FƏSİL 1. İQTİSADİ TƏLİMLƏR TARİXİNİN PREDMETİ,
METODU VƏ STRUKTURU
§ 1. İQTİSADİ TƏLİMLƏR TARİXİNİN PREDMETİ
İqtisadi təmayüllü ali təhsil alan və yenidən iqtisadi ixtisas alan gənclər üçün ümumbəşəri dəyərlərin öyrənilməsi və iqtisadi həyatda davranış mədəniyyətlərinin yüksəldilməsi üçün "İqtisadi təlimlər tarixi" fənni müstəsna rol oynayır. "İqtisadi təlimlər tarixi"nin öyrənilməsi zərurəti həm də müasir şəraitdə iqtisadi sistemlərin transformasiyaya uğramasından irəli gəlir. Çünki "İqtisadi təlimlər tarixi"nin predmeti cəmiyyətin iqtisadi həyatında və sosial sferasında baş verən dəyişikliklərlə əlaqədar iqtisadiyyatın birinin digəri ilə əvəz olunmasının qanunauyğunluqlarını və dövrləşmə prosesilə bağlı insanların davranış qaydalarının məntiqini öyrənir. İqtisadi hadisə və proseslərin tarixi dövrləşmə prosesilə öyrənməklə "İqtisadi nəzəriyyə" elminin daha dərindən mənimsənilməsinə imkan yaranır. Bəlli olduğu kimi "İqtisadi nəzəriyyə" 250 il bundan əvvəl kapitalizmin təşəkkül tapdığı dövrdə meydana gəlmişdir. Ümumi iqtisadi nəzəriyyə ilkin olaraq 1615-ci ildə fransız Antuan de Monkretyen tərəfindən "Siyasi iqtisad" termini ilə adlandırılmışdır. Daha sonra ingilis Uilyam Petti öz tədqiqatlarında bu elmi "Siyasi hesab" adlandırmışdır. Fiziokratlar məktəbinin banisi Fransua Kene bu elmə sadəcə "İqtisadiyyat" kimi baxmışdır. "İqtisadi nəzəriyyə"nin atası hesab olunan Şotlandiyalı Adam Smit bu elmi "Siyasi iqtisad" kimi qəbul etmiş və onun xalqların sərvətinin mənbəyi olduğunu qeyd etmişdir. İngilis iqtisadçısı David Rikardo klassik iqtisadi sistemin yaradıcılarından biri kimi "İqtisadi nəzəriyyə"ni siyasi iqtisadın başlanğıcı kimi qeyd etmişdir. İngilis iqtisadçılarından C.S.Mill "İqtisadi nəzəriyyə"ni kompromislər nəzəriyyəsi vasitəsilə "Siyasi iqtisadın əsasları" kimi öyrənmişdir. Alman iqtisadçısı Karl Marks "Kapital" əsəri vasitəsilə "Siyasi iqtisad"ı alternativ elmi sistem kimi öyrənə bilmişdir. Yeni elmi istiqamətin yaradıcısı olan ingilis Alfred Marşall iqtisad elmini ilk dəfə olaraq "Siyasi iqtisad"ın "Ekonomiks" fənni kimi öyrənilməsini təklif etmişdir. Bu fikri digər görkəmli ingilis iqtisadçısı U.Cevons da təkidlə qarşıya qoymuşdur. Ümumiyyətlə, görkəmli iqtisadçı alimlərin "Siyasi iqtisad"la və ya "İqtisadi nəzəriyyə" ilə bağlı irəli sürülmüş fikirlərini ardıcıllıqla qeyd etməklə bu istiqamətdə mövcud olan iqtisadi ideyaların məntiqindən irəli gələn prinsiplərin, səbəb-nəticə əlaqələrinin və inkişaf meyllərini əks etdirən fikirlərin mahiyyətini şərh etməklə iqtisadi təlimlər tarixinin predmeti haqqında mülahizələri konkretləşdirmək olar.
Tarixi inkişafın ayrı-ayrı dövrlərində irəli sürülən ümumbəşəri iqtisadi dəyərlərin mənimsənilməsi, inkişaf qanunauyğunluqlarının öyrənilməsi, iqtisadi sistemlərin transformasiyaya uğraması, eləcə də təkamüllü iqtisadi inkişafa təkan verən cərəyanların, məktəblərin və konsepsiyaların şərh olunması "İqtisadi təlimlər tarixi"nin əsas vəzifələrindəndir. Ona görə də ümumiləşmiş şəkildə "İqtisadi təlimlər tarixi"nin predmetini müxtəlif iqtisadi sistemlərin meydana gəlməsi və onların transformasiyası qanunauyğunluqlarını iqtisadi proseslərin bütöv şəkildə öyrənilməsi kimi qeyd etmək olar. İqtisadi həyatda, xüsusən, istehsalın strukturunda, texnologiyasında, istehlakında, eləcə də istehlakçıların davranış qaydalarında baş verən dəyişikliklər yeni iqtisadi proseslərin meydana gəlməsinə səbəb olur. Müasir şəraitdə dünya iqtisadiyyatında aktual yer alan qlobal iqtisadi problemlər, iqtisadi inteqrasiya prosesləri, iqtisadi təhlükəsizlik məsələləri, ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının inkişafına müxtəlif səviyyədə təsir göstərir. Eyni zamanda yoxsulluğun aradan qaldırılması, insan potensialının inkişaf etdirilməsi, qeyri-iqtisadi amillərin, xüsusən, mənəvi, dini amillərin rolunun nəzərə alınması özünü təkidlə qarşıya qoymuş olur. Bununla da iqtisad elmində mənəvi, sosioloji, institusional istiqamətlərin inkişafına real yol açmış olur. Bu da öz növbəsində "İqtisadi təlimlər tarixi"nin predmeti kimi sırf və ya pozitiv nəzəri müddəaların ümumiləşməsi və müəyyən nəticələrin əldə olunması ilə hüdudlaşmır. Eyni zamanda iqtisad elmində normativ səpkili və ya konkret əməli istiqamətli elmi ideyaların, prinsiplərin yeni fikir və müddəaların fəaliyyət istiqamətlərinin formalaşmasına gətirib çıxarmış olur.
"İqtisadi təlimlər tarixi"nin öyrənilməsi təkcə iqtisadi dünyagörüşün, xalis iqtisadi təfəkkürün formalaşması üçün deyil, eyni zamanda irəli sürülmüş elmi müddəaların təkamüllü yolunun məntiqinin mənimsənilməsindən ibarətdir. Çünki hazırkı şəraitdə bizim mənimsədiyimiz iqtisadi ideyalar sırf keçmişin elementlərinə əsaslanmır, eyni zamanda bugünkü və hətta gələcək iqtisadi görüşlərin elementlərinə əsaslanır. Ona görə də müasir şəraitdə tətbiq olunan hər bir iqtisadi nəzəriyyənin, cərəyanın və konsepsiyanın məşhurluğundan və hətta real tətbiqi və səmərəli səviyyəsindən asılı olmayaraq, yalnız onlara əsaslanmaq mümkün deyildir. Çünki iqtisadi konsepsiyalar və nəzəriyyələr özü-özünə inkişaf etməklə, mövcud dövrdəki üstünlükləri əks etdirməklə, eyni zamanda çatışmazlıqlar istiqamətində də özünü əks etdirir. Ona görə də mövcud çatışmazlıqların aradan qaldırılması üçün yeni iqtisadi ideyaların, fikirlərin, nəzəri baxışların əmələ gəlməsinə səbəb olur. Beləliklə, "İqtisadi təlimlər tarixi"nin əsas vəzifəsi kimi iqtisadi nəzəriyyələrin təşəkkülü və onların birinin digəri ilə əvəz olunmasının ümumi məntiqini öyrənir.
Dostları ilə paylaş: |