1.5. Mədəniyyət və təbiət
Mədəniyyətin zaman və məkan çərçivəsində mövcudluğu haqqında söhbət açarkən hələ antik dövrlərdə
coğrafi determinizmin geniş yaydığı ideyalarla – yəni təbiət amillərinin ayrı-ayrı sivilizasiyaların təşəkkülünə,
inkişafına təsiretmə müddəaları haqqında fikirlə tanışıq. Başqa sözlə desək, bəşər mədəniyyətinin «vəhşi», «ram
edilməyən» təbiətə təsiri haqqında əks təsiri də məlumdur.
Marks və Engelsin fəlsəfəsində qeyd edilir ki, kortəbii şəkildə inkişaf edən mədəniyyət əgər şüurlu
qaydada təkmilləşmirsə, özündən sonra boşluq yaradır. Onların fikirincə insanın təbiət üzərindəki hər bir
qələbəsi, həm də onun sivilizasiyaya etdiyi ziyanla eyni olur.
Z.Freyd təbiətin insanlara yönəldilmiş əzəmətli, qorxunc gücünə qarşı qüvvələri bir yerə toplayaraq ona
qarşı mübarizəsini vacib məsələlərdən biri hesab edirdi. Məhz bunu nəzərə alaraq görkəmli alim yazırdı:
«Mədəniyyətin başlıca vəzifəsi, onun həqiqi əsası – bizi təbiətdən qorumaqdır.»
Antropologiya elminin təxmini hesablaşmalarına görə canlı orqanizm kimi insan da bir çox milyon illər
əvvəllərə təsadüf edirsə, onun «mədəniyyət» təzahürlərinin tarixi yarımmilyon illik tarixə təsadüf edir. Tanınmış
kulturoloq-alim N.A.Berdyayev bu zaman kəsiyində insanın təbiətə olan münasibətlərinin dörd mərhələsini
təsnif edir:
1)
insanın təbiətə yüklənməsi;
2)
təbiətdən qopma, təbiətə qarşıdurma və onunla mübarizə;
3)
təbiəti mənimsəmək üçün ona müraciəti;
4)
təbiətin mənən bərpası.
Freydin fikirləri sözsüz ki, Berdyayev sxeminin 2 və 3-cü müddəalarını nəzərdə tutur. Bu sxem bizə
bəşəriyyətin yazı dilindən başlamış müasir sivilizasiyaya qədərki inkişaf prosesini bir daha xatırladır.
Fəlsəfi-antropoloji nöqteyi-nəzərə görə insanın əl əməyi və zehninin əməyi ilə yaradılan qeyri-bioloji
mexanizmlərinin sistemi «mədəni təbəqə», «ikinci təbiət» kimi dərk edilməlidir.
Mədəniyyət və təbiət arasındakı qırılmaz vəhdətin şərhi görkəmli rus təbiətşünası V.İ.Vernadskiyə (1863-
1945) aiddir. Alimin ən böyük nailiyyəti ondan ibarət idi ki, o, dünyanı həm təbiətşünaslıq, həm də hümanitar
elmlərin vəhdəti əsasında şərh edir. Bununla o, kulturologiyanı hərtərəfli elm kimi izah etməyə çalışaraq insanın
taleyini təbiət və kosmosla vəhdətdə təsvir edir.
Müasir kulturologiya üçün onun gətirdiyi yenilik noosfer (yunanca – «noos» – zəka, əql, «sfera» – kürə)
haqqındakı təlimdir. «Noosfer» termini ilk dəfə elmə fransız alimləri E.Lerua və P.Teyar de Şarden tərəfindən
gətirildiyinə baxmayaraq Vernadski onun təlimini yaratmışdır. Belə ki, o, noosferi əqlin kürəsi adlandırmaqla
biosferin davamı və ali forması kimi izah edir. Əslində Vernadski dünyəvi mənəvi və maddi mədəniyyətdən
söhbət açır. O maddi və mənəvi mədəniyyət ki, bitki və canlı aləmdən milyon illər ərzində törənmişdir.
Vernadski belə bir fərziyyə irəli sürdü ki, canlı varlıqların biokimyəvi və digər enerjiləri ilə yanaşı, insanın
təşəkkülü, psixoloji fəaliyyəti, əqli və zəkası nəticəsində yeni bir enerji növünün əsası qoyuldu, bu da planetin
yeni görkəminin formalaşmasında başlıca amilə çevrildi.
Bu cəhətinə görə, Vernadskinin ideyaları fransız alimi və ilahiyyatçısı P.T. de Şardenin (1881-1955)
ideyaları ilə üst-üstə düşür. Yeganə fərq Şardenin təliminin, materialist əsaslara deyil, dini zəminə söykənməsi
idi. Planet və insanın qeyri-üzvü və üzvi inkişafının mərhələlərinin dərin bilicisi olan Şarden «xristianlıq
təkamülü»nün banisi oldu. Bu təkamülün əsasını dünyanın yaradıcısı olan Allah ideyasında Yerin və həyatın
mövcudiyyətində elmi əsasların vəhdət götürülməsi təşkil edir. Bir-birinə zidd olan «materializm», «idealizm»
cəbhələri Şarden tərəfindən qəbuledilməzdir.
Şarden «İlahi aləm», «İnsan fenomeni» adlı əsərlərində Vernadski kimi noosfer anlayışı aktında Yer
üzünün «düşünən» ideal təbəqəsini başa düşür. Noosferin yaradıcısı yeganə düşünən varlıq olan insandır.
Şardenə görə, Yer özünün təkamülündə dörd mühüm mərhələni keçmişdir: həyatdan əvvəlki dövr («litosfer»),
həyat («biosfer»), düşüncə («noosfer») və nəhayət, fövqəlhəyat (ilahi aləm). Sonuncu mərhələ insanın Allahla
vəhdətini, birləşməsini əhatə edir.
Fəaliyyətini mədəniyyətin mühüm problemlərindən birinə həsr edən fəlsəfi, kulturologji məktəblərdən biri
də Roma klubu idi. Bu fəlsəfi məktəbin öyrəndiyi qlobal problemlər təkcə ayrıca bir xalqa aid deyil, bütün
bəşəriyyəti narahat edən həyati problemlərin toplusudur. Bu mənada elmdə yeni formalaşan «qlobalistika»
sahəsinin nümayəndələri bəşəriyyətin adından çıxış edirlər. A.Peççeyin «İnsani keyfiyyətlər» adlı kitabında
«Yeni humanizm»ə keçid üçün üç mühüm müddəanın zəruriliyi vacib hesab edilir: ayrıca ölkə və xalqın nüfuz-
danxaric bütün bəşəriyyətə məxsusluğunun hiss edilməsi və ya dərki; «suverenlik» və eqoist maraqlardan
qismən kənarlaşmaq; ziddiyyətlərin həll edilməsində zorakılıqdan qəti əl çəkmək».
Qlobal problemlər digər elmlərlə (sosiologiya, demoqrafiya, iqtisadiyyat, psixologiya və s.) sıx əlaqə
saxlamalı, həm də kulturologiya tərəfindən öyrənilməlidir. Gələcəkdə ümumiyyətlə, «qlobalistika» müxtəlif bi-
lik sahələrinin nüfuzlu istiqamətlərindən birinə çevriləcəkdir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
16
Təsərrüfat fəaliyyətinin vüsətli beynəlmiləlləşməsi nəticəsində qlobal problemlər planetar xarakter kəsb
etməklə insanların, ümumi bəlaya qarşı birləşməsinə səbəb oldu. Şişirdilmədən qeyd etmək lazımdır ki, qlobal
problemlərin təşəkkülü və güclənməsinə siyasət və mədəniyyətdə sinfi və milli stereotiplər güclü zərbə vursa da,
digər tərəfdən dünyanın hərbi düşərgələrə bölünməsi üzrə fikirlərin aradan qaldırılmasına əhəmiyyətli şəkildə
təsir göstərir. Bu məqamda humanist mədəniyyətin rolu durmadan artır.
Elmi ədəbiyyatlarda qlobal problemlərin sonuncu «siyahısı» yoxdur: onların kəmiyyət və xarakteri
müəlliflərin müxtəlif fikir və fərziyyələri ilə ölçülür. Belə ki, əgər Roma klubu qlobal problemlərin insanın ətraf
aləmə, dünyaya güclü müdaxiləsi nəticəsində formalaşması ideyasını irəli sürürdüsə, marksist nəzəriyyələr bunu
kapitalist istehsalının kortəbiliyində, burjua ictimai inkişafının anarxiyasında, mənfəətə görə rütbələrin
artımında, müstəmləkələrin soyğuçuluğunda və digər bu kimi hadisələrdə görürdülər. Başqa sözlə deyilsə, bir
konsepsiya elmi-texniki tərəqqini, digər konsepsiya isə kapitalizmin çürüməsində yaranan qlobal problemlərin
mənbəyini qəbul edir.
Müxtəlif müəlliflərin həmin «siyahı»ya münasibəti müxtəlifdir. Tariximizin sovet dövrünü əhatə edən
ədəbiyyatlarda dünyanı iki qütbə – Qərb və Şərqə bölmək əsas səbəb idisə, indi təbiətin çirklənməsi və
korlanması, enerjinin ənənəvi mənbələrinin dükənməsi, «demoqrafik partlayış» və s. qlobal problemlər kimi
aktuallıq təşkil edir.
Mədəniyyətlə bağlı qlobal problemlər içərisində müasir insanın onu əhatə edən aləmdən, mühitdən
kənarlaşması, uzaqlaşması üstünlük təşkil edir.
Məlum olduğu kimi, «kənarlaşma, yadlaşma» mənəvi mənada ilk dəfə Hegel tərəfindən təhlil edilmişdir.
Bu anlayış altında o, daxili pozğunluğu, ayrılmanı, mənəvi «dezinteqrasiya»nı başa düşürdü. Marks da insanın
konkret ictimai-iqtisadi formalarda kənarlaşması problemini təhlil etmişdir.
Mənəviyyat, mənəvi ruh aləmində kənarlaşma, yadlaşmanın əsas simptomu hamıya tanış olan kütləvi
mədəniyyətdir. Kütləvi mədəniyyət narkotik kimi insanların, kütlələrin öz keçmişini yaddan çıxarması,
unutmasını təmin etməklə, cəmiyyət və təbiət qarşısındakı məsuliyyətin unudulmasına şərait yaradır.
Qlobal problemlərin öyrənilməsi prosesində «ekologiya» anlayışına tez-tez rast gəlmək mümükündür.
Belə ki, ekoloji amillərin təsirinin qeydi və nəzərə alınması olmadan müasir sivilizasiya ölümə məhkumdur. Ona
görə də, bu anlayışın izahına ehtiyacın olması, ilk növbədə, onun mədəni proseslərlə birbaşa əlaqəsindən irəli
gəlir.
«Ekologiya» anlayışı qədim yunan dilindən «oikos» - ev, vətən sözündən əmələ gələrək sonralar
insanların onu əhatə edən təbiət, təbii aləmə münasibətlərini tədqiq edən elm sahələrindən biri kimi dərk olunur.
Ekologiya problemlərinin öyrənilməsində iki qarşılıqlı proses: bir tərəfdən maddi mədəniyyət yaradan insanların
istehsalat fəaliyyətinin təbiətə təsiri; digər tərəfdən isə təbiətin, təbii mühitin sağlamlığı, populyasiyası, geno-
fonda əkstəsiri öyrənilir. Bütün bunlar bioloji və fizioloji əlaqələrin sintezinə gətirir. Lakin insan heyvandan
fərqli olaraq maddi- fizioloji ölçüdə uzun müddət mövcud olmur. Bu çərçivədən kənara çıxan insan, xalis insani
mühit kimi məhz noosferi yaratdı. Beləliklə, insan yeganə varlıqdır ki, iki «doğma evə» sahibdir: bunlardan bi-
rincisi təbiət; ikincisi isə, onun özünün yaratdığı mənəvi, mədəni dəyərlər aləmi. Ona görə də, son dövrlərdə
«ekologiya» anlayışı, həm təbiətə, həm də insanın «ruhu»na aid edilərək «mənəviyyatın ekologiyası»,
«mədəniyyətin ekologiyası», anlayışlarını yaradıb.
«Bioloji» ekologiya ilə mədəniyyətin ekologiyası arasındakı fərqin müəyyən edilməsinə ilk dəfə
D.S.Lixaçov cəhd göstərərk burada yaddaşın, mənəvi varisliyin, keçmişlə əlaqədəki rolunu, əhəmiyyətini daha
qabarıq şəkildə izah etmişdir. İnsan ömrünün uzadılmasında təkcə təbii ekologiya deyil, insanın tarixən yaratdığı
mənəviyyat, mədəniyyətin ekologiyasının da qorunmasına böyük ehtiyac var. Mədəni aləmin qorunması – təbiətin
qorunması qədər vacib və zəruridir. Əgər təbiət insanın bioloji varlığı, mövcudluğu üçün zəruridirsə, mədəni aləm
onun «ruhi oturaq»lığı yaşaması üçün vacibdir. Yeni bilik sahəsi kimi, mənəviyyatın ekologiyasının öyrənilməsi,
tədqiqi və genişləndirilməsi müasir kulturologiyanın əsas tədqiqat predmetlərindən birini təşkil edir.
1.6. Maddi və mənəvi mədəniyyət
Bütöv bir sistem kimi mədəniyyət iki formada anlanılır: maddi mədəniyyət və mənəvi mədəniyyət.
Mədəniyyətin bu iki formaya bölünməsi iki mühüm istehsal – maddi və mənəvi istehsalın mövcudluğuna uyğ-
undur. Maddi mədəniyyət insanın maddi-istehsal fəaliyyətinin bütün sahələrini əhatə edir. Buraya əmək
vasitələri, yaşayış və gündəlik məişət əşyaları, geyim, nəqliyyat vasitələri və s. aiddir.
Mənəvi mədəniyyətə isə, mənəvi istehsal sahəsi və onun nəticələri, məhsulları aid edilir. Buraya şüurun
bütün sahələri – elm, mənəviyyat, tərbiyə v maarif, hüquq, fəlsəfə, incəsənət, ədəbiyyat, folklor, din və s. aiddir.
Həmçinin buraya insanların bir-birilə əlaqəsi, münasibətləri, insanın özünə, təbiətə olan münasibəti də şamil
edilir ki, bu da maddi və mənəvi fəaliyyət prosesində məhsulların istehsalını təmin edir. Qeyd etmək lazımdır ki,
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
17
mədəni fəaliyyətin iki növü – yaradıcı və reproduktiv növü mövcuddur: birincisi, yeni mədəni dəyərlər
hazırlayırsa, ikincisi onları yenidən hazırlayaraq tirajını artırır. Bəzən bu cür fəaliyyət başqasının əqli, hissləri
ilə yaradılan sərvətlərin mexaniki təkrarlanmasına yönəldilir. Bəzən və çox hallarda səhvən bunu da mənəvi is-
tehsala aid edirlər. Əslində, bu düzgün deyil, məhz bu amilə görə tarixin və ya ayrı-ayrı ölkələrin dövr və ya
mərhələlərin mədəni səviyyəsinin müqayisəsini elmi və ya bədii məhsulların kəmiyyət meyarları ilə deyil, milli
özünəməxsusluq və keyfiyyət xüsusiyyətləri ilə müəyyən edirlər. Müasir gündə digər xalqların bir çox
nailiyyətlərini özündə əxz edən və dünya sivilizasiyasına özünün «heç nə»yini təqdim edən ölkələr də az deyil!
«Kütləvi mədəniyyət» - belə bir mədəniyyətin ən qabarıq sübutudur. Bu, antimədəniyyətdir!
Mədəniyyətin maddi və mənəvi növlərə bölünməsi bəzən dəqiq və mübahisəsiz təsəvvür edilir. Lakin
məsələyə diqqətlə yanaşdıqda bir sıra sualların ortalığa çıxdığının şahidi oluruq. Məsələn, yüksək bədii məzmun
və dəyərli məişət əşyaları, memarlıq və geyim nümunələrini hara aid etməli? Və ya istehsal münasibətlərini,
əmək mədəniyyətini hansı növə aid etmək düzgün olardı – maddi mədəniyyətə, yoxsa mənəvi mədəniyyətə? Bir
çox tədqiqatçılar onu maddi mənəviyyata aid edirlər. Lakin bu məsələyə digər aspektdən yanaşmalar da vardır:
bunlardan birincisi, insan əməyi nəticəsində təbiətin yaradıcı surətdə əşyavi məhsula çevrilməsi ilə əlaqədardır.
Daha doğrusu, yaradılan maddi substansiyanın nə təbiət, nə də Allah tərəfindən deyil, məhz insan zəkası və
əməyi, fəaliyyəti ilə bağlı olması yanaşmaları da mövcuddur. Bu mənada maddi mədəniyyət aləmi mövcud ob-
yektiv dünyanın «insaniləşmiş» hissəsini, «ikinci kainatı»nı təşkil edir ki, onu həm görmək, həm ona toxunmaq,
həm də hiss etmək olur. Sonuncu halda ətirlərin rahiyyəsi qızılgülün ətrindən prinsipial cəhətdən fərqlənir, çünki
onların birincisi, insanın düşüncəsi, əqli ilə, digəri isə təbiət tərəfindən yaradılır.
Real həyatda maddi və mənəvi mədəniyyət bir-birindən ayrılmazdır. Məsələn, kitab bir tərəfdən maddi
mədəniyyət nümunəsidirsə, digər tərəfdən mənəvi mədəniyyətin tərkib hissəsidir. Çünki o, həm ideya, estetik
hiss, məzmun daşıyıcısıdır. Hətta musiqinin özü belə notlaşma prosesində maddiləşir. Başqa sözlə desək, nə
qədər primitiv olsa da, sırf maddi mədəniyyət yoxdur, onlar, həmçinin mənəvi tərəflər və məqamlarla əhatələnir.
Mədəniyyətin maddi və mənəvi başlanğıcları haqqında marksist formulada çox aydın şərh verilir: «Kütlələr
tərəfindən mənimsənilən ideyalar maddi gücə çevrilir».
Belə bir məqamda sual ortalığa çıxır: bəşəriyyətin müxtəlif inkişaf mərhələlərində bu vəhdət özünü necə
büruzə verir? Suala cavab yekdildir: cəmiyyətin inkişafı, demoqrafiyası, texniki imkanların yüksəlməsi,
mədəniyyət məhsullarının zaman və məkan çərçivəsində ötürülməsi imkanlarının genişləndirilməsi bu prosesin
baş verməsinin başlıca amilləridir.
1.7. Mədəniyyətin funksiyaları
Geniş mənada mədəniyyət, yəni onun hər iki təzahür formaları – maddi və mənəvi mədəniyyət məkan və
zaman çərçivəsində insanları birləşdirərək dünyanın təkmilləşdirilməsinə doğru yönəldilir. Bu mənada
mədəniyyətin ən vacid vəzifəsini insanları vahid bəşəriyyət timsalında birləşdirərək konkret ictimai
funksiyaların reallaşdırılmasını təmin etmək təşkil edirdi. Tarixi inkişaf prosesində mədəniyyətin bir sıra
funksiyaları formalaşmışdır: ətraf aləmə uyğunlaşma funksiyası; dərketmə funksiyası, informativ funksiya,
kommunikativ funksiya, requlyativ funksiya, insan qruplarının inteqrasiyası funksiyası, sosiallaşma funksiyası.
Bu funksiyaların hər birinin qısa şərhə ehtiyacı olduğundan onların hər biri üzərində dayanaq.
Mühitə uyğunlaşma funksiyası – ən qədim funksiyalardan hesab edilərək iki mühüm şəraiti – təbii
(təbiət) və sosial şəraitə uyğunlaşmanı nəzərdə tutur. Əgər ən qədim əcdadlarımız üçün heyvan dərisi, od
mədəniyyətin qədim, ilkin nümunələri hesab edilirdisə, müasirlərimiz üçün bunu kosmik libaslar, məsələn, ska-
fandr və ya dərin su üçün nəzərdə tutulan batiskado əvəz edir. Bütün bunlar son məqamda insanın təbiətə,
mühitə uyğunlaşması funksiyasını yerinə yetirir. Lakin qeyd edildiyi kimi, insan təkcə təbiətin deyil, həm də
cəmiyyətin üzvüdür. Burada isə, mədəniyyət çərçivəsində uyğunlaşma vasitələri hazırlanır: dövlət qərar və
strukturlarından başlamış müdafiə və hücuma hazırlıq alətlərinin mövcudluğuna qədər – hər şey insanın mənafe
və uyğunlaşmasına aid edilir. cəmiyyətdə uyğunlaşmanın mütləqləşdirilməsi «sosial darvinizm» doktrinasının
əsasını qoymuşdur.
Dərketmə (qnoseoloji) funksiyası öz təzahürünü elmdə, elmi axtarışlarda tapır. Bu özünü müasir elmi-
texniki tərəqqidə daha qabarıq təzahür etdirir. Bu funksiya ikili istiqamətə malikdir: bir tərəfdən, biliklərin
sistemləşdirilməsi, təbiət və cəmiyyətin inkişaf qanunlarının açılmasına yönəldilibsə, digər tərəfdən, insanın
özü-özünü dərketməsinə yönəldilir. Göründüyü kimi, birinci istiqamət ikincisini daha da üstələyib. İnsan öz
qəlbi və ruhunun kəşfindən çox, dünya və cəmiyyətin qanunlarını, onu əhatə edən aləmin sirlərini kəşf edə
bilmişdir.
Özümüz haqqında bir çox şeyləri bilmirik: məsələn, ekstrasenslərin müəmmalı xüsusiyyətləri; cadugərlik
və magiyanın mövcudluq sirləri, telepatiya hadisəsinin izah edilə bilməməsi, telekinez (məsafə çərçivəsində
fikirlərin ötürülməsi), gələcəyi görə bilməyi və digər insan potensiyasının açılmamış sirləri hələ bizlər üçün ma-
raq doğurur. Bütün bunlar bir neçə illər məkanımızda dilə gətirilməyən problemlər olmuşdur. İnsanın özündə
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
18
möcüzə gizlətmədiyi həmişə təlqin olmuşdur. Lakin, əslində insan öz sirli daxili aləmi ilə maraq dairəsindədir.
Əgər elə olmasaydı insan əsərləri ilə dünya sivilizasiyasına möhtəşəm sənət nümunələri bəxş etməzdi.
İnformativ funksiya – tarixi varisliyin və sosial təcrübənin ötürülməsinə xidmət edir. Bəşəriyyətin
mədəniyyətdən başqa mənəvi sərvətləri ötürən və geniş yayan digər bir sahəsi yoxdur. Mədəniyyət nə genetik,
nə də bioloji yolla ötürülür. Mədəniyyət öz təbiətinə görə tarixi mahiyyət kəsb edir. Onun bu günü keçmişə
əsaslanaraq gələcəyi formalaşdırır. Məhz mədəniyyətin köməkliyi ilə sosial təcrübə bir nəsildən digərinə
ötürülür. Əgər söhbət ayrıca tarixi dövr və mərhələdən gedirsə onda mədəniyyət vasitəsilə informasiya hər hansı
bir ölkədən digərinə, bir xalqdan başqasına çatdırılır. Məhz bu xüsusiyyətinə görə mədəniyyəti bəşəriyyətin
«qeyri-genetik yaddaş»ı adlandırmaq olar.
İnformasiyanın məkan və zaman çərçivəsində ötürülməsi kanalı təkcə mənəvi mədəniyyətlə deyil, həm də
maddi mədəniyyətlə izah edilir.
Kommunikativ funksiya – bilavasitə informativ funksiya ilə qarşılıqlı əlaqədədir. İnsanın bütün fəaliyyət
istiqamətlərini (istehsal, ideoloji, siyasi, dini və s.) söz müşayiət edir. Dilin özü mədəniyyətin məhsulu olub,
insanlar arasında hərtərəfli münasibətlər yaradaraq, həm də bu və ya digər mədəniyyətin vasitəçisi rolunu
oynayır. Ünsiyyət prosesi həm incəsənətin spesifik dili ilə (musiqi, rəqs, kino, teatr və s), həm də elmin dili ilə
(riyazi rəmzlər, kimyəvi formullar və s.) həyata keçirilir. Əgər tarixin müxtəlif çağlarında ünsiyyət vasitəsi kimi
nəsildən-nəslə, insandan-insana şifahi, qrafik formada işarə sistemləri ötürülürdüsə, müasir dövrdə yeni
nəqliyyat vasitələrinin, texnika, kütləvi informasiya vasitələrinin (mətbuat, radio, televiziya, kino, audio və vid-
eo yazılar, internet) inkişafı nəticəsində informasiyaların ötürülməsində yüksək irəliləyişlər əldə edilmişdir.
Texniki vasitələr bir tərəfdən ünsiyyəti genişləndirirsə, digər tərəfdən onu mərükkəbləşdirir, çətinləşdirir. Bu, ilk
növbədə insanların maddi və ya mənəvi dəyərlərlə canlı ünsiyyətin qurulması şəraiti ilə izah edilir. Məsələn,
muzey əşyası ilə tanış olmaq üçün tamaşaçının ekspozisiya zalına getməsi o qədər də vacib deyil. Ona tamaşaçı
həm televiziya, həm də video çəkilişi ilə tamaşa edə bilər. Musiqiyə qulaq asmaq üçün konsert və ya filarmo-
niyaya getmək vacib deyil, ona maqnitofon və ya kasetlərdə qulaq asmaq mümkündür.
Beləliklə, kommunikativ imkanların genişlənməsi mədəniyyətlərin milli xüsusiyyətlərinin kölgədə
qalması və vahid ümumbəşəri sivilizasiyanın formalaşmasının təminatçısıdır.
Requlyativ (və ya normativ) funksiya – bu cəmiyyətin bütün insanlara tələb və normalar sistemi ilə
yanaşılmaısnı bildirir. Yəni insanların bütün fəaliyyət sahələrində – əmək, məişət, qruplararası münasibətlərdə
və s. cəmiyyət insanlar üzərində bir sıra tələb və normalar qoyur ki, bu da çox vaxt mədəniyyətlə tənzimlənir.
Mədəniyyətin köməkliyi ilə insan və ya insan qruplarının davranışı cəmiyyətin onların üzərinə qoyduğu norma
və prinsiplərə uyğunlaşdırılır. Bu funksiya əxlaq və hüquq kimi normativ sistemlərlə möhkəmləndirilir.
Beləliklə, mədəniyyət insanın gündəlik fəaliyyətini də tənzimləyir. Mədəniyyətin requlyativ funksiyası
əxlaqın müxtəlif sahələri nəticəsində həyata keçirilir: bunlardan ən aliləri əxlaqi, mənəvi dəyərlərdir. Bunlar da,
yəni əxlaqi dəyərlər tarixin gedişində dəyişərək xalqdan-xalqa ötürülür. Dünya inkişaf etdikcə əxlaq normaları
qarşılıqlı zənginləşir və daha da ümumbəşəri əhəmiyyət kəsb etməyə başlayır. Yəni insanlar indi daha aydın
surətdə dərk etməyə başlamışlar ki, hamı bir gəminin sərnişinləri olub, baş verən neqativ hadisələrə qarşı
mübarizə apara bilirlər. Əxlaq normalarının əsas tənzimləyicisi kimi, hələ ən qədimlərdən kilsə,
müsəlmançılığın tarixindən başlayaraq isə, islam, Qurani-Kərim, məscidlər olmuşdur. Bunların hər birindəki
müddəa və göstəricilər ümumbəşəri xarakter kəsb edirdi.
Mədəniyyətin requlyativ funksiyasını ifadə edən əsas səviyyələrdən birini də, yuxarıda qeyd olunduğu
kimi, hüquq normaları təşkil edir. Əgər əxlaq normaları özünü dini mətn və sənədlərdə, ədəbiyyatlarda təzahür
etdirirsə, hüquq normaları konstitusiya və qanunlarda təsbit olunur. Bu cəhətinə görə, həmin normalar təkcə
əxlaqi, mənəvi mahiyyət deyil, həm də hüquqi əhəmiyyət və məzmun kəsb edir. Ona görə də, müxtəlif xalqların
hüquq normalarındakı fərq əxlaqi normalardakı dərslərdən xeyli müqayisə olunacaq səviyyə kəsb edir ki, bu da
ilk növbədə, hər bir millətin, xalqın konkret tarixi, temperamenti ilə izah olunur.
Mədəniyyətin normativ tərəfini əks etdirən digər səviyyələrdən birini də adət və ənənələr təşkil edir. Adət
həyatın müxtəlif sahələrində və şəraitində nəsildən-nəslə ötürülən normaların möhkəm və davamlı davranış siste-
midir. Müəyyən nümunəvi forma kəsb edərək adətlər daha davamlı və konservativ xarakterə malik olub, əsrlərdən
əsrlərə ötürülür. Mərasim və ənənələr isə daha çox dini məzmun kəsb edir. Bu, dindarların kilsə, məscid və ya
digər xüsusi ayinlərin kollektiv şəkildə simvolik fəaliyyətləridir.
Bütün bunlarla yanaşı, mədəniyyətin requlyativ funksiyası məişətdə, təbiətdə, digər insanlarla
münasibətlərdə öz normalarını müəyyənləşdirir.
Aksioloji (qiymətləndirici) funksiya – mədəniyyətin bu funksiyası insanların hələ Sokrat tərəfindən
verilmiş «xeyir nədədir?» sualının cavabının tapılmasında təzahür edir. Bəşər tarixində bütün zəka sahibləri bizi
əhatə edən «faydalı» və «zərərli» olanların təsnifatının verilməsinə çalışmışlar. Praktiki fəaliyyət prosesində
insan intellekti vasitəsilə dəyərlərin təsnifatı verilmiş və qiymətləndirilmişdir. Təcrübə zənginləşdikcə bir çox
dəyərlər nəzərdən keçirilmiş, bəziləri sıradan çıxmış, yeniləri meydana gəlmişdir. Müxtəlif xalqlarda «xeyir»,
«şər» anlayışları özünü müxtəlif dəyərlərdə təzahür etdirdi. Lakin bütün bunlara baxmayaraq insan bütün za-
manlarda nəyin xeyirli və zərərli olduğunu həmişə anlamışdır.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
19
İnsan qruplarının inteqrasiyası funksiyası, dünyəvi, bəşəri sivilizasiyaların zənginliyinin yaradılmasına
xidmət edən milli mədəniyyətlərin qarşılıqlı zənginləşməyə xidmətini nəzərdə tutur. Mədəniyyət millətlərin
differensiasiyasının mühüm amili olmaqla yanaşı, həm də insan qruplarının birləşməsi, zənginləşməsi meyarı
kimi də çıxış edir. Millətlərarası mübadilə prosesi inkarı – inkar kimi dialektik qanunun müddəalarına uyğun
müxtəlif tarixi dövr və mərhələlərin, xalq və millətlərin qarşılıqlı əlaqəsini yaratmaqla, onların «simfonik»
vəhdətini formalaşdırır. Dediklərimizin ən mühüm sübutlarından biri müasir mədəniyyətin nəhəng elmi-texniki
tərəqqisinin təzahürüdür.
Dostları ilə paylaş: |