§ 8. "MÜVAZİNƏTLİ QÜVVƏLƏR" VƏ "SƏNAYE
CƏMİYYƏTİ" NƏZƏRİYYƏLƏRİ. PLAN VƏ BAZAR
50-ci illərdə ABŞ-nın görkəmli filosof-alimi C.Gelbreyt özünün "Amerika kapitalizmi. Müvazinətli qüvvələr konsepsiyası" kitabını çap etdirdi. Bu nəzəriyyənin çıxış nöqtəsi ondan ibarət idi ki, müasir kapitalizm iri korporasiyaların əlində cəmləşən və təmərküzləşən iqtisadi güc bazar mexanizmi rəqabəti vasitəsilə kapitalizmi öz-özünə nizamlaması vasitəsini itirmişdir.
C.Helbreytə görə iri korporasiyalar sözün geniş mənasında güclü inhisar təsirinə məruz qalmışlar və inhisar gəliri getdikcə dar çərçivəyə alınır. O göstərirdi ki, az miqdarda olan satıcılar rəqabətin gücü ilə fantastikaya (ximera) çevrilirlər. Təkmil rəqabətin gücü ilə bir-birinə əks olan satıcı-inhisarlarla alıcı -inhisarlar arasında müvazinətli qüvvələr yaradır. Lakin onların mənafeləri bir-birinə ziddir: inhisarçı -satıcılar çalışırlar ki, baha satsınlar, inhisarçı -alıcılar isə ucuz almağa cəhd göstərirlər.
C.Helbreyt yazırdı ki, hər iki tərəfdən olan qüvvələr razılıq əsasında müvazinət yaradırlar və belə bir müvazinətli qüvvələr prosesi müasir kapitalizmi nizamlayan həlledici amilə çevrilir. Məhz buna görə də müasir kapitalizm inhisarların yaranmasının qarşısını almamalıdır. Xalq təsərrüfatının bütün sahələrində, xüsusilə pərakəndə ticarət sahəsində inhisarların yaranmasına dövlət şərait yaratmalıdır.
Bu səbəbdəndir ki, C.Helbreyt antitrest qanunvericiliyinə qarşı çıxırdı. Çünki antitrest qanunları müvazinətli qüvvələrə qarşı durur və onlara maneçilik törədir. Lakin o belə bir fikri də vurğulayırdı ki, yüz faizli inhisarlar haqqında olan qanun qüvədə qalsın. Ticarət və sənaye sahələrində olan belə inhisarlara tam oliqopoliya hüququ verilsin (yəni tam azadlıq).
C.Helbreytin konsepsiyasına görə iqtisadiyyatda "müvazinətli inhisar qüvvələri" nə qədər güclü çıxış etsələr iqtisadiyyatın da öz-özünü avtomatik idarə edilməsi güclənər və nəticədə isə iqtisadiyyata ümumi nəzarət məhdudlaşar, planlaşmaya da ehtiyac qalmaz. O iddia edirdi ki, "müvazinətli qüvvələrin" fəaliyyətinə heç kim maneəçilik etməsə o zaman dövlətin iqtisadiyyata nüfuz etməsinə ehtiyac qalmaz.
C.Helbreyt eyni zamanda onu da qeyd edirdi ki, "müvazinətli qüvvələr" bəzən lazımi səviyyədə fəaliyyət göstərmir, bəzən də elə hallar olur ki, heç fəaliyyət göstərmir. Onda dövlətin iqtisadiyyata qarışması zəruridir. Buradan belə bir nəticəyə gəlmək olar ki, C.Helbreytin fikrincə, dövlət də "müvazinətli qüvvələr" kimi çıxış edir. Onun fikrincə, həmkarlar ittifaqları da "müvazinətli qüvvələr" kimi çıxış edir, çünki həmkarlar ittifaqının iş qüvvəsinin satışı üzərində inhisarı mövcuddur.
Qeyd edək ki, "müvazinətli qüvvələr" konsepsiyası mahiyyət etibarilə tələb və təklif arasında olan münasibətləri ifadə edir və üç halda fəaliyyət göstərmir: 1) tələb təklifi üstələyəndə (kapitalist tsiklinin yüksəliş fazasında). Bu zaman alıcılar arasında rəqabət güclənir və qiymətlər qalxır. C.Gelbreyt qəbul edir ki, alıcıların "müvazinətli qüvvələri" tələbin artması ilə yox olur. 2) təklif tələbi üstələyən zaman (iqtisadi böhranlar dövrü): bu proses daxilində satıcılar arasında olan rəqabət kəskinləşir, kartel tipli müqavilələr öz əhəmiyyətini itirir və qiymətlər aşağı düşür. Və ya da inhisarlar süni olaraq istehsalı azaldırlar. Bu zaman qiymətlər ya əvvəlki səviyyələrində saxlanılır, ya da qiymətlər qaldırılır. 3) Dövlətin simasında inhisarlar yaranır, dövlət inhisarlardan hərbi vəsaitlər və materiallar alır.
C.Helbreytə görə belə vəziyyət bazarda qiymətlərə güclü təsir göstərir və nəticədə qiymətlər aşağı düşür. Bu proses hərbi resurslar istehsalı üçün daha səciyyəvidir.
Real həqiqətdə silahlanma prosesində qiymətlər artır. Müasir kapitalizmdə xüsusi inhisarlar ziddiyyət təşkil etmirlər, çünki dövlət xüsusi inhisarlarla əməkdaşlıq edirlər.
Qeyd edək ki, iri miqyaslı sənaye sahələrində olan inhisarlaşma (avtomobil, tütün və s.) bütün pərakəndə ticarəti əlinə alır, inhisarlaşmayan və nisbətən az inhisarlaşan sahələrdə (kənd təsərrüfatı, ağac emalı, kömür sənayesi və s.) və inflyasiya şəraitində "müvazinətli qüvvələr" yaranmır.
ABŞ kənd təsərrüfatında külli miqdarda olan fermer təsərrüfatları ölkə miqyasında təmərküzləşən sənaye inhisarlarına qarşı dururlar. İri inhisarlar bir tərəfdən kənd təsərrüfatı maşınlarının satıcıları kimi, digər tərəfdən isə kənd təsərrüfatı xammalının alıcıları kimi çıxış edirlər. Bu münasibətlə C.Helbreyt qeyd edir ki, Amerikanın kənd təsərrüfatında "müvazinətli qüvvələri" yaratmaq cəhdi uğur qazanmır, çünki təchizat kooperasiyaları ABŞ-da fermerləri birləşdirə bilmir. Ölkə miqyasında birləşə bilməyən fermerlər arasında rəqabət də güclənir.
C.Helbreytin "müvazinətli qüvvələr" nəzəriyyəsi rəqabət mübarizəsini əvəz etmir. Rəqabət bazar sistemində daima fəaliyət göstərir, lakin inhisarlar rəqabətə müqavimət göstərsə də rəqabət iqtisadiyyatın hərəkətverici qüvvəsi kimi qalırlar.
Burjua siyasi iqtisadının nəzəriyyəçiləri "sənaye cəmiyyəti" konsepsiyası da yaratmışdır. Bu nəzəriyyəyə görə ön plana maşınlı texnika və iri sənaye istehsalı keçirilir. Bununla əlaqədar olaraq inkişaf etmiş kapitalizm sistemi ilə sosialist (keçmiş) ölkələri eyni tipli "sənaye cəmiyyətləri" adlandırılır. "Sənaye cəmiyyətləri" nəzəriyyəsi 50-ci illərdə meydana gəlmişdir. Bu konsepsiyanın yaradıcıları C.Helbreyt, U.Rostou, R.Aron, S.Kuznets və başqalarıdırlar.
"Sənaye cəmiyyətləri" nəzəriyyəsinin yaradıcıları insan cəmiyyətinin inkişafının əsasını texniki iqtisadi amillərdə görürlər. Məsələn, U.Rostou (bu haqda ətraflı şərh bu fəslin dördüncü paraqrafında vermişik) göstərir ki, artıq kapitalizmdə "Ümumxalq rifah dövləti" mövcuddur. U.Rostou azad rəqabətin hökm sürdüyü dövrdə olan "sənaye cəmiyyəti " ilə "müasir sənaye cəmiyyəti" arasında heç bir fərq görmür. Burada inhisarçılıq şəraitində fəaliyyət göstərən sənaye cəmiyyəti nəzərdə tutulur.
Fransız alimi R.Aron göstərir ki, sənaye cəmiyyətləri inkişafın mərhələləridir, eyni zamanda coğrafi, tarixi və demokratik amillərin inkişafı olduğu üçün hər bir mərhələnin özünə uyğun olan müxtəlif sosial-iqtisadi strukturları vardır.
R.Aron belə bir nəticəyə gəlir ki, cəmiyyətin sənayeləşdirilməsinin həlledici amili maşın texnikasının tərəqqisi və əmək məsuldarlığı əsasında sənaye istehsalının artmasıdır. O, kapitalizmi və sosializmi "sənaye cəmiyyətinin" iki müxtəlif forması alandırmışdır.
Amerika alimi C.Helbreyt "sənaye cəmiyyətinin" əsasını ənənəvi olaraq istehsalın üç amili nəzəriyyəsində görür. O, istehsalın üç amili nəzəriyyəsini "sənaye sisteminə" uyğunlaşdırır. C.Helbreyt iddia edir ki, bir zamanlar torpaq istehsalın əsas amili idi, buna görə də bütün iqtisadi və siyasi hakimiyyət torpaq sahiblərinin əlində olmuşdur. Sonralar isə belə bir amil kapital oldu və sonralar kapital az tapıldığı üçün, nisbi artıqlığa malik olduğuna görə həlledici istehsal amilini ixtisaslı adamlar qrupu, istehsalı təşkil edənlər (hakimiyyət də bu adamlara məxsusdur) oynamağa başladılar.
C.Helbreytin fikrincə hakimiyyət "texniki strukturların" əlindədir. O qət edirdi ki, ixtisaslaşmış biliklər və onların koordinasiyası (əlaqələri) iqtisadiyyatın həlledici amili rolunu oynayır.
C.Gelbreyt belə bir nəticəyə gəlir ki, müasir kapitalizmin ziddiyyətləri tam mənası ilə aradan qaldırıla bilər və nəhayət kapitalizm səmərəli planlaşdırma sisteminə, "adekvat sənaye" sisteminə keçə bilər (bu haqda ətraflı fikir aşağıda veriləcəkdir).
20-30-cu illərdə iqtisadiyyata dövlətin nüfuz etməsi tərəfdarları ilə mühüm gücə malik olan, dərin intellektual ənənələri olan neoliberal məktəb, konservativ iqtisadi fikir nümayəndələri arasında mühüm əhəmiyyət kəsb edən fikir mübadiləsi gedirdi.
Şumpeter kimi, neoliberallar da cəmiyyətdə baş verən yeni təmayülləri - iri korporasiyaların artmasını, sahibkarların funksiyalarının institusionallaşdırılmasını, dövlət nəzarətini - kapitalizm sisteminin dağılması kimi qiymətləndirirdilər. Onlar azad rəqabət vasitəsilə müəyyən olunan bazar strukturlarının əsaslarının qırılmasından qorxurdular. Eyni zamanda onlar istəmirdilər ki, dövlətin nizamlayıcı fəaliyyəti olsun. Onlar bir də belə bir ideyadan qorxurdular ki, mərkəzləşdirilmiş planlı sistem yarana bilər.
İqtisadçı - liberallar isə aşağıdakı mühüm və prinsipial problemi müzakirə edirdilər: bazarın planlaşdırma tərəfindən inkar edildiyi şəraitdə resurslardan səmərəli istifadə etmək olarmı? Mübahisələr 30-cu illərdə daha da dərinləşmişdi. Bu qəbildən olan ideyaların səbəbkarları L.Mizes və F.Xayek idilər.
Onlar belə bir fikir irəli sürürdülər: tarixi formalardan fərqli olmayaraq hər bir cəmiyyətdə ümumi iqtisadi qanunauyğunluqlar fəaliyyət göstərir. Bu qanunauyğunluqlar əmtəə istehsalına və bazar münasibətlərinə əsaslanır. Onların fikrincə tələb və təklifin bazar mexanizmi vasitəsilə bir-birinə uyğunlaşması əsasında qiymətin əmələ gəlməsi qiymətlərin obyektiv surətdə yaranmasının yeganə vasitəsidir və bunun əsasında da resursları səmərəli bölmək olar.
Neoliberalizmin nümayəndələri olan iqtisadçılar iddia edirdilər ki, iqtisadiyyatın mərkəzdən (bazarın iştirakı olmadan) səmərəli surətdə nizamlanması qeyri-mümkündür, çünki həm təmərküzləşdirilmiş hakimiyyətin, həm də planlaşdırıcı orqanların qiymətin simasında olan heç bir meyarı (kriteriya) yoxdur.
Onların fikrincə qiymət tələbin həqiqi həcmini müəyyən edir və bunun da əsasında resursların optimal bölgüsü həyata keçirilir. Neoliberalların fikrincə o yerdə ki, azad bazar yoxdur, orada qiymət mexanizmi də yoxdur, qiymət mexanizmi olmadan iqtisadi hesablamalar sistemi də ola bilməz. Onların fikrincə, qiymət mexanizmi olmasa mərkəzdən həyata keçirilən planlaşdırma sistemi qeyri-səmərəlidir. Neoliberallar yazırdılar ki, minlərlə əmələ gələn qiymətlər bir-birinə qeyri-proporsionaldır, bu qiymətlər tələbin elastiklik normasından asılı olacaqlar. Eyni zamanda qiymətlərə istehsalın yerləşdirilməsi və istehsal metodlarının dəyişməsi təsir edəcəkdir.
İqtisadçı-neoliberallar sosializm üçün bir mühüm və prinsipial əhəmiyyət kəsb edən fikir də irəli sürmüşdülər: istehlak seçiminin azadlığını nə cür təmin etməli, səmərəli iqtisadi fəaliyyət stimulunu nə cürə qorumalı, belə bir sistemdə texniki tərəqqini necə təmin etməli.
Qeyd edək ki, Mizes və Xayek qiymətin əmələ gəlməsi prosesində bazar mexanizminin rolunu və resurslardan səmərəli istifadə olunmasını düzgün qiymətləndirirdilər. Lakin bazarın təshih edilməsini, nizamlanan bazar sisteminin ola biləcəyini, müxtəlif bazar strukturlarının fəaliyyət göstərə biləcəyini qəbul etmirdilər.
Azad rəqabət dövrünün kapitalizmini ideallaşdıraraq azad sahibkarlığa qayıtmaq istəyən neoliberallara (xüsusilə Mizes və Xayek) kapitalizmdə baş verən transformasiya hadisələri maneəçilik edirdi. Bu hadisələrə aşağıdakıları daxil etmək olar: mülkiyyətin korporativ formasının hökmranlığı şəraitində kapitalizmin qarışıq iqtisadiyyat sisteminə keçməsi, dövlətin nizamlayıcı fəaliyyəti, sahibkarlığın təşkilində plüralizm, rəqabətin və planlaşdırmanın bir-birini məhv etməməsi, rəqabətin və planlaşdırmanın yeni tipli bazar yaratması və s.
Neoliberalların belə bir fikrini də vurğulamaq məqsədə uyğun olardı ki, onlar iqtisadiyyatın nizamlanmasını və planlaşdırılmasını tənqid etsələr də, ümumiyyətlə, dövlətin iqtisadiyyata nüfuz etməsinin əleyhinə çıxış etmirdilər. Neoliberallar göstərirdilər ki, dövlətin məqsədyönlü hazırlayacağı tədbirlər rəqabətə əsaslanan bazarın funksiyasının fasiləsiz həyata keçirilməsinə xidmət etməlidir.
Neoliberallar göstərirdilər ki, hər hansı bir dəyişikliyə uyğunlaşan xüsusi təşəbbüs barədə olan dəyişməz qanunçuluğa, tələb olunan mühitə uyğunlaşan mərkəzləşdirilmiş idarəçilik arasında olan fərqi diqqət mərkəzindən qaçırmaq olmaz. Onların fikrincə, elə bir metod işləyib hazırlamaq lazımdır ki, bu metod daxilində "oyun qaydalarına" riayət edilsin və bu qaydalar xüsusi kapitalın fəaliyyəti üçün də "xarici şəraiti" təmin etsin.
İnstitusionalizm məktəbinin mühüm istiqamətlərindən biri də "iqtisadi bərabərlik" və iqtisadi tarazlıq nəzəriyyəsidir. İqtisadi bərabərlik dedikdə, bütün cəmiyyət üzvlərinin eyni hüquqi münasibətlər daxilində iqtisadi bərabərliyi, iqtisadi tarazlıq dedikdə isə təkrar istehsal prosesinin mexanizminin təhlil edilməsi nəzərdə tutulur.
İqtisadi tarazlıq nəzəriyyəsinin əsasını üç konsepsiya - son faydalılıq, son məhsuldarlıq və tələb-təklif təşkil edir. İqtisadi tarazlıq nəzəriyyəsinin iqtisadi-riyazi modelləri tərtib edilir ki, bu modellər də son faydalılıq, son məhsuldarlıq, tələb və təklif nəzəriyyələrinin təhlilinə əsaslanan sintezlərə söykənir.
Yuxarıda qeyd etdiyimiz kimi, iqtisadi tarazlıq nəzəriyyəsini Amerika alimləri C.Xiks və P.Samuelson, Qərbi Avropa iqtisadçıları F.Edcuort, U.Cevons, A.Marşall yaratmışlar. Bu nəzəriyyə siyasi iqtisadın Lozan məktəbi ilə əlaqədardır. Digər tərəfdən, iqtisadi tarazlıq nəzəriyyəsi yeni klassik (neoklassik) məktəbin sintezinə əsaslanır.
Sosial-iqtisadi baxımdan iqtisadi tarazlıq nəzəriyyəsi istehlakçının, müxtəlif siniflərin və sosial qrupların vəhdətinə, müəyyən iqtisadi hadisələrin sabitliyinə və ya da bu iqtisadi sabitliyin qismən dəyişməsinə əsaslanan konsepsiyadır.
İqtisadi tarazlıq nəzəriyyəsi iqtisadi - riyazi modelləşdirmə nöqteyi-nəzərindən dəyişən kəmiyyətlərin qarşılıqlı olaraq yerinə yetirilməsinin müəyyən edilməsi amillərinə söykənir. Belə bir şərait daxilində iqtisadi tarazlıq maksimum və ya minimum vəziyyətində olan iqtisadi göstəricilərlə xarakterizə olunur.
İqtisadi tarazlıq nəzəriyyəsi aşağıdakı sosial-iqtisadi strukturlarla müəyyən olunur: bir tərəfdən istehsal amilləri - əmək, kapital və torpaq qruplaşdırılır; digər tərəfdən isə kapitalistlər, fəhlələr və torpaq sahibləri və ya mülkiyyətə malik olmayan bilavasitə sahibkarlar, yəni istehsalı təşkil və idarə edənlər. Belə bir struktur məhsulun bütün sferalarda - əmtəə bazarlarında reallaşdırılmasının əsasını təşkil edir və eyni zamanda hər bir strukturun tələb və təklifinin formalaşdırılmasının özünəməxsus mənbələri var; məsələn, 1) hər bir sahibkar üçün maksimum mənfəət mənbəyi; 2) hər bir istehlakçının öz gəliri daxilində maksimum faydası; 3) hər bir istehlakçının gəlirinin və onun istehlak şeyləri üzərində olan tələbinin bərabərliyi; 4) istehsal amilləri vahidlərinin verdiyi gəlirin bərabərliyi və ya proporsionallığı, onların son məhsuldarlığı; 5) tələb və təklifin bərabərliyi.
Ümumi iqtisadi tarazlıq haqında ilk konsepsiyanı M.Valras yaratmışdır. M.Valrasın yaratdığı iqtisadi tarazlıq barədə olan riyazi modeli abstrakt xarakter daşıyır. İqtisadi tarazlıq haqqında yaradılan M.Valrasın abstrakt-riyazi modeli məhsul istehsalının bütün çeşidlərini özündə əks etdirir, tələb və təklifi tam mənası ilə nəzərə alar (məhsul çeşidləri üzrə); digər tərəfdən, hər bir əmtəə üzrə tələb və təklifin bərabərliyi bütün əmtəələrin qiymət funksiyası əsasında müəyyən olunur. Nəticə etibarilə əmtəələrin miqdarı ilə onların qiyməti arasında olan qarşılıqlı təsir nəticəsində tələb və təklif bərabərləşir.
Siyasi iqtisad elmində M.Valrasın bu modelini təkmilləşdirmək üçün bir neçə cəhdlər həyata keçirilmişdir. M.Valrasın modelinin təkmilləşdirilmiş variantını Xiks-Allen yaratmışlar ki, ümumi tarazlığı burada üç qrup tənlik sistemi müəyyən edir: Birinci tənlikdə hər bir istehlakçının gəlirinin məhdud kəmiyyət daxilində onun maksimum fayda əldə etməsi işıqlandırılır. İkinci tənlikdə istehsal olunan məhsulun miqdarının və xarakterinin məhdudluğundan asılı olaraq hər bir sahibkarın maksimum mənfəət əldə etməsi şərh edilir. Üçüncüdə isə əmtəələrin bütün çeşidləri üzrə tələb və təklifin bərabərləşməsi əsasında mənfəətin satış və alış qiyməti arasında olan fərq kimi formalaşması ifadə olunur.
Beləliklə, qeyd edək ki, ümumi iqtisadi tarazlıq sistemi bütün sahibkarlar üçün olan optimal mənfəət ilə bütün istehlakçılar üçün olan optimal faydalılıq arasında əldə olunan uyğunluğa əsaslanır.
İtisadi tarazlığın mühüm tərəflərindən biri də tələb və təklif kateqoriyalarıdır. Tələb və təklif bazar iqtisadi sisteminin ünsürü olub bazarda, əmtəə tədavülü dairəsində fəaliyyət göstərir.
Tələb dedikdə, bazara çıxarılan əmtəələrin istehlakı, təklif dedikdə isə satılmaq üçün bazara gətirilən əmtəələr nəzərdə tutulur. Tələb və təklif bazarın hərəkətverici qüvvəsidir. Təkrar istehsal prosesində tələb və təklifin belə bir rolu onun yerinə yetirdiyi iqtisadi və sosial funksiyalar ilə müəyyən olunur. Tələb və təklifin funksiyalarından biri, istehsalın inkişafı və bu inkişaf prosesində istehsal amillərinin proporsional bölüşdürülməsini aşkar etməkdən ibarətdir. Bütün istehsal sahələrində təzahür oluna biləcək disproporsionallıq bazarda, tələb və təklif əlaqələrində özünü büruzə verir.
Tələb və təklif arasında olan uyğunsuzluq tədavül prosesinə mənfi təsir göstərir və nəticədə həm ümumi iqtisadi tarazlıq, həm də bazar tarazlığı pozulur.
Tələb və təklifin iqtisadi funksiyalarından biri də ondan ibarətdir ki, bu qanun (tələb və təklif qanunu) bazar qiymətlərini, daha dəqiq desək, bazar qiymətlərinin bazar dəyərinə yaxınlaşması və ya uzaqlaşmasını nizamlayır. Tələb və təklif təkrar istehsalın başlanğıcı və sonu arasında əlaqələndirici funksiyanı da yerinə yetirir. Tələb və təklifin belə bir funksiyası istehsal ilə istehlak arasında olan bazar münasibətlərini ifadə edir. Tələb və təklif eyni zamanda satıcılar ilə alıcılar arasında olan münasibətləri də əks etdirir.
Qərb iqtisadi fikir tarixində tələb və təklif nəzəriyyəsi xüsusi yer tutur. Bu nəzəriyyəyə görə, yuxarıda qeyd etdiyimiz kimi, əmtəənin dəyəri və qiyməti tələb və təklifin dəyişməsi ilə müəyyən olunur. Məsələn, əgər tələb təklifi üstələyərsə, qiymət artar, əksinə, təklif tələbdən artıq olarsa o zaman qiymətlər aşağı düşər.
Belə bir konsepsiyanın yaranması əmək-dəyər nəzəriyyəsi ilə əlaqədardır. Çünki bu konsepsiyanın yaradıcıları tələb və təklifi mübadilə sferası və bazar münasibətlərilə bağlayırlar.
Tələb və təklif nəzəriyyəsinin ilk yaradıcılarından biri J.B.Sey olmuşdur. J.B.Sey qiyməti və dəyəri həm tələb və təklifin arasında olan nisbətlə, həm də faydalılıqla əlaqədar olaraq izah edirdi. İngilis iqtisadçısı Q.D.Makleod dəyəri bazar qiyməti ilə əvəz edərək belə bir nəticəyə gəlirdi ki, qiymət hər-hansı bir hadisə daxilində tələb və təklifə tabedir. M.Valras isə bu konsepsiyanı riyazi metodlarla əlaqəli şəkildə izah edirdi.
M.Valrasa görə tələb və təklif arasında olan nisbət qiymətin əsas amili idi.
Bir çox Qərb iqtisadçı - alimləri, o cümlədən K.Menger, E.Bem-Baverk, F.Vizer, A.Marşall tələb və təklif nəzəriyyəsini son faydalılıq və istehsal xərcləri nəzəriyyələrilə əlaqələndirirdilər.
Bu nəzəriyyənin davamçısı kimi 70-ci illərdə P.Samuelson çıxış edirdi. O, A.Marşallın nəzəriyyəsini inkişaf etdirərək göstərirdi ki, tələb və təklif istehsal xərcləri və son faydalılıq nəzəriyyələrindən asılıdır. P.Samuelson bu nəzəriyyəni neoklassik sintez adlandırırdı. P.Samuelson iddia edirdi ki, istehsal xərcləri qiymət sisteminə təsir etdiyi kimi təklifə də həmin dərəcədə təsir göstərir.
Dostları ilə paylaş: |