R.Əfəndiyevin ikinci məşhur dərsliyi “Bəsirət-ül-ətfal” (“Fərasətli uşaqlar”) kitabıdır ki, 1901-ci ildə Bakıda 2 min tirajla nəşr edilmişdir. “Uşaq bağçası” dərsliyində olduğu kimi, müəllif bu kitabda da savad təlimi, oxu texnikasını inkişaf etdirmək məsələləri ilə yanaşı, həm də uşaqların tərbiyə edilməsinə, əxlaqına təsir etməyə xüsusi fikir vermişdir. Bu cəhətə böyük əhəmiyyət verən müəllif əsərin titul səhifəsində yazmışdır: “Müsəlman millətinin tərbiyeyi-əxlaqına və məlumati-nafiəsinə xidmət edici tazə bir kitabdır”.
Bu kitabda müəllif Azərbaycan klassik şairlərindən M. Füzuli və S.Ə.Şirvanidən bir sıra parçalar verməklə yanaşı, böyük rus şairlərindən İ.A.Krılovun “Ayna və meymun”, ”Kəndli və ilan”, ”Qurd və pişik”, A.S.Puşkinin “Kaftar”, ”Torçu və balıq”, ”Hal anası”, “Bağçasaray fontanı” və s. hekayə və şeirlərini tərcümə edərək kitaba daxil etmişdir.
Rəşid bəy Əfəndiyevin göstərilən dərslikləri uzun müddət Azərbaycan məktəblərində geniş miqyasda istifadə edilmiş və Azərbaycan gənclərinin bütöv bir nəsli bu kitablardan təlim və tərbiyə almışdır.
Rəşid bəy əyanilik sistematiklik,ardıcıllıq və asandan çətinə keçməyi təlimin əsas amili hesab etmişdir. Biliklərin möhkəmləməsini təlim prinsipi hesab edən Rəşidbəy biliyi təkrar və çalışmalar vasitəsilə möhkəmləndirməyin zəruri olduğunu qeyd etmişdir. O, eyni zamanda təlimdə şüurluluq və müvafiqlik prinsiplərinə də böyük əhəmiyyət vermişdir.
O, müəllimlərə məsləhət görürdü ki, təlimdə müvəffəqiyyət qazanmaq üçün məlumdan məchula, yaxından uzağa, konkretdən mücərrədə, sadədən mürəkkəb doğru getsinlər.
Rəşid bəy dərs kitablarına daxil etdiyi bədii-pedaqoji parçalarda qadın maarifi məsələsinin təbliğinə daha çox fikir vermişdir. O bu əsərlərində xalqa anladırdı ki, kişinin möhkəm, səmimi ailə qura bilməsi, uşaqların tərbiyəli və elmli olması, qadınların ailə üzvləri ilə səmimi və mədəni rəftar etməsi, gələcək nəslə düzgün tərbiyə verə bilməsi üçün qızların oxuyub savadlanmasının böyük əhəmiyyəti vardır.
Ədib elmlə tərbiyəni vəhdət halında qiyməntləndirdiyi üçün bir sıra nağıl və hekayələrin də uşaqları elm oxumağa dəvət etməklə bərabər, onlara çox qiymətli tərbiyəvi nəsihətlər də edirdi. O, “Oğul məhəbbəti” və “Yol azmış uşaq” rəvayətlərində anaları uşaqların nəzərində daha da yüksəklərə qaldırır, ananın hər kəsdən və hər şeydən əziz olduğunu, çox böyük ustalıqla onlara anlatmışdır.
Rəşid bəy bir çox rəvayət, nağıl və hekayələrində uşaqları öz valideyinlərinə hörmət etdikləri kimi, yaşca böyüklərə, xüsusilə qocalara hörmət etməyə çağırmışdır.
Müəllif övladların ata-anaya hörmət etmələrinin gələcək nəslin tərbiyəsində böyük rol oynadığını əks etdirmək üçün Tolstoydan iqtibas etdiyi “Qoca baba və nəvəsi” nağılını dərs kitabına salmaqla ata-anasına hörmət etməyən övladın gələcəkdə öz uşaq-larından hörmət görməyəcəyini gəncliyə anlatmağa çalışmışdır.
Ədib nağıl və hekayələrində oğruları ən bədbəxt insan simasını itirmiş bir adam kimi təsvir edərək oğruluğun üstünün mütləq açılacağını, oğruların bütün insanların, hətta ailə üzvlərinin nifrətini qazanmağı göstərməklə gənclərdə onlara nifrət hissini qüvvətləndirirdi.
Rəşid bəy bir sıra əsərlərində gənclərə tövsiyə edir ki, gözəl əxlaqi sifətlərə malik olmağa yaxşı yoldaşın, ağıllı dostun böyük ro-lu vardır. Buna görə də dost və yoldaş seçdikdə ağıllı, bilikli, etibarlı, uzaqgörən, xeyirxah, təmiz və namuslu adamları seçmək la-zımdır. Çünki yaxşı adamla dostluq edən həmişə yüksələr və hörmət qazanar, pis adamla ünsiyyət edənlər isə öz gözəl xüsusiyyətlərini də itirib hörmətdən düşərlər.
Xalqın maariflənməsi və mədəni tərəqqisində müəllimlərin roluna böyük əhəmiyyət verən Rəşid bəy onların pedaqoji ustalığını yüksəltməyi və yeni müəllim kadrları hazırlamağı ən vacib məsələlərdən hesab edirdi. Buna görə də o, müəllimlər üçün metodik məktub və məqalələr, məktəblər üçün dərs proqramları yazmaqla kifa-yətlənməyərək yay tətiləri dövründə Azərbaycan şəhərlərində, hətta Şimali Qafqazın Teberte şəhərində də qısa müddətli müəllimlər kursu təşkil edərək onlara yeni tədris usullarını öyrədir, pedaqoji mühazirələr oxunur və müəllimin qarşısında duran vəzifələri izah edirdi.
R.Əfəndiyev 1916-cı ildə Zaqafqaziya Müəllimlər Seminariyasından azad olunaraq İrəvan Quberniyasının Müsəlman Məktəblərinin müfəttişi vəzifəsinə təyin olunmuşdur. O, İrəvanda müfəttişliklə bərabər, məktəbləri savadlı müəllim kadrları ilə təmin etmək üçün təşkil etdiyi 3 aylıq müəllimlər kursunda dərs demişdir.
Qafqaz maarif dairəsi onu kurs açıb müəlimlər hazırlamaq üçün 1917-ci ildə Naxçıvana göndərmişdir. O, bu vəzifənin də öhdəsindən ləyaqətlə gəlmiş və bu kurslarda özü də dərs demişdir. Rəşid bəy Naxçıvanda işlədiyi dövrdə pedaqoji kadrların hazırlanmasında və təkmilləşdirilməsində geniş fəaliyyət göstərmişdir.
1918-ci ildə Bakıya gəlmiş və Bakıda seminariya təşkil etmiş və özü oranın direktoru olmuşdur.
1920-ci ildə Şəkidə açılmış darülmüəllimatın rektoru təyin olunmuş və burada pedaqogika və psixologiyadan dərs demişdir.
1926-cı ildə Azərbaycan Arxeoloji cəmiyyətinin Şəki şöbəsinin sədri seçilmişdir. Həmin il Birinci Türkoloji Qurultayda iştirak etmiş və “Qızıl qələmlər” cəmiyyətinin üzvlüyünə qəbul edilmişdir.
R.Əfəndiyev qızlar üçün məktəblərin açılmasını, ailədə əsas tərbiyəçi olan anaların elmli, mədəni, dünya işlərindən xəbərdar olmalarını zəruri sayırdı. İnqilabdan əvvəlki dövrdə məktəbdə oxuyan azərbaycanlı qızları barmaqla göstərmək olardı. Azərbaycanlı qızlar o zaman çadra altında saxlanır və onların məktəbdə oxumağı dini qaydalara görə qadağan edilirdi. Qız məktəblərində yalnız tək-tək azərbaycanlı qızlar, həm də varlıların qızları oxuyurdu. Bu məktəblərin dərs planı və proqramları “kübar ailələrdən olan” qızları tərbiyələndirmək məqsədinə uyğun olaraq tərtib edilmişdi. Bu nöqteyi nəzərdən R.Əfəndiyev Azərbaycanda pedaqoji fikrin inkişafı tari-xində görkəmli yer tutur.
O, qızlara məktəblərdə təhsil və tərbiyə verməyi, qadın təhsili məsələsini mühüm bir sosial problem kimi həll etməyi xalqın mədəni və iqtisadi həyatı üçün mühüm və zəruri problem hesab edirdi. Özünün qadın təhsili haqqındakı fikirlərini həmkarları ilə daim bölüşürdü. O, yazırdı: “Təcrübə ilə isbata yetirilmişdir ki, hər bir millətin və hər bir taifənin səadəti və xoşbəxtliyi arvadlarının dərəceyi-elmiyyətindən asılıdır. Yeni növ bəşəri həyatı ər ilə arvadın bir bədən hesabına yaşayış qüvvəyi-mənəviyyatlarından asılıdır.
Xalq maarifinin tərəqqisi uğrunda mübarizə aparan R.Əfəndiyev Azərbaycanın əhalisi arasında maarifin, elmin yayılmasını, oğlanlarla qızların bir yerdə oxuması sahəsində unudulmaz xidmətlər göstərmişdir.
Dostları ilə paylaş: |