Beynəlxalq hüququn əsas prinsipləri bütünlüklə beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində də tətbiq olunur. Bununla yanaşı, beynəlxalq iqtisadi hüququn xüsusi prinsipləri də mövcuddur:
dövlətin öz təbii ehtiyatları və bütün iqtisadi fəaliyyət üzərində tam suverenliyi prinsipi;
iqtisadi əməkdaşlıq sahəsində ayrı-seçkiliyə yol verilməməsi prinsipi;
qarşılıqlı fayda prinsipi;
ç) inkişaf etməkdə olan ölkələr üçün preferensial rejim prinsipi və s.
Bundan əlavə, beynəlxalq iqtisadi hüquq sahəsində, iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün hüquqi əsas rolunu oynayan hüquqi rejimlər mövcuddur. Prinsiplərdən fərqli olaraq, bu hüquqi rejimlər müqavilə rejimləridir, yəni onlar yalnız maraqlı dövlətlər bu barədə razılaşdıqda tətbiq olunur. Bunlar aşağıdakılardır:
Ən əlverişli rejim. Bir dövlət başqa bir dövlətə, onun vətəndaşlarına və hüquqi şəxslərinə istənilən üçüncü dövlət üçün nəzərdə tutduğu və ya tətbiq edəcəyi hüquq və güzəştlər verir. Müvafiq müqavilədə tərəflər, bir qayda olaraq, göstərilən rejimin tətbiq olunacağı konkret sahəni müəyyən edirlər; məsələn, malların idxal və ixracı; gömrük rüsumları; nəqliyyat rejimi; tranzit və s. Ən əlverişli rejimdən, adətən, bəzi istisnalar müəyyən olunur (məsələn, qonşu ölkələr, inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutmuş xüsusi güzəştlər).
Milli rejim. Bu rejimə müvafiq olaraq, bir dövlətin vətəndaşları və hüquqi şəxsləri başqa bir dövlətin ərazisində yerli fiziki və hüquqi şəxslərə verilmiş hüquqlardan istifadə edə bilər. Milli rejim,
adətən, əcnəbilərin hüquq qabiliyyəti, o cümlədən öz hüquqlannın məhkəmə vasitəsilə müdafiəsi məsələlərinə şamil olunur.
Preferensial rejim. Bu rejim hər hansı dövlətə və ya dövlətlər qrupuna xüsusi üstünlüklərin (məsələn, ticarət güzəştlərinin) verilməsini nəzərdə tutur. O, qonşu dövlətlər arasındakı münasibətlərdə və ya inteqrasiya sistemləri çərçivəsində tətbiq olunur. İnkişaf etməkdə olan ölkələrə preferensiyaların verilməsi beynəlxalq iqtisadi hüququn prinsipidir.
Dostları ilə paylaş: |