______________Milli Kitabxana_____________
115
yaxud ali kahinə şamil edilirdi. Erkən sülalələr dövründə
ağsaqqallar şurası və xalq yığıncağı öz mövqeyini saxlayırdı.
Mülki bərabərsizliyin inkişafı ilə əlaqədar olaraq xalq yığıncağı
dövlət idarə orqanı kimi öz əhəmiyyətini itirdi. Tədricən hökmdar
hakimiyyəti iqtisadi, siyasi və hərbi cəhətdən möhkəmləndi.
Bunun da nəticəsində ağsaqqallar şurasının idarə orqanı kimi
əhəmiyyəti azaldı. Erkən sülalələr dövründə müstəbid monarxiya
hakimiyyət forması meydana gəldi, hökmdar qeyri-məhdud
hakimiyyətə malik oldu. Hökmdar hakimiyyətinin güclənməsi ilə
yanaşı onun dayağı olan ordu da meydana gəldi. Erkən sülalələr
dövrünün sonunda artıq daimi ordu yaranmışdı.
Erkən Şumer dövlətləri şəhər və onun ətrafındakı
kəndlərdən ibarət olmuşdu. Şumer şəhər-dövlətlərində istehsal,
ərzaq və əmtəə mübadiləsi aşağı səviyyədə inkişaf tapmışdı.
Şəhər-dövlətləri arasında geniş iqtisadi əlaqələr mövcud deyildi.
Bunların nəticəsində sinfi ziddiyyətlər kəskin şəkil almışdı.
Qulların sayı az idi. Erkən sülalələr dövrünün sonunda
İkiçayarasında siyasi hegemonluq uğrunda mübarizə başlandı.
Hökmdar hakimiyyətinin rolu artdı. Bütün Şumeri siyasi və
iqtisadi cəhətdən birləşdirmək meyli gücləndi.
Erkən sülalələr dövründə və sonralar ölkənin iqtisadi əsasını
əkinçilik təşkil edirdi. Əkinçilik təsərrüfatı süni suvarmaya
əsaslanırdı. Süni suvarma sisteminin inkişaf etdirilməsi e.ə. III
minillikdə Şumer və Akkad hökmdarlarının başlıca vəzifəsi
olmuşdur. Suvarma kanallarının çəkilməsində iştirak ictimai
vəzifə idi və bunu bütün icma üzvləri həyata keçirirdi.
İkiçayarasında sənətkarlıq, daxili və xarici ticarət inkişaf etmişdi.
Şəhərlər sənətkarlıq və ticarət mərkəzlərinə çevrilirdi.
Mülki bərabərsizliyin və sinfi ziddiyyətlərin kəskinləşməsi
nəticəsində quldarlıq münasibətləri inkişaf edirdi. E.ə. III
minilliyin ikinci yarısında bu daha da gücləndi. Qul əməyi məbəd,
hökmdar (dövlət) və xüsusi təsərrüfatlarda tətbiq olunurdu.
Qulların mal-qara kimi baş-baş sayırdılar. Əsir qullar «yad
ölkəli», yaxud «saq» («baş» deməkdir), xüsusi qullar «urdu»,
yaxud «ere» adlandırılırdı. Qul sahibkarın xüsusi mülkiyyəti
hesab olunurdu.
|