Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə29/52
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#7965
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   52

 
2.3.7. İran mədəniyyəti 
 
IX – X əsrlərdə ərəblərdən asılı olan İranda knyazlıqlar formalaşmağa başlayır. Orta əsrlər tarixində İran 
gah Sasani, gah səlcuqlar, gah da monqolların əsarəti altında olmuş, lakin XV əsrdən başlayaraq İslam cərəyanı 
olan şiə bayrağı altında öz dövlətçiliyini qura bilmişdir. Bu hadisə İranı həm siyasi – iqtisadi, həm də mədəni 
cəhətdən dirçəldə bildi. Lakin İranın uzun illər ayrı- ayrı yadellilərin tabeçiliyində olması milli ədəbiyyatın, 
incəsənətin püxtələşməsinə müəyyən mənada təsir göstərmişdir. 
İran  ədəbiyyatının görkəmli nümayəndəsi Firdovsi X əsrin  ən möhtəşəm  ədəbi simalarından biri hesab 
edilir. Onun “Şahnamə” adlı poema – epopeyası dövrün ən məşhur və gözəl əsərlərindən biri kimi tanınmışdır. 
IX  əsrdə  İran  ədəbiyyatında  şüübiyyə  hərəkatı (fars dilli müsəlmanların  İran mədəniyyətinin müdafiəsi 
məqsədi ilə təşkil olunan hərəkat) ədəbiyyatın xeyli dərəcədə inkişafına müsbət təsir göstərdi. 
Bu dövr İran mədəniyyətinin dünyaya bəxş etdiyi ən böyük töhvə farsdilli poeziyanın formalaşması oldu. 
Bu poeziya intim, sevgi dolu hisslərlə zəngin lirikadan ibarətdir. Məhəbbət və sevgi hissləri vasitəsilə dünyanı 
yaradana- Allaha ehtiramın bildirilməsi sufist sehrindən xəbər verirdi. 
Poeziya siyasətə də təsir göstərdi. Hafiz Şirazi yaradıcılığı buna sübutdur. Onun beytləri, şer bəndləri xalqın 
dilində zərb- məsəl, atalar sözləri kimi əzbərlənirdi. Çünkü bu kəlmələrdə böyük hikmət və məntiq vardır. Xalq 
belə şairlərə, məs. Sədi Şiraziyə, Ömər Xəyyama ehtiram əlaməti olaraq mavzoley tikmişdir. 

 
210
Ömər Xəyyam (1048- 1122) İran  ədəbiyyatının  ən görkəmli simalarından biridir. O, həm də alim kimi 
tanınmışdır. Onun rübailəri fəlsəfi, gedonik, həyəcanlandırıcı  məzmun kəsb edir. Onun “cəbr” adlı  əsəri, 
“Varlığın ümumiliyi haqqında” adlı traktatı vardır. Ömər Xəyyam 1074- cu ildə ilk dəfə müasir qriqorian 
təqvim sisemini irəli sürmüşdür. 
İran incəsənətinin bütün dünyada məşhur olan növləri olan miniatur sənəti, kalliqrafik məlumatların 
bəzədilməsi, kitab örtükləri, mücrülərin bəzədilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Kəşmir örtük və  şallarının 
bəzədilməsi müstəsnalıq təşkil edir. 
İran memarları Avropada az məşhur olsalar da, onların yaratdıqları abidələr ölkənin bütün ərazilərinə – 
İsfahan, Şiraz, Rey, Məşhəd, Təbrizə səpələnmişdir. 
İran mərkəzləşdirilmiş dövlət kimi XVI əsrdə  bərpa olundu. Bu gün paytaxt olan Tehran şəhərinin 
yaradılmasında ölkə memarları bütün yaradıcı təxəyyül və əməklərini sərf etmişlər. 
Xəttatlıq orta əsr İran incəsənətinin ayrıca qolu kimi inkişaf etmişdi. Belələrindən ən görkəmlisi Mir Əli 
Təbrizi hesab edilirdi. Xəttatlıqda kufi və nəsh yazı növləri başlıca yer tuturdu. “Kufi” sözü İraqın şəhərlərindən 
birinin adından götrülmüşdür. Bu yazı ciddi, kələ-kötür cizgilərdən ibarətdir. Daha sonralar kufi yazılar 
monumental abidələr yzərində də yazıldı. 
Nəsh yazı üslubu daha geniş vüsət tapmışdır. Bu yazı üslubundan gündəlik işlərdə istifadə olunurdu. 
Başlıca yer mürəkkəbin rənginə verilirdi, çünki rəng yazılan mətnin əhval- ruhiyyəsini yaratmalı və səlis, aydın 
olmalı idi. 
Orta əsrlər İran musiqisi müsəlman Şərqinin musiqi mədəniyyətinin tərkib hissəsini təşkil etdiyindən bu 
ölkənin musiqi aləmindəki xüsusiyyətlər ümumilik təşkil edirdi. İran musiqisinə  qədim yunan melodiyaları 
əhəmiyyətli dərəcədə  təsir göstərmişdi. Musiqi alətləri fərdi  şəkildə istifadə olunurdu (tütək, gitara, rübab, 
zurna, balaban). Bəzən bu alətlər ansambl şəklində birləşirdi. 
Teatr İranda incəsənət növü kimi İslamdan əvvəl mövcud olmuşdur. Orta əsrlərdə jonqlyorlardan ibarət 
bazugərlər, pantomima, kölgə  və kukla teatrları, maska teatrları, teatrlaşdırılmış  mərasimlər  İranda ilk teatr 
formaları idi. 
Şiələr arasında dini misteriyalar olan təziyələr (“ağlaşma”) Kərbəlada (İraq) 680- ci il oktyabrın 10- da 
Məhəmməd Peyğəmbər  Əleyhisəlamın nəvəsi Hüseynin ölümünə  həsr olunurdu. Bu misteriya bir sıra 
məqamlarla müşaiyət olunurdu: mollanın duası, oğlanlar xoru, aktyorların şəhidin şərəfinə özlərini döymələri, 
bunun ardınca isə, imam Hüseynin ölüm səhnələri müşaiyət olunurdu. Bütün bu səhnələr öz emosionallığı ilə 
seçilirdi. 
Müasir  İran mədəniyyəti dünyada baş verən mədəni dəyişikliklərlə daim əlaqədə olmuş  və onların 
əhəmiyyətli təsirini yaratmışdır.  Əgər 1930-cu ilə  qədər bu ölkədə küçə aktyorlarnın teatrları üstünlük təşkil 
edirdisə, artıq 30-cu illərdən sonra müasir tipli teatrlar formalaşmağa başlayır. Uzun illər teatr tamaşalarında 
qadın rollarını kişi aktyorlar ifa edirdi. 
İlk film İranda 1930-cu ildə  çəkilmişdi. XX əsrin ortalarında  İranın kino istehsalı geniş  və  rəngarəng 
sujetli tarixi, mifoloji, musiqili, melodramatik, həmçinin dini- didaktik məzmun kəsb etməyə başladı. 1979- cu 
ildəki  İslam inqilabından sonra İran kinosunun dünya səviyyəsində  əvvəlki  şöhrəti zəiflədi. Lakin kino 
tənqidçilərinin nöqteyi-nəzərincə  İran kinosu incə psixologizmi, humanizmi ilə sufist əhval– ruhiyyəsini 
saxlamaqla dünya kinofestivallarında diqqəti cəlb edir. Digər  şərq filmlərindən fərqli olaraq İran filmlərində 
İtalyan neorealizminin ənənələri hiss edilməkdədir. Xüsusilə, A.Tarkovskinin yaradıcılığına bu ölkə 
kinoşünaslarının çox böyük ehtiram və hörməti vardır. İran hökuməti kinemotoqrafların üzərinə çox böyük və 
şərəfli vəzifə qoyur ki, bu da ölkənin, cəmiyyətin nöqsanlarının üzə  çıxarılması  və aradan qaldırılmasında, 
şəxsiyyətin mənəviyyatının formalaşdırılmasında yaxından iştırak etməkdir. 
Müasir gündə Fars körfəzində neftdən əldə edilən gəlir İranda, həmçinin dəbdəbəli saray, bina, yaşayış 
yerlərinin, qəsəbələrin, mədəniyyət ocaqlarının inşasına  əsaslı kömək edir. Xüsusilə, memarlıqda islam 
mərkəzlərinin, məscidlərin, kitabxana və digər mədəni mərkəzlərin tikintisinə geniş yer verilir. 
Müasir İranda hakimiyyət və dövlətin dini zəmində qurulmasına, mədəniyyət və incəsənətin bəzi sahə və 
istiqamətlərində qadağa və məhdudiyyətlər qoymasına baxmayaraq bu ölkənin mədəniyyəti öz axarı ilə inkişaf 
edir və təkmilləşir. 
2.3.8. Orta Asiya xalqlarının mədəniyyəti 
 
1924-25-ci illərə  qədər «Türküstan» adlanan Orta Asiya ölkələrinə Özbəkistan, Qırğızıstan, Tacikistan, 
Türkmənistan və Qazaxıstan əraziləri daxildir. 
Qazaxıstan mədəniyyəti 
Zəngin milli ənənələrə malik olan qazax xalqı öz incəsənəti, xüsusən memarlıq, təsviri sənət, tətbiqi 
sənəti, ədəbiyyat və musiqisi ilə dünyada məşhurdur.  
Qazaxıstan incəsənətində aparıcı yer tutan memarlıq  sənəti hələ  qədim dövrlərdən mövcuddur. Tunc 
dövründə yaşamış tayfaların Andronovo mədəniyyətini təmsil edən dini tikililər, mengirlər, dolmenlər, 
kurqanlar, islam abidələrindən məscid, mədrəsə, məqbərə və s. kimi arxitektura nümunələrinin adlarını çəkmək 

 
211
olar. Özünəməxsus inkişaf mərhələsi keçmiş qazax memarlığının müasir dövrdə təkmilləşməsi sovet dövrnə də 
təsadüf edir. Ötən  əsrin 60-70-ci illərdə  mərkəzi  şəhərlərdə tikilmiş mehmanxana, konsert salonları, idman 
kompleksləri, digər mədəniyyət müəssisələri respublikanın bu sahədə istedadlı  sənətkarlarının peşəkarlığını 
nümayiş etdirirdi. Alma-Atadakı «Qazaxıstan» mehmanxanası (1960), İdman Sarayında (1967), «Medeo»-nın – 
idman kompleksi, Dostluq evi (1973), habelə salınmış müasir tipli qəsəbə və şəhərlər, kəndlər yaşayış binaları 
keçmiş sovetlər birliyinin möhtəşəm abidələri silsiləsinə daxil idi. 
Tətbiqi sənətdəki texniki üsullar, ornamental motivlərin mənşəyi lap qədimlərə gedib çatır. Bu xalqın 
tətbiqi sənətinin təşəkkül və inkişafı köçəri maldarlıq təsərrüfatının inkişafı dövrünə  təsadüf edir. Çünki, bu 
həyat tərzini keçirən qazaxlar məişətdə  bəzi  ənənələrin yerinə yetirilməsi, geyim məişət avadanlıqlarını 
hazırlamaq zərurəti qarşısında qalmışdır. Qazax tətbiqi sənəti üçün bir tərəfdən çox da yüksək olmayan texniki 
səviyyə, digər tərəfdən isə xalq sənətkarlarının yüksək bədii zövqü başlıca ünsürlər kimi mühüm yer tuturdu. 
Hələ inqilabdan əvvəlki aullarda incəsənət heyvandarlıq xammalının (yun, dəri) və dəmir, qızıl, gümüş, ağac, 
daş, sümüyün emalı ilə bağlı idi. 
Ev emalatxanalarında hazırlanan bu materiallar, həm də bədii cəhətdən işlənirdi. Bu sahə üzrə hətta, əmək 
bölgüsü ilə  də  təzahür tapmışdı: yunun, dərinin emalı ilə, adətən qadınlar, gümüş, dəmir, ağac, sümükdən 
hazırlanan bəzək malları isə kişilər məşğul olurdu. Sovet illərindən  əvvəl, aullarda tətbiqi sənətin başlıca 
sahəsini yun məhsulların hazırlanması  təşkil edirdi. Bunlardan ornamentli xovlu xalçalar (teksmet, sırmak, 
tüskiz), ornamentlə  bəzədilmiş xovlu çantalar (ayak, kap, koldorba və b.), sandıqlar üçün üzlüklər (çexol) 
(sandıq qabı) və yumşaq əşyalar (ikebadan, ten) hazırlanırdı. 
Başlıca yer parça məhsullarına verilirdi. Primitiv dəzgahlarda toxunulan çox gözəl xovlu və xovsuz xalça-
lar (kilim, takır kilim, alaşa, araba kilimi və s.), yurtların bəzədilməsi üçün nəzərdə tutulan naxışlı örtüklər (bau, 
baskur), cürbəcür çantalar (korjın) və s. hazırlayırdılar. Qazax qadınlarının sənətkarlığından xəbər verən  ən 
gözəl tikili isə yurtların içəri hissədən bəzədilməsi üçün nəzərdə tutularaq hazırlanan çitdən naxışlı örtüklər (şım 
şiy) idi. 
Tətbiqi sənətin ənənvi növü toxuma (keste) sayılır. Rəngli yun və ipək saplarla toxunan tambur tikilişi ilə 
qadın sənətkarlar geyim, divar üçün xalçalar (tuskinz) və digər məişət əşyaları hazırlayırdılar. Bu cür tikilişləri, 
onlar muncuq, qızıl və gümüş kanitellərlə də edirdilər. 
Taxtanın bədii işlənməsi də  məişət, yaşayış  əşya və ləvazimatların bəzədilməsi üçün nəzərdə tutulurdu. 
Taxtadan yurtların detalları hazırlanır, bir çox yemək qab-qacağı (ojay, megene, astay və s.), musiqi alətləri 
(dambır, qopuz) istehsal edilirdi. Bu əşyaların sümük lövhə ilə əhatələnməsi onların bəzədilməsi üçün başlıca 
amillərdən idi. Ornamentləşdirilmiş sümükdən yəhərlər də bəzədilirdi. 
Məişətdə metalın (dəmir, gümüş, nadir halda qızıl) bədii emalı geniş vüsət tapmışdır. Dəmirdən kişilər 
üçün bel kəməri, zərgərlər qadınlar üçün gümüşdən bəzək əşyaları (qolbaq, sırqa, üzük və s.) hazırlanırdı. 
Daşın yonulmasından daha çox qəbirüstü abidələrin hazırlanmasında istifadə olunurdu. Buna daha çox 
Qərbi Qazaxıstanda rast tgəlmək olur. 
Dərinin bədii emalı taxta lövhələrin (kalıp) köməyi ilə tarıma çəkilmə metodu ilə reallaşdırıldı. 
Ümumiyyətlə, qazax xalqının tətbiqi sənəti, özünəməxsusluğu, forma və məzmun gözəlliyi ilə xarakterizə 
olunurdu.  
İnqilabdan sonrakı dövrlərdə  tətbiqi sənət, həm də yerli əhalinin estetik tələbatlarını ödəmək vəzifəsinə 
çevrildi. Artıq kolxozçu qazaxın evinin interyeri tətbiqi sənət nümunələrinin zənginliyi ilə özünü göstərir. 
Kəndli yaşadığı evə rahatlıq, gözəllik bəxş etmək üçün bu sənət materiallarından geniş istifadə etməyə başlayır. 
Aullarda yaşayan sənətkar qadınlar xovlu xalçalardan tutmuş ən sadə kilim növlərinə qədər yeni üslub – appli-
kasiya, inkrustasiya texnikasını gətirir.  
Dekorativ və məişət rolu oynayan ornamentin xovlu çanta və üzlük (çexol) yayda heyvandarların ən çox 
istifadə etdikləri əşyalardandır. Bu cür çanta və üzlüklər yaşayış tərzinə təkrarolunmaz milli kolorit bəxş edir. 
Xovlu ornamentli məhsullar – tətbiqi sənətin ən qədim formalarından biri olub, bu günəqədər mövcuddur. 
Müasir xovlu çantalar, xalçalar rəng qamması rəngarəngliyinə görə fərqlənir. Qazaxıstanın cənubunda sənətkar 
qadınlar dəzgahlarda böyük xovlu xalçalar (tükti kilim) və xovsuz palazlar (takır kilem) toxuyurlar. Bir çox 
ailələr, hətta 3,5 x 5,5 m həcmində gözəl, möhtəşəm xovlu xalçalar hazırlayırlar.  
Dini qadağanlardan doğan canlı varlıqların (insan, heyvan, quş  və s.) təsviri üstünlük təşkil etməyə 
başlayır. Bir çox xalçalarda müəllifin ad və soyadı toxunur. Yeni motivlər xovsuz xalçalarda – alaşa, bau, 
baskurlarda təzahür olunur: burda ənənəvi həndəsi və zoomorf xarakterli naxışların yerinə gül, insan, heyvan, 
quş, dövlət gerblərinin təsvirlərini görmək olar. 
Yurtların örtülməsi üçün ornamentli «şim çin» adlı tikililərin hazırlanması indiyəcən yenə  də 
qalmaqdadır. Bunlar daha çox heyvandarlıq yerlərində, məsələn Manqışlaq, Mərkəzi Qazaxzıstan və ölkənin 
cənubunda hazırlanır. Onların hazırlanma texnikası  və ornamentikası bir o qədər də ciddi dəyişikliyə  məruz 
qalmamışdır. 
Əvvəlkinə nisbətən ötən  əsrin 70-80-ci illərində parça üzərində toxunuş sənəti daha geniş vüsət almağa 
başlamışdır.  Əvvəldə qeyd etdiyimiz kimi qədim qazaxlarda tambur toxunuşu üstünlük təşkil edirdi. Bu 

 
212
toxunuşdan divar xalçaları, geyim, baş örtükləri, məişət əşya və bəzəkləri üçün istifadə olunurdu. Bu toxunuş 
mürəkkəb olduğu üçün xeyli vaxt tələb edir. Hazırda bu toxunuş ilə yalnız Manqışlar, Koş-Ağac, ölkənin qərb 
və şərqinin bəzi yerlərində tətbiq edilir. Tambur toxunuşu ilə qadın geyimləri, yastıq örtükləri və s. bəzəyirlər. 
Müharibə illərində sonra (II Dünya müharibəsi) Qazaxıstanda rus və ukrayna əhalisindən mənimsənilmiş yeni 
toxunuş növlərindən – ilməli, basma keste, xaç, jarta teste kimi bəzəklərdən istifadə olunur. 
Tətbiqi sənət kimi təsviri sənət də qazax xalqının aparıcı mədəniyyət sahələrindən biridir. Hələ ötən əsrin 
20-30-cu illərində A.Taşbayev, X.G.Xocikovlar, A.İsmayılov, A.Kasteyev adlı  rəssamlar rus rəssamları ilə 
əməkdaşlıq edirdilər. Bu sənətkarların milli mədəniyyətə gətirdikləri başlıca cəhət bədii sənətin öz milli «dili»ni 
yaratmaq olmuşdur. Hələ Böyük Vətən müharibəsi illərində bu rəssamlar batal mövzuya müraciət edərək cəbhə 
qəhrəmanlarının obrazlarını yaratmışlır. Qazax rəssamlarının müharibə illərində «Okon Kaz TAQa» adlı plakat 
və karikatura silsiləsi rəssamların professional istedadını nümayiş etdirirdi. A.İsmayılov, A.Kasteyev və b. süjet-
li rəsmləri, A.M.Çerkasski, M.S.Lizobuqun portret və peyzaj janrında yaratdıqları  əsərlər ötən  əsrin 
nailiyyətlərindən hesab olunur. Ötən  əsrin II yarısından başlayaraq təsviri sənətə yeni qüvvələrin gəlişi, ilk 
növbədə gənclərin Moskva, Leninqrad (indiki Sankt-Peterburq) rəssamlıq məktəblərində təhsil almaları ilə izah 
olunur. 60-70-ci illərdə və bu rəssamların yaradıcılığında insanın əhval-ruhiyyəsini çatdırmaq, onun ətraf aləmlə 
əlaqəsini təsvir etmək başlıca yer tuturdu. M.S.Kenbabayev, K.T.Telcanov, A.M.Stepanov, S.A.Mambeyev, 
K.M.Şayexmetov, S.A.Aytbayev kimi rəssamların yaradıcılığında dediklərimiz geniş tərzdə öz bədii təzahürünü 
tapmışdı.  
Qrafika  sənətində N.S.Qayev, R.Saxi, Ç.B.Kenjebayevin adlarını  çəkmək olar. Adlarını  çəkdiyimiz bu 
sənətkarların hamısı 1940-cı ildə Alma-Atada təsis olunmuş Qazaxıstan rəssamları ittifaqının üzvləri idi. 
Qazaxıstan mədəniyyətini yüksəldən əsas sənət sahələrindən birini də ədəbiyyat təşkil edir. Zəngin ədəbi 
mənbələri olan qazax xalqının bu sahədəki uğurları ürək açandır.  Şifahi xalq ədəbiyyatında mühüm yer tutan 
mərasim nəğmələri, atalar sözləri, zərb-məsəllər, tapmaca, nağıl və eposlarla («Koblandı», «Er Tarqın», «Kam-
bar batır», «Alpamıs» və s.) yanaşı ötən  əsrlərdə yaşayıb-yaratmış  ədəbi sənətkarlar müasir ədəbiyyat üçün 
zəngin mənbə qoymuşdur. Qazax sovet ədəbiyyatının banisi sayılan S.Seyfullindən sonra yeni yazarlar ordusu 
yarandı. Sovet dönəmində sosialist prinsipləri  əsasında yaranmış qazax ədəbiyyatı dünyaya bir çox şair və 
yazıçıların adını tanıtdı. 1934-cü ildə Qazax şairlərini öz ətrafında cəmləşdirən Yazıçılar  İttifaqı yarandı. 
İ.cansuqurov, B.Maylin, Ş.İmanbayeva, A.Tacıbayev, T.Jarokov, Q.Amanjolov sosialist həqiqətlərini öz 
əsərlərində əks etdirməklə dövrün tələblərinə cavab vermişlər. 
Böyük Vətən müharibəsi illərində qazax ədəbiyyatı insanların hərbi və  əmək qəhrəmanlıqlarını ifadə 
etməyə başlıca yer ayırırdılar. Hərbi vətənpərvərlik mövzusunda yazan Tokmaqambetova, Jarokova, Ormanov, 
Abu Sarsenbayev, cubana Muldaqamiyeva, Hamida Yerqaliyeva və b. öz lirik şeirlərində döyüşçülərə mənəvi 
ruh verirdilər.  
Hərbi mövzu dramaturgiyada da başlıca yer tutdu. Auezovanın «Sınaq saatı», «Namus qvardiyası», 
Xusayinovanın «Aman gəldi» pyesləri qazax dramaturgiyasının görkəmli əsərlərindən hesab edilir. 
Müasiri olduğumuz tarixi dövrün ədəbiyyatından danışdıqda isə Oljas Süleymenovun adını  çəkmək 
lazımdır. Onun «Torpaq, insana baş əy!» (1961) adlı şeirlər kitabı yazarı dünyaya tanıtmışdır. O, nəinki qazax 
xalqının, bütün türk millətinin istedadlı oğludur. 
Milli musiqi ladları üzərində formalaşan qazax musiqisinin professional bəstəkarlarından V.Velikanov, 
M.Tumbayev, Y.Rəhmədiyev, S.Mühəmmədcanov,  Ə.Kaşaubayev, D.Nurpensova, R.Abdullin, Q.Duqaşov, 
Ş.Kajqaliyev, F.Mansurov kimi məşhur musiqi xadimlərinin adlarını  çəkmək olar. Hazırda Qazaxıstan 
Respublikasında opera və balet teatrı, xor kapellası, xalq çalğı alətləri orkestri, rəqs ansamblı, simfonik orkestr, 
Konservatoriya, musiqi məktəbləri, filarmoniya, bəstəkarlar ittifaqı fəaliyyət göstərməkdədir. 
Qazax mədəniyyəti tarixində musiqi, teatr, digər sənət sahələrinin, elm, təhsil, maarifin özünəməxsus yeri 
vardır. 
Müasir Qazaxıstan mədəniyyətində teatr, balet, kino, sirk inkişaf etməkdədir. Hazırda ölkənin müasir 
tələblərə uyğun təhsil və maarif sistemi, elmi müəssisə və idarələri fəaliyyət göstərir. 
 
Qırğız mədəniyyəti  
Qırğızıstanın ərazisi Orta Asiyanın şimal-şərqində yerləşərək şimaldan Qazaxıstan, qərbdən Özbəkistan, 
cənub-qərbdən Tacikistan, cənub-şərq və şərqdən Çinlə həmsərhəddir. Aparılmış elmi ekspedisiyalar, arxeoloji 
abidələr sübut edir ki, qədim qırğızlar bu ərazidə hələ 300 min il bundan öncə, Daş dövründə (aşağı paleolit) 
məskən salmışlar. Mərkəzi Tyan-Şan, İsık-Kul və Fərqanədən aşağı paleolit dövrünə aid tapılan silah və alətlər 
bu  ərazilərdə  qədim insan məskənlərinin olmasına sübutudur. Orta paleolitdə muster mədəniyyətinin 
mövcudluğu barədə buradan tapılan düşərgə, daş alətlər məlumat verir. Qapçıqayadan  əldə edilən arxeoloji 
tapıntılar yuxarı paleolit dövrünün 35-10 min il bundan əvvəl mövcud olduğunu göstərir. Neolit abidələri 
keçmiş Frunze, (indiki Bişkek) Takmakşəhərləri, Çak və Qara-Şi yaxınlığındakı Alay düzənliklərindən  əldə 
edilmişdir. İki məşhur mağarada hətta qədim insanların neolit çağlarında yazılı izləri də qalmışdır: Sarıcazdakı 
Narın və Ağ-Çunkur şəhərlərindəki mağaralar bunlara sübutdur. Bu mağaraların birində, hətta qırmızı boya ilə 

 
213
heyvanların qaya rəsmləri açıq-aydın hiss olunur. Neolit dövründə Qırğız torpağında məskunlaşmış qədim in-
sanlar daşın işlənməsində daha kamil texnikaya malik olduqlarını sübut edir. B.e.ə.V-III-cü minilliklərdə 
heyvandarlıq və əkinçiliyin təşəkkül tapması müəyyən olunub. Bu isə matriarxatın patriarxata təhvil verilməsinə 
dəlalət edir. B.e.ə.III minilliyin sonu - II minilliyin əvvəlində tunc, sonra bürünc dövrü (b.e.ə.II minilliyin 
ortaları - I minilliyin əvvəlləri) başlayır ki, bu zaman əhalinin tərkibi iki qrup üzrə müəyyən olunur: torpaqda 
çalışan əhali (Boz-Təkə, Çimbay və Qara_Koçkordan tapılan arxeoloji abidələr), ikincisi, heyvandarlıqla məşğul 
olan  əhali (Çu, Talas, Narın çayları  ətrafında,  İssık-Kul gölü, mərkəzi Tyan-Şanda yaşamış insanların 
qəbirlərindən əldə olunan əşyalar). 
B.e.ə.VII-VI əsrlərdə cəmiyyətin tərkibində ciddi dəyişikliklər baş verir: dəmirdən hazırlanmış əmək alət 
və silahları geniş yayılmağa başlayır, köçəri heyvandarlıq üstünlük təşkil etməyə başlayır ki, bu da əmək 
bölgüsünə əsaslı təkan verir. Beləliklə, cəmiyyətdə sinfi təbəqələşmə təşəkkül tapır. Köçərilərdə tayfa ittifaqları, 
torpaq rayonlarında quldarlıq dövlətləri formalaşmağa başlayır. Şimali Qırğızıstand aşağıdakı tayfa ittifaqları – 
saklar (b.e.ə.VII-III), usun (b.e.ə.II-V əsr) yaranır. 
Cənub rayonlarında b.e.ə. II-I əsrlərdə Parkan dövləti sonralar Kuşan dövləti ilə əvəz olunur. 
Təsərrüfatda  əldə edilən nailiyyətlər (suqaldırıcı texnika, su dəyirmanlar, yeni təsərrüfat sahələri - 
pambıqçılıq) quldarlığın yeni ictimai-sosial münasibətlərlə – feodal münasibətləri ilə  əvəz olunmasına təkan 
verdi. Bu proses VI-XVIII əsrlərə qədər davam etdi. 
Orta əsrlərdə Qırğızıstan ərazisində  və onunla qonşu olan yerlərdə bir-birini əvəz edən dövlətlər (Qərbi 
türk xaqanlığı, Türkeş, Karluk) yarandı. X əsrdən XII əsrin ortalarınadək Qırğızıstanda Qaraxanilər dövləti də 
mövcud idi. Bu dövrlərdə qırğız xalqına mənsub olan sənət abidələri onun zəngin mədəniyyətindən xəbər verir-
di. Burada inkişaf edən şəhərlər, sənətkarlıq mədəniyyətin yüksəlişi ilə bağlı idi. Yusif Balasaqunin «Kutadqu 
bilik» poeması, Mahmud Kaşqarinin «Divani-lüğət it türk» kimi əsərlər bu ölkədə yerli əhali arasında çox popu-
lyar idi. 
Feodal hakimlərin islamı  qəbul etməsi bu ideologiyanın Qırğızıstanda hakim din statusu əldə etməsinə 
səbəb oldu. 
Artıq XI-XII əsrlərdə  Qırğızıstanda məskunlaşmış  əhalinin müxtəlif tayfa və qruplarının təsərrüfat-
iqtisadi inkişaf prosesində bir-birinə yaxınlaşması xalqın formalaşmasında mühüm təkanverici amilə çevrildi. 
Lakin bu proses XIII əsrin I rübündə monqol-tatar basqınları  nəticəsində xeyli zəiflədi. Monqolların Orta 
Asiyanı  zəbt etməsi Qırğızıstanda da köçəri tayfaların məskunlaşmasına  şərait yaratdı. Yalnız XV əsrin II 
yarısında Şimali Qırğızıstan ərazisində qırğız tayfalarının müstəqil birliyi nəticəsində ilk millətçi xanlığın əsası 
qoyuldu. Onun təşkili, həm də monqol feodallarının hökmranlığına son qoydu. 
Qırğız xalqı  həm də  qədim  ədəbiyyat, folklor, memarlıq və digər sənət sahələrinə malik bir millətdir. 
Qırğızların şifahi-poetik yaradıcılığı qədimlərə gedib çıxır. Orijinal kosmoqonik əsatirlər, çoban nəğmələri, ağı-
oxşamalar və s. qədim folklor janrlarındandır. «Manas» bu xalqın monumental qəhrəmanlıq eposudur. Onun 
mövcudluğu faktı XVI əsrə  təsadüf edir. Bununla yanaşı «kiçik eposlar» kimi tanınan  əsərləri də nümunə 
göstərmək olar: məsələn, «Gedeyxan», «Qoca caş», «canıl Mirza», «Ər-Töştük» və b. Digər türk xalqlarında 
olduğu kimi, qırğızlarda da nağıl, atalar sözü, zərb-məsəllər, mərasim və mifik nəğmələr, əfsanə, xalq lətifələri 
geniş yayılmışdır. 
Artıq XVIII əsrdə Qırğızıstana cəlb olunan maarifçilik ideyaları, millətin ədəbi-poetik düşüncəsində yeni 
bir mərhələ kimi qiymətləndirilir. Belə demokrat-şairlərdən Toktoqul Satılqanov (1864-1933), onun ardıcılları 
Toqolok Moldo (1860-1942), Kalık Akiyev (1883-1953), Alımkul Usenbayev (1894-1963), Osmankul Bolebo-
layev (1888-1967) və digərlərinin adlarını çəkmək olar. Qırğızlar bu kimi sənətkarlara öz dillərində «akın» (şair, 
yazar) deyirlər. Sovet dövrünə təsadüf edən qırğız ədəbiyyatının bir çox simaları, hətta dünya səviyyəsinə qədər 
yüksəlmiş  sənətkarlardır. Artıq ötən  əsrin 30-cu illərindən başlayaraq  ədəbiyyatın bütün janrlarında tanınmış 
yazıçı,  şair, dramaturqlar meydana çıxır: Tokombayev, C.Bokonbayev (1910-44), c.Turusbəyov (1910-1943), 
M.Elebayev (1905-43), A.Osmonov (1915-50), T.Umetaliyev, T.Sıdırbəyov və b. Dramaturji əsərlər yaranır 
«Ömür yox, yalnız həyat!» (1935, müəllif Turusbəyov), «Qızıl qızcığaz» (1937, müəllif Bokonbayev) kimi 
əsərlər qırğız dramaturgiyasının vüsət götürməsində mühüm əhəmiyyət kəsb etmişdir. 
Qırğız  ədəbiyyatından söhbət gedərkən dünyaşöhrətli nəsr  sənətkarı Çingiz Aytmatovun adı qürurla 
səslənməlidir.  Əsasən kiçik hekayə, povestlər müəllifi olan Ç.Aytmatovu məşhürlaşdıran sənətkarlıq 
mədəniyyəti, hadisələrə obyektiv münasibəti, yüksək bədii sözlə təsvir ustalığıdır. Onun «cəmilə» (1958), «İlk 
müəllim» (1961), «Əlvida, Gülsara» (1966), «Ağ  gəmi» (1970) kimi nəsr  əsərləri qırğız  ədəbiyyatını bütün 
dünyada məhşurlaşdıran sənət abidələrindəndir. Qırğız incəsənətini dünya arenasına çıxaran digər sənət 
sahələrindən -memarlıq və təsviri sənətdən də danışmaq lazımdır. Monqol-tatarların hücumlarına məruz qalan 
qırğızlar memarlıq sənətinin incəliklərinə yiyələnməyə  məcbur olmuşlar. Hücumlardan qorunmaq məqsədilə, 
möhkəm, davamlı qala, qəsr, feodal istehkamları tikmək məcburiyyətində qalan qırğızlar bu sənəti dərindən 
öyrənərək mənimsəyirlər. Artıq V-X əsrlərdə «şəhristan» və içqalalardan ibarət şəhər tikintilərinə üstünlük veri-
lir. 

 
214
İslamın yayılması ilə bütün digər Orta Asiya ərazilərində olduğu kimi, Qırğızıstanda da, xüsusilə, 
Qaraxanilərin hakimiyyəti dövründə məscid, minarə, məqbərə, türbə tikililərinə başlıca yer verilir. XI əsrə aid 
minarələr buran və Uzgen şəhərlərində tikilmişdir. Bu dövrün başlıca memarlıq bəzəyi kərpicin naxışlı formada 
yerləşdirilməsi, həndəsi bəzək, yazı və nəbati motivlər təşkil edirdi. Dekorativ-tətbiqi sənətdə keramika aparıcı 
yer tuturdu; qeyri-şirəli, ştamp üsulu ilə hazırlanmış qablar üstünlük təşkil edirdi. Qablar yanma və oyma üsulu 
ilə naxışlanaraq ağ fonda tünd qəhvəyi və yaşıl boya ilə bəzədilirdi. 
Monqol-tatar basqınları  ərzində bir çox şəhərlər tənəzzülə uğradı. XIV əsrdə  məşhur Manas məqbərəsi, 
XV əsrdə Paş-Rabat karvansarayı inşa edildi. 
Qırğız mədəniyyətinin yüksəliş çağları sovet dövrünə də təsadüf edir. Bu dövrdə savadlanma və təhsilin 
geniş yayılmasını özü mədəni sahədə  ən uğurlu addımlardan idi. Təsviri sənətin inkişafında rus 
mütəxəssislərindən - rəngkarlar V.V.Obraztsov, S.A.Çuykov, İ.P.Qalçenko, A.İ.İqnatyev, heykəltəraş O.M.Ma-
uilovun adlarını  çəkmək olar. Bunun nəticəsində XX əsrin 30-cu illərində Q.Aytiyevin səyi nəticəsində milli 
rəngkarlıq məktəbi fəaliyyət göstərməyə başladı. 1935-ci ildə  Qırğızıstanın paytaxtı Frunzedə  rəssamlıq 
studiyası (1939-cu ildə Rəssamlıq Peşə məktəbi) təşkil edildi. Beləliklə, qırğız milli rəssamlığı inkişaf etməyə 
başladı – M.Omarkulov, A.Usubalıyev, S.İşenov, Z.Həibulin, D.cumabayev, A.Osmanov, M.Sıdıkbayev kimi 
görkəmli rəssamlar yetişdi.  
Qırğız musiqisi XX əsrin əvvəllərinə qədər şifahi formada vüsət tapmışdı. Xalq mahnılarının melodiyaları 
genişdir, nəqarətlidir. Mahnı janrları arasında mərasim,  əmək («bəkbəkəz»-qoyun sürüsünün keşiyini çəkən 
qadınların gecə nəğmələri), lirik mahnılar («kyugen», «seketbay», «seket» - sevgi mahnıları), laylalar («beşik 
ırı»), oyun nəğmələri («yelləncək»), məzəli nəğmələr («kayımaytışuu»), uşaqlar üçün mahnılar («baldar ırı»). 
Qırğız milli musiqisinin əsas çalğı alətlərindən komuz, kıl kıyak, jıqaç ooz komuz və temir komuzun 
adlarını çəkmək olar. 
Qırğız milli musiqi mədəniyyətinin  əsas aparıcı qüvvələri akınlar və instrumental ifaçılar-komuzçı, 
kıyakçı  və digərləridir. Müasir qırğız musiqi mədəniyyətinin mühüm istiqamətlərində birini simfonik musiqi 
təşkil edir. Qırğız bəstakarları Tuleyev «Qəhrəmanlıq poeması» simfoniyası (1954), T.Ermatov, A.Canıəyov, 
Abdrayev, Amaqbayev bir çox klassik musiqi əsərlərinin müəllifləri kimi tanınırlar. 
Klassik musiqi xoreoqrafiyanın inkişafına da ciddi, əhəmiyyətli şəkildə təsir göstərmişdir. Zlasova və Fe-
renin müəllifi olduqları «Altın qız» (1937) musiqili teatrı ilə balet sənəti formalaşmağa başlayır. XX əsrin 30-cu 
illərindən etibarən Rusiyaya balet təhsili almağa göndərilən gənclər qırğız mədəniyyətində bu incəsənət 
sahəsinin inkişafına təkan verdi. Artıq 1970-80-ci illərdə  Qırğızıstanda B.Beyşenaliyeva, U.Sarıbakişiyeva, 
R.Çokoyeva, B.Alimbayev, S.Çokobayev, A.Tokonbayev kimi balet ustaları fəaliyyət göstərirdilər. 
Qırğız mədəniyyətində xüsusi yer tutan milli teatrın kökü hələ lap qədimlərə gedib çıxır. Mərasim, xalq 
oyunları, akınların yarışmaları (aytışuu), nağılçıların çıxışları (comokçu), manasçı («Manas» dastanını 
söyləyən), komuzçu, xalq komikləri – kuudulların çıxışları milli qırğız teatrlaşma sənətinin rüşeymləri rolunu 
oynayır. XX əsrin əvvəllərindən ədəbiyyatdakı canlanma dramaturgiya sənətinin inkişafı ilə bağlı olaraq milli 
teatrın professional səviyyədə yüksəlməsinə səbəb oldu. 1941-ci ildə Frunzedə Qırğız dramatik teatr truppasının 
əsası qoyuldu. O vaxtdan bu günə qədər Milli Qırğız professional teatrında görkəmli dramaturq, aktyor-rejissor 
ordusu yetişdi. D.Kuukova, M.Kıdıkeyeva, M.Ruskulov, S.Balkıbeyov, A.Botaliyev, .Camanov, A.Cankoozova, 
S.Kumuşaliyeva, A.Kutubayeva, L.Manova kimi teatr aktor və rejissorları ötən əsrin və müasir qırğız teatrının 
görkəmli sənətkarlarıdır. 
Beləliklə, Orta Asiya ərazisinə daxil olan digər ölkələr kimi Qırğızıstan da zəngin tarixə və mədəniyyətə 
malikdir.  
 
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin