§ 3. İQTİSADİ TƏLİMLƏR TARİXİNİN STRUKTURU
İqtisadi təlimlər tarixi kursu, tarixi inkişafın ayrı-ayrı mərhələlərində iqtisadi ideyaların, görüşlərin, baxışların, fikirlərin ümumi dinamikasını öyrəndiyinə görə onun öyrənilməsi strukturu da bu istiqamətdə formalaşdırılmışdır. Burada əsasən iki başlıca prinsipə müraciət edilmişdir. Birincisi, şərh edilən mövzular tarixi inkişafın mərhələlərinə, ikincisi iqtisadi inkişafın modellərinə uyğun izah edilmişdir.
Qədim dövrün iqtisadi fikrinin izahı Qədim Şərqdə, Misirdə və Babilistanda iqtisadi fikirlərin əsasında şərh edilir. Bu dövr üçün xarakterik olan qul əməyindən istifadə və onunla əlaqədar meydana gələn iqtisadi fikirlər izah edilərək onun e.ə. IV minilliyində Şərqdə kəsb olunan xüsusiyyətləri qeyd edilir. Eyni zamanda Qədim Yunanıstanda və Qədim Romada eranın I minilliyindən başlayaraq eranın IV əsrinə qədər qul əməyinin cəmiyyətin inkişafında əsas məhsuldar qüvvə rolunu oynaması ideyası göstərilmişdir. Qədim dövrdə Çində formalaşan "Təbii hüquq" fəlsəfəsi, konfutsiyaçılıq, "Quan-tsızı" traktının mahiyyəti və onların təkamülü göstərilir. Xüsusən mülkiyyət, sərvət, əmək və gəlir haqqında olan təsəvvürlər, ekvivalent mübadilə, ticarətin və təsərrüfat həyatının dövlət tənzimlənməsi ideyası qeyd olunur. Qədim Hindistanda "Artxaşastır" iqtisadi təlimində dəyər, bazar qiyməti, mənfəət, xarici ticarət, idarəetmə və dövlət gəlirləri haqqında mövcud olan ideyalar izah olunur. Antik dünyada iqtisadi fikrin yaranması ilə Qədim Yunanıstan və Qədim Romada iqtisadi fikir şərh edilir. Qədim Yunanıstanda Ksenofontun, Platonun və Aristotelin əmtəə, ictimai əmək bölgüsü, sərvət, pul, onun mənşəyi və funksiyaları haqqında ideyalar göstərilir. Qədim Romada iqtisadi fikrin formalaşmasında Kottonun, Qrakxilinin, Varronun, Kottonun, Kolumellanın dəyər, mənfəət, qiymət, təsərrüfatın təşkili, aqrar islahatlarla bağlı fikirləri böyük rol oynamışdır. İlk dəfə olaraq Şərqdə iqtisadi fikrin formalaşmasına İslamın təsiri ətraflı şəkildə şərh edilmiş, İslamın iqtisadi fikrinin təşəkkülündə və inkişafında Qurani-Kərim və Həzrəti Məhəmməd (s.ə.s.) sünnəsinin oynadığı rol qeyd edilmişdir. İslamda iqtisadi azadlıq, izah edilmişdir.
Orta dövrün iqtisadi təlimi əsasən iki istiqamətdə öyrənilmiş, bərabərlik, ədalətlilik, xüsusi mülkiyyət, vergi, ticarət, maliyyə və kredit məsələləri, eyni zamanda ibn Xəldunun iqtisadi görüşlərinin mahiyyəti şərh edilmişdir. Həmçinin orta dövrdə Azərbaycanda iqtisadi fikrin formalaşmasında Nizami Gəncəvinin və N.Tusinin iqtisadi baxışları izah edilmişdir.
Orta dövr üçün xüsusən XIV əsrdən başlayaraq Qərbi Avropada iqtisadi ideyaların meydana gəlməsi və formalaşması prosesi izah edilir. Burada F.Akvinskinin dövlət, siniflər və ədalətli qiymət haqqındakı baxışları şərh olunur. Merkantilizmin yaranmasının sosial-iqtisadi ilkin şərtləri, onun mahiyyəti, əmək, sərvət və mənfəət haqqında olan ideyalar izah olunur. Merkantilizmin inkişafında monetar və "ticarət balansı" nəzəriyyəsinin mahiyyəti və ayrı-ayrı ölkələrdə malik olduğu xüsusiyyətlər qeyd olunur. Klassik iqtisadi məktəbin meydana gəlməsi və onun U.Petti və P.Buagilberin əmək-dəyər nəzəriyyəsi, əmək haqqı, renta, faiz, torpağın qiyməti, rəqabət, "optimal qiymət", sosial-iqtisadi islahatlar haqqında mövcud olan ideyaları şərh edilmişdir. Eyni zamanda bu dövrlərdə fiziokratizmin meydana gəlməsi F.Kenenin iqtisadi ideyaları, xüsusən onun "təbii cəmiyyət" konsepsiyası, "xalis məhsul", "məhsuldar əmək", "sinif", "kapital" haqqındakı təlimi, eləcə də ilkin makroiqtisadi təhlilin əsasında duran "İqtisadi cədvəl"in, gəlirlər və kapital haqqındakı nəzəriyyələrinin mahiyyəti şərh edilir. Bazar iqtisadi sisteminin qərarlaşmasında A.Smitin və D.Rikardonun iqtisadi təlimlərinin müstəsna rolu nəzərə alınaraq, onların elmi sistemlərinin mahiyyəti izah edilir. Onların tədqiqatlarının predmeti və metodunun xarakteri şərh olunur. Burada əsas diqqət A.Smitin "görünməz əl" prinsipinə, əmək bölgüsü, dəyər, siniflər, gəlirlər və kapital haqqındakı nəzəriyyələrin mahiyyətinə verilir. Eyni zamanda Rikardonun bölgü, gəlirlər, əmək haqqı, mənfəət, renta və müqayisəli üstünlüklər nəzəriyyəsinin mahiyyəti qeyd olunur. Bazar sisteminin qərarlaşması ilə əlaqədar olaraq klassik iqtisadi məktəbin davamçıları və tənqidçiləri olan S.Sismondinin, P.Prudonun, C.Milin, T.Maltusun, J.Seyin, F.Bastiyanın, C.Kerrinin və S.Milin iqtisadi nəzəriyyələri, ideyaları və metodologiyaları şərh edilmişdir.
Müxtəlif iqtisadi inkişaf modellərinin qərarlaşması ilə bağlı irəli sürülən iqtisadi ideyalar arasında K.Marksın iqtisadi təlimini, alman tarixi məktəblərini, marjinalizm və neoklassik istiqamətləri xüsusi qeyd etmək olar. Burada Marksın izafi dəyər nəzəriyyəsini, onun təkrar istehsal, reallaşma, qeyri-müvazinətlı inkişaf nəzəriyyələrini qeyd etmək olar. Alman tarixi məktəbləri vasitəsilə siyasi iqtisadın yaranması, F.Listin "milli iqtisadi sistem", məhsuldar qüvvələr, proteksionizm, ticarət azadlığı nəzəriyyələrinin mahiyyəti şərh edilir. Burada həmçinin ilkin alman tarixi məktəbinin yaradıcıları olan V.Roşerin, K.Knisin və Y.Hildebrandın metodoloji prinsipləri şərh edilir. Yeni alman tarixi məktəbi və onun metodologiyasının yaradıcıları olan Q.Şmollerin, L.Brentanonun və K.Bryuxerin tədqiqat və baxışları izah olunur.
Marjinalizmin yaranması, onun metodoloji prinsiplərinin öyrənilməsi, faydalılıq nəzəriyyəsinin mahiyyəti bu bölmədə işıqlandırılır. Eləcə də "Avstriya məktəbi"nin görkəmli nümayəndələri K.Mengerin, Y.Bembavrekin və F.Vizerin iqtisadi təhlillərinin metodoloji xüsusiyyətləri, obyektiv və subyektiv qiymət nəzəriyyələri "İstehsal xərcləri həddi" nəzəriyyəsi və mənfəət konsepsiyası araşdırılır. A.Marşallın Kembric məktəbinin yaradıcısı kimi iqtisadi tədqiqatının predmeti və metodu izah olunur. Onun tələb, təklif və qiymət nəzəriyyəsi, tələbin elastikliyi və tədrici müvazinət nəzəriyyəsi, inhisar konsepsiyası, əmək haqqı və mənfəət nəzəriyyəsi izah olunur.
Neoklassik istiqamətin Amerikan məktəbinin yaradıcısı C.Klarkın elmi tədqiqatının predmeti və metodu, statik və dinamik inkişaf konsepsiyası, son məhsuldarlıq həddi nəzəriyyəsi, istehsal amillərinin xüsusi məhsuldarlığı, əmək haqqı, faiz və sahibkarlıq mənfəəti nəzəriyyəsi izah edilir.
Dərsliyin sonuncu müasir iqtisadi nəzəriyyələr bölməsində Keynisin iqtisadi təlimi, neoliberalizmin və monetarizmin mahiyyəti, onların metodoloji və nəzəri əsasları, eləcə də sənayecə inkişaf etmiş ölkələrdə bu nəzəriyyələrin mahiyyəti araşdırılır. Burada Keynisin səmərəli tələb prinsipi, makroiqtisadi tənzimlənmə nəzəriyyəsinin, ümumi psixoloji qanununun mahiyyəti şərh edilir. Neoklassik ideyaların dirçəldilməsinin səbəbləri şərh olunmaqla neoliberalizmin metodoloji və nəzəri əsasları A.Mizesin və F.Xayekin iqtisadi nəzəriyyələri ilə şərh olunur. Avropanın ayrı-ayrı inkişaf etmiş ölkələrində neoliberalizmin mahiyyəti açıqlanmaqla Almaniyada neoliberalizm cərəyanı V.Oykenin "Sosial bazar təsərrüfatı" və L.Erxardın "Formalaşmış cəmiyyət" konsepsiyalarının mahiyyəti izah olunur.
Monetarist nəzəriyyənin mahiyyəti M.Fridmanın baxışları vasitəsilə izah olunur. İqtisadi aktivliyin baş verməsində dövriyyədəki pulun həcmi barəsində mövcud olan konsepsiyanın mahiyyəti izah olunur. Bu əsasdan da monetar iqtisadi siyasətin müasir iqtisadi inkişafındakı rolu qeyd olunur.
İnstitusional-sosioloji istiqamətlə aparılan təhlilin metodologiyası və predmetinin xüsusiyyətləri şərh olunur. Amerikan institusionalizminin mahiyyəti və əsas istiqamətləri T.Veblenin "Sosioloji-psixoloji texnokrat təlimi", C.Kommonsun "Sosioloji hüquqi", U.Mitçellin "Konyuktur statistik" təlimləri əsasında şərh edilir. Bundan əlavə Y.Şumpeterin "Səmərəli rəqabət", E.Çemberlinin "İnhisarçı rəqabət", C.Robbinsonun "Natamam rəqabət", U.Rostounun "İqtisadi artım mərhələləri", C.Helbreytin "Müvazinətlı qüvvələr" nəzəriyyələrinin mahiyyəti aşkarlanır.
Bundan əlavə bu bölmədə "Təklif iqtisadiyyatı", "Səmərəli gözləmə", "Yeni konservatizm", "Neoklassik sintez" nəzəriyyələrinə dair iqtisadi baxışlar şərh olunur.
Müasir şəraitdə beynəlxalq əmək bölgüsünə dair nəzəriyyələrin mahiyyəti, onların inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf edən ölkələr üçün daşıdığı əhəmiyyət şərh edilir. Bu əsasdan da dünyada mövcud olan qeyri-bərabər inkişafın mənbəyi, amilləri və səbəbləri aşkarlanır.
Dünya iqtisadiyyatında baş verən mütərəqqi irəliləyişlər, eləcə də irəli sürülmüş bir sıra elmi mülahizələrin məqsədyönlü istifadəsinin konkret olaraq keçid iqtisadiyyatı dövrünü yaşayan Azərbaycan reallıqları üçün daşıdığı əhəmiyyət də dərsliyin sonuncu bölməsində aşkarlanır.
Dostları ilə paylaş: |