Azərbaycanın dövlət quruluşu. Ölkənin hüquq sistemi. Siyasi partiyaları Azərbaycanın dövlət quruluşu



Yüklə 53,07 Kb.
səhifə1/12
tarix16.05.2023
ölçüsü53,07 Kb.
#114197
  1   2   3   4   5   6   7   8   9   ...   12
Azərbaycanın dövlət quruluşu. Ölkənin hüquq sistemi. Siyasi partiyaları-


Azərbaycanın dövlət quruluşu. Ölkənin hüquq sistemi. Siyasi partiyaları
Azərbaycanın dövlət quruluşu
Dövlət, cəmiyyətin daxili təkamülünün məhsulu olub, obyektiv olaraq, təşkilati yetkinliyə məruz qalmışdır. Müxtəlif zamanlarda və müxtəlif şəraitdə dövlət cəmiyyəti idarə edən təşkilati, hökmranlıq mexanizmi kimin çıxış edir. Dövlətə -sosial qrupun, xalqın iradə və maraqlarını ifadə edən xüsusi dövlət aparatına malik olan cəmiyyətin siyasi hakimiyyətinin xüsusi təşkilatı kimi tərif vermək olar.
Dövlət cəmiyyət həyatının, siyasi inkişafın, iqtisadi, sosial və mədəni proseslərin inkişaf strategiyasını müəyyən edir, davranış normalarını yaradır, qanuna çevirir və onlara əməl olunmasına nəzarət edir.
Hər bir dövlətin xarakterini, siyasi sisteminin əsas məziyyətlərini onun Ali qanunu – Konstitusiyası müəyyən edir. Konstitusiya siyasi sistemin strukturunu əks etdirən sənəd və ya sənədlər toplusu olmaqla, hakimiyyətin necə bölüşdürüldüyünü, hökumət təsisatlarının funksiyasını və quruluşunu, onların necə fəaliyyət göstərməli olduqlarını müəyyənləşdirir. Konstitusiyada üç əsas hakimiyyət institutuna: qanunvericilik, icraedici və məhkəmə hakimiyyətinə başlıca yer ayrılır və bu institutların bölgülü və ya birgə fəaliyyətinin müxtəlif prinsipləri müəyyən edilir.
Konstitusiyaya görə Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır.
Azərbaycan Respublikasının demokratik dövlət olmasını şərtləndirən əsas meyarlardan biri xalqın (seçicinin) hakimiyyətin əsas mənbəyini təşkil etməsi və idarəçilik mandatının yalnız xalqa məxsus olmasıdır. Konstitusiyaya görə Azərbaycan Respublikasında dövlət hakimiyyətinin əsas mənbəyi xalqdır. Ümumbəşəri dəyərlərə əsaslanaraq özünün siyasi sistemini və idarəetmə formasını müəyyənləşdirmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan Respublikasında şəxsiyyət, cəmiyyət və dövlət arasındakı qarşılıqlı münasibətlər tarazlandırılmış şəkildə formalaşır, vətəndaşların hüquq və azadlıqları sosial dəyər kimi qiymətləndirilir və qanunla müdafiə olunur. Bu məqsədlə müxtəlif sosial qrupların, siyasi-ideoloji mövqeyindən asılı olmayaraq bütün siyasi partiyaların və çoxsaylı ictimai təşkilatların sərbəst fəaliyyət göstərmələri üçün qanuni təminat verilir və dövlət tərəfindən lazımi şərait yaradılır. Dövlətin demokratikliyi həm də onun əhalisinin əsas insan və vətəndaş hüquqlarına hörmətlə yanaşılmasını, hökumətin fəaliyyətinin və dövlətin idarəçilik prinsiplərinin xalqın idarəsinə söykənməsini tələb edir. Azərbaycanda demokratik dövlət rejimi nümayəndəli demokratiyanın (seçkili orqanların fəaliyyəti) mövcudluğuna və əhalinin həyatı ilə bağlı qanunların, qərarların qəbulunda onların iştirakına əsaslanır.
Azərbaycan Respublikasının demokratik dövlət olmasının əsas şərti onun hüquqi xarakter daşımasıdır. Öz fəaliyyətində hüququ rəhbər tutmayan, əsas insan hüquq və azadlıqlarını təmin etməyən, qanunun aliliyinə söykənməyən, ictimai həyatın bütün sahələrini qanunlar əsasında idarə etməyən sistem hüquqi ola bilməz. Bu mənada Azərbaycanda hakimiyyətin əsas mənbəyi kimi xalqı (seçicini) və əsas məqsədi kimi onun maraqlarının təmin edilməsini qəbul etməsi, eyni zamanda hüquqi dövlətin mövcudluğunu şərtləndirir. Bu halda vətəndaşlar dövlətin işlərində yaxından iştirak edir, cəmiyyətin demokratik şəraitdən bəhrələnməklə özlərinin hüquq və azadlıqlarını reallaşdırırlar. Dövlət konstitusion normalar vasitəsi ilə ictimai-siyasi sistemin sabitliyinə, əhalinin təhlükəsizliyi və maraqlarına təhlükə yaradan bütün halların qarşısını alır. Hüquqi dövlətin təşəkkülü və inkişafı vətəndaşların siyasi və iqtisadi hüquqları ilə sıx şəkildə bağlıdır. Mərkəzi və yerli icra hakimiyyəti orqanları hüquqi dövlətin inkişafını təmin edərkən hər şeydən əvvəl, Azərbaycan Respublikasının Konstitusiyasından və qanunlarından irəli gələn tələbləri və normaları rəhbər tutur. Bu isə təsadüfi deyil, çünki Konstitusiya və qanunlar hüquqi dövlətin əsas institutlarının özünüinkişafına və özünütəşkilatlandırmasına geniş imkanlar yaradır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
Dövlət quruluşunun forması
Dövlət quruluşunun forması dedikdə, dövlətin ərazi və ya milli-ərazi təşkili başa düşülür, yəni bu dövlətin ərazisi necə qurulub, hansı hissələrdən ibarətdir və onların hüquqi vəziyyəti necədir. Dövlət öz quruluş formasına görə unitar və federativ ola bilər. Dövlətlərin birləşmə forması, onların arasında ittifaq konfederasiya hesab olunur.
Unitar dövlət (latın dilində “unus” – “vahid”, “tək” deməkdir) – sadə, bəsit, vahid dövlətdir ki, onun tərkibi bir qayda olaraq inzibati - ərazi vahidlərindən (vilayət, mahal, rayon, departament və s.) ibarətdir. Unitar dövlətə Azərbaycan, Yaponiya, Fransa, İtaliya misal ola bilər. Belə dövlətlərdə federasiyadan fərqli olaraq vahid konstitusiya, dövlət hakimiyyətinin vahid ali nümayəndəli orqanları, vahid hökuməti, vahid vətəndaşlığı, vahid maliyyə - kredit və pul sistemi və s. olur. Ayrı-ayrı hallarda milli azlıqlar olduqda unitar dövlətin tərkibinə muxtar dövlət quruluşunun xüsusi statusundan istifadə edən bir və ya bir neçə siyasi ərazi vahidi də daxil ola bilər. Muxtar qurumların mövcudluğu belə dövlətlərin unitarizminə heç bir xələl gətirmir.
Federativ dövlət (latın dilində “fedus” - “ittifaq” deməkdir) - mürəkkəb ittifaq dövləti olub, bir sıra dövlətlərin və dövlət qurumlarının - federasiya subyektlərinin birliyinin nəticəsidir. Federasiya subyektləri (ştat, torpaq, dövlət) öz xüsusi inzibati-ərazi bölgüsünə malikdirlər. Unitar dövlətdən fərqli olaraq federasiya ali hakimiyyət orqanının iki sisteminə - federal orqanlar və federasiya subyektlərinin müvafiq hakimiyyət orqanlarına, iki növ hüquqi aktlara - federasiya və federasiya subyektlərinin hüquqi aktlarına, həmçinin federasiyanın subyektlərinin vətəndaşlığına malikdir. Federativ dövlətlərə Rusiya Federasiyası, ABŞ, Almaniya və s. aiddir.

Yüklə 53,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin