______________Milli Kitabxana_____________
415
XÜLASƏ
Qədim dünya mədəniyyəti tarixinin tədqiqi müasir
sivilizasiyalar və mədəniyyətlərin keçdiyi inkişaf yollarının
öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Odur ki, qədim
dünya mədəniyyətinin kulturologiya elminin tədqiq obyekti kimi ön
plana çəkilməsi dövrün zəruri tələbi kimi əsas prioritetə çevrilir.
Paleolit dövründən başlayaraq Qədim Şərqdə ilk insan
sivilizasiyalarının yaranması və inkişafı, Qərbdə antik mədəniyyətin
və incəsənətin çiçəklənməsi dövrlərinin tədqiqi və təsviri, ilk insan
icmalarında yaranmış ibtidai inanclardan başlayaraq Qədim Şərqdə
və Qədim Qərbdə formalaşmış mürəkkəb fəlsəfi cərəyanların
təsnifatı, müxtəlif xalqların dini təsəvvürləri ilə bağlı olan
mifologiyaların öyrənilməsi bu dərsliyin əsasını təşkil edir.
Qədim dünya mədəniyyəti və incəsənətinin sonrakı dövrlərin,
o cümlədən müasir dövrün mədəniyyəti və incəsənətinə təsiri
olduqca böyükdür. Yüksək İntibah incəsənətinin Leonardo da Vinçi
(1452-1519), Mikelancelo Buonarotti (1475-1564), Rafael Santi
(1483-1520) və s. kimi sənətkarları antik sənət nümunələrindən
ilhamlanmış və bəşəriyyəti valeh edən şah əsərlərini yaratmışlar.
Uyğun təzahürə şərq ölkələrində, məsələn, Təbriz Miniatür məktəbi
ustadlarının yaradıcılığında da təsadüf etmək olar. Müasir Çin,
yapon, Tailand, hind sənətkarları min illərlə yaşı olan milli
mədəniyyət və incəsənət nümunələrindən uğurla bəhrələnir, qədim
adət-ənənələrin gələcək nəsillərə ötürməyin əhəmiyyətini gözəl dərk
edirlər.
Dərslikdə bəşəriyyətin minilliklər ərzində yaratdığı, qoruyub
saxladığı, zənginləşdirdiyi, bir-birinə verdiyi və gələcək nəsillərə
çatdırdığı mənəvi sərvətlərin və dəyərlərin öyrənilməsi və
mənimsənilməsi problemləri müqayisəli kulturologiya baxımından
araşdırılır, milli adət və ənənələrin, dini xüsusiyyətlərin, beynəlxalq
mədəni əlaqələrin, qədim dövrün mədəniyyət və incəsənət
abidələrinin tədqiqinə geniş yer verilir. Dərsliyin müxtəlif qədim
sivilizasiyalar və mədəniyyətlərə aid 400-dən çox tarixi-mədəni
abidənin fotoşəkilləri ilə zənginləşdirilməsi, illüstrasiyalardan hər
birinə annotasiya verilməsi onun elmi dəyərini artırır, tədris
prosesinə zəruri əyanilik gətirir.