§ 5. DÜNYA TƏSƏRRÜFATININ İ.VALLERSTAYN
NƏZƏRİYYƏSİ
Sol radikallar əyani surətdə göstərmişlər ki, inkişaf etməkdə olan ölkələrin bir çox daxili amilləri onların xarici fəaliyyətini əks etdirir; onlardakı zəif inkişafı asılılıq törədir, asılılıq isə öz növbəsində zəif inkişafdan irəli gəlir. Belə çətin vəziyyətin yaranmasının dərin səbəblərini aşkar etmək cəhdi tədqiqatçıların diqqətini cəlb etmişdir. Bununla əlaqədar müasir dünya təsərrüfatının yaranması və inkişafını izləyən bir sıra əsərlər meydana gəlmişdir. Onların sırasında A.Frankın və İ.Vallerstaynın elmi işlərini göstərmək olar.
1978-ci ildə Nyu-Yorkda və Londonda Andre Qundre Frankın "Dünyada yığım. 1492-1789" monoqrafiyası çapdan çıxdı. Bu əsərdə üç əsr ərzində, yəni Kolumbun Amerikanı kəşf etdiyi vaxtdan Böyük Fransa inqilabına kimi olan müddətdə kapital yığımının tarixi oçerkləri verilmişdir. Burada müəllif müasir dünyada yaranmış bərabərsizliyin tarixi köklərini təhlil etməyə çalışır. Onun başlıca ideyası ondan ibarətdir ki, periferiy cəmiyyətlərin geriliyi onların dünya kapitalist təsərrüfatına asılı və tabeli partnyor kimi daxil olmasından irəli gəlir. Dünya bazarı dünya dualizminin yarandığı və böyüdüyü mühitdə təşəkkül tapır. Metropoliyadan asılı olan periferiya kapitalizmi yararsız "xəstə" kompleks olur və sərbəst inkişaf qabiliyyətini itirir. Bu zaman yalnız asılı inkişaf deyil, həm də "zəif inkişafın inkişafı" gedir. Bu da müstəmləkə və asılı ölkələrə kapital ixracının nəticəsidir.
Asimmetrik qarşılıqlı asılılığın güclənməsi haqqında ideya İmmanuil Vallerstaynın "iqtisadi dünya" konsepsiyasında orjinal şərhini tapmışdır. Vallerstaynda inkişaf kateqoriyası yerini məkan genişlənməsi və müvəqqəti tsiklik xüsusiyyətləri olan dünya sisteminə verir. Ona görə də o, dünya sistemini "məkan-zaman tamlığı" adlandırır. Həmin konsepsiyanı ictimai əmək bölgüsü və mübadilənin təhlilinə əsaslanan tamlıq üsulu fərqləndirir.
İ.Vallerstayn inkişafın "mini-sistemlər", "kapitalist dünya təsərrüfatı" və "sosialist dünya hökuməti" kimi üç əsas mərhələsini götürür. O, "mini-sistem" dedikdə, sadə kənd təsərrüfatı cəmiyyətlərini, eləcə də ovçuları, həmçinin ilk qida toplayan qrupları nəzərdə tutur. Onun diqqət mərkəzində "mini-sistem"dən dünya sisteminə keçid durur. Bu keçidin əsasını o, milli təsərrüfatların inkişafında deyil, beynəlxalq cəmiyyətin qərarlaşmasında görür. Bunun da ayrı-ayrı sinif və etnik qrupları dünya təsərrüfatının yalnız yarımsistemləri kimi çıxış edir. Onun nöqteyi-nəzərincə həmin yarımsistemdə milli inkişaf zəif gedir.
İ.Vallerstaynın fikrincə Avropada kapitalizm bəşər cəmiyyəti inkişafının qanunauyğun məhsulu olmaqdan daha çox tarixi təsadüfdür. O, feodalizmin dağılmasına "demoqrafik qəza", hakim siniflərin real gəlirlərinin artması və bazar vasitəsilə yeni istehsal üsulunun yaranması kimi baxır.
Onun hesab etdiyi kimi ilkin kapital yığımı prosesinin özünəməxsus meyli vardır. Bu prosesin ümumi, yəni daimi meyli bütün tarix ərzində, xüsusən də kapitalizmin öz daxilində yaranmasilə təzahür olunur. İ.Vallerstaynın fikrincə, ilkin kapital yığımı yalnız mərkəzi deyil, həm də periferiyanı, yəni tamamilə bütün sistemi əhatə etmişdir. Artıq o zaman Latın Amerikası, Asiya və Afrika kapital yığımı prosesinə cəlb olunmuşdu. Burada yalnız istehsal ixtisaslaşması deyil, həm də dövlətlərin gücünün müxtəlifliyi mühüm rol oynamışdır ki, bu da son nəticədə qeyri-bərabər mübadiləni doğurmuşdur. "üçüncü dünya"da bütünlüklə ilkin kapital yığımı kimi əhalinin proletarlaşması da başa çatmamışdı. Ona görə iqtisadiyyatın kənardan yönəldilən deformasiya və dezinteqrasiyası natamam periferiy kapitalizminin xarakterik cəhətidir.
Hansı məhsul istehsal etməsindən asılı olmayaraq mərkəz və periferiya mənafelərinin qarşılıqlı tamamlanması bərabərsizliklə şərtlənir. İ.Vallerstayn yazır ki, mərkəz həmişə nisbətən inkişaf etmiş texnika, xeyli kapital qoyuluşu və yaxşı öyrədilmiş işçi qüvvəsi tələb edən sahələr üzrə ixtisaslaşır. Beləliklə, dünya təsərrüfatında yaranan bərabərsizlik uzun tarixi inkişafın məhsuludur. Məhz geridə qalan ölkələr beləcə geriliyə düçar olmuşlar; onlar qabaqcıl texnologiyaya yaxın buraxılmır, onlardan isə yalnız kapital deyil, hətta beyinlər də çəkilib aparılır.
Lakin inkişaf prosesində aralıq vəziyyət, yəni yarımperiferiya vəziyyəti tutan ölkələr qrupu meydana çıxır. Onlar mərkəzə görə periferiydir; lakin daha zəif ölkələrə nisbətən "mərkəz" mövqeyində dururlar.
Təəssüf ki, İ.Vallerstaynın nəzəriyyəsində başqa sol radikalların ideyalarında olduğu kimi yaranmış vəziyyətdən real çıxış yollarını axtarmaqdansa, kapitalizmin tənqidinə daha çox səy göstərilir.
Qərb ölkələrinin alimləri dünya təsərrüfat sistemi haqqında iqtisadi nəzəriyyənin formalaşmasında mühüm rol oynamışlar. Onlar zəif inkişaf etmiş ölkələrin iqtisadiyyatını təhlil etmək üçün qabaqcıl ölkələrdə hazırlanan materiallardan geniş istifadə etməyə çalışmışlar. Bunu neokeynsçi, neoklassik və institusional doktrinaların gələcək inkişafı tələb edirdi. Şübhəsiz, kəmiyyət tədqiqatlarının keyfiyyətlə əlaqələndirilməsi, proqnozların həyata keçirilməsi, sürətli sənayeləşmə aparılması, özünün və xaricdən cəlb edilmiş maliyyə vəsaitlərindən səmərəli istifadə olunması haqqında praktiki təkliflərin hazırlanması yaranan konsepsiyaların sanbalını artırmaq cəhdi olmuşdur.
Bu məsələ barədə iki əks fikir fardır. Klassik liberalizmin nümayəndələri müqayisəli üstünlük modelini inkişaf etdirərək kənardan yönəldilən siyasətin xeyrini sübut edirlər. Onların iqtisadi görüşləri Tayvan, Cənubi Koreya, Braziliya və bu kimi yeni sənaye ölkələrində məşhurdur. Onların əksinə olan sol radikallar belə inkişafın imkanlarını xeyli tənqidi qiymətləndirirlər ki, bu da Fidel Kastronun məşhur nitqində öz əksini tapmışdır. O, bloklara qoşulmayan ölkələrin dövlət və hökumət başçılarının VII konfransında dünya iqtisadi və sosial böhranı, onun inkişaf etməkdə olan ölkələr üçün nəticələri, qaranlıq perspektivləri haqqında demişdir ki, əgər biz yaşamaq istəyiriksə mübarizə aparmaq lazımdır. Lakin Kuba və yaxud Albaniya kimi daxilən qapalı ölkələr demək olar ki, qalmayıb. Halbuki beynəlxalq əmək bölgsünün tənqidi səslənməkdə davam edir.
Təəccüblü deyildir ki, neoklassik, neokeynsçi, institusional və radikal nümayəndələrin təklif etdiyi nəzəriyyə və reseptlərdə ümidsizlik keçən əsrin 70-ci, xüsusən də 80-cı illərində gücləndi. Bütün bunlar inkişaf etməkdə olan ölkələrin öz nümayəndələrinin hazırladığı iqtisadi nəzəriyyələrin yaranması və inkişafı üçün ilkin şərtlər yaratdı. Məhz bu zərurətdən "periferiya iqtisadiyyatı", "asılı inkişaf", "öz gücünə arxalanmaq", "yeni beynəlxalq qayda" və s. kimi konsepsiyalar meydana gəldi. Bunlar "üçüncü dünya" ölkələrində özünü dərketmə və elmi fikrin inkişafında mühüm rol oynadı.
Dostları ilə paylaş: |