§ 3. NEOKLASSİK SİNTEZ NƏZƏRİYYƏSİ
İqtisad elmində kök salmış makroiqtisadi nəzəriyyələr iqtisadiyyatın necə fəaliyyət göstərdiyini izah etməkdə öz aralarında rəqabət aparan və biri-digərinə alternativ olan nəzəriyyələr olmuşdu. Bu nəzəriyyələrə neoklassik, keynsçi, monetarist, təklif iqtisadiyyatı və səmərəli gözləmə nəzəriyyələri daxildir. Bu nəzəriyyələr, xüsusən də neoklassik və keynsçilik daim təkamülə uğramış, inkişaf edib təkmilləşmişdi. Hər bir nəzəriyyənin tərəfdarları iqtisadiyyatın makroiqtisadi problemlərinə aid olan əsas müddəalara vaxtaşırı yenidən baxıb, öz mövqelərində dəyişikliklər etməklə mühüm kompromislərə nail olmuşlar. Lakin monetarizm və səmərəli gözləmə nəzəriyyəsinin makroiqtisadi siyasətə güclü təsir göstərməsinə baxmayaraq, hamı tərəfindən qəbul olunmuş nöqtey-nəzər öz əmələ gəlməsi ilə keynsçilikdə qalmışdı.
İqtisadi nəzəriyyələrin təkamülünün indiki son mərhələsində onun ənənəvi istiqamətlərinin - keynsçiliyin və neoklassizmin ünvanına tənqid getdikcə artmışdı. Bununla yanaşı, onların əsasında konsepsiyaların yeni variantlarının, iqtisadi doktrinanın yenidən qiymətləndirilməsi, iqtisadiyyatın tənzimlənməsinin yeni metodlarının yaradılması prosesi gedir. XX əsrin 80-cı illərinin əvvəllərindən mühafizəkar meyllər, iqtisadi nəzəriyyədə azad sahibkarlıq iqtisadiyyatı bayrağı altında yeni mühafizəkar istiqamət olduqca güclənmişdi. Nəticədə ön plana neoklassik yönümlü təklif iqtisadiyyatı və səmərəli gözləmə nəzəriyyələri keçmişdi.
Müasir dövrdə həm də istiqamətlər, cərəyanlar və məktəblər arasındakı hüdudların silinməsi prosesi gedir. Çünki əsas istiqamətlərdən heç biri müasir iqtisadiyyatın həqiqi vəziyyətini əks etdirmir. Onların hər biri bu və ya digər real prosesləri əsas götürür və bu prosesləri birtərəfli izah edirlər. Ona görə də müasir dövrdə iqtisadi proseslərin mürəkkəbləşməsi, müəssisələrin iriləşməsi, satış probleminin kəskinləşməsi ilə iqtisadi problemlərin praktiki həllinin çətinləşməsi üzündən müxtəlif istiqamətlərin yaxınlaşma və sintez prosesi güclənmişdi. Bu yaxınlaşmanın obyektiv əsası praktiki vəzifələrin həllində dövlətin rolunun artmasıdır.
Əsas istiqamətlərin sintezləşməsinin əsasında onların tədqiqat predmetinin ümumiliyi durur. Müasir dövrdə müxtəlif istiqamətin iqtisadçıları öz diqqətlərini iqtisadi artım, onun amilləri və nəticələri, inhisarlar, dünya iqtisadiyyatı, inkişaf edən ölkələrin iqtisadi problemləri, ətraf mühitin mühafizəsi məsələləri kimi aktual problemlərə cəmləşdirmişdir.
Neoklassizm və keynsçilik sintezinin əsasını neokeynsçi iqtisadçılar (Nobel mükafatı laureatları C.Xiks və P.Samuelson) qoymuşdu. Onlar Keynsin nəzəriyyəsinə neoklassik təsvir vermiş, onu neoklassik iqtisadçı adlandırmış və onun iqtisadi nəzəriyyəsinin neoklassik ənənələri və kökləri haqqında danışmışlar. "Neoklassik sintez" anlayışı ilk dəfə 1937-ci ildə ingilis iqtisadçısı C.Xiks tərəfindən işlənilmişdi. Neoklassik sintez keynsin nəzəriyyəsilə neoklassik iqtisadi artım nəzəriyyəsinin sintezidir. Neoklassik sintez Keynsin nəzəriyyəsini "Natamam işsizlik" şəraitində müvazinət nəzəriyyəsi kimi şərh etmişdi. Keynsin nəzəriyyəsinin bu cür izah edilməsi müharibədən sonra hakim istiqamət olmuş və iqtisadi siyasətin əsas prinsiplərini formalaşdıran ortodoksal keynsçiliyin inkişafına səbəb olmuşdu.
Neoklassik sintezin görkəmli təbliğatçısı və yaradıcılarından biri amerikan iqtisadçısı P.Samuelson olmuşdu. O, 50-ci illərin əvvəlində keynsçiliyin və neoklassizmin bir vahid istiqamətdə birləşməsinin zəruriliyini əsaslandırmışdı. Neoklassizmin və keynsçiliyin yaxşılaşmasının və sintezinin aydın ifadəsi, onun "neoklassik sintez" nəzəriyyəsi oldu. P.Samuelsonun "Neoklassik sintez" nəzəriyyəsi iqtisadiyyatın dövlət tənzimlənməsi nəzəriyyəsinin mühüm qolu olmaq şərtilə iki istiqamətin əsas prinsiplərinin əlaqələndirilməsidir. Samuelsonun "Neoklassik sintez" nəzəriyyəsinin əsasını keynsçi səmərəli tələb nəzəriyyəsi ilə neoklassik istehsal və bölgü nəzəriyyəsinin birləşməsi təşkil edir. P.Samuelson özünün nəzəriyyəsinə həmçinin elmi-texniki inqilaba böyük əhəmiyyət verən institusionalizmin müasir nəzəriyyəçisi C.Helbreytin əsas ideyalarını da daxil etmişdi. Nəticədə xüsusi və dövlət sahibkarlığını əlaqələndirən qarışıq iqtisadiyyat yaranmışdı.
"Neoklassik sintez" - pul amili əlavə olmaqla natamam məşğulluq şəraitində tarazlıq nəzəriyyəsidir. Bu nəzəriyyədə fiskalizmin keynsçi ideyaları iqtisadiyyatı pul-kredit siyasətinin (faiz dərəcəsini dəyişmə, açıq bazarda əməliyyatları keçirmə və s.) köməyi ilə tənzimlənməsini nəzərdə tutan neoklassik konsepsiyaları ilə birləşmişdi. P.Samuelsonun fikrinə görə maliyyə siyasətinin vəzifəsi "ictimai əmtəələr" təklifi sferası üçün tənzimləyici tədbirləri təmin etməkdir. Dövlətin mikro aləmə müdaxiləsinin əsas məqsədi hökümət məsrəflərində optimallığa və dövlət, müəssisələr və cəmiyyətin ayrı-ayrı üzvləri arasında resursların səmərəli bölgüsünə və yenidən bölgüsünə nail olmaqdır.
Müasir dövrdə pulun iqtisadiyyatda oynadığı rol haqqında keynsçi və monetarist baxışlarda müəyyən yanaşma nəzərə çarpır. Pul haqqında ənənəvi keynsçi baxış olan "pul əhəmiyyət kəsb etmir" və yaxud ifrat monetarist ideya olan "yalnız pul əhəmiyyət kəsb edir" fikirlərinin olmasına baxmayaraq hər iki modellərdə pul xalis milli məhsulla eyni istiqamətdə təsir göstərir. Hər iki nəzəriyyəyə uyğun olaraq pul təklifinin genişlənməsi xalis milli məhsulu artırır və əksinə. Keynsçilik və monetarizm arasında mübahisə bu dəyişikliklərin kəmiyyəti mənasına cəmləşdirilmişdir.
Monetaristlərin sıxışdırılıb aradan çıxarılma səmərəsinə qarşı inamla mübarizə aparmaları sayəsində (nəticəsində) iqtisadçılar və siyasətçilər pul-kredit və fiskal siyasətin əlaqələndirilməsi zəruriliyini tam dərk etmişlər. Monetaristlər resursların yenidən bölgüsü və sabitləşmə vasitəsi kimi fiskal siyasəti rədd etmişlər. Onlar göstərirlər ki, fiskal siyasətin tam köməksizliyi və nəticəsizliyi sıxışdırıb ortadan çıxartma səmərəsi ilə şərtlənmişdir. Monetaristlərin fikrincə dövlət istiqraz satmaqla, yəni əhalidən pul borc almaqla büdcə defisiti yaradır. Nəticədə isə dövlət borcu pula tələbi artırır, faiz dərəcəsini yüksəldir və beləliklə də özəl bölmədən mühüm miqdarda xüsusi kapital qoyuluşları sıxışdırılıb aradan çıxarılır. Əks halda bu mənfəət olur.
Əgər fiskal siyasət sıxışdırıb aradan çıxarma səmərəsi törədirsə, bu səbəbdən fiskal siyasətin səmərəliliyi azalırsa, onda xüsusi investisiyaların potensial sıxışdırılıb aradan çıxarılmasını bir təhər kənar etmək üçün uyğun olan pul-kredit siyasətinin eyni zamanda aparılması zərurəti görünür.
Bunlardan başqa bütün istiqamətlərin yaxınlaşması prosesi özünü həm də iqtisadçıların indi həm məcmu tələbin və həm də məcmu təklifin təhlilinə əhəmiyyət vermələrində göstərir. Səmərəli gözləmə nəzəriyyəsi nəticəsində isə iqtisadçılar və siyasətçilər siyasətin dəyişməsinin nəticələrinə, gözləmənin mümkün təsirinə, mikro və makro nəzəriyyələr arasında əlaqələrə olduqca böyük əhəmiyyət yetirirlər.
Dostları ilə paylaş: |