10.5. Sinif rəhbərinin işində pedaqoji
diaqnostikanın əhəmiyyəti
Məktəbdə şagirdləri və sinfi bir vəhdət halında öyrənmək üçün diaqnostik metodlardan istifadə olunmalıdır. Diaqnostikanın təcrübəsində istifadə üçün əlverişli olan metodları nəzərdən keçirək:
Müşahidə sinif rəhbərinə şagirdlər haqqında daha çox informasiya toplamağa imkan verən metoddur. Müşahidə şagirdin xarici əlamətlərinə, davranış və rəftar tərzinə, mühakimə qabiliyyətinə və nitq mədəniyyətinə görə təzahür edən xüsusiyyətlərini üzə çıxarmaqdan ibarət olan tədqiqat üsuludur.
Müşahidə metodu məhsuldar metod olub, hadisələri nəinki təsvir etməyə, eləcə də izah etməyə imkan verir. Odur ki, sinif rəhbərləri müşahidəni mütəşəkkil və ardıcıl surətdə təşkil etməlidirlər. Ona görə ki, müşahidə və onun nəticələrinin təhlili onlardan obyektivlik tələb edir.
Müşahidə üçün plan tutulur, nəyi və necə müşahidə etmək məsələləri planda əks etdirilir. Fakt və hadisələri, şagird davranışının müsbət və mənfi tərəfləri müşahidə edilir və müəyyən nəticələr çıxarılır.
Sinif rəhbərləri şagirdlərin rəftar və hərəkətlərini, keçirtdikləri emosional halları ətraflı öyrəndikdən sonra onun psixi vəziyyəti haqqında nəticə çıxarmalıdırlar.
Müşahidə diaqnostik vasitə işində ən əsas yerlərdən birini tutur. Hətta “çətin” tərbiyə olunan uşaqlarla aparılan tərbiyə işində də pedaqoji müşahidə üstünlük təşkil edir. Bunun bir neçə səbəbi vardır:
Birincisi, pedaqoji müşahidə uşağın həyat fəaliyyətində təbii şəraiti nəzərə alır;
İkincisi, peqaqoji müşahidə diaqnostikanın gizli formasıdır, bu zaman uşaq bir obyekt kimi pedaqoji yoxlamaya məruz qaldığını hiss etmir;
Üçüncüsü, pedaqoji müşahidə uşağın həyata münasibətlərinin bütün sahələrini birbaşa əhatə etməyə şərait yaradır;
Dördüncüsü, müşahidələr bu və ya digər münasibətin üzə çıxması üçün müxtəlif situasiyalar təklif edir;
Beşincisi, pedaqoji müşahidə dəyişən münasibətlərin dinamikasını laboratoriya metodlarından fərqli olaraq əks etdirir.
Təcrübədə sinif rəhbərlərinin “çətin” tərbiyə olunan uşaqlarla apardıqları işdə əsas səhvləri onların davranışına lazımi diqqət yetirməmələridir. Sinif rəhbərləri şagirdlərin pis davranışlarını qeyd edərək, səylərini bu hərəkətlərin düzəldilməsinə yönəldir, başqa formalarını isə düzəlişsiz və inkişafsız qoyurlar.
Münasibətlərin yaranması formaları o zaman real münasibət göstəriciləri hesab olunar ki, onlar pedaqoji müşahidəyə aid olsun.
Dostları ilə paylaş: |