Ekoloji tərbiyədə aşağıdakı vəzifələr həyata keçirilir:
- böyüyən nəsildə ekoloji şüur formalaşdırmaq;
- uşaq və gənclərdə doğma təbiətə, ətraf mühitə məhəbbət və qayğılı münasibət, onun korlanmasına qarşı barışmazlıq hissləri aşılamaq;
- təbiəti mühafizə üzrə zəruri bacarıq və vərdişlər formalaşdırmaq, gənc nəsli fəal ekoloji fəaliyyətə hazırlamaq;
- məktəblilərin şüurunda və fəaliyyətində təbii ehtiyatlara, maddi sərvətlərə qənaətcil yanaşmaq münasibəti tərbiyələndirmək;
- təsərrüfat-iqtisadi vəzifələri vicdanla yerinə yetirməyə alışdırmaq;
- gənc nəsli təbiətin mühafizə işinə cəlb etmək.
Ekoloji tərbiyəni təkmilləşdirmək cəhdləri əvvəlcə ailədən, sonra isə ibtidai məktəbdən başlanılmalıdır. Bu cəhdlərin təməli daha çox özünü ibtidai sinif məktəblərində büruzə verir. Kiçik yaşlı məktəblilərdə ekoloji tərbiyəni formalaşdırmazdan əvvəl ilk öncə onun komponentlərini müəyyən etmək lazımdır. Ekoloji tərbiyənin komponentlərinə ekoloji şüur, ekoloji bilik, ekoloji təhsil, ekoloji təfəkkür, ekoloji dünyagörüşü, ekoloji fəaliyyət və ekoloji davranış aiddir. Ən mühüm komponentlərdən biri də ekoloji bilikdir. Kiçik yaşlı məktəblilərdə ekoloji tərbiyəni formalaşdırmazdan öncə onları ekoloji biliklərlə silahlandırmaq lazımdır. Həmin əldə edilən ekoloji bilikləri daha yaxşı mənimsəmələri üçün ekoloji bilik və məlumatları şüurlu surətdə dərk etməlidirlər. Belə ki, ekoloji bilik bizi əhatə edən canlı təbiətin strukturu haqqında olan biliklərdir. Geniş mənada ekoloji biliklər bizi əhatə edən canlı və cansız təbiətin mahiyyəti və dinamikası haqqında elmi məlumatın inteqrasiya olunmuş formasıdır ki,burada Yerin canlı qatının işi və onun biosferinin tamlığı da əhatə olunur.
Kiçik yaşlı məktəblilərə ekoloji biliklərin aşılanması çox mühüm bir prosesdir. Ekoloji biliklərin dərindən mənimsəyən şagirdlər özlərini əhatə edən təbiətdə baş verən hadisələri təhlil etmək bacarığına, təbiətin ayrı-ayrı komponentləri arasındakı səbəb-nəticə əlaqələrini müəyyən etmək qabiliyyətinə malik olurlar.
Ekoloji bilikləri kiçik yaşlı məktəblilərə aşılamaq üçün təlim-tərbiyə proqramında ekoloji mövzulara xüsusi yer verilməlidir. Onlar ətraf mühit anlayışı ilə əlaqədar yaşa müvafiq olaraq biliklər qazanmağa müvəffəq olduqdan sonra təbiətə qayğılı münasibət bəsləməli olacaqlar. Ətraf mühitdən asılı olaraq hər bir canlının həyat tərzi tənzimlənir. Ətraf aləm haqqında sadə informasiyaya malik olan uşaq bilməlidir ki, o, daim ətraf mühitdən asılı olur və onun orqanizminin dəyişməsində, formalaşmasında əsas rol oynayır.
Ekoloji tərbiyə işində müxtəlif yollardan, forma və metodlardan istifadə edilir. Erkən yaşlardan uşaqlarda təbiət hadisələrinə düzgün baxışlar yaratmaq, onlara təbiəti, canlıları sevdirmək, uşaq qəlbində xeyirxahlıq hissləri oyatmaq lazımdır. Kiçik yaşlardan buna diqqət yetirilməzsə, uşaqda təbiətə, heyvan və quşlara qarşı laqeydlik, hətta qəddarlıq, rəhmsizlik hissləri baş qaldıra bilər. Təbiətə qarşı qəddarlıq təbiət gözəlliklərinə laqeydlikdən, ətraf aləmə qeyri-həssas münasibətdən, bir sözlə, uşaq qəlbində xeyirxahlıq hisslərinin kütləşməsindən başlanır.
Ailədə və uşaq bağçasında aparılan ekoloji tərbiyə işləri məktəbdə daha da inkişaf etdirilir və sistemli şəkil alır. Təlim prosesi ekoloji tərbiyənin çox mühüm yoludur. Ayrı-ayrı fənlərin tədrisində ekoloji təhsil və tərbiyə üçün böyük imkanlar vardır. İbtidai siniflərdə şagirdlər təbiətşünaslıq və ətraf aləmlə tanışlıq dərslərində təbiət və onun mühafizəsi haqqında ilkin təsəvvürlərə yiyələnir, onlarda təbiətə məhəbbət, onu qorumağın vacibliyi fikri aşılanır.
Orta və yuxarı siniflərdə ekoloji təhsil və tərbiyə işləri genişləndirilir. Kimya dərslərində torpağın münbitliyini saxlamaq üçün kimyəvi gübrələrdən istifadə edilməsi, sənaye və məişət tullantılarının emalı, ekoloji cəhətdən təmiz ərzaq məhsullarının istehsalı və s. barədə təsəvvürlər aşılanır. Bunlar isə şagirdlərin ekoloji təfəkkürünün inkişafına güclü təsir göstərir. Ekologiya və təbiəti mühafizə sahəsində digər fənlərdə - biologiya, zoologiya, botanika, coğrafiya dərslərində daha ətraflı biliklər verilir və onların tətbiqi aspektləri nəzərdən keçirilir.
Ekoloji tərbiyə sahəsində dərslərdə aparılan iş sinifdənxaric və məktəbdənkənar tədbirlər yolu ilə daha da dərinləşdirilir. Yerli şəraitdən asılı olaraq təbiəti mühafizə işinin müxtəlif formalarından istifadə olunur: məktəb meşəçiliyi, gənc təbiətçi dərnək və klubları, məktəb qoruqları, meyvə bağları, şagird istehsalat briqadaları, ekologiya üzrə olimpiada və viktorinalar, məktəb ekologiya cəmiyyəti, ekologiya ayları, ekologiya reydləri və s. belə maraqlı formalardandır. Məktəblərdə və yaşayış yerlərində yaşıllıq iməciliklərinin keçirilməsi, mavi və yaşıl keşikçi dəstələrinin yaradılması, ilk çiçək bayramlarının, meşə və quş günlərinin, təbiət dostları və gənc bağbanların müsabiqələrinin təşkili kimi tədbirləri məktəblərdə ənənə şəklinə salmaq lazımdır.
-
Dostları ilə paylaş: |