Dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Tətbiqi kulturologiya"



Yüklə 270,31 Kb.
Pdf görüntüsü
səhifə9/23
tarix05.05.2017
ölçüsü270,31 Kb.
#16910
növüDərslik
1   ...   5   6   7   8   9   10   11   12   ...   23
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
71
hökmdarı  əlacsız qalıb Enmerkarın yanına qasid göndərir: «Ey sən,  İnannanın istəklisi, təkcə  sən  şöhrətə 
layiqsən... Aşağı torpaqlardan yuxarıya kimi sən yeganə hökmdarsan, mən isə sənin arxanla gedirəm. Ana 
bətnində belə  mən sənə tay deyildim, sən mənim «böyük qardaşımsan». Mən heç bir zaman sənə tay ola 
bilmərəm». Dastan Arattanın Urukdan asılı vəziyyətə düşməsindən bəhs edir. 
Digər bir dastan «Luqalbanda və Enmerkar» adlanır. Burada Aratta Şumerin müttəfiqi kimi qələmə 
verilmiş  və ora İnannanın məskəni kimi qeyd olunmuşdu. Dastanda Luqabandanın uzaq bir ölkəyə 
düşməsindən və  İmduqud quşunun köməyi ilə Uruka qayıtmasından bəhs olunur. Bu zaman martu (sami) 
tayfaları  İkiçayarasına basqınlar edirdilər, artıq Uruku mühasirəyə almışdılar. Enmerkar Arattaya yardım 
üçün xəbər göndərmək istəyirdi, orada məskən salmış ilahə İnannanın bu işlərdən xali etmək istəyirdi. Lakin 
bu tapşırığın öhdəsindən gəlmək iqtidarında olan mahir adam tapılmırdı. Luqalbanda bu tapşırığı öz boynuna 
götürdü. Enmerkar şərt qoyur ki, Luqalbanda bu yola tək çıxsın. Luqalbanda yeddi dağ silsiləsini keçib 
Arattaya çatır. İnanna ona qulaq asır və Uruku mühasirədən xilas etmək üçün məsləhətlər verir. 
Dastanlardan biri «Luqalbanda və Hurrum» adlandırılmışdır. Dastanda Enmerkarın Arattaya 
səfərindən bəhs edilir. Ermerkar bu ölkəni işğal etmək məqsədilə ordu toplayır. Orduya səkkiz başçı təyin 
edir. Başçılardan biri də Luqalbanda idi. Onlar Hurrum dağlarına çatırlar. Burada Luqalbanda xəstələnir. 
Onu ölmüş bilib, Hurrum dağına qoyurlar. Onun meyitini Uruka Arattadan qayıdanda aparmaq qərarına 
gəlirlər. Lakin iki gündən sonra Luqalbanda özünə  gəlir. O, allahlardan (Utu, İnanna, Sin) kömək diləyir. 
Ona «həyat yemi» və «həyat suyu» verirlər. Luqalbanda sağalır. O, vəhşi heyvanlar ovlayır və allahlara 
qurban kəsir. Dastanda Enmerkarın Aratta səfərinin aqibəti naməlum qalır. 
Şumer dastanlarında heç bir ölkəyə Aratta qədər diqqət yetirilməmişdir. Şumerlər bu ölkə ilə yaxından 
təmasda olmuşlar. 
Qədim İkiçayarasında hakimiyyət uğrunda baş verən mübarizə həmçinin dastanlarda əks olunmuşdu. 
Bunlardan biri «Gilqameş  və Aqa» adlanır. Aqa (yaxud Aka) Kiş  şəhərinin, Gilqameş isə Uruk şəhərinin 
hökmdarı idi. Aqa Uruk şəhərini öz itaəti altına almaq üçün Gilqameşə  tələb göndərir. Gilqameş  şəhər 
ağsaqqallarının yığıncağını toplayır və məsləhət istəyir. İlk əvvəl şurada Kişə tabe olmaq təklifi irəli sürülür. 
Gilqameş belə  qərardan narazı qalır və Kişin tələbini Uruk şəhər adamlarının yığıncağının (xalq 
yığıncağında) müzakirəsinə verir. Yığıncaq qərara alır ki, Kişin tələbi rədd edilsin və Aqa ilə döyüşə 
girsinlər. Gilqameş hamını toxaları atıb, silahlara sarılmağa çağırır. Lakin tezliklə Aqa Uruk şəhərini 
mühasirəyə alır. Gilqameş Aqanın yanına elçi göndərir. Münaqişə dinc yolla həll edilir. 
«Gilqameş haqqından dastan» qədim dövrdə ən geniş oxunan əsərlərdən biri imiş. Bu dastanı, Akkad, 
hurri və het dillərinə  tərcümə etmişdilər. Dastanın qəhrəmanı  şumercə Bilqames adlanırdı. Dastan əslində 
«hər şeyi görmüş» (ovsunçu Sin-lekeunninin rəvayətindən) adı altında cəmləşdirilmişdir. Dastanın ən qədim 
parçaları Şumer dilində yazılmışdı. Dastanın nisbətən geniş mətni Akkad dilində tərtib olunmuşdu. Dastan 
Gilqameşi belə hallandırır: «Dünyanın axırına kimi hər  şeyi görmüş haqqında, dənizləri görmüş, bütün 
dağları aşmış haqqında, öz dostu ilə birlikdə düşmənləri fəth etmiş haqqında, müdrikliyə çatmış haqqında, 
hər şeyi bilən haqqında, gizli (nə varsa) o gördü, sirli (nə varsa) bildi, bizə daşqından əvvəlki günlər barədə 
xəbər gətirdi, uzaq yola çıxmışdı, lakin yorulub qayıtmışdı». 
Dastanda  əfsanəvi mövzu azlıq təşkil edir. İnsan taleyi ön plana çəkilir.  İnsan və  cəmiyyət üçün 
səciyyəvi olan hadisələr həm bədii, həm də fəlsəfi baxımdan şərh olunmuşdur. Gilqameşin dastanda insan və 
allah kimi təsvir olunmasına baxmayaraq, əməlləri və fikri-zikri insanlara xas olan əməllərlə bağlıdır. O həm 
qəddar, həm xeyirxah, həm qəhrəman, həm dost, həm də insan taleyini, onun aqibətini düşünən adam kimi 
təsvir olunmuşdur. Dastan bir neçə hissəyə bölünür: 
1. Gilqameşin Uruk əhalisinə əsir verməsi; 
2. Enkidu ilə dostluğu; 
3. Onların qəhrəmanlığı; 
4. Enkidunun ölümü və Gilqameşin əbədi həyat axtarması. 
Gilqameş Uruk şəhərinin qala divarlarını tikdirdikdən sonra özünü sərbəst aparır, şəhər əhalisinə zülm 
edir, qız və qadınlara sataşır. Uruk sakinləri allahlara şikayət edirlər. Şikayət sədası allah Anuya çatır. O, ana 
ilahə Arurunu yer üzərinə göndərir və deyir: «Sən onu yaratmışsan, indi də ona bənzər (qəhrəman) yarat». 
Aruru gildən vəhşi görkəmli və  təbiətli Enkidunu yaradır. Tezliklə Uruka xəbər yayılır ki, yaxınlıqda 
vahiməli bir əcaib insan peyda olmuşdur. Onu ancaq Gilqameş məğlub edə bilər. Lakin Gilqameş belə ona 
qarşı çıxmaqdan çəkinir, çünki Enkidu vəhşi təbiətə malik idi. Onun təbiətini dəyişdirmək lazım idi. Məbəd 
qadınlarından birini Enkidunun yanına göndərirlər. Qadın ona nəvaziş göstərir. Tədricən Enkidunun vəhşi 
təbiəti dəyişilir, başına ağıl gəlir, gücdən düşür. Qadın məhəbbəti ona şüur gətirir. İnsana çevrilmiş Enkidu 
Gilqameş ilə döyüşə hazırlaşır. 
Enkidu Gilqameşin zülmünə son qoymaq üçün Uruk şəhərinə daxil olur. Burada Gilqameş onun 
yolunu kəsir. Onlar tutaşmalı olurlar. Enkidu Gilqameşə üstün gəlir, lakin Gilqameş tam basılmır. Hər ikisi 
əhd-peyman bağlayıb dostlaşırlar. Bundan sonra Gilqameş və Enkidu uzaq Sidr ölkəsinə şər qüvvələri təmsil 
edən Humbabaya qarşı döyüşə gedirlər. Onlar sidr meşələrinə çatırlar və sidr ağaclarını Uruka gətirmək üçün 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
72
kəsirlər. Səsə gələn Humbaba döyüşdə həlak olur. 
İlahə  İştar Gilqameşin qəhrəmanlığını görüb ona vurulur, qəlbini ona açır. Lakin Gilqameş onun 
məhəbbətini rədd edir. Gilqameş yaxşı bilir ki, İştar heç bir sevgilisinə axıra qədər sadiq qalmamışdır. İştar 
bu təhqirə dözmür, səma allahı Anqudan xahiş edir ki, Gilqameşə qarşı səma öküzünü göndərsin. Vəhşi öküz 
Urukda qabağına çıxanı dağıdır, məhv edir. Gilqameş və Enkidu güc-bəla ilə öküzü öldürürlər. 
Uruk camaatı  qəhrəmanların  şərəfinə mahnılar qoşur. Lakin allahlar Enkidunu Gilqameşə qarşı 
yönəltmişdilər. O isə Gilqameşlə dostluq edir, Humbaba və  səma öküzünün öldürülməsində  iştirak edir. 
Allahlar Enkiduya ölüm hökmü çıxarırlar. Enkidu xəstələnir və ölür, Gilqameş hədsiz qəmə batır. Həyatın, 
qəhrəmanlığın, şöhrətin sonunu gözü qabağında canlandırır. O, əbədi həyat axtarmağa gedir... 
Gilqameş eşitmişdi ki, allahlar uzaq okean sahilində yaşayan Utnapiştimə nə vaxtsa əbədi həyat bəxş 
etmişdilər. Çox gedir, dağı-daşı aşır, okeanı keçir, Utnapiştimi tapır, ondan əbədi həyatın sirrini öyrənmək 
istəyir. Utnapiştim «Ümumdünya daşqını» əhvalatını danışır, lakin əbədi həyat sirrini açmaq istəmir. Lakin 
Utnapiştim arvadının təkidi ilə sirri açmalı olur. Gilqameş onun məsləhəti ilə okeanın dibinə enir və orada 
cavanlıq otu dərir. Lakin bu otu qaynadıb suyunu içmək lazım imiş. Yolda Gilqameş soyunub göldə çimir ki, 
uzun yolun yorğunluğu bədənindən çıxsın. Bu məqamda bir ilan cavanlıq otunu aparır. Gilqameş  pərişan 
halda Uruka qayıdır. O, insanların ölümə qarşı aciz olduğunu qəti dərk edir. 
«Gilqameş haqqında dastan» dünya ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. 
İkiçayarası qeyri-dini ədəbiyyatı  sırasına hekayə  və nağıllar, ibarə  və  zərb-məsəllər daxildir. 
Hekayələrdə müxtəlif cəhətlər öz əksini tapmışdı. Lirik ədəbiyyat silsiləsindən nümunə olaraq «Ağanın qul 
ilə söhbəti» hekayəsini göstərmək olar. Hekayədə  həyatın mənasızlığı, ağanın hər  şeyə inamını itirməsi, 
qoyulan suallara qulun ikibaşlı cavabı  əks olunmuşdur. Ağanın bədbinliyi, qulun hazırcavablığı  əsərin 
əsasını təşkil edir. Qul ağanın hər bir arzusuna bəraət qazandırıcı cavab verir: 
- Ey qul, mənim xidmətimdə dayan!  
- Bəli, mənim ağam, bəli.  
- Yola tələs! İş arabasını hazırla! Mən saraya gedirəm.  
- Get, mənim ağam, get. Səni uğur gözləyir.  
- Yox, mənim qulum, yox. Saraya getmək istəmirəm.  
- Getmə, mənim ağam, getmə! Birdən səni uzaqlara göndərərlər, naməlum yola çıxmağa məcbur 
edərlər. Onda sənin payına gecə və gündüz iztirabı düşər! 
- Ey qul, mənim xidmətimdə dayan!  
- Bəli, mənim ağam, bəli.  
- Əlimi yumağa su hazırla. Mən kef eləmək istəyirəm.  
- Kef elə, mənim ağam, kef elə. Eyş-işrət şadlıqdır. Kim ki, şad qəlblə və təmiz əllə kef eləyir, Şamaş 
onunladır.  
- Ey qul, mən kef eləmək istəmirəm.  
- Eləmə, mənim ağam, eləmə. Aclıq və toxluq, susuzluq və içki adama əzab verir. 
- Ey qul, mənim xidmətimdə dayan.  
- Bəli, mənim ağam, bəli.  
- Mən ev tikmək istəyirəm.  
- Tik, mənim ağam, tik! Ədalətsiz və zalım rəqibindən canını qurtar.  
- Ey qul, mən ev tikmək istəmirəm.  
- Ev tikmə. Ev tikən atasının evini sökür. 
- Ey qul, mənim xidmətimdə dayan.  
- Bəli, mənim ağam, bəli.  
- Üsyan qaldırmaq istəyirəm.  
- Qaldır, mənim ağam, qaldır.  Əgər üsyan qaldırmasan, aqibətin necə olar? Düşərgəni təmin etmək 
üçün kim sənə ərzaq verər?  
- Ey qul, üsyan qaldırmaq istəmirəm.  
- Qaldırma, mənim ağam, qaldırma. Üsyan qaldıran adamı ya öldürürlər, ya gözlərini çıxarırlar, ya da 
həbsxanaya salırlar. 
- Ey qul, mənim xidmətimdə dayan.  
- Bəli, mənim ağam, bəli.  
- Mən istəyirəm allahıma qurban kəsim.  
- Kəs, mənim ağam, kəs. Öz allahına qurban kəsən adamın ürəyi sevinc ilə dolu olur.  
- Ey qul, mən öz allahıma qurban kəsmək istəmirəm.  
- Kəsmə, mənim ağam, kəsmə. Yəqin sən fikirləşirsən ki, allahın istəyini yerinə yetirsən, onu öz 
arxanla gəlməyə məcbur edə bilərsən? 
- Ey qul, mənim xidmətimdə dayan.  
- Bəli, mənim ağam, bəli.  

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
73
- Mən qadın sevmək istəyirəm.  
- Sev, mənim ağam, sev. Qadını sevən adam kədər və qəmi yaddan çıxardır.  
- Ey qul, mən qadın sevmək istəmirəm.  
- Sevmə, mənim ağam, sevmə. Qadın ovçu üçün tələdir, dərin quyu və yarğandır. Qadın adamın 
boğazını kəsən iti xəncərdir. 
- Ey qul, mənim xidmətimdə dayan.  
- Bəli, mənim ağam, bəli.  
- Mən ölkəmə xeyirxahlıq göstərmək istəyirəm.  
- Göstər, mənim ağam, göstər. Özün də xeyirxahlıq taparsan.  
- Ey qul, mən xeyirxahlıq göstərmək istəmirəm.  
- Göstərmə, mənim ağam, göstərmə. Qədim xarabalıqları  gəz və insan kəllələrinə  nəzər sal. Tap 
görüm, onlardan kim şər sahibi, kim xeyir sahibi olmuşdur.  
- Ey qul, mən istəyirəm səni öldürüm və arxamca getməyə məcbur edim.  
- Mənim ağam məndən sonra həqiqətən üçcə gün yaşayacaqdır. 
«Müdrik Ahikar haqqında» hekayət arami dilində tərtib olunmuş və e.ə. VII əsrin şəraitini əks etdirir. 
Ahikar Assur hökmdarı Sinahheribin ali məmuru idi. Onun övladı yox idi. O, allahdan oğul arzulayırdı. 
Arzusu boşa çıxdıqdan sonra Ahikat qardaşı oğlu Nadanı oğulluğa götürüb onun tərbiyəsi ilə məşğul olur. 
Povestdə dövlət xadimi Ahikarın Nadana yüzdən çox nəsihəti əks olunmuşdur. Onlardan bir neçəsi o dövrün 
əxlaqi qaydaları haqda təsəvvür yarada bilər: 
- Sirri açma. Sarayda eşitdiyin hər bir söz qoy sənin qəlbində çürüsün. 
- Sakit danış, səsini ucaldıb səs-küylə danışma. Əgər səs-küylə ev tikmək mümkün olsaydı, onda eşşək 
gündə iki ev tikərdi. 
- Ağıllı adam ilə daş daşımaq, axmaq adam ilə şərab içməkdən yaxşıdır. 
- Həddindən artıq şirin olma, yoxsa səni udarlar. Həddindən artıq acı da olma, yoxsa səni atarlar. 
- Dilini yamanlıqdan saxla, əlini oğurluqdan. 
- Ağıllı adama qulaq asmaq, isti havada sərin su içməyə bənzəyir. 
- Heç kəsə ayağını basmağa imkan vermə, sonra boynuna minə bilərlər. 
- Bir sərçəni əldə tutmaq, min quşun göydə uçmasından sərfəlidir. 
- Nə zaman su yuxarı axsa, quş qanadsız uçsa, qarğa ağarsa, acı bal kimi şirin olsa, o zaman axmaq da 
ağıllanar. 
- Öz sahibini tərk edən və sənin dalınca düşən iti daşla qov. 
- Başqasına gor qazan özü düşər. 
Bu nəsihətlər müasir dövrün əxlaq və davranış qaydaları ilə də səsləşir. 
İkiçayarası  ədəbiyyatının maraqlı nümunələrindən biri də «Nippurlu yoxsulun nağılıdır» (e.ə. II 
minilliyin ortası). Nippurlu yoxsulun heç nəyi yoxdur: nə  qızılı, nə gümüşü, nə taxılı  və  əti, nə  də yaxşı 
geyimi və içməyə pivəsi. O, Nippur şəhər rəisinin ziyafətində iştirak etmək istəyir, lakin hədiyyə aparmağa 
heç bir şeyi yoxdur. Əlac ona qalır ki, paltarını satsın. Bir keçi alıb əli dolu bayram ziyafətinə gedir. Şəhər 
rəisi yoxsulu məclisdə görüb qəzəblənir. Onun göstərişi ilə yoxsulu bir kənarda oturdurlar, artıq qalan 
yeməkdən qabağına qoyurlar, sonra da evdən qovurlar. Yoxsul pərt olur. Orada-burada xəbər yayır ki, 
rəisdən intiqam alacaqdır. Xəbər də  rəisə çatır. Lakin «bunu eşidən rəis bütün günü uğunmaqdan qarnını 
tutur». Yoxsul hiylə işlədir, gah elçi paltarında, gah da həkim donunda üç dəfə rəisi aldadıb şəhərdən kənara 
çıxardır və hər dəfə onu o möhkəm əzişdirir. Rəis yarımcan şəhərə qayıdır. 
Şumerlər həyat və  məişət ilə  əlaqədar müxtəlif məzmunlu təmsillər yaratmışlar. Bu şifahi xalq 
yaradıcılığı nümunələri Şumer məktəblərində yazıya köçürülürdü. Xalq yaradıcılığı nümunələri (nəsihətlər, 
atalar sözü, zərbi-məsəllər və sairə) «Məktəb (e-duba) mətnləri» kimi məlumdur.  Şumer  şifahi xalq 
yaradıcılığı nümunələri, o cümlədən təmsilləri e.ə. II minilliyin birinci yarısında yazılmışdır. Təmsillərin bir 
qismi heyvanlara həsr olunmuşdur: 
Ulaq (eşşək) çayda üzüaşağı üzürdü, it isə onun dalınca qaçır və öz-özünə deyinirdi:  
- Görəsən o nə vaxt sahilə çıxacaq ki, mən onu yeyim. 
İt ziyafətə gəldi, lakin sümük qalıqlarını görüb deyinərək uzaqlaşdı: 
- İndi mən gedəcəyim yerdə mənim üçün daha çox yem tapılar. 
Qancıq it iftixarla deyirdi: 
- Mənim üçün fərqi yoxdur, balalarım (küçüklər) kürəndir, yaxud xallı; onsuz da mən onların hamısını 
istəyirəm. 
Doqquz canavar (qurd) və onuncu bir neçə qoyunu birgə parçaladılar. Onuncu canavar tamahkar imiş. 
O, hiylə ilə dedi: 
- Mən (cəmdəyi) sizin üçün bölüşdürürəm. Sizin sayınız doqquzdur, qoy bir qoyun (cəmdəyi) sizin 
payınız olsun. Mən isə təkəm, qoy doqquz qoyun (cəmdəyi) mənə çatsın, bu da mənim payım olar. 
Tülkü vəhşi öküzün dırnağını basdaladı və soruşdu: 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
74
- Səni çox incitmədim ki? 
Tülkü özünə ev tikə bilmədi, buna görə dostunun evinə fateh kimi gəldi. 
Tülkü əlində ağac gəzişir və deyirdi: 
- Görəsən, kimə ilişdirim? 
Tülkü əlində rəsmi sənəd düşünürdü: 
- Görəsən, nə tələb eləyim? 
Tülkü Enlildən vəhşi öküz buynuzu arzuladı. Ona vəhşi öküz buynuzu qoyuldu. Lakin külək qopdu
yağış yağdı, tülkü öz yuvasına girə bilmədi. Səhərə yaxın soyuq şimal küləyi, qara buludlar və leysan 
tülkünü yaxalayanda o dedi: 
- Qoy səhər açılsın... 
Pişik çox götür-qoy edir, manqusta isə fürsəti fövtə vermir. 
Evdə olan yeməyi manqust udur. Mənə bir şey qalırsa, onu da yadelli gəlib məhv edir. 
Mənim manqustum ancaq piylənmiş yeyir, pivə, yaxud sarı yağ üçün heç yerindən belə tərpənmir. 
Ey şir, sıx cəngəllik sənin müttəfiqindir. 
Şir cəngəllikdə donuzu yaxaladı  və deyinə-deyinə onu parçalamağa başladı: «Sənin  ətini hələ heç 
dadmamışam, amma sənin cığ-cığın qulaqlarımı deşdi». 
Şir bir keçini qamarladı. Keçi dedi: - «Məni burax, mən sənə rəfiqələrimdən birini, qoyunu verərəm». 
Şir cavab verdi: - «Səni buraxaram, ancaq adını  mənə de görüm!». Keçi: - «Məgər sən mənim adımı 
bilmirsən? Mənim adım «Sən aqilsən!-dir».  Şir arxaca çatanda mırıldadı: - «Artıq arxaca çatdım, səni 
buraxıram». Keçi (azad olub) cavab verdi: - «Bəli, sən məni buraxdın. Məgər sən aqilsən? Mən sənə nəinki 
qoyun verərəm, heç özüm də səninlə qalmaram». 
Fil öyünüb deyirdi: - «Dünyada mənə bənzər yoxdur». Gicitkən (bunu eşidib) ona dedi:-»Axı mən də, 
nə qədər xırda olsam belə, sənə bənzər yaradılmışdım». 
Eşşək öz döşəməsini də yeyər. 
Mənim eşşəyim sürətlə qaçmaq üçün yox, anqırmaq üçün yaranıb. 
Mən, eşşək kimi, üçyaşlıya evlənmərəm. 
At üstündəki süvarinin yerə atıb dedi: - «Belə bir yükü belimdə daimi gəzdirsəm, gücdən düşərəm ki!» 
- Sən at kimi tərləyirsən - bu sən içdiyindir. 
Ey qatır, səni kim tanıya bilər - atan, yaxud anan? 
Kökəldilmiş donuzu kəsməyə hazırlaşırdılar, o dedi: «Bu mən yediyim xörəyə görədir». 
Qəssab donuzu kəsə-kəsə deyinir: - «Nə vız-vız salmısan? Bu yol ilə sənin atan, babaların getmişdir, 
sən də onların arxasınca gedəcəksən. Hələ səs-küy də salırsan!» 
Təmsillər və hikmətli sözlər, yəqin ki, hər bir qədim xalqın  şifahi yaradıcılığında öz əksini tapırdı, 
lakin onların ən qədim nümunələri bizə Şumer yazılarında gəlib çatmışdır. 
Atalar sözü, ibarələr, ibrətli hekayələrin yazılı qeydləri Misir qaynaqlarında, Tövrat dini kitabında da 
öz əksini tapmışdır. Şumer hikmətli atalar sözləri və zərb-məsəlləri daha qədimdə yazıya alınmışdı. Bunlar 
e.ə. II minilliyin birinci yarısında yazıya köçürülmüşdü. Şumer zərb-məsəlləri müasir dövrlə səsləşir. 
Şumerlər həyat və  məişətin hər bir sahəsinə aid atalar sözləri, zərb-məsəllər yaratmışlar. Yoxsulluq 
həyatın ən acı amili kimi qəbul edilirdi, yoxsulun acınacaqlı halı zərb-məsəllərdə əks olunurdu: 
«Kasıbın ölməsi yaşamasından yaxşıdır. 
Onun çörəyi olanda duzu olmur, 
Duzu olanda çörəyi olmur, 
Əti olanda quzusu olmur, 
Quzusu olanda əti olmur». 
Yoxsulun ehtiyatı qurtaranda borca düşürdü: «Kasıb borc etməklə öz qayğısını artırır». Lakin zərb-
məsəllərdən aydın olur ki, yoxsul təbəqələrdə ədalətsizliyə qarşı etiraz mövcud idi. Bu aşağıdakı nümunədə 
daha aydın görünür: «Yoxsul ailələrin hamısı heç də eyni dərəcədə itaətkar deyil». 
Şumerlər var-dövlətə, varlı  və yoxsula aid zərb-məsəllər də yaratmışlar. Müvafiq atalar sözü 
aşağıdakılardan ibarətdir: «Kimin çoxlu gümüşü varsa, bəlkə  də o xoşbəxtdir. Kimin çoxlu arpası varsa, 
bəlkə də o da xoşbəxtdir. Lakin kimin heç nəyi yoxdursa, o, gecələri sakit yatır». 
Şumerlər başa düşürdülər ki, hər bir peşə sahibi müvafiq işlə məşğul olmalıdır. Deyirdilər: «Mən cins 
atam, lakin qatır ilə bir boyunduruğa salıblar. Budur, arabanı  çəkirəm, qamış  və saman daşıyıram». 
Xidmətçinin işi çox olurdu, üst-başına diqqət verə bilmirdi. Eləsi haqda deyirdilər: «Xidmətçinin paltarı 
həmişə çirkli olar». Şumerlər təmiz geyimə fikir verirdilər: «Yaxşı geyimliyə  hər yerdə  şaddırlar» - 
deyirdilər. 
Qədim  İkiçayarası sakinlərinin arasında baş verən mülki bərabərsizlik müvafiq surətdə atalar 
sözlərində öz əksini tapmışdır: «Hələ (dünya) çox yaşayacaq, gəlin (var-dövlət) toplayaq». Bunun əksinə 
olaraq dünya malına biganə baxanlar da vardı: «Onsuz da öləcəyik, gəlin nəyimiz varsa xərcləyək». 
Şumerlər səylə  zəhmət çəkənləri yüksək qiymətləndirirdilər. Bir atalar sözündə deyilir: «Əl üstə  əl gəl - 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
75
görürsən ev tikildi; qarın üstə qarın gəl - görürsən ev söküldü» və yaxud: «Kim ağa kimi tikirsə, qul kimi 
yaşayır. Kim qul kimi tikirsə, ağa kimi yaşayır». Zəhmət adamı haqda şumerlər xoş  zərb-məsəl 
yaratmışdılar: «İşləyən adamın yuxusu şirin olar». 
Şumerlərin, yəqin ki, tənbəl, mız-mız, daim öz taleyindən şikayətlənən adamlardan zəhlələri gedərdi. 
Belə adamlar haqda da atalar sözləri vardır: məsələn, aciz, heç bir işə yaramayan adam haqda deyirdilər: 
«Səni suya atsalar, su iylənər; səni bağçaya buraxsalar, bütün meyvələr çürüyər». Daim sızıldayan adam 
deyərmiş: «Mən uğursuz bir gündə anadan olmuşam». 
Şumerlər biliyi, savadı yüksək qiymətləndirirdilər. Ana dilini bilməyi üstün tuturdular. Hikmətli 
ibarədə deyilir: «Bu necə mirzədir ki, şumer dilini bilmir!». Şumer dilini öyrənəni tərifləyirdilər: - «Bax, bu 
xidmətçi  şumer dilini öyrənmişdir» - deyərdilər. Mirzə  sənətini qiymətləndirir, yaxşı mirzəni pisdən 
seçirdilər. Onların fikrincə, mirzə cəld olmalı idi: - «Əsl mirzə o adamdır ki, əli ağzından geriyə qalmasın» - 
deyirmişlər. 
Şumerlərin həyatında ailə  məsələləri mühüm yer tuturdu. Ailədə  tənbəl kişi haqda zərb-məsəl 
yaratmışdılar. Ailə başçısı deyinir: «Arvadım məbəddədir, anam çay kənarında, mən isə (evdə) acından 
ölürəm». Bəzən kişilər yaxşı ailə qura bilmədiklərindən evləndiklərinə peşman olurdular. Uğursuz nikah 
halları üçün aşağıdakı  zərb-məsəl vardı: «Xoşbəxtlik evlənməkdədir, lakin bir az fikirləşəndə 
ayrılmaqdadır». 
Şumerlər ailə  və övladların qədrini bilir və buna yüksək qiymət verirdilər. Çox maraqlıdır ki, 
qaynanalar haqda atalar sözü yaratmamışlar. Yəqin ki, onlar üzüyola olmuş, ailənin bütövlüyünü qorumuşlar. 
Lakin gəlin qayınata üçün bəla imiş. «Çöldə bardaq - kişi üçün həyatdır. 
Ayaqqabı - kişi üçün göz bəbəyidir. 
Arvad kişinin gələcəyidir. 
Oğul - kişi üçün sığınacaq yeridir. 
Qız - kişi üçün nicat yeridir. 
Amma gəlin - kişi üçün lənətdir». 
Şumerlərin fikrincə, ailə  məhəbbət  əsasında qurulmalıdır. Qarşılıqlı istək olmayan nikah haqda 
deyərdilər: «Gəlinin ürəyi fərəhlə doludur, bəyin ürəyi qəm-qüssə ilə». Xeyirli nikah güdən qızlar haqda belə 
zərb-məsəl vardı: qız deyir: «Mən məhəbbətimi kimə bəxş edim? Bəlkə hər şeyi bol olana, kifayət qədər varı 
olana?» 
Şumerlər ailə qurmağın müsbət və mənfi cəhətlərini müşahidə etmiş, deyingən arvadlar haqda zərb-
məsəl yaratmışdılar: - «Evdə deyingən arvad kədər üstünə azar gətirir». Ailə saxlamağın çətinliyini başa 
düşürdülər: - «Kim arvad və  uşaq saxlamayıbsa, deməli o, burun deşiyində halqa gəzdirməyibdir» - 
deyirdilər. Şumerlər dostluq və qohumluq haqda belə deyirmişlər: - «Dostluq bir gün çəkir, qohumluq əbədi 
davam edir». 
Şumerlər bilavasitə istismarçılara nifrətlə yanaşırdılar. Buna belə  zərb-məsəl qoşmuşdular: «Sənin 
hökmdarın ola bilər, sənin şahın ola bilər, lakin, hər şeydən əvvəl, ağandan qorx!» 
Şumerdə ara müharibələri, hakimiyyət uğrunda mübarizə, düşmən basqınları tez-tez baş verirdi. Buna 
görə Şumer əhalisi ölkənin təhlükəsizliyinin qorunması barədə də zərb-məsəl yaratmışdılar. Məsələn, «Əgər 
ölkə pis silahlanıbsa, düşmən həmişə (şəhər) darvazaları önündə dayanacaqdır». Bununla bərabər, şumerlər 
müharibənin mənasız olmasını başa düşürdülər. Buna uyğun atalar sözündə deyilir: «Sən gedirsən, düşmənin 
torpağını zəbt edirsən, düşmən gəlir, sənin torpağını zəbt edir». 
İkiçayarasının zəngin  ədəbiyyatı  Şərqin başqa xalqlarının  ədəbiyyatına (hetlərin, yəhudilərin, 
aramilərin və s.), antik dünya ədəbiyyatına müəyyən təsir göstərmişdir. 
İkiçayarasında təhsilin başlıca ocağı  məktəb idi. Məktəblərin mövcudluğu haqda ilk məlumatı 
arxeoloji materiallar verir. Uruk şəhərində aparılan qazıntılar zamanı e.ə. IV minilliyin sonuna və III 
minilliyin əvvəlinə aid söz siyahısından ibarət gil kitabələr aşkar edilmişdir. Onların içərisində əzbərləmək 
üçün söz siyahısı vardı. E.ə. III minilliyin ortalarında Şumerdə artıq məktəb təhsili mövcud imiş. Şuruppak 
qazıntıları zamanı həmin dövrə aid çoxlu «məktəb mətnləri» aşkar edilmişdi. Bunlar tarixdə ilk dərs vəsaiti 
hesab olunur. 
Şumer məktəblərində  gələcək mirzələr hazırlayırdılar. Məktəbdə mixi yazı sistemini və  əsas riyazi 
bilikləri öyrənirdilər.  Şagird  Şumer və Akkad dillərini yaxşı bilməli,  ədəbi  əsərlərin üzünü köçürməyi 
bacarmalı idi. Eyni zamanda onlara ilahiyyat, coğrafiya, nəbatat, zoologiya, təbabət sahəsində  məhdud 
miqdarda olsa da, savad verilirdi. 
Məbəd və dövlət təsərrüfatının genişlənməsi ilə əlaqədar olaraq çoxlu qeyd və hesablama sənədlərinin 
tərtib edilməsi zərurəti meydana gəlmişdi. Buna görə savadlı mirzələrə ehtiyac artırdı. Bununla bağlı 
İkiçayarasında ilk məktəblər məbəd və saray yanında yaranmışdı. 
II minilliyin birinci yarısında  İkiçayarası  məktəbləri aşağıdakı qaydada təşkil olunmuşdu.  Şumer 
məktəbi edubba «kitabələr evi» adlanırdı. Məktəbə «kitabələr evinin atası» adlanan şəxs başçılıq edirdi. Eyni 
zamanda o, müəllim idi. Müəllimə şagirdlər «böyük qardaş» deyirdilər. Şagirdlər «kitabələr evinin övladları» 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
76
adlanırdılar. Məktəbin nəzarətçisi "qamçı tutan" adını daşıyırdı. Nəzarətçi  şagirdlərin məktəbə müntəzəm 
gəlməsini təmin edirdi. 
Şumer məktəbində nizam-intizam sərt idi, təlimdə  şallaq sistemi tətbiq olunurdu. Tədris iki cürə 
qurulmuşdu. Burada şagirdlər bir tərəfdən şumer yazı növünü öyrənir, digər tərəfdən əsərləri əzbərləyir və 
üzünü köçürürdülər. Qazıntılar zamanı xeyli belə nüsxə tapılmışdır. Təhsil  şagirddən yaxşı yaddaş  tələb 
edirdi. Yəqin ki, bütün oxuyanlar güclü yaddaşa malik deyildilər. Buna görə, yaxud başqa səbəbə görə bəzi 
şagirdlər dərsləri buraxıb, indi necə deyərlər, «çətin tərbiyə olunan» uşaqlara çevrilirdilər. 
Qədim şumer mətnlərinin birində, təxminən 4 min il bundan əvvəl yazılmış mətndə belə çətin şagird 
haqda söhbət aparılır. Ümumiyyətlə, həmin dövrdə  məktəb həyatı haqda hekayələr yaradılırdı. Belə 
hekayələrdən biri «Ata və  fərsiz oğul» adlanır. Hekayədə ata öz oğluna nəsihət verir, səylə oxumağı, 
məktəbə vaxtında gedib-gəlməyi, küçələrdə veyllənməməyi tövsiyə edir. Ata və oğul arasında belə bir söhbət 
başlayır: 
Ata oğuldan soruşur: «Haraya getmişdin?» 
Oğul cavab verir: «Mən heç yerə getməmişdim». 
Ata deyir: «Əgər sən heç bir yerə getməmişdinsə, nə üçün veyllənirsən? Dur, məktəbə get, «kitabələr 
evinin atası» qarşısında dayan, tapşırılmış dərsi ona danış, məktəb çantasını aç, öz kitabəni yaz, qoy sənin 
«böyük qardaşın» sənin üçün yeni tapşırıq kitabəsi hazırlasın. Dərsi hazırlayandan sonra, onu müəllimə 
göstər, mənim yanıma gəl, veyl-veyl gəzmə. Başa düşdünmü, mən sənə nə dedim?» 
Oğul: «Bəli, başa düşdüm və təkrar da edə bilərəm». 
Ata: «Onda təkrar et». 
Oğul ata nəsihətini təkrar edir, lakin sonralar bu nəsihətə əməl etmir. 
Ata yenidən qəzəblənir. 
«Qulaq as, adam ol! Meydançalarda dayanma, bağ-bağçanı gəzmə. Məktəbə get, bu sənə xeyir gətirər. 
Mən öz qohumlarımıza baxıram, onların arasında sənə oxşar adam tapa bilmirəm. Sən mənim ürəyimi üzdün, 
sən məni qəbirə aparacaqsan. Mən heç vaxt sənə  iş buyurmamışam, torpaq şumlamağa göndərməmişəm, 
torpaq toxalamağa göndərməmişəm. Başqa sənə oxşar uşaqlar işləyirlər, valideynlərinə kömək edirlər. Onlar 
ataları üçün taxıl yığıb çoxaldır, arpa, yağ  və yunla təchiz edirlər. Sən isə onlarla müqayisədə heç kişi 
deyilsən. Mən səni onlar kimi işləməyə məcbur etməmişəm. Sən öz qardaşına, şagird yoldaşına bax. Nə üçün 
sən onları ötüb keçmirsən? Heç olmasa öz böyük qardaşına, kiçik qardaşına tay olmağa çalış. 
Sənə görə mən gecə-gündüz əzab çəkirəm. Gecə və gündüzü kef axtarmaqla puça verirsən, sən çoxlu 
cavahirat toplamısan, yoğunlamısan, yekəlmisən, lovğa və güclü olmusan. Ancaq sənin bütün nəslin səbirlə 
gözləyir ki, sənə bir bəla üz versin və onlar da buna baxıb sevinsinlər, çünki sən adam olmağa can atmırsan». 
Hekayədən gətirilmiş bu qısa mətn göstərir ki, qədim zamanlarda savad almağa laqeyd olan övladlar 
valideynin narahatlığına səbəb olurdular. Övladın biganəliyinə baxmayaraq, ata allahlardan oğluna qayğı 
göstərməyi və başına ağıl qoymağı diləyir. 
Şumerlər təkcə oxumaqdan yayınanlar haqda hekayə yaratmamışlar. Səylə çalışan məktəblinin 
gündəlik həyatı haqda da hekayə vardı. Hekayə «Məktəblinin günü» adlanır. Onu da 4 min il əvvəl yaşamış 
naməlum müəllim yazmışdır. 
Hekayədən göründüyü kimi, şumer məktəblisi dərsə gecikməkdən qorxur, çünki «müəllim onu 
çubuqla döyə bilər». Hər səhər anasını tələsdirir ki, ona səhər yeməyi hazırlasın. Hekayənin mətni bilavasitə 
şagirdə yönəldilmiş sualdan başlayır: 
- «Ey məktəbli, sən erkən uşaqlıqda haraya getmisən?»  Şagird cavab verir: - «Mən məktəbə 
getmişəm». 
- «Sən məktəbdə nə ilə məşğul olmuşsan?» 
Şagird cavab verir: «Mən məktəbdə öz kitabəmin məzmununu danışdım, səhər yeməyimi yedim, 
kitabəmi yazdım və onu sonacan köçürtdüm. Sonra şifahi tapşırığı soruşdular, nahardan sonra yazılı tapşırıq 
verdilər. Dərslər qurtarandan sonra evə  gəldim. Otağa girdim, gördüm ki, atam əyləşib. Mən atama öz 
kitabəmi oxudum, o, razı qaldı». 
Bir gün şagird dərsə gecikir. Bu haqda belə danışılır: «Səhər ayılanda, anamdan xahiş etdim ki, mənə 
səhər yeməyi versin, çünki məktəbə  tələsirdim. Anam mənə iki kökə verdi və  mən məktəbə getdim. 
Məktəbdə «çubuq tutan» məndən soruşdu: «Sən nə üçün belə gec gəlmisən?» Mən qorxdum və ürəyim 
döyündü. Mən müəllimə yaxınlaşdım və ədəb-ərkanla ona baş əydim». 
Həmin gün şagird üçün uğursuz oldu. Ehtiramla müəllimə baş əyməsinin köməyi olmadı. Hələ üstəlik 
müəllim şagirdə dedi: «Sənin əlin heç bir işə yaramaz (yəni pis yazırsan)» və şagirdə bir çubuq vurdu. Şagird 
bunu gözləmədiyindən pərt oldu. Evə gəldi. Atasından xahiş etdi ki, müəllimi evə dəvət etsin və ona qulluq 
göstərsin. Ata müəllimi evə  dəvət etdi. Müəllim gəldi, onu başda oturtdular. Şagird müəllimə qulluq 
göstərməyə  və  məktəbdə öyrəndiyini danışmağa başladı. Ata müəllimə  səy göstərdiyi üçün təşəkkürünü 
bildirdi və müəllimə təzə geyim və bahalı hədiyyələr verdi, barmağına isə üzük taxdı. Tərifli sözlərdən və 
hədiyyələrdən müəllim xoşlandı. Müəllim şagirdə - gələcək mirzəyə ürək-dirək verməyə başladı: «Ey gənc, 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
77
mənim sözlərimə diqqətlə qulaq asdığın üçün, heç bir kəlamı yaddan çıxartmadığın üçün, sən yazı sənətinin 
zirvəsinə çata biləcəksən və onun incəliklərinə yiyələnəcəksən. Səni görüm qardaşların arasında lap yaxşı 
olasan, dostların arasında lap baş olasan, habelə  şagirdlər arasında lap birinci olasan. Sən məktəbdə yaxşı 
oxumusan, görürsən, sən artıq savadlı adam olmusan». 
Bu hekayə hələ qədimdə çox geniş yayılmışdı. Qazıntılar zamanı bu hekayənin 21 nüsxəsi tapılmışdı. 
Lakin mətn müəllimin maaşı haqda fikir yürütmək üçün imkan vermir. Müəllimin evə dəvət edilməsi və ona 
ehtiram göstərilməsi yaltaqlığın tarixini göstərən ilk tarixi faktdır, müəllimə  hədiyyə verilməsi 
rüşvətxorluğun tarixinə aid ilk sənəddir.  Şagirdin təhsil haqqını, yəqin ki, valideyn ödəməli idi. Lakin 
valideyn müəllimə  əmək haqqından başqa  əlavə  hədiyyə  də verirmiş. Müasir dövr baxımından müəllimin 
aldığı  hədiyyə rüşvət kimi, şagirdin hərəkəti isə, yaltaqlıq kimi qiymətləndirilə bilər, lakin bu mülahizə 
həqiqətdən xeyli uzaqdır. Əgər şagird tənbəl və fərsiz olsaydı, birinci hekayədəki kimi, dərsdən yayınsaydı, 
onda həmin mülahizələrə  bəraət qazandırmaq olardı. Hekayədə  tələbkar müəllim və çalışqan  şagird surəti 
yaradılmışdır. Şərq adət-ənənəsinə uyğun olaraq bu faktı müəllimə göstərilən ehtiramın və qonaqpərvərliyin 
ilk yazılı nümunəsi kimi də qəbul etmək olar. 
Təsərrüfat həyatının praktiki tələbləri müxtəlif sahəli elmi biliklərin yaranmasına səbəb olmuşdu. 
Məsələn, ulduzların və planetlərin müşahidəsi təqvimin tərtib olunmasına, torpaq sahələrinin ölçülməsi riyazi 
qaydaların müəyyənləşdirilməsinə, hesablama aparılmasına imkan verirdi. Bina tikintisi, hüquq normalarının 
yaradılması  və qeydə alınması, mülkiyyət və sahibkarlıq münasibətlərinin inkişafı gündəlik tələbat idi. 
Təsərrüfat işləri ilə bağlı ölçü, çəki, məsafəni hesablama qaydalarını öyrənmişdilər.  Ən ağır çəki talant 
(təqribən 30 kq), ən yüngül çəki  şeum (0.04 q) adlanırdı.  Şeum  əslində «dən, taxıl» mənasını daşıyırdı. 
Praktiki tələbat riyaziyyatın inkişafına təkan vermişdi.  Şumerlər onluq və altı onluq hesablama sistemi 
yaratmışdılar. Müvafiq qaydada bunların  əsasını, 1, 10, 100 və 60, 120, 180, 3600 və s. rəqəmləri təşkil 
edirdi.  İkiçayarasının sami mənşəli  əhalisi bu hesablama qaydasını  mənimsəmişdi. Onlar vurma, bölmə, 
dördbucaq, tənlik və kəsri bilirdilər. Onlar düzbucaq, kub dərəcəyə yüksəltmə, kökalma, cəbr tənliyi və s. ilə 
tanış idilər. 
İkiçayarasında praktiki tələbata uyğun olaraq astronomiya xeyli inkişaf etmişdi. Astronomik 
müşahidələr eyni zamanda insan taleyinin və hadisələrin gedişinin göy cisimlərinin düzülüşündən asılı 
olması inamından doğurdu. Müşahidə kahinlər tərəfindən zikkurat-məbədlərin zirvəsindən aparılırdı. 
Müşahidələrin nəticəsi yoxlanılıb yazılırdı. Təbiətin daimi müşahidəsi nəticəsində  İkiçayarasında qədim 
təqvim növləri yaradılmışdı. Bunlardan biri qəməri təqvimi olmuşdu. Bu təqvimə görə, hər ay 29 ya 30 
gündən ibarət (ayın dəyişmə mərhələsi təxminən 29.5 sutkaya bərabər idi), il isə 12 aydan və 354 gündən 
ibarət idi. lakin qəməri təqvimi şəmsi təqvimindən fərqlənirdi. Şəmsi təqvim astronomiyaya daha uyğun idi. 
Təqvimlər arasında fərq 11 günə  bərabər olurdu. Buna görə  hər üç ildən bir təqvimə on üçüncü ayı  əlavə 
edirdilər. Günəşin batması günün başlanğıcı hesab edilirdi. Ayların  əksəriyyəti təsərrüfat işlərinin 
xüsusiyyətinə uyğun olaraq ad daşıyırdılar. Məsələn, «əkin», «biçin», «taxıl», «arpa dadına baxmaq 
bayramı» və s. ay adları vardı. Yeni il bahar fəslinin əvvəlindən, əkin işləri başlanan dövrdən hesablanırdı. 
Adətən bu, mart ayına təsadüf edirdi. Günəş və ayın hərəkətini müşahidə edir, daimi müşahidə nəticəsində 
günəş  və ayın tutulmasını  əvvəldən qeydə alırdılar. Bürc ulduzlarını tanıyır və onların təsvirini verirdilər. 
İkiçayarası əhalisi günəş və su saatlarından istifadə edirdilər. «Astronomiya» üzrə dərslik tərtib olunmuşdu. 
İkiçayarasında gəmiqayıran, üzən körpü (ponton) düzəldən usta sənətkarlar vardı. Böyük çayları üzüb 
keçmək üçün üfürülmüş tuluqlardan istifadə edirdilər. 
Təbabət ovsunla sıx əlaqəli idi. Ağır xəstələri ovsunla müalicə edirdilər. Türkəçarə müalicə aparanlar 
(aşinu, maşmaşu) ilə yanaşı savadlı  həkimlər (azu) də vardı. Qazıntılar zamanı hökmdar Qudeanın vazası 
aşkar edilmişdi. Onun üzərində ilan şəklində  əsaya sarınmış sağlamlıq allahının simvolik təsviri 
düzəldilmişdi. Bu əlamət müasir təbabətdə də həkimlik rəmzini bildirir. Güman edirlər ki, İkiçayarasında ilk 
həkimlər kahinlər olmuşlar. Həkimlər fal və müalicə yolu ilə bir çox xəstəlikləri müalicə edirdilər. Onlar 
gözdən kataraktı götürür, soyuqdəyməni müalicə edir, dəri şişini kəsir, sınığı düzəldir, uşaq tuturdular. Bir 
sıra xəstəliklərin, o cümlədən ciyər, mədə, bağırsaq xəstəliklərinin  əlamətini müəyyənləşdirə bilirdilər. 
Dərmanları müxtəlif bitkilərdən, heyvan maddələrindən və mineral maddələrdən hazırlayırdılar. 
İkiçayarasında təbabət üzrə vəsait və göstərişlər hazırlanırdı. Bunlardan biri «Nippur həkiminin arayış 
kitabçası» (e.ə. XXIV əsr) adlanırdı. Burada 15 müalicə qaydası əks olunmuşdu. Nippur məbədi nəzdində 
(Kassi dövrü) xüsusi müalicəxana mövcud imiş. Hesabatlarda bir neçə qadın müğənninin müalicəsindən bəhs 
edilir. Onlar soyuqdəymə, öskürmə  və zökəm (qrip) xəstəliyinə tutulmuşdular. Burada deyilir: «E. bu 
xəstəliyə tutulub. K. və A.-nın qızları salamatdırlar və canları bərkdir. Əgər mənim ağam yazsa, onlar gəlib 
məşqə davam edə bilərlər. O ki, qaldı M.-nın qızına, onun soyuqdəyməsi keçdi, əvvəl öskürürdüsə, indi 
öskürmür. İ.-in qızının ikitərəfli sətəlcəmi davam edir. Onun rəngi qaçıbdır... dərman verilir... . B.-nın qızının 
qabırğaaltı sətəlcəmi davam edir və o, öskürür». Sonrakı hesabatdan məlum olur ki, E. sağalmış, lakin M.-
nın qızının «axşamdan istiliyi qalxıb. Səhərə yaxın ona ağı içirtdim, lakin qızdırma keçmədi, ayaqları 
soyuqdur...» 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
78
Müalicə qaydalarında (reseptlərində) bir çox bitki, mineral və başqa maddələrin adları  çəkilir, lakin 
onların mənası açılmamış qalır. Qaydaların birində deyilir: «Anadişşa» bitkisi, tikanlı kol budaqları, 
«duaşbura» toxumu... ovulsun, onlara su ilə pivə qarışdırılsın, ağrıyan hissə bitki yağı ilə ovxalansın və pivə 
ilə qarışdırılmış bitki tozu qızdırma (istilik vermə) vasitəsi kimi onun üstünə sarınsın». 
Şumer  əfsanələrində ilahə Baba təbabətin hamisi kimi qələmə verilmişdir. O, «qarabaşların böyük 
şəfavericisi, insanların həyatını qoruyan» kimi təsvir olunmuşdur. Şumerlərin təsəvvürünə görə, allahlar da 
insan kimi xəstəliyə tutula bilərdilər. Bununla əlaqədar  şəfa ilahəsi təsəvvürü meydana gəlmişdi. Eyni 
zamanda xəstəliyi iblis əməli hesab edirdilər. Ən qəddar iblis Uduq adlanırdı. Onların törətdiyi xəstəlik çətin 
müalicə olunurdu. 
Qədim  şumerlərin aqronomik məlumatları bir sıra  əsərlərdə öz əksini tapmışdır.  Şumerlər «Əkinçi 
təqvimi» və «Bağçılıq kitabları»  əsərləri yaratmışlar. Burada əkin, suvarma və biçinin başlanması, taxılın 
döyülməsi vaxtı, bağ-bağçanın becərilmə üsulları, suvarma kanallarının təmiz saxlanması  və s. haqda 
məlumat verilirdi. Babil, Assur şəhərlərində  məşhur «asılı bağlar», heyvanxanalar yaradılmışdı. Burada 
qəribə, qeyri-adi (ekzotik) bitkilər və heyvanlar saxlanılırdı.  İkiçayarasında heyvan, bitki və mineralların 
təsnifi siyahısı tərtib olunmuşdu. 
İkiçayarası  əhalisi müəyyən coğrafi təsəvvürlərə malik idi. Uzaq və yaxın ölkələr barədə az-çox 
məlumatları vardı. Şumerlər Aratta, Subir, Elam kimi yaxın ölkələrin coğrafi mövqeyini bilir və bu ölkələrlə 
daimi ünsiyyət saxlayırdılar. Qaynaqlarda Meluhha (Hindistan), Maqan (Misir), Dilmun (Bəhreyn) kimi 
uzaq ölkələrdən yad edilirdi. İkiçayarasında «dünya xəritəsi» yaratmaq cəhdi edilmişdi. Onların zənnincə, 
dünyanın mərkəzi  İkiçayarası olmuşdu. Xəritədə Yer kürəsi yastı  şəkildə göstərilmişdi. Burada şimaldan 
axan Dəclə  və  Fərat çayları göstərilmişdi. Yer kürəsinin  ətrafında dünya okeanı  təsvir olunmuşdu ki, onu 
«Acı çay» kimi başa düşürdülər. Şəhər və uzaq ölkələr müvafiq surətdə nöqtə və üçbucaqlar vasitəsilə qeyd 
olunmuşdu. 
İkiçayarasında tarix haqqında müəyyən təsəvvürlər meydana gəlmişdi. İlin mühüm hadisələri yazıya 
alınırdı, imkan daxilində onların tarixindən bəhs edilirdi. Tarixi və təbii hadisələrin səbəbi dini ideologiyaya 
uyğun olaraq allahların, xeyir və  şər qüvvələrin  əməlləri kimi dərk edilirdi. Müharibələr sənədlərdə  əks 
olunurdu. Qələbələr bu və ya digər hökmdarların adı ilə bağlanırdı. Onların bəzisi barədə  qəhrəmanlıq 
dastanları yaradılmışdı.  İkiçayarasında hökmran olan sülalələrin və hökmdarların siyahısı  tərtib olunurdu. 
Varlı  və yoxsul təbəqələri bir-birindən fərqləndirirdilər. Hökmdarların hərbi yürüşü, təsərrüfat və 
qanunvericilik fəaliyyəti ilə  əlaqədar salnamələr, kitabələr və yazılı qanun külliyyatları  tərtib olunurdu. 
İkiçayarası tarixçisi Beros e.ə. IV-III əsrlərdə Babil şəhərində yaşamışdı. Ondan xeyli əvvəl yaşamış 
«tarixçilərin» adı bu və ya digər salnamənin tərtibçisi sifəti ilə yad edilirdi. 
İkiçayarasında hüquq qaydaları yazılı şəkildə mövcud idi. E.ə. III minilliyin sonundan etibarən Şumer 
(Ur, İsin, Larsa) və Akkad (Eşnunna, Hammurapi qanunları, Assur qanunları, yeni Babil natamam qanunları) 
dillərində qanunlar külliyyatı yaradılmışdı. Cinayət işləri hərtərəfli yoxlanılırdı.  İstintaq zamanı sübut və 
dəlil toplanılırdı,  şahidlər dindirilirdi, cinayət iştirakçılarının təqsir və  məsuliyyət dərəcəsi 
müəyyənləşdirilirdi. 
E.ə. III minilliyin əvvəlinə aid bir məhkəmə  sənədində ölüm cinayəti  əks olunmuşdu. Sənəddən 
məlum olur ki, üç nəfər məbəd işçisini öldürmüş  və bu cinayətdən mərhumun arvadının da guya xəbəri 
olmuşdur. Sənəd qeyd edir: «Lu-İnanna öldürüldükdən sonra onlar arvadı Nin-dadaya dedilər ki, ərini 
öldürüblər. Nin-dada ağzını açmadı (yəni dinmədi). Bunu İsin hökmdarına çatdırdılar. Hökmdar göstəriş 
verdi ki, bu işə Nippur camaatının yığıncağı baxsın. Orada (adlar çəkilir) müraciət etdilər və dedilər: - 
«Qatillər yaşamağa layiq deyillər. Üç kişi və bu qadın Lu-İnannanın kürsüsü önündə  qətl olunmalıdırlar». 
Belə halda (iki nəfər) müraciət edib dedilər: - «Bəli, Nin-dadanın əri öldürülmüşdür. Bəs bu qadının günahı 
nədir ki, onu da ölümə məhkum edirik». Belə halda Nippur yığıncaq üzvləri müraciət edib dedilər: - «Qadın 
ərinin düşmənlərini tanısa belə, ərinin öldürülməsini bilsə belə, niyə bu barədə sussun? Kim həqiqətən onu 
öldürüb?» Nippur yığıncağının qərarına görə, qatillər (üç kişinin adı  çəkilir) edam üçün cəllada təhvil 
verilirlər. 
Məhkəmə ailə və mülki məsələlərə aid işlərə də baxırdı. Lakin bir çox hadisələr məhkəmədən kənarda 
adətə uyğun öz həllini tapırdı.  İkiçayarasında adət hüququ da mövcud idi. Belə hallarda məhkəməsiz 
cəzalandırma, ellik zəmanət, qarşılıqlı intiqam, allah qarşısında andiçmə, suya atma (ordaliya) və s. yolu ilə 
mübahisəli məsələlər həll olunurdu. 
Qədim  İkiçayarasında müxtəlif dillərdə danışan (şumer, Akkad, hurri, turuk, elam, subir) xalqlar 
yaşayırdı. Burada başqa tayfalar (kassilər, aramilər, xaldlar, kutilər, lullubilər, turukkilər) məskən salırdılar. 
İkiçayarası Yaxın  Şərq dövlətləri ilə geniş  əlaqə saxlayırdı. Bunun nəticəsində filoloji biliklərin inkişafına 
şərait yaranırdı. Söz və anlayışlar siyahısı, şumer və Akkad dillərində qrammatik göstəricilər, tədris vasitələri 
və arayışlar tərtib olunurdu. Şumer dilini öyrənmək üçün akkad dilində vəsaitlər hazırlayırdılar. 
Eyni zamanda müxtəlif dillərin qarşılıqlı lüğətləri  şumer-akkad,  şumer-hurri,  şumer-akkad-hurri, 
akkad-het, şumer-akkad-het, akkad-elam, akkad-kuti, akkad-lullubi, akkad-kassi və s. lüğətlər yaradılmışdı. 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
79
Bunların hamısı tam şəkildə qalmamışdır. 
Tədris üçün məktəb lüğətləri də vardı. Belə lüğətlərdə adətən müxtəlif mənşəli sözlər öz əksini tapırdı. 
Buna misal «Şumer-akkad məktəb lüğətini» göstərmək olar. Çox hallarda yazılar iki dildə tərtib olunurdu. 
Xarici dil bilən xüsusi mirzələr ədəbiyyat nümunələrini, əcnəbi sözləri tərcümə edirdilər. 
Qədim İkiçayarası xalqları memarlıq və incəsənət sahələrini inkişaf etdirmişdilər. İkiçayarasında təbii 
ehtiyatlar yox dərəcəsində idi. Orada tikinti ağacları və daş kifayət qədər olmadığından xüsusilə gil-kərpic 
memarlığı  təkmilləşirdi.  İkiçayarasının tikinti işində çiy kərpicdən istifadə olunurdu. Bəzi hallarda divara 
bişmiş kərpicdən və daşdan üz çəkirdilər. 
E.ə. IV minillikdə hündür yerdə tikilmiş əzəmətli məbədlər böyük yaşayış məntəqələrinin mərkəzinə 
çevrilmişdi. E.ə. III minillikdə şumer şəhər-dövlətlərinin mərkəzində ibadətə xidmət edən tikintilər (məbəd) 
dəsti (kompleks) bina edilir, ətrafına da xüsusi divarlar çəkilirdi. Eyni zamanda İkiçayarası memarlığına xas 
olan zikkuratlar, yəni 3, 5, 7 mərtəbəli pilləli bürclər yaradılırdı. Bunlardan ən məşhuru Urda tikilmiş 
zikkurat idi. Zikkurat (qülləli məbəd) müxtəlif rənglərə boyanmış üç pillədən ibarət idi. Zikkurat adətən öz 
möhkəmliyi və əzəmətliliyi ilə fərqlənirdi. Zikkuratın qülləsində kiçik ibadətgah yerləşirdi və oraya bir neçə 
ön pilləkən qalxırdı. Zikkuratdan rəsədxana kimi də istifadə edirdilər. 
Əzəmətli məbədlərlə yanaşı saray tikintisi dəsti də yaradılırdı. Sarayın bir çox yaşayış  və köməkçi 
binaları, dəbdəbəli ön salonları olurdu. Qəbir memarlığı hökmdar məqbərələrindən ibarət idi. Bu qəbirlərdə 
xeyli incəsənət abidəsi aşkar edilmişdir. Müharibə mövzusu Entemenanın və Naram-Suenin daş abidəsində 
əks olunmuşdur: orada meyitlər və onları dimdikləyən qartal, döyüşçülərin dağ yolları ilə qalxması, 
hökmdarın əzəmətli əndamı (fiquru) göstərilmişdi. Hökmdar nizə ilə bir düşməni öldürür, o birisini isə ayağı 
ilə basır. Düşmən döyüşçüləri vahimə içərisində təsvir olunmuşlar. 
İkiçayarasının e.ə. III minilliyinə aid heykəltəraşlığı üçün alçaq boylu, ağır çəkili fiqurlar səciyyəvidir. 
Heykəl donmuş, gözlər böyümüş şəkildə düzəldilirdi. Həmin üslubda hökmdar Qudeanın və Hammurapinin 
heykəl təsvirləri verilmişdir. Bununla yanaşı  qəddi-qamətli insan heykəlləri də yonulurdu. Getdikcə saray 
divarlarına rəngarəng təsvirlər vurulurdu. II Sarqonun Dur-Şarrukində 14 m yüksəklikdə tikilmiş  əzəmətli 
saray dəstinin divarlarında müxtəlif səhnələr  əks olunmuşdu. Aşşurbanipalın saray divarlarında  şir ovu 
səhnəsini  əks etdirən təsvirlər vardı. Heyvan təsvirləri, o cümlədən oxlarla yaralanmış qan püskürən  şirin 
təsviri xeyli real şəkildə verilmişdir. 
İkiçayarasında müxtəlif tətbiqi incəsənət növləri, o cümlədən zərgərlik, silahqayırma, daşdan güldan 
(vaza) hazırlama, silindrik möhür kəsmə  və s. geniş inkişaf tapmışdı. Zərgərlər müxtəlif rəng ahəngi 
yaradırdılar. Onlar adətən göy, qırmızı, sarı boyalardan istifadə edirdilər. 
Daşdan qayırılmış silindrik şəkilli möhürlər xeyli fərqlənirdi. Bu möhürlərdə insan və heyvan şəkilləri 
olan  əfsanəvi və  məişət səhnələri təsvir edilirdi. İkiçayarası xalqlarının  ədəbiyyat və elmi nailiyyətləri ilə 
yanaşı, incəsənəti də dünya mədəniyyətinin inkişafına müəyyən təsir göstərmişdir. 
Bəşəriyyətin ümumi mədəni inkişafında qədim şumer xalqı özünəməxsus yer tutur. Onların yaratdığı 
ilkin mədəniyyət dünyanın sonrakı inkişafına, o cümlədən onun tarixinin, mədəniyyətinin, fəlsəfəsinin, 
ədəbiyyatının və s. inkişafına  əvəzedilməz təsir göstərmişdir.  İlkin  Şumer miflərinin Azərbaycan xalqının 
mifologiyası, mədəniyyəti, dini və  fəlsəfəsində özünü göstərməsi dünyanın bu qədim xalqını bizə 
doğmalaşdırır və onu «özümüzünkü» hesab etməyə imkan verir. 
 
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
80

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
81
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
82
 
 
 
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
83
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
84
 
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
85
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
86
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
87
 
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
88
Yüklə 270,31 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin