Tərbiyə elmsiz deyil məqbul,
Elm ilə olur hüsuli-izzət,
Elm ilə olur nüfuzu-millət.
M.Ə. Sabir öz yaradıcılığında, pedaqoji fəaliyyətində elmə, təhsilə xüsusi diqqət yetirmiş, “Yeni tipli məktəb”, “Ana dili təhsili”, tərbiyə və təhsil problemləri, uşaq ədəbiyyatı məsələləri Sabir yaradıcılığının ana xəttini təşkil etmişdir.
Sabir köhnə məktəblərin mahiyyətini ifşa etdiyi kimi, yeni üsullu məktəblər təşkil etmək üçün var qüvvəsi ilə çalışmış və özü də Şamaxıda 1908-ci ildə “Ümid” adlı belə yeni üsullu məktəblərdən birini açmışdır“. Burada Sabir məktəbdarlıqla, müəllimliklə məşğul olmuş, uşaqlara oxutmaq üçün dərs vəsaitləri, mənzum şeir və hekayələr yazmışdır. “Ümid” məktəbində əsasən yoxsul, zəhmətkeş balaları oxuyurdu. O zaman varlı təbəqənin fikrinə görə yoxsul balaları yalnız sənət öyrənməli idilər. Guya yoxsul balalarının zehni işdən çox, fiziki işlərə qabiliyyəti varmış. Sabirin bütün uşaqların zəkalı və qabiliyyətli olması məsələsini irəli sürməsi mütərəqqi pedaqoji ideya kimi qiymətli olmaqla, onların bu fikirlərini heçə endirmişdir. Sabir uşaqlara xalqın, millətin gələcəyi, ümid çırağı kimi baxırdı: “Ey millətin ümidi, dilü-canı uşaqlar”- deyərək uşaqların parlaq gələcəyinə ümidlə baxırdı.
Sonralar Sabir pedaqoji fəaliyyətini Balaxanıda Hacı Zeynalabdın Tağıyevin “Nəşri maarif” Xeyriyyə cəmiyyətinin açdığı ibtidai məktəbdə, sonra isə Sabunçu məktəbində davam etdirmişdir. Sabir bir müəllim və tərbiyəçi olaraq, çox müdrik, həssas və coşqun ruhlu adam olmuş, keçdiyi ədəbi qiraət dərslərində şagirdlərə mümkün qədər ətraflı bilik vermək və xüsusilə, onlarda bədii zövq tərbiyə etmək üçün böyük şövqlə çalışarmış. Nəğmə dərslərinə xeyli vaxt ayırması da maraqlı bir cəhət idi.
M.Ə.Sabir qadınların təhsil alıb tərəqqi etməsinə xüsusi qayğı göstərirdi. O qadın hüquqlarının müdafiəsinə, ananın müqəddəs tərbiyəçi vəzifəsinə, onun qağıkeş əməyinə yüksək qiymət verirdi. Bu baxımdan Sabirin “Ana bəzəyi” şeirində qızların təhsil alması, tərəqqiyə can atması, yüksək iradi, əxlaqi keyfiyyətlərə yiyələnməsi vurğulanır:
Dostları ilə paylaş: |