§2. AZƏRBAYCANDA ORTA ƏSRLƏRİN İQTİSADİ
FİKİRLƏRİ VƏ İDEYALARI
Azərbaycan xalqının zəngin tarixi irsini, ictimai-iqtisadi fikrini müasir tələblər baxımından tədqiq və təhlil etmək iqtisad elminin və onun tarixinin başlıca vəzifələrindən biri hesab olunmalıdır. Müstəqil Azərbaycan Respublikasının iqtisadi fikir tarixinin sistemli şəkildə araşdırılması, öyrənilməsi iqtisadi fikrin təşəkkülü və formalaşması baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu min illər boyu torpağına və digər sərvətlərinə sahib olan, əkinçilikdə, heyvandarlıqda, sənətkarlıqda ticarətdə öz məharətini göstərən, əmtəə təsərrüfatının təsiri altında yaşayıb yaradan keçmiş nəsillərimizin indiki dövr üçün də faydası olan iqtisadi həyat tərzinin aşkar edilməsi üçün də çox vacibdir. Bunu nəzərdə tutub Mustafa Kamal Atatürk deyirdi: "Tarixi yazmaq - tarixi yaratmaq qədər mühümdür. Əgər tarixi yazan tarixini yaradana sadiq qalmazsa, dəyişməz həqiqət insanlığı çaşdırmaqdan ibarət olar".23
Orta əsrin iqtisadi fikirlərini öyrənərkən, ümumiləşdirmələr aparanda və nəticələr çıxaranda əksər hallarda keçmiş irsimizə müasir dövrün tələbləri ilə baxırıq. Böyük mütəfəkkirlərin fikir dünyasından indiki dövrümüzə nəzər salsaq görərik ki, onların elmi, ictimai-iqtisadi baxışlarının milli, ümumbəşəri dəyərləri ortaya çıxmış olur. Şərqin, o cümlədən Azərbaycanın orta əsrlərdə yaşayıb yaratmış böyük filosof və mütəfəkkirlərinin əsərlərində cəmiyyətin iqtisadi quruluşu və onun inkişaf qanunları haqqında irəli sürdükləri dəyərli nəzəri fikirlərlə qarşılaşırıq. Məsələn, böyük Şərqin dünya şöhrətli mütəfəkkirlərindən Əl Fərabi (870-950), İbn Sina (980-1037), Abu Reyhan Biruni (XI əsr), Nizami Gəncəvi (1141-1209), Nəsirəddin Tusi (1201-1274), İbn Xəldun (1334-1406) bütün bəşər mədəniyyətinə böyük elmi töhfələr vermişlər. Bunların iqtisadi fikir sahəsində də böyük xidmətləri olmuşdur.
Orta əsrlərdə bütün İslam Şərqində o cümlədən Azərbaycanda da elmin, mədəniyyətin iqtisadi və mədəni həyatında da bir canlanma başlamışdır. Bu dövrdə iqtisadi fikir və təlimlər tarixi vüsətli təkamül və inkişaf yolu keçmişdir. Lakin elmi mənbələrdən göründüyü kimi "iqtisadi təlimlər tarixi" adı ilə ali məktəblərdə tədris olunan elmi kursda Şərq iqtisadi fikri üzərindən yan keçilmişdir. Keçmiş SSRİ dövründə mərkəzdə və digər yerlərdə hazırlanan dərsliklərdə, çoxcildli kitablarda və proqramlarda Şərqin və eləcə də Azərbaycanın zəngin iqtisadi fikir tarixinə ya heç yer verilməmiş, ya da çox qısa səciyyəli ifadələr, səthi məlumatlar verilirdi.24
Lakin, bu gün tarixi bir həqiqəti gizlətmək olmaz, ən qədim böyük dövlətlər və mədəniyyətlər Şərq ölkələrində, o cümlədən Azərbaycanda meydana gəlmiş və inkişaf etmişdir. Məsələn, qədim Şumerlərdə, Misirdə, Mesopotamiyada, Türküstanda, Azərbaycanda meydana gəlmiş və təkamül etmişdir. Həmin ölkələrdə iqtisadi həyatda istehsalın ən qədim formaları olan əkinçilik, heyvandarlıq, suvarma sistemləri, sənətkarlıq, tiçarət, şəhər mədəniyyəti daha yüksək səviyyəyə qalxmışdır.
F.Engels qeyd edirdi ki, Asiyanın ən qabaqcıl tayfalarında, arilərdə, semitlərdə, turanlarda başlıca əmək sahəsi olan əkinçilik, heyvandarlıq, suvarma sistemi xeyli inkişaf etmiş, ilk ictimai əmək bölgüsü də bu ölkələrdə meydana gəlmişdir. O, "Kapitalın III cildinə əlavədə yazır ki, "Əmtəə mübadiləsi hələ heç bir yazılı tarixin mövcud olmadığı zamanlarda, Misirdə bizim tarixdən azı üç və ya bəlkə də beş min il qabaq, Babilistanda isə dörd-altı min il qabaq başlanır".
Tarixi mənbələrdən görünür ki, Qədim Şərqdə, o çümlədən Azərbayçanda orta əsrlərdə ictimai əmək bölgüsü və əmtəə mübadiləsinin inkişafı erkən dövrlərdə ayrı-ayrı əmtəələrin ümumekvivalent rolunda çıxış etməsinə səbəb olmuşdur. Böyük şərqdə və eləcə də Azərbaycanda qaramal, qoyun və s. xüsusi bir əmtəə çıxış edərək mübadilə prosesində ümumekvivalent ölçü vasitəsi kimi fəaliyyət göstərmişlər. Heç təsadüfi deyildir ki, bu günə kimi Azərbaycanda mal, əmtəə anlayışları eyni anlamada ifadə olunur. Onlardan metal pullara tədricən keçilməsi də çox qədim dövrlərdən başlanmışdır. İndi ana dilində işlətdiyimiz manat pul vahidinin adı da eramızdan əvvəl Bisutun qayalarında Mixi yazılarında "manat" kimi həkk olunmuş şərq dillərinə məxsus bir termindir. Məşhur dilçi azərbaycanlı alim Ə.Dəmirçizadənin verdiyi təhlilə görə bu anlayış, söz, yəni "manat" çox qədim dövrlərdə "vergi", "xərac" mənasını ifadə etmişdir. Bu anlayış tarixən pulla ödənilən vergini bildirən və tədricən pulun öz adını ifadə edən bir kateqoriya kimi işlədilməyə başlanmışdır. Son illər "moneta" termini kimi Avropa dillərinə uyğunlaşdırılmış həmin məvhum o xalqların dillərində geniş yayılmışdır.25
Göründüyü kimi indi bizim müstəqil respublikamızın mühüm rəmzi olan "manat" milli pul vahidi adını daşıyan pulun adı tarixən çox qədim zamanlardan şərq dillərindən gələn və iqtisadi həyatımıza daxil olmuş anlayışdır. Buna əsaslanıb qeyd etməliyik ki, "sikkə" termini əvəzinə dilimizin tələffüz qaydalarına daha uyğun gələn "moneta" sözünü işlətmək daha məqsədəuyğun olardı. Bunları xatırlatmaqda məqsədimiz budur ki, ən qədim iqtisadi fikir və təfəkkürlər ümumiyyətlə Şərqdə və o cümlədən Azərbaycanda meydana gəlmiş və təkamül etmişdir. Bunun nümunələrinə qədim Misirin papirus yazılarında (e.ə. III, II minilliklərdə), Babilistanda çar Xammurapinin daş üzərinə mixi yazıları ilə həkk olunmuş qanunlarında və s. bu kimi abidələrdən öyrənirik.
Heç təsadüfi deyildir ki, Ərəb dünyasının böyük mütəfəkkiri, filosofu və sosioloqu İbn Xəldun (XIV əsr) özünün məşhur üç cildlik "Müqəddimə" əsərində Şərqin keçirdiyi tarixi ictimai-iqtisadi inkişaf mərhələləri və onun qanunauyğunluqları haqqında qiymətli elmi-nəzəri fikirlər yürüdülmüşdür. O, cəmiyyətin yaranmasının üç mühüm mərhələlərdən: köçərilik, oturaq həyat və mədəniyyət mərhələsindən keçdiyini əsaslandırmışdır.
İbn Xəldun cəmiyyətin iqtisadi quruluşu, iqtisadi münasibətləri, qiymət qanunu, tələb-təklif və rəqabət qanunları haqqında elmi-iqtisadi təfəkkürlərin əsaslarını yaradanlardan olmuşdur. Bu həqiqətlə tanış olan A.Aniçkin Maksim Qorkiyə İbn Xəldunun iqtisadi məsələlərin həllində əldə etdiyi nailiyyətləri çatdırır. M.Qorki 1912-ci ilin 21 sentyabrında A.Aniçkinə yazır ki, "İlk dəfə iqtisadi amillərin və iqtisadi münasibətlərin rolunu XIV əsr alimlərindən İbn Xəldunun göstərmiş olduğu haqqındakı məlumatınız sensasiyaya səbəb olmuşdur. Bu xüsusilə dostumuz V.İ.Lenində böyük maraq oyatmışdır". A.Aniçkin özü sonra bu münasibətlə yazmışdı: "V.İ.Lenin ərəb filosofu İbn Xəldunun iqtisadi amillərin rolundan bəhs edən "Müqəddimə" əsəri ilə çox maraqlanırdı. Lenin soruşurdu. Şərqdə bu qəbildən özgə bir filosof da yoxdurmu? " Deməli hələ orta əsrlərdə iqtisadi münasibətlər və onun qanunları haqqında açıq-aydın iqtisadi ideya və fikir yürüdən mütəfəkkirin bu baxışları təəccüb doğurmuş və "sensasiyaya" səbəb olmuşdur.26
Dünya iqtisadi fikir tarixinin araşdırılmasında və işıqlandırılmasında mühüm rol oynayan İbn Xəldunu XIV əsrin Adam Smiti adlandırsaq səhv etmərik. O, "Müqəddimə" əsərinin ikinci cildində özündən 100 il əvvəl yaşamış böyük Azərbaycan mütəfəkkiri N.Tusinin adını dahi alimlər cərgəsində çəkir və onun sərbəst fikir yürütmək qabiliyyətindən bəhs edir.
Orta əsrlərdə Azərbaycan mütəfəkkirlərinin, o cümlədən Səlcuqilərin uzun müddət ərzində baş vəziri olmuş məşhur "Siyasətnamə" əsərinin müəllifi Nizamülmülkün (XI əsr) və Qazan xanın islahatlarının aparılmasında bilavasitə iştirak edən məşhur tarixçi "Cəmi ət-tavarix" (tarixlər toplusu) əsərinin müəllifi Fəzlullah Rəşid-əd-Dinin (1247-1318) iqtisadi və siyasi baxışlarının mühüm rolu olmuşdur desək səhv etmərik. Elə buna görə də Azərbaycanın müxtəlif dövrlərində yaşayan və dəyərli ictimai-iqtisadi fikirlər yürüdən, elmimizi və mədəniyyətimizi zənginləşdirən mütəfəkkirlərimizin əsərlərini dərindən araşdırmaq və öyrənmək tələb olunur.
Biz əvvəldə qeyd etdik ki, hər bir xalqın, o cümlədən Azərbaycan xalqının iqtisadi fikir və düşüncələri tarixi çox uzaq keçmişlərdən onların şifahi ədəbiyyatının nümunələrindən başlayır. Bu fikir və ideyalar çox zəngin tarixə malik olan türk xalqlarına, o cümlədən Azərbaycan xalqına da aiddir.
Məşhur türkoloq alim Lev Qumilyev "Qədim türklər" adlı əsərində yazır ki, "Altay dəmirçiləri yüksək keyfiyyətli dəmirdən bir tiyəli bıçaqlar, yonucu baltalar, üzəngilər, cilovlar, duz, azca maili və geniş tiyəli qılınclar, ox və cida ucluqları, habelə ikicür-dəyirmi, asma qazanlar və üçayaq üstündə duran qazanlar hazırlayırdılar". Onun qeyd etdiyi kimi, yazılı mənbələrin verdiyi məlumat tam inamla məlum edir ki, "Türklər dəmirin sənaye üsulu ilə istehsalını Mərkəzi Asiyada mənimsəyən ilk xalq kimi tarix səhnəsinə çıxarıblar".
Bu gün türkləri xəbisliklə köçərilikdə ittiham edən, türkün zəngin iqtisadi və mədəni keçmişinə göz yuman balayanlar köçərilik mədəniyyətinin özünün də nədən ibarət olmasını başa düşmür və öz səthiliklərini, elmsizliklərini açıq biruzə verirlər.
İbn Xəldun və ümumiyyətlə başqa elm korifeyləri, mütəfəkkirləri bəşər cəmiyyətində insanların köçərilik həyatı sürməsini cəmiyyətin inkişafının zəruri bir mərhələsi hesab etmişlər. İbn Xəldun göstərir ki, "Köçərilik mədəni və şəhər həyatının əsasıdır və bütün insanların yerləşik həyat yaşamasından öncə yaşadıqları və keçirdikləri bir dövrdür".27
Bütün bu deyilənlərə əsasən bir daha qeyd etməliyik ki, qədim dövrlərdə olduğu kimi orta əsrlərdə də iqtisadi fikir və ideyalar cəmiyyətin müəyyən tarixi inkişafının, onun iqtisadi şəraitinin ifadəsi kimi meydana çıxır, formalaşır və təkamül edir. Məlumdur ki, Azərbaycan xalqının iqtisadi fikir və təsəvvürləri əzəldən başlasa da o orta əsrlərdə, xüsusən də XI-XIV əsrlərdə çox zəngin olmuş və təkamül etmişdir. Qədim əcdadlarımızın şüurlu əmək fəaliyyətinə, iqtisadi fəaliyyətə başladıqları anlardan orta əsrlərə və sonrakı mərhələlərə, bu günümüzə qədər öz tələbatlarını necə və hansı vasitələrlə ödəmək haqqında da düşünməyə başlamışlar. Lakin yazılı ədəbiyyatın olmadığı dövrlərdə istehsalçı insanları ən çox düşündürən ətraf təbii mühitin dərk edilməsi, bu mühitlə ünsiyyət, bəsit əmək alətlərilə zəruri yaşayış vasitələri əldə etmək, təbiətdən qorunmaq üçün yaşayış məkanları seçmək, bir sözlə, "yaşamaq uğrunda mübarizə" məsələləri düşündürmüşdür. Həmin dövrdən bizə gəlib çatan əmək alətləri ilk insan nəsillərinin necə və nə istehsal etməsi, onların ümumi həyat şəraiti haqqındakı məlumatlar çağdaş dövrümüzdə də iqtisad elminin, onun iqtisadi fikir tarixinin başlıca vəzifəsidir.
Buna görə də biz qədim Azərbayçanın iqtisadi həyatı, təsərrüfat və iqtisadiyyat haqqında təsəvvürləri, Azərbaycanda ilkin sosial hərəkatları (məzdəkilər və xürrəmilər hərəkatının iqtisadi tələbləri), orta əsrlərin iqtisadi ideya və fikirləri haqqında mühakimələrimizi müxtəsər, bəsit iqtisadi təsəvvür və fikirləri öyrənməyin çoxlu mənbələri və oradakı iqtisadi fikirləri araşdırıb ümumiləşdirmək üçün nəzərdən keçirilmiş, öyrənilmişdir.
İndi də orta əsrin iqtisadi ideyalarını araşdırmaq və sistemə salmaq üçün N.Gəncəvini, onun iqtisadi fikir dünyasını bütövlükdə dərk etmək, onun yaşadığı (XII əsr) ictimai-iqtisadi mühitə yaxından bələd olmaq tələb olunur.
Dostları ilə paylaş: |