İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
128
nümunədə quşun gözləri muncuqdandır, onlar üst tərəfdən qabarıq xətlə haşiyələnmişdir. Şərti formada
düzəldilmiş bu fiqurda qanadlar maili qabarıq xətlərlə göstərilmişdir.
Bu dövrdə üstündə bir neçə quş başı olan qablar da yaradılmışdır.
Dəmir dövrünün əvvəllərində (e. ə. VIII-VI əsrlərdə) fiqurlu keramikanın daha yeni bir tipi ortaya
çıxır. Bu, öküz başı şəklində olan qablardır. Onlardan biri Gədəbəydə, ikincisi Anadoluda (xetlərə aiddir),
üçüncüsü isə Gürcüstanda qazılıb çıxarılmışdır. Güman etmək olar ki, maye bu su qablarından süzülərək
bədxah ruhlardan təmizlənirmiş. Alban dövründə bu tip qablara rast gəlmirik. Lakin onları əvəz edən, onların
vəzifəsini görən yeni zoomorf qablar ortaya çıxır. Bu yeni tipli fiqurlu qablar zoomorf keramikanın ikinci
qrupunda nəzərdən keçirilir. Üçüncü qrupa daxil olan Mingəçevir ritonu da həmin vəzifəyə xidmət etmişdir.
Öküz başlı fiqurlu qabları Türkiyə tədqiqatçısı Remzi Oğuz yunan ritonlarının ən qədim tipləri hesab
edir. Dəmir dövrünün başlanğıcında bu tipli keramikanın ortaya çıxması öküzü totem saymaq əqidəsi ilə
bağlıdır.
Daha sonralar (e. ə. VII-V əsrlərdə) tufit daşından yonulmuş geniş ağızlı və oturacaqlı qabın qoşa
qoyun başı ilə bəzədilməsi də totemizm, xeyir və bərəkət əqidəsi ilə əlaqədardır. Bu qabın daxilindəki qoyun
rəsmləri və meandr naxışı gümüşlə inkrustasiya edilmişdir. Belə tipli qabın tunc dövrünə adi naxışsız, tək
qoyun başlı nümunəsi qədim Gəncə tərəflərdə, indiki Qasım İsmayılov kəndində tapılmışdır.
Dəmir dövründə bədii cilalı qara keramikanın nisbətən zəiflədiyi özünü göstərir. Lakin alban
dövrünün birinci inkişaf mərhələsində tunc dövrü bədii ənənələrinin yenidən dirçəldiyi nəzərə çarpır. Bu
dirçəlmə isə cəmisi 5-6 əsrdən çox çəkmir.
Bədii metal. Qədim Azərbaycanda eneolit dövründə mis kəşf ediləndən sonra metal ibtidai icma
cəmiyyətinin iqtisadi, təsərrüfat, ictimai və mədəni həyatında görkəmli rol oynamağa başlayır. Bu zaman
başqa metallar da tapılıb müəyyənləşdirilir. Misal üçün, qurğuşun, qalay, marqanes metallarının kəşfi
Azərbaycan tarixində yeni və mütərəqqi bir dövrün, tunc dövrünün başlanması ilə bağlıdır.
Tunc dövründə qədim əcdadlarımız bu yeni metalların hər birini mislə əridərək təzə keyfiyyətli və
daha bərk olan tuncu kəşf etdilər. Tunc yeni dövrün açarı oldu. Tunc istehsal aləti, silah və kult əşyalarının
yaradılması üçün daha əlverişli və daha davamlı bir metal idi. Onun ictimai həyatda törətdiyi inqilab ibtidai
insanlarda metala qarşı yeni ülvi münasibətlər yaratdı. Onlar metalın ilahi bir qüvvə olmasına inandılar.
Tuncun böyük istilik nəticəsində yarandığını, yəni oddan doğduğunu görən ibtidai insanlar onu günəşin
töhfəsi kimi, günəş qüdrətli bir varlıq kimi qarşıladılar. Beləliklə, metal kultu ortaya çıxdı. İnsanlar ona həm
pərəstiş edir, həm sığınır, həm də ondan kömək diləyirdilər. Odur ki, bədxah ruhlara qarşı mübarizə üçün
hazırlanmış tunc zənglərin cingiltili səsindən istifadə olunur, ikibaşlı baltalara müraciət edilirdi. Bu
xüsusiyyət Azərbaycan xalqının etnoqrafiyasına və folkloruna da daxil olmuşdur. Xəstələrin başı altına
bıçaq, qayçı və ya başqa metal şey qoymaq, yaxud Günəş və Ay tutulanda sinc çalmaq (iki metal lövhənin
bir-birinə vurulması) və s. metal kultunun izləridir. Folklorumuzda bu kultla bağlı olan bir sıra motivlər
vardır. Yaxın keçmişə aid olan əfsanələrimizdə deyilir ki, insanlara ziyan verən çox qüvvətli və əzəmətli
qulyabanını almaq və tabelikdə saxlamaq üçün onun tüklü dərisinə metal (sancaq) sancmaq lazımdır. Bu
sancaq onun bədənində olduğu müddətdə qulyabanı insanların hər cür əmrlərini yerinə yetirir və çox müti
olur. Sancağı çıxaran kimi isə böyük ziyanlar verərək qaçır. Bu əfsanədə metalın qüdrəti, onun qoruyucu
xüsusiyyəti təbliğ olunur.
Tunc dövründə təsərrüfat və hərbi əhəmiyyəti olan çoxlu tunc məmulatı istehsal edilmişdi. Bədii
keyfiyyətli nümunələr isə əksər hallarda dini səciyyə daşıyırdı. Onlardan biri Xanlar rayonunda tapılmış tunc
məmulatdır. Onun yarıdan iki hissəyə bölünmüş bərabərtərəfli üçbucaq forması və aşağı üfqi haşiyəsi qoşa
spirallarla, döymə üsulu ilə bəzədilmişdir. Bu ornamentlər ay allahı ilə əlaqələndirilərək kişi cinsinin
qüdrətini təmsil etməklə, guya bəd nəzərdən də mühafizə edirmiş. Üçbucaq hissə aşağı haşiyə ilə 6
simmetrik saya qollarla birləşir. Aşağı haşiyənin zəncirlərindən içi boş və şəbəkəli gövdəsi olan, tökmə üsulu
ilə hazırlanmış dörd quş fiquru asılmışdır. Çovdar qəbirlərindən də belə quşlar tapılmışdır.
Bir neçə ölünün dəfn edildiyi ümumi qəbirdən tapılmış (Xanlar rayonu) tunc məmulat bədxah ruhlara
qarşı animistik və magik səciyyə daşıyır. Həmin quşların içi boş bədənlərində ölülərin ruhu guya əbədi
«rahatlıq tapacaqmış». Tunc fiqurun solundan və sağından isə bədxah ruhları qovmaq üçün iki zınqırov
asılmışdır.
Eramızdan əvvəl birinci minilliyin əvvəlində, yəni dəmir dövrünün başlanğıcında da tunc dövrü
ənənələri özünü göstərməkdə idi. Buna misal olaraq Qarabağın Dolanlar kəndindən tapılmış ikibaşlı maral
fiqurunu nəzərdən keçirək. Bu nadir metal fiqur tökmə üsulu ilə hazırlanmışdı. Maral bu dövrdə qədim
azərbaycanlıların pərəstiş etdikləri totem-himayəkar allah idi. Tunc maral fiquru həmin totemə həsr
edilmişdir. Bu dövrə aid İranda və Gürcüstanda tapılmış ikibaşlı at və sair heyvan fiqurları da xeyir və
bərəkət kultuna həsr edilmişdir.
Sxematik şəkildə tunc təbəqədən hazırlanmış fiqurdan onşəbəkəli zınqırov, onların ortasında isə
birşəbəkəli qoza asılmışdır.
Bu dövrün çox yayılmış maraqlı məmulatının bir tipini də tunc kəmərlər təşkil edir.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
129
Üzərində cızma üsulu ilə heyvan, quş, insan, naxış və s. rəsmlər çəkilmiş bu kəmərlər qədim
Azərbaycan incəsənətinin səciyyəvi nümunələrindəndir. Bu kəmərlərin üzərində kosmoqonik ideyalar,
kainatın od, torpaq, hava, su kimi dörd əsas amildən ibarət olduğunu göstərən təsəvvürlər simvolik təsvir
motivləri vasitəsilə verilmişdir.
Tunc kəmərlərin bir qrupunu da üzərində piktoqrafik təsvirlər cızılmış əsərlər təşkil edir. Onların ən
tipik nümunəsi kimi Gədəbəydən tapılmış tunc kəmərin piktoqramına nəzər salaq. Burada bir-birini izləyən
beş heyvan rəsmi verilmişdir. Sol tərəfdən birinci, üçüncü və beşinci yerdə üstündə günəşin svastika şəklində
simvolik təsviri verilmiş şir fiqurları cızılmışdır. Heç bir işarə olmadan məlumdur ki, şir rəsmi bu dövrdə
günəş və od rəmzi kimi işlənirdi. İkinci və dördüncü yerdə isə tək buynuzlu fantastik heyvan rəsm
edilmişdir. Bu heyvanı hər yerdə ilan rəsmi müşayiət edir. İlan rəsmi özlüyündə axirət dünyasının simvolu
olduğu üçün bu heyvan da yeraltı ölülər dünyasının simvolu kimi qəbul edilir. Beləliklə, yazı iki heyvanın:
günəşi, işığı təmsil edən şirlə, qaranlıq dünyanın rəmzi olan tək buynuzlu heyvanın mübarizəsi nəql edir.
Piktoqramda işıqla qaranlığın, həyatla ölümün mübarizəsi təsvir edilmiş və odun, işığın, həyatın qalib
gələcəyi göstərilmişdir. Qədim rəssam bu fikri qəbilə üzvlərinə çatdırmaq üçün yazını günəş işarəli şirin
təsviri ilə başlayıb, onun mübarizədə qalib gəlmiş əzəmətli şəkli ilə qurtarmışdır. Sol tərəfdə, birinci şirin
arxasında dirilik ağacı təsvir edilmişdir. O, günəşin himayəsində olan həyatı təmsil edir. Bu piktoqramda şir
xeyir allahı Hörmüzdü, tək buynuzlu heyvan isə şər allahı Əhriməni təmsil edir.
Kəmərin sol və sağ uclarında suyun, bolluğun qoşa spiraldan ibarət rəmzi işarələrini də görürük.
Həmin işarələr məhsuldarlığı, xoşbəxt həyatı təmsil edir, kəməri isə bəd nəzərlərdən hifz edirmiş. Bu işarələr
ikiqat şəkildə kəməri haşiyələyir.
Piktoqramın məzmununu nəzərə alaraq demək olar ki, bu tipli tunc kəmərlər qəbilə vuruşmalarında,
ölüm-dirim döyüşlərində qalib gələn, fərqlənən igidlərə verilirmiş.
Həmin dövrdə İran Azərbaycanında bədii metal emalı daha yüksək səviyyəyə çatmışdı. Bu, Man
dövlətinin siyasi və mədəni tərəqqisi ilə əlaqədar idi. Bu mədəni inkişafın parlaq nümunəsini Ziviyə
zərgərlərinin işlərində görürük. Eramızdan əvvəl VIII əsrə aid olan bu cür əsərlərdə Zərdüşt dininin təsiri
görünməkdədir.
Məşhur Ziviyə xəzinəsi təsadüfi olaraq tapıldıqdan və yerli əhali tərəfindən vəhşicəsinə talan
edildikdən sonra bəzi metal əşyalar, zərgərlik və zinət nümunələri Luvr muzeyində toplanmışdır. Onlardan
qızıl yaxalıq, qızıl bilərzik, gümüş nimçə bütün dünyaya məlumdur. Bu əsərlərdə dini-mifoloji motivlərə
geniş yer verilmişdir. Lakin onların mühüm xüsusiyyətləri bədii formaların kamilliyin-dən, qüvvətli estetik
təsirə malik olmasından ibarətdir.
Aypara şəklindəki qızıl yaxalıqda təsvirlər iki qatda, iki zolaqda verilmişdir. Yuxarı zolaqda,
mərkəzdə dirilik ağacı, ondan sola və sağa simmetrik olaraq dağ keçisi, daha sonra isə qanadlı məxluqlar -
insan başlı şirlər və adi şirlər, aşağı qatda, dirilik ağacının yanında (keşiyində) dayanan qanadlı şirlər,
onlardan sonra isə qanadlı məxluqlar, insanlar, qrifon, qoç başlı və insan başlı şirlər döymə üsulu ilə təsvir
edilmişdir. Hər iki zolağın sonunda dovşan təsvir edilmişdir. Bütün bunlar dini-mifoloji məxluqlardır.
Burada dirilik ağacı qədim cəmiyyətin müqəddəs atributu-nişanı kimi kompozisiyanın mərkəzində,
görkəmli yerdə verilmişdir. Onun keşiyində isə dağ keçiləri dayanmışdır. Belə heyvan təsvirlərini (üstündə
günəş nişanı olmaq şərti ilə) Sasani qablarında da görürük. Bu, onların günəş kultunu təmsil edən günəşin
simvolu olan bir heyvan surəti olduğunu göstərir. Beləliklə, yaxalıqda təsviri verilmiş dirilik ağacının günəşi
təmsil edən heyvanlar tərəfindən qorunması aydınlaşır. Bu ona görə maraqlıdır ki, biz belə bir xüsusiyyəti
tunc dövrünə aid Xanlar keramikasında da görürük və daha sonralar, alban dövrü heykəltəraşlığında da buna
rast gəlirik.
Qızıl bilərzik günəş təsviri altında üzbəüz yerləşmiş dörd şir fiquru ilə bəzədilmişdir.
Bütün Ziviyə əsərlərində dövrün ideoloji xüsusiyyətləri, günəş kultunun təbliği, onun atributları,
Zərdüşt dinindən gələn əfsanəvi varlıqlar və s. əks etdirilmişdir.
İran Azərbaycanında, Urmiya gölünün cənubunda yerləşən Həsənli adlı qədim yaşayış məntəqəsindən
tapılmış gümüş güldan və qızıl cam da diqqətəlayiq görkəmli sənət əsərləridir. Onlar e. ə. birinci minilliyin
əvvəllərinə aid olub, döymə üsulu ilə hazırlanmışdır.
Gümüş güldanın xarici səthini qızıla tutulmuş qabartma təsvirlər bəzəyir. Təsvirlərdə piyada və
süvarilərin döyüşü, at, öküz və şirəoxşar heyvanları qovan insan surəti öz əksini tapmışdır.
Qızıl camın qabartmaları isə iki cərgədə yerləşmişdir. Yuxarı cərgədə (soldan) araba sürən ay, günəş
və göy allahlarının şərəfinə qurbanlıq qoyunların gətirilməsi göstərilir. Aşağı cərgədə qoşa qoç üstündə
çılpaq vəziyyətdə, yanlara açılmış əlləri ilə örtüyünü tutmuş halda su, xeyir və bərəkət ilahəsi Anahid, yenicə
doğulmuş uşağın kahin tərəfindən dualanması, düşmən üzərində qələbəni xəbər verən carçı və s. təsvir
edilmişdir. Atəşpərəstlik məbədinə məxsus olan bu camdan quraqlığa, sonsuzluğa və s. məhrumiyyətlərə
qarşı keçirilən dini-sehrkarlıq ayinlərində istifadə edilərmiş.
Beləliklə, qədim Azərbaycanda bədii metal istehsalı ilk növbədə cəmiyyətin ülvi məqsədlərinə,
ideoloji tələblərinə, dini təsəvvürlərinə xidmət etmişdir. Eyni zamanda, sənətkarlar təbliğ etdikləri ideyalara
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
130
uyğun bədii formalar tapmaqda böyük məharət göstərdikləri üçün yaratdıqları əsərlərin qüvvətli estetik təsir
bağışlamasına da nail ola bilmişlər.
Alban dövrü incəsənəti. Alban dövrünün incəsənəti iki inkişaf mərhələsi keçmişdir. Birinci mərhələ e.
ə. IV-I əsrləri, ikinci mərhələ I-VII əsrləri əhatə edir.
Birinci mərhələdə bədii keramika, zərgərlik və s. sənətlər inkişaf tapmışdır. Bu dövrdə memarlıqda
güman etmək olar ki, yuxarıda haqqında danışdığımız meqalitik tikintilər, qazımalar, qaradamlar və
konusvarı alaçıq formalı yaşayış evləri ənənəvi olaraq davam etdirilmiş və bunlardan istifadə olunmuşdur.
Bir çox qədim şəhərlərimizin də bünövrəsi bu dövrdə qoyulmuşdur.
Bədii keramika Qafqaz Albaniyası incəsənətinin birinci dövründə (e. ə. IV-I əsrləri) layiqincə inkişaf
tapmış yeganə sənət növüdür. Bu dövrdə ənənəvi olaraq tunc dövründən gəlmiş bir çox dulusçuluq növləri
geniş miqyasda istehsal edilirdi. Bununla bərabər dövrün iqtisadi-mədəni inkişafı ilə əlaqədar olaraq yeni
keramik formalar da ortaya çıxırdı. O zamanın dekorativ bəzək üsulları həm ənənəvi, həm də yeni səciyyə
daşıyırdı.
Daha qədimlərə aid dulusçuluq nümunələrinə misal olaraq, fiqurlu və birləşmiş qabları, bir və üç ayağı
olan vaza tipli məmulatı göstərmək mümkündür. Belə dulusçuluq nümunələri dini əqidələrlə əlaqədar olaraq
yaradılırdı.
Fiqurlu keramikanın bu dövrdə çox yayılmış növü zoomorf qablardır. Belə qabları zahiri formalarına
görə beş qrupa bölmək olar. Birinci qrupa maral, keçi, xoruz, tovuz və s. heyvan və quş şəklində olan fiqurlu
qablar daxildir. İkinci qrupda isə qabların çiyni ilə boğazı qoyun və at fiqurları vasitəsilə birləşdirilir.
Bəzi qablar da var ki, onların gövdəsi üzərində maral, qoyun, təkbuynuzlu heyvanların yarım fiquru və
ya ancaq başı düzəldilmişdir. Qorelyef formalı bəzəyi olan belə qablar üçüncü qrupa aiddir. Dördüncü qrupa
daxil olan qabların üzərində maral, dovşan, qoyun kimi heyvanların qabartma formalı şəkilləri verilirdi. Belə
qabartmalar son dərəcə sxematik olurdu. Bu qrupda fiqurlu keramikanın tənəzzülə uğradığını əyani şəkildə
görürük. Tənəzzül beşinci qrupun nümunələrində özünü daha qabarıq şəkildə büruzə verir. Bu qrupun
qablarında heyvanlar müxtəlif əyri, qabarıq xətlər şəklində təsvir edilir. Artıq ornamental forma almış bu
təsvirlər qabların qulpunu, gövdəsini, lüləyini bəzəyir. Bu nümunələr göstərir ki, dövrün sonunda fiqurlu
keramika tamamilə tənəzzülə uğramışdır. Bununla belə, ayrı-ayrı hallarda bu tipli qablar ikinci dövrdə də (I-
IV əsrlər) yaradılırdı.
Nəzərdən keçirdiyimiz fiqurlu keramika tunc dövründə olduğu kimi bu dövrdə də su, şərab və sair
mayelərin saxlanması üçün lazım olurdu. Qablara bədxah ruhların daxil olmamağı üçün onlar totemlərin-
himayəkar heyvanların müxtəlif şəkilli təsvirləri ilə bəzədilirdi. Belə dini təsəvvür, dövrün inkişafı ilə
əlaqədar olaraq ortadan çıxdıqca totemlərin plastik təsviri də, beşinci qrupda gördüyümüz kimi, təhrif
edilərək, ornamental şəkil almış və ikinci dövrdə itib getmişdir.
Fiqurlu qablar heyvanları təmsil etdiyinə görə onlara zoomorf keramika, zoomorf qablar da deyilir.
Mingəçevir, Xınıslı və s. yerlərdən tapılmış qara və qırmızı rəngli fiqurlu keramika təsvirlərin sxematikliyinə
baxmayaraq, o dövrün plastika sənətində özünəməxsus mühüm yer tutur.
Qafqaz Albaniyasında birləşmiş qablar istehsalı da ənənə şəkli almışdı. Tunc dövründə belə qabların
içərisində birləşdirici yollar olurdusa, bu dövrdə artıq qablar süni şəkildə, zahiri forma etibarı ilə birləşir.
Belə dəyişiklik qədim ayinin bu dövrdə ortadan çıxması ilə izah edilməlidir. Birləşmiş qablar deşmə
nöqtələrlə bəzənsə də, onların əsil gözəlliyi orijinal formalarında və plastik cazibədarlığındadır. Qırmızı
rəngli belə keramika nümunələri Mingəçevirdə və Yaloylutəpədə tapılmışdır.
Vaza tipli qablar qara rəngli, bir və ya iki qulplu olub, bir və ya üç ayaq üstə dayanır. Bu tipli qablar
Mingəçevir, Yaloylutəpə, Xanlar, Xocalı kimi qədim mədəniyyət yerlərindən tapılmışdır. Onların
özünəməxsus plastik gözəlliyi vardır. Lentvarı qulplar, gövdəni bəzəyən şiş qabartmalar, qablara şaquli
istiqamət verən mütənasib dayaqlar və nəhayət, iki dairəvi lövhədən düzəldilmiş gövdələr vaza tipli qabların
bədii keyfiyyətini qüvvətləndirir.
Bu cür vaza tipli qablar e. d. IV-I əsrlərdə də yaradılmışdır. Onlar əvvəlki mərhələlərdə olduğu kimi,
bu dövrdə də dini məqsədlərə xidmət etmişdir. Həmin qablarda qurban kəsilmiş heyvanların qanı və müxtəlif
nəzirlər saxlanılırdı. İkinci dövrdə bu tip qablara rast gəlmirik.
Qafqaz Albaniyasında maldarlıq və əkinçiliyin inkişafı ilə əlaqədar olan matraları (flyaqaları) və
Yaloylutəpə tipli qabları göstərə bilərik.
Mingəçevir, Xınıslı, Yaloylutəpə və s. yerlərdən tapılmış matralar əkinçilərin, maldarların yanlarında
gəzdirdikləri su qablarının müxtəlif formalarda olmasına dəlalət edir. Bu qablar təkqulplu, bir və ikiağızlı,
şaquli və üfqi gövdəli olub, müxtəlif dekor ünsürləri ilə bəzədilmişdir. Belə su qablarının üstündə düymələr,
gözlüklər, cızma xətlər, eşmə formalı qabarıq çevrələr görünür. Üfqi şəkilli ikiqulplu Mingəçevir və
Yaloylutəpə matralarında isə qabın boğaz və sinə tərəflərində narın cızma naxışlara rast gəlirik. Belə qabların
plastik forması və naxışları göstərir ki, onlar mənşə etibarilə tuluqlardan əmələ gəlmişdir.
Matraların bir tipi də onun zoomorf fiqurlu keramikadan əmələ gəldiyini göstərir. Belə qablara
zoomorf matra deyilir. Onlar quyruğu saxlanmış başsız quş şəklində olan zoomorf qablardır ki, matra kimi
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
131
işlənmişdir. Belə matralar da zoomorf keramikanın tənəzzülünü izləməyə imkan verir.
Yaloylutəpə tipli qablar ilk dəfə 1937-ci ildə arxeoloq D. Şərifov tərəfindən Qutqaşen rayonunun
Yaloylutəpə deyilən qədim yaşayış məskənindən tapılmışdır. Bununla əlaqədar olaraq sonralar Mingəçevir,
Qəbələ, Molla İsaqlı, Torpaqqala, Gəncə, Qazax və digər yerlərdən tapılmış eyni şəkilli qablara Yaloylutəpə
tipli məmulat deyilmişdir. Bu keramika qırmızı-kərpici rəngdə olub, gövdəsinin bikonik şəkli, ağzının
uzunluğu və tək qulpunun yanda olması ilə fərqlənir. Onların bir qrupu oturacaqsız, digər qrupu isə yastı
oturacağı olan silindrik dayaq üzərində yerləşir. Bu qab-ların boğazları bəzən qabartma halqalar, gövdələri
isə üç ədəd gözlük naxışlarla bəzənir. Qabartma halqalar qabdakı mayeni bədxah ruhlardan, gözlük şəkilli
naxışlar isə bədnəzərdən mühafizə edirmiş.
Yaloylutəpə qabları şərabçılıq təsərrüfatı ilə əlaqədar olaraq istehsal edilmişdir. Həmin qablar
formalarının mütənasibliyi və plastik gözəlliyi ilə qədim Azərbaycan keramikasında xüsusi yer tutur.
Bu dövrün keramikasındakı dekorativ bəzək xüsusiyyətləri ənənəvi və yeni tipli olması ilə iki qrupa
bölünür.
Tunc dövründən gəlmə ənənəvi bəzək üsullarına misal olaraq, cilalanmış qara rəngli naxışları, az
maddə ilə həkk edilmiş ornamentləri göstərmək olar. Bundan əlavə, şaquli girintilər şəklində olan
kannelyurlar, gil düyməciklər və qabartma xətlər də daha qədimdən gəlmiş dekorativ formalardır. Belə
ənənəvi bəzək ünsürlərindən biri də məhsuldarlıq kultu ilə əlaqədar olan taxıl dənələrinin dekorativ motiv
kimi işlədilməsidir.
Bu dövrün keramikasında yeni bəzək üsulları və motivləri də özünü göstərir. Misal üçün, Yaloylutəpə
qablarında iki-iki, üç-üç yerləşmiş düymələrin və cızılmış naxışların sadəliyinə baxmayaraq, onlar
məmulatın keramik forması ilə o dərəcədə ahəngdardır ki, qabların plastik nöqsanlarını hiss etdirmədən
gizlədir, gözəl quruluş cəhətlərini isə nəzərə çarpdırır. Bu hal Qafqaz Albaniyası dulusçularının əsas
yaradıcılıq prinsiplərindən birini təşkil edir.
Tunc dövründə qara cilalı qabları bəzəyən qabarıq bəzək motivləri bu dövrdə daha kəskin şəkil alır,
daha çox plastikləşmiş halda nəzərə çarpdırılır. Bu motivlər və onlarla yanaşı işlənən kannelyurlar ikinci
dövrdə torevtika sənətində də öz əksini tapır.
Bu dövrün astral kultu ilə əlaqədar olaraq istər qara, istərsə də qırmızı rəngli keramikada dini səciyyəli
günəş və ay tipli naxışlar meydana çıxır.
Mingəçevir və Yaloylutəpə ustaları keramikada qabarıq - ayşəkilli naxışlar yaratmağa xüsusi fikir
vermişlər. Ayı təmsil edən naxışlar bu dövrdə dini təbliğat məqsədi daşımışdır. İkinci dövrdə isə ay naxışları
ornamental motivlərə çevrilmiş və ay kultu tənəzzülə uğradıqca, bu yeni bəzək forması da ortadan çıxmışdır.
Ay kultu axirət dünyası ideyaları ilə sıx surətdə bağlı olmuşdur. Odur ki, axirət dünyası haqqında
təlimatlar, göstərişlər yazılırdı. Bu yazılar təsvirli yazılar-piktoqramlar olub, qırmızı boya ilə kərpici rəngli
qablar üzərinə yazılırdı. Üzərində piktoqram olan belə qablar Mingəçevirdən tapılmışdır.
həmin piktoğramların məzmunundan aydın olur ki, bu dünyanın dindarları o dünyada-axirət
dünyasında da günəş və ay allahları qarşısında müqəddəs borclarını yerinə yetirməlidirlər, onların yolunda
qurban verməyi unutmamalıdırlar.
Qafqaz Albaniyasının bədii keramikası ikinci dövrdə tənəzzülə uğrasa da, bu mərhələdə inkişaf tapmış
bütün dekorativ sənət növləri üçün tükənməz yaradıcılıq mənbəyi olmuşdur.
Alban incəsənətinin ikinci mərhələsində memarlıq, bədii şüşə, torevtika (bədii metal emalı), zərgərlik,
həkkaklıq, heykəltəraşlıq və bədii oyma kimi sənətlər tərəqqi tapmışdır.
Memarlıq. Bu dövrün memarlığı üçün müdafiə-qala istehkamları, xristian məbədləri və saraylar
xarakterik sayılır. Müdafiə tikintiləri xalqımızın yadelli istilaçılara qarşı mübarizə tarixi ilə əlaqədardır. Belə
tikililər ilk növbədə qədim şəhərləri müdafiə məqsədi ilə yaradılırdı. Eramızdan əvvəl I əsrdə salınmış
Qəbələ şəhərinin qala istehkamlarını buna misal göstərmək olar. Qəbələ Qafqaz Albaniyasının paytaxt
şəhərlərindən biri idi. Bu şəhər XIV əsrdə monqol istilası zamanı tamamilə dağılmışdır.
Qəbələ Selbir və Qafır adlı iki qaladan ibarət olmuşdur. Beşbucaqlı şəklində tikilmiş Selbir qalasının
qalın divarları ara-sıra tikilmiş bürclərlə daha da möhkəmləndirilmişdi. Qafır qalasının cənub tərəfindəki
bürc və darvazalar indiyə kimi qalmışdır. Yarımdairə şəklində olan bürclərin hündürlüyü 9-10, diametri isə
15 metrdir. Divarların qalınlığı 4 metrə çatır. Bütün bunlar göstərir ki, vaxtilə Qəbələ şəhərinin bişmiş
kərpicdən tikilmiş qala istehkamlarının əzəmətli görkəmi olmuşdur. Qəbələnin sakinləri kommunal
ehtiyaclara da xüsusi diqqət yetirmiş, saxsı borulardan istifadə edərək şəhəri su ilə təchiz etmişlər.
Müdafiə tikintilərinin görkəmli nümunələrindən biri də V-VII əsrlərdə tikilmiş Dərbənd divarlarıdır.
Dərbənd keçidində uzanan bu divarlar «Uzun divarlar» adı ilə məşhurdur. Bu əzəmətli abidə yonulmamış
daşdan və kərpicdən tikilərək, şimaldan axın-axın gələn köçəri tayfaların qarşısını kəsən bir sədd vəzifəsini
görmüşdür. O, bir sıra müdafiə tikintilərinin kompleksindən ibarətdir. Bu kompleksə bir neçə böyük qala da
daxildir. Onlardan ən məşhuru, hündür qaya üzərində tikilmiş «Çıraqqala»dır. Bu qalanın qarşısında geniş
müşahidə sahəsi açılır; onun böyük müdafiə imkanları vardır.
Dərbənddə belə mürəkkəb müdafiə sisteminin ümumi uzunluğu 120 km, divarların qalınlığı 8 m,
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
132
hündürlüyü isə 18-20 metrə qədərdir. Bu abidənin müdafiə sistemində heykəltəraşlıq əsərlərinə də böyük yer
verilmişdir. Heykəllər insan və heyvan surətlərindən ibarət olub, dairəvi və barelyef şəklində yonulmuşdur.
O vaxt şəhərin əhalisi bu heykəllərə müdafiə tikintilərinin tilsimi kimi baxırdılar. Guya qala divarlarının və
qapılarının taleyi, möhkəmliyi bu tilsimli heykəllərdən asılı imiş. Şəhərdə su mənbələrinin üstündə,
ovdanlarda da belə heykəllər qoyulurmuş. Dərbənd qala qapısının üstündə indi də şir başı barelyefi
qalmaqdadır.
IV əsrdən başlayaraq xristian dininin yayılması ilə əlaqədar olaraq Azərbaycanda xristian məbədləri
tikilir.
Qax rayonunun Ləkit kəndindəki dairəvi məbəd indi dağınıq bir haldadır. Onun divar və sütunlarının
ancaq aşağı hissəsi salamat qalmışdır. Məbədin tikintisində çaydaşı, bişmiş qırmızı kərpic və yonulmuş
əhəngdaşı işlədilmişdir. Abidənin ümumi quruluşu dairəvi şəkildədir. Şimal, cənub-şərq və qərb tərəflərdə
dörd giriş qapısı vardır. Qapılar zahirdən portal şəklindədir. Binanın daxili quruluşu diqqəti daha çox cəlb
edir. Məbədin mərkəzi hissəsini örtən günbəz 4 qüvvətli dayaq və onların arasındakı sütunlar üzərinə yatan
tağlar üstündə yerləşmişdir. Mütəxəssislər binanın plan quruluşuna əsasən onun IV-V əsrlərdə ikimərtəbəli
tikildiyini güman edirlər.
Bu abidəni bəzi tədqiqatçılar xristian məbədi, digərləri isə aya sitayiş məbədi kimi qəbul edirlər. Onun
ay məbədi olmasını güman etməyə də əsaslar çoxdur. I əsrdə Şəki yaxınlığında belə bir ay məbədi var imiş.
Yunan tarixçisi Strabon həmin məbəddə insanın qurban verilməsi ayinini «Coğrafiya» əsərində ətraflı təsvir
edir.
Həmin dövrdə Azərbaycanda ay kultu çox geniş yayılmışdı. Qədim əcdadlarımız aya həm su və
məhsuldarlığın, həm də axirət dünyasının himayəkarı, tanrısı kimi pərəstiş edirdilər. Mingəçevir və
Yaloylutəpə keramikasında üzərində ay şəkilli qabartma olan qırmızı və qara rəngli su qabları bu kultla
əlaqədar olaraq yaradılmışdır.
Qax rayonunun Qum kəndindəki məbəd bazilika tiplidir. Bu növ binalar sırf xristian məbədləri hesab
olunur. Məbədin VI əsrdə, yonulmuş böyük çaydaşılarından tikildiyi müəyyən edilmişdir, Binanın daxilində
iki sıra sütun qoyulmuşdur. Sütunların əmələ gətirdiyi mərkəz hissə daha hündür olduğu halda, kənar hissələr
alçaq tikilmişdir. Bu da bazilika tipli məbədlər üçün səciyyəvidir. Orta hissənin sonunda dairəvi formada
absida (mehrab) deyilən yer ayrılmışdır. Sütunların əmələ gətirdiyi üç nef məbədin absida olmayan tərəfində
üstüörtülü eyvanlar yaratmağa imkan vermişdir. Midiya dövründə ant tipli binalarda rast gəldiyimiz eyvan
memarlıq forması bu abidədə daha kamil şəkildə tətbiq edilmişdir. Məbədin tağları nalvarı formadadır.
Mingəçevir məbədi də tipik xristian məbədidir. V-VII əsrlərdə çiy kərpicdən tikilmiş bu binanın damı
bişmiş böyük kirəmitlərlə örtülü imiş. Arxeoloji qazıntı nəticəsində aşkar edilmiş bu abidə bir neçə dini
səciyyəli binadan ibarətdir. Binalardan birinin qurtaracağında absida var imiş.
Məbədin divarlarında həndəsi və nəbati naxışlardan ibarət divar rəsmləri çəkilmişdir. Məbədin
içərisində heykəltəraşlıq əsərləri də tapılmışdır. Onlardan kəc üzərində işlənmiş süvari qabartmasını və
böyük daş (üst səthi 78X69 sm, alt səthi 67X62 sm, hündürlüyü 4.5 sm) üzərində yonulmuş iki tovuz quşunu
göstərmək lazımdır. Təsvirlərdən yuxarıda, daşın bütün kənar haşiyəsi boyu cızma yazılar verilmişdir. Bu
yazıların qədim alban və yaxud qədim türk yazısı olduğunu iddia edən iki fikir vardır. Daşın üst tərəfdən
diametri 19 sm olan bir girintisi vardır. I
Sarayların memarlığı haqqında məlumatımız çox müxtəsərdir. Tarixçilərin göstərdiyinə görə, qədim
alban padşahlarının əzəmətli sarayları olmuşdur. VII əsrdə hökmranlıq etmiş Cavanşir saray tikintisinə
xüsusi diqqət yetirmiş, öz sarayını təmtəraqlı görkəmə saldırmışdı.
Bu dövrdə əhalinin köçəri vəziyyətdən oturaq həyata keçməsi ilə əlaqədar olaraq şəhərsalma işləri
xeyli inkişaf etmişdi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolemey Qafqaz Albaniyasının 29
şəhər və kəndinin adını çəkir. I-III əsrlərə aid tarixi mənbələrdə Naxçıvan, Qəbələ, Şamaxı kimi şəhərlərin
adına rast gəlirik. Daha sonralar III-VII əsrlərin salnamələrində həmin şəhərlərdən başqa yeni şəhər adlarına
da təsadüf edirik. Onlardan Dərbənd, Şabran, Şirvan (Şarvan), Çola, Şake (Şəki), Beylakan, Bərdə, Xalxal,
Kalankaytuk, Alven, Minkiçavır (Mingəçevir) kimi şəhərləri göstərmək lazımdır.
Bədii şüşə sənəti. Azərbaycanda şüşə sənətinin yaranması alban dövrü incəsənətinin inkişafının birinci
mərhələsinə təsadüf edir. Lakin şüşə ustaları bu dövrdə ancaq bəzək şeyləri (bilərzik, müxtəlif muncuqlar və
s.) yaratmaqla kifayətlənmişlər. Şüşə qablar istehsalı isə ikinci dövrün məhsulu idi.
Qədim Azərbaycanda şüşə istehsalının inkişafı, birinci növbədə, ölkənin təbii zənginlikləri ilə bağlı
olmuşdur. Azərbaycan torpağında kvars qumunun, soda və əhəng yataqlarının olması şüşənin yerli
materialdan bişirilməsi üçün imkan yaratmışdır. Bu işdə başlıca şərtlərdən biri də yanacaq mənbəyi olan
meşə materialının bolluğu idi. Doğranmış ağaclardan yüksək dərəcədə istilik verən yanacaq, onların
külündən isə tərkibində natri və kali duzları və hətta əhəng də olduğundan, xammal kimi istifadə edilirdi.
Bundan başqa, şüşə materialının əridilməsi üçün odadavamlı gildən kiçik tiyanlar hazırlamaq vacib idi. Belə
gillər isə Azərbaycanda çox olub, dulusçuluqda da tətbiq edilirdi.
Bədii şüşə məmulatı Mingəçevirdə, İsmayıllı rayonunun Qalagah, Şamaxı rayonunun Xınıslı, Qax
|