Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)


 Qurani-Kərim: strukturu və



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə27/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   51

2.3.5. Qurani-Kərim: strukturu və  
mədəniyyətdə önəmi 
 
Bizim eranın VII yüzilində Ərəb yarımadasında İslam insanlara bəlli olmaq, onların ürəklərinə yol tapmaq 
üçün mədəniyyətin verdiyi bir çox vasitələrdən istifadə etmişdi.  Əgər din kültürün verdiyi bütün dillərdə 
danışırsa, yəni həm verbal tekstlərdə (sözlərdə), həm sənət dilində, həm jestlər, oturuşlar-duruşlar dilində 
danışırsa, bütün bunlar həmin dinin gəlişmiş, açılışmış olmasına tanıq (şəhadət) verir. Adətən, dinlər uzun za-
man boyunca mədəniyyətin dürlü formalarına, vasitələrinə sirayət etməyə macal tapırlar. Adətən, dinlərə xeyli 
vaxt gərək olur ki, onlar bütün mədəniyyəti özlərinə informasiya kanalı edə bilsinlər. Bu baxımdan  İslamın 
uğurları xeyli unikaldır. O, gözlənilməz yeyinlikdə  təkcə  ərəb mədəniyyətinə yox, bir çox Doğu (Şərq) 
mədəniyyətlərinə yayılaraq onların dilində öz gerçəklərini bəyan etməyə başladı. Ancaq bu yayılmanın başında 
610-cu ilin Ramazan ayında Qurani-Kərimin (yəni Sayğılı Quranın) ilk nazil olan (yəni göydən enən) surəsi du-
rur.  
Məsələ isə belə baş verdi: Xir dağında dərin ibadət düşüncələrinə  və duyğularına dalan 39-40 yaşlı 
Məhəmməd peyğəmbərin gözünə birdən-birə  mələk göründü və o, buyurdu: - «Oxu!» (ərəbcə: -«Ekra!»). 
Peyğəmbər qayıtdı ki, oxuya bilmirəm.  
Beləcə, bu buyuruq və bu cavab iki dəfə təkrarlandı. Üçüncü dəfə isə peyğəmbər dedi, nəyi oxuyum?  
O zaman Mələk Qurani-Kərimdəki «Alaq» (bu ərəb sözünün ilkin anlamı qan laxtasıdır, ancaq həm də 
embrion mənasını verir) adlı 96-cı surənin 1-5-ci ayələrini oxudu:  
 
Yaradan Rəbbin adıyla oxu. O, insanı laxtadan yaratdı. Oxu, Rəbbin ən böyük kərəm (sayğı) yiyəsidir, O, 
insana sözləri (yazını) öyrətdi. İnsana bilmədiyini öyrətdi.  
 
Bu ayələrin bir yozumundan belə çıxır ki, Məhəmməd peyğəmbər savadsız idi və deməli, möcüzə odur ki, 
ona nazil olan Allah sözlərindən sonra savadlı oldu.  
Başqa yozuma görə Quranın Allahdan enməsinin bir sübutu da odur ki, yazını bilməyən bir kəs belə bir teks-
ti yarada bilməzdi.  
İlk nazil olmuş ayələrlə bağlı bir incəlik də var. «Əl-Quran» sözü bizim də işlətdiyimiz «qiraət» sözü ilə 
bağlıdır. Qiraət etmək yazını  bərkdən oxumaqdır.  Əski çağlarda sözlə onun yazısı, səslə onu bildirən hərf o 
qədər sıx bağlı idi ki, biri deyiləndə o birisi də  ağıla gəlirdi. Peyğəmbərin gözünə görünən, sonralar cəbrayıl 
olduğu bilinən mələk peyğəmbərin «nəyi oxuym» sualının cavabında, belə görünür ki, ona yazı göstərmir ki, 
bunu oxu. cəbrayıl özü ayələri ucadan oxuyur və güman ki, bu zaman ayələr yazı biçimində gözünün qabağına 
gəlir. Məhəmməd peyğəmbərə də cəbrayılın oxuduqlarının yazıda görünməsi bəlli deyil, ancaq hər halda həmin 
ayələr müsəlmanlara anlatdı ki, Qurani-Kərim yazılmalıdır və yazıdan oxunmalıdır. 
Adını çəkdiyimiz mələklə bağlı əlavə edək ki, Məhəmməd peyğəmbərə Quranı çatdıran cəbrayıl həm də 
«Müqəddəs Ruh» adlandırılır. Maraqlıdır ki, Bibliyanın yəhudilərə aid olan kəsimində Müqəddəs Ruhla bağlı 
hansısa olaylar var (məsələn, Yaqub peyğəmbərlə Müqəddəs Ruh özü güləşir), hərçənd yalnız Xristianlıqda bu 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
204
ruh tam olaraq ilahiləşir və  İisus Xristosla yanaşı Tanrının bilinmələrindən biri olur. Ona görə  də Pravoslav 
ikonalarında «Müqəddəs Üçlük» mövzusunda çəkilən şəkillərdə Tanrı üç cür, - Ata Tanrı kimi, Oğul Tanrı kimi 
(İisus) və Müqəddəs Ruh kimi görünür). 
Hesab olunur ki, Quran Məhəmməd peyğəmbərə 610-632-ci illər arasında verilib. Onların yazılması, 
toplanması  və kitab halına salınması isə uzun illər çəkib.  İlk öncə peyğəmbər ona açıqlanan Quran sözlərinə 
şübhə edib və vəhyi, yəni ekstaz durumunda eşitdiyi ayələr haqqında arvadı Xədicədən başqa heç kimə heç nə 
deməyib. Sonralar ona açılanları əmisi oğlu Əliyə, köləlikdən azad etdiyi Zeydə və ürək dostu Əbu Bəkirə bildi-
rib. Hər üçü peyğəmbərə inanıblar və beləliklə, ilk müsəlmanlardan, yəni bir olan Allaha özlərini təslim 
edənlərdən olublar. 
İslamın (ərəbcə, boyun əymə, yəni Allaha itaət etmə deməkdir) özülü olan Quranın tekst kimi ilginc 
özəllikləri var. Müsəlmanlar ona «Ümm əl Kitab», yəni Kitabların anası deyirlər. Müsəlman mədəniyyətində əl-
Quran, sözün əsl mənasında, kitablar kitabı funksiyasını yerinə yetirərək bütün başqa tekstlər üçün başlanğıc 
rolunu oynamışdır. Məsələn,  ədəb janrında olan yazılarda Qurandan ayələr başlıca arqumentlər, başlıca 
açıqlamalar işini görürdülər. Filosofların diskussiyasında aydın olurdu ki, əsas fəlsəfi ideyalar başqa sözlərlə 
Quranda deyilib. Şəriətdən aydın olurdu ki, bütün başlıca qanunların kökü Qurandadır. 
Tekst kimi Quranın ilginc, maraqlı özəlliklərindən söhbətimizi irəlilətmək üçün onun strukturu haqqında 
bəzi bilgiləri çatdıraq. İslamın müqəddəs, Qutsal Kitabında 114 surə var (hərçənd şiələrin çoxu hesab edir ki, 
əslində 116 surə olmalıdır). Surə  sıra, eləcə  də  fəsil deməkdir. Hər surə isə ayələrdən düzlənir. Ayələr 
surələrdəki cümlələrdir, hərçənd anlamına görə «ayə» işarə və ya möcüzə də deməkdir. Quranda ayələrin sayı 
əski nüsxələrdə 6 204 ilə 6 236 arasında dəyişir. İndi çapla yayılan nüsxələrdə isə ayələrin sayı 6 226 və 6 238 
arasındadır. 
Qurani-Kərimdə  ən böyük surə 2-ci gələn «Bəqərə» surəsidir, onun 286 ayəsi var. 103, 108, 110-cu 
surələrdə isə vur-tut 3 ayə var. Kitabın axırına getdikcə  bəzi sapıntılarla surələrin uzunluğu qısalır. Hərçənd 
Kitabı açan 1-ci surə «əl-Fatihə» (kitabı açan anlamını verir) çox qısadır. 
Bu düzümün sirri nədədir? Ondadır ki, bir yandan, Quranda surələr sanki aydın qoyulmuş bir prinsiplə, 
yəni surələrin uzunluğunun azalması prinsipi ilə  sıralanırlar. Bəs elədirsə, o zaman nədən «əl-Fatihə» birinci 
gəlir? Onu da deyək ki, «fatihə» bu surənin sayəsində adi sözdən müsəlman mədəniyyəti üçün önəmli simvola 
çevrilərək həm sultan İİ Mehmetin «fateh» ayamasına (ləqəbinə) keçmiş, həm də bütün başlamalara «açılma» 
anlamını artırmışdı. 
Quranın 29 surəsinin başında gələn hərf simvolları  və surələrin adları Qutsal Kitabın başqa 
gizlilərindəndir. 2-ci surənin adı «Bəqərə», yəni «İnək»dir, şifri isə əlif, lam, mimdir. Bəzi yozumlara görə bu 
hərflər Allahla peyğəmbər arasında olan gizli nişandır, başqa yozum da var ki, Quranın müqəddəsliyinə şübhə 
ilə yanaşanların arasında yayılıb. Belələri sübut etməyə çalışırlar ki, ilkində  həmin işarələrdən Quran üçün 
surələri toplayanlar istifadə etsinlər ki, «materialları nişanlasınlar». Ancaq belə idisə, nədən Quranın surələri 
toplanandan sonra həmin hərflər saxlanmışdı? Yəni toplayanlar elə dahi idilər ki, bu hərf simvollarının sonrakı 
yüzillərdə necə bir gözəl, heyranedici simvollara çevriləcəyini bilirdilər?!  
O ki qaldı «Bəqərə» sözünün surə adına çevrilməsinə, maraqlısı odur ki, inək haqqında surənin vur-tut 67-
71-ci ayələrində söhbət gedir. Bu ayələr geniş bir olayı sxematik yada salırlar. Olay isə Musa peyğəmbərlə 
bağlıdır. Ona inanmayan yəhudilər tələb edirlər ki, xırdalığınacan qurbanlıq inəyin necə olmasını danış. Beləcə, 
yəhudilər Musa peyğəmbərə inanmamaq, onun ardınca getməmək üçün bəhanələr tapmaq istəyirlər və bu
Allahı qəzəbləndirir.  
Surə ilə bağlı maraqlı olan odur ki, bu olay heç də surənin ana xəttini  əmələ  gətirmir. Bəs onda nədən 
«İnək» sözü fəslin adına çevrilib? Eyni sorunu «Yasin», yəni «ya» və «sin» hərfləri ilə adlanmış 36-cı surəyə, 
«Rum» adlanan 30-cu surəyə, «Sad» (hərfin adıdır) adlanan 38-ci surəyə də aid etmək olar. 
Bu sorulara cavabda bəziləri hesab edirlər ki, Quran surələrinə adlar necə gəldi seçilib, ya da surədəki na-
dir söz ada çevrilib. 
Biz belə yozumu güclü saya bilmirik. Düşüncəmizə görə Quranın İlahi qaynaqdan gəlməsi ideyasını bizə 
sezdirən onun tekst kimi bəzi təsirli özəllikləridir. Həmin özəlliklərdən birini dedik: əl-Quran qaydalarla surələri 
düzmək prinsipinə söykənir və bu söykənişdə böyük ardıcıllıq göstərir. Ancaq elə bu ardıcıllığa baxmayaraq 
nədənsə, açıqlamasız, izahatsız-filansız, - sirr də bundan yaranır, - məsələn, «əl-Fatihə» surəsini qısalığına bax-
mayaraq başa qoyur.  
Başqa özəlliyə baxaq. Bütün əski mədəniyyətlər tekstləri ayrı-ayrı say biçimində, taktında düzməyi 
sevmişlər. Ancaq Qurani-Kərim, birincisi, qəribə prinsip seçmişdir, uzunluğun azalması prinsipini. Qəribədir 
ona görə ki, adi bilinc (şüur) üçün daha effektli, yaxşı görünən düzüm prinsipindən nədənsə üz döndərib. Həmin 
prinsiplərdən biri ayələrin nazil olma vaxtına görə Qurana düzülməsidir. O zaman öncə daha qabaq gələn 
ayələrdən toplanmış surələr gəlməliydi. Ancaq Quranda bu ölçü yer almır və bunun sonucudur ki, indi də 
araşdırıcılar Mədinə  və  Məkkə surələrini ayırsalar da hansı surənin hansına aid olması  məsələsində dolaşığa 
düşürlər. Bu sirli tekst quruculuğunun sirri ondan daha da artır ki, bir surənin içində ayrı-ayrı çağlarda nazil 
olmuş ayələr birləşir. Məsələn, «Bəqərə» surəsində 148-152-ci ayələr surənin o biri ayələrindən cavan sayılır. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
205
Peyğəmbərə birinci nazil olmuş «Oxu» buyuruğu ilə başlayan ayələr isə adi məntiqə uyğun olaraq Quranın 
başında yox, 96-cı surəsində gələrək başqa çağlarda nazil olmuş ayələrlə birləşir.  
Göründüyü kimi, bizə ayələrin hətta enmə tarixi dəqiq bəlli olsaydı və bu tarix əsasında fəsillər (surələr) 
yaradılsaydı, o zaman Quran tamam başqa görünüş alardı, çünki, məsələn, «Bəqərə» surəsində «inək»lə bağlı 
ayələrin yanında tamam başqa ayələr olardı.  
Beləliklə, Quran teksti öz çağının və öncəki çağların başqa tekstlərinin qurulma qaydalarını davamlı inkar 
edən, bəzən o qaydalarla barışıb (məsələn, fəsillərə ad vermə qaydası), həməncə də həmin qaydalardan qırağa çıxan 
mətn kimi (məsələn, bilinmir niyə mövzuda önəmli olmayan və ya rolu bilinməyən sözlər surələrin adına çevrilir) 
dünya mədəniyyətini bilinməzliklərlə üzbəüz qoyur. 
Qurani-kərimin başqa bir çəkimli özəlliyi onun söyləm, təhkiyə quruluşundadır. Bibliyada birləşmiş 
peyğəmbər kitablarının demək olar ki, hamısında oxucunu gərginlikdə saxlayan süjetə düzülmüş olaylar var. Bu 
kitablar baş verənləri rəvayət etməklə  məşğuldurlar. Qurani-Kərimdə isə oxucuya rəvayət söyləməklə onun 
marağını tutub saxlamaq qayğısı sezilmir: İslamın Müqəddəs Kitabında olaylar ucundan-qulağından danışılır. 
Tekst sanki ona söykənir ki, oxucu olayı bilir, ona görə  də olayı  rəvayət etməyə  gərək yoxdur. Yetərlidir ki, 
olaydan bir neçə kəlmə söyləyəndən sonra İlahi buyuruqlar, tapşırıqlar, düşüncələr söylənilsin. Məsələn, «Fil» 
surəsində deyilir: 
 
Görmədinmi Rəbbin fil yiyələrinə  nə etdi? Onların qurduğu tələləri boşa çıxarmadımı? Üzərlərinə 
sürü-sürü quşlar göndərdi. Onlara palçıqdan bərkişmiş daşlar atırdı. Axırda onları (qurd tərəfindən) 
yenilmiş əkin yarpağı kimi yapdı. 
Bu ayələrin bağlı olduğu olay isə belədir: Yəməndəki Həbəşistan valisi Əbrəhə Sanada bir kilsə ucaldır və 
istəyir ki, o, camaatın axışdığı ziyarət yerinə çevrilməklə Kəbənin yerini tutsun. Kinanə qəbiləsindən bir nəfər 
gəlir və gecəykən bu kilsəni murdarlayır. Bundan qızan  Əbrəhə and içir ki, Kəbəni yerlə bir edəcək. Sözünü 
gerçəkləşdirmək üçün o, ordusunu Məkkəyə çəkir. Həbəşistan valisinin Mahmud adında fili olduğundan ona və 
adamlarına «fil yiyələri» deyirdilər. Ordu Kəbəyə yaxınlaşanda Əbabil deyilən quşlar onları Göydən daşa basa-
raq məhv edirlər.  
Göründüyü kimi, ayələrdən olayın detalları görünmür, yalnız daşlarla məhv edilmə faktı deyilir. Deməli, 
bu ayələri yaxşı anlamaq başqa qaynaqlardan hadisəni bilməyi gərəkli edir. Qurani-Kərimdə bir çox Bibliya 
olayları da bu cür ixtisarlı biçimdə, bir-neçə ştrixlə söylənilir. Əvəzində  İslamın müqəddəs Kitabında Allahın 
deyimləri, sözləri böyük yer tutur. Bibliyada ön planda olaylar durur və onların üstündə Tanrı hikməti səslənir. 
Qurani-Kərimdə isə ön planda Tanrı sözləri durur və onların arasından hansısa olayın cizgiləri sezdirilir. Beləcə, 
Bibliya insan qavrayışının «necə maraqlanmaq», «necə aludə olmaq» qanunları üstündə qurulmuş tekst kimi 
bəlli olur, Qurani-Kərim isə,  əslində, insan qavrayışının bu qanunlarını saya salmadan qurulur və buna bax-
mayaraq min illərdir güclü təsiri olan kitab kimi oxunmaqda davam edir.  
Göründüyü kimi, İslamın Müqəddəs Kitabı dünyaya tamam başqa biçimlərdə olan tekst kimi çıxıb. Bu 
biçimlərin Məhəmməd dühasının məhsulu olmasını düşünənələr olsa da qarşı  tərəfin, yəni Kitabın Allahdan 
gəlməsinə inananların arqumentləri daha güclüdür.  
İndi isə Quranın başqa tekstlərdən başqalığının yeni bir yönünə toxunaq. Bəzi çağdaş filosoflar İslamı ən 
rasional, yəni duyğulara yox, ağıla, düşüncəyə yönəlik din sayırlar. Bunun əsasında Qurani-Kərimin mətn, tekst 
kimi bir özəlliyi durur: İslamın Qutsal Kitabı möminlərlə olayların dilində yox, düşüncələrin dilində danışır. Əl-
Quran yeganə dini kitabdır ki, orada Allah-tala insanla böyük tekst biçimində və tutumunda danışır. Heç bir dini 
kitabda Tanrının sözü belə çox deyil. Heç bir dində Tanrı insana üz tutub onunla bu qədər davamlı danışmır. 
Hətta Avestanı götürsək, orada Ahura-Mazdanın özü haqqında sözləri xeyli olsa da o kitab Zərdüştlə Ahura-
Mazdanın sual-cavabı kimi qurulub, özü də tekstin müəllifi kimi Tanrı yox, Zərdüştlə Tanrının söhbətinə qulaq 
asan üçüncü kimsə çıxış edir. 
Qurani-Kərimin Ana Kitab kimi təsiri özünü onda göstərir ki, Ortaçağ müsəlman mədəniyyətinin bir çox 
tekstləri bu və ya başqa  şəkildə ondan özlərinə quruluş, düzüm alıblar. Məsələn, qəzəllərdə beytlərin süjet 
ardıcıllığında birləşməməsi, muncuqlar kimi sapa düzülməsi, güman ki, ayələrin düzümündən özlərinə arqument 
qazanmışlar. 
XX yüzildə Post-modernizm tekstlərlə bağlı yeni strukturları ortaya atmışdır. Nəticədə  bəzi post-
modernist yazarlar mətnlərdə başlanğıc, orta, son kəsimlərini inkar edirlər. Ona görə də istənilən yöndən oxunan 
tekstləri ortaya çıxarırlar. Bu strukturun ilkin örnəyini  İlahi Kitab sayılan Quran verir. Qurani-Kərim elə bir 
kitabdır ki, başlanğıc, orta, son hissələri onda formaldır, çünki bu bölgü məzmuna sirayət edərək başlanğıc, orta, 
son olaylar, düşüncələr bölgüsünü vermir. Ona görə də Qurani-Kərimi istənilən yerdən oxumaq olur. Bu axırıncı 
söylədiyimiz bir çox hallarda surələrə də aiddir. 
Çağdaş dünyamız üçün İslamın Qutsal Kitabı bir məsələdə də örnək rolunu oynayır. Bəllidir ki, İnternet 
sistemi hiper-linklər düzümündə qurulub. Saytlarda belə linklərin üstünə «klik» edəndə onlardan qapı kimi 
keçib başqa tekstlərə çıxırsan. Qurani-Kərimdə «ucundan-qulağından» verilmiş olaylar məhz hiper-link prinsi-
pini canlandırır. Bundan başqa yüzillərlə sürən təfsir işi (Quranın yozulması), bütünlükdə ona gətirib çıxarıb ki, 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
206
artıq, Quranın hər cümləsi hiper-linkə çevrilib. Ortaçağdan minlərlə kitablar var ki, Quranda ən adi görünən söz 
və deyimlərin qapağını açaraq müsəlmanları başqa tekstlərə yönəldib (hərçənd oxşar hiperlinkləşməni 
yəhudilərin Talmudu və xristianların fəlsəfəsi də yapmışdır). 
Bütün başlıca dinlərin adı o dinlə bağlı başlıca kəslərdən kiminsə adı ilə bağlıdır. Beləcə, Buddizm və 
Budda, xristianlıq və Xristos, İudaizm və İuda bağlantıları yaranıb. Bax, bu dinlərdən fərqli olaraq İslam adını 
Məhəmmədin adı ilə bağlamayıb. Hərçənd Avropada başqa dinlərə baxıban İslama da, məsələn, maqometçilik, 
Məhəmməd dini deyənlər olub. 
Sonda bir məsələyə toxunmaq istərdik. Biz bilməliyik ki, İslamın Qutsal Kitabının Müsəlman 
mədəniyyətləri tarixində ən yüksək zirvəni tutması heç də bəzilərinə göründüyü kimi, tam şəkildə kitabdanqıraq 
zorakı vasitələrin total işləməsi sonucunda baş verməmişdir. Sözsüz, müsəlmana əlini yumadan Qurana toxun-
maq yasaq ediləndə, sözsüz, əlini Qurana basıb and içənin yalanı çıxarkən ağır cəza alanda biz Kitabı zirvəyə 
qaldıran zorakı vasitələri görürük. Ancaq ta əskidən  İslam dünyasının öz plyuralizmi, düşüncə cürbəcürlüyü 
olmuşdur. Elə ona görə  də  İslama, Qurana heyran olanların çoxluğunun fonunda ayrı-ayrı intellektuallar da 
olmuşdur ki, sərt tənqidlər söyləmişlər. Məsələn, Vİİİ yüzildə yaşamış ünlü şair Bəşşər ibn Burd çağının 
tanınmış  şairlərinin  şeirlərini dinləyəndə birdən qayıdıbmış ki, onların bəziləri «Quranın istənilən surəsindən 
yaxşıdır».  Əbu-l-Atahiyyə isə (təxminən 750-825-ci illərdə yaşayıb) hesab edirdi ki, onun bəzi  şeirləri 
keyfiyyətcə Quran surələrindən üstündür. 
IX yüzildə ərəb düşünəri və ədibi İbn ər-Rəvəndi Quranın, İslamın və bütün dinlərin kəskin tənqidçisi idi. 
Onun yazdıqlarından yalnız ayrı-ayrı deyimlər qalıb. Məsələn, bu adam söyləmişdi ki, mouzəçi Aktam İbn əs-
Səyfinin Qurana baxanda daha incə nəsri var.  
Bax, belə bir mühitdə, Qurana heyranlıq Qurana şübhəyə qalib gəlmişdi. İndinin özündə isə ateistlər, İslam 
rəqibləri Qurani-Kərimdə  nə  qədər «uyğunsuzluqlar», nə  qədər «ziddiyyətlər» tapsalar da yenə  də  həm 
müsəlmanlar, həm xristianlar, həm buddistlər, həm də krişnaçılar arasından uca mənəviyyatlı, yüksək zəkalı çoxlu-
çoxlu insan Qurani-Kərimə heyranlıqlarını saxlayırlar.  
 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
207
2.3.6. Ərəb-müsəlman mədəniyyəti 
 
Orta  əsr  ərəb-müsəlman mədəniyyəti altında (V – XVI əsrlər)  ərəbləşdirilməyə  məruz qalmış xalqların – 
İran, Suriya, Fələstin, Misir və Şimali Afrikanın digər ölkələrinin mədəniyyəti nəzərdə tutulur. 
Ərəbistan  ərazisinin  əsas hissəsini düzənlik, səhralıq və yarımsəhralıqlar təşkil edirdi. Torpağın yalnız 
kiçik bir hissəsi təsərrüfatçılığa yararlı idi. Yarımadanın əhalisinin çox hissəsini köçəri – bədəvilər təşkil edirdi 
ki, bunlar da özünü mənası «zirək atlı» olan «ərəblər» adlandırırdılar. Artıq eramızın birinci əsrində ərəblər otu-
raq şəhər əhalisi kimi tanındılar. Köçərilər şəhərlilərin karvanlarını soyur və bunları özlərinin halal malları he-
sab edirdilər. İslam, məhz köçəri tayfalar arasında yaranaraq bütün Şərq dünyasına güclü təsir göstərdi. 
İslam b.e. VII əsrinin  əvvəllərində  təşəkkül tapır. Onun banisi Məhəmməd Peyğəmbər tarixi şəxsiyyət 
olub, tərcümeyi-halı ilə hər kəsə tanışdır. Erkən valideynlərini itirən Məhəmmədi əvvəlcə babası, sonra isə varlı 
tacir olan əmisi tərbiyə vermişdi. Gənc yaşlarında Məhəmməd çobanlıq edir, 25 yaşında isə 40 yaşlı dul qadının 
yanında çalışır. Bu qadın karvanlar təşkil edir, bir yerdən başqa yerə mal alveri edirdi. Sonradan Məhəmməd bu 
qadınla evlənir, bu nikah məhəbbət əsasında baş tutur və onların dörd qızı olur. Sonralar peyğəmbərin doqquz 
arvadı olmuşdur. 
Vaxt keçdikcə Məhəmməd ticarətdən çox dinlə maraqlanmağa başladı. Bununla bağlı ilk vəhy onun yux-
usuna gəldi. Allahın elçisi olan cənabi Cəbrayıl ona müqəddəs vəzifənin yerinə yetirilməsi haqqında məlumat 
verdi. Getdikcə vəhylərin miqdarı artır. Məhəmmədin ehtiraslı çıxışlarına baxmayaraq onun tərəfdarları yavaş 
sürətlə artırdı. 622-ci ildə  Məhəmməd Məkkəni tərk edərək peyğəmbərin  şəhəri kimi adlandırılan Mədinəyə 
təşrif buyurur. Onun tərəfdarları da peyğəmbərlə birgə buraya gəlirlər. Müsəlman təqviminin tarixi məhz elə bu 
ildən başlayır. 
Mədinə sakinləri Məhəmmədi öz peyğəmbərləri, dini və siyasi rəhbərləri kimi tanıyır və onun Məkkəni 
ələ keçirməyə ruhlandırırdılar. Bu şəhərlər arasındakı müharibə  Mədinənin qələbəsi ilə bitdi. 630-cu ildə 
Məhəmməd təntənəli şəkildə Məkkəyə qayıtdı və elə o vaxtdan həmin şəhər islamın mərkəzinə çevrildi. 
Bu tarixdən başlayaraq müsəlman teokratik dövləti – Ərəb xilafəti formalaşmağa başlayır ki, onun da ilk 
rəhbəri Məhhəmədin özü olur. İslam (yaxud müsəlmanlıq) ərəb dünyasının dövlət dininə çevrilir. Məhəmməd 
632-ci ildə vəfat edir və Mədinədə dəfn olunur. Onun qəbri hazırda müqəddəs ziyarətgahlardandır. 
Artıq VIII əsrdə ərəblər Fələstini, Suriyanı, Misiri, İranı, İraqı, Zaqafqaziyanın bir hissəsini, Orta Asiya, 
Şimali Afrika və  İspaniyanı özünə tabe etdirdi. Lakin bu nəhəng siyasi hakimiyyət o qədər də möhkəm 
olmadığından artıq X əsrdə əmirliklərə parçalandı. Ərəb-müsəlman mədəniyyətinə  gəldikdə isə o, kopt (misir 
əhalisi), yəhudi, fars, suriya, Orta Asiya və digər xalqların çoxcəhətli mədəniyyətinin vəhdətindən ibarət idi. Bu 
mədəniyyətin birləşdirici amili İslam idi.  
Alimlər iddia edirlər ki, islam iudaizm, xristianlığın elementlərinin birləşməsindən yaranmışdır. Lakin bu 
elementlərin sintezi orijinal xarakter kəsb edir. İslamın  əsas qaydaları  aşağıdakılardan ibarətdir. Müsəlman vahid 
olan, hər  şeyə qadir Allaha inanır. Allah və dünya haqqında bəşəriyyətə  həqiqəti söyləmək üçün peyğəmbərlər 
göndərilmişdir ki, bunlardan da sonuncusu Məhəmməd peyğəmbərdir. Bundar əvvəlki peyğəmərlər Adəm, Nuh, 
İbrahim, Lut, Musa, Davud, Süleyan, İsa peyğəmbər və digərləridir. 
İslama görə dünya Allah tərəfindən altı gündə əmələ gəlmişdi: «Ol!» - deməklə yer yaranmışdı. İnsan tor-
paqdan əmələ gəlmişdi. İnsanın cisminə öz ruhunu vermiş Allah ona can vermiş, həyat bəxş etmişdir. Beləliklə, 
insan cismani və ruhi başlanğıclardan ibarətdir. Qadını Adəmin qabırğasından yaratmaqla Adəmi darıxmağa 
qoymamaq üçün ona «yaxşı yoldaş» bəxş etmişdi. Müsəlmanın əsas inamlarından biri də axirət, yəni ölümdən 
sonrakı həyata inamdır. Bu dünyadakı həyatın əsil aqibəti ölümdən sonra – Allahın hüzurunda olacaqdır. Real 
həyatdakı əməllərin cavabı Qiyamət günü müəyyənləşəcək. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
208
Müsəlman əqidəsinə görə insanın həyatı, o dünyaya gəldiyi gündən Tale kitabında öz əksini tapır. 
İslamın əsas məsələlərindən biri Allahın iradəsi və insanın hərəkətləri arasındakı münasibətdir. Belə ki, is-
lama görə Allah hər  şeyə qadirdir, o insanı yaratmış  və onun hərəkətlərini, həyatını  əvvəlcədən müəyyən 
etmişdi. Əgər bütün şeylər – xeyir və şər də Allah tərəfindən müəyyən olunmuşsa, onda günahkarları nə üçün 
lənətləmək, düz hərəkət edənləri tərifləmək lazımdər?  Əgər Allahın iradəsi mütləqdirsə, onda xeyir və  şər 
arasındakı fərq nədədir? 
X  əsrdə bu sualın cavablandırılmasına müsəlman ilahiyatçısı  Əl-Əşari belə cavab verir ki, Allah insanı 
bütün gələcək hərəkətləri ilə yaradır.  İnsana elə  gəlir ki, o iradə  və seçim azadlığına malikdir. Bu mövqeyin 
tərəfdarları şəfaitlər dini hüquqi məktəbinə aiddir. 
Digər görkəmli ilahiyyatçılar əl-Maturidi və Əbu Hənifə isə iddia edirlər ki, insan iradə azadlığına malik-
dir, Allah yaxşı işlər görənlərə kömək etməklə mükafatlandırır, pislik edənləri cəzalandırır.  
İslamın  əsas müddəaları  ərəb dilində «qiraət» mənasını verən Quranda əks etdirilib. Quranın  əsasını 
müsəlman adətlərini, hüquq qanunlarını, qaydalarını, dualarını və s. əks etdirən surə və ayələr təşkil edir. Quran 
Məhəmmədin köməkçiləri tərəfindən yazıya alınmışdı. Məlumdur ki, peyğəmbər oxumaq və yazmaq 
bilmədiyindən Allahın vəhyləri onun köməkçiləri tərəfindən palma yarpağı, daşlar üzərində qeydə alınmışdı. 
Quranın tam şəkildə mətni VIII əsrin ortalarında Xəlifə Osmanın hakimiyyəti dövründə yazılmış, kitab şəklini 
almışdı. 
Artıq orta əsrlərdə Quranı  əzbərdən bilən hafizlər meydana çıxdı. Quranı  ərəbcədən digər dillərə 
tərcüməsi qadağan edilmişdi.  İslamlaşma bu müqəddəs kitabın öyrənilməsini zəruri etdiyindən  ərəb dilinin 
vüsətinə  əhəmiyyətli  şəkildə  şərait yarandı. Orta əsrlərdə  ərəbləşdirmə prosesi müsəlman mədəniyyətinin 
yaranmasının ən vacib elementlərindən birini təşkil etdi. 
İslamın ilk dövründə qafiyə qoşmaq böyük şəhərlərdə mühüm saray sənətinə çevrilir. Şairlər həm də 
ədəbiyyatçı hesab edilirdi. VIII – X əsrlərdə islamaqədərki  ərəb  şifahi poeziyasının nümunələrindən ibarət 
əsərlər yazıya köçürüldü. IX əsrdə iki toplu - «Hamas» («İgidlik mahnısı») və “Kitabi-əl-Əhani» («Nəğmələr 
kitabı») tərtib olunur. Birinci kitaba 500-dən artıq qədim  şairlərin  şeirləri, ikincisinə  bəstəkar, ifaçı,  şairlərin 
əsərləri və tərcümeyi hallarından ibarət əsərlər daxil olur. Ərəblərin görkəmli şairi Əbu Nüvas (747–762 və ya 
813–815 arasında) hesab olunur. Şeiri dərindən anlamağı bacaran istedadlı şair müxtəlif mövzuları incə kinayə 
ilə ifadə edirdi. 
Digər  şair  Əbu  Ətahiyə zahidlik ruhunda yaradan şairlərdən idi. Əl-Mütənəbbi,  Əbu-Əla-əl Məhri də 
dövrün görkəmli şeir, poeziya ustadlarından idi. 
Ömər Xəyyam (1048 – 1122) isə dünyəvi  şöhrət qazanmış fars şairi idi. O şair, alim, filosof idi. Onun 
rübailəri dillər əzbəridir. 
Orta əsr ərəb mədəniyyətində poeziya və nəsr bir-birilə vəhdət təşkil edən sənət sahələri idi. Şeiriyyətlə 
yanaşı, məhəbbət dolu lirik əsərlər, tibbi traktatlar, qəhrəmanlıq, fəlsəfi, tarixi əsərlər də yazılırdı. Müsəlman 
ədəbiyyatından Qurana istinad mühüm əhəmiyyət kəsb edir. 
Şərqşünaslar hesab edirlər ki, ərəb poeziyası, ədəbiyyatı, ümumiyyətlə, mədəniyyətinin çiçəklənməsi VIII 
– IX əsrləri əhatə edir. XII əsrdən mədəni həyat səviyyəsi aşağı düşür. 
Ərəblərin riyazi elmlərə gətirdikləri töhfə əhəmiyyət kəsb edir. X əsrdə yaşayan Əbu-əl Vəfa sahəvi triqo-
nometriyada sinuslar teoremini yaratmışda. 
Şair-alim Ömər Xəyyam «Cəbr» kitabını yazmışdı. O, eyni zamanda irrasional və  həqiqi saylar 
problemilə məşğul olmuşdur. «Mövcudluğun ümumiliyi» haqqında traktat Ömər Xəyyama məxsusdur. O, 1079-
cu ildə müasir Qriqorian təqviminə nisbəti daha dəqiqini tərtib etmişdi. 
Misirin isə görkəmli alimi İbn-əl-Xəysəm riyaziyyatçı, fizik, optika üzrə bir çox məşhur əsərlərin müəllifi 
hesab edilirdi 
Ərəb-müsəlman mədəniyyətində ən böyük nailiyyətlər tibdə əldə edilmişdi. Ərəb tibb elminə İbn-Sina da-
ha böyük uğur gətirmişdi. İbn Sina (980 – 1037) nəzəri və klinik tibbi ensiklopediyanın müəllifidir. Digər böyük 
əsər «Həkimliyin qanunları» adlanır. Uzun zaman bu əsər həkimlərin istinad etdikləri mühüm qanunlar 
külliyyatı idi. 
Əbu–Bəkr Məhəmməd ər-Razi görkəmli Bağdad cərrahı idi. Baxtişa adlı suriyalı ailə isə öz həkimləri ilə 
ərəb-müsəlman tibb elminə xidmət etmişlər. 
Ərəb fəlsəfə elminin görkəmli nümayəndələri siyahısına Əl-Kindi (IX əsr) və Əl-Fərabi (870 – 950) daxil 
idi. 
Müsəlman mədəniyyətində tarixi fikir də özünəməxsus inkişaf yolu keçmişdi. Artıq IX əsrdə Məhəmməd 
Peyğəmbər və onun tarixdəki yerini əks etdirən əsərlərin yazılışına geniş imkanlar açılır. Tarix elminin görkəmli 
nümayəndələri  Əl-Bəlazuri,  əl-Nəkubi,  əl-Təbəri,  əl-Məsudi müsəlman tarixinin müxtəlif hadisələrini qeydə 
almaqla kitab şəklinə salmış, salnamələr yazmışdı. 
XIV – XV əsrlərdə Misirin görkəmli tarixçiləri Makrizi və ibn Haldun sayılırdı. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
209
Orta  əsrlərdə müsəlman elminin mərkəzi Bağdad, Kufə, Bəsrə, Harron hesab edilirdi. Bağdadda «Elm 
evi» adlı  təşkilat mövcud idi ki, ətrafında akademiya, rəsədxana, kitabxana, tərcüməçilər kolleksiyasını 
cəmləşdirmişdi. 
Müsəlman mədəniyyətində memarlıq sənəti mühüm yer tuturdu. Müsəlman memarlığı yunan, roma, İran 
bədii  ənənələrinin yenidən işlənməsi  əsasında inkişaf etmişdi. O dövrün ən görkəmli memarlıq abidəsi  Əmrə 
məscidi, Kufədəki məscid hesab edilir. Dəməşqdəki «Qaya gümbəzi» adlı  məşhur məbəd mozaika və  rəngli 
mərmərlə bəzədilirdi.  
X  əsrdən başlayaraq binalar zərif nəbati və  həndəsi naxışlarla bəzədilir ki, bu da üslublaşdırılmış  ərəb 
toxunuşu adını alır.  
Həcc ziyarətinin obyekti Kəbə məbədi Məkkədə yerləşir. Bu, kub formasına malik bir tikilidir. Kəbənin 
daxilindəki oyuq hissədə meteorit mənşəli qara Daş yerləşir ki, bu da Allahın rəmzini ifadə edir. 
Təkallahlığa ciddi riayət edən İslam bütlərə inam bəsləyən ərəb tayfalarına qarşı mübarizə aparırdı. Tayfa 
bütlərinin yaddaşlardan silinməsi üçün islamda heykəltəraşlıq, xüsusilə canlıların heykəlləri qadağan idi. 
 
 
Nəticədə  rəssamlıq  ərəb mədəniyyəti kontekstində geniş inkişaf etmədi. Yalnız ornamentalistika sahəsi 
rəssamlıqda özünə geniş yer tutmış, XII əsrdən başlayaraq, miniatür sənəti, o cümlədən kitab miniatürü inkişaf 
etməyə başladı. 
Bütövlükdə  təsviri sənət xalçaçılıqla  əvəz edildi. Rəngaənglik və naxış xalçaçılığının  əsas səciyyəvi 
xüsusiyyətərini təşkil etdi. 
Beləliklə, ərəb mədəniyyəti nəinki islam ölkələrinə, eləcə də Dünya mədəniyyətinə böyük töhfələr verdi. 
 
Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin