§2. XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ MARKSİST İQTİSADİ TƏLİMİNİN AZƏRBAYCANDA YAYILMASI
VƏ İQTİSADİ ƏDƏBİYYATDA ŞƏRHİ
Tarixi inkişafın bu mərhələsi artıq keçilmiş bir yoldur. Onun məzmunu, sosial-iqtisadi inkişafda olmasına dair fikirləri mövcuddur. XX əsrin 20-30-cu illərində Azərbaycanın iqtisadi fikir tarixində marksist iqtisadi təliminin də özünəməxsus yeri vardır.
Azərbaycanın keçmiş SSRİ-nin tərkibində olduğu ilk dövr, yəni 20-30-cu illər onun iqtisadi fikir tarixinin ayrılmaz tərkib hissəsidir. Bu dövrdə Azərbaycanın həyatının bütün sahələrində - iqtisadiyyat, elm, mədəniyyət və incəsəntdə böyük dəyişikliklərin baş verməsi ilə səciyyələnir. Müəyyən mənfi meylləri və nəticələri ilə bərabər 20-30-cu illərdə Azərbaycanda iqtisad elminin inkişafında, milli iqtisadçı kadrların hazırlanmasında, iqtisadi təfəkkürün formalaşması və inkişafında böyük əhəmiyyət kəsb edir.
Bu dövrdə Azərbaycanda başlanğıcı ADR dövründə qoyulmuş iqtisadi təmayüllü elm və tədris ocaqlarının meydana gəlməsi işi geniş vüsət almışdır. Belə ki, 1922-1923-cü illərdə Azərbaycanda M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunun nəzdində iqtisad fakültəsi açılır və onun yanında iqtisadi tədqiqatlar aparan "Elmi iqtisadi cəmiyyət" də fəaliyyət göstərməyə başlayır.
1928-ci ildə isə Azərbaycan Dövlət Universitetinin nəzdində iqtisad fakültəsi və Sosialist Uçotu İnstitutu, 1930-cu ildə isə Azərbaycanda Sosial-İqtisad İnstitutu təşkil olunmuşdur. Yenə həmin illərdə Ticarət və Kooperasiya İnstitutu, Sovet quruculuğu və Hüquq institutları fəaliyyət göstərməyə başlayır. 1937-ci ildə bu institutlar və fakültələr birləşdirilərək K.Marks adına Xalq Təsərrüfatı İnstitutu yaradılır. 1959-cu ilə qədər bu institut fəaliyyət göstərir. Bu böyük iqtisadi tədris ocağının iqtisad elminin ayrı-ayrı sahələri üzrə dərs vəsaitlərinin, o cümlədən ilk dəfə Azərbaycan dilində "Siyasi iqtisad" dərsliyi və ixtisaslı kadrların hazırlanmasında müstəsna rolu olmuşdur.
20-ci illərdə Azərbaycanda marksist iqtisadi təliminin yayılması üçün elmi-tədqiqat işləri aparan "Azərbaycanı öyrənən və tədqiq edən cəmiyyət" (1923-cü ildə) fəaliyyətə başlayır. Bu cəmiyyətin nəzdində iqtisadiyyat bölməsi fəaliyyət göstərmişdir. Həmin cəmiyyətin əsasında isə 1929-cu ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu təşkil olunmuşdur. 1932-ci ildə isə keçmiş SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinə çevrilmişdir. Bu şöbənin əsasında 1935-ci ildə SSRİ EA-nın Azərbaycan Filialı, onun nəzdində isə iqtisadiyyat və coğrafiya sektoru təşkil olunmuşdur. Bu sektor Azərbaycanın xalq təsərrüfatının inkişafı ilə bağlı olan iqtisadi və coğrafi problemlərinin öyrənilməsində xüsusi rolu olmuşdur. Sonrakı dövrdə (1945-ci ildə) Azərbaycanın SSR EA-nın yaranması və onun nəzdində iqtisadiyyat və coğrafiya bölməsinin fəaliyyətə başlaması ilə Azərbaycanda iqtisadi fikrin inkişafı daha böyük miqyas almışdır. Belə ki, Azərbaycanın mühüm təsərrüfat sahələrinin, xüsusən də neft sənayesinin problemlərinə dair tədqiqat işləri hazırlanıb, çap olunur.
Demək olar ki, Azərbaycanda iqtisadi fikir tarixinin bu mərhələsində iqtisadi təmayüllü çap orqanlarının geniş şəbəkəsi yaradılır və 20-30-cu illərdə Azərbaycanın iqtisadi fikrində marksist iqtisadi təliminin inkişafında müstəsna rol oynamışdır. Bu illərdə Azərbaycan iqtisadi fikir tarixində marksist iqtisadi təliminin inkişafında, xüsusən də aşağıdakı çap orqanları (jurnallar) mühüm əhəmiyyət kəsb edir. Məsələn, "Narodnoe xozyaystvo" (1920-1921), "Azerbaydjanskoe neftyanoe xozyaystvo" (1921-1930), "İzvestiya Azerbaydjanskoqo statistiçeskoqo upravleniya" (1921-1924), "Azerbaydjanskaya kooperasiya" (1921-1923), "Kooperativ işi" (1923-1925), "Əkinçi" (1921-1924), "Yeni kənd" (1925-1929), "Ekonomiçeskiy vestnik" (1921-1926), "Ekonomiçeskiy vestnik Azerbaydjana" (1926-1930), "Azərbaycan Ali İqtisadi Şurasının əxbarı" (1921-1926), "İqtisadi xəbərlər" (1926-1931) və s.
XX əsrin 20-30-cu illərində ilk dəfə olaraq Azərbaycanda milli iqtisadçı kadrların əsərləri çap olunmağa başlanır. həmin illər Azərbaycanda iqtisadi fikrin inkişafında böyük rol oynayan və indi də əhəmiyyətini itirməyən bu cür əsərlərdən biri M.H.Vəliyevin (Baharlı) "Azərbaycan təbii-coğrafi, etnoqrafik və iqtisadi mülahizat" (1921-ci il) kitabıdır. Bu kitabda Azərbaycan iqtisadiyyatının nəinki tarixi keçmişi haqqında, həm də perspektivləri haqqında maraqlı iqtisadi fikirlər öz əksini tapmışdır. Həmin kitabın Azərbaycanda marksist iqtisadi təliminin inkişafında böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq o 1993-cü ildə təkrar nəşr olunmuşdur.
20-30-cu illərdə nəşr olunan digər bir qiymətli kitab Y.V.Çəmənzəminlinin "Tarixi, coğrafi və iqtisadi Azərbaycan" (1921-ci ildə İstanbulda nəşr olunub) kitabıdır. Onu da deməliyik ki, Azərbaycanın bütövlükdə coğrafiyası, onun əyalətləri, təbii və iqtisadi resursları, neft, mis, ipək, yun və xalı, balıq və kürü istehsalı haqqında kitabda verilən məlumatlar, aparılan tədqiqatlar və təhlillərin indiki dövr üçün də mühüm əhəmiyyəti vardır. Həmin kitab 1993-cü ildə nəşr olunmuşdur. Bu illərdə Azərbaycanda iqtisadi fikrin yayılması və iqtisadi ədəbiyyatda şərhində əvəzsiz xidməti olanlar sırasına H.Dadaşov, Q.Sultanov, Ə.Fərəcov, B.Həsənbəyov, M.Ağayev, Ə.Qasımov, M.Mustafayev və b. daxildirlər.
Deməli, XX əsrin əvvəllərində və sonrakı dövrdə Azərbaycanda marksist iqtisadi təliminin yayılması və iqtisadi ədəbiyyatda əks olunmasında, milli kadrların hazırlanması, ümumiyyətlə, nəzəri və konkret iqtisad elmlərinin inkişafı respublikada iqtisadi tədris ocaqlarının və xalqın iqtisadi təfəkkürünün formalaşmasında bir çox rus alimlərinin - A.İ.Şikov, V.A.Udintssev, D.M.Qolovkin, T.L.Berin, K.İ.Sofronoviç, P.K.Juze, A.A.Trivus və b-nın böyük əməyi olmuşdur.
Həsən Dadaşovun "SSRİ təsərrüfatında izafi əmək məsələsinə dair" (1927-ci il), B.Həsənbəyovun "Marksın dəyər nəzəriyyəsi" (1930-cu il), Ə.Fərəcovun "Ümumi dəftərdarlıq" (1928-ci il), "Mühasibat uçotu teoriyası (1940-cı il), T.L.Berinin "Vilyam Petti" (1929-cu il), Q.Sultanovun "Azərbaycan sənayesinin bəzi sahələrinin inkişafının qısa oçerki" (1923-cü il), "Siyasi iqtisadın predmeti" (1929-cu il), "Yağ-piy sənayesi və onun perspektivləri" (1928-ci il), "N.İ.Sofranoviçin "Tuqan Baranovskinin bazar nəzəriyyəsi və onun tənqidi" (1930-cu il), M.Mustafayevin "Siyasi iqtisadın vəzifələri" (1932-ci il) əsərləri və i. a. həmin dövrün marksist iqtisadi təliminin yaranması və inkişafında mühüm rolu olmuşdur.
Bütün bunlar XX əsrin əvvəllərində və sonrakı illərdə Azərbaycanda marksist iqtisadi təliminin yayılmasında və inkişafında, eləcə də ölkəmizdə iqtisadi tədris ocaqlarının yaranması və iqtisadi tədris mərkəzlərinin fəaliyyətə başlaması nəticəsində milli iqtisadçı kadrların formalaşmasına səbəb olmuşdur. Bu da həmin dövrdə və sonrakı illərdə Azərbaycanın xalq təsərrüfatının ayrı-ayrı sahələrinin və bütövlükdə iqtisadiyyatının inkişafı üçün şərait yaratmışdır.
Dostları ilə paylaş: |