ÖN SÖZ
Bu dərslik mədəniyyət və incəsənət təmayüllü ali məktəblərin bakalavr pilləsində təhsil alan tələbələri
üçün nəzərdə tutulmuşdur. Bu ali məktəblərdə tələbələrə pedaqoji biliklər, pedaqoji universitetlərdən fərqli
olaraq, ümumi şəkildə verilir. Yəni tələbələrə qısa olaraq pedaqogika tarixinə, pedaqoji nəzəriyyələrə, təhsil
sisteminə, pedaqogikanın ümumi problemləri, təlim, tərbiyə və təhsilin əsas məsələlərinə aid məlumatlar
verilir. Tələbələr cəmiyyətin şəxsiyyət formalaşdırılması tələbləri, ümumi tərbiyə problemləri haqqında
elmi məlumatlara yiyələnirlər. Həmçinin dərslikdə tələbələrin müstəqil failiyyətini təmin etmək məqsədi
ilə pedaqogikanın bir çox sahələri haqqında əlavə məlumatlar da verilmişdir. Ümumiyyətlə, insanlarda elə
bir səhv münasibət mövcuddur ki, pedaqogikanı yalnız müəllimlər, xüsusən də orta məktəb müəllimləri
bilməlidirlər. Bu münasibətdə bir həqiqət var, çünki şəxsiyyət formalaşdırılması işi məqsədyönlü və
mütəşəkkil şəkildə orta məktəblərdə aparılır. Lakin bu iş özü də uşaq və yeniyetməni əhatə edən digər
mühit və fəaliyyət adamlarının pedaqoji biliklərə malik olması şəraitində aparıldıqda daha səmərəli nəticə
verir. Digər tərəfdən məlumdur ki, öyrətmə, tərbiyələndirmə yalnız məktəb həyatı ilə məhdudlaşmır.
Əvvala, insan ömrünün sonuna qədər öyrənir, dəyişir, yeni-yeni əxlaqi və əqli keyfiyyətlər kəsb edir. Digər
tərəfdən müxtəlif kollektivlər ona müəyyən tələblər verir. Bu əlavə tələblərin, münasibətlərin səmərəli
təsirə malik olması üçün, heç olmazsa, bütün ali təhsilli şəxslərin zəruri pedaqoji biliklərə malik olması
vacibdir. Ona görə ki, insanlara göstərilən müxtəlif təsirlər bu və ya digər səviyyədə şəxsiyyət
formalaşdırılmasına təsir göstərir. Şəxsiyyətin formalaşdırılması məsələsi isə bütün dövr, zamanlar üçün
iqtisadi problemlər kimi aktual olmuşdur. Çünki bu, müəyyən mənada cəmiyyətin mövcudluğu
şərtlərindən biridir. Cəmiyyətin özü ona lazım olan, iqtisadiyyatını, mədəniyyətini qoruyan və inkişaf
etdirən insanlar formalaşdırmağa çalışır. Bununla da, geniş mənada tərbiyə prosesinin iştirakçısına çevrilir.
Cəmiyyət, onu təşkil edən birliklər, şəxslər, böyüyən nəsil, ümumiyyətlə insanların formalaşmasında bu və
ya digər mövqedən iştirak edirlər. Ona görə də ayrı-ayrı müəssisə və idarələrdə çalışan rəhbərlərin
valideynlərin az çox dərəcədə tərbiyə ilə məşğul olan insanların pedaqoji biliklərə mallik olması zəruridir.
Hər bir idarə rəhbərləri insanları idarə etmək, onların fəaliyyətlərini istqamətləndirmək üçün pedaqoji
ustalığa, fərdi yanaşma qabiliyyətlərinə və s. bu kimi pedaqoji biliklərə malik olmalıdır. Mədəniyyət işçisi
apardıgı tədbirlə, icra etdiyi tərbiyə işləri ilə hansı əxlaqi keyfiyyətlər aşılayacağını, bu keyfiyyətlərin
aktuallıq səviyyəsini bilməlidir. Hər insan valideyn kimi uşaqlarına təsir etməyin, tərbiyələndirməyin
səmərəli yol və vasitələrini bilməlidir. Formalaşdırma, tərbiyələndirmə göründüyü kimi geniş və
mürəkkəb məsələdir. İnsanların formalaşdırılması, həyat üçün hazırlanması yalnız təlim - tərbiyə
müəssisələrinin işi ilə məhdudlaşmır. Cünki, hər bir insan - uşaq, yeniyetmə, gənc, işçi – həm də bir
ailənin üzvü, bir mühitin yaşayanı, bir kollektivin nümayəndəsi, bir idarənin işçisidir. Bu birliklər, mühit,
insanlara müxtəlif təsirlər göstərir. Ona görə də ali təhsil müəssisələrində də pedaqoji biliklər verilməsi,
cəmiyyətdə pedaqoji biliklərin təbliği dövrün aktual problemlərindən biridir. Dərslikdə ümumpedaqoji
biliklərlə yanaşı, mədəniyyət müəssisələrində təlim tərbiyə imkanları, bu müəssisələrin şəxsiyyət
formalaşdırılmasında rolu verilmişdir. Həmçinin mədəniyyət və incəsənət sahələrində pedaqoji prosesin,
yeni pedaqoji təsir vasitələri, pedaqoji vəziyyətlər də izah edilmişdir. Bu müəssisələrdə müxtəlif yaşlı
insanların tərbiyəsi, formalaşması problemi mövcud olduğundan çox vaxt dərslikdə pedaqoji problemlər
tərbiyə olunan və tərbiyə edən, öyrədən və öyrənən baxımından təhlil edilmişdir. Dərslikdə pedaqogikanın
ən ümumi məsələləri haqqında tələbələrə elmi məlumatlar verilir. Tərbiyə problemləri, cəmiyyət və tərbiyə,
tərbiyənin formalaşmada rolu, pedaqoji proses və onun cəmiyyətin inkişafı ilə əlaqəsi və s. bu kimi
pedaqoji məlumatlar təhlil edilmişdir. Həmçinin, təlim-tərbiyə müəssisələrində olduğu kimi
pedaqogikanın bütün problemləri deyil, ən ümumi məsələləri əhatə edilmişdir. Bu isə Mədəniyyət və
İncəsənət Universitetlərində pedaqogikaya verilən saatların miqdarı ilə əlaqədardır. Həmçinin, bu
universitetlərdə tələbələrə pedaqogika haqqında - pedaqoji fikir tarixi, tərbiyə, təlim – yığcam, qısa,
konkret məlumatlar verilir. Bu fənnin tədrisi, müəyyən mənada, pedaqogika ilə ümumi tanışlıq məqsədi
daşıyır. Yəni pedaqoji universitetlərdəki kimi geniş, hərtərəfli pedaqoji biliklərə yiyələndirmə - tərbiyəçi,
müəllim kimi hazırlama məqsədi daşımır.
Dostları ilə paylaş: