Azərbaycanın dövlət quruluşu. Ölkənin hüquq sistemi. Siyasi partiyaları-
Hüquq anlayışı, onun əlamətləri və mahiyyəti Sosial hadisə kimi, hüquq-ictimai münasibətlərin tənzimləyicisidir. Azadlıq, bərabərlik və ədalət ölçülərinin formal qaydada təsbit olunması vasitəsilə hüquq ümumsosial və qrup maraqlarının vəhdətini ifadə edir. Sırf hüquqi mənada “hüquq”sözü dövlət tərəfindən rəsmən müəyyənləşdirilmiş, bərqərar olunmuş və təmin edilmiş hamı üçün məcburi davranış qaydaları sistemidir. Hüququn iki mühüm tərəfinin izahı əsasında ona aşağıdakı kimi tərif vermək mümkündür: hüquq- mövcud cəmiyyətdə əldə edilmiş azadlıq və bərabərlik ölçülərini ifadə edən və ictimai münasibətlərin tənzimlənməsinə xidmət göstərən davranış qaydalarının dövlət tərəfindən rəsmən müəyyənləşdirilmiş, bərqərar olunmuş və qorunan hamı üçün məcburi qaydalar sistemidir.
Bu tərifə uyğun olaraq hüququn əlamətləri qismində aşağıdakıları fərqləndirmək olar: 1.İradi-şüuri xarakter. Hüquq- insanların iradə və düşüncəsinin təzahürüdür. Onda cəmiyyətin, sosial qrupların, ayrı-ayrı fərdlərin tələbat və maraqları ifadə olunur;
2. ümumi məcburilik. Digər sosial normalardan fərqli olaraq, hüquqi göstərişlər hüququn bütün subyektlərinə ünvanlanmışdır və onlar üçün məcburidir;
3. normativlik. Hüquq çoxdəfəli tətbiqə hesablanmış ümumi xarakterli qaydalardan ibarətdir və insanların davranışının bərabər miqyası və modeli kimi çıxış edir;
4. formal müəyyənetmə. Bir qayda olaraq, hüquq normaları yazılı şəkildə qeyd olunur və müəyyən məntiqi struktura malikdirlər. Hüquq subyektin hüquq və vəzifələrini dəqiq göstərməklə onun davranışının müəyyən çərçivələrini təyin edir. Adi hüquqda formal müəyyənlik vərdişlərin tətbiqinə icazə verən qanunun göstərişləri ilə təmin olunur;
5. sistemlilik. Hüquq bir-biri ilə sıx bağlı olan qarşılıqlı normaların bütöv bir sistemidir;
6. dövlət tərəfindən təminatlıq. Hüquq hər şeydən əvvəl onunla bağlıdır ki, hüquqi normalar dövlət tərəfindən müəyyən edilir və ya rəsmi şəkildə tanınır. Hüquq dövlət məcburiyyəti ilə qorunur;
7. tənzimləyicilik. Hüquq ictimai münasibətlərin nizamlayıcısı qismində çıxış edir və onun başlıca sosial dəyəri də elə bundadır;
8. azadlıq və ədalət tədbirlərinin ifadəsi. Hüququ çox vaxt azadlığın riyaziyyatı adlandırırlar. Həqiqətən də hüquq insanın əsas hüquq və azadlıqlarını təcəssüm etdirir, insana öz maraqlarını realizə etməyə açıq imkanlar yaradır. Bundan başqa, o, insanın davranışı ilə onun sosial vəziyyəti (ədalət) arasında balans yaradır;
9. kompromis xarakter. Hüquq öz xarakteri etibarilə cəmiyyət miqyasında sosial kompromis, özünəməxsus müqavilə alətidir;
10. prosedurluq. Prosedur, yəni hərəkətlərin müəyyən edilmiş qayda və ardıcıllığı nəşr üçün nəzərdə tutulduğu kimi, hüquqi normaların realizəsi üçün nəzərdə tutulmuşdur.