Hüquq tərbiyəsi
Hüquq tərbiyəsi tərbiyənin tərkib hissələrindən biridir. Hüquq tərbiyəsi vasitəsilə insanlar hüquqi biliklərə yiyələnir cəmiyyətdə mövcud olan hüquq normaları, onların mahiyyəti, hüquqi pozuntularının konkret nəticəsini öyrənirlər. İnsanlar cəmiyyətdə vətəndaşın hüquqları haqqında zəruri biliklərə yiyələnirlər. Hüquq tərbiyəsi vasitəsilə tərbiyə olunanlarda cəmiyyətdə mövcud hüquq normalarına münasibət formalaşdırılır.
Hüquq tərbiyəsi şəxsiyyətin ahəngdar inkişafına yönələn ideya-tərbiyə işləri kompleksinin mühüm bir istiqamətini təşkil edir. Hazırda, hüquqi dövlət quruculuğunun həyata keçirildiyi bir dövrdə gənc nəslin hüquq tərbiyəsi böyük əhəmiyyət kəsb edir
"Hüquq" ərəbcə "haqq söz" deməkdir. Hüquq ictimai şüurun bir forması olub, dövlət tərəfindən müəyyən edilən və mühafizə olunan, ictimai münasibətləri tənzimləyən məcburi davranış qaydaları sistemidir. Hüquq əxlaqla sıx bağlıdır. Hüquq normaları əxlaq normalarından müəyyən cəhətdən fərqlənir: hüquq normaları hamı üçün məcburidir və rəsmi dövlət aktlarında əks olunur. Hər cür fəa-liyyətdə olduğu kimi, hüquqi fəaliyyət də insanın hüquqi düşüncəsi, inamı və hüquqi davranışının vəhdəti kimi özünü göstərir.
İnsanın hüquqa dair təsəvvürləri, ideya və görüşləri, hissləri, onun hüquq düşüncəsində ifadə olunur. Hüquq düşüncəsi nə qədər yüksək olarsa, insan hüquq normalarını bir o qədər şüurlu yerinə yetirər, onların pozulmasına yol verməz.
İnsanın şüur və davranışı vəhdətdə olub, bir-birini şərtləndirir. Onun hüquqi davranışı da hüquqi şüur səviyyəsindən, intellektual və emosional inkişafdan çox asılıdır. Qanunazidd hərəkətlər, bir qayda olaraq, insanın təhrif olunmuş bilikləri, tələbat və maraqları ilə bağlıdır. Məsələn, pozulmuş, təhrif edilmiş maddi tələbatlar acgözlük, tamahkarlıq, pul və mal-dövlət hərisliyi yaradır. Yaxud, təhrif olunmuş ünsiyyət tələbatı şöhrətpərəstlik, eqoizm, zorakılıq yaradır. Bu mənfi sərvət meyllərinin təsiri altında hüquqazidd hərəkət-lər (oğurluq, rüşvətxorluq, xuliqanlıq və s.) baş verir.
Cəmiyyətə zidd hərəkətlərin səbəbləri, ilk növbədə, insanın hüquqi şüurunun aşağı səviyyədə olması ilə, cəmiyyət və hüquq haqqında yanlış təsəvvürləri ilə, şəxsiyyətlə cəmiyyət arasında, onların tələbləri arasında pozulmuş münasibətlərlə şərtlənir. Bu hal hüquqi şüurun, bütövlükdə hüquq tərbiyəsinin vacibliyini göstərir.
Hüquq tərbiyəsi gənc nəslin hüquqi şüur və davranışını, habelə hüquq normalarına münasibətini formalaşdırmaq məqsədi güdən planlı və mütəşəkkil fəaliyyət prosesidir. Hüquq tərbiyəsi qarşısında aşağıdakı vəzifələr durur:
1) gənc nəsildə hüquqi şüur, hüquqa və qanunçuluğa dair baxış və təsəvvürlər aşılamaq;
2) uşaq, yeniyetmə və gənclərdə hüquq psixologiyası formalaşdırmaq:
3) böyüyən nəsildə hüquqi davranış təcrübəsi, birgəyaşayış qaydalarına uyğun düzgün davranış bacarıqları formalaşdırmaq, yeniyetmələr arasında qanunpozma hallarının qarşısını almaq, bu məqsədlə profilaktik tədbirlər həyata keçirmək.
Hüquq tərbiyəsi insanın hüquqi şüurunun bütün komponentlərinə təsir göstərir: hüquqa dair biliklər (idrak komponenti), hüquqa münasibət (qiymətləndirmə komponenti), insanın davranış mövqeyi (iradi komponent). Hüquqi şüurun hər üç komponenti vəhdət halında çıxış edir. Hüquq normalarına dair biliklər və onlara müsbət münasibət əsasında hüquqi əqidə və davranış mövqeyi, yəni hüquqauyğun davranışa hazırlıq və səy formalaşır.
Hüquqi şüurun formalaşması və inkişafı uzun sürən, mürəkkəb və ziddiyyətli prosesdir; o, bütün ömür boyu davam edir. İlk hüquqi təsəvvürlər ailədə valideynlərin təsiri ilə formalaşır. Burada uşaq nəyin yaxşı və nəytin pis olduğunu öyrənir, ilk qadağanlarla, öz əməllərinə verilən qiymətlə ("olmaz", "ayıbdır" və s.) qarşılaşır. İlk əxlaqi təsəvvür və qiymətlər əsasında onda bəsit hüquqi təsəvvürlər, hisslər və münasibət formalaşır.
Hüquq tərbiyəsi məktəbdə planlı və sistemli xarakter kəsb edir, müxtəlif forma və metodlarla həyata keçirilir. Bu formalar içərisində dərs əsas yer tutur. Ayrı-ayrı fənlərin tədrisi prosesində şagirdlərin hüquqi şüurunun formalaşması üçün mövcud imkanlardan istifadə edilir. İbtidai siniflərin ana dili, təbiətşünaslıq fənlərində hüquqa dair elementar məlumatlar verilir.
Hüquq tərbiyəsi baxımından "İnsan və cəmiyyət" fənni daha böyük imkanlara malikdir. Bu fənnin köməyi ilə şagirdlər dövlət quruluşu, hüquq sistemi, Konstitusiya hüququ, qanunverici və icra orqanları və hüquqi məsələlər barədə biliklərə, siyasi-hüquqi baxış və təsəvvürlərə yiyələnirlər.
Hüquq tərbiyəsi üzrə təlim prosesində aparılan işlərlə yanaşı, sinifdənxaric və məktəbdənkənar işlər də böyük əhəmiyyət kəsb edir. Hüquq tərbiyəsi ilə bağlı sinifdənxaric işlər müxtəlif formalarda təşkil edilir. Məqsəd və məzmununa görə onları iki qrupa bölmək olar: a) hüquq təbliğatı və hüquqi şüurun formalaşmasına xidmət edən formalar; b) hüquq-mühafizə fəaliyyətinin təşkili formaları.
Birinci qrup formalara hüquqi mövzularda söhbət və mühazirələr, tematik axşamlar, viktorinalar, disputlar, əxlaqi-hüquqi məsələlərə dair bədii əsərlərin və filmlərin müzakirəsi, hüquq lektoriyaları, gənc hüquqşünas dərnəkləri, hüquq mövzularında konfr-ans-lar, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşlər, hüquq bilikləri klubu, gənclərin diskussiya klubu və b. daxildir. Bu formalar yeniyetmə və gənclərin hüquqi biliklərini artırmağa, hüquqi məsələlərə inam yaratmağa kömək göstərir.
İkinci qrup formalara məktəblilərin marağa görə könüllü dəs-tələri polisin gənc dostları, yaşıllıq dostları, sərhədçilərin gənc dostları, gənc yanğınsöndürənlər, gənc yol nəqliyyatı müfəttişləri, ictimai asayişi mühafizə dəstələri və b. daxildir. Bu formalar şagirdlərin hüquq-mühafizə fəaliyyətinin təşkilinə, onlarda hüquqi baxışların və əqidənin yaranmasına, müsbət adətlərin və fəal həyat mövqe-yinin, habelə əxlaqi-hüquqi təcrübənin formalaşmasına xidmət edir.
Məktəbdənkənar müəssisələr də hüquq tərbiyəsi sahəsində müəyyən rol oynayır. Uşaq-gənclər evi və sarayları, mədəniyyət saraylarında fəaliyyət göstərən dərnək və bölmələr, gənc təbiətçilər stansiyaları, uşaq kitabxanaları yuxarıda göstərilən bir çox iş formalarından istifadə edir (hüquq universitet və lektoriyaları, gənc hüquqşünas dərnək və klubları və s.).
Sinifdənxaric və məktəbdənkənar işlər uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkilində böyük əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, məktəblilərin, xüsusən yeniyetmələrin asudə vaxtı düzgün təşkil edilmədikdə onların bir qismi günlərini boş-boşuna keçirir, nəzarətsiz qalır, bəzən mənfi təsir altına düşür, hətta hüquqazidd hərəkətlərə (xuliqanlıq, sərxoşluq, narkomaniya və s.) yol verirlər. Yeniyetmə cinayətkarlığının təhlili göstərir ki, onların böyük qismi (60-70%-i), bir qayda olaraq, idman, mütaliə, bədii özfəaliyyət və digər ictimai-mədəni fəaliyyətlə məşğul olmamışlar. Bunu nəzərə alıb, şagirdlərin dərsdənkənar fəaliyyətini mənalı təşkil etmək, onları müxtəlif fəaliyyət növlərinə - idmana, ictimai-faydalı əməyə, elmi-texniki və bədii yaradıcılıq işlərinə, mütaliəyə geniş cəlb etmək lazımdır.
Hüquq tərbiyəsinin müvəffəqiyyəti onun planlı, məqsədyönlü və mütəşəkkil təşkilindən, bu sahədə məktəb, ailə və ictimaiyyətin sıx əməkdaşlığını təmin etməkdən asılıdır.
Dostları ilə paylaş: |