V mühazirə
Ali məktəb didaktikasının predmeti. Təlim prosesinin mahiyyəti, qanun və prinsipləri.
Plan:
1.Ali məktəb didaktikasının predmeti, kateqoriyaları və vəzifələri
2.Təlim prosesinin mahiyyəti, hərəkətverici qüvvələri və funksiyaları
3.Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları
4.Təlimin qanunları və prinsipləri
1. Ali məktəb didaktikasının predmeti, kateqoriyaları və vəzifələri
Didaktika pedaqogikanın bir hissəsi olub, təlim və təhsil nəzəriyyəsindən bəhs edir. Didaktika yunanca “didaktikos” – öyrədən, “didasko” – öyrənən sözlərindən götürülmüşdür. Bu termin ilk dəfə alman pedaqoqu V.Ratke (XVI əsr) tərəfindən irəli sürülmüşdür.
Didaktika elmi biliklər sistemi kimi ilk dəfə görkəmli çex pedaqoqu Yan Amos
Komenski (XVII əsr) tərəfindən işlənmişdir. Didaktika təlim və təhsilin nəzəri əsaslarını tədqiq edən pedaqoji nəzəriyyədir.
Ali məktəb didaktikası isə ali məktəb pedaqogikasının tərkib hissəsi, ümumi didaktikanın bir sahəsidir. Onun obyekti ali məktəbdə təlim-təhsil, habelə tələbə gənclərin peşə-ixtisas hazırlığı prosesidir.
Predmeti isə ali məktəbdə təlim-təhsil prosesinin qanunauyğunluqlarını aşkara çıxarmaq, tələbə gənclərin peşə-ixtisas hazırlığının səmərəli yollarını öyrənməkdən ibarətdir.
Ali məktəb didaktikası ümumi pedaqogikanın kateqoriya və anlayışlarından (pedaqoji proses, tərbiyə, şəxsiyyətin inkişafı, pedaqoji fəaliyyət, pedaqoji texnologiya və b.) istifadə edir. Lakin onun özünəməxsus kateqoriya və anlayışlar sistemi vardır. Buraya təhsil, təlim, tədrisetmə (öyrətmə), təhsilalma (öyrənmə), özünütəhsil, fasiləsiz təhsil, təlim texnologiyası, təlim diaqnostikası, təhsilin məzmunu və b. daxildir. Bunlardan əlavə ali məktəb didaktikası təlimin məqsədi, qanunları, prinsipləri, məzmunu, vasitə və metodları, təşkili formaları, nəticələri, təlim diaqnostikası, təlimtexnologiyaları və s. kateqoriyalara da istinad edir.
Ali məktəb didaktikası qarşısında bir sıra vəzifələr durur. Onları bir neçə qrupda
birləşdirmək olar:
1.Təlimin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi: nə məqsədlə öyrətmək
və öyrənmək? Bu suallara cavab tapmadan didaktika təlim və təhsilin digər məsələlərini həll edə bilməz.
2.Təhsilin məzmununun müəyyənləşdirilməsi: nəyi öyrətmək və öyrənmək? Bu
məsələlər “Təhsilin məzmunu” mövzusunda nəzərdən keçirilir.
3.Təlimin vasitə və metodlarının müəyyənləşdirilməsi: necə öyrətmək və öyrənmək?. Bu məsələlər “Təlim metodları və vasitələri”, “Təlimdə nəzarət və qiymətləndirmə” mövzularında nəzərdən keçirilir.
4.Təlimin səmərəli təşkili formalarını müəyyənləşdirmək: hansı formada öyrətmək və öyrənmək?. Bu məsələlər “Təlimin təşkili formaları” mövzusunda nəzərdən keçirilir.Didaktikanın qarşısında duran vəzifələri, onun həll etməli olduğu problemləri kompleks halda, qarşılıqlı əlaqə və asılılıqda götürmək mühüm şərtdir.
Dostları ilə paylaş: |