Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Rəşid Bəy Əfəndiyev (1863-1942) tərbiyə və təhsil haq­qın­da



Yüklə 3,59 Mb.
səhifə125/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   443
Rəşid Bəy Əfəndiyev (1863-1942) tərbiyə və təhsil haq­qın­da. Tanınmış maarif xadimi, yazıçı və alim Rəşid bəy Əfəndiyev Azər­baycan xalqının milli oyanışında mühüm rol oynamışdır.

R.Əfəndiyev 1879-cu ildə Qori Müəllimlər Seminraiyasına daxil olub, 1882-ci ildə bu seminraiyanı bitirmiş və Qəbələ kənd ibtidai məktəbinə təyinat almışdır. O, burada 8 il işləmiş, 1890-cı ildə Xaçmaz kənd məktəbində 2 il çalışmış, sonra Tiflisə getmiş və 1900-cü ildə Tiflis Aleksandrinski Müəllimlər İnstitutunu bitir­miş­dir. Bundan sonra R.Əfəndiyev Qori Müəllimlər Seminari­yasının Azərbaycan şöbəsinə ana dili və şəriət fənnləri müəllimi vəzifəsinə təyin olunmuşdur. 1904-cü ildə Qori seminariyasının pedaqoji şu­ra­sı­nın qərarı ilə ona hami-tərbiyəçi adı verilmişdir. 1906-cı ildə se­mi­nariyada assistentlik dərəcəsi almışdir. 1910-cu ildə se-mi­na­ri­ya­nın pedaqoji şurasının katibi vəzifəsinə seçilmişdir. 1916-cı ilə­dək seminariyanın Azərbaycan şöbəsində pedaqoji təcrübəyə rəh­bər­lik etmişdir.

Böyük pedaqoq Əfəndiyev elmi-pedaqoji, ədəbi və tər­cü­mə­çilik fəaliyyətinə hələ Qori Seminariyasında oxuyarkən başlamışdı. O XX əsrin əvvəllərindən yaradıcılıq imkanlarını genişləndirmiş, “Qan ocağı” (1904), “Rüstəm və Söhrab” (Firdovsidən tərcümə, 1906), “Saqqalın kəraməti” (1909), “Müxtəsər şəriət” (1910), “Ar­vad məsələsi” (1912), “Qonşu qonşu olsa, kor qız ərə gedər” (1913), “Pul dəlisi” (1918), “Bir saç telinin qiyməti”, “Tiflis sə­fər­ləri”, “Qızılgül” və s. müxtəlif janrlarda yazdığı əsərlərini kitab ha­lın­da nəşr etdirmişdir.

R.Əfəndiyev 1916-cı ildə İrəvan quberniyası xalq məktəb­lə­ri­nin inspektoru vəzifəsinə təyin olunmuşdur. Pedaqoq burada təlim-tərbiyə işlərinin səmərəli təşkilinə böyük əmək sərf etmişdir. O, İrəvan, Naxçıvan və Ordubad şəhərlərində müəllimlər üçün qısa­müd­dətli kurslar yaratmışdır. 1917-ci ilin əvvəlində çar höküməti yıxıldıqdan sonra quberniyada məktəblərin milliləşdirilməsi işinə rəhbərlik etmişdir.

R.Əfəndiyev 1918-ci ildə Bakıya gələrək, Azərbaycan Xalq Cümhuriyyətinin xalq maarifi sahəsində tədbirlərin həyata keçi­ril­mə­sinə yaxından köməklik göstərmişdir. Maarif Nazirinin əmri ilə Bakı kişi seminariyasının direktoru təyin olunmuş, əlifba komis­si-ya­sının tərkibində latın qrafikasına keçmək üçün təqdim olunmuş layihələrin müzakirəsində fəal iştirak etmişdir.

R.Əfəndiyevin A.O.Çernyayevskinin məsləhəti ilə qələmə al­dı­ğı “Qan ocağı” komediyası onun ilk uğurlu səhnə əsəridir. O, öz dövrü, yaşadığı mühit üçün çox səciyyəvi və mənalı olan bir ailəni səhnəyə gətirir, həmin ailənin timsalında müsəlman ailələrinin dərdlərini təsvir edir. “Qan ocağı” adlanan ailədə böyük-kiçik yox­dur, ərlə arvadın söhbəti bir-biri ilə tutmur, nadanlıq və cəhalət hökm sürür. Bu əsərdə başlıca məsələ ailə tərbiyəsidir. Buna görə də R.Əfəndiyev qan ocaqlarının yox edilməsini, tərbiyə ocaqlarının ye­nidən qurulmasında görür, ailə tərbiyəsinin düzgün təşkil edil­mə­si­ni, yəni məktəblər açılmasını, valideynlərin maariflən­dirilməsini zəruri sayırdı.

R.Əfəndiyevin yaradıcılığında “Qonşu qonşu olsa, kor qız ərə gedər” pyesi də ailə-məişət məsələlərinə həsr olunmuşdur. Əsərdə keçmiş evlənmə adətlərində olan nöqsanlar, kişilərin qadınları gör­mədən evlənmələrinin pis nəticələri tənqid edilir. Komedyanın möv­­zusu Ü. Hacıbəyovun “O olmasın, bu olsun” musiqili ko­me­diya­sının mövzusuna çox yaxındır. Bu əsərin mövzusu nişanlını aldadaraq gözəl qızı göstərib, çirkini ərə verməkdən ibarətdir.

Bu dövrdə qadın hüquqsuzluğunu həm qadınlar, həm də ki­şi­lər üçün törətdiyi bədbəxtliylərin əyani şəkildə göstərilməsi və tən­qid olunması böyük əhəmiyyətə malik idi.Yazıçı bu əsərdə Sona xa­nım sürətini yaratmaqla hüquqsuzluğun qurbanı kimi ata evində qa-rı­yıb qalmış qızların faciəsini, Qacay bəy sürəti ilə qadın hüquq­suz­luğunu qanuni sayan, qızı görüb sevməyi qanunsuzluq hesab edərək görmədiyi qızla evlənən cahil və nadan kişilərin düşdüyü gülünc və acınacaqlı vəziyyəti göstərməyə və ibrət dərsi verməyə çalışmışdır.

Rəşid bəy Əfəndiyev bütün əsərlərində ailə-məişət məsələləri üzərində möhkəm dayanır, personajların vasitəsilə xalqın irəli getməsi üçün birinci şərti sağlam və bünövrəsi möhkəm olan nəsil yaratmaqda, valideyn, övlad münasibətlərinin düzgün qurulmasında görür. R.Əfəndiyevinin pedaqoji fəaliyyətində diqqəti cəlb edən cəhətlərindən biri onun ana dilində dərsliklər tərtib etməsidir. Rəşid bəy hələ seminariyada oxuyarkən, K.D.Uşinskinin pedaqoji görüş-lə­­rinin təsviri altında yeni Azərbaycan məktəbi yaratmağı qarşısına məqsəd qoymuşdur. Buna görə də o, seminariyada oxuyarkən, gə­lə­cək Azərbaycan məktəbləri üçün ana dilində mükəmməl bir vəsait yaratmaq haqqında düşünürdü. O, bu məsələyə münasibət bildirərək yazırdı: “Pedaqojini öyrəndikdən sonra, mən anladım ki, köhnə məktəb dağıdılmalıdır. Bu isə yalnız Uşinskinin yeni üsulla olan dərs kitabı kimi, öz məktəbimiz üçün ana dilində dərs kitabı tərtib etməklə mümkündür. Məhz bu məqsədlə də “Uşaq bağçası” kitabını qiymətli bir zərə bənzətmək üçün pedaqoq Uşinskinin məşhur və məhbub “Əlifba” kitabçasını özümə rəhbər qəbul etdim”.

R.Əfəndiyev belə hesab edirdi ki, Azərbaycan xalqının dili öyrənməsindəki çətinlikləri ərəb və fars dilləri törədir. Buna görə də o deyirdi ki, “... məktəblərimizdə Azərbaycan balalarına ərəb-fars dili oxutmaq adəti çox böyük bəlalar əmələ gətiribdir. Əcnəbi dillər bizi tamam batırdı. Elmdən, bilikdən mədəniyyətdən geri saldı. Ərəb və fars dili hər şeyimizi, dərrakəmizi elə xarab edibdir ki, oxuduğumuz elmi biliklər hafizəmizdə qalmır”. Əlbəttə, böyük pe­da­qoq, ərəb və fars dillərində olan milli-mənəvi sərvətlərdən is­ti-fadə üçün heç də bu dilin öyrənilməsinin əleyhinə çıxmırdı. O, yal-nız çətin, anlaşılmaz, mexaniki əzbərləmə mahiyyətli mücərrəd ərəb və fars sözlərinin mənasını başa düşülmədən işlədilməsi əleyhinə idi. R.Əfəndiyev yazırdı ki, “... bir millətin elmi və mədəni inkişafı üçün onun ana dilinin rolunu dərk etməsi və dərk etdiklərini xalqa izah etməyi hər kəs özü üçün şərəfli vəzifə bilməlidir”.




Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin