R.Əfəndiyevin “Uşaq bağçası” adlı əlifba dərsliyi ilk dəfə İstanbulda nəşr edilmiş (1898) və Azərbaycan dilində təhsil verən bütün dövlət və xüsusi tədris məktəblərində istifadə etmək üçün Qafqaz Təhsil Dairəsi tərəfindən bəyənilmişdir. Kitabın üzərində yazılmışdlr: ”Savadsız adam bu kitabla bir ayda oxuyar və yazar. Cəmi 72 səhifədən ibarət olan bu dərslikdə 24 dərs verilmişdir. Bu kitab təkcə Zaqafqaziya məktəblərində deyil, Şimali Qafqaz və Orta Asiyadakı müsəlman məktəblərinin inkişafında da mühüm rol oynamışdır. “Uşaq bağçası” kitabına daxil edilmiş şeir parçalarının bir hissəsi müəllif tərəfindən rus şairlərinin əsərlərindən tərcümə edilmişdir.
Uşinskinin uşaqlar üçün yazdığı əlifba və oxu kitablarında uşaq zəkasını və şüurunu yaxşı inkişaf etdirmək üçün təbii, coğrafi və tarixi məlumat verməyə xüsusi fikir verdiyi kimi, Rəşid bəy də “Uşaq bağçası”nda oxu materiallarında təbii, coğrafi və tarixi məlumatlar vermişdir.
Uşinskiyə görə, tərbiyə yalnız insanın ağlını inkişaf etdirmək deyil, həm də əməyə ciddi ehtiras, sevgi və vərdiş oyatmalıdır.Uşağı fəal işə, əməyə və şəxsi yaradıcılıq fəaliyyətinə alışdırmaq məktəbin ən əsas vəzifəsi olmalıdır. Buna görə də Rəşid bəy kitaba daxil etdiyi oxu materiallarında maldarlıq, quşçuluq, bağçılıq, bostançılıq və ipəkçilik kimi kənd təsərrüfatı sahələri, dərzilik, dəmirçilik və s. kimi kustar sənaye sahələri haqqında sadə məlumat verir, şagirdlərə sənət öyrənməyi, ev heyvanları və ev quşları bəsləməyi, meyvə ağacları yetişdirməyi tövsiyə edirdi.
Dostları ilə paylaş: |