FƏSİL 2. QƏDİM DÖVRÜN İQTİSADİ TƏLİMLƏRİ
§ 1. QƏDİM DÜNYADA İQTİSADİ GÖRÜŞLƏRİN
YARANMASI
İqtisadi təlimlər tarixinin öyrənilməsi, bir qayda olaraq Qədim dünyada meydana gəlmiş iqtisadi görüşlərin, fikirlərin öyrənilməsi və mənimsənilməsi ilə başlanır. Bu da təsadüfi deyil. Çünki bəşəriyyətin tarixi təkamülü, insan cəmiyyətinin təşəkkülü, ilkin olaraq qədim dünyada meydana gəlmişdir. Minilliklər ərzində formalaşmış təbiət və cəmiyyət haqqındakı düşüncələr, baxışlar, görüşlər, fikirlər şifahi yollarla nəsildən-nəslə keçmiş və müxtəlif səpkili əfsanələr, rəvayətlər, eposlar, poeziyalar kimi ayrı-ayrı xalqların maddi və mənəvi mədəniyyətlərinə çevrilmişdir. Belə bir tarixi inkişaf prosesi, elmi dünyagörüşlərin formalaşması, ən qabarıq şəkildə özünü Qədim Şərqdə, Qədim Asiyada, Antik dövrün ən parlaq nümunələri olan Yunanıstanda və Qədim Romada əks etdirmişdir.
İctimai əmək bölgüsünün meydana gəlməsi, istehsal vasitələrinin təsərrüfat həyatında müəyyənedici rola malik olması, qul əməyinin mənimsənilməsi prosesi ictimai inkişafın iki yolunu müəyyən etdi. Bunların biri cəmiyyətin həyatında ictimai əməyin təşkilinin üstün rola malik olması ilə, ikincisi isə, müxtəlif ailələrin istehsal vasitələrinə və qullara görə mülkiyyətlərinin inkişafı ilə əlaqədardır. Məhz bununla əlaqədar olaraq tarixdə iqtisadi inkişafın, o cümlədən "siniflərin" meydana gəlməsinin iki üsulu fərqləndirilir. Bunlardan birini Asiya istehsal üsulu, digərini isə antik istehsal üsulu kimi fərqləndirirlər. Bununla əlaqədar olaraq bəzi hallarda Qədim dünya dedikdə, Şərq və Asiya ölkələri, Antik dünya dedikdə isə Qədim Yunanıstan və Qədim Roma nəzərdə tutulur. Lakin bir ümumi cəhət vardır ki, ictimai inkişafda, təsərrüfatçılığın təşkilində, siniflərin əmələ gəlməsində, dövlətin idarə olunmasında, insanların istehsal vasitələrinə və əməyinə görə davranış və fəaliyyət qaydalarının müəyyənləşdirilməsində nəticə etibari ilə eyni iqtisadi fikirlər söylənilmişdir. Məhz bununla əlaqədar olaraq, qədim dünya dedikdə, istər-istəməz uzaq keçmişdə mövcud olmuş olduqca dəyərli fikirləri, mövcud dövrü dolğun əks etdirən elmi mülahizələri vəhdət şəklində şərh etmək ehtiyacı əmələ gəlir. Ona görə də Antik dövrün iqtisadi fikirlərini, analoji olaraq Qədim dövrün fikirləri kimi də qəbul etmək olar.
Qədim dünyanın iqtisadi fikrində təsərrüfat fəaliyyətinin gedişatı və dərk olunması görkəmli elm xadimlərinin ya iqtisadi görüşlərində, ya da xalqın əfsanəvi - poetik və mənəvi mədəniyyətində öz əksini tapmışdır.
İqtisadi fikir haqqında danışarkən, bir qayda olaraq, bütün dünya ölkələrində qəbul olunmuş ümumi bir cəhət vardır ki, o da Qədim Şərqdə mövcud olmuş iqtisadi görüşlərin, fikirlərin öyrənilməsinə xüsusi diqqətin yetirilməsidir.
Qədim Şərqin tarixi inkişafının bütün mərhələlərində iqtisadi fikirlərdə əsas yeri dövlət təsərrüfatının təşkili və idarə edilməsi problemi tutmuşdur.
Natural təsərrüfata əsaslanan dövlət mülkiyyəti bir tərəfdən hakim "mərbəd" mülkiyyətinin formalaşmasına, digər tərəfdən əmtəə təsərrüfatının aparılması həddinin müəyyənləşdirilməsinə yönəldilmişdir.
Qədim Şərqdə iqtisadi fikir hakim natural - quldarlıq təsərrüfatının müdafiə olunmasına yönəldilərək, bu mövqedən əmtəə - pul münasibətlərinə əsaslandırılırdı. Məhz bununla əlaqədar olaraq şeylərin dəyərlərinə görə mübadilə olunması ideyası meydana gəlmişdir.
Göstərmək lazımdır ki, Qədim Şərqin iqtisadi fikri haqqında danışarkən, bura birinci növbədə Qədim Misirdə meydana gəlmiş, yayılmış və inkişaf etmiş iqtisadi fikri xüsusi qeyd etmək lazımdır. Bəşəriyyətin meydana gəlməsi, inkişafı, insan cəmiyyətinin ilkin beşiyi hesab olunan Misir, bu gün də öz ehramları, məbədləri, yeraltı sarayları, qəbir evləri ilə və s. möcüzələri ilə zəngin olan bir ölkə kimi dünyanın müxtəlif səpkili elmi-tədqiqatların daima diqqət mərkəzindədir.
Qədim Misirdə iqtisadi fikirlərin formalaşması, əsasən dövlətin mərkəzləşmiş idarəetmə sahəsindəki məqsədlərinin həyata keçirilməsi ilə bağlıdır.
Burada ictimai işlər, hərbi və maliyyə idarəçiliyi xüsusi yer tuturdu. Belə mərkəzləşdirilmiş idarəçilik sistemi xeyli savadlı adamların olmasını tələb edirdi. Ona görə də belə adamların hazırlanması da mərkəzləşdirilmiş formada həyata keçirilirdi. Çox hallarda bu günə gəlib çatmış yazılı mənbələrdə dövlət və təsərrüfat idarəçiliyinin həyata keçirilməsi, o dövrlərdə hakim olmuş dini ehkamların yerinə yetirilməsi "Nəsihətlər" vasitəsi ilə şərh edilirdi. Belə "Nəsihətlər" bizim eradan əvvəlki, III-II minilliyinə qədərki ilkin, Qədim, Orta, Yeni hökmdarlıq dövrləri üçün xarakterik idi. Belə "Nəsihətlər" sırasına "Heraklopol" hökmdarının oğlu Merikara "Nəsihətlər"ini, "İnsarın kəlamları", "Nefertinin peyğəmbərliyi", "Çobanın nağılları", "Axtoyanın Duaufanın oğluna, öz oğlu Piokiyə nəsihətləri" və s. aid etmək olar.4
Qədim Misirdə iqtisadi resursların, əsasən əmək və torpaq resurslarının ciddi uçotu aparılırdı. Nil çayı vadisi boyunca, torpaq sahələrinin kadastrı aparılmış, ən məhsuldar sol sahil boyunca olan sahələr dövlət torpaqları adlandırılmışdır.
Dövlət başçısı hesab olunan Fironlar siyasi, dini hökmranlığı yerinə yetirməklə, başlıca iqtisadi funksiyaları da yerinə yetirirdilər. Məhz ona görə də onlar yer üzündə Günəş (Ra) allahının oğlu və varisi hesab olunurdular. Firon xalqın və məmurların yalnız bəndəliyi ilə kifayətlənmir, bəzən özünə mehrablar ucaldır və özünün təsviri qarşısında ətirli maddələr yandırırdı.5
Misirdə Firon hökmdarlığından sonra ölkənin iqtisadi həyatına ciddi müdaxilə edən kahinlər idi. Kahinlər ölkənin taleyini həll edən müdrik insanlar kimi cəmiyyətin həyatında qeyri-adi rol oynayırdılar. Məhz onların səyi nəticəsində o dünyadakı həyatın əbədiliyi əsaslandırılmışdır. Ona görə də insanlar bu dünyada qəbir evi üçün də mövqelərinə uyğun olaraq ciddi ehtiyatlar hazırlayırdılar.
Ona görə də o dövrlərdəki xalq qüvvətli hökmdarlar və zəkalı kahinlərlə birlikdə, qarşılıqlı ünsiyyətdə fəaliyyət göstərirdilər, onların ümumi rifahı artmaqla, Misirin sivilizasiyanın vətəninə çevrilməsinə səbəb olurdu.
Qədim Misirin iqtisadi fikir tarixindən bəhs edərkən bir qayda olaraq, bizim eradan XIII əsr əvvəl yazılmış "İpuserin kəlamları"na xüsusi diqqət yetirilir. İpuser cəmiyyətin dəyişilməsinin ilkin keçid dövrünü göstərmişdir. Olduqca dərin və düşündürücü şəkildə baş verəcək diyişiklikləri şərh edərək göstərirdi ki, mövcud mərkəzləşdirilmiş idarə sistemi çox az adamın mənafeyinə xidmət edir. Ona görə də o hesab edir ki, Misirin taxılı hamının neməti olmalıdır. Bunun üçün müxtəlif deklarasiyalar, məhkəmə qanunları məhv edilməlidir.
İluserin kəlamlarında əsas diqqət, ciddi reqlamentləşdirilmiş təsərrüfatın pozulmasına verilir.6
Göstərilir ki, nəzarətin zəifləməsi bir tərəfdən istehsalçıların, xüsusən sənətkarların boş dayanmasına, digər tərəfdən yazanların, qeydiyyat aparanların fəaliyyətsizliyinə gətirib çıxarır. Bu da xalqın məhvinə səbəb olur.
İşləməyən sənətkarları o, ölkənin düşmənləri adlandırır. O şəxslər ki, taxıl əkməyib, onlar məhsul alırlar. Bu barədə heç bir məlumat verilmir. Bu da xalqın qəzəbinə səbəb olur. Xüsusən cəmiyyətin kübar hissəsinin mərkəzləşdirilmiş hakimiyyət nümayəndələrinə qarşı çıxmasına səbəb olur. Kübarların Misirin xarici düşmənləri ilə ittifaqa girməsi mərkəzi dövlət idarəçiliyini dağıda bilmişdir. Lakin "İluserin kəlamları"nda, eləcə də "Nefertinin peyğəmbərliyi"ndə göstərilir ki, heç cür vahid Misir dövlətini dağıtmaq olmaz. Vahid Misir dövləti, ölkədə qayda-qanunun, inzibati qulluqçulların sabit gəlir əldə etmək təlimatçısı kimi göstərilirdi. "İluserin kəlamları"nda "xeyirxah paytaxtın düşmənlərinin" məhv olunması çağırışları vardı. O, ölkədə dini kahinlərin rolunun möhkəmləndirilməsinə və bərpa olunmasına, ölkənin hərbi gücünün artırılmasına diqqətin verilməsini qeyd edirdi.
Ona görə də mərkəzləşdirmə ideyası "İluserin kəlamları"nda əsas yer tuturdu ki, bu da onun dövlət məmurları arasında çox məşhurlaşdırılmasına səbəb olmuşdur. Qədim Misirdə iqtisadi fikrin əmələ gəlməsi əsasən, mərkəzləşdirilmiş dövlət idarəçiliyi ilə bağlı olsa da, lakin quldarlıq quruluşunun ümumi qanunauyğunluqlarından irəli gələn bir sıra xüsusiyyətləri də əhatə edirdi. Xüsusən dövlət idarəçiliyində yüksək vəzifə tutan əyanların təsərrüfatı ilə bağlı iqtisadi məsələlər də irəli sürülmüşdür.
Bir tərəfdən qulların əyan təsərrüfatında istifadə olunması qaydaları, digər tərəfdən orada çalışan işçilərin ağaların anbarlarından pay almaq hüququ müəyyənləşdirilmişdir. Bu da ölkə ərazisində mərkəzləşmiş təsərrüfat idarəçiliyinin prinsipi olmaqla həm əyan mülkiyyətinin formalaşmasına, həm də Misir taxılının hər kəsin əsas nemətinə çevrilməsinə səbəb olurdu. Dövlət idarəçiliyində tutduğu vəzifədən asılı olaraq əmələ gələn əyan təsərrüfatı, onların rifahının əsasını təşkil etməklə, şəxsi təsərrüfata malik olmalarını aradan qaldırmadı. Beləliklə, Qədim Misirdə mülkiyyətin formalaşması əsasən əyan təsərrüfatı ilə bağlı olmuşdur. Əyan mülkiyyətinə həm sərəncamlarında olan şəxsi vasitələr, həm də qulluq vəzifəsindən asılı olaraq mənimsədiyi predmetlər daxil idi. Beləliklə, xüsusi mülkiyyət və dövlət mülkiyyəti çərçivəsində əmələ gəlməklə, onların qarşılıqlı fəaliyyət göstərməsinə səbəb olurdu.
Qədim Misirdə dövlət və xüsusi mülkiyyətin formalaşmasına birmənalı baxmaq olmaz. Yəni elə hesab etmək olmaz ki, dövlət mülkiyyəti əsasında əmələ gələn xüsusi mülkiyyət inkişaf etdikcə, tədricən dövlət mülkiyyətinin azalmasına və ya dağılmasına səbəb olurdu. Düzdür, mərkəzi hakimiyyətin zəiflədiyi dövrlərdə xüsusi mülkiyyətin həddi artırdı. Lakin hər yeni mərkəzi hakimiyyətin güclənməsi, çox hallarda əyanların xüsusi mülkiyyətlərinin hesabına baş verirdi.
Bu və ya digər obyekt üzərində mülkiyyət hüququnun qorunması və saxlanması qaydaları b. e. əvvəl II minilliyin ikinci yarısında meydana gəlmişdir.
Əmək bölgüsünün dərinləşdiyi, xüsusən maddi nemətlər istehsal edən hökmdar sənətkarları ilə əkinçilərin arasındakı münasibətlər, onların iqtisadi fəaliyyətlərini əsaslandıran qaydalar əsasında baş verirdi. Lakin burada bir ümumi cəhət var idi ki, mülkiyyət obyektinə sahib olma, mərkəzi hakimiyyətdə tutulan vəzifədən asılı idi. Vəzifə mənimsənilməsi ilə əlaqədar meydana gələn mülkiyyətin nəsildən-nəslə keçməsi və irsi xarakter daşıması oğulun müvafiq vəzifəyə təyin olunmasından asılı idi. Ona görə də, bir qayda olaraq vəzifəyə görə mülkiyyət mənimsənilməsi nəsildən-nəslə keçsə də, lakin bu heç də bir qədər asan başa gəlmirdi. Burada vəzifə ilə bağlı mülkiyyətə sahib olmaq işində şəxsi mülkiyyət payının artımı prosesinin böyük rolu vardı. Əslində şəxsi mülkiyyət ilə vəzifə mülkiyəti birləşərək xüsusi mülkiyyəti yaradırdı. Şəxsi mülkiyyətin də əmələ gəlməsi müəyyən şərtlər daxilində ola bilərdi. Əvvəla sənətkar və ya usta əsasən qulluq müddətinin sərbəst vaxtında öz əməyi ilə bu və ya digər predmet hazırlaya bilərdi. İkincisi, hazırlanan əşyanın, predmetin öz materialı hesabına hazırlandığını sübut etməli idi. Üçüncüsü, tətbiq olunan əmək aləti hökmdara məxsus olmamalı idi. Dördüncüsü, hazırlanan tikili və ya "qəbir evi" heç kimə məxsus olmayan torpaq sahələrində aparılmalı idi.
Göründüyü kimi, xüsusi mülkiyyətin formalaşması mürəkkəb proses olsa da, dövlət əmlakının oğurlanması və ya havayı mənimsənilməsi hesabına baş verməsinin qarşısı alınırdı.
Qədim Misirdə iqtisadi fikir tarixində əsas yeri mərkəzi dövlət idarəçiliyi, əyan mülkiyyətinin əmələ gəlməsi tutsa da, lakin burada dövlət təsərrüfatının idarə olunma sistemi, onun istehsal vasitələri və iş qüvvəsi ilə, işçilərin ərzaq məhsulları ilə təmin olunması, məhsuldar torpaq sahələrindən istifadə olunması, dövlət əmlakının mənimsənilməsinin qarşısının alınması qaydaları da göstərilir.
Qeyd etmək lazımdır ki, əmtəə-pul münasibətlərinin inkişafı ilə, xüsusən Qədim, Orta hökmdarlıq dövründən fərqli olaraq, Yeni hökmdarlıq dövründə qul və ondan istifadə etmə fikirləri geniş yer tuturdu.
Təsərrüfatın natural xarakter daşıması ticarət, mal mübadiləsi, əsasən daşınan və daşınmaz əmlaka görə, eləcə də sərəncamda olan qullara görə aparılırdı. Eyni zamanda ekvivalent mal mübadiləsi üçün əsas yeri ilkin olaraq, buğda, daha sonralar mis və gümüş tutmağa başlamışdır.
Əmtəə-pul münasibətlərinin, eləcə də quldarlığın inkişafı, mal mübadiləsində müddətli qulların borc verilməsi üstünlük təşkil etməyə başlamışdır. Qul əməyindən borcların verilməsi və alınmasından istifadə tədricən sələmçiliyin meydana gəlməsinə səbəb olmuşdur. Qul əməyinə görə sahibinə olan aylıq haqqın verilməsi çox hallarda qulun qiymətinə yaxın olurdu. Sələmçilik natural təsərrüfatın xüsusiyyətlərindən biri kimi nəinki xüsusi mülkiyyətin, eləcə də mərkəzi dövlət təsərrüfatının inkişafını ləngidirdi. Çünki sələmin verilməməsi çox hallarda vətəndaş müharibələrinə gətirib çıxarırdı.
Bütün qeyd olunanları yekunlaşdırıb demək olar ki, Qədim Misirdə iqtisadi fikir dövlət təsərrüfatının təşkili və idarə olunması sahəsində bir çox məsələlər öz əksini tapmışdır. Əhalinin yaşına, işinə görə siyahıya alınması, məhsuldar torpaq sahələrinin hesabatının aparılması, torpaqların kadastrının müəyyən edilməsi, mərkəzi dövlət təsərrüfatçılığının inkişafında mühüm rol oynayırdı. Bundan əlavə irriqasiya işlərinin aparılması, müxtəlif mədəni abidələrin tikilməsi, mürəkkəb süvarma sisteminin aparılması, bəşəriyyətə möcüzə kimi görünən müxtəlif təyinatlı qurğuların hazırlanması, Piramidaların, ehramlarının tikilməsi əmək resurslarından məqsədyönlü istifadəsini əks etdirir. Həmçinin vəzifəyə görə əmlaka sahib olma, xüsusi mülkiyyətin əmələ gəlməsi və ona nəzarət qaydaları müəyyən olunmuşdur.
Eyni zamanda dövlət təsərrüfatının yüksək səviyyədə mərkəzləşməsi, nəinki xüsusi mülkiyyəti, eləcə də əmtəə-pul münasibətlərinin inkişafını ləngitmişdir (əmək resurslarının bölgüsü, onlardan çevik istifadə olunması). Əgər Qədim Misir iqtisadi fikrinə xüsusi diqqət verilirsə, lakin qul əməyinin təşkili və istifadə olunmasına bir o qədər əhəmiyyət verilməmişdir.
Qədim Misirdən sonra Şərq dünyasında iqtisadi fikrin geniş yayılmış ölkələrindən Qədim Şumeri, Babilistanı və ya Mesopotamiyanı qeyd etmək olar.
Yaxın Şərqdə meydana gələn xırda dövlətlər, daima öz aralarında ciddi çəkişmələrə məruz qaldığından təsərrüfat quruculuğunda böyük nailiyyətlər əldə edə bilmirdilər. Qədim Misirdən fərqli olaraq, bu ölkələrdə mərkəzləşmiş dövlət idarəetmə mexanizmi möhkəm deyildi. Çünki Qədim Şumerdə şəhər-dövlətlərin (Kiş, Eredu, Laqoin, Ur və s.) meydana gəlməsi, burada əsas iqtisadi fikir, əkinçilik şəraiti, irriqasiya işlərinin aparılması, su təchizatı, kanalların təmizəlnməsi və s. bağlı meydana gəlmişdi. Xüsusilə bu istiqamətdə ictimai əməkdən istifadə olunması sayəsində, bol məhsulun əldə olunmasına və onun da hakim sinfin əlində cəmlənməsinə səbəb olurdu.
Qədim Şumerdə e. ə. III minillikdə icma icma-məbədlərə məxsus mülkiyyətin üstün rola malik olması, yaradılan bütün nemətlərin burada cəmlənməsinə səbəb olurdu. Bu da tədricən məbədlərin torpaq sahələrinin icma torpaqlarından ayrılmasına və onun sənətkarlıq mərkəzinə, irriqasiya işlərini aparan təşkilata çevirdi.
Məbəd torpaqları üç hissədən ibarət olurdu. Bir hissəni qullar becərib, əldə olunan gəlir məbədlərin ehtiyaclarının ödənilməsinə yönəldilirdi. İkinci hissə xidmət payları kimi, məbədin vəzifə adamlarına xidmət edənlərə verilirdi. Üçüncü hissə, çox da böyük olmayan məbləğdə, əldə olunan məhsulun beşdə bir hissəsindən çox olmayaraq icarəyə verilirdi.
Dövlət hakimiyyətinin möhkəmlənməsi, yararlı torpaq sahələrinin möhdudluğu, Qədim Şumerdə təsərrüfatçılıq hesabatlarının aparılması zəruri qaydaya çevrilmişdi.
Dövlət təsərrüfatında iş qüvvəsinin və istehsal vasitələrinin dəqiq uçotunun aparılması ilə yanaşı, eyni zamanda torpaqların kadastrının, becərilən torpaqların keyfiyyətinin və yer quruluşunun uçotu aparılırdı. Həmçinin mərkəzi və yerli anbarlarda saxlanılan maddi resursların da aylıq və illik uçotu aparılırdı.
Qeyd etmək lazımdır ki, Qədim Şumerdə dövlət təsərrüfatının möhkəmləməsi, onun ölkənin iqtisadi həyatına olan müdaxiləsi də güclənirdi. Belə ki, istehsalçıların fəaliyyətinə bilavasitə dövlət həm nəzarət edirdi, həm də onların davranışlarını reqlamentləşdirirdi.
Dövlətin təsərrüfatçılıq fəaliyyətindəki müdaxiləsi öz klassik formasını Qədim Babilistan çarlığının timsalında (e.ə. XIX -XYI əsr) tapmışdır.
Məbəd torpaq sahələrinin qulluqda olanlara verilməsi, hökmdar adamlarına paylanması Babilistanda xüsusi mülkiyyətin möhkəmlənməsinə, icarə münasibətlərinin güclənməsinə səbəb olmuşdur. Bundan əlavə sələmçiliyin geniş yayılması, torpaq sahələrinin bir qrup adamların əlində cəm,lənməsi, əhali kütləsinin bir qisminin tam var-yoxdan çıxmasına, borclu düşməsinə, hətta kölə, qul vəziyyətinə düşməsinə səbəb olurdu.
Beləliklə, cəmiyyətdə adamların biri-birindən əsaslandırılmayan aslılığı sürətlənirdi. Dövlət mövcud vəziyyətlə, xüsusi hüquqi münasibətlərin qorunması ilə bağlı, o cümlədən sələmçilərdən asılılığı zəiflətmək məqsədi ilə yeni qaydaların müəyyən olunması prinsiplərini formalaşdırırdı. İqtisadi fikir nöqteyi-nəzərincə ən maraqlı qanunları hökmdar Xammurappinin (e.ə. 1792 - 1750) verdiyi qanunları hesab etmək olar. Hökmdar Xammurappi nəinki Qədim Mesopotamiyada fəaliyyət göstərən qanunları təkmilləşdirdi, eyni zamanda cəmiyyətin sosial-iqtisadi inkişafına səbəb olan bir sıra qanunlar da qəbul etdi. Onun 282 bənddən, giriş və nəticədən ibarət olan qanunlar məcəlləsi ölkənin idarə olunmasında, təsərrüfat həyatının, insanların, davranış qaydalarının müəyyən hüquqi sistemini müəyyən etmişdir.7
Babilistan vətəndaşlarının iri mülkiyyətlərin qorunması, icarə, ticarətin aparılması, sələmçilik, muzdla işləməklə bağlı verilən qanunlarını iqtisadi fikir sahəsində edilən mütərəqqi irəliləyiş kimi qəbul etmək olar. Bütün qanunların əsas hissəsini "güclülərin zəifləri sıxışdırmaması" prinsipindən ibarət idi. Bundan əlavə dövlət məmurlarının, Babilistan vətəndaşlarının, ordu əsgərlərinin mülkiyyətlərinin qorunmasına üstünlük verilməklə yanaşı məbəd mülkiyyətinin də qorunmasına xüsusi diqqət yetirilirdi. Xammurappinin qanunlarında onların torpaq sahələrinin, evlərinin, bağlarının gümüşə satılması qadağan edilirdi.
Sələmçiliyə qarşı yönəldilən Xammurappinin qanunlarında göstərilirdi ki, borcun ödənilməsi mümkün olmadıqda, əlavə faiz verməmək şərti ilə onun müddətinin bir ildə uzadılmasına icazə verilirdi. Digər tərəfdən borclunun icazəsi olmadan sələmçinin onun taxılının borcun əvəzinə götürülməsini qadağan edirdi. Xammurappinin qanunlarında sələmin həddi ciddi şəkildə müəyyən edilmişdi. Pul formasında sələmin həddi 20 %-dən natural formada isə 33 %-dən çox ola bilməzdi. Maraqlı cəhətlərdən biri kimi qeyd edilməlidir ki, Xammurappinin qanunlarında sələmçilərin borclularla pis rəftar etdikdə onların cəzalandırılması da göstərilirdi. Sələmçiliyin geniş yayılmasının qarşısını almaq məqsədi ilə əlaqədar qul borc verilməsi müddəti üç illə məhdudlaşdırılırdı.
Qanunda göstərilirdi ki, əgər qul sahibi borclunun arvadını, oğlunu, qızını, borc əvəzinə satırsa, onda onlar sahiblərinə qulluq etməli, tapşırıqlarını yerinə yetirməli və üç il müddət başa çatdıqdan sonra, onları azadlığa buraxmalıdırlar.
Xammurappinin qanunları üç əhali kateqoriyasını, tam hüquqlu azad vətəndaşları, tam hüququ olmayan azad adamları və qulları nəzərə almaqla tərtib edilmişdir.
Ümumiyyətlə, hökmdar Xammurappinin qanunları, bir tərəfdən dövlətin təsərrüfatın tənzimlənməsi ilə, digər tərəfdən isə müxtəlif əhali qrupunun iqtisadi fəaliyyətlərinin nəzarətdə saxlanılması ilə səciyyələnirdi.
Qədim Babilistanda iqtisadi fikri, əsasən dövlətin təsərrüfata nəzarəti, xüsusi mülkiyyətin qorunması, sələmçiliyin həddinin müəyyən edilməsi, borc ödənişlərinin yerinə yetirilməsi, muzdlu əməkdən istifadə olunması ilə bağlı olmuşdur.
Beləliklə, hökmdar Xammurappinin qanunları Yaxın Şərqdə iqtisadi və hüquqi fikrin inkişafına təsir göstərmiş, beləliklə də Qədim dövrdə Yaxın Şərq dövlətlərində təsərrüfatçılığın digər sahələrində, xüsusən heyvandarlıqla, sənətkarlıqla, ticarətlə bağlı iqtisadi fikirlərin meydana gəlməsinə səbəb olmuşdur.
Dostları ilə paylaş: |