DərsliK İqtisad elmləri doktoru, professor


§4. VERNER ZOMBARTIN İQTİSADİ TƏLİMİ



Yüklə 0,6 Mb.
səhifə73/121
tarix11.03.2022
ölçüsü0,6 Mb.
#53615
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   121
referat 921

§4. VERNER ZOMBARTIN İQTİSADİ TƏLİMİ
Verner Zombart (1863-1941-ci illər) - alman iqtisadçısı, sosioloq və tarixçi, Breslav və Berlin Universitetlərinin professoru Şmollerin şagirdi olub, bir çox fikirlərində siyasi iqtisadın tarix məktəbinin tərəfdarı idi. Lakin Zombart iqtisad elmində tarixi və abstrakt tədqiqat metodlarını birləşdirməyə cəhd edərək, tarix məktəbindən qabağa getmişdir. Və o, buna nail olmuşdur.

Zombartın mühüm əsəri "Müasir kapitalizm"dir, birinci nəşri 1903-cü ildə olmuşdur. Sonralar bu əsər dəfələrlə nəşr olunmuş, yeni nəşrin son cildləri 1928-ci ildə buraxılmışdır.

Zombart bu əsərdə kapitalizm tarixini erkən kapitalizm (XYIII əsrin ikinci yarısında sənaye inqilabına qədər), inkişaf etmiş kapitalizm (birinci dünya müharibəsinə qədər) və gecikmiş kapitalizm kimi inkişaf mərhələlərinə ayıraraq bütövlüklə təhlil etmişdir.

Zombart kapitalizmin iqtisadi inkişaf perspektivlərini nəzərdən keçirərək, "sosial plüralizm" nəzəriyyəsini irəli sürmüşdür. Təsərrüfat formalarının inkişaf tarixindən Zombart belə bir nəticəyə gəlir ki, cəmiyyət inkişaf etdikcə təsərrüfat formaları da artır, belə ki, köhnə formalar itmir, əksinə, yenilərilə yanaşı fəaliyyətlərini davam etdirirlər. Məsələn, orta əsrlərdə Avropada həm kəndli təsərrüfatı, həm biyar - mülkədar təsərrüfatı, həm də şəhər sənətkarlığı paralel mövcud olmuşdur. Sonra kapitalizm yaranmışdır, lakin natural təsərrüfat və sənət mövcud olmaqda davam etmişdir. Zombart belə nəticə çıxarır ki, gələcəyin cəmiyyətində aşağıdakı 6 forma mövcud olacaqdır: kapitalizm, kooperativ təsərrüfat , ictimai təsərrüfat (bura Zombart dövlətə və başqa ictimai təşkilatlara, məsələn, şəhər özünüidarə təşkilatlarına aid olan müəssisələri də daxil edir), natural təsərrüfat, sənət, kəndli təsərrüfatı.

Zombart öz əsərlərində kapitalizmlə sosializmin yaxınlığını sübut etməyə cəhd edirdi. O, deyirdi ki, sabitləşdirilmiş və tənzimlənmiş kapitalizmlə texniki cəhətdən təkmilləşmiş, səmərələşdirilmiş sosializm arasında fərq çox da böyük deyildir və deməli, insanların və insan mədəniyyətinin taleyi üçün təsərrüfatın kapitalistcəsinə, və ya sosialistcəsinə təşkil olunacağı az və ya çox dərəcədə əhəmiyyətsizdir.

Sonralar Zombartın "sosial plüralizm" konsepsiyası kapitalizmin təkamülünün mümkünlüyünü əsaslandıran və müasir kapitalizmi xüsusi və ictimai (dövlət müəssisələri şəklində) təsərrüfatların elementlərinin birləşməsi kimi təsvir edən "qarışıq iqtisadiyyat" nəzəriyyəsinin əsasını təşkil edir.

"Konyukturun sabitləşdirilməsi" haqqında təlim də həmçinin Zombarta məxsusdur. Zombart belə hesab edirdi ki, kapitalizm inkişaf etdikcə ziddiyyətlərin aradan qaldırılmasına, yumşaldılmasına və son nəticədə onların tamamilə itib getməsinə meyl üzə çıxır. Zombart konyunkturun sabitləşməsinə kömək edən bir sıra amilləri irəli sürür: kapitalistlər tərəfindən bazar strukturunun daha dərindən dərk edilməsi, konyuktur institutlarının yaradılması, səhmdar cəmiyyətlərin təşkili sahəsində dövlətin rolunu tənzimləyən Mərkəzi bankın ağıllı uçot siyasəti və pul dövriyyəsinin şüurlu təşkili və başqaları. Zombartın fikrincə, dövlətin təsirinin güclənməsi iqtisadiyyatda tsiklik dəyişikliklərin hamarlanmasına, böhranların, işsizliyin aradan qaldırılmasına səbəb olur, kapitalizm tənzimlənən kapitalizm olur.

1934-cü ildə V.Zombartın "Alman sosializmi" əsəri nəşr olunur ki, burada o, iqtisadiyyatın dövlət tənzimlənməsi sistemini nəzərdən keçirir. Almaniya üçün "dövlət sosializmi" şəklində olan sosial idealı o, planlı və ya mütəşəkkil kapitalizm kimi təsəvvür edirdi. Dövlət sosializmi modelinin formalaşması üçün Zombart iqtisadiyyata dövlət müdaxiləsinin zəruriliyini əsas hesab edirdi. O, iqtisadiyyatın gələcək inkişafını və millətin rifahının təmin edilməsini iri istehsalın məhdudlaşdırılması, xırda biznesin və əkinçiliyin hər cür dəstəklənməsi ilə bağlayırdı ki, bu da Zombartın fikrincə, labüd olaraq əhalinin deproletarlaşmasına gətirməlidir.

Bundan başqa, Zombart dövlət tənzimlənməsi sistemində sosial münasibətlərin fəhlə və sahibkarlar arasında əmək qanunvericiliyi, tarif müqavilələri, əmək şəraitinə nəzarət formasında tənzimlənməsinə xüsusi əhəmiyyət verirdi. O, belə hesab edirdi ki, nəticədə prioritet ictimai mənafelər əsasında mənafelər harmoniyası müəyyən olunmalıdır.

Sonralar alman sosializminin bir çox elementləri, mərkəzləşdirilmiş idarəetmə, milli iqtisadiyyatın dövlət tərəfindən planlaşdırılması, təsərrüfat sisteminin bütün elementlərinin sərt tabeliyi alman faşist dövlətinin iqtisadi siyasətinin əsasını təşkil etdi.

Zombart öz təlimində təsərrüfat dövrü və təsərrüfat sistemi kimi kateqoriyaları ayırır. Təsərrüfat dövrü dedikdə, Zombart sınaq tədqiqatı obyekti kimi xidmət edən real iqtisadi sistemi nəzərdə tutur. Dövrlərin ayrılması nəzəri cəhətdən formalaşmış modellər - Zombartın fikrincə, 3 qrup elementlə: ruh, forma və mahiyyətlə xarakterizə olunan təsərrüfat sistemləri əsasında həyata keçirilir.

Zombart hesab edirdi ki, inkişaf, təsərrüfat sisteminin təkamülü çoxamilli prosesdir, onun bütün struktur elementlərinin kombinə edilmiş inkişafıdır. İqtisadi inkişafın əsas amili, hərəkətverici qüvvəsi onun sosial-psixoloji səviyyəsi ilə müəyyən olunan təsərrüfat ruhudur.

Kapitalist ruhu, yəni təsərrüfat fəaliyyətinin əsas vadaredici motivi Zombart tərəfindən iki tərkib hissəyə - işgüzarlıq ruhuna və burjua ruhuna ayrılır. İşgüzarlıq ruhu - hər şeydən əvvəl, yeniyə, iqtisadiyyatda yeni kombinasiyaların yaradılmasına, riskə hazır olmaq cəhdidir, maksimum mənfəət almağa cəhddir.

Burjua və ya bürger ruhuna əməksevərlik, sadəlik, qənaətcillik, təsərrüfat bacarıqları, müqaviləyə sadiqlik daxildir.

Formaya sosial, hüquqi, siyasi münasibətlərin məcmusu daxildir, mahiyyət isə maddi-texniki istehsal bazası, texnika və texnologiyadır.

Zombart iqtisadi fikrin inkişafında böyük rol oynamışdır. O, "təsərrüfat" və ya "iqtisadi" sistem kateqoriyalarına tərif vermək və "qarışıq iqtisadiyyat"ın müxtəlif tiplərinin nəzəri modelini yaratmaq cəhdi edənlər arasında birinci olmuşdur. Zombartın iqtisadi sistemlər nəzəriyyəsi iqtisadi mexanizm sferasında səmərəli seçimin ümumi qaydalarını formalaşdırmaq üçün yaranmışdı.

Siyasi iqtisadda tarixi istiqaməti yekunlaşdırarkən, demək olar ki, o özünün müxtəlif ifadə variantlarında iqtisad elminin XIX əsrin sonunda düşdüyü böhrandan çıxmağa, bazar iqtisadiyyatının təhlilinə daha həyati yanaşmalar hazırlamağa cəhd edir. Tarix məktəbinin konsepsiyası praktika tərəfindən qoyulan mühüm məsələlərə cavab tapmaq cəhdi demək idi.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin