Sakit okeanda hərbi əməliyyatlar.
ABŞ-ın İkinci dünya müharibəsinə girməsi
Yaponiya 70-ci meridiandan şərqdə Avrasiyanı öz nüfuz dairəsi hesab edirdi. Müttəfiqləri də buna razılıq vermişdi. Şahzadə Konol Yaponiyada hakimiyyətə gəldikdən sonra 1940- cı ilin iyulunda Cənub-Şərqi Asiyanı işğal etmək və Sakit okeanda İngiltərə və ABŞ-la müharibə etmək qərarına gəldi. 1941-ci ilin yayında o, Hind-Çinə qoşun yeritdi. ABŞ iqtisadi təzyiq və diplomatiya yolu ilə Yaponiyanı güzəştə getməyə məcbur etmək istəyirdi. 1941-ci ilin oktyabrında hərbi nazir Todzio Yaponiyanın Almaniyadakı keçmiş səfiri Kurusu Vaşinqtona göndərdi ki, ABŞ-dakı səfir Nomurla birlikdə ABŞ hökuməti ilə danışıqlar aparsın.
Lakin danışıqlar gedən zaman 1941-ci ilin dekabrın 7- də Yaponiya Havay adalarında yerləşən Perl-Xarbordakı hərbi dəniz bazasını bombardman etdi. 272 təyyarə, 5 gəmi sıradan çıxdı. 3 min 400 adam öldü. Buna cavab olaraq dekabrın 7-də ABŞ Yaponiyaya müharibə elan etdi. Dekabrın 8-də Fransa və İngiltərə Yaponiyaya, İtaliya və Almaniya isə ABŞ-a müharibə elan etdilər. Sakit okeanda müharibənin yeni mərhələsi başlandı. 1941-ci ilin dekabrın 11-də Almaniya, İtaliya və
Yaponiya arasında Berlin paktından əlavə yeni pakt bağlandı. Onlar bir-birinin razılığı olmadan İngiltərə və ABŞ-la sülh bağlamayacaqlarını öhdələrinə götürdülər. Yaponlar Tailandı, Filippini tutdular. 1941-ci il dekabrın 25-də Honkonq alındı. 1942-ci il fevralın 15-də Sinqapur yaponlar tərəfindən tutuldu. ABŞ və İngiltərənin Sakit Okeanda mövqeyi zəiflədi. Yaponlar Cənub-Şərqi Asiyada geniş hücuma keçərək 1942-ci ilin yazında Birma və İndoneziyanı tutdular. Cənub-Qərbi Çinə girdilər. Yeni Britaniya və Yeni Qvineya adasının bir hissəsi də onlar tərəfindən tutuldu. 150 milyon adam, 3,8 mln kv.km ərazi, Çinlə birlikdə isə 400 milyon adam, 6 mln.kv.km ərazi Yaponiyanın nəzarəti altına keçdi.
Dostları ilə paylaş: |