DərsliK İqtisad elmləri doktoru, professor


§ 2. İNSTİTUSİONALİZMİN AMERİKA MƏKTƏBİ



Yüklə 0,6 Mb.
səhifə101/121
tarix11.03.2022
ölçüsü0,6 Mb.
#53615
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   121
referat 921

§ 2. İNSTİTUSİONALİZMİN AMERİKA MƏKTƏBİ
Amerikan institusionalizminin ən görkəmli nümayəndələri T.Veblen, C.Kommons və U.Mitçell olmuşlar.

Veblen 1923-cü ildə özünün "Absenteist mülkiyət və yeni dövrdə sahibkarlıq" (iştirak etməyən mülkiyyət) adlı sonuncu kitabını çap etdirir. Müəllif bu kitabda göstərir ki, tam şəkildə baxıla bilən mülkiyyət korporasiyalardadır, bu təsis fəaliyyəti daşıyır, fond sərvəti ilə ehtikarlıq edir. Bu onlara imkan verir ki, yeni siyasət həyata keçirsinlər, istehsalı məhdudlaşdırmaqla qiymətləri maksimuma qaldırsınlar və süni olaraq əmtəə çatışmazlığı yaratsınlar.

Veblen bu əsərində "biznes sistemini" ittiham edir. Guya ki, istehsal sistemi mənfəət əldə etmək məqsədinə qulluq edir. Korporasiyaların mənfəət ardınca qaçması ölkənin sərvətindən yırtıcılıqla istifadə etməyə gətirib çıxarır ki, bu da ictimai mənafelərdə ziddiyyət törədir. Veblen eyni zamanda maliyyə oliqarxiyasının siyasətini də tənqid atəşinə tutur, "tənbəl sinfin" sərvətinin əleyhinə çıxır, "tənbəl sinif" dedikdə Veblen maliyyə oliqarxiyasının nümayəndələrini, "absenteist mülkiyyət" sahibləri olan kapitalistləri, öz müəssisələrini idarə edənləri nəzərdə tuturdu.

Xüsusi bir metodoloji prinsip institusionalizmin nümayəndələrini birləşdirir: siyasi iqtisadın predmetinin geniş mənada izah edilməsi, yəni fənnlərarası yanaşma. Onların praktiki tövsiyələri də eyniyyət təşkil edir. Belə bir yanaşma o deməkdir ki, kapitalist iqtisadiyyatı üzərində "sosial nəzarətin" olmasını tələb etmək.

"Fənnlərarası yanaşma" dedikdə institusionalizm onu nəzərdə tutur ki, qeyri-iqtisadi hadisələr hesabına iqtisadi nəzəriyyə geniş mənada izah edilsin. Bu konsepsiya C.Kommonsun əsərlərində xüsusi yer tuturdu.

C.Kommons Amerika fəhlə sinfinin hərəkatının tarixini, həmkarlar ittifaqlarının yaranmasını, Amerika məhkəmə üsulunu yazmışdır.

C.Kommons mülkiyyətin iqtisadi məzmununu açmaq əvəzinə mülkiyyəti hüquqi münasibətlər əsasında tədqiq edirdi. Əmək və kapital arasında olan konfliktli hadisələri öyrənərkən C.Kommons iqtisadiyyat üzərində hüquqi münasibətlərə üstünlük verirdi.

C.Kommons dəyər kateqoriyasını tədqiq edərkən yenə də ilkin hüquqi münasibətlərə əsaslanırdı. O dəyərə belə bir tərif verirdi: bu gün mövcud olan gəlirin gələcəkdə qiymətləndirilməsinə dəyər deyilir. C.Kommonsa görə dəyər razılıqla, sövdələşmə yolu ilə yaranır. Dəyər kəmiyyətini o istehsalla deyil hüquqi qaydalarla, hüquqi üsullarla əlaqələndirirdi. Kapitalizmin hüquqi əsaslarını o məhz belə bir hüquqi münasibətlərdə görürdü.

Müəyyən hallarda ABŞ-ın Ali məhkəməsinin iqtisadi həyata qarışmasını, məsələn məhkəmənin qərarı ilə kapitallaşmış mənfəət hesabına səhmlərin kurslarının qaldırılmasını tədqiq edən C.Kommons iddia edirdi ki, hüquqi üsullar iqtisadi fəaliyyət üzərində nəzarət edir və bu prosesi o səmərəli hesab edirdi. Lakin C.Kommons yaddan çıxarırdı ki, iqtisadi fəaliyyətin hər hansı bir sahəsində gedən dəyişiklik istehsalla əlaqədardır, bu dəyişikliklər istehsal dairəsində olan dəyişikliklərin nəticəsidir.

Siniflərin mənafeyi anlayışını ayrı-ayrı qrup halında olan adamların mənafeyinə qarşı qoyan C.Kommons siniflərin antoqonist ziddiyyətlərini qəbul etmirdi. O göstərirdi ki, mənafelər toqquşa bilər, belə bir toqquşmanı isə həmkarlar ittifaqlarına daxil olan qruplara aid edirdi. C.Kommonsa görə bütün konfliktləri aradan qaldırmaq olar, müxtəlif ictimai qrupların mənafelərini barışdırmaq mümkündür. Belə konfliktlərin və mənafelərin həllini o kapitalist mülkiyyətini saxlamaq şərtilə "kollektiv müqavilələrin" bağlanmasında görürdü.

O iddia edirdi ki, kapitalizmin ziddiyyətlərinin yumşaldılması məqsədilə burjua dövləti mühüm rol oynamalıdır. C.Kommons təklif edirdi ki, dövlətin rolunun aktivləşdirilməsi məqsədilə proporsionallıq əsasında müxtəlif mənafelər hökuməti yaradılmalıdır. Onun fikrincə qanunvericilik və müxtəlif hökumət komissiyalarının islahatları hesabına yaranan bütün konfliktləri ləğv etmək mümkündür.

C.Kommons işsizliyin dövlət sığortası üzrə ilk qanununun hazırlanmasında yaxından iştirak etmişdir. Onun konsepsiyasının xülasəsi bundan ibarət idi ki, burjua dövləti kapitalist iqtisadiyyatına nəzarət etməli və onu tənzimləməlidir.

Dövlətin iqtisadi proseslərə nüfuzunun artması barədə C.Kommonsun əldə etdiyi nəticələr "inzibati kapitalizm" dövrünün real şəraitinə tam uyğun gəlirdi. Lakin dövlətin iqtisadi məsələlərə qarışmasının tam mahiyyətini C.Kommons tələb olunan səviyyədə işıqlandıra bilmirdi. Çünki o, ön plana dövlətin qanunvericilik fəaliyyətini keçirirdi. Ona görə, hökumət komissiyası yarana biləcək bütün ziddiyyətləri həll etmək qabiliyyətinə malikdir.

Qeyd edək ki, dövlətin (Kommonsun dövründə) iqtisadiyyata nüfuz etməsinin iqtisadi əsasları var idi. Buraya aşağıdakılar daxil edilir: inhisarçı kapitalizmin artması, inhisarların gücünün dövlətin gücü ilə qovuşması, büdcə vasitəsilə milli gəlirin xeyli hissəsinin yenidən bölüşdürülməsi və s.

C.Kommonsun bu konsepsiyası xeyli sonralar siyasi iqtisad elmində çox geniş yayılmağa başladı və bunun əsasında "ümumi rifah dövləti", "kütləvi istehlak cəmiyyəti" və digər bu qəbildən olan nəzəriyyələr yaranmağa başladı.

Burjua dövlətinin "sosial nəzarət" rolunu oynamasının digər variantını irəli sürən "institusionalizm" nümayəndəsi U.Mitçell olmuşdur. O, siyasi iqtisadın predmetini və qarşısında duran vəzifələri haqqında bir çox fikirlər irəli sürmüşdür. U.Mitçell insanların iqtisadi davranışının psixoloji qanunauyğunluqları barədə də maraqlanırdı.

Mitçellin iqtisadi konsepsiyasında "pul təsərrüfatı institutu" nəzəriyyəsi xüsusi yer tutur. Mitçellə görə cəmiyyətlərdə pul müstəqil rol oynayır və iqtisadi fəaliyyətin əsas hərəkətverici qüvvəsidir. Belə bir konsepsiyanı irəli sürən Mitçell iqtisadi nəzəriyyənin qarşısında duran vəzifələri formalaşdıraraq qeyd edirdi ki, pul iqtisadi nəzəriyyənin köküdür, iqtisadi nəzəriyyə isə pul tədavülü ilə insanların davranışı arasında olan əlaqələri öyrənir.

İnstitusionalizmin digər nümayəndələri kimi, U.Mitçell də induktiv tədqiqat metodundan istifadə edərək iqtisadi tədqiqatlara tənqidi yanaşmışdır. O göstərirdi ki, iqtisadi nəzəriyyə real həqiqəti adekvat olaraq işıqlandırmalı və formal məntiq ilə məhdudlaşmaq olmaz. Onun fikrincə nəzəriyyə faktları izah etməlidir. Mitçell öz tədqiqatlarında aktiv surətdə statistik metoddan istifadə edir, dəqiqliyi, konkretliliyi öz əsərlərinə tətbiq edirdi.

Mitçell kapitalist təsərrüfatının konkret təhlilini verir, hər şeydən əvvəl onun bu konkretliliyi pul tədavülü dairəsinə şamil edilirdi. Onun tədqiqatları empirik xarakter daşıyırdı və institusionalizmdə yaratdığı istiqaməti empirizm adlandırmaq olar. Faktiki rəqəmlərin riyazi üsulla işlənməsi metoduna U.Mitçell üstünlük verirdi.

U.Mitçellin metodundan proqnozlaşdırma prosesində də istifadə edilmişdir. Burjua siyasi iqtisadında Mitçellin proqnozlaşdırma metodundan istifadə edilərək kapitalist təsərrüfatında baş verə biləcək gələcək proseslərin kəmiyyət dəyişiklikləri öyrənilmişdir. Onun bu proqnozlar metodu əsasında "Harvard barometri" yaradılmışdır ki, bu "barometr" kapitalist təsərrüfatının gələcək vəziyyətindən xəbər verirdi. Lakin 1929-1933-cü illərdə baş verən böhran Mitçellin bu metoduna son qoydu.

U.Mitçell iqtisadi tsikillər sahəsində də xeyli tədqiqatlar aparmışdır. Praktiki olaraq kapitalist konyukturası haqqında Mitçellin təklifləri özünü doğruldurdu. Kapitalist tsikillərini xarakterizə edən bir çox amilləri Mitçell istehsala deyil, tədavül sferasına, birinci növbədə qiymətə, səhmlərin kursuna və s. aid edirdi.

U.Mitçell də digər institusionistlər kimi dövlətin iqtisadiyyata nüfuz etməsini dəstəkləyirdi. Bu məqsədlə də dövlətin kapitalist iqtisadiyyatına "sosial nəzarət" etməsi üçün bir neçə variant irəli sürmüşdü. Məsələn, o da 1923-cü ildə işsizlik haqqında dövlət sığorta sisteminin yaradılmasını irəli sürmüşdü. Bu o dövr üçün radikal və cəsarətli bir hal idi.

İlk dəfə olaraq Mitçell kapitalist "planlaşdırmasının" zəruriliyini irəli sürmüşdü. O göstərirdi ki, "planlaşma" kapitalizmdə daima və ardıcıl həyata keçirilməlidir. Bu məqsədlə də o xüsusi dövlət orqanının yaradılmasını təklif edirdi.

Eyni zamanda Mitçell göstərirdi ki, belə planlaşdırma indikativ, təklifedici xarakter daşımalı və xüsusi biznesi məhdudlaşdırmamalıdır. Mitçellin planlaşdırma haqqında irəli sürdüyü fikirlər əslində "sosial liberal planlaşdırma" konsepsiyası idi. O təklif edirdi ki, iqtisadiyyatı proqnozlaşdırmaq və antiböhran tədbirlər həyata keçirilməlidir. Eyni zamanda o göstərirdi ki, pul tədavülü mexanizmi korrektə (təshih) edilsin, məşğulluq səviyyəsi və işsizlik üzrə sığorta dövlət tərəfindən tənzimlənsin, bunun üçün uyğun dövlət idarələri yaradılsın.

1932-ci ildə A.Berlinin və Q.Minzinin "Müasir korporasiyalar və xüsusi mülkiyyət" kitabı nəşr edildi. Kitab bütövlükdə Veblenin ideyaları əsasında yazılmışdı. Kitabda sənaye korporasiyalarının rolu və yeri tədqiq edilirdi. Müəlliflər həmən kitabda korporasiyaların strukturu, mülkiyyətin bilavasitə istehsalı idarə edənlərdən ayrı düşməsi məsələləri təhlil edilmişdir. Statistik faktlar əsasında Berli və Minz sübut edirdilər ki, ABŞ iqtisadiyyatında iri korporasiyaların rolu artır, istehsal və kapital yüksək sürətlə mərkəzləşir və təmərküzləşir.

Bununla belə Berli və Minz lazımi səviyyədə kapitalist inhisarlarının fəaliyyətinin müəyyən cəhətlərini də tənqid edirdilər.

Məşhur Amerika iqtisadçısı və sosioloqu S.Çeyza özünün "Texnokratiya" (1933) kitabında yazırdı ki, iqtisadiyyatda proletariatın əhəmiyyəti azalır. Veblen sayağı qeyd edirdi ki, proletariatın üstünlüyü zəifləyir, gələcək cəmiyyətdə texniki - mühəndis ziyalıları çox da mühüm rol oynamayacaqlar.

"Böyük depressiya" dövründə institusionalistlərin ideyalarına ABŞ dövlət xadimləri də, o cümlədən Ruzvelt riayət edirdi. Depressiyaya qarşı mübarizədə A.Berli, Q.Minz, R.Taqvell hökümətin tədbirlərində yaxından iştirak etmiş və böhranlar əleyhinə bir çox proqramlar işləyib hazırlamışlar. Məsələn, prezident Ruzveltin "beyinlər tresti" proqramına Minz daxil edilmişdi. O, ABŞ mili resursları sənaye bölməsi Komitəsinin direktoru idi. Sonralar Minz milli resursların planlı idarə olunması İdarəsinin məsləhətçisi olmuşdu.

Digər tərəfdən, Kommonsun ideyaları, o cümlədən onun "qarşılıqlı sosial güzəştlər", müxtəlif ictimai qrupların mənafelərinin barışdırılması fikirləri Ruzveltin "yeni kurs" siyasəti proqramında öz əksini tapmışdır.

17 may 1933-cü ildə prezident Ruzvelt Konqresə göndərdiyi məktubunda sahibkarlarla fəhlələrin əməkdaşlıq etməsini zəruri hesab edirdi. 16 iyun 1933-cü ildə ABŞ iqtisadiyyatının bərpa olunması qərarında göstərilirdi ki, ümumi rifah mənafeyi nöqteyi-nəzərindən Konqress çalışır ki, "əmək fəaliyyətinin birləşdirilməsini həyata keçirsin və həvəsləndirsin, sahibkarlar da bu prosesə hökmən cəlb edilsin. Bu məsələlər hökümət tərəfindən qəbul edilsin və nəzarətə alınsın".

Belə bir böyük və geniş proqramın, dövlətin iqtisadi siyasətini həyata keçirmək məsədilə dövlət büdcəsi hesabına kapitalist inhisarlarına, kartellərə, kənd təsərrüfatı istehsalını nizamlayan dövlət orqanlarına, əmək və kapital münasibətlərinin nizamlanmasına, ictimai işlərin təşkilinə subsidiyalar (yardımlar) ayrılması zəruri hesab edilirdi.

Yeni qanunlar qəbul edilmişdi: fermerlərə subsidiyalar verilirdi. Bütün bu tədbirlər iki məqsəd güdürdü: 1) iqtisadi böhranı aradan qaldırmaq; 2) sosial ziddiyyətləri müvəqqəti yumşaltmaq üçün maliyyə kapitalının hökmranlığını möhkəmləndirmək.

Hökumətin fəaliyyətinə bəraət qazandırmaq məqsədilə Ruzveltin "yeni kursu" ətrafında geniş siyasi kompaniya aparılırdı. Dövlətin iqtisadi həyata qarışması, iqtisadiyyata nüfuz etməsi nəticəsində həqiqətən də ABŞ-da işsizlik ordusu azalmışdı, 1934-1935-ci illərdə istehsalın həcmi artmışdı.

Beləliklə, 1929-1933-cü illərdə institusionalizmin mərkəzi ideyası olan "kapitalist iqtisadiyyatı üzərində dövlət nəzarəti" konsepsiyası leqallaşdırılmışdı.



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin