§3. QEYRİ-MÜVAZİNƏTLİ BAZAR PROBLEMİ VƏ DÖVLƏTİN İQTİSADİ ROLU
Yeni klassik məktəb nəzəriyyəsinin əsasını təkmil rəqabət nəticəsində yaranan qiymətlər mexanizminin yaratdığı müvazinətlilik konsepsiyası təşkil edir. Lakin real həyatda baş verən iqtisadi hadisələr və proseslər tələb edirdi ki, iqtisadi fikirlər sistemində yeni konsepsiyalar yaradılsın. Elə bir nəzəriyyə tələb olunurdu ki, bu nəzəriyyə bazar sisteminin fəaliyyətini və funksiyasını daha real həyati hadisələr baxımından işıqlandıra bilsin, bazarın üstünlüklərinin nədən ibarət olduğunu açıqlasın və aşkar edə bilsin ki, dövlət nə zaman, hansı şərait daxilində iqtisadi təshihlər həyata keçirə bilsin, bazar mexanizminə nüfuz edə bilsin.
Bununla əlaqədar olaraq iqtisadçı-alimlərin diqqətini pul sistemi cəlb edirdi. Qeyd edək ki, pul haqqında nəzəriyyənin yaranmasının digər əsas səbəbi ikinci dünya müharibəsindən sonra kapitalist təsərrüfatını sarsıdan inflyasiya prosesi olmuşdur. Görkəmli iqtisadçı - alimlərdən A.Marşall, A.Piqu, C.X.Robertson, eyni zamanda C.M.Keyns öz sonrakı əsərlərində pul kəmiyyəti haqqında Kembric variantı yaratmışdılar. Bu nəzəriyyə "kassa qalığı" konsepsiyası da adlanırdı.
Pul kəmiyyəti haqqında olan nəzəriyyənin əsas ideyası ondan ibarət idi ki, pul kütləsinin bilavasitə dəyişməsinin qiymətlərin səviyyəsinə təsiri dəyişməz qalırdı. Kembric məktəbinin gətirdiyi yenilik ondan ibarət idi ki, bu konsepsiya haqqında olan təhlilin mərkəzi kapitalist firmalarının kassasında qalıb yığılan nağd pul idi. Digər tərəfdən, Kembric məktəbinin tədqiqatçılarının diqqətindən müxtəlif adamlarda olan, keçmiş gəliri pul formasında saxlayan və bölüşdürən, başqa üsulla belə puldan istifadə edən şəxslər də kənarda qalmamışdı.
Davamlı, sabit pulun dövlət tərəfindən qorunması cəhdi Kembric məktəbinin nümayəndələri tərəfindən belə izah olunurdu ki, elastik qiymətlər sistemi daxilində bu pul iqtisadi sistemin müvazinətini bərpa etmək vasitəsidir. Belə bir konsepsiya neoklassik məktəbin iqtisadi təhlillərinin başlanğıc nöqtəsini, ilkin şərtini təşkil edirdi.
Bu nəzəriyyəyə görə qiymətlərin qalxıb-enməsi dəfinə kimi qızıl pulun yığılmasının real qiymətinin dəyişməsinə səbəb olur. Real pulun (qızılın) qiymətinin dəyişməz saxlanması məqsədilə (əgər qiymətlər qalxarsa) subyektlər öz gəlirlərinin pulla ifadəsini artırmağa cəhd edəcəklər. Bu məqsədlə də subyektlər pulun istehlaka istiqamətləndirilən hissəsini ixtisara salacaqlar, əksinə, pulun tezavrsiya (pulun əmanət bankına və ya banka qoyulmayıb evdə saxlanması) hissəsi azalar və istehlaka yönəldilən hissəsi artar.
Gəlirlərin pul hissəsinin real dəyərinin saxlanmasına çalışan Kembric məktəbinin nümayəndələrinin belə bir variantı əmtəə bazarında müvazinətin bərpa olunmasının avtomatik nizamlanması kimi izah edirdilər. Onlar göstərirdilər ki, qiymətlərin artması istehlakı aşağı endirir, tələbi azaldır, qiymətlər də, nəhayət, aşağı düşür. Lakin, ümumiyyətlə qiymətlərin enməsi tələbin artmasını stimullaşdırır. Bu konsepsiya sonralar "Piqu səmərəsi", "real kassa qalığının səmərəsi" adlandırıldı və müasir neoklassik nəzəriyyəçilər bu kateqoriyadan geniş istifadə etməyə başladılar.
XX əsrin dördüncü rübündə iqtisadi tsikillər haqqında monetar nəzəriyyə yarandı. Bu nəzəriyyənin əsasını C.M.Keynsin müasiri R.Xoutri qoymuşdu. O göstərirdi ki, iqtisadi tsikl xalis pul hadisəsidir, bu hadisə pul tələbinin qalxıb-enməsi və kredit münasibətləri ilə əlaqədardır.
R.Xautri göstərirdi ki, iqtisadi yüksəliş şəraitində pul tələbi artanda banklar kredit verməklə onu stimullaşdırırlar, eyni zamanda banklar verdikləri borc üçün az faiz tələb edirlər. Belə bir kumulyativ (ziddiyyətlərin düyünləşdiyi nöqtə) şəraitdə iqtisadiyyatda olan canlanma qiymətlərin artmasını tezləşdirir, bunun da nəticəsində banklar ehtiyatlı olmağa çalışırlar. Çünki, banklar faiz normasının artmasından qorxaraq krediti məhdudlaşdırırlar. İqtisadi aktivlik bunun nəticəsində qəsdən aşağı endirilir və bu proses də kumulyativ xarakter daşıyır.
Belə bir kumulyativlik nəticəsində qiymətlər qalxır və pulun dövretmə sürəti artır. Bu nəzəriyyə əsasında Xautri belə bir nəticəyə gəlir ki, işgüzar aktivliyin tsiklik qalxıb-enməsini aradan qaldırmaq və ya da ağıllı pul-kredit siyasəti aparmaqla onu yumşaltmaq olar.
20-ci illərdə ABŞ-da bir qrup aktiv iqtisadçılar meydana gəldi. Bu iqtisadçılar bazar sabitliyinin pul-kredit siyasətinin köməyi ilə təmin edilməsinin tərəfdarı idilər. Onlar pul-kredit siyasətinin elə bir şəraitdə həyata keçirilməsini istəyirdilər ki, belə bir şərait daxilində qızıl standartının tələblərindən bu siyasət azad olsun. Bu qrupun lideri İrvinq Fişer idi. O göstərirdi ki, iqtisadi sabitliyin əsas şərti qiymətlərin davamlı olmasındadır. Buna da pul siyasəti vasitəsilə nail olmaq olar.
İngilis iqtisadçısı A.Piqu özünün "İqtisadi rifah nəzəriyyəsi" kitabında ictimai rifahın optimallaşdırılması problemlərini təhlil edirdi. Abstrakt faydalılıq nəzəriyyəsini real həqiqətə çevirməyə cəhd göstərən A.Piqu (eyni zamanda o ictimai faydalılığın meyarını (kriteriya) da müəyyən etmək istəyirdi) faydalılığı "milli dividenti" (milli gəliri) kəmiyyətinin statistik ölçüsünün müqayisəsini verməyə cəhd edirdi.
A.Piqunun fikrincə "milli gəlir" maddi rifah halının əsas göstəricisidir. O qeyd edirdi ki, maddi rifah təkcə "milli gəlirin" səviyyəsi və artım sürəti ilə deyil, onun bərabər bölüşdürülməsilə də əlaqədardır. A.Piqunun fikrincə "milli gəlirin" bərabər bölüşdürülməsi ümumi rifah halının əsas amillərindən biridir.
A.Piqu iddia edirdi ki, dövlətin funksiyalarından biri də milli gəlirin yenidən bölüşdürülməsi olmalıdır. O, bazar mexanizminin və azad rəqabətin təkmilləşdirilməsinə şübhə ilə yanaşırdı. A.Piqu göstərirdi ki, bazar mexanizmini poza biləcək ciddi və sabit səbəblər mövcuddur, bunlar fərdi və ictimai mənafelər arasında ziddiyyət yaradaraq maddi rifahın ümumi səviyyəsini aşağı salır.
Belə səbəblərdən birini A.Piqu inhisarların yaranmasında görürdü. İnhisarları o, iri istehsalın yaranması ilə əlaqələndirirdi. İri istehsal isə, A.Piquya görə, bazar üzərində nəzarət edir, istehsalın miqyasının genişlənməsinə qənaət edir, realizə ediləcək məhsula olan tələbin elastikliyini məhdudlaşdırır.
A.Piqu yazırdı ki, inhisarlar və inhisar rəqabəti qiymətləri artırır, investisiyanın səviyyəsini aşağı salır ki, bunlar da "milli gəlirin" ümumi səviyyəsinə təbii ki, mənfi təsir göstərir. Məhz buna görə də inhisarçı təmayüllərin dövlət tərəfindən məhdudlaşdırılması zəruridir.
Dövlətin iqtisadi proseslərə qarışmasının ikinci mühüm şərtini A.Piqu xarici effektdə görürdü, yəni bu o demək idi ki, xüsusi adamların fəaliyyəti effektli olmalıdır, firmalar bazarda effektli fəaliyyət göstərməlidirlər və i.
A.Piqu dövlətin iqtisadiyyata nüfuz etməsinin iki yolunu - dolayısı və birbaşa - görürdü. Dövlətin iqtisadiyyata dolayısı nüfuz etməsi (vergilər, subsidiyalar) "xarici effekt"in arzuolunmaz nəticələrinin aradan qaldırılmasına xidmət etməlidir (sadə rəqabət şəraiti zamanı). A.Piqu yazırdı ki, sadə rəqabət şəraitində tamahkar mənafelər təzahür edir və fiskal xarakter daşıyan inhisarlar öz effektliyini itirir.
Trestlər əleyhinə olan qanunçuluğu A.Piqu müsbət qiymətləndirirdi. Lakin bunu da o, az effektli tədbir hesab edirdi. Odur ki, bə"zi müəssisələrin birləşməsini A.Piqu faydalı hesab edirdi.
A.Piqunun ideyasına görə, o sahələrdə ki, inhisarlar tez və maneəsiz yarana bilər həmin sahələrə də dövlət nüfuz etməli və bu sahələri dövlət öz siyasəti vasitəsilə tənzim etməlidir. Dövlətin iqtisadiyyata belə nüfuz etməsi o deməkdir ki, qiymətlər və rüsumlar nəzarət altına alınmalıdır.
Dostları ilə paylaş: |