A) ərizə B) protokol C) izahat
Protokol rəsmi sənəddir.
Protokol yunan dilində olan protok (ilk vərəq) və kolos (yapışdırmaq) sözlərinin
birləşməsindən əmələ gəlmişdir.
Sizcə, komitə dekabr
ayında hansı mühüm
tədbirlərin həyata
keçirilməsini nəzərdə
tuturdu?
Protokolun forması:
1. Protokol və onun nömrəsi vərəqin
ortasında böyük hərflə yazılır.
2. Təşkilatın adı, tarix və keçirildiyi yer qeyd
olunur.
3. İclasda iştirak edənlərin sayı göstərilir.
4. Müzakirə olunacaq məsələlər sadalanır
(gündəlikdə duran məsələlər).
5. Müzakirə olunan məsələlərin və çıxışların
qısa xülasəsi yazılır.
6. Sonra yığcam şəkildə bəndlər üzrə
verilən qərarlar öz əksini tapır.
7. Sonda protokol sədr və katib tərəfindən
imzalanır.
QEYD: İclası keçirmək üçün sədr və katib
əvvəlcədən seçilir.
Protokoldan istifadə olunur:
1. Müxtəlif iclas, yığıncaq,
müşavirə və konfranslarda;
2. Hər hansı bir dövlət
qanununun, ictimai
qaydanın pozulması
zamanı tərtib olunmuş
akta əlavələr ediləndə;
3. Dövlətlərarası saziş və
müqavilələr bağlanan
zaman keçirilən
yığıncaqda.
PROTOKOL №2
İ.Əfəndiyev adına “Elitar” gimnaziyada 2014-cü il noyabnn 28-də iclas keçirildi.
İştirak edirdi:
Şagird Özünüidarə
Komitəsinin sədri, 12
nəfər üzvü, təşkilat işləri
üzrə direktor müavini
Gündəlik məsələ:
1. Sentyabr-noyabr aylarında görülmüş işlər haqqında hesabat (məruzəçi İnayət
Ceyhunoğlu)
2. Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə keçiriləcək tədbirlər
planının müzakirəsi və təsdiqi (məruzəçi mədəni-kütləvi tədbirlər üzrə məsul
Adilə Hüseynli)
3. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçiriləcək konsert
proqramının müzakirəsi və təsdiqi (məruzəçi Nərmin Şahbazlı)
Eşidildi: İclası giriş sözü ilə komitə sədri İnayət Ceyhunoğlu açdı. O, iclasdakıları
gündəlikdə duran məsələlərlə tanış etdi, I məsələ barədə özü danışdı. Sentyabr-
noyabr aylarında görülmüş işlər haqqında hesabat verdi, müsbət cəhətlərlə
yanaşı, müəyyən nöqsanları da sadaladı. Həmin nöqsanların tezliklə aradan
qaldırılması üçün müəyyən göstərişlər verdi.
Digər məsələlər də bu qayda ilə müzakirə olunur və çıxışlar olarsa, protokolda
qeyd olunur.
İclas müzakirə və çıxışları dinləyərək
QƏRARa alır:
1. Komitə sədri İnayət Ceyhunoğlunun hesabatı qənaətbəxş hesab edilsin.
2. Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə keçiriləcək tədbirlər
planı təsdiq edilsin. Fotostendin, şagirdlərin əl işlərindən ibarət sərginin təşkili,
ədəbi-bədii kompozisiyanm keçirilməsi, Fəxri xiyabanda liderin məzarını
ziyarətetmə vaxtının dəqiqləşdirilib icra edilməsi üçün məsul şəxs Adilə
Hüseynli hesab edilsin.
3. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçiriləcək konsert
proqramı təsdiq edilsin və məsul şəxs Nərmin Şahbazlı hesab edilsin.
Sədr:
İnayət Ceyhunoğlu
Katib:
Leyla Hüseynova
III MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ
- Dünən məktəbdən qayıdanda nənəmin tapşırdığı dərmanı almadığım üçün
danlanacağımı düşünüb qabaqdangəlmişlik eləmək istədim, amma alınmadı.
- Yəqin, yenə baban məsələyə qarışdı, hə?
Babam mənə elə ibrət dərsi verdi ki, ömürlük unutmaram. Əslində, günahkaram,
dərmanı almadığım üçün yox, yalan danışdığım üçün.
- Nə demisən ki?
- Vəziyyətdən çıxmaq üçün dedim ki, aptekə getdim, həmin dərman yox idi. Babam
da çox həssas olduğu üçün, təbii ki, başa düşdü ki, yalan danışıram.
- Səni danladı?
- Danlasa idi, daha yaxşı olardı. Nahardan sonra məni yanına çağırıb Çin
fəlsəfəsindən, Konfutsidən danışmağa başladı.
Baba nəvəsini
danlasaydı, nəvə
necə hərəkət
edərdi?
Baba nə üçün
danlamaq əvəzinə
nəvəsinə Konfut-
sidən danışır?
Ətraflı izah verin.
- Çin fəlsəfəsinin buna nə dəxli?
- Mən də sənin kimi, əvvəl heç nə başa düşmədim. Amma babam söhbəti
bitirdikdən sonra nə demək istədiyini anladım. Əslində, bu hadisə mənə çox şey
verdi, mənim üçün yeni bir dünya açdı. Həm də Konfiıtsi haqqında məlumat aldım.
Heç bir söz demədən həyətə düşdüm və nənəmin istədiyi dərmanı alıb gətirdim.
- Yenə başa düşmədim. Konfutsinin bu hadisə ilə nə əlaqəsi? Maraq məni bürüdü.
- Yaxşı, yaxşı, qulaq as. Konfutsi eramızdan əvvəl Çində böyük filosof olmuş,
pedaqoji fikirlərinə görə həm də Çinin ilk böyük pedaqoqu sayılmışdır. O, ölkəni
gəzib-dolaşır və öz təlimini təbliğ edirmiş. Onun təlimində insan birgəyaşayı-
şını şərtləndirən beş fəzilət: insanpərvərlik, borc hissi, səmimilik, ədəb-ərkanlıq və
oğulluq ehtiramı kimi əxlaqi keyfiyyətlər xüsusi yer tutur.
Konfutsiyə görə, insanpərvərlik belə
izah olunurdu: təvazökarlıq,
təmənnasızlıq, qərəzsizlik, insanlara
məhəbbət.
Borc hissi ilə bağlı isə Konfutsi belə
deyirdi: “Nəcib insan borcu olduğunu
düşünür, alçaq insan isə öz xeyrini
güdür”.
Səmimilik - verdiyi sözün üstündə
duraraq əhdinə vəfalı olmaq, səmimi
olmaq deməkdir.
Ədəb-ərkanlı olmaq - qanunlara riayət
etmək, adət-ənənələrə sadiq qalmaq
deməkdir.
Oğulluq ehtiramı isə o deməkdir ki,
kamilliyə can atan insan gərək böyüyə,
valideynə ehtiram göstərsin...
- Əslində, bu fikirlərin hamısı islami dəyərlərdən xəbər verir. Deməli, bütün millətlər
üçün ortaq olan bəşəri qanunlar və dəyərlər var ki, onlara əməl etməklə yer üzü
rahatlıq tapar.
- Düzdür. Babam deyir ki, bu gün də Konfutsi təliminin əxlaqi ideyaları Çində
güclüdür. O həm də tövsiyə etdi ki, Məhəmməd Peyğəmbərin (s.ə.s.) hədislərindən,
N.Gəncəvinin, N.Tusinin, A.Bakıxanovun əxlaqi görüşlərindən nümunələr toplayaq.
- Keçmişə qayıdış və ehtiram gələcəyə yoldur. Öz aramızdır, baban sənə yaxşı dərs
verib.
- Konfutsi isə hamımıza.
1. Dialoqdan əsas faktları seçin, fikir mübadiləsi aparın.
2. Mətndəki əsas fikirləri 1-2 cümlə ilə ifadə edin.
3. “Buz” hekayəsini (səh. 52) oxuyub dialoqla əlaqələndirin. Nəticə çıxarın.
4. Yer üzünün “rahatlıq tapması” üçün, sizcə, nədən başlamaq lazımdır? Təkliflər
hazırlayıb məktəbdə bu mövzuda dəyirmi masa keçirin. Dəyirmi masanın
keçiriləcəyi haqqında elan hazırlayın.
Sizcə, dostlar Konfut-
sinitı təlimindən hansı
nəticəni çıxardılar?
5. Tövsiyə, məsləhət, nəsihət sözlərini sinonim hesab etmək olarmı?
6. Filosof, fəzilət sözlərinin leksik mənasını izahlı lüğətin köməyi ilə
müəyyənləşdirin.
7. Təvazökarlıq sözünün antonimini tapın.
8. “Buz” hekayəsi əsasında 8.1-8.6-cı tapşırıqları yerinə yetirin.
BUZ
(ixtisarla)
Mən olardım on yaşında. Xalam azarlamışdı. Hacı Mirzə Səttar həkimi gətirmişdilər
ki, baxsın xalama və müalicə etsin. Həkim xalama baxdı, bilmirəm, nə dedi, nə
demədi və faytona minib gedəndə xalamın əri tələsik mənə bir qəpik verdi və bazara
buz dalınca göndərdi.
Evimizdən ayrılanda çox da tələsmirdim, amma xalamın yalvarmağı yadıma
düşəndə bir qədər ayaq götürdüm. Mən üz qoydum bazara tərəf. Baqqal çarşısına
yetişdim və bir qəpiyi uzatdım verdim buz satana. O da bir çuxur yerə əlini uzatdı,
yarpaqların və samanın altından bir yekə buz parçası çıxartdı, mənim qəpiyimə
baxdı və buzu iki yerə böldü. Buzun yekəsini bükdü kələm yarpağına, verdi mənə.
Hava isti idi. Yerdən təmiz bir daş götürdüm. Hərdən buzun bir böyrünə vurub
əzirdim və basırdım ağzıma. Gəldim çatdım Hacı Bayramın qapısına. Oğlu Şirəli
görünmürdü. Mən adətkərdə olmuşdum. Adətim də bu idi ki, bu darvazanın
ağzından ötüb keçəndə mütləq Şirəli ilə ya dalaşmalı, ya da söyüşməliydim. Yerdən
bir daş götürdüm, birini tulladım onların darvazasına və it hürüşü eşidib qaçdım. Bir
qədər uzaqlaşmışdım ki, çönüb geriyə baxdım və gördüm ki, itin dalıyca Şirəli də
mənə hücum edir. Buzu qoydum yerə. Yerdən daşları götürüb başladım Şirəliyə
atmağa. Biz başladıq bir-birimizə yavıq gəlməyə. Ehtiyat üçün buz parçasını qoydum
divarın dibinə.
Sizcə, bundan sonra nə baş verəcək? Hekayənin sonluğundan istifadə edərək
məntiqinizə əsaslanıb hadisələrin necə davam edəcəyini deyin.
...Anam uzaqdan məni görəndə bircə bunu dedi:
- A balam, səni görüm, ciyərin yansın, necə ki yazıq azarlı arvadın ciyərini yandırdın.
Nə qədər ki uşaq idim, yadıma heç nə düşməzdi. Elə ki yekəlib ağlım kəsdi, buz
əhvalatı yadıma düşəndə mənə dərd olurdu.
(Cəlil Məmmədquluzadə)
8.1.
Hekayədən çıxardığınız nəticəyə əsasən fikir yürüdün: əsərin qəhrəmanında
hansı insani keyfiyyət zəifdir?
8.2.
“Buz” hekayəsinin qəhrəmanını dialoqdakı nəvə obrazı ilə müqayisə edin.
8.3.
Siz belə bir hadisə ilə üzləşmisinizmi? Əgər üzləşsə idiniz, necə hərəkət
edərdiniz?
8.4.
“İnsan başqası ilə az, özü ilə çox danışmalıdır” (Danimarka atalar sözü) kəlamının
mətnlə əlaqəsi varmı? Niyə insan özü ilə çox danışmalıdır? Fikrinizi əsaslandırın.
8.5.
✔
Mətndəki cümlələri nümunəyə uyğun yazın.
Fərqi müşahidə edib fikirlərinizi şərh edin.
8.6.
Hekayədə çərçivəyə alınmış ifadə barədə fikir yürüdün. Sizcə, bunu nitq etiketi
hesab etmək olarmı? Bu etiketin adı nədir? Bu etiketdən nə zaman istifadə
edilir? Onun istifadəsi lazımdırmı?
“Qazan xanın evinin yağmalanması” boyunda Qazan xan evinin talan
olunduğunu ona xəbər verən Qaraca Çobana belə deyir:
Ağzın qurusun, çoban, dilin çürüsün, çoban.
Sizcə, Qazan xan düzmü hərəkət edir? Axı çoban düzünü söyləmişdi. Mühakimə
yürüdün.
9. Sizcə, sintaktik əlaqələrin cümlənin yaranmasında rolu nədir? Sintaktik əlaqələr
olmadan söz birləşmələri və cümlələr yarana bilərmi? Sözlər cümlədə yeni
vəzifə qazana bilərmi? Bu suallara cavab vermək üçün aşağıdakı sözlərdən
cümlələr qurun.
Konfutsi, fəlsəfə, keçmiş, ənənə, öyrənmək, gələcək, yol açmaq
Söz və söz birləşmələri cümlədə digər sözlərlə məna və qrammatik
cəhətdən əlaqəyə girir, suala cavab verərək cümlə üzvü olur.
Hər hansı bir sözün cümlə üzvü olması üçün müstəqil leksik mənaya
malik olması, müəyyən suala cavab verməsi və cümlədəki sözlərlə
sintaktik əlaqəyə girməsi vacibdir.
10. Aşağı siniflərdə öyrəndiklərinizə əsasən sxemi tamamlamaqla (səh. 54) şərh
edin.
11. Fəridəddin Əttarın nəsihətlərini oxuyun, Konfutsinin ibrətamiz fikirləri ilə
müqayisə edin.
12. Məhəmməd Peyğəmbərin (s.ə.s.) əxlaq və tərbiyə haqqında nəsihətlərini
toplayın. Fəridəddin Əttarın oğluna nəsihətini oxuyub müqayisə edin.
Fikirlərinizi ümumiləşdirib yazın.
DUYGULAR ADASI
Bir zamanlar üzərində bütün duyğuların yaşadığı bir ada var idi. Xoşbəxtlik, hüzn,
bilgi, təkəbbür, sevgi və başqa duyğular bu adada birlikdə yaşayırdılar. Bir gün
adanın tezliklə batacağını bütün duyğulara xəbər verirlər. Bunu eşidən duyğular da
bir-bir adanı tərk etməyə başlayırlar. Ən axıra isə Sevgi qalır. O, son anadək adanı
tərk etməməyə çalışırdı. Ancaq artıq ada batmaq üzrə idi. Bunu görən Sevgi də digər
duyğulardan yardım istəmək məcburiyyətində qalır.
Öncə böyük bir gəmi ilə adanı tərk etməyə çalışan Zənginliyə müraciət edir:
- Məni də özünlə apararsan?
Zənginlik cavabında:
- Xeyr, apara bilmərəm, gəmim qızıl-gümüşlə doludur, sənə yer qalmayıb, - deyir.
Sevgi digər tərəfdəki gözəl, yelkənli qayığı ilə getməkdə olan Təkəbbürə üzünü tutub
ondan yardım istəyir. Təkəbbür Sevgiyə belə cavab verir:
- Bağışla, sənə yardım edə bilmərəm, üst-başın islanıb, qayığımı kirlədərsən.
Əlacsız qalan Sevgi yaxınlığında olan Hüznə üz tutur və ondan kömək istəyir:
- Hüzn, olarmı, məni də özünlə götürəsən?
Hüzn:
- Of, Sevgi! Bu gün o qədər kədərliyəm ki... Bir az tək qalmağa ehtiyacım var.
Bu arada Xoşbəxtlik də Sevginin yanından keçirdi. Amma özünü o qədər xoşbəxt
hiss edirdi ki, Sevginin səsini belə eşitmədi. Artıq bütün duyğulardan əlini üzən Sevgi
birdən bir səs eşitdi: “Gəl, Sevgi, gəl, mənimlə gedək”.
Bu sözləri deyən Sevgidən çox yaşlı görünən bir qoca idi. Sevgi özünü o qədər
bəxtəvər, o qədər xoşbəxt hiss etdi ki, çaşqınlıqdan ona yardım edən bu qocanın
adını belə soruşmağı unutdu. Qoca Sevgini sağ-salamat sahilə çatdırdı, özü isə
yoluna davam etdi. Bir anlığa ona nə qədər borclu olduğunun fərqinə varan Sevgi
yanındakı Bilgidən soruşdu:
- Məni xilas edən o qoca kimdir?
- O, Zamandır.
- Zamanmı? Bəs niyə o mənə yardım etdi? - deyə Sevgi heyrətlə soruşdu.
Bilgi gülümsəyərək:
Sizcə, Sevgi niyə
son ana qədər
adanı tərk etmək
istəmirdi?
- Çünki yalnız zaman sevginin nə qədər böyük olduğunu anlaya bilər.
“Füyuzat” jurnalından, 2012-ci il
1. Mətndəki surətlərə öz münasibətinizi bildirin. Onlara verilən adlarla hərəkətləri
arasındakı əlaqəni müəyyənləşdirin.
2. Mətni oxuyub hansı nəticəyə gəldiniz? Fikirlərinizi söylənən rəylərə əsasən
ümumiləşdirin.
3. Mətndə təsvir edilən obrazların xarakterində olan insanlara həyatda rast
gəlmişsinizmi? Onlara münasibətiniz necə olub?
4. Mətn üçün açar sözlər seçməklə yanaşı, fərqləndirilmiş sözlərin mənasını izah
edin.
5. Təkəbbür sözünün sinonimini və antonimini tapın.
6. Bu gün o qədər kədərliyəm ki... Bir az tək qalmağa ehtiyacım var cümləsindəki
sözləri yaxınmənalı sözlərlə əvəz edin.
7. Aşağı sinifdə öyrəndiyiniz məlumatları yada salıb mətnin birinci abzasındakı
cümlələrin mübtəda və xəbərini tapın. Onların nə ilə ifadə olunduğunu
müəyyənləşdirin.
Mübtəda haqqında aşağı siniflərdə öyrəndiklərinizi yadınıza salıb suallara
cavab verin.
✔
Mübtəda nəyə deyilir və hansı suallara cavab olur?
✔
Mübtəda hansı söz və söz birləşmələri ilə ifadə olunur?
✔
Mübtəda feili birləşmələrlə ifadə olunurmu?
✔
Mübtəda xəbərlə necə uzlaşır?
8. Mübtədanın ifadə vasitələrini müəyyənləşdirin, xəbərlə şəxsə və kəmiyyətə görə
uzlaşdığını əsaslandırın.
1. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam
(Ümummilli lider Heydər Əliyev). 2. Ən gözəl fikir də pis ifadə edildikdə qiymətini
itirir (F.Volter). 3. Bizim vəzifəmiz yaxşılığı nə cür gəldi deyil, vaxtında və
lazımınca etməkdir (E.Zolya). 4. Böyük danışanda kiçik susar (Atalar sözü).
9. Cümlədən mübtəda və xəbəri çıxarsaq, nə baş verər? Sizcə, nə üçün mübtəda
və xəbər cümlənin qrammatik əsası hesab edilir?
10. O, bu əvəzliyi ilə ifadə olunan mübtədalardan sonra vergülün işlənmə qaydasını
yada salıb fikrinizi izah etmək üçün mətndən nümunə seçin.
11. Nöqtələrin yerinə aşağıda verilmiş söz birləşmələrini mübtəda kimi daxil edib
yazın.
Sözün qiymətini saldı yalanlar
.................hörmətli olar (N. Gəncəvi).
.............. fırtınada, ....................müharibədə, ......................isə ağır sınaq
günlərində bəlli olur (T. Vilson).
...................itiriləndən sonra bilinir (Həzrət Əli).
Dənizçinin cəsarəti, xalqın cəsarəti, doğrunu danışan, əsgərin cəsarəti, gəncliyin
və sağlamlığın dəyəri
12. Aşağıda verilmiş sxemlərə uyğun cümlələr düzəldin.
✔
Mübtəda və xəbəri müxtəlif ifadə vasitələrindən ibarət olan cümlələr qurub
yazın. Mətnin son abzasından da (səh. 55) istifadə edə bilərsiniz.
13. Aşağıda verilmiş hikmətli fikirlərdə mübtədaları tapın, onların nə ilə ifadə
olunduğunu müəyyənləşdirin.
1. Məsləhət istəmək bir insanın digərinə göstərdiyi ən böyük etibardır (F.Bekon).
2. Dünyada ən çətin şey insanın özünü tanımasıdır (M.Fales). 3. Ağlın çevikliyi
gözəlliyi də əvəz edə bilər (A.Frans). 4. Müvəffəqiyyət hər gün yığılan kiçik
cəhdlərin nəticəsidir (Ə.Kərimov).
✔
Nümunələrdən çıxış edərək “Mübtəda ən müstəqil cümlə üzvüdür” hökmünü
əsaslandırın.
14. Mədəniyyət abidələri qurub-yaradam yaşadır. Bəs insan yaxşı əməlləri ilə özünə
əbədi abidə ucalda bilərmi? Fikir mübadiləsi aparın.
15. “İnsan əməlləri ilə yaşayır” mövzusunda mühakimə xarakterli inşa yazm.
Yuxarıdakı hikmətli fikirlərdən sitat kimi istifadə edin.
1. Mətni oxuyarkən 10-cu tapşırığın şərtinə əməl edin.
SƏHƏNG İÇİNDƏ NƏ VARSA,
ONU SIZDIRAR...
Rəvayətə görə, qədim zamanlarda sahibinə sadiq, vəfalı bir xidmətçi (...).
Bu xidmətçinin iki səhəngi (...) və hər gün bu səhənglər ilə sahibinin evinə su
daşıyardı. Ancaq səhənglərdən biri çat olduğu üçün suyun yarısı yolda axıb hədər
olardı. Ona görə də xidmətçi hər dəfə sahibinin evinə bir səhəng yarım su gətirib
çatdırardı. Beləcə, düz iki il xidmətçi bu səhənglərlə su daşımalı oldu.
Günlərin bir günü çatlaq səhəng bu vəziyyətinə dözə bilməyib xidmətçiyə belə (...):
- Əziz dost, özümü çox pis hiss edirəm və bu halımdan xəcalət çəkirəm, xahiş
edirəm, məni bağışla!
Xidmətçi şəfqətli əlləri ilə səhəngdən yapışıb onu özünə yaxınlaşdıraraq soruşdu:
- Səni xəcil edən, utandıran səbəb (...)?
Səhəng vicdan əzabı çəkərək kədərli bir halda belə cavab verdi:
- Çat olduğum üçün yerinə yetirməli olduğum vəzifənin ancaq yansını yerinə yetirə
bildim və mənim bu qüsuruma görə sənin də çəkdiyin bütün zəhmətin hədər oldu.
Əziyətinin qarşılığını ala bilmədin.
Xidmətçi təbəssüm edərək səhəngə həlim səslə dedi:
- Əslində, sənin kədərlənməyin üçün heç bir səbəb yoxdur, əzizim. Yəqin ki, hər gün
səninlə bərabər qət etdiyimiz yolda çiçəklərin olduğuna
Sizcə, bu,
qüsurdurmu?
diqqət etmisən. Bunun səbəbkarı sənsən. Belə ki sənin qüsurunu görüb yolun sənə
aid olan hissəsinə çiçək toxumları əkdim. Hər gün biz sahibimizin evinə yollanarkən
sən də onları suladın və beləcə, mən bu iki il içərisində hər gün o gözəl, al-əlvan
çiçəklərdən toplayıb sahibimin evinə (...). O çiçəklər də sahibimin evinə min bir gözəl
qoxular saçdı. Sənin bu qüsurun olmasaydı, mən hər gün sahibimə o gözəl ətirli
çiçəkləri apara bilməyəcək və ən önəmlisi, onun razılığını qazana bilməyəcəkdim...
Mübariz Yunusov
2. Mətndəki əsas fikri müəyyənləşdirin.
3. Çatlaq səhəngin keçirdiyi hislərə münasibət bildirin.
4. Xidmətçinin cavabı sizdə hansı təəssürat yaratdı? Bəs siz xidmətçinin yerində
olsaydınız, hansı cavabı verərdiniz?
5. “Çatışmayan cəhəti üzə vurmaq ədəbsizlikdir” mövzusunda müzakirə aparın.
6. Hekayənin adına münasibət bildirin. Onu müvafiq atalar sözü ilə əvəz edib
fikrinizi əsaslandırın.
7. Fərqləndirilmiş sözlərin leksik mənasını izah edin.
8. Önəm və önəmli sözlərinin qrammatik mənasını izah edin. Bu sözlər sinonim ola
bilərmi? Fikrinizi əsaslandırın.
9. Mətndəki frazeoloji birləşmələri tapın, onları yaxınmənalı söz və ifadələrlə əvəz
edin.
10. Mətndəki nöqtələrin yerinə cümlə üzvü artırıb oxuyun. Artırdığınız üzvün rolunu
izah etməyə çalışın. Onsuz cümlə yarana bilərmi?
11. Xəbərin yaranmasında hansı şəkilçilərdən istifadə olunur? Aşağıdakı cümlələrə
şəkilçi artırmaqla fikrinizi əsaslandırın.
Qüvvət elmdə..., başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bil.... (N.Gəncəvi)
İnsana arxa... onun kamalı,
Ağıl... hər kəsin dövləti, malı. (N. Gəncəvi)
Oğul mənim... əgər, oxutmur..., əl çək...,
Eyləmə... dəngəsər, oxutmur..., əl çək.... (M.Ə.Sabir)
Xəbər haqqında aşağı siniflərdə öyrəndiklərinizi yadınıza salıb suallara
cavab verin.
✔
Xəbər nəyə deyilir?
✔
Xəbərlər ifadə vasitələrinə görə necə qruplaşır?
✔
İsmi xəbərlə feili xəbərin fərqi nədədir?
✔
Feili və ismi xəbərlərin ifadə vasitələri hansdardır?
✔
Hansı sözlər suala cavab vermədən ismi xəbər ola bilir? Cavablarınızı
nümunələrlə əsaslandırın.
12. Cümlədə xəbərləri tapıb ifadə vasitələrini müəyyənləşdirin.
1. Xidmətçi hər gün sahibinin evinə su daşıyardı. 2. Bu günün işini sabaha
qoyma (Atalar sözü). 3. Əsl sevinc zəhmətdən sonrakı istirahətdir (İ.Kant). 4. Bu
gün çıxdığınız hər pillə sabahkı həyatınızın təməlidir (V.Rayx). 5. Həyatda
əziyyətsiz rahatlıq yoxdur (N.Tusi).
6. Əvvəlcə həqiqəti bilmək lazımdır: həqiqət bilinərsə, səhv də bilinər
(Ə.Məhəmməd).
7. Adamlara xoş gələni deyil, faydalı olanı məsləhət gör (Solon).
✔
Hansı müdrik fikir mətnin məzmununa uyğun gələ bilər?
13. Şəxs sonluqlarını bərpa edib cümlələri köçürün, durğu işarələrini bərpa edib
səbəbini izah edin. İsmi və feili xəbərləri tapıb onların ifadə vasitələrini
müəyyənləşdirin.
İnsanların yeddi vəzifəsi var... . Əgər insan bütün bu vəzifələri yerinə yetirərsə
bu halda kamil insan sayılar. Əgər o bunların bir hissəsini yerinə yetirərsə
natamam insan sayılar. Əgər o bu yeddi vəzifənin heç birinə əməl etməzsə
deməli insan qismindən çıxır və heyvan qisminə daxil olur. Birinci vəzifə bundan
ibarət... ki insan pis əməllərdən uzaq ol....
İkinci vəzifə xeyir işlər görmək.... Üçüncü vəzifə zülmə qarşı mübarizə
aparmaq... . Dördüncü vəzifə cəmiyyətdə öz yoldaşları ilə ittifaqda yaşamaq... .
Beşinci vəzifə elm yolu ilə getmək.... Altıncı vəzifə elmi hər yanda yaymağa
çalışmaq... . Yeddinci vəzifə bundan ibarət... ki insan öz qüvvəsi, imkanı
daxilində onunla ittifaqda olan cəmiyyətdə, öz həmvətənləri və həmfikirləri
arasında qanuni hüquqların müdafiəsi üçün mübarizə aparmalı....
(M.F.Axundzadə)
✔
Sizin bir şagird kimi hansı vəzifələriniz vardır? Öz vəzifələrinizlə
M.F.Axundzadənin tövsiyə etdiyi vəzifələr arasında bir uyğunluq gördünüzmü?
Həmin vəzifələri necə yerinə yetirirsiniz?
14. Hansı cümlələrdə mübtəda ilə xəbər arasında uzlaşma pozulmuşdur?
1. Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində
fərqlənirlər. Bu xüsusiyyətlərdən ən yüksəyi mədəniyyətlərdir (H.Əliyev). 2. Söz
verməzdən əvvəl yaxşıca düşün, söz verdinsə, üstündə möhkəm durun
(Seneka). 3. Analar hər şeyi görməsə belə, qəlbləri ilə duyur (A.N. Ostrovski). 4.
Zərərli vərdişlər qısa müddət ərzində inkişaf edib yayılırlar.
15. Doğru və yanlış fikirləri müəyyənləşdirin.
16. Aşağıdakı plandan istifadə edərək, “Vəzifə böyük işlər görmək deyil, lazım olanı
etməkdir” adlı mühakimə xarakterli inşa yazın.
Plan
1. Vəzifə dedikdə nə başa düşürük?
2. İnsanın qarşısında duran vəzifələr hansılardır?
3. Vəzifələri yaxşı yerinə yetirmək üçün nə lazımdır?
4. Öz vəzifələrini layiqincə yerinə yetirən şəxslərdən nümunə gətirin.
5. Biz şagird kimi öz vəzifələrimizi necə yerinə yetiririk?
6. Nəticə.
. . .
Dostları ilə paylaş: |