Şüurluluq və fəallıq prinsipləri.
Yeni materialı dəlil və sübutlarla, isbatlarla öyrənməyə fəal surətdə bilik əldə etmə, biliklərini tətbiq
etməyə şüurluluq və fəallıq deyilir. Bu prinsipi pedaqoqika tarixində inqilabi bir prinsip adlandırmaq olar.
Beləki, uzun müddət mənimsəmədə doqmatik prinsip hökm sürmüşdür. Şüurluluq və fəallıq prinsipi də
məhz bu prinsipə qarşı qoyulmuşdur. Şüurluluq prinsipi əsasında öyrənənlərin təfəkkürünə tez-tez tələblər
verilir, onlar düşünərək məntiqi nəticələr çıxarılmağa məcbur edilirlər. Bu isə onlara öyrəndikləri bilikləri
istənilən zaman sübut edə bilmə imkanı verir. Materialın mənimsənilməsi zamanı öyrənənlərin təhlillərə,
müqayisələrə, səbəb və nəticə əlaqələrinin araşdırılmasına cəlb edilməsi onların mənimsəməyə şüurlu
münasibətilə yanaşı fəallığını da artırır. Təlim prosesində, ümumiyyətlə öyrənmə prosesində şüurluluq və
fəallığı təmin etmək üçün öyrəniləçək hər material qarşıya problem şəklində qoyulmalı və öyrənənlər
onun həllinə cəlb edilməlidir. Bu zaman öyrənənlər yeninin bütün mümkün əlaqələrini axtarır, müqayisələr
edir yeni–yeni əqli nəticələr çıxarmağa çalışırlar.
Mədəniyyət müəssisələrindəki təlim işlərində də öyrətmə məhz bu prinsip əsasında aparılır. Marağa
görə təşkil edilmiş dərnəklərdə bu xüsusilə qabarıq şəkildə üzə çıxır. Çünki bu dərnəklər özləri
problemlilik, axtarıcılıq tələbləri əsasında qurulmuşdur. Burada şüurluluq fəallıqla müstəqillik axtarıcılıqla
daha qabarıq şəkildə birləşir. Deməli təlimdə şüurluluq və fəallıq həm də təlimin müxtəlif səviyyə və
formalarında öyrənənlərin həmdə müstəqilliyini inkişaf etdirir, onlarda hadisə və faktlara sərbəst yanaşma
bacarığı formalaşdırır. Bu cür mənimsənilmiş biliklər inamlı olur, hafizədə möhkəm qalır, düzgün
dünyagörüşün əsasını qoyur.
Şüurlu sürətdə mənimsənilmiş bilikləri istənilən zaman, lazım gəldikdə tətbiq etmək də asan olur. Bu
isə əvvəlcə müxtəlif təlim çalışmalarında həyata keçirilir, öyrənmənin müxtəlif səviyyələrində
genişləndirilir. Buna isə mədəniyyət müəssisələrində marağa görə məşğələlərdə daha geniş imkan vardır.
Beləki hər hansı yaradıcılıq işində (dərnəklərdə) yeni, məhz əvvəlki, insanların təlim prosesində
mənimsədikləri bilikləri üzərində qurulur. Daha doğrusu təlim prosesində biliklər tətbiq edilərək onun yeni
cəhətləri axtarılır, araşdırılır.
Şüurlu mənimsənilmiş biliklər həmçinin öyrənənlərin nitqini inkişaf və tərbiyə edir. Hər kəs
öyrəndiyi məlumatı şifahi və ya yazılı şəkildə şərh etmək üçün söz axtarır, cümlə qurur, fikrini məntiqi və
ardıcıl şəkildə tfadə etməyə çalışır. Bu isə öyrənənlərin nitqini və məntiqi təfəkkürünü inkişaf etdirir.
Şüurluluq həmçinin öyrənənlərin nəzəri və əməli, fəallığının da artırılması deməkdir. Biliklərin şüurlu
mənimsənilməsi nəzəri öyrənənlərin nəzəri səviyyəsini artırır, onların biliklərini tətbiq edə bilməsi, müxtəlif
şəkildə sınaqdan keçirməsi, hər kəsin öz həyat və fəaliyyətində ondan istifadə etməsi isə əməli fəallığını
təmin edir. Bu prinsip təlimin müvəffəqiyyətini təmin edən əsas prinsiplərdən biridir.
Dostları ilə paylaş: |