Firudin bəy Əhmədağa oğlu Köçərli (1863- 1920) böyük pedaqoq, görkəmli maarifpərvər, dəyərli ziyalı və tanınmış ədəbiyyatşünas alim olmuşdur.
O, 1879-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə daxil olmuş və 1885-ci ildə buranı bitirmişdir. Seminariyada göstərdiyi müvəffəqiyyətinə görə ona “Məzkur ibtidai xalq müəllimi” adı verilmiş və İrəvan Müəllimlər Gimnaziyasına müəllim göndərilmişdir.
1881-ci ildə yaranan və 34 il davam edən İrəvan Müəllimlər Seminariyasında Firudin Bəy Köçərli 10 il dərs demiş, mədəni-maarif işləri aparmış, məktəblər üçün yeni dərs proqramları, dərs vəsaitləri tərtib etmiş, mətbuatda təhsilin, pedaqoji elmin müxtəlif sahələrinə dair məqalələrlə çıxış etmişdir. Seminariyada F.Köçərlinin müəllimi olmuş A.D.Çernyayevski yazırdı: ”Hazırda elə bir mətbuat orqanı yoxdur ki, müəllim Köçərli orada xalqının ədəbiyyatı, tarixi haqqında çıxış etməsin”. ”Ərəb əlifbası və onun nöqsan-ları” adlı silsilə yazıları həm ziyalılar, həm də xalq arasında böyük marağa səbəb olub”.
Seminariyanı bitirdiyi zaman Firudin bəy artıq bir neçə əsərin müəllifi idi.Yunan filosofu Sokratın həyatı və əxlaqi görüşlərinə həsr olunmuş “Təlimati-Sokrat” əsərini də təxminən bu illərdə tərcümə edib qurtarmışdı.
İrəvan Müəllimlər Gimnaziyası F.Köçərli yaradıcılığına qüvvətli təsir göstərmişdir. O, bu on il ərzində gimnaziyada pedaqoji fəaliyyəti ilə yanaşı ədəbiyyatımızın toplanması, tədqiqi, elmi şərhi sahəsində də bir sıra diqqətəlayiq işlər görür. F.Köçərli gimnaziyada işlədiyi dövrdə öz yaradıcılıq imkanlarından istifadə edərək 1890-cı ildə A.S.Puşkinin “Balıqçı və balıq nağılı” adlı əsərini tərcümə etmiş, daha sonra çap etdirdiyi Puşkinin “Torçu və balıq”, Lermontovun “Üç xurma ağacı” və M.Kolstovun “A kişi, niyə yatıbsan?” adlı şeirlərini 1895-ci ildə kitabça halında çap etdirmişdir.
On il İrəvan gimnaziyasında işlədikdən sonra, F.Köçərli 1895-ci ildə Qori Müəllimlər Seminariyasına işə dəvət olunmuşdur. Bu təyinat Köçərlini xeyli məmnun etmiş və o, böyük bir həvəslə özünə doğma bildiyi Qori seminariyasında işə başlamışdır. Çünki bir zamanlar dərs aldığı əziz müəllimləri ilə birgə çalışacaqdı. Həmin ildən o, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində Səfərəli bəy Vəlibəyov, Popov, Qaraqanidze, Lamauri, R.Əfən-diyev kimi zəmanəsinin mütərəqqi pedaqoqları ilə bir sırada çalışmış, millətimizin böyük ziyalısı və alimi kimi xalqının maariflənməsində, təhsil almasında böyük rol oynamışdır.
F.Köçərli Qori seminariyasına müəllim təyin olunan gündən bütün imkanlardan istifadə edir. Elm, maarif, mədəniyyət və tərəqqi baxımından geri qalmış Azərbaycan balalarının təlim-tərbiyəsi ilə ciddi məşğul olur.
Elmi fəaliyyəti cəhətdən də Qori illəri Köçərlinin həyatında ən dolğun illərdir. Köçərli Qoridə işləyərkən Azərbaycan ədəbiyyatında realist demokratik cərəyanın ən böyük nümayəndəsi, milli dramaturgiyamızın banisi M.F.Axundovun yaradıcılığını ətraflı tədqiq etməklə məşğul olmuş, ədibin yüzilliyi ilə əlaqədar olaraq, xüsusi bir kitabça yazmışdır.
Köçərli Qori seminariyasında müəllimlik etdiyi illərdə gürcü inqilabçıları ilə yaxın olmuş, onların köməyi sayəsində inqilabi ədəbiyyat əldə edib oxumuşdur. 1906-cı ildə bolşevik qəzeti “Dəvət”də çıxış etməsi, zəhmətkeşləri çarizmə qarşı əlbir mübarizəyə çağırması da göstərir ki, o, dövrün inqilabi ideyalarına biganə qalmamışdır.
F.Köçərli Qori seminariyasında bir neçə il müəllim, 1910-cu ildən 1918-ci ilədək isə Azərbaycan şöbəsinin rəhbəri vəzifəsində çalışır. Bu dövrdə o, tədrisdə Azərbaycan dilinə geniş yer ayrılması məsələsinə ciddi fikir verir, ana dilimizin yad təsirlərdən qorunmasında ziyalıları köməyə çağırırdı. Seminaryanın təzə rəhbərliyi isə vaxtını təhsilə deyil, daha çox intriqalara, azərbaycanlı seminaristləri təqib etməyə sərf edirdi. F. Köçərli 1893-cü ildə Tiflisdə çıxan “Ziyayi-Qafqaziyyə” qəzetində geniş məqalə ilə çıxış edib, dil məsələsini kəskin müzakirəyə qoymuşdu. Bakıda çıxan qəzetlərdə də dil, məktəb, maarif, təhsil mövzusuna geniş yer verilirdi.
F.Köçərli dərindən dərk edirdi ki, məktəbin tərbiyə işinin canını yaxşı xalq müəllimi ilə yanaşı, ailənin düzgün tərbiyəsi təşkil edir. Çünki hamıdan ziyada xalqın qeydinə qalan, onun gözünü açan və qəlbini elm nuru ilə dolduran müəllim və onun yaxın köməkçisi ailədir.
F.Köçərli müəllimi durmadan öz üzərində işləməyə, biliklərini artırmağa və təcrübəsini zənginləşdirməyə çağırırdı. Müəllim şagirdlərin əqli inkişafı, görüş dairələrinin genişlənməsi üçün yalnız sinifdə dərslə kifayətlənməməli, işinə formal münasibət göstərməməlidir. F. Köçərli müəllimin fəaliyyətini yalnız məktəb və məktəbdənkənar təlim-tərbiyə işləri ilə məhdudlaşdırmır, onları daim ailə ilə əlaqə saxlamağa çağırırdı.
F.Köçərli pedaqoji mülahizələrində əsil insan və vətəndaş yetişdirməklə bağlı olan bu nəcib xüsusiyyətlərin formalaşması yolunda əngələ çevrilən səbəbləri tənqid edərək, bir daha xatırladırdı ki, xalqın bu cür ictimai tərəqqiyə çatmamasının səbəbi heç də dini islam məfkursi deyil, məişətə və vətəndaşlıq cəmiyyətinə aid mülki qanunlardır.
F.Köçərli bu yönümdən vətəndaş tərbiyəsi amilləri sırasında şəxsiyyət tərbiyəsini də mühüm vəsilə sanır, bununla əlaqədar olaraq yazır ki, ”...tərbiyənin amilləri çox olmaqla bərabər qayət müxtəlifdir: insanı əhatə edən bütün şeylər, yaxud ona müəyyən təsir göstərən hallar bu qəbildəndir”.
F.Köçərli xalqın tarixini tədqiq, təhlil etmək, öyrətmək və öyrənmək üçün nağılların, tapmaca və bayatıların, atalar sözləri və məsəllərin, sayaçı sözlərinin əhəmiyyətini xüsusi qeyd etmiş və “Balalara hədiyyə” adlı əsərində də bu hikmətli el ədəbiyyatı nümunələrindən geniş istifadə etmişdir. Bu kitabın yazılması və tərtibi demək olar ki, gənc nəsli şifahi xalq ədəbiyyatı nümunələri ilə tanış etmək və onun tərəqqisinə kömək etmək məqsədi güdmüşdür. Bu kitab əsrimizin ilk illərində uşaq ədəbiyyatının müvəffəqiyyətli nümunələrindən biri olmuş və müəllifin bu sahəyə dair ədəbi və pedaqoji fikirlərini özündə təcəssüm etdirmişdir. F.Köçərli şifahi xalq ədəbiyyatını yazılı ədəbiyatın bünövrəsi hesab etmiş və məhz buna görə gənc nəslin təlim tərbiyəsi işində folklor nümunələrini zəruri saymışdır. “Balalara hədiyyə” adlı əsərini də bu prinsip əsasında tərtib etmiş, folklara və folklor nümunələri ruhunda yazılmış əsərlərə üstünlük vermişdir. Bu da təsadüfi deyildi. Müəllifə görə, Azərbaycan xalqının uzun illər boyu öz məişətinə, adət və ənənəsinə dair yaratdığı nağıl, hikmətli sözlər, incə mənalı tapmacalar, uşaqları əyləndirən, onların ürəyinə yatan yanıltmaclar zaman keç-dikcə unudulmaqdadır. Bunun qarşısını almaq üçün F.Köçərli öz xalqını və vətənini sevən hər bir şəxsdən bu qiymətli inciləri, mə-nəvi nemətləri toplamağı və yeri gəldikcə daha geniş mənada bunlardan istifadə etməyi hamının vətəndaşlıq borcu sayır. Bu məq-sədlə ta qədim zamanlardan bu günə qədər ağızdan-ağıza, dildən-dilə düşmüş mahnıları, tapmacaları, hikmətli sözləri və məsəlləri qiymətli bir inci kimi nəşr etməyi və geniş oxucu kütləsinin istifadəsinə verməyi özünə borc bilir.
Kitabda Azərbaycan xalqının uzun əsrlər boyu öz məişətinə, adət və ənənəsinə dair yaratdığı və yaşatdığı nağıl, mənzumə və hikmətli sözlər, tapmacalar, yanıltmaclar toplanmışdır. Müəəlif bu nadir el ədəbiyyatını oxucunun istifadəsinə vermiş və həm də uşaqların təlim-tərbiyəsi işində bu ölməz sənət incilərinin köməyini alqışlamışdır. Kitabın müqəddiməsində müəllif yazırdı ki, “Balalara hədiyyə olaraq millətimizin yaratdığı nağıl və hekayələrdən, məsəl və tapmacalardan və bir çox dürlü mənzumələrdən məcmuəni tərtib qıldım ki, onlar unudulub xatirələrdən çıxmasın...Zənnimcə, bu məcmuəni kim oxusa, böyük ya kiçik, onun qəlbi açılıb xəndan olacaqdır. Balalar şad olacaq. Bu səbəb ki, onda dərc olunan əsərlərin cümləsi onların həyatına və təbiətinə müvafiqdir. Böyük adamların ürəklərinin açılmağına səbəb bu olacaqdır ki, onlar mütaliə əsasında öz uşaqlıq vaxtlarını bilaixtiyar xatirələrinə gətirəcəklər. Bu isə, yəni qəlbi şad etmək özlüyündə bir xidmətdir”.
“Balalara hədiyyə” əsərinin səhifələrində kiçik həcmli nağıllar xüsusi zövqlə seçilmiş və qruplaşdırılmışdır. Məlum olduğu kimi, xalq yaradıcılığı ilə bağlı olan bu hikmətli nağıllar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb etmişdir. Xalqımızın arzu və istəkləri ilə bağlı olan bu nağıllarda təsvir və tərənnüm olunan mərd, mübariz, igid, dözümlü, qorxmaz, çətin və ağır anlarda ağıl və zəka ilə, təmkinlə, səbrlə bütün ma-neələri aradan qaldıran qəhrəmanları xalq sevmiş, gənc nəslin nüma-yəndələri də bəzi hallarda özlərini bu əfsanəvi qəhramanlara oxşatmaq istəmişlər. Bu cəhətdən F.Köçərlinin seçdiyi və qruplaşdırdığı nağıllar öz məzmun və ideyasına, sağlam məfkürəsinə, mündəricəsinə görə kitabın yarandığı dövr üçün çox səciyyəvi idi.
F.Köçərli gənc nəslin hərtərəfli inkişafı üçün yalnız nağıllardan deyil, şifahi xalq ədəbiyyatının bayatı,layla, sayaçı sözlər, atalar sözləri və məsəlləri, atmaca və tapmacalarından da istifadə etmiş, müxtəlif həyati hadisələləri qələmə almışdır. F.Köçərli “Balalara hədiyyə” kitabında bayatılardan da geniş istifadə etmişdir. Məsələn, vətənə məhəbbət hissi aşılayan müəllif dağları vəsf edir.Təbiətin füsunkar gözəlliklərini özündə əks etdirən bu dağları bahar fəslində bərli-bəzəkli, toylu-büsatlı, güllü-bülbullü, qış fəslində isə qarlı-boranlı təsvir edir.
“Balalara hədiyyə” kitabı bəhs etdiyimiz janrlarla məhdudlaşmır. Burada bu və ya başqa mətni tamamlayan, fikri aydınlaşdıran məsəllərə, tapmacalara, yanıltmaclara və müxtəlif uşaq oyunlarına geniş yer verilmişdir. Qeyd etmək lazımdır ki, məsəllər, tapmacalar, yanıltmaclar və s. müstəqil şəkildə deyil, hər mətnin sonunda, şeir və hekayənin məzmun və ideyasına müvafiq şəkildə verilmişdir.
F.Köçərlinin apardığı müşahidələr, verdiyi hökmlərdən və gəldiyi nəticələrdən çıxış edərək demək olar ki, onun müxtəlif sahələrdə elmi-nəzəri fikirləri olduğu kimi, dilimizin təmizliyi, saflığı uğrunda apardığı mübarizə həm ədəbiyyatşünasın öz sağlığında və həm də sonrakı illərdə böyük əhəmiyyət kəsb etmiş, Azərbaycan uşaq ədəbiyyatının inkişafına böyük təsir göstərmişdir. F.Köçərlinin qələmindən çıxan bir çox məqalələr və bədii əsərlər uşaqlara doğma ədəbiyyatı sevdirmək, onları ümumxalq dilinin zənginlikləri ilə tanış etmək ruhunda yazılmışdır.Ümumiyyətlə, F.Köçərli gənc nəslin təlim-tərbiyəsi işində uşaq ədəbiyyatının roluna böyük əhəmiyyət vermişdir.
F.Köçərlini düşündürən mühüm məsələlərdən biri seminariyanın Azərbaycan şöbəsinin Qoridən köçürülməsi olmuşdur. Firudin bəy Bakıda olarkən “Nəşri-maarif” cəmiyyətinin iclasında çıxış edərkən ziyalılara seminariyanın Azərbaycan şöbəsində vəziyyətin ağır olduğunu söyləmiş və bölgələrimizdən birinə köçürülməsini təklif etmişdi. Lakin nə rus çarlığı, nə də gürcü knyazlığı buna icazə vermirdi. Onun qərarı isə qəti idi: ”Necə olursa-olsun, seminariyanı Azərbaycana gətirməliyik ki, oxuyanların sayı çoxalsın, ailələrin “Qori uzaqdır, mən uşağımı ora göndərmərəm” bəhanəsi də kəsilsin”.
Beləliklə, 1918-ci ilin yayında rus çarının yıxılmasından və gürcü knyazlarının başlarının hökumət qurmağa qarışmasından istifadə edən böyük ziyalı F.Köçərli seminariyanı Qazaxa köçürür. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Firudin bəy Qazax seminariyasının direktoru kimi fəaliyyətə başlayır.
Qazax seminariyasında tarix-coğrafiya dərslərini Əli Hüseynov, ədəbiyyat dərslərini Köçərlinin keçmiş tələbələrindən olan Yusif Qasımov, pedaqogika dərslərini isə seminariyanın direktoru Köçərli özü aparırdı.
Göründüyü kimi, Köçərli Qazax seminariyasında təkcə dərs demək, yaxud bir müdir kimi təşkil etməklə fəaliyyətini məhdudlaşdırmır, yaşının 60-a yaxınlaşdığına baxmayaraq, yenə də ikiqat həvəslə çalışır, özfəaliyyət dərnəkləri təşkil edir, yaşlılardan ötrü savad kursları açırdı. Qazaxda ilk uşaq evi yaradılmasının təşəbbüskarı da F.Köçərli ilə onun həyat yoldaşı Badisəba xanım olmuşdur.
F.Köçərli yeni məktəblər açılması uğrunda ardıcıl mübarizə aparırdı. Pedaqoji işdə yenilikçi olan Köçərli köhnə məktəbin qüsur və nöqsanlarını da ardıcıl tənqid edir, vaxtı keçmiş əxlaq və tərbiyə normalarını yeni və müasir normalarla əvəz etməyə çağırırdı. Köçərli təlimdə vaxtı keçmiş sxolastik üsulun əleyhinə çıxır və cəsarətlə göstərirdi ki, öz gözəl uşaqlıq illərini ərəb hərflərini əzbərləməklə keçirən balalarımızın zəhməti hədər gedir, onların hafizəsi kütləşir, biliyə həvəsi azalır, nəhayət on-on iki ildən sonra, böyük yaşlı adamlar kimi yetişəndə belə, yenə də onlar savadsız qalırlar.
Köçərli təlim-tərbiyə işində böyük rolu olan dərslik və proqramların tərtibinə böyük əhəmiyyət verirdi. Xüsusilə dərsliklərə, xalqın gələcəyi olan minlərlə balaların istifadə edəcəyi qiraət kitablarına qarşı o, daha tələbkar idi. Köçərli tədris proqramlarının müəlliflərindən tələb edirdi ki, onların tərtib etdikləri proqramlar əhatəli və ardıcıl olub, həmin fəndən dərs deyən müəllimin əsas vəzifəsinə-yüksək mənimsəməyə nail olmağa kömək etsin. F.Köçərlinin tərtib etdiyi Azərbaycan dili proqramı müəllifin başqalarından tələb etdiklərinə özünün şəxsən necə riayət etdiyini göstərmək üçün əhəmiyyətlidir. Köçərlinin həmin proqramda təqdir etdiyi pedaqoji prinsip induktiv prinsip olub, təlim prosesində sadədən mürəkkəbə, asandan çətinə doğru təcrübəsinə əsaslanır. Bu isə öz növbəsində keçilən materialın şagirdlərin böyük bir qismi tərəfindən mənimsənməsi üçün ən yaxşı təminat yaradır.
Köçərli müasir ədəbiyyat məsələləri ilə yanaşı Azərbaycan ədəbiyyatının tarixini tədqiq etməklə də müntəzəm məşğul olmuşdur. Ədəbiyyat tarixi məsələləri bütün ədəbi tarixi boyu onu maraqlandırmışdır. Tənqidi məqalələrində də o, tez-tez ədəbiyyat tarixinə müraciət edir, ədəbi müqayisələr aparır, ənənələrdən danışır, bu ənənələrın müasir ədəbiyyata tətbiqinin yollarını göstərirdi.
Gənc Köçərli hələ İrəvan gimnaziyasında müəllimlik etdiyi illərdə Azərbaycan yazıçıları haqqında məlumat toplamağa başlamışdı. Müəllif həm özünə qədərki ədəbiyyatşünasların əsərlərindən, həm də özünün əldə etdiyi materiallardan istifadə edərək rusca yazdığı “Azərbaycan ədəbiyyatı”adlı kitabda oxuculara Azərbaycan ədəbiyyatı haqqında müxtəsər məlumat vermək istəmişdi.
F.Köçərlinin çoxəsrlik Azərbaycan irsini toplayıb, elmi prinsip və ardıcıllıqla öyrənərək öz tədqiqatının nəticələrini “Azərbaycan ədəbiyyatı” əsərində xalqın istifadəsinə verməsi onun böyük xidmətlərindən sayılır. Bu əsəri yazmaqla F.Köçərli müasir Azərbaycan ədəbiyyat tarixçiliyi elminin əsasını qoymuş və beləliklə, gələcək tədqiqatçılar üçün geniş bir yol açmışdır.
F.Köçərlinin pedaqoji irsində diqqəti cəlb edən mühüm məsələlərdən biri də qadın təhsili məsələsidir. O, qadınları yüksək qiymətləndirir və dönə-dönə qadınların təhsili problemlərinə toxunurdu.
F.Köçərli düzgün olaraq qeyd edirdi ki, islama qədər Ərəbistanda qadın dözülməz vəziyyətdə olmuş, onun heç bir hüququ olmamışdır. İslama qədər ərəblər arasında vəhşi adətlərdən biri məhsul olmayan illərdə açlıq və çətinliklərdən qorxaraq öz qız uşaqlarını diri-diri quma basdırmaq idi. Bəzən də onları qul kimi satırdılar. İslamdan sonra bu vəhşi adət dəyişildi. Qadın və kişi bərabər hüquqlu oldu.
Ədibin bir sıra məqalələri vardır ki, onları qadın azadlığına həsr etmişdir. Həmin məqalələr: “İslamın qadına münasibəti”, “Keçmişdə müsəlman qadını” və “Müsəlman qadını hal-hazırda” olmuşdur. Bu məqalələrdə F.Köçərlinin qadın hüququnun müdafiəçisi olduğu və onların uşaq tərbiyəsindəki rolu açıqlanır. F.Köçərli göstərirdi ki, qadına elə yüksək hüquq verilməlidir ki, müasir ölkələrin qadınlarına verilən təhsil və başqa hüquqlardan yüksəkdə dayansın.
XIX əsrdə Tiflisdə müsəlman ibtidai qız məktəbi açmaq təşəbbüsü bütün Qafqaz müsəlmanlarının ictimai və mədəni həyatın-da çox mühüm hadisə idi. Dövrün məşhur maarifçisi və pedaqoqu F.Köçərli yazırdı: “Müsəlman qız məktəbinin açılması Qafqaz mü-səlmanlarının tarixində yeni dövrün başlanğıcı olacaqdır”. F.Köçərli qız məktəbinin əhəmiyyətini qadınların özlərinin köləlikdən azad olunmasından başqa, həm də ailənin ümumi həyat tərzinin yaxşılaş-ması baxımından qiymətləndirirdi. O yazırdı ki, müsəlman qız-ları-nın məktəbi bitirməsi ilə öz vəzifəsini yaxşı başa düşən təhsilli ev-dar qadınlar və analar meydana gələcək və tədricən bütün mü-səlmanların həyat tərzi, istər ailədə, istərsə də kənarda yaxşılığa doğru yenidən qurulacaqdır. F.Köçərli ailə tərbiyəsinin yaxşılaşacağını ayrıca qeyd edir. O yazırdı ki, bir tərəfdən atalar öz uşaqlarının təhsilli və təcrübəli anadan tərbiyə aldıqlarını görüb özlərini xoşbəxt hesab edəcəklər, digər tərəfdən indiyə qədər nökərlərin və mehtərlərin himayəsində böyüyən uşaqların özləri xoşbəxt olacaqlar.
Dostları ilə paylaş: |