______________Milli Kitabxana_____________
114
salamat qalırdısa, günahsız hesab olunurdu. Ur Şumer
cəmiyyətində bir sıra hallarda varlıları da cadugərlikdə
təqsirləndirirdilər. Varlıların cadugərliyi sübut olunardısa, onda
onun malı ittihamçı şəxsə verilirdi. Əsassız ittihamların qarşısını
almaq üçün böhtançılara da su ilə sınama (ordaliya) tətbiq
olunurdu. Şumer cəmiyyətində cadugərlik təqib olunurdu.
Maddələrin birində qulların vəziyyətindən bəhs olunurdu.
Qullar ağır istismara düçar idilər. Buna görə onlar ağa
təsərrüfatından qaçırdılar. Maddə qaçqın qulu ağasına qaytarana
mükafat vəd edirdi. Qul-kənizi öldürən onun əvəzini, yaxud
qiymətini ödəməli idi. Bəzi maddələr xəsarət üçün cəza nəzərdə
tuturdu. Əgər azad adam kiməsə bədən xəsarəti yetirərdisə, ona
pul əvəzi verməli idi. Qanunlarda ailə münasibətlərinə toxunan
maddələr də vardı. Qadının ərə xəyanəti ölüm ilə cəzalandırılırdı.
Ər arvadını boşayarkən, onu müəyyən pul məbləği ilə təmin
etməli idi. Sənədləşdirilməmiş nikah qanunsuz hesab edilirdi.
Evlənən gənc qızın atasına nikah hədiyyəsi (başlıq) verməli idi.
Əgər qızın atası vədinə əməl etməyib onu başqasına versəydi,
nikah hədiyyəsi sahibinə ikiqat məbləğdə qaytarılmalı idi.
Qanunlarda torpaq münasibətləri də əks olunmuşdu. Özgə
torpağını zəbt edib becərmək qadağan edilirdi. Belə hallarda
məhsul müsadirə olunur, torpağı özbaşına tutmuş adam isə cərimə
edilirdi. İcarədar götürdüyü torpaq sahəsini becərməli və torpaq
sahibinə əvvəldən müəyyənləşdirmiş miqdarda məhsul verməli
idi. Sahə işlənməmiş qalsaydı, icarədar torpaq sahibinin zərərini
ödəməli idi.
Erkən Şumer dövlətləri «en» (ağa, dini hakim) adlanan ali
kahin tərəfindən idarə olunurdu. En dövlət və məbəd işlərinə,
suvarma kanallarının çəkilməsinə, ölkənin təsərrüfat həyatına,
hərbi işlərə rəhbərlik edirdi. İbtidai demokratiya əlamətləri öz
varlığını hələ saxlayırdı. Tədricən Şumer dövlətlərində hökmdar
hakimiyyəti meydana gəldi. Dövlətin başında «ensi» (tikinti
zamanı xalqa rəhbərlik edən kahin), yaxud «luqal» (böyük adam,
hökmdar) dayanırdı. Adətən luqal, hökmdar kimi, daha böyük
şəhər-dövlətlərinə başçılıq edirdi. Vahid Şumer dövləti mövcud
olan zaman luqal ancaq hökmdara, ensi ona tabe olan canişinə,
|