DərsliK İqtisad elmləri doktoru, professor


§4. MÜASİR DÖVRDƏ (90-2000-ci illərdə) AZƏRBAYCANIN İQTİSADİ FİKRİNDƏKİ DƏYİŞİKLİK, ONUN İQTİSADİ ƏDƏBİYYATDA VƏ DÖVLƏTİN İQTİSADİ SİYASƏTİNDƏ ƏKSİ



Yüklə 0,6 Mb.
səhifə111/121
tarix11.03.2022
ölçüsü0,6 Mb.
#53615
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   121
referat 921

§4. MÜASİR DÖVRDƏ (90-2000-ci illərdə) AZƏRBAYCANIN İQTİSADİ FİKRİNDƏKİ DƏYİŞİKLİK, ONUN İQTİSADİ ƏDƏBİYYATDA VƏ DÖVLƏTİN İQTİSADİ SİYASƏTİNDƏ ƏKSİ
Artıq XX əsr XXI əsrə qovuşmuşdur. Bu tarixi dövrdə həyatımızın bütün sahələrində, o cümlədən Azərbaycanın milli iqtisadiyyatında da böyük dəyişikliklər baş vermişdir. Belə ki, Azərbaycanda sovet dövründə iqtisad elmləri sistemi yaradılmış, yüksək ixtisaslı iqtisadçı kadrlar hazırlanmış, xalqın iqtisadi təfəkkürü inkişaf etmişdir. Bu dövrdə iqtisadi fikir üçün mühüm səciyyəvi cəhət iqtisad elminin differensiyasıdır. Deməli, bu tarixi dövrdə nəzəri iqtisad (siyasi iqtisad), sahə və sahələrarası iqtisad elmləri yaranıb inkişaf etmişdir.

Lakin eyni zamanda bu dövrdə iqtisad elmləri sistemində müəyyən nöqsanlar da mövcud olmuşdur və onlar tədricən artmışdır. XX əsrin son onilliyində iqtisad elmləri sistemində ciddi yeniləşmə baş vermişdir. Bu yeniləşmənin mahiyyətini izah etmək üçün sovet dövründə iqtisadi fikirdə mövcud olan çatışmazlıqları göstərməklə, onların aradan qaldırılması iqtisadi tədbirlər görmək üçün vacibdir.

Müasir dövrdə Azərbaycanın iqtisadi fikrində (iqtisad elmləri sistemində) mövcud olan başlıca nöqsanlar aşağıdakılardan ibarətdir:

birincisi, iqtisad elminin siyasət və ideologiya ilə əvəz olunması kimi ziyanlı bir vəziyyət əmələ gəlmişdir;

ikincisi, əslində bununla da iqtisadi nəzəriyyə elmi həyatın reallıqlarından uzaq düşmüşdür;

üçüncüsü, iqtisad elmində ayrı-ayrı fikir və mülahizələrin generatoru kimi iqtisadçı alimlər deyil, partiyanın qurultay, plenumlarının qərar və qətnamələri çıxış edirdi;

dördüncüsü, real iqtisadi hadisələrə münasibətdə formasiyalıq və siniflik prinsipləri mütləqləşdirilmişdir;

beşincisi, məlum səbəblər üzündən Azərbaycanda iqtisad elmi əyalət məhdudiyyətindən azad ola bilməmişdir. Deməli, əslində iqtisad elmi ölkəmizin bugünkü suverenliyi istiqamətində inkişaf etdirilməlidir;

altıncısı, ideoloji məhdudiyyt və qadağalar ucbatından Azərbəycan xalqının iqtisadi fikir tarixində çoxlu ağ səhifələr mövcud olmuşdur;

yeddincisi, dünya iqtisadi fikri ilə əlaqə olduqca məhdud və qapalı olmuşdur.

Ümumiyyətlə, tarixi inkişafın bütün mərhələlərində iqtisadi fikir, iqtisadi düşüncə tərəqqiyə bu və ya digər dərəcədə təsir göstərmişdir. Lakin bu da bir həqiqətdir ki, iqtisad elmi bir sahə kimi XIX əsrdə daha qabarıq surətdə fəaliyyət göstərmişdir. XX əsrdə bu elmin rolu daha da artmış, dünya iqtisadiyyatının inkişafına güclü təkan vermişdir.

Bazar münasibətlərinə keçmək məqsədilə müstəqil Azərbaycan Respublikası öz iqtisadi inkişaf modelini azad iqtisadiyyat prinsipləri əsasında qurur. Əlbəttə, bu heç də o demək deyildir ki, illər boyu Azərbaycanda formalaşmış iqtisad elmi hər şeydən imtina etməli, bir növ fəaliyyətə yenidən başlamalıdır.

Birincisi, ona görə ki, XX əsrdə Azərbaycan iqtisadiyyatı 70 il keçmiş SSRİ-nin tərkibində olmasına baxmayaraq, əsrlərə bərabər olan inkişaf yolu keçmişdir. İkincisi, Azərbaycan 80-cı illərin əvvəllərində artıq özünün istehsal, elm və texniki po­ten­si­alı­nın səviyyəsinə görə qonşu dövlətlərdən xeyli öndə olmuşdur.

İqtisadi ədəbiyyatdan göründüyü kimi 90-cı illərdə Azərbaycan iqtisadiyyatında sözün əsl mənasında müsbət meyllər güclənmişdir. Bunu xüsusilə vurğulamaq lazımdır ki, son illərdə dövlət quruculuğu, yeni iqtisadi sistemin formalaşması istiqamətində çox güclü tədbirlər həyata keçirmiş, istehsalın aşağı düşməsi meyli dayandırılmış, keyfiyyətcə yeni iqtisadi artıma keçmək üçün şərait yaranmışdır.

Bu inkişafın ən böyük mahiyyəti odur ki, Azərbaycan bir müstəqil dövlət kimi yaşayır, fəaliyyət göstərir. Onun müstəqilliyinin dönməz, əbədi xarakter alması ölkəmizin milli iqtisadiyyatının inkişaf strategiyası ilə bağlı qlobal işlərin görülməsi üçün əsas yaradır.

İndi Azərbaycan Respublikası azad, sivil cəmiyyətin əsaslarının qoyulması, inkişaf etdirilməsi ilə bağlı konkret addımlar atır. Etiraf etməliyik ki, bu sahədə təcrübə o qədər böyük deyildir. Lakin XXI əsrin astanasında məlum çətinliklərə baxmayaraq, ölkəmizdə iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı çox mühüm işlər görülür. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya olunması istiqamətində konkret tədbirlər həyata keçirilir. Bütün bunlar nəzəri iqtisad elmi qarşısında yeni tələblər qoyur.

Yeri gəlmişkən bu gün əsas məsələ milli və azad iqtisadiyyatın Azərbaycanın xüsusiyyətləri, dünyanın inkişaf meylləri nəzərə alınmaqla qurulmasındadır. Buna görə də aydın, əsaslı proqnozlar gərəkdir. Bu isə dövlətin müvafiq strukturlarının ən vacib funksiyalarından biridir. Azərbaycanın milli iqtisadiyyatının dirçəldilməsində hamı maraqlı olmalıdır. Elə mənafelər var ki, onların gözlənməsi hər kəs üçün müqəddəs olmalıdır. Əgər milli və azad iqtisadiyyatın dirçəldilməsi yolları, strategiyası haqqında fikir aydınlığı varsa, bunlar araşdırılmalı, müzakirələr, diskussiyalar aparılmalı və fikir birliyinə nail olunmalıdır.

İndi müstəqil dövlətə çevrilmiş Azərbaycan Respublikasının qarşısında duran ən başlıca vəzifə siyasi müstəqilliyimizi, ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, milli və azad iqtisadiyyatın formalaşması haqqında problemi milli mənafelər baxımından səmərəli və həm də optimal müddətə həll etməkdir. Bu baxımdan da yaxın gələcəkdə Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyası qarşısında ikili bir problem durur. Bu, bir tərəfdən azad bazar iqtisadiyyatına keçidlə bağlı olaraq milli iqtisadiyyatımızı əsaslı surətdə qurmaq, digər tərəfdən isə keçmiş ittifaq əmək bölgüsü şəraitində həyata keçirilmiş vahid təkrar istehsal prosesinin tərkib hissəsi olmuş Azərbaycanın suveren dövlətə çevrilməsi ilə əlaqədar təkrar istehsalın azad xarakter daşıdığı indiki şəraitdə siyasi-iqtisadi müstəqilliyimizi reallaşdırmağa imkan verən milli iqtisadiyyatımızı formalaşdırmaq və inkişaf etdirməkdir.

Onu da qeyd etməliyik ki, milli və azad iqtisadiyyatın nəzəri cəhətdən öyrənilməsinə aid alimlərimizdən Z.Səmədzadənin, T.Vəliyevin, M.Meybullayevin, M.Əhmədovun, İ.Kərimovun, F.Hüseynovun və b.-nın tədqiqatlarına fikir verilməlidir.

Milli və azad iqtisadiyyatın potensialı nəinki mövcud təkrar istehsal şərtləri, resurslar balansı, onların istifadə dərəcəsi ilə habelə elmi-texniki tərəqqinin səviyyəsindən asılı olmayaraq hərəkətə gətirilə bilən imkanlarla müəyyən olunur. Öz növbəsində makroiqtisadi səviyyədə milli iqtisadiyyatın quruluşu əslində ölkədə mövcud istehsal resurslarının istifadəsi arasında yaranmış faktiki nisbəti əks etdirir. Bu da son nəticədə ictimai əmək bölgüsü ilə müəyyən olunan resursların bölgüsü, milli və azad iqtisadiyyatın formalaşmasında mühüm rol oynayır.

XXI əsrin əvvəllərində Azərbaycanın milli iqtisadiyyatını sistem halında təhlil edərkən aşağıdakı cəhətlərə diqqət vermək zəruridir. Dünyada elə bir ölkə yoxdur ki, o özünün idxal və ixrac siyasətində tənzimləmə üsulundan istifadə etməsin.

İqtisadi ədəbiyyatda milli və azad iqtisadiyyatın formalaşmasını nəzəri cəhətdən təhlil edən iqtisadçılar milli baza (əsas) kateqoriyasına xüsusi əhəmiyyət verirlər. Həmin fikirin tərəfdarları belə hesab edirlər ki, hər hansı bir ölkənin iqtisadiyyatının rəqabət qabiliyyəti yuxarıda qeyd olunan amillərlə yanaşı milli şəraitə, başqa sözlə, milli təsərrüfatın quruluşu, milli mədəniyyət, dövlət idarə işçilərinin mentaliteti, hətta ölkənin tarixi və s. mühüm təsir göstərir. Deməli, milli baza (əsas) dedikdə hər şeydən əvvəl iqtisadiyyatın inkişafına şərait yaradan, onu stimullaşdıran sosial-iqtisadi, ictimai-tarixi mühit, nəhayət, milli mentalitetə əsaslanan inkişaf konsepsiyasının olması nəzərdə tutulur. Məhz elə buna görə də Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələrdə inkişafın hərəkətverici qüvvələri, mənbələri məlum klassik bazar prinsipləri ilə izah oluna bilmir. Burada ən mühüm problem milli və azad iqtisadiyyatın, iqtisadi inkişafın milli-beynəlmiləl daxili və xarici, liberal prinsiplərinin əlaqəsi, optimal nisbətdə reallaşdırılmasıdır.

Bu gün iqtisad elmi Azərbaycanın sosial-iqtisadi inkişafında əvvəllərdə olduğu kimi öz xidmətini göstərməlidir. 90-cı illərdə ölkə iqtisadiyyatının strukturunda dəyişikliklər, istehsalın səmərəliliyi, əmək ehtiyatları, demoqrafiya, məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi problemləri iqtisadçı alimlərimiz tərəfindən çox ciddi şəkildə əsaslandırılmış və bu tədqiqatların nəticəsi müvafiq dövlət strukturl tərəfindən istifadə olunur. Deməli, Azərbaycanda milli və azad iqtisadiyyatın dirçəldilməsi kimi ali bir məqsəd naminə meydana çıxan bütün problemlər dövlətin iqtisadi siyasətində öz həllini tapmışdır.

Bütün bu illərin əməli nəticəsi olaraq 1995-1997-ci illərdə iqtisadiyyatın aşağı düşməsi dayanmış, ayrı-ayrı islahatların, sahələrin hesabına az da olsa daxili milli məhsulun artımı müşahidə olunmuşdur. İnflyasiya minimuma enməklə, əmtəə və xidmətlərin dövriyyəsinin xeyli artması və investisiya qoyuluşunun kəskin çoxalması belə qənaətə gəlməyə əsas verir ki, artıq Azərbaycan tədriclə durğunluq mərhələsindən çıxaraq canlanma fazasına daxil olmaq ərəfəsindədir.

Onu da deməliyik ki, bazar münasibətləri Azərbaycanın iqtisadiyyatının inzibati-amirlik (totalitar) sistemindən bazar sisteminə keçməsinin səmərəli yollarının axtarılması və tətbiqi ilə formalaşır. Bu yollar mövcud sosial-iqtisadi şəraitin təhlili, formalaşmış dinamika və meyllərin qiymətləndirilməsi və inkişaf istiqamətlərinin əsaslandırılmasını özündə birləşdirir.

XX əsrin son onillikləri keçmiş sosialist ölkələrinin və SSRİ-yə daxil olan müttəfiq respublikaların, o cümlədən Azərbaycanın tarixinə geniş miqyaslı iqtisadi-siyasi islahatlar dövrü kimi daxil olacaqdır.

Bu dövlətlərin və eləcə də inkişaf etmiş klassik bazar iqtisadiyyatlı ölkələrin təcrübəsi göstərir ki, bazar münasibətlərinin prinsipləri və iqtisadi sistemin keyfiyyətcə yeni bazisi əsasında, tam surətdə müvəffəqiyyətli transformasiyası belə, avtomatik olaraq ölkənin iqtisadi yüksəlişini, əhalinin rifahının yaxşılaşdırılmasını təmin etməyə zəmanət vermir. Başlıca məsələ, özülü mövcud reallıqlar üzərində qoyulmuş bu yeni iqtisadi sistemə söykənərək, ölkəmizin malik olduğu istehsal-resurs potensialını daha səmərəli şəkildə istifadə etməklə bazar iqtisadiyyatına keçməkdən ibarətdir.

Azərbaycanda bazar iqtisadiyyatına keçid dövründə iqtisadi islahatların ilk addımları bunu əyani surətdə sübut edir. Belə ki, iqtisadi islahatların aparılmasının vacib istiqamətləri üzrə təqribən eyni vəziyyətdə olan, lakin minimal - xammal ehtiyatları cəhətdən kasıb Baltikyanı ölkələrin (Estoniya, Litva və Latviya) və əksinə bu cəhətdən problemi olmayan Rusiya və Qazaxıstanın təcrübələri bir daha təsdiq etdi ki, Azərbaycanın iqtisadi yüksəlişi, sərvətinin daha da artırılması onun təbii ehtiyatları ilə deyil, bu ehtiyatlardan necə istifadə olunmasını müəyyən edən üsullarla bağlıdır.

Əgər ayrı-ayrı istiqamətlərdə aparılan radikal iqtisadi islahatların bütövlükdə XX əsrin sonunadək başa çatmasını nəzərə alsaq, onda XXI əsr Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasında ağırlıq mərkəzi tamamilə ölkənin malik olduğu resurs, elmi-texniki potensialdan bu əsasda Azərbaycanın dünya təsərrüfat sisteminə qoşulması problemləri üzərinə keçəcəkdir.

Bazar iqtisadiyyatına keçid dövründə iqtisadi islahatların perspektiv istiqamətləri mövcud qanunauyğunluqların, meyllərin və struktur dəyişikliklərin səmərəliliyini, amillərini nəzərə alaraq formalaşdırılır. Makroiqtisadi səviyyədə özəlləşdirmənin sürətləndirilməsini davam etdirməklə yeni sahibkarlıq formalarını inkişaf etdirmək və onun səmərəliliyi artırmaq üçün baş strateji xətt olmalıdır.

Bazar iqtisadiyyatına keçid dövründə Azərbaycanın müstəqilliyini qorumaq və möhkəmləndirməkdən ötrü onun son məhsul istehsal etmək yolu ilə dünya bazarına çıxmaq imkanını təmin etməkdir. Bu mənada Azərbaycan Respublikasında bütövlükdə iqtisadi siyasət, o cümlədən iqtisadi islahat strategiyası müəyyənləşdirilərkən aşağıdakı istiqamətlər əsas götürülməlidir:

birincisi, uzun illər boyu ümumittifaq əmək bölgüsündə müvafiq olaraq iqtisadiyyatın birtərəfli, qeyri-təkmil və asılı struktura malik olması üzündən istər maşın və avadanlıq, istərsə də xammal istehsalı və satılması üzrə respublikanın kənardan indiki asılılığını minimuma endirmək, istehlak bazarını yerli istehsal hesabına doldurmaq məqsədi ilə iqtisadiyyatın bütün sahələrində dövlət səviyyəsində xüsusi proqram əsasında zəruri struktur dəyişiklikləri həyata keçirilməlidir;

ikincisi, iqtisadiyyatın normal fəaliyyətinin təmin edilməsi üçün məqbul həddə dövlət sifarişləri tətbiq edilməlidir;

üçüncüsü, qiymətlər dövlət tərəfindən tənzimlənməlidir, lakin ümumi islahat gedişində qiymətlərin tam liberallaşdırılması zəruridir;

dördüncüsü, maliyyə-kredit siyasətinə yenidən baxılmalı, beynəlxalq maliyyə və bank təşkilatlarının "tövsiyələrinə" uyğun olaraq aparılmalıdır;

beşincisi, Azərbaycanın xarici siyasət sahəsindəki fəaliyyəti köklü surətdə yenidən qurulmalıdır;

altıncısı, Azərbaycan iqtisadiyyatının transformasiyası, islahatlaşdırılması, o cümlədən bazar münasibətləri mexanizmi sisteminin əsası olan mülkiyyət çoxnövlülüyünə keçidi təmin edilməlidir;

yeddincisi, ölkə iqtisadiyyatında geniş islahatların aparılması ilə əlaqədar yaranmış və yarana biləcək sosial gərginliyə yol verməmək, əhalinin sosial müdafiəsini təmin etmək üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi vacib və zəruridir.

Artıq Azərbaycanda bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində 90-cı illərin əvvəllərində itisadiyyatda xroniki xarakter almış geriləmə prosesinin qarşısı müəyyən mənada alınmış, ölkənin iqtisadi inkişafında yeni mərhələnin təməli qoyulmuşdur. Əldə olunmuş makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artması Azərbaycanın bazar iqtisadiyyatı istiqamətində inamla irəlilədiyini təsdiq edir.

2001-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) istehsalının artımı 10 faiz, illik inflyasiya 0,8 faiz, büdcə kəsiri 3 faizdən az olmuşdur. Neftin dünya bazar qiymətlərinin aşağı düşməsinin büdcə gəlirinə ciddi təsir etməsinə baxmayaraq, Azərbaycan dünyanın bir sıra ölkələrinin, o cümlədən Rusiyanın iqtisadiyyatını, maliyyə sistemini bürüyən böhranın təsirindən özünü qoruya bilmişdir. Ənənəvi olaraq Azərbaycan iqtisadiyyatında neft məhsulları mühüm rol oynayır. Son illərə kimi dövlət büdcəsi gəlirinin 50 faizə qədəri neft məhsullarının satışından qanunla müəyyən edilmiş vergi və rüsumların daxil olması hesabına formalaşırdı. Neftin dünya qiymətlərinin kəskin surətdə aşağı düşməsi Azərbaycanın maliyyə vəziyyətinə xeyli təsir edərək büdcə gəlirinin formalaşmasında gərginliklər yaratdı. Lakin bu mənfi faktlar iqtisadi islahatların gedişinin təkmilləşdirilməsinə, idarəetmədə struktur dəyişikliklərinin aparılmasına, ölkənin malik olduğu ehtiyatların təsərrüfatçılıq dövriyyəsinə cəlb edilməsinə təsir etmədi.

İdarəetmə sisteminin təkmilləşdirilməsi, dövlətin tənzimləyici funksiyalarının gücləndirilməsi, daxili bazarın qorunması, sahibkarlıq fəaliyyətinin inkişafına maneələrin aradan qaldırılması, investisiya fəallığının artması, qeyri-ənənəvi iqtisadi artım mexanizmlərinin işə salınması, bir sözlə, iqtisadi islahatların yeni mərhələsinə keçid üçün bir sıra tədbirlər həyata keçirildi.

İndi Azərbaycanda iqtisadi islahatların sürətləndirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir:

1) Ölkədə dövlət xərclərinin idarə olunması, hüquq və məhkəmə islahatının aparılması üçün yüksək səviyyəli komissiyalar yaradılması;

2) Dövlətin həyata keçirdiyi islahatlarla əlaqədar olaraq hüquq-mühafizə orqanlarında idarəetmə və icarə strukturlarında korrupsiyaya qarşı radikal tədbirlərin görülməsi;

3) İqtisadi sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin yalnız cinayət işlərinin istintaqı ilə məhdudlaşdırılması;

4) Ölkənin maliyyə-kredit, büdcə-vergi siyasətinə nəzarətdə radikal dəyişikliklər edilməsi, müəssisə, idarə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin konkret faktlara əsaslanmasına diqqətin artırılması;

5) Ölkənin maliyyə sistemində görülən işlərin, pul vəsaitinin formalaşması, bölgüsü və istifadəsində normal şərait yaradılması;

6) Vergi qanunvericiliyində, xarici investorların və iş adamlarının fəaliyyətinə mane olan halların aradan qaldırılması üçün radikal addımlar atılması;

7) Bankların restrukturlaşdırılması və özəlləşdirilməsi istiqamətlərində daha radikal tədbirlərin həyata keçirilməsi;

8) Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında 2001-2005-ci illəri əhatə edən İkinci Dövlət Proqramının həyata keçirilməsi təmin edilməlidir.

Bütün bunlar üçün də Azərbaycanda bazar münasibətlərinin formalaşdırılması proqramı iqtisadiyyatın bütün sahələrində aparıcı islahatların bir sistem kimi kompleks halında ardıcıl olaraq həyata keçirilməsini tələb edir. Bu proqram əslində Azərbaycanın müasir sosial-iqtisadi vəziyyətinin təhlili ilə başlanmalı və keçid mərhələsində iqtisadi siyasətin konseptual müddəaları, iqtisadi islahatların həyata keçirilməsi mərhələləri, yeni idarəetmə sisteminin formalaşdırılması, sosial proseslərin tənzimlənməsinin, struktur siyasətinin, beynəlxalq iqtisadi siyasətin yenidən qurulması istiqamətləri və s. məsələləri əhatə etməlidir.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin