışdı. Bu dövlət Urmiya gölünün
cənub və cənub-şərq bölgələrini əhatə edirdi.
Urmiya gölü yaxınlığında dövlət yaratmış kutilər də Mesopotamiyada baş verən hadisələrə qarışırdılar.
Onlar daha çox Akkad ilə hərbi münaqişələrə girirdilər. Kutilər Şumer şəhərləri ilə müttəfiqlik edir, bəzən də
onların köməyinə gəlirdilər. Akkad hökmdarı Naram-Suen kuti tayfalarına qarşı düşmənçilik siyasəti
aparırdı.
Kuti hökmdarları Mesopotamiyaya yürüşlər edirdilər. E.ə. XX əsrin əvvəlində kutilərin hökmdarı
Yarlaçaş Mesopotamiyaya hücum edib Akkad dövlətinə süquta yetirdi. Mesopotamiya 100 ilə yaxın kutilərin
hakimiyyəti altında qaldı.
Mesopotamiyada sonuncu Kuti hökmdarı Tirikana qarşı Uruk şəhərində qiyam olmuşdur. Tirikan
döyüşdə əsir düşdü. E.ə. XXII əsrin sonunda Mesopotamiyada kutilərin hakimiyyətinə son qoyuldu. E.ə. III
minilliyin sonunda Kuti dövləti tədricən zəifləmiş və siyasi qurum kimi süqut etmişdir.
Mesopotamiyada kutilərin hakimiyyəti tənəzzülə uğradıqdan sonra burada III Ur Şumer sülaləsinin
hökmdarlığı bərqərar oldu. Bu sülalənin hökmdarları Lullubilər ölkəsinə və qonşu ərazilərə dəfələrlə dağıdıcı
yürüşlər etmişlər. Kutilərin cənub torpaqları bu sülalənin siyasi təsiri altına düşmüşdür. Ur hakimlərindən
biri “Kutium canişini” və “Su ölkəsinin hökmdarı” rütbəsini daşıyırdı. Lakin e.ə. 2003-cü ildə su tayfaları
Elam ilə birlikdə III Ur sülaləsini devirdilər. Su ölkəsi müstəqil oldu. Turukki və su tayfaları
Mesopotamiyada baş verən hadisələrə qarışmağa başladılar.
Turukkilər Urmiya gölünün cənubunda yaşamışlar. Onlar Kuti və Lullubi dövlətlərinin tərkibinə daxil
idilər. Bu dövlət qurumları süquta uğradıqdan sonra turukki tayfaları müstəqil siyasət yürüdürdülər.
Həmin tayfalar Zaqros dağ keçidləri vasitəsilə Mesopotamiyaya daxil olmuşlar.
Aşağı Zab çayının (Dəclə çayının qolu) yuxarı axarında yerləşən ərazilərə gələnlər (kutilər, lullubilər
və turukkilər) burada yaşayan tayfalarla ünsiyyətə girərək, həmin torpaqlarda məskunlaşmışlar. Lakin
Mesopotamiyanın şimalında yaranmış Assuriya dövləti bu ərazini işğal etmək istəyirdi. Turukkilər
müqavimət göstərərək öz torpaqlarını müdafiə etdilər, əks-hücuma keçib assuriyalıların nəzarəti altında olan
Şuşarra vilayətini tutdular.
E.ə. II minilliyin əvvəllərində Azərbaycan tayfalarını ayrı-ayrı başçılar, yaxud xırda hökmdarlar idarə
edirdilər. Bu dövrdə kuti, lullubi və turukkilərin tayfa birliyi yaranmışdı. Onların ardı-arası kəsilməyən hərbi
təzyiqi Assuriya dövlətini zəiflətmişdi. Babilistan hökmdarı Hammurapi (e.ə. 1792-I750) təhlükəni öz
ölkəsindən sovuşdurmaq üçün Mesopotamiyanın şimalında baş verən hadisələrə qarışmalı oldu və həmin
tayfalara qalib gəldi. Buna baxmayaraq, turukkilər tədricən Babilistan ərazisində də məskunlaşdılar. Qədim
Babilistan sənədlərində burada yaşayan tayfalar arasında turukkilərin də adı çəkilir.
E.ə. XIV əsrin sonundan Assuriyanın qüdrəti yenidən artdı. Assuriya hökmdarı I Adadnirari (e.ə.
1307-1275) Azərbaycan ərazisinə bir neçə yürüş etmiş, lakin ölkənin içərisinə girə bilməmişdi. Yerli tayfalar
arasında birlik yox idi. Kutilər bir müddət Adadnirarinin hakimiyyətini tanımağa məcbur oldular. Az sonra
kutilər üsyan qaldırdılar. Lakin Assuriya hökmdarı I Salmanasar (e.ə. 1274-1245) kutilərin üsyanını yatırdı.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
117
E.ə. II minillikdə qədim Azərbaycan tayfaları turukkilər, lullubilər, kutilər və onlara yaxın olan
şubarlar (subirlər) Assuriyanın işğalçılıq siyasətinə qarşı çıxmış və müstəqillik uğrunda mübarizə aparmışlar.
Tayfa başçıları və xırda hökmdarlar vahid dövlət halında birləşməmiş, buna görə də Assuriyaya güclü
müqavimət göstərə bilməmişlər. Lakin müharibələr qədim Azərbaycan tayfalarının yenidən dövlət halında
birləşməsini zəruri edirdi. E.ə. II minilliyin sonu-I minilliyin əvvəlində qədim Azərbaycan yeni dövlət
qurumlarının meydana gəlməsi ərəfəsində idi.
Bütün xalqlar özlərinin mədəniyyətlərini yaratmışlar. Xalqların mədəniyyətlərini «zəngin» və yaxud
kasıb» mədəniyyətlərə bölmək düzgün olmazdı. Bir sıra mədəniyyətlər ciddi tədqiq edildikdən sonra onların
nə qədər zəngin olduğu aşkar olur. Elmi ədəbiyyatda ən çox öyrənilən Misir, Hindistan, Çin, İran, Yunan
mədəniyyətləri ilə yanaşı, öyrənilməyən, yaxud da az öyrənilən, ona görə də az təbliğ olunan, tarix,
ədəbiyyat və s. dərsliklərə düşməyən mədəniyyətlər də vardır. Belə mədəniyyətlərdən biri də Azərbaycan
mədəniyyətidir. Azərbaycan mədəniyyət tarixinin ümumtürk mədəniyyəti kontekstində öyrənilməsi olduqca
məqsədəuyğundur. Coğrafi amil də nəzərdən qaçırılmamalıdır. Məlum olduğu kimi, türk xalqlarının böyük
əksəriyyəti (türk dilinin bu və ya digər dialektində danışan xalqların ümumi sayına görə təxminən yarısı)
keçmiş SSRİ ərazisində yaşayır.
Şübhəsiz, Şərqi Sibirdən Baltik dənizinə qədər uzanan ərazilərdə məskən salıb yaşayan bütün böyük
və kiçik türk xalqları bir ana kök üzərində meydana gəlmişdir. Ana türk (prototürk) cəmiyyəti parçalanıb
dağıldıqdan sonra yaxın-uzaq ölkələrə yayılmış, vahid siyasi, iqtisadi, mədəni əlaqələr kəsilmiş, hər bir türk
qəbiləsinin tədricən özünəməxsus mədəniyyəti, iqtisadiyyatı və siyasi dünyagörüşü formalaşmağa
başlamışdır. Nəticədə qədim türk xalqları həm əsarətə aldıqları, həm də əsarətinə düşdükləri xalqların dinləri,
adət-ənənələri və s. ilə tanış olmuş, onların mühüm mədəni ünsürlərini mənimsədikləri kimi, özlərinin də
mədəniyyətini onlara mənimsətmişlər. Qonşu xalqlarla qarışmaq nəticəsində onların bütün mədəni-mənəvi
sahələrində olduğu kimi, hətta antropoloji quruluşlarında belə ciddi dəyişikliklər baş vermişdir. Bütün
bunlara baxmayaraq, bir ana kökdən ayrılan həmin qohum türk qəbilə və xalqlarını birləşdirə biləcək ən
qədim xüsusiyyətlər məhz onların dilində, folklorunda və mifologiyasında qorunub saxlanmışdır.
Azərbaycan mədəniyyəti dörd inkişaf mərhələsi keçmişdir. Birinci mərhələ ümumtürk, ümumbəşəri,
arxaik-totemistik inkişaf mərhələsidir. Burada mifologiyada bir sıra heyvanlar, xüsusilə öküz mifi başlıca yer
tutur. İkinci mərhələ qurd görüşünün öküz mifizmi ilə çarpazlaşması mərhələsi adlandırmaq
məqsədəuyğundur. Mədəniyyətin həmin inkişaf mərhələsi həqiqətlərlə yarımhəqiqətlər şəklində bizə gəlib
çatan erkən xaqanlıq-anaxaqanlıq və ataxaqanlıq, eləcə də daş kitablar və abidələrdə tarixi iz qoymuş
xaqanlıq əxlaqi-fəlsəfi dünyagörüşü ilə bağlıdır. Mədəniyyətin üçüncü inkişaf mərhələsi zərdüştlük -
maqların dini təlimi - xeyir və şərin əbədi mübarizəsi dövrü ilə əlaqələndirilməlidir.
Dördüncü inkişaf mərhələsi islamın Azərbaycanda yayılmasından başlanır. Həmin dövrləri bir neçə
mərhələyə də bölmək mümkündür.
Azərbaycan ərazisində Manna, Midiya, Atropatena və Albaniya dövlətləri fəaliyyət göstərmişdir.
Lakin hələ dövlət meydana gələnə qədər Azərbaycanın ilk sivilizasiya mərkəzi olması arxeoloji qazıntılar
sayəsində sübut edilmişdir. Quru-çay və Azıx mağarası sakinlərinin hazırladıqları ilk əşyalar kobud
çapacaqlar, müxtəlif qəlpələrdən düzəldilmiş qazıyıcı və deşici alətlər olmuşlar. Onların bir çoxunun ağırlığı
4-5 kq-dır.
Arxeoloqlar Qazax rayonunda Damcılı, Daşsalahlı, Tağlar mağaralarında yüz səksən-iki yüz min il
bundan öncə, insana daha çox bənzəri olan məxluqların yaşadığını aşkar etmişlər. Azərbaycan ərazisində
şüurlu insan (homo sapiyens) otuz-qırx min il bundan qabaq təşəkkül tapmışdır. Bu dövrdə insanlar daha
mükəmməl ov aləti - ox ilə yayı icad etmişdilər. Şüurlu insanlar hələ on min il bundan əvvəldən başlayaraq
Qobustan qaya rəsmlərini yaratmışlar. Qayaların üzərində yaradılmış müxtəlif rəsmlər - ov səhnəsi, yallı
getmək və s. həmin dövrdə yaşayan insanların şüurunun yüksək səviyyədə olmasını göstərir. Qobustan uzun
dövr ərzində yaşayış məskəni olaraq qalmışdır. Maldarlığın, əkinçiliyin meydana çıxdığı (VI minillikdən) və
ondan sonrakı dövrdə bu insanların qayalar üzərində qoyub getdikləri misilsiz qiymətə malik dilsiz şahidləri
onların dənizçiliklə də məşğul olduqlarını göstərir. Qayalar üzərindəki qayıq rəsmi, qayığın baş tərəfində
günəş təsviri bu torpağın aborigenlərinin dünyanın ən qədim mədəni xalqlarından biri olan şumerlərlə
bilavasitə əlaqədə olduqlarına dəlalət edir. Abşeronda, qədim Naxçıvanda, Gəmiqayada, Kəlbəcər ərazisində
qaya rəsmləri kifayət qədərdir.
Oddan istifadənin başlanması, ilk geyimlər, ilk yaşayış yerinin salınması, ilk nəqliyyat vasitələrindən
istifadə olunması, müxtəlif əmək alətlərinin hazırlanması, gil qablar, heyvanların əhliləşdirilməsi və s.
sivilizasiyaya doğru böyük addımların atılması hesab olunmuşdur.
Azərbaycan dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Qobustan qaya rəsmləri e.ə. XIII-
X minilliyə aiddir. Onlar siluet şəklində ön, arxa və yan tərəfdən təsvir edilmiş, kürəklərində kaman olan
ovçuların sxematik təsvirlərindən ibarətdir. Son mezolit dövründə (e.ə. X-VIII minilliklər) yaradılmış
əzəmətli öküzlərin realistik qaya təsvirləri də diqqətəlayiqdir. Bu təsvirlər təxminən öküzlərin özü boyda
cızılırdı.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
118
İbtidai insanların primitiv şəkildə silahlanması və vəhşi öküzlərin qüvvətli heyvan sayılması ovçuları
gələcək ovlara çox diqqətlə hazırlaşmağa və sonsuz məşqlər keçirməyə məcbur edirdi. Bu məşqlər isə
sonralar ayinlərə çevrilirdi. Dini görüşlər formalaşdıqdan sonra həmin ayinlər sehrbazlıq ayinlərinə
çevrilirdi. Əcdadlarımızın ibtidai qəbilə quruluşundakı totemistik təsəvvürləri, ayrı-ayrı heyvan və bitkilərin
ilahi qüvvəsinə insanlıq əqidəsi, eneolit dövründən, mis-daş dövründən başlayaraq yayılmışdır. Totemizm
ibtidai insanları canlı obyektiv real varlıq ilə, heyvanlar aləmi ilə möhkəm surətdə bağladı. Ruhlar kimi
totemlər də toxunulmaz idi. Totemizm ideyaları qədim əcdadlarımızın yaradıcılıq təfəkkürünə təsir
göstərmiş, heykəltəraşlıq və folklor sahəsində, bir sıra maraqlı sənət əsərlərinin yaranmasına səbəb olmuşdur.
Qədim türk qəbilələrində hər totemin plastik obrazı yaradılırdı. Həmin fiqur çadırın yuxarı başında asılırdı.
Bu ilahi fiqurlarda bəzən zoomorf və antropomorfik ünsürlərin birləşdiyi özünü göstərir, yəni fiqurlarda həm
heyvani, həm də insani xüsusiyyətlər vardır. Belə totem fiqurlarında insan şəklinin görünməsi göstərir ki,
onlar xalis heyvan fiqurlarına nisbətən daha sonralar, eramızın ilk əsrlərində yaradılmışdır.
Totemizm qədim xalq teatrı tamaşasına böyük təsir göstərmişdir. Bunlardan biri kəndirbaz oyunu idi.
Adətən oyunçular heyvan dərisi geyərdilər. Novruz-Bahar bayramlarında geniş yayılmış kos-kosa oyununu
götürək. Kos-kosa tamaşasının mənşəyi b.e. birinci əsrlərinə aparıb çıxarır. O vaxtlar belə tamaşalar qəbilə
miqyasında daha əzəmətli dini ayin mərasimlərində keçirilərək məhsuldarlıq, bolluq, artım və su təsərrüfatı
ilahəsi olan Anahitə həsr edilirdi. Kos-kosa oyunu bizə gəlib çatmış həmin ayin mərasiminin bir hissəsini
təşkil edir. Qədim Azərbaycanda müxtəlif totemlərin heykəlləri, o cümlədən bolluq ilahəsinə həsr olunmuş
heykəllər də yapılırdı.
Qədim Azərbaycanda animizm də xeyli yayılmışdı. Mürəkkəb xarakterli dini əqidə hesab edilən
animizm totemizm dini mərhələsindən sonra yetişmiş, mücərrəd təfəkkürün məhsuludur. Animistik
təsəvvürlər ruhun varlığını, ruhun daimliyini və onun hərəkətdə olduğunu əsas tutur. Əslində ruhlara
inanmaq kimi sadəlövh, ibtidai fikirlər çox sonralar yaranmış mürəkkəb xarakterli dinlərin (atəşpərəstlik,
islam və s.) ideyaları üçün başlanğıc və möhkəm bünövrə olmuşdur.
Magiyalar – sehrbaz təlimləri daima iki istiqamətdə inkişaf etmişdir: ağ sehrkarlıq, yəni xeyir
qüvvələrə xidmət edən sehrbazlıq və qara sehrkarlıq, yəni şər qüvvələrə kömək edən sehrkarlıq.
Əcdadlarımız ruhları mühüm keyfiyyətləri olan, xarakterik rəngləri və hətta cinsləri olan konkret obrazlar
kimi təsəvvür edirdilər.
İbtidai dinlər inkişaf edərək Azərbaycanda atəşpərəstlik formasında yayılmağa başlamışdır. Bu din
ibtidai icma quruluşunda yaranmış və sonrakı quldarlıq dövründə inkişaf etmişdir. O, ilk feodalizm dövründə
qədim İran Azərbaycanı ərazisində hakim dövlət dini səviyyəsinə qədər yüksəlmişdir.
Azərbaycanda Zərdüştiliyin inkişafı əsrlərlə davam etmişdir. «Avesta»da baş allah, xeyir allahı Ahura
Məzda, şər ahı isə Anqra Manyu adlanır. Qədim yunan alimləri bu allahların adlarını təhrif edərək,
yunanlaşdıraraq, onları bütün dünyaya Hörmüz və Əhrimən adları ilə tanıtdırmışlar.
Zərdüştlüyün qalıqları indinin özündə də Azərbaycanda yaşamaqdadır. VII əsrdən başlayaraq
Azərbaycanda İslam dini yayılmağa başlamışdır. Bu dövrdə ərəbdilli, farsdilli ədəbiyyatla yanaşı, türkdilli
ədəbiyyat da geniş surətdə inkişaf etdirilmişdir.
Memarlıq, heykəltəraşlıq, rəssamlıq, musiqi və mədəniyyətin digər növləri böyük inkişaf yolu
keçmişdir. Qədim dövrlərdə Azərbaycanın cənub və şimal hissəsi iqtisadi və siyasi cəhətdən müxtəlif inkişaf
yolları keçmişdir. Belə ki, Azərbaycanda məhsuldar qüvvələrin yüksəlişi və nəsli quruluşun parçalanıb
bölünməsi sürətlə baş verdiyindən orada qəbilə birləşmələri daha erkən yaranmışdı. E.ə. III minilliyin
sonunda meydana gəlmiş Manna qəbilələrinin ittifaqı əsasında e. ə. IX əsrdə Urmiya gölünün ətrafında
qüdrətli Manna dövləti yaradılmışdır. Paytaxtı İzurtu şəhəri olmuş bu dövlət ə. e. IX-VII əsrlərə qədər davam
etmiş və Assuriya, Urartu kimi dövlətlərlə siyasi və mədəni əlaqədə olmuşdur. Mannalılar yüksək səviyyəli
mədəni nailiyyətlər əldə etmiş, onların yaratdığı mədəniyyət və incəsənət qonşu xalqlara, xüsusilə
midiyalılara və köçəri skif tayfalarına öz qüvvətli təsirini göstərə bilmişdi. Midiya dövlətinin mövcud olduğu
vaxtda da (e. ə. VII-VI əsrin ortaları) Manna incəsənətinin bədii ənənələri davam etdirilmişdir. Bu
xüsusiyyəti nəinki Midiya incəsənətində, həmçinin qədim İranın Əhəmənilər sülaləsi mədəniyyətində də
izləmək olur.
İranın qədim yunanlarla müharibələri (e.ə. V əsr) və daha sonralar İranın makedoniyalı İsgəndər
tərəfindən zəbt edilməsi nəticəsində Şərq və antik ölkələrinin mədəniyyəti bir-birinə xeyli yaxınlaşdı. Bu
zaman Şimali Azərbaycan istər iqtisadi və istərsə də siyasi inkişaf baxımından ölkənin cənub hissəsindən
xeyli geridə qalırdı. Həmin gerilik, söz yox ki, mədəni inkişafda da özünü göstərirdi.
Yunan tarixçiləri ilk dəfə e. ə. IV əsrdən başlayaraq qədim Alban qəbiləsinin fəaliyyəti haqqında
yazmağa başlamışlar. Bu qəbilənin adı ilə əlaqədar olaraq Şimali Azərbaycan (Dağıstanın cənub hissəsi daxil
olmaqla) Albaniya adlanmağa başlayır. Sonralar tədqiqatçılar bu ölkəni Qafqaz Albaniyası adlandırmışlar.
Qafqaz Albaniyası münbit torpaqlara, suvarma arxları üçün bol su verən çaylar və başqa təbii zənginliklərə
malik olmuşdur. Bu ölkədə qəbilə ittifaqları e. d. I minilliyin ortalarında yaranmağa başlayır ki, bunun
nəticəsində dövlət quruluşu Cənubi Azərbaycana nisbətən xeyli gec vaxta - e. ə. I əsrə təsadüf edir.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
119
Qədim Azərbaycan incəsənətinin tarixi bu ölkədə dövlətin yaranması tarixindən daha qədimdir.
Müxtəlif incəsənət növləri ilə tanışlıq bizi uzaqlara, ibtidai icma quruluşunun dərinliklərinə aparıb çıxarır.
Qədim Azərbaycan incəsənətinin inkişafı üç böyük dövrü əhatə edir: 1. Alban dövründən əvvəlki incəsənət
(e. ə. IV əsrə qədər); 2. Alban dövrü incəsənətinin ilk, klassik mərhələsi (e.ə. IV-e. I əsri); 3. Alban dövrü
incəsənətinin ikinci mərhələsi (I-VII əsrlər).
Alban dövrünün incəsənəti daha qədim dövrlərin incəsənətindən doğduğuna baxmayaraq, yeni tarixi
şəraitlə əlaqədar olaraq, mədəniyyətimizi yeni keyfiyyətlərlə zənginləşdirmişdir. Bu dövrün incəsənəti
tarixdə ilk dəfə dini təsəvvürlərin zəncirini qırmış, sənətə yeni, dünyəvi və nikbin xüsusiyyətlər gətirmişdir.
Alban dövrünün mühüm xüsusiyyətlərindən biri də sənətkarların müxtəlif növ yeni materiallara
cəsarətlə müraciət etməsidir. Daha qədim mərhələlərin dini səciyyəli təsvir motivləri bu dövrdə dekorativ-
ornamental motivlərə çevrilməyə başlamışdır. Alban dövrü incəsənəti özünün bir sıra mütərəqqi sənət
ənənələri və yaradıcılıq prinsipləri ilə orta əsr incəsənətimizin inkişafı üçün möhkəm bünövrə yaratmışdır.
Bütün bunlara görədir ki, bu dövr qədim Azərbaycan incəsənəti tarixində əsas və başlıca mərhələ kimi qəbul
edilir və incəsənətimizin daha qədim inkişaf mərhələləri hələlik, şərti olaraq, «Alban dövründən əvvəlki
incəsənət» kimi öyrənilir.
Alban dövründən əvvəlki incəsənət XII minillikdən başlayaraq, e. ə. IV əsrə qədər olan uzun bir
mərhələni əhatə edir. Həmin dövrün başlanğıcında (Mezolit dövründə) yaşamış qədim insanlar ibtidai icma
quruluşunun ilk pilləsində baş vermiş tarixi hadisələrin şahidi olmuşlar. Onlar madərşah-ana nəsli dövrünün
daş alətləri ilə vidalaşmamış mis-daş dövründə (eneolit) yeni kəşflərə nail olmuşlar. Sonrakı tunc dövründə
(e. d. III minilliyin ikinci yarısı və II minillik) isə qədim əcdadlarımız pədərşahi-ata nəsli dövrünün
qanunlarına tabe olmuş, metaldan qüdrətli istehsal alətləri yarada bilmişlər. Dəmir dövründə (e. ə. I minillik)
bu alətlər daha da təkmilləşmiş, tuncdan, əsasən, dini əşyaların yaradılması və bəzək məqsədləri üçün
istifadə edilmişdir. Bu dövrdə Azərbaycanın qədim sakinləri məhsuldar qüvvələrin inkişafı, əmək alətlərinin
təkmilləşməsi nəticəsində ibtidai icma quruluşu ilə tədricən vidalaşmışlar. Nəzərdən keçirdiyimiz bu uzun
dövr ərzində qədim qəbilələr yaşayış məskənləri və müdafiə tikintiləri yaratmışlar ki, bu da əcdadlarımızın
memarlıq sahəsindəki ilk təcrübələri olmuşdur. Onlar eyni zamanda rəssamlıq sahəsində də bacarıqlarını
sına-yaraq, qayalar üzərində heyvan və insan təsvirləri cızmışlar. Yurdumuzun ibtidai insanları əşyaların
davamlılığına və gözəlliyinə diqqət yetirərək ürəyəyatan, gözəgəlimli dulusçuluq məmulatı, bəzəkli metal
alətləri və s. hazırlamışlar. Qədim həmyerlilərimiz özlərini bəzəməyi də yaddan çıxarmamışlar. Onların
yaratdığı tunc kəmərlər və nəfis zərgərlik şeyləri qiymətli sənət əsərləridir. Əcdadlarımızın minilliklər
ərzində tərtib etdikləri piktoqrafik, təsvirli yazılar ölkəmizdə ibtidai insan cəmiyyətinin mədəni inkişafını
əyani surətdə göstərən ən yaxşı nümunələrdir. həmin piktoqrafik yazılar yazı mədəniyyətimizin tarixini mis
dövründən (e. ə. IV minillikdən) başlamağa imkan verdiyi üçün dünyəvi əhəmiyyətə malik tarixi abidələrdir.
Azərbaycanın coğrafi mövqeyi və təbii zənginlikləri memarlığın təşəkkülünə və inkişafına müsbət
təsir göstərmiş amillərdəndir. Ölkədə müxtəlif növ inşaat materiallarının, cürbəcür daşların və ağacların, gil,
əhəng və gəcin bolluğu tikinti işləri üçün şərait yaratmışdır.
Mağaralar. Azərbaycan ərazisində tapılmış mağaralar ən ibtidai və ən qədim insan məskənləri kimi
qiymətlidir. Belə abidələrə misal olaraq, Qazax rayonunda Aveydağda tapılmış iki mağaranı və Fizuli
şəhərinin yaxınlığındakı Azıx mağarasını göstərmək olar. 215-220 m uzunluğunda olan Azıx mağarası
Azərbaycan ərazisində ən böyük mağaradır. Onun böyük otaqlarında çoxlu qaya rəfləri vardır ki, bunlardan
bəzilərinin altında 100-150 adam yerləşər. Bu əzəmətli mağaranın divarlarını çoxlu təbii stalaktit formalar
bəzəyir ki, bunlardan sonralar orta əsr memarlığımızda da geniş surətdə istifadə edilmişdir.
Qobustanın «Böyükdaş» deyilən hissəsində də mağaralar vardır. Burada təbii mağaralarla yanaşı,
qayaların irəliyə doğru uzanmış çıxıntılarının əmələ gətirdiyi süni mağaralar da tapılmışdır. Bu tipli
mağaraların qara dam yaşayış evlərinin ən ibtidai forması olduğu güman edilir.
Daş dövrü üçün xarakterik olan təbii və süni mağaralar Gəncəçay ətrafında, Qubadlı, Zəngilan,
Qonaqkənd, Zuvand, Mərəzə və başqa yerlərdə aşkar edilmişdir.
Meqalitik abidələr. Yunanca meqa - böyük, litos - daş deməkdir. Ona görə də böyük qaya
parçalarından qurulmuş qədim abidələrə meqalitik abidələr deyilir. Meqalitik abidələrin bir çox növləri
vardır. Onlardan menhirləri, dolmenləri, kromlexləri, daş qutuları, daş xiyabanları, qalereyaları göstərmək
olar. Bəzən siklopik tikintiləri də meqalitik abidələrə aid edirlər.
Meqalitik abidələr Avropanın bir çox ölkələrində və Krımda aşkar edilmişdir. Qafqaz ərazisində də
meqalitik abidələrin müxtəlif tipləri tapılmışdır. Belə abidələr Azərbaycan ərazisində də çox yayılmışdır.
Əksər hallarda onlar dəfn kultu ilə əlaqədar olaraq yaradılmışdır. Belə nəhəng abidələrin daşlarının ağırlığı
40, 100, 300 ton olduğunu nəzərə alsaq, onların yaradılmasında külli miqdarda insan qüvvəsinin sərf edildiyi
aydın olar. Ona görə də onların icma abidələri olduğu və ictimai xüsusiyyət daşıdığı güman edilir. Meqalitik
abidələr daş dövrünün sonunda meydana çıxmış, tunc dövründə isə daha çox yayılmış memarlıq
nümunələridir.
Menhirlər şaquli olaraq yerə basdırılmış daşlara deyilir. Menhir fransız sözü olub, (men-daş, hir-uzun)
|