Pedaqoji elmlər sistemi.
Pedaqoji elmlər sistemi dedikdə, pedaqogikaya daxil olan elmlərin məcmusu nəzərdə tutulur. Pedaqoji elmlər
sisteminə aşağıdakılar daxildir: məktəbəqədər pedaqogika, məktəb pedaqogikası, orta ixtisas məktəbi pedaqogikası,
xüsusi pedaqogika, ali məktəb pedaqogikası, hərbi pedaqogika, xalq pedaqogikası, istehsalat pedaqogikası, mədəni
fəaliyyət pedaqogikası, xüsusi metodikalar, pedaqogika tarixi, ailə pedaqogikası, sosial pedaqogika, müqayisəli
pedaqogika və s.
Məktəbəqədər pedaqogika anadan olandan məktəbə gedənə qədər uşaqların təlim-tərbiyəsinin,
məktəbə hazırlanmasının aktual problemlərini tədqiq edir. Bu dövrdə uşaqların hazırlığı əsasən psixoloji
inkişafa istinad edir. Uşaqların minimum səviyyədə həyata hazırlanması məsələləri araşdırılır.
Məktəb pedaqogikası orta ümumtəhsil məktəblərində uşaq və yeniyetmələrin həyata hazırlanmasının
aktual problemlərini əhatə edir. Pedaqogikanın bu tərkib hissəsi də öz növbəsində ibtidai, natamam orta, orta
olmaqla üç hissəyə ayrılır. Bura həmçinin litseylərdə, gimnaziyalarda təlim, tərbiyə, orta təhsil məsələləri,
onların əsas problemləri də daxildir.
Orta ixtisas məktəbi pedaqogikası orta ixtisas məktəbləri, seminariyalar, kolleclər, gimnaziyalar,
texnikumlarda pedaqoji işin spesifik xüsusiyyətlərini: təlim, tərbiyə, təhsilin aktual problemlərini tədqiq
edir.
Xüsusi pedaqogika əqli və fiziki cəhətdən nöqsanlı uşaq və yeniyetmələrin təlim, tərbiyə və təhsili
problemlərini araşdırır və defektologiya adlanır. Bura: surdopedaqogika – lal və kar uşaqların təlim-
tərbiyəsini öyrənən pedaqogika;
oliqofrenopedaqogika – əqli cəhətdən zəif inkişaf etmiş uşaqların təlim-
tərbiyəsini tədqiq edən elm;
tiflopedaqogika – kor uşaqların təlim-tərbiyəsini tədqiq edən elm;
loqopediya – nitqi nöqsanlı olan uşaqların təlim və tərbiyəsi haqqında elm
daxildir.
Ali məktəb pedaqogikası ali təhsil sistemi müəssisələrində – institut, universitet, akademiyalar və s. –
pedaqoji prosesin aktual problemlərini araşdırır, təlim, tərbiyə, təhsilin məzmunu, səmərəli yol və vasitələri
və s. məsələləri müəyyən edir.
Hərbi pedaqogika hərbi məktəblərdə, ali hərbi məktəblərdə, hərbi akademiyalarda, adi ali təhsil
müəssisələrinin hərbi kafedralarında, hərbi hissələrdə, orta məktəblərdə, orta ixtisas məktəblərində gənclərin
hərbi hazırlığı, hərbi təlimi, tərbiyə və təhsilini tədqiq edir.
İstehsalat pedaqogikası müxtəlif istehsalat müəssisələrində, idarə və təşkilatlarda aparılın tərbiyə işləri,
cəmiyyətdə yaranan yeni problemlərlə bağlı aparılan tərbiyə işləri, formalaşdırılması, texniki inkişaffla bağlı
yeni əmək və təlim bilik, bacarıq və vərdişlərinin formalaşdırılması və digər pedaqoji problemləri araşdırır.
Mədəni fəaliyyət pedaqogikası mədəniyyət müəssisələrində, klublarda, muzeylərdə, məktəbdənkənar
tərbiyə müəssisələrində, radio, televiziya, teatr, konsert zallarında aparılan pedaqoji fəaliyyəti həmin
müəssisələrdə tərbiyə, təlim məsələlərini, insanların asudə vaxtlarının səmərəli təşkili və bu prosesdə zəruri
əxlaqi keyfiyyətlərə yiyələnmənin səmərəli yol və vasitələrini, məzmunu və s. bu kimi problemləri tədqiq
edir.
Fənlərin tədrisi metodikası ayrı-ayrı fənlərin tədrisinin aktual problemlərini tədqiq edir. Ümumpedaqoji
qanunları fənlərin spesifik xüsusiyyətlərinə uyğun şəkildə tədbiq edilməsini araşdırır. Yəni təlim, tərbiyə, və
təhsilin prinsipləri, üsulları, elmi- pedaqoji yeniliklər fənnin spesifik xüsusiyytlərinə uyğun şəkildə tədbiq
edilməsi məsələlərini araşdırır.
Pedaqogika tarixi bütün ölkələrdə pedaqogikanın yaranma və inkişafı tarixini öyrənir. Bu isə pedaqoji
fikir və məktəb tarixi olmaqla iki yerə ayrılır. Pedaqoji fikir tarixi qədim dövrlərdən indiyə qədər pedaqoq,
filosof və digər mütəfəkkirlərin nəzəri pedaqoji fikirlərini tədqiq edir. Məktəb tarixi isə müxtəlif dövrlərdə
təşkil olunmuş məktəblər, təhsil sistemi, onların quruluşu və s. öyrənir.
Ailə pedaqogikası ailədə uşaqların tərbiyəsinin düzgün təşkili, ailədə düzgün münasibətlərin
yaradılması, ailə ilə məktəb və digər tərbiyə müəssisələri arasında səmərəli əlaqə yaradılması, cəmiyyətlə
ailənin tərbiyəvi təsirlərinin əlaqələndirməsi, bunların insanların həyata hazırlanması işinə təsiri və digər
problemləri araşdırır.
Müqayisəli pedaqogika müxtəlif ölkələrdə mövcud olan təhsil sistemi, onların ümumi və spesifik
xüsusiyyətlərini araşdırır.
Pedaqogikanın digər elmlərlə əlaqəsi.
Pedaqogika bütün elm sahələri ilə qarşılıqlı əlaqəlidir. Bu pedaqogikanın obyektinin xarakterindən irəli
gəlir. Pedaqogika öz inkişafı prosesində həmin elmlərin çıxardığı nəticələrdən istifadə edir. Digər tərəfdən
pedaqogika bütün elm sahələrinin son nəticələrinin böyüyən nəslə öyrətmənin səmərəli yol və vasitələrini,
öyrədiləcək məlumatların məzmununu, formalaşdırılacaq bacarıq və vərdişlərin məzmunu tədqiq edir,
müəyyənləşdirir. Ona görə də onun bütün elm sahələri ilə əlaqəsi obyektiv zərurətdən, tələbdən doğur.
Pedaqogikanın fəlsəfə ilə əlaqəsi.
Məlumdur ki, dialektik və tarixi materializm təbiət və cəmiyyətin obyektiv ienkişaf qanuna
uyğunluqlarını müəyyən edir. Bu qanunlar pedaqoji gerçəkliyin ayrı- ayrı sahələrində də fəaliyyət göstərir.
Pedaqoji prosesdə insanların biliklərə yiyələnməsi və inkişafı fəlsəfi qanunlar əsasında baş verir. Təlim və
tərbiyə prosesində mövcud olan ziddiyyətlər inkişafın əsasını təşkil edir. Digər tərəfdən elmi dünyagörüş
varlığın obyektiv şəkildə dərk olunması, maddi aləm hadisələrinin qarşılıqlı əlaqə və vəhdətdə olduğunu
qavraması, inkişaf və dəyişmənin zəruriliyinin dərk edilməsi əsasında baş verir. Bu isə pedaqogikanın
fəlsəfə ilə qarşılıqlı əlaqəsi sayəsində mümkün olur.
Pedaqogikanın sosiologiya ilə əlaqəsi.
İnsanlar məhz tərbiyə vasitəsilə sosiallaşır, cəmiyyətin sosial təcrübəsinə qoşulur. İnsanlara
formalaşma prosesində məqsədyönlü tərbiyə ilə yanaşı sosial mühit, sosial münasibətlər də təsir edir. Digər
tərəfdən tərbiyəvi təsirlər bilavasitə sosial mühitdə reallaşır, həyata tədbiq edilir.
Deməli insandan, onun arzu və istəyindən asılı olmayaraq o, sosial mühitlə qarşılıqlı əlaqəyə girir.
Pedaqoji proses isə bu qarşılıqlı əlaqəyə nəzarət etməli, sistemli tərbiyəvi təsirlərlə sosioloji təsir arasında
məqsədyönlü, səmərəli düzgün münasibət yaratmalıdır.
Pedaqogikanın fiziologiya ilə əlaqəsi.
Pedaqogika fiziologiya ilə bilavasitə bağlıdır. Xarici təsirlər baş beyin qabığında özünə müvafiq
mərkəzi oyandırır, oxşar qıcıqlandırıcılar isə bir mərkəz oyandırır. Bu isə oxşar əşyaların çətin
fərqləndirilməsinə səbəb olur. Fiziologiya isə öyrədir ki, oxşar qıcıqlandırıcıları elə fərqli cəhətlərini tapmaq
lazımdır ki, izah zamanı o, bir deyil, iki mərkəz oyandırsın. Bu isə fiziologiyanın pedaqogikaya
inkişafetdirici təsiridir. Digər tərəfdən insan böyüdükcə onun fiziki və fizioloji imkanları da dəyişir. Təlim-
tərbiyə, formalaşdırma işində bu dəyişmənin spesifik cəhətləri nəzərə alınır, pedaqoji proses inkişaf və
dəyişməni öz arxasınja aparmaqla onu düzgün istiqamətə yönəldir.
Pedaqogikanın psixologiya ilə əlaqəsi.
Pedaqogika psixologiya ilə qarşılıqlı əlaqəlidir. Bu əlaqə insan psixikası əsasında yaranır. İnsanların
psixi xüsusiyyətləri daim inkişafda və dəyişmədədir. Pedaqoji prosesdə mütləq bu dəyişmə və inkişaf nəzərə
alınmalıdır. Digər tərəfdən müxtəlif yaş dövrlərində tərbiyə olunan insanlar fərdi psixoloji xüsusiyyətlərə
malikdirlər. Təlim-tərbiyə prosesində bu fərdi psixoloji xüsusiyyətlərə istinad edilir, bu xüsusiyyətlərdən
pedaqoji işin səmərəliliyini artırmaq üçün istifadə edilir.
İnsanlarda psixoloji proseslər, onların inkişafı pedaqoji prosesin müvəffəqiyyətini təmin edir. Yəni
maddi aləmin dərk olunmasında hafizə, diqqət, təfəkkür, nitq, qabiliyyət və s. psixoloji proseslər mühüm rol
oynayır.
Digər tərəfdən psixoloji proseslərin inkişafında pedaqoji proses vasitə rolunu oynayır. Məsələn, məsələ
həllində təfəkkür əsas yer tutursa, məsələnin həlli prosesində həm də təfəkkür inkişaf edir, aydınlaşır. Ona
görə də pedaqoji fəaliyyət göstərən, insanların formalaşmasında hər hansı çolu olan hər kəs həm də
psixologiyanı bilməli, insanlarda psixoloji xüsusiyyətlərin inkişafı haqqında əsaslı, elmi məlumata malik
olmalıdır.
Pedaqokanın etika ilə əlaqəsi.
Pedaqogika etika ilə qarşılıqlı əlaqəlidir. Fəlsəfi elm olan etika, əxlaq tərbiyəsinin əsasını təşkil edir.
Pedaqoji prosesdə əxlaqın meydana gəlməsi, təşəkkülü haqqında məlumatlar da əhəmiyyətli yer tutur.
Pedaqogika həmçinin gigiyena, genetika, erqonomika, ədəbiyyat, incəsənət və s. –lə də qarşılıqlı
əlaqədədir.
Müstəqil iş üçün sual və tapşırıqlar:
1. Pedoqoji gercəklikdə mədəniyyət müəssisələrinin yeri.
2. İctimai mədəni fəaliyyətə verilən pedoqoji tələblər.
3. İnsanların yaradıcı fəaliyyətinin pedoqoji əsasları.
Dostları ilə paylaş: |