10.4. Sinif rəhbərinin işinin səciyyəvi xüsusiyyətləri
Sinif rəhbərinin işi fənn müəllimlərinin, habelə pedaqoji kollektivin digər üzvlərinin işindən özünəməxsusluğuna görə fərqlənir.
Sinif rəhbərinin işinin səciyyəvi xüsusiyyətlərinə aşağıdakılar daxil edilə bilər:
Sinif rəhbəri həm rəhbər-tərbiyəçi, həm də müəllim kimi özünü şagirdlərdə təkrar etdirir, mənəvi keyfiyyətlərini öz yetirmə-lərinin mənəviyyatında davam etdirir;
Sinif rəhbəri şagirdlərin ictimai həyatda müvafiq mövqe tutmalarına, xalqa fayda verən bir qüvvəyə çevrilmələrinə kömək edir, hər bir şagirdi “yer üzünün əşrəfi” səviyyəsinə qaldırmağa çalışır;
Həmin fəaliyyətin son dərəcə çətin və mürəkkəb iş olması;
Öz fəaliyyətində müvəffəqiyyət qazanmaq üçün sinif rəhbəri şagirdlərin hamısının yaş və fərdi xüsusiyyətlərini nəzərə almalı, uşaqlara olan tərbiyəvi təsirləri səriştəli dirijor kimi vahid məqsədə yönəltməli, müxtəlif vasitə, yol və üsulların optimal variantlarını tapmalıdır.
Tərbiyəvi işdə hazır reseptlərlə işləmək olmaz. Bu sahədə iki eyni hadisəyə təsadüf etmək qeyri-mümkündür. Oxşar hadisələrin özlərinə də eyni cür yanaşmaq eyni nəticə vermir. İşin hər addımında sinif rəhbərindən zəngin erudisiya, böyük yaradıcılıq və pedaqoji səriştə tələb olunur;
Fəaliyyətin özünəməxsusluğunun bir cəhəti də bu fəaliyyətin son dərəcə məsuliyyətliliyidir. Uşaqların tərbiyəsində səhvə, məsuliyyətsizliyə yol verilsə, bu bizim gələcək ağrı-acılarımıza səbəb ola bilər.
Şagirdlərin hərtərəfli, məqsədyönlü öyrənilməsi sinif rəhbərlərindən zəngin pedaqoji məharət və ustalıq tələb edir. Buna görə də işgüzar sinif rəhbərləri gündəlik yazır və orada təlim-tərbiyə prosesində rastlaşdıqları maraqlı pedaqoji situasiyaları, faktları müqayisə, təhlil-tərkib edib ümumiləşdirmələr apararaq zəruri pedaqoji nəticələr çıxarırlar.
Sinif rəhbəri şagird şəxsiyyətini bütövlükdə öyrənməlidir. Çünki şəxsiyyət hisssə-hissə deyil, tam şəkildə formalaşır.
Dostları ilə paylaş: |