Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Təsəvvüfdə tərbiyə məsələləri



Yüklə 3,59 Mb.
səhifə48/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   443
4.5. Təsəvvüfdə tərbiyə məsələləri
Erkən orta əsrlər dövründə Azərbaycanın ictimai-siyasi, mə­də­ni-maarif həyatında, şəxsiyyətin tərbiyə və təlimində, pedaqoji fik­rində sufilik hərəkatı geniş vüsət almışdır ki, bu hərəkatın mahiy­yətini bilmədən o dövrün ədəbiyyatını, mədəniyyətini, mənə­viy­yatını, pedaqoji fikirlərini anlamaq çətin olar.

İslamda yaranmış mistik hərəkat sufilik adlanmışdır. “Mis­ti­ka” ingiliscə “Tanrıya dönüş” anlamını verir. Sufilik özünə məxsus bir həyat olmaqla maddiyyəti özündən uzaqlaşdırmaq və hər cür maddi istək və arzuya qarşı daxili mübarizədir. Təsəvvüf İslam qay­naq­lı olub, müsəlmanların mənəvi həyatının təbii nəticəsi olaraq meydana çıxmışdır. Təsəvvüfün əsas nüvəsi Quran və hədislərdir.

Təsəvvüfün özünə məxsus tərbiyə, əxlaq prinsipləri mövcud olmuşdur. Təsəvvüf bir ədəbdir, pis xasiyyətləri tərk edib, gözəl xasiyyətlər qazanmaqdır, kimsədən inciməmək, kimsəni incitmə- məkdir, nəfsə qarşı bir mübarizədir, hər kəsin yükünü çəkmək, kim­sə­yə yük olmamaqdır, bütün insanlara sevgi ilə baxmaq və onları özünə dost bilməkdir.

Təsəvvüf sözünün kökü haqqında müxtəlif fikirlər vardır. Bunların ən tutarlısı dil qaydalarına və tarixi gerçəkliyə uyğun olan “Təsəvvüf” ün kökü olan “Sufi” sözünün “Suf” sözündən (yəni “Yun”) alındığını söyləyən görüşdür. Şihabəddin Sührəverdi bu mövzuda bir çox fikirləri təhlil etmiş və göstərmişdir ki, Sufilər yun paltar geydiklərindən onlara sufi deyilmişdir. Məşhur hurufi şair Nəsimi bu mənada demişdir: “Geymə atlas, gey gilən şali sən” (yəni geymə ipək, gey yun).

Qaraqoyunlu Cahanşah Həqiqi isə deyir: “Nun” ( N ), “Mim” (م), “Dal” (د)-a təhsin”. Bu hərflərin toplusu “Nəməd” (مدZ) sözünü əmələ gətirir ki, bu da farsca “Yun” deməkdir. Ərəbcə dil qay­da­larına görə “Suf” kəlməsindən “Təsəvvüf” kəlməsini əldə etmək müm­­­kündür. Ərəblər köynəyə “Kamis”, köynək geyənə “Təkəm­məs” dedikləri kimi “Suf”- yun köynəkdir, onu geyənə “Təsəvvüf” de­­mişlər. ”Təsəvvüf” əhlinə daxil olan şəxslərə “Mütəsəvvüf” demişlər.

Azərbaycanın cənub hissəsi, Türküstan, İranın Şimalı-Şərqi sufizmin əsas mərkəzi olmuşdur ki, əsası VIII əsrdə qoyulmuşdur. Ədəbiyyatda təsəvvüf axını geniş və sürətlə yayılmışdır. Baba Kuhi (933-1051), Hakim Sənai (1072- 1131), Əhməd Yəsəvi (1103 -1166), Firudin Əttar (1119-1193) kimi böyük mütəsəvviflərdən başlayıb Əbdürrəhman Cami (1414-1522) kimi böyük alim-şairlərə qədər gəlib çıxmış, sonra da davam etmişdir. XIII əsrdə təsəvvüf ədəbiyyatının tanınmış nümayəndələri “Kəlamlar” adı ilə Azər­bay­can dilində böyük “Divan” yaratmış Beyrək Quşçuoğlu, bu dövrün görkəmli alim-şairləri olan Cəlaləddin Rumi, Hacı Bektaş Vəli, Yunus Əmrə, daha sonrakı əsrlərdə Qazi Bürhanəddin, Xətai, Nəi­mi, Nəsimi, Həqiqi və başqaları olmuşlar. “Qızıl gül kədərlə qön­çə­də bağlı qaldığı kimi; Mən də tənhalığı və tanrıya sitayişi seçmi­şəm” - deyən Şeyx Nizami Gəncəvi, “Bir əlimizdə qədəh, birində Quran;/Gah ayıq oluruq, gah sərxoş” - deyən Məhsəti Gəncəvi, “Kimi huşyar görsən sən, ona ver cami-mey, saqi; Bihəmdillah, Füzuli məstdir vəhdət şərabından” - deyən Füzuli, “Mənim tanrım gözəllikdir, sevgidir” - deyən Hüseyn Cavid, “Mənim ustadım Hafizdir, məscidim isə meyxanədir”- deyən Mirzə Şəfi Vazeh şeirlərində təsəvvüf düşüncəsi hiss olunmaqdadır.

Təsəvvüfün iki önəmli cəhəti vardır: Tərbiyə almaq və bilik qazanmaq. Təsəvvüf təlim və tərbiyəsində zikr etmək, təzkiyə (qəlbi təmizləmə, paklanma), təsviyə (ruhən saflaşma, zənginləşmə), rəb­ba­nilik, mücahidə (nəfsə cihad etmək) etmək kimi əsaslar və gözəl nümunə ideyası təsəvvüf həyatının əsas şərtlərindən sayılır. Tə­səv­vüf fikihlə, hədislə, təfsirlə və digər islami elmlərlə sıx bağlıdır.

Təsəvvüfdə bilik qazanmaq özünü tanımağa, özünü dərk et­mə­yə xidmət edir. Təsəvvüf elmi insana öncə özünü tanıma, sonra Al­lahını tanıma yollarını göstərir.

Böyük mütəsəvvüf Şihabəddin Sührəverdinin “Təsəvvüf” anlayışının şərhindən anlamaq olur ki, bu pedaqoji dillə desək in­sa­nın özünütərbiyəsi, özünükamilləşdirməsi, özünütəsdiqi və mənən zənginləşməsidir. O belə deyir: “Sufilik edən kəs özünə hesa­bat (əl- mühasebə), özünənəzarət (əl-müraqəbə) və özünü­müşahidə (əl-mü­şa­hidə) yolu ilə rəzilliklərdən çəkinib nəfsini paklandırmalı və kamilləşdirməlidir”.

Təsəvvüf əhli göstərir ki, İman (İslamı, Quranı, peyğəmbəri qəbul edənlər) və İslamdan (İslam qayda-qanunlarını yerinə yeti­rən­lər) sonra İhsan (Allahı qəlblərində görüb, hiss edənlər) səviyyəsinə yüksələnlər ən böyük, ən gözəl sevgili olan Allahı öz daxillərində gör­mənin şövq və həyəcanı ilə yaşaya bilirlər. Bu həyəcan isə insan­lara Allahın yaratdığı hər şeyi sevməkdir.Hər şeyi sevmək Al­lahı sevməyə qayıdır. Bu sevginin içərisində ən gözəli və ən şə­rəf­li­si olan insanı sevmək, onu yüksək qiymətləndirməkdir İnsan­oğ­lu­nun ən uzun axtarışı “Özünü axtarış” olmuşdur. Təsəvvüf də insanın kainatda özünü tanıma səylərinin nəticəsidir. İnsan özünü tanımağa yönələrkən “Yaradan və yaranmış” haqqında düşüncə ilə baş-başa qalır. Bu iki qavramın vəhdətdə, birlikdə qəbul edilməsi təsəvvüfün əsasını təşkil edir. “Vəhdəti-vücud” (“Tək varlıq”) anlayışı ilə var olan tək “O”dur. Var olan “O”dursa, insan da “O”dur, “haq”da “O”dur. Varlıq tək “O”dur. “O”na çatmağın yolu isə eşqdir.

Təsəvvüf mahiyyətli şeirlərdə, Allahın dərkinə göstərilən cəhd­lər eşq və məhəbbətlə eyniləşdirilir və Allahın özü “Dost”, “Yar”, “Haq”, “Sevgili” adlandırılır.

Təsəvvüf əhli yaşarkən həyatdan mənəvi zövq və həzz alır, dünyaya sevgi ilə baxır, bütün yaradılmışları Allah yaratdığı üçün və Allah sevdiyi üçün sevir və hər bir maddiyyətdə məna axtarır.

“Təsəvvüf” nəfsə yenmək, dünya naz-nemətlərindən uzaq ol­maq, dünya malından qaçınmaq, hər an əxlaqiləşmə, mənəviyyatı zənginləşdirmə, “bilik müsəlmanın itiyidir”-deyə həmişə, hər yerdə bilik axtarmalı, hər cür biliklərə yiyələnmək deməkdir.

Təsəvvüf təfəkkürü təkcə ədəbiyyatda, pedaqoji fikirdə deyil, bütün sənət əsərlərində, belə düşüncədə olan insanların bütün fəa­liy­yətində öz əksini tapmışdır. Erkən orta əsrlər dövründə milli üs­lub­da ucaldılmış məscidlərdə, təkkələrdə, evlərdə, imarətlər və mehmanxanalarda təsəvvüf təfəkkürü duyulmuşdur.

XII əsr Naxçıvan memarlığında Əcəmi Əbu-Bəkr Naxçıvani yaradıcılığı İslam əxlaqı və təsəvvüf düşüncəsi ilə zəngidir. Onun Nax­çıvanda ucaltdığı Mömünə xatun türbəsi özünəməxsus me­mar­lıq üslubu, təsvir və qavrayışlı görünüşü ilə, on üzündə tək­rar­lan­mayan mənalı naxışları, yazıları və kitabələri ilə bir mənəviyyat abi­dəsidir. Türbənin yuxarı hissəsində “Allah” sözü yazılmış və on üzlü türbənin bütün kənarları “Yasin” surəsinin mətni ilə haşiyə­lən­miş­dir. Mömünə xatun türbəsinin bir kitabəsində yazılmış müdrik fi­kir Əcəminin fəlsəfi dünyabaxışı, əbədiyyət düşüncəsi öz əksimni tapmışdır:

Təlatüm içrə biz, sükunətdə daim rüzigar;




Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin