Müslüm Maqomayev (7 avqust 1942)
Bariton səsli Müslüm Maqomayev özünün parlaq istedad sahibi olduğunu çox erkən
yaşlarından nümayiş etdirib. Opera teatrına solist götürülməmişdən əvvəl, iyirmi bir yaşında vokal
ifaçılığında Azərbaycandan kənarda da çox populyarlıq qazanmışdır.
Müslüm Məhəmməd oğlu Maqomayev Bakıda doğulub. Gözəl, yumşaq tembrli gur səsi olan
Müslüm Azərbaycanın məşhur bəstəkarı, "Şah İsmayıl" və "Nərgiz" operalarının müəllifi Müslüm
Maqomayevin nəvəsidir. 1968-ci ildə Üzeyir bəy Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasında Şövkət Məmmədovanın sinifini bitirib.
Müslüm Maqomayev 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.
Müğənni-aktyor 1964-1965-ci illərdə İtaliyanın Milan şəhərindəki La-Skala teatrında vokal-opera
təcrübəsi keçib. Son dərəcə ifadəli, coşqun, ruh yüksəkliyi oyadan ifadəli səs sahibi Müslüm
Maqomayev ADOBT-də Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Həsən xan), Müslüm Maqomayevin
"Şah İsmayıl" (Şah İsmayıl), Coakkino Rossininin "Sevilya bərbəri" (Fiqaro), Cakomo Puççininin
"Toska" Sezar Anjelotti və Baron Skarpio) və Sergey Raxmaninovun "Aleko" (Aleko) operalarında
əsas partiyaları məharətlə ifa edib.
1969-cu ildə keçirilən Kann və Sopot Beynəlxalq ifaçılıq festivallarının qalibidir. Böyük
sənət uğurlarına görə 29 aprel 1971-ci ildə Azərbaycan Respublikasının xalq artisti, 1973-cü ildə
SSRİ xalq artisti fəxri adlarına layiq görülüb. 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik
Orkestrini yaradaraq, demək olar, bütün Yer Kürəsini gəzib.
Rejissor Eldar Quliyevin çəkdiyi iki hissəli "Nizami" bədii filmində Nizami Gəncəvi rolunu
oynayıb. Müğəninin zəngin yaradıcılığından bəhs edən "Oxuyur Müslüm Maqomayev" ekran əsəri
çəkilib.
Dostları ilə paylaş: |