QƏDİM ROMA MƏDƏNİYYƏTİ
Roma haqqnda əfsanə. Romada dövlətin yaranması. Avropanın cənubunda, Balkan yarımadasının
qərbində Apennin yarımadası yerləşir. Apennin yarımadasını şimalda Avropanın qalan hissəsindən Alp
dağları ayırır. Alp dağlarından başlayaraq Siciliya adasına qədər uzanan sıra dağlar yarımadanı iki yerə
ayırır. Alp dağları Apennin yarımadasını soyuq şimal küləyindən qoruyur. Burada iqlim mülayimdir, yağış
Yunanıstana nisbətən daha çox yağır, zəngin bitki və heyvanlar aləmi var. Yunanlar bu zənginliyə heyran
olmuş və yarımadanın cənub hissəsini İtaliya, yəni “buzovlar ölkəsi” adlandırmışlar. Sonralar bu ad bütün
yarımadaya verilmişdir. Apennin yarımadasının cənubunda iqlimi isti, bitki örtüyü daha zəngin olan Siciliya
adası yerləşir.
Apennin yarımadasının orta hissəsindən Tibr çayı axır. Tunc dövründə Avropadan quru yolla Apennin
yarımadasına İtalik tayfaları axışdı. E.ə. X-VIII əsrlərdə isə buraya dəniz yolu vasitəsi ilə etrusklar gəldilər.
Tibr çayı ətrafındakı düzənliklərdə latın tayfaları yaşayırdı. Bu çayın mənsəbindən 25 km aralı Roma şəhəri
salındı. Əfsanəyə görə latın şəhərlərindən birinin padşahı qardaşı qızının əkiz oğlan uşaqlarını Tibr çayına
atdırır. Uşaqlar olan səbət ağaca ilişir. Bir dişi canavar onları südü ilə bəsləyir. Uşaqları çoban tapıb tərbiyə
edir. Uşaqlardan birinin adı Romul, o birinin adı Rem idi. Şəhər salmaq və onun kimin idarə etməsi üstündə
mübahisələri düşür. Romul Remi öldürür. Romul çobanın onları tapdığı yerdə şəhər salır və Roma adlandırır.
Beləliklə, e.ə. 753-cü ildə Roma şəhəri salınır. Romalılar öz tarixlərini bu ildən başlayırlar. Romada Kapitoli
təpəsində dişi canavarın heykəli qoyulmuşdu.
Romanın ən qədim əhalisinin nəslindən olanlar patrisilər adlanırdılar. İlk əvvəl əhali 3 qəbilə (triba)
ittifaqından, hər triba öz növbəsində boy birliklərindən (kuriya) ibarət idi. Latınca “pater” ata deməkdir. Boy
birliklərinin üzvləri (patrisilər) Roma icmasının ilk tam hüquqlu vətəndaşları sayılırdılar. Onlar icma
torpaqlarından istifadə edir, məsul vəzifələrə seçilirdilər. Onlar işi əsasən özləri görür, əvvəllər qullarla bir
süfrə başına otururdular.
Patrisilərə latınca “senat” adlanan qocalardan ibarət ağsaqqallar şurası rəhbərlik edirdi. Senatın tərkibi
boy başçılarından formalaşırdı. İcmada 300 boy mövcud olduğundan erkən senat 300 üzvdən ibarət idi.
Senatın üzvləri senator adlanırdı. Romanı padşah və senat idarə edirdi. E.ə. VI əsrin başlanğıcında Romada
dövlət yarandı. Romalılar qonşuluqda olan şəhərləri tutur, əhalisini Romaya köçürürdülər. Romadakı təpələr
arasında olan təpələr qurudulmuş və forum deyilən bazar yaradılmışdı. Romanın sonuncu padşahı Məğrur
Tarkvin çox qəddar olduğuna görə romalılar e.ə. 509-cu ildə onu qovmuş və padşah hakimiyyətinə son
qoymuşdular. Bundan sonra hər il xalq yığıncağı patrisilər sırasından iki konsul və onların köməkçilərini
seçir, onlar isə bir il Romanı idarə edirdilər. Konsullar bütün məsələlərdə senatla məsləhətləşirdilər. Romada
seçkili üsul-idarəni patrisilər latınca “res publika”, yəni “ümumi iş” adlandırırdılar. Respublika müəyyən
müddətə seçilmiş adamlar tərəfindən idarə olunan dövlət deməkdir. Konsullar Romanı idarə edir, məhkəmə
işlərinə baxır, müharibə vaxtı orduya komandanlıq edirdilər.
Plebeylərin seçkili vəzifə tutmaq hüququ da yox idi. Plebeylər patrisilərlə bərabər hüquqa malik olmaq
üçün e.ə. V-III əsrlərdə mübarizə aparırdılar. E.ə. V əsrin əvvəllərində plebeylər onların hüquqlarını müdafiə
edən tribunların seçilməsinə nail oldular. Tribun senatın nə konsulun plebeylərin mənafeyinə zidd olan
istənilən qərarını ləğv edə bilərdi. Onun “veto”, yəni “qadağan edirəm” deməsi kifayət idi. Vəzifəsinin icrası
müddətində tribun toxunulmazlıq hüququna malik idi. E.ə. 451-ci ildə plebeylər mövcud qanunvericiliyin
“Qanunlar toplusu” şəklində qeydiyyatına nail oldular. E.ə. 449-cu ildə qanunlar toplusu həkk olunmuş 12
mis lövhə Forum meydanında qoyuldu. E.ə. 326-cı ildə plebeylər borca görə borclunun kölə kimi satılması
qanununun ləğv edilməsinə nail oldular. Plebsin ticarət-sənətkar dairələrinin mənafeyi üçün 312-ci ildə
senzor olmuş Appi Klavdinin fəaliyyəti böyük əhəmiyyət kəsb edirdi. O, torpaq mülkiyyəti olmayan
plebeylərə şəhər və kənd tribalarında qeydiyyata düşmək, yəni vətəndaş hüququ almaq imkanı yaratdı. Appi
Klavdi Romadan Kapuya şəhərinə qədər uzanan, ticari və hərbi əhəmiyyət kəsb edən yol saldı. E.ə. III əsrin
əvvəllərində plebeylər Romanın tam hüquqlu vətəndaşı oldular. Onlar seçkili vəzifə tutmaq, icma
torpaqlarından bəhrələnmək ixtiyarı qazandılar. Hər bir Roma vətəndaşı dövlət vəzifəsinə seçilə bilərdi, lakin
respublika vəzifəyə görə məvacib vermirdi, odur ki, seçkili vəzifələrə yalnız varlılar irəli sürülürdü. Romanın
vəzifəli şəxsləri magistrat adlanırdı. Bir illik müddətə seçilən iki konsul və pretorlar, 5 ildə bir dəfə 1.5 illik
müddətə seçilən iki senzor, xalq tribunları ali, kvestor və edillər kiçik magistratlar sayılırdı.
E.ə. II-I əsrlərdə Romada quldarlığın inkişafı. Romalılar əmək alətlərini canlı və cansız alətlərə, canlı
alətləri isə danışan və danışmayan alətlərə bölürdülər. Danışan alətlər dedikdə qullar nəzərdə tutulurdu.
Roma ordusunun əyalətlərdən qarət etdiyi sərvətlər Roma quldarlarının əlinə keçirdi. Quldarlar bu
vəsaitlə bağlar və üzümlüklər salır, mal-qara sürüləri saxlayırdılar. Roma imperiyasının hər yerində qul
bazarı var idi. Qullardan təsərrüfatın bütün sahələrində, tikintidə, ev işlərində, gəmiçilikdə istifadə edilirdi.
Roma aristokratları icma torpaqlarını ələ keçirir, kəndlilərin torpaqlarını satın alırdılar.
Romada daha çevik və güclü olan qullara xüsusi həbsxana-məktəblərdə silah işlətməyi öyrədir, onları
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
210
bir-biri ilə vuruşmağa məcbur edirdilər. Belə qulları qladiator adlandırırdılar. Romada qladiator döyüşləri
geniş yayılmışdı. Bu məqsəd üçün sirklərə oxşar amfiteatr tikilirdi. Amfiteatrın mərkəzi olan meydança
arena adlanırdı. Məğlub olub sağ qalan qladiatorun taleyi tamaşaçılardan asılı idi. Onlar əllərinin baş
barmaqlarını aşağı salanda məğlub qladiator öldürülməli idi. Baş barmaqlar yuxarıya tuşlananda isə
qladiatora rəhm edilirdi.
Qədim Romada çox qul var idi. Qədim dünyanın heç bir ölkəsində bu qədər qul yox idi. E.ə. II əsrdə
Roma əyalətlərində qulların üsyanı baş verdi. Siciliyada baş vermiş üsyan 6 il davam etdi. Quldarlar üsyanı
zorla yatırdılar. Romanın apardığı müharibələr ölkəyə qul axınını çoxaltdı Kəndli əməyi ucuz qul əməyi
tərəfindən sıxışdırılırdı. Varlı quldarlar var-yoxdan çıxmış kəndlilərin torpaqlarını dəyər-dəyməzinə satın
alırdılar. Kəndlilər şəhərlərə, ilk növbədə Romaya axışır, iş tapmırdılar. İşsiz, evsiz-eşiksiz qalanların sayı
artırdı.
Roma imperiyası. Romadan min kilometrlərlə uzaqlıqda gedən müharibələrə hər il seçilən konsullar
başçılıq edə bilmir, komandanlıq təcrübəli hərbi rəislərə tapşırıldı. Bu da Romada sərkərdələrin nüfuzunun
artmasına səbəb olurdu. Quldarlar belə hesab edirdilər ki, senat və konsullara nisbətən hərbi sərkərdələr
yoxsul və qulların müqavimətini daha yaxşı qırar və itaətdə saxlaya bilər. E.ə. I əsrdə Korneli Sullanın
diktaturası da respublika üsul-idarəsinə ağır zərbə vurmuşdu. Marinin muzdlu könüllülərdən təşkil etdiyi
qoşun Romada hakimiyyəti ələ keçirmək üçün istənilən hərbi liderin əlində alətə çevrilə bilərdi. Pompey və
Krass təkhakimiyyətlik uğrunda mübarizədən çəkinməyən belə sərkərdələr idilər.
Romada quldarlıq təsərrüfatının tənəzzülü. I-II əsrlərdə ən qüdrətli zirvəsinə çatan Roma
imperiyasında II-III əsrlərdən başlayaraq quldarlıq quruluşunda tənəzzül başlandı. Qul əməyi getdikcə
əhəmiyyətini itirirdi, nəzarətsiz qul yaxşı işləmirdi. Qullar üçün yaxşı işləməyin əhəmiyyəti yox idi. Onlara
ancaq yemək verilir, paltar alırdılar. Qullara nəzarətçilər, keşikçilər, quldarların özləri nəzarət edirdilər.
Quldarlıq təsərrüfatının inkişafı üçün əngələ çevrildi. Qədim Romada su dəyirmanı ixtira edildi, gavahınlı
mürəkkəb kotan, öküzlə hərəkətə gətirilən biçin aləti, bağlarda işləmək üçün biçin aləti ixtira edilmişdi.
Lakin bu alətləri qullara etibar etmirdilər. Onlara yenə sadə kobud alətlər verirdilər, bu alətləri sındırmaq
çətin idi. Qulların marağı olmadığına görə torpaqlar tez gücdən düşür və məhsul vermirdi.
Quldarlar da başa düşürdülər ki, artıq qul əməyi daha sərfəli deyil. Buna görə də bəzi quldarlar qullara
kiçik torpaq sahələri, əmək aləti, toxum, iş heyvanı verir, onlara ev tikməyə, ailə qurmağa icazə verirdilər.
Bu qullar əldə etdikləri məhsulun bir hissəsini quldara verirdilər. Belə qullara “daxmalı qullar” deyirdilər.
İri torpaq sahibləri öz torpaqlarını kiçik hissələrə bölüb azad kəndlilərə icarəyə verirdilər. Romada
belə xırda icarədarları kolonlar adlandırdılar. Kolonlar öz əməklərinin nəticəsində maraqlı idilər. Qula
nisbətən yaxşı işləyirdilər. II-III əsrlərdə kolonlar qismən qulları əvəz etdilər, onların sayı sürətlə artdı.
Lakin qul və kolonların vəziyyəti ağır olaraq qalırdı. Əyalətlərin əhalisi üzərinə böyük vergilər
qoyulmuşdu. Bu səbəbdən də imperiyada üsyanlar başlandı. Üsyanda qullar və kolonlar iştirak edirdilər. III
əsrdə üsyan bütün Qalliyanı bürüdü. Üsyançıları “Baqaudlar”, yəni mübarizlər adlandırırdılar. Roma
quldarları üsyanı qan içərisində yatırdılar.
Romalılar və yunanlar dillərini başa düşmədikləri xalqları barbar adlandırırdılar. II-III əsrlərdən
başlayaraq barbarların Roma imperiyası üzərinə hücumları güclənməyə başlandı. İmperiyanın zəngin
şəhərləri və varlı kəndləri barbarları cəlb edirdi. Əsas barbar tayfaları dörd qrupa bölünürdü. German
tayfaları Müasir Almaniya ərazisində yaşayırdı. Qot alman tayfaları Polşadan Ukraynaya qədər olan ərazidə
yaşayırdılar. Qotlar ostqotlara (şərq qotları) və vestqotlara (qərbi qotlara) bölünürdülər. Elba çayından
şərqdəki torpaqlarda slavyan tayfaları yaşayırdı. IV əsrdən başlayaraq şərqdən gəlmiş hun tayfaları Roma
imperiyasının sərhədlərinə yaxınlaşdılar. Bu tayfaların hücumu Roma imperiyasının tənəzzülünü
sürətləndirdi. III əsrin ortalarında Qalliya, İspaniya, Misir, Asiya və Aşağı Dunay Romadan ayrıldı.
Roma imperiyasında legionerlər böyük rol oynayırdılar. Onlar istədikləri adamı imperator taxtında
oturdurdular. Legionerlər tərəfindən hakimiyyətə gətirilən imperatorlara “əsgər imperatorları” deyirdilər
Zəifləmiş imperiya sərhədlərini qoruya bilmirdi. Barbarlar hücum etdikləri ərazidə hər şeyi məhv edirdilər.
Roma imperiyasında quldarlar möhkəm imperator hakimiyyəti yaratmaq istəyirdilər. Bu məqsədlə 284-cü
ildə legionerlərin köməyi ilə Diokletianı imperator elan etdilər. O, yoxsul ailədən çıxmış, adi legionerdən
imperator səviyyəsinə yüksəlmiş qətiyyətli bir adam idi. Diokletian qiyamçı döyüşçülərə divan tutdu,
intizamlı ordu yaratdı, Qalliyada baqaudları məğlub etdi, barbarları imperiya ərazisindən qovdu, sərhədləri
möhkəmləndirdi, keşikçi qüllələri tikdirdi. Bu qüllələri dərin xəndəklər əhatə edirdi. Roma legionerləri və
muzdlu barbarlar sərhədləri qoruyurdular.
Diokletian 21 il (284-305) hakimiyyətdə oldu, imperiyanın bütövlüyünü təmin etdi. O, özünü
Yupiterin oğlu adlandırırdı. O, imperiyanın şərq hissəsində gözəl saraylar tikdirdi və orada yaşadı, qüdrətli
ordu yaratdı. Ordunu, məmurları və xəfiyyələri saxlamaq üçün əhali üzərinə ağır vergi qoydu. Dominant
idarəçilik sistemini yaradan Diokletian 293-cü ildə inzibati, 301-ci ildə maliyyə islahatları apardı.
Qiymətlərin tənzimlənməsi haqqında fərman verdi. 303-304-cü illərdə xristianlığa qarşı fərmanlar imzaladı.
Xristianların kütləvi surətdə təqib və edam edilməsinə rəvac verdi.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
211
Roma Aralıq dənizi sahillərində olan ən böyük şəhər idi. Eramızın ilk əsrində burada bir milyon əhali
yaşayırdı. Şəhər Tibr çayının hər iki sahilində yerləşirdi. Buraya dağ bulaqlarından 11 kəmərlə öz axarı ilə su
gətirilirdi. Sezardan başlayaraq Roma forumu ətrafında abidələr ucaldılır, məbəd və saraylar tikilirdi. Roma
imperatorlarının heykəlləri qoyulurdu. Trayan Dunay qələbələrinin şərəfinə Forumda 40 m hündürlüyündə
sütun ucaltmış, onun üstündə özünün heykəlini qoydurmuşdu.
Romada zəfər tağları geniş yayılmışdı. Triumf mərasimlərində imperatorlar bu tağların altından
keçirdilər. Əvvəllər adi bazar olmuş Forum paytaxtın ən gözəl yerinə çevrilmişdi. Onun yaxınlığında Palatin
təpəsi yerləşirdi. Burada imperatorların gözəl sarayları yerləşirdi. İmperator saraylarının yaxınlığında
quldarların evləri yerləşirdi. Onların evlərinin divarları freskalarla bəzədilir, döşəmələri mozaika ilə
örtülürdü. Otaqlara bəzəkli mebellər, həyətdə, bağlarda gözəl heykəllər qoyulurdu. Varlı romalılara xidmət
edən qullar içərisində savadlı həkimlər, müəllimlər, musiqiçilər, rəssamlar var idi. Varlıların alaqapısında it
əvəzinə zəncirlənmiş qul otururdu.
Romada zəngin həyat tərzi keçirənlərlə yanaşı, yoxsul, ehtiyac içində yaşayan on minlərlə dilənçi var
idi. Onların narazılığının qarşısını almaq üçün onlara imperatorun adından çörək və pul paylayırdılar.
Romada 200 min adam pulsuz çörək alırdı. İmperatorun əmri ilə termlər (hamamlar) tikilmişdi. Yoxsul azad
adamlar buradan pulsuz istifadə edirdilər. Burada kitabxana, istirahət otaqları var idi. Onlara pulsuz
tamaşalar göstərilirdi. “Çörək və tamaşa” xalqın narazılığının qarşısını almaq üçün verilirdi. Həm quldarlar,
həm də yoxsul azad adamlar zəhmət çəkməyi qulların işi hesab edir, özləri işləmək istəmirdilər.
Romada ilk teatrı yunan teatrı nümunəsində Pompey tikdirmişdi. Həm quldarlar, həm də yoxsul azad
adamlar ən çox qladiator döyüşlərini və döyüş arabalarının qaçış yarışlarını xoşlayırdılar. I əsrdə Romada 50
min tamaşaçı tutan Kolizey tikilmişdi. Amfiteatr Roma ixtirasıdır. O, tribunalarla əhatə olunmuş ellips
formalı meydandan ibarətdir. Burada qanlı qladiator döyüşləri keçirilir, yırtıcı heyvanların boğuşması
nümayiş etdirilirdi.
Romada bir neçə amfiteatr var idi, lakin 64-cü ildə baş vermiş yanğından sonra yeni qurğuya ehtiyac
duyulurdu. 69-cu ildə Roma imperatoru Vespasian yeni amfiteatrın tikilməsinə qərar verdi.
Yeni amfiteatr əvvəlcə Flavi amfiteatrı adlanırdı. VII əsrdən başlayaraq onu Kolizey adlandırırdılar.
Kolizeyin perimetri 500 m, hündürlüyü 48.5 m-dir. Kolizey əhəngdaşı, tuf və kərpicdən tikilib.
80-cı ildə onun təntənəli açılışında Vespasianın varisi Tut iştirak edirdi. Bu mərasimdə romalılar üçün
5000 yırtıcı heyvanın boğuşması tamaşasını nümayiş etdirilmişdi. Lakin tikinti hələ başa çatmamışdı.
Amfiteatrın ən yüksək tribunası imperator Domisian dövründə tikilib başa çatdı.
Tikili çoxmərtəbəli tribunalar sistemindən ibarətdir. Mürəkkəb pilləkənlər sistemi tribunalara gediş-
gəlişi asanlaşdırırdı. Tribunalar eyni zamanda 50000 tamaşaçı qəbul edə bilirdi. Vəhşi heyvanlar yeraltı
keçidlər və qaldırıcı qurğular vasitəsi ilə birbaşa meydana çıxarılırdı.
Zəngin texniki təchizatına görə Kolizey öz dövrünü xeyli qabaqlamış qurğu hesab olunur.
Romalılar yunan memarlığından geniş istifadə edirdilər. Roma tikintiləri dövlətin əzəmət və qüdrətini
nümayiş etdirməli idi. Onlar memarlığa bir sıra yeniliklər gətirdilər. Betonu ixtira etdilər. Beton Tağ və
qübbə tikməyə imkan verirdi. Tağ (Arka) qövs şəklində örtüyə deyilir. Tağdan Zəfər tağlarında, körpü, bina,
su kəməri tikintisində geniş istifadə olunurdu.
Qübbə qövs şəklində tavana deyilir. Günbəz tərsinə çevrilmiş cam şəklində tavana deyilir. Allahların
məbədi sayılan və indiyə qədər qalan Panteon günbəzin ən gözəl nümunəsidir.
Romada heykəltəraşlığın özünəməxsus xüsusiyyəti var idi. Onlar yunanların və şərqdən gətirdikləri
heykəllərin surətini çıxarır və yenilərini yaradırdılar. Onlar Olimp allahlarına sitayiş edir, amma onların
adlarını dəyişirdilər. Məsələn, Zevsi Yupiter, dəniz allahı Poseydonu Neptun, Hefesti Vulkan adlandırırdılar.
Roma ədəbiyyatı yunan ədəbiyyatı ilə bağlı idi. E ə I əsr və eramızın I əsri Roma poeziyasının “qızıl
dövrü” adlanırdı. İmperator Avqust şairləri himayə edirdi. Onun dostu, varlı Mesenat şairlərə qayğı
göstərirdi. Onun evi şairlərin üzünə açıq idi, onlardan səxavətini əsirgəmirdi. Sonralar “mesenat” sözü varlı
incəsənət himayəçisi mənasında işləndi.
Roma şairlərindən biri Vergili (e.ə. 70-19) idi Onun 12 cilddən ibarət olan “Eneida” poeması Troyanın
müdafiəçisi, ilahə oğlu, romalıların atası sayılan Eneyin başına gələn hadisələrdən bəhs edir. Eney yanan
Troya şəhərindən qoça atasını çıxarır, bir müddətdən sonra İtaliyaya-Romaya gəlir və burada məskən salır.
Eney atasının ruhu ilə görüşmək üçün yeraltı səltənətə gedir. Atasının ruhu ona xəbər verir ki, onun nəsli
Romanın əsasını qoyacaq. Eney özünün gələcək nəslini və onların arasında Romaya dinclik gətirəcək
Avqustun təntənəsini görür. Vergili poemasında Avqustun və onun dövrünü təsvir etmiş, bunun üçün qədim
əfsanələrdən məharətlə istifadə etmişdi.
E.ə. I əsrdə yaşamış Tit Lukresi Kar “Əşyaların təbiəti haqqında” fəlsəfi poemasını şerlə yazmışdı.
Görkəmli şair və alim olan Lukresi bu əsərində insanın və təbiətin tarixi haqqında o dövrün qabaqcıl
ideyalarını əks etdirmişdir. Onun fikrincə, təbiət atomlardan ibarətdir. O, insanların həyatını və təbiət
hadisələri qarşısında onların acizliyini canlı təsvir etmişdi. O, bu qənaətə gəlmişdi ki, insanın təbiət
hadisələri qarşısında acizliyi dinin meydana gəlməsi ilə nəticələnmişdir. Onun dediyinə görə, əkinçilik, od,
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
212
incəsənət, yazı allahın insanlara mərhəməti sahəsində verilməmişdir, insan bütün bunları zəhməti bahasına
əldə etmişdir.
Romada əsas yazı materialı papirus idi. Kitabların çoxu lülə şəklində bükülü olub mücrülərdə
saxlanırdı. Romalılar perqamentdən müasir şəkildə kitablar buraxırdılar, dəridən üzlük çəkirdilər. Kitabların
üzü köçürülürdü. Bir nəfər diktə edir, onlarla qul kitabın üzünü köçürürdü, bu yolla kitablar çoxaldılırdı.
Qədim Romada bədii əsərlər, tarixə, coğrafiyaya, kənd təsərrüfatına, incəsənətə, memarlığa və s. aid kitablar
buraxılırdı. Romanın ən məşhur natiqi Siseron idi. O, gözəl nitq söyləməklə yanaşı, bir sıra elmi əsərlər də
yazmışdı.
Böyük Plininin yazdığı “Təbiət tarixi” əsəri 37 kitabdan ibarətdir və dövrümüzə qədər gəlib çatmışdır.
Bu kitablarda Roma, Şərq, Yunanıstan alimlərinin astronomiyaya, təbabətə, kənd təsərrüfatına və başqa
sahələrə aid yazılmış əsərlərin məzmunu verilmişdir. Kitabda I əsrdə Aralıq dənizi sahillərindəki ölkələrin
elmi bilikləri verilmişdir. Plini e.ə. 79-cu ildə baş vermiş Vezuvi vulkanını öyrənmək üçün ona yaxınlaşmış
və həlak olmuşdur.
Roma mədəniyyəti böyük tarixi əhəmiyyətə malikdir. Bu mədəniyyət Roma imperiyasının hər yerində
yayılmışdı. İmperiyanın əyalət əyanları özlərini romalılara oxşadırdılar, onların dilini öyrənirdilər. Roma
nümunəsində şəhərlər salınır, yollar çəkilir, körpülər tikilirdi. Latın dili və yunan əlifbası əsasında tərtib
edilmiş latın əlifbası geniş yayılmışdı. Latın dili uzun müddət elm dili olaraq qalmış, Avropanın bütün əhalisi
bu dildə oxuyub yazmışlar. Tibbdə indi də bu dil işlənir. Latın dili italyan, fransız, rumın və digər xalqların
dilləri üçün təməl olmuşdur.
Yuli Sezarın tapşırığı ilə İsgəndəriyyədə təqvim tərtib edilmişdi. Bu təqvim indi də bəzi dəyişikliklərlə
işlənir. İndiki ayların adında latın adları qalmaqdadır. İyul ayı Yuli Sezarın, avqust ayı imperator Avqustun
şərəfinə adlandırılmışdır.
Yunanıstan mədəniyyəti Roma mədəniyyətinə böyük təsir göstərmiş, romalılar Yunanıstanın
məktəblərində oxuyur, onların dilini öyrənirdilər. Roma şairi yazmışdı: “Əsir. alınmış Yunanıstan Romaya
incəsənət gətirməklə vəhşi qalibləri əsir etmişdi”. Romalılar yunan mədəniyyətini inkişaf etdirmiş, ona bir
sıra yeniliklər gətirmişlər. Yunan və Roma mədəniyyətini antik mədəniyyət, yəni qədim mədəniyyət
adlandırırlar. Bu mədəniyyət dünyanın bir sıra ölkələrinə yayılmış, Avropanın və bütün dünyanın gələcək
mədəniyyətinin inkişafı üçün zəmin olmuşdur.
E.ə. IV əsrdə yaranan Ellin dövlətləri nisbətən çox ömür sürməmişdir. Artıq e.ə. II-1 əsrlərdə onların
əksəriyyəti Roma tərəfindən işğal olundu. Bu zamandan başlayaraq antik mədəniyyətin mərkəzi müasir
İtaliya ərazisinə keçdi.
Appenin yarımadası ərazisində ən qədim sivilizasiya Etrusk mədəniyyəti adı ilə tarixə düşmüşdür. E.ə.
I minillikdə Orta və Şimali İtaliya ərazisində etrusklar şəhər-dövlətlərinin federasiyasını yaratmışlar. Onların
şəhərləri üçün daş divarlar və küçələrin düzgün planlaşdırılması səciyyəvi hal idi.
Arxeoloji qazıntılar etruskların çoxsaylı mədəniyyət abidələrinin aşkar edilməsinə imkan vermişdir.
Buraya divarları yazılmış məqbərələr, sarkofaqlar, silahlar, zərgərlik şeyləri, ev-məişət əşyaları,
heykəltəraşlıq və s. daxildir. Realizm-yəni insan cizgilərinin düzgün verilməsi səciyyəvidir. Etrusk təsiri
nəticəsində «Roma portreti» yaranmış, mükəmməlliyə çatmışdır. Çoxlu yazılar tapılsa da hələ də etrusk
yazıları oxunmamışdır. Etruskların dinində heyvanların daxili orqanlarına, quşların uçuşuna əsasən fala
baxılması, təbiətin qeyri-adi hadisələrinə şərh mühüm yer tutmuşdur. Etruskların allahlar panteonu
yunanlarınkı kimi olsa da, onlarda çoxlu xeyir və şər iblislərə etiqad mövcud olmuşdur.
Etrusk mədəniyyətinə Böyük müstəmləkəçilik (VIII-VI əsrlər) dövründə yunanların təsiri böyük
olmuşdur. Etruskların yunan mifologiyası və Homer eposlarının obrazlarını mənimsəməsi faktı məlumdur.
Öz növbəsində etruskların İtaliya xalqlarına, xüsusilə romalılara təsiri böyük olmuşdur. Bu təsir Qədim
Romanın memarlığında, heykəltəraşlığında, dinində özünü göstərmişdir. Roma tarixi ənənəyə görə e.ə. 753-
cü ildən başlanır. Çarlıq dövrü e.ə. VIII-VI əsrləri əhatə edir. Onun sonuna yaxın Roma şəhər-dövlət kimi
formalaşmağa başladı. Əfsanəyə görə Romanı yeddi çar idarə edirmiş. Son üç çar etrusk mənşəli olmuşdur.
Onların zamanında şəhərə daş hasar, kanalizasiya çəkilmiş, qladiator oyunları üçün sirk tikilmişdir.
Romalılar etrusklardan sənət və tikinti texnikasını, yazını, Roma şifrləri adlanan yazını, quşun uçma və
heyvanın daxili orqanlarına əsasən fala baxmağı, toqa adlanan geyimi, daxili həyəti olan evlərin memarlığını
götürmüşlər.
Qədim Romada dini animistik - yəni müxtəlif ruhların mövcudluğuna inam hökm sürürdü. Eyni
zamanda totemizm elementləri də mövcud idi ki, bu da özünü Roma şəhərinin təməlini qoyan Romul və Rem
qardaşlarını yedirdən «Kapitoli yalquzağına» sitayişlə əlaqədar olmuşdur. Lakin tədricən yunanlar kimi
allahı insan simasında qəbul edən etruskların təsiri altında romalılar antropomorfizmə keçmişlər. Romada
Kapitoli təpəsində Yupiterə həsr olunmuş məbədi etrusk ustaları tikmişlər.
Əfsanəyə görə Romada etrusk ağalığı e.ə. 510-cu ildə başa çatmışdır. Ayağa qalxan xalq sonuncu çar
Tarkvini e.ə. 533-510-cu illər) devirmişdir. Bu vaxtdan başlayaraq Romada əsilzadələrin quldarlıq
respublikası yaranmışdır. İlkin respublika dövrü e.ə. VI-III əsrləri əhatə etmişdir. Roma bu dövrdə bütün
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
213
Appenini öz hakimiyyəti altında birləşdirə bilmişdir.
Əvvəllər Romanın bir sıra vilayətləri yunanların işğalı altında olduğundan onlar qabaqcıl yunan
mədəniyyətini mənimsəmişlər. E.ə. VI-V əsrlərdə Roma cəmiyyətinin yuxarı təbəqələrində yunan dili geniş
yayılmışdı. Bu dövrdə saqqalın qırxılması, saçın qısa vurulması, mis pul və s. geniş yayılmışdı. Respublika
dövründə natiqlik sənəti, Roma teatrı inkişaf etmişdir. E.ə. III əsrin 60-cı illərindən başlayaraq Roma Aralıq
dənizində ağalıq uğrunda əsas rəqibi olan Karfagenlə mübarizə aparırdı. O, Karfageni dağıtdıqdan sonra
Yunanıstanı və Makedoniyanı öz əyalətlərinə çevirdi. Lakin e.ə. II əsrdən başlayaraq Romada daxili
çəkişmələr gücləndi. Sulla müvəqqəti hərbi diktaturası (138-78) dövrü, yaxud da Sezar (100-44) dövrü
ptinsipat dövrü ilə əvəz olunur. Prinsipat isə respublika örtüyü altında irsi diktatura idi. Bu dövrdə Roma
allahları Yunan allahları ilə eyniləşdirildi. Yupiter Zevslə, Neptun-Poseydonla, Pluton-Aidlə, Mars-Areslə,
Venera-Afrodita ilə, Yunona-Hera ilə, Serera-Demetra ilə, Vulkan-Hevestlə, Minerva-Afina ilə, Merkuri-
Hermeslə, Diana-Artemida ilə eyniləşdirilmişdi. Apollon kultu e.ə. V əsrdə mənimsənilsə də onun analoqu
yox idi. Sırf İtaliya allahlarından biri Yanus ikiüzlü təsvir olunurdu. O hər cür başlanğıcın həm girişi və həm
də çıxışını ifadə edirdi. Qədim İtaliya allahlarından ev allahları - Lara, Genşi, Penatya da tanınırdı.
Roma allahlar panteonu qapalı deyildi. Əksinə, o başqa xalqların allahlarını da özünə daxil edirdi.
Romalıların fikrincə, başqa xalqların allahları onların qüdrətini daha da artırırdı.
Yunan ədəbiyyatı Romaya böyük təsir göstərmişdir. İlk Roma yazıçı və şairləri yunanlar olmuşdur.
Məsələn, ilk Roma şairi yunan Livi Andronik hesab olunur. O, yunan faciə və komediyalarını, o cümlədən
Homerin «Odisseya»sını latın dilinə çevirmişdi.
Ən görkəmli Roma yazıçısı Tit Maksi Plavt (e.ə. III-II əsrlər) olmuşdur. Onun əsərlərinin (“Eşşəklər”,
“Küp”, “Lovğa döyüşçü”) qəhrəmanları yunan adları daşısalar da, Roma reallığını əks etdirirdilər. Öz
komediyalarında (“Hərəmağası”, “Androslu qız”) ənənəvi məzhəkə sxemlərindən xeyli kənara çıxan Publi
Terensiusun (e.ə. 195-159) yaradıcılığı Avropa dramaturgiyasına böyük təsir göstərmişdir. Roma faciələri
əslində təqlidçiliklə məşğul idi. E.ə. I əsrdə yaşamış məşhur Roma yazıçısı və filosofu Tit Lukresi Kar
«Şeylərin təbiəti haqqında» poemasında Epikurun təlimini şərh etmişdir. Qay Valeri Katull (e.ə. 87-54) lirik
poeziya ustadı olmuşdur.
Latın dilində ilk nəsr əsəri olan “Kənd təsərrüfatı haqqında” traktat Böyük Katona (e.ə. 234-149)
mənsubdur. Varronun (e.ə. 116-27) «Allah və insanın əməllərinin qədimliyi» əsəri bir növ tarixi-coğrafi və
dini ensiklopediya təsirini yaradır. Görkəmli dövlət xadimi, məşhur natiq, hüquqşünas, filosof, yazıçı Mark
Tulli Siseronun (e.ə. 106-43) əsərləri (“Dövlət haqqında”, “Vəzifə borcu haqqında” və s.) hələ antik dövrdə
klassik və ya “qızıl” latın ədəbiyyatının ən gözəl nümunələri olmuşdur.
«Katilinanın qəsdi», «Yuqurta müharibəsi», “Tarix” və s. əsərlərin müəllifi Qay Salyusti Krisp (e.ə.
86-35) respublika dövrü tarixşünaslığında böyük rol oynamışdır. Böyük sərkərdə Qay Yuli Sezar “Qall
müharibələri haqqında qeydlər», “Vətəndəş müharibəsi haqqında qeydlər” əsərlərinin müəllifidir.
Romada fəlsəfə tam şəkildə yunan fəlsəfəsinin təsiri altıda olmuşdur. Ona görə də müstəqil Roma
fəlsəfi sistemləri yaradılmamışdır.
Roma memarlığı yunan memarlığının güclü təsirinə məruz qalmışdır. Lakin oradakı tikililər özünün
əzəməti, bəzəyi və s. ilə seçilmişdir. E.ə. II-I əsrlərdə beton və s. istifadə edilirdi. Orada tikilən «Zəfər
darvazaları» diqqəti daha çox cəlb edir. Həmin dövrdə külli miqdarda portret heykəlləri yaradılır. Görkəmli
adamların büstləri yaradılır. Eyni zamanda memarlıq, hüquq elmlərinə dair əsərlər meydana çıxır.
E.ə. 31-ci ildən başlayaraq Roma tarixinin yeni səhifəsi-imperiya dövrü başlanır. Roma ən qüdrətli
imperiyaya çevrilir. Bu imperiya öz tərkibinə şərqi Aralıq dənizi, Şimali Afrika, Avropanın xeyli hissəsini
daxil etmişdir. Roma imperiyasında fəlsəfənin öyrənilmə mərkəzi Afina olaraq qalırdı. Bu dövrdə stoisizm
yayılmışdır. Onun nümayəndələri Seneka (e.ə. 4 - b.e. 65) və imperator Mark Avreli (121-130) olmuşdur.
Cəmiyyətin aşağı təbəqələri içərisində gəzən səyyar filosoflar-kiniklər böyük hörmətə malik idilər.
Ölümündən sonra ilahiləşdirilən imperator kultu və ilahə Roma kultu kimi yeni kultlar prinsipat dövrünün
dini üçün səciyyəvi hadisə idi. İlahə Roma bütün Roma imperiyasının hamisi hesab olunurdu. Bu dövrdə
xilaskar allah kultları da geniş yayılmışdı. Həmin allahlar guya ölümə qalib gəlir və dindarlara axirət
dünyasında ölməzlik bəxş edirdilər. Roma, İsgəndəriyyə, Afina, Karfagen kimi iri şəhərlər Roma
imperiyasının elm mərkəzləri idi. I-II əsrlərdə coğrafiya elminə daha çox diqqət yetirilirdi. Strabonun (e.ə.
64/63 – b.e. 23/24) traktatları, Klavdi Ptolemeyin (90-160) traktatları və fiziki coğrafiyanın, botanika,
zoologiya və mineralogiyanın ensiklopediyaçısı olan Böyük Plininin (23/24-79) «Təbət tarixi» əsəri, həkim
Qalenin (130-200) təcrübələri və s. bu dövrə aiddir.
İlkin imperiya dövrünün ədəbiyyatı da diqqəti cəlb edir. Apuley (b.e.125-180) «Metamorfozlar» (və
yaxud «Qızıl eşşək»), kiçik Plini, satiriklər Yuvenal (60-127), Petroni (?- 66), Lukian (120-190), Vergili (e.ə.
90-19), Horasi (e.ə. 65- b.e. 8), Ovidi (e.ə. 43-b.e. 18) kimi yazıçı və şairlər Roma mədəniyyətinə dünya
şöhrəti gətirmişlər. Bu dövrdə Roma tarixşünaslığı özünün zirvəsinə çatmışdır. Tit Livi (e.ə. 59-b.e. 17),
Böyük Plini (23/24-79), İosif Flavi (37-100), Publi Korneli Tasit (58-117) və s. həmin dövrün tarixçiləridir.
I-II əsrlərdə iki məşhur tikili - antik dünyanın ən böyük amfiteatrı Kolizey və bütün allahların şərəfinə
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
214
Panteon tikilmişdir. Roma təsviri sənətinin gözəl nümunələri 79-cu ildə Vezuvi vulkanının püskürməsi
nəticəsində kül altında qalmış Pompey, Herkulanum və Stabya şəhərlərində saxlanılmışdır.
395-ci ildə Roma imperiyası paytaxtı Konstantinopol olmaqla Şərqi və Qərbi Roma imperiyasına
bölündü. Bu dövr də xristianlıq bütün Roma imperiyasına yayılmağa başlamışdı. Əvvəllər xristianlar təqib
olunsalar da sonralar həmin ərazilərdə xristianlıq hakimi mütləq dinə çevrildi. Antik dövrün sonunda xristian
ədəbiyyatı yayılmağa başladı. Bu dövrdə Avzani və Klavdian (375-404) kimi yazıçılar və tarixçi Ammian
Marselin (330-400) yaşasalar da, onların xristianlıqla heç bir əlaqəsi olmamışdır. Xristian təlimi hər iki
imperiyada geniş yayılmışdı. Qərbi Roma imperiyası 476-cı ilə qədər Şərqi Roma imperiyası isə 1453-cü ilə
qədər mövcud olmuşdur.
Dostları ilə paylaş: |